Dünya konqreslərində ölkəmizin

onkologiya elmi layiqincə təmsil edilir

 

Azərbaycan Tibb Universiteti (ATU) onkologiya kafedrasının professoru, tibb elmləri doktoru, qastrointestinal cərrah-onkoloq, ATU-nun onkoloji klinikasının torakoabdominal şöbəsinin rəhbəri Ramiz Bayramovla əsrin bəlası olan xərçəng xəstəliyi barədə söhbətləşdik. Qeyd edim ki, müsahibim Avropa Medikal Onkologiya Cəmiyyətinin, Avropa Digestiv Onkologiya Cəmiyyətinin, Avropa Cərrahi Onkologiya Cəmiyyətinin üzvüdür.

 

Mətbuatdan və Azərbaycan Tibb Universitetinin rəsmi saytından əldə etdiyimiz məlumatlara görə, Ramiz Bayramov Avropanın aparıcı ölkələrinin ev sahibliyi etdiyi mədə-bağırsaq sisteminin bədxassəli şişlərinə dair 14-cü, 15-ci və 16-cı Dünya konqreslərinə (Barselona 2012, Barselona 2013, Barselona 2014), Cərrahi onkologiyaya dair 34-cü Dünya Konqresinə (Liverpul, BB, 2014) mədə-bağırsaq sistemi xərçənginin cərrahi müalicəsində əldə etdikləri nailiyyətlərlə bağlı çıxış üçün dəvətlər almış və hər dörd konqresdə öz məruzələri ilə ölkəmizin onkologiya elmini layiqincə təmsil etmişdir. Qeyd etmək lazımdır ki, bu konqreslər ildə bir dəfə Avropada keçirilir və ABŞ-dan Yaponiyayadək dünyanın bütün ölkələrindən minlərlə cərrah-onkoloq iştirak etsə də, çıxış üçün konqresə müvafiq sahədə zəngin təcrübəyə və elmi-praktik nailiyyətlərə malik məhdud sayda mütəxəssis və ekspert dəvət edilir. Qürur duyulası haldır ki, R. Bayramovun çıxış üçün dəvət edildiyi sonuncu konqresdə keçmiş SSRİ respublikalarından yalnız Rusiya və Ukraynanın hərəsindən bir məruzəçi iştirak etmişdir.

R. Bayramov haqqında bir də onu deyim ki, peşəsinin vurğunu olan həkim-onkoloq indiyə qədər İstanbul Universiteti tibb fakültəsinin Hepatopankreatobiliar Cərrahiyyə Mərkəzində ixtisaslaşma, N.N.Bloxin adına Rusiya Onkoloji Elmi Mərkəzinin torakoabdominal şöbəsində ixtisaslaşma, İtaliyanın Roma şəhərində A.Gemelli hospitalında Avropa Cərrahi Onkologiya Cəmiyyətinin mütəxəssislər üçün təşkil etdiyi “Üst qastrointestinal cərrahi onkologiyada minimal invaziv cərrahiyyə”yə dair dərinləşdirilmiş ixtisaslaşma kursu, Koreyanın Seul şəhərində Yonsei Universitetinin Onkoloji Mərkəzində mədə xərçənginə görə laparoskopik və robotik cərrahiyyəyə dair tam ixtisaslaşma kursu, Almaniyanın Köln Universitetində Visseral və Onkoloji Cərrahiyyə Mərkəzində qida borusu və kardioezofageal xərçəngin laparoskopik cərrahi müalicəsinə dair ixtisaslaşma keçmişdir.

Professor bildirdi ki, onkoloji xəstəliklərin rast gəlmə tezliyi ildə hər 100 min nəfərdə neçə yeni onkoloji xəstənin qeydə alınması ilə ölçülür. Bütün dünya üzrə ildə hər 100 min nəfər əhalidən 150 nəfərinə yeni bədxassəli şiş diaqnozu qoyulur. Bu rəsmi məlumatdır, əslində, real rəqəmlər bundan daha çoxdur. Çünki bəzən xəstələrin bir qismi dünyadan köçənədək ixtisaslaşmış tibb müəssisələrinə müraciət etmir, yaxud ixtisaslaşmamış müəssisələrdə qeyri-onkoloji diaqnozla “müalicə” olunur və s. Yuxarıda qeyd edilən rəqəmlər onu göstərir ki, ildə hər 667 nəfərdən biri bədxassəli şiş xəstəliyinə düçar olur. Azərbaycanda orta ömür 66-68 hesab edilirsə, onda hər 9-10 nəfərdən birinin bu xəstəliyə düçar olma riski vardır. Beləliklə, rəqəmlərin təhlilindən aydın olur ki, ildə Azərbaycanda 15 minədək bədxassəli şiş xəstələri aşkar edilə bilər. Ümumiyyətlə, bədxassəli şişlərin rastgəlmə tezliyində ildə 1-1,5 faiz artım tempi müşahidə edilir. İstənilən uzunömürlü insanın bu xəstəliyə yoluxma ehtimalı var. İnkişaf etmiş ölkələrdə orta ömür bizdəkindən uzun olduğuna görə, onlarda onkoloji xəstəliyin rastgəlmə tezliyi daha çoxdur. Ömür uzunluğu artdıqca xəstələnmə riski də artır. 40 yaşın ətrafında müşahidə edilən bədxassəli şişlər daha çox xəstəliyin yaranmasında irsi faktorların rolunu düşündürür. Bu, elə bəladır ki, ondan mütləq olaraq qaçmaq mümkün deyil. Xəstəliyin yaranma səbəbləri ayrı-ayrı orqanların bədxassəli şişləri üçün fərqlidir. Ümumiyyətlə, belə qənaətə gəlmişlər ki, həkim məsləhətinə əməl edilsə, onkoloji xəstəliklərin riskini yarıbayarı azaltmaq mümkündür. Hər orqanın özünəməxsus onkoloji xəstəliyi vardır. Qeyd etdiyim kimi, Azərbaycanda hər 9-10 nəfərdən birinin, Avropada, ABŞ-da, Kanadada isə orta ömür 79-81 il olduğundan, o ölkələrdə hər 3 nəfərdən birinin ömür boyu bədxassəli şiş xəstəliyinə tutulma riski var.

—Professor, adətən biz səhhətimizə, ağrılara biganə yanaşırıq. Avropalılar ki, tez-tez müayinə edilirlər. Bəs nəyə görə onlarda onkoloji xəstələr daha çoxdur?

—Doğrudur, avropalılar bizə nisbətən problemlərinin həllinə vaxtında çarə aradığından, xəstəlik ilkin mərhələsində aşkarlanır. Amma onlar “ayaqüstü yeməklər”dən çox istifadə edirlər. Bu, ciddi problemdir. Həmin ölkələrdə bədxassəli şişlərə çox təsadüf edilməsi, həm də orada əhalinin orta ömrünün yüksək olması ilə bağlıdır. Qeyd etdiyim kimi, insan yaşlandıqca onun onkoloji xəstəliyə tutulma riski artır. Afrika ölkələrində orta ömür 42-52 yaş olduğuna görə orada ölümün səbəbləri arasında onkoloji xəstəliklərin payı 4 faiz olduğu halda, Avropa və Şimali Amerika ölkələrində bu rəqəm 21-23 faiz təşkil edir.  Çünki, həmin ölkələrdə əhalinin orta ömrü 79-81 ilə çatır.

— Onkoloji xəstəliyi yaradan amillər hansılardır? Biz bunlarla kontaktda olmaya bilərikmi?

—Onkoloji xəstəlikləri yaradan faktorlar bəşəriyyətin özünün fəaliyyətinin, daha doğrusu, bəşəriyyətin sənaye, biznes, hərbi və s. maraqlarından irəli gələn fəaliyyətinin birbaşa, yaxud dolayı nəticəsidir. Kimyəvi, fiziiki, bioloji amillər xəstəliyin əsas yaranma səbəbləridir. Hər orqanda inkişaf edən bədxassəli şişi yaradan amillər fərqlidir. Bədxassəli şişin yaranmasında rol oynayan kimyəvi amillər təbiətdə rast gəlinən təbii kimyəvi birləşmələr deyildir. Onların konsergen təsiri ya yoxdur, ya da cüzidir. Çünki canlı təbiətin yaşı çox böyükdür və bu müddətdə canlı orqanizmlərdə, o cümlədən insanlarda təbii kimyəvi quruluşlara qarşı qoruyucu mexanizmlər qurulub. Bədxassəli şişin yaranmasında rol oynayan kimyəvi maddələr, qeyd etdiyim kimi, əsasən müxtəlif məqsədlərlə, sənaye məqsədilə, hərbi məqsədlə, tibbi məqsədlə və s. yeni yaradılan kimyəvi molekullardır. Fiziki amillərə radioaktiv şüaları, ultrabənövşəyi şüaları və s. misal göstərmək olar. Çernobıl, Xirosima hadisələri müvafiq bölgələrdə hələ də yüksək riski saxlamaqda davam edir. Ultrabənövşəyi şüalar, qamma şüaları melanoma adlanan dərinin bədxassəli şişinin, dodaq xərçənginin inkişafına səbəb olur. Ultrabənövşəyi şüaların Yer səthinə gəlib çatan intensivliyi ozon təbəqəsinin seyrəlməsi hesabına getdikcə artır. Bioloji amillərə isə mikroorqanizmlər, xüsusilə viruslar aiddir. B və C hepatit virusları qaraciyər xərçənginin, İnsan papilloma virusu xüsusilə gənc qadınlarda yüksək tezliklə rast gəlinən uşaqlıq boynu xərçənginin əsas səbəbidir. Biz istəsək də, istəməsək də bu amillərdən uzaq ola bilmərik, yalnız bu kontaktı müəyyən qədər azalda bilərik.

 — Bədxassəli şiş hüceyrələrinin normal hüceyrədən fərqi nədir? Hüceyrənin bölünməsinin immunitet zəifliyi ilə əlaqəsi varmı? Yoxsa, ona daha başqa amillər təsir edir?

—Orqanizmimizdə hüceyrələrin bölünməsinə nəzarət edən tənzim mexanizmi mövcuddur. Dişimiz çəkiləndə, dərimiz kəsiləndə, cərrahi əməliyyat kəsiklərində normal hüceyrə bölünməsi yolu ilə toxuma defekti bərpa edilir. Amma bədxassəli şiş hüceyrələrinin bölünməsi bu mexanizmin nəzarəti altından çıxmışdır, özbaşınadır, avtonomdur. Ona görə də, durmadan həndəsi silsilə ilə saylarını artırır, bunun nəticəsi olaraq da şiş dayanmadan ölçüsünü böyüdür. Əlbəttə, immun sistemin zəifliyinin bədxassəli şişlərin yaranmasında böyük təsiri var. Bu, insanın özündən gələn faktordur. Qeyd etmək yerinə düşər ki, onkoloji xəstəliklərin yaranmasına 90 faiz xarici mühit amilləri, kimyəvi, fiziki, bioloji faktorlar təsir edirsə, 10 faiz də orqanizmin immun sistemi, hormonal balansı və geni rol oynayır. Amma, bu, o demək deyil ki, immun sistemi güclü olan orqanizm bu bəlaya düçar olmur, bu, sadəcə olaraq xəstəliyə yaxalanma riskini azaldır. Bir misal: orqan transplantasiyası aparılan insanlarda ömrün sonuna kimi immun sistemini müxtəlif dərman preparatları ilə zəif saxlamağa çalışırlar. Çünki immun sistemi süni olaraq zəiflədilməsə, orqanizm o yad olan orqanı qəbul etmir, onu rədd edir. Ümumi əhali ilə müqayisədə orqan köçürülən adamlarda bəzi bədxassəli şişlərin, xüsusilə dəri xərçənginin, limfa toxumasından inkişaf edən bədxassəli şişlərin riski 100-150 dəfə yüksəkdir. QİÇS sindromu olan xəstələrdə əksər orqanlarda bədxassəli şişin yaranma riski çox yüksəkdir. Vaxt keçdikcə hər birimizin orqanizmində müxtəlif təsirlərdən onkoloji hüceyrələr yaranır, amma güclü immunitet onu sıradan çıxarır və xəstəliyə yaxalanma təhlükəsi azalır.

—Professor, onkoloji xəstəliklərin inkişafında irsi faktorun rolu nə qədərdir?

—Son 20-25 ildə bədxassəli şişlərin yaranmasında yeni istiqamət açılmışdır. Hansı orqandan, hansı bədxassəli şişlərinin yaranmasında hansı genin mutasiya olunması aydınlaşdırılmışdır. Süd vəzisi xərçəngində başqa, mədə şişlərində digər genlər mutasiya edir. İrsi faktordan danışarkən əsas onu deməliyik ki, normada hər bir gen qoşa olur. Bu gen cütlüyünün bir tayını atadan, digər tayını anadan alırıq. Aldığımız genlərdən biri defektlə ötürülürsə, bu, irsi  xəstəliyə yol açır. Amma bir gen xarici faktorun təsirinə hələ davam gətirir, qoşa genin ikinci tayının mutasiyası artıq xəstəliyi yaradır. Həmin məntiqlə, hüceyrə bölünməsinə nəzarət edən genlərdə defekt olduqda, yəni valideynlərdən birindən bu gen defektlə ötürüldükdə, müvafiq orqanda bədxassəli şiş üçün şərait yaranır. Ona görə də cavan yaşlarda onkoloji xəstəlik aşkar edilirsə bunun səbəbinin əsasən irsi amil olduğu düşünülür.

—Deməli, uşaqlarda bədxassəli şişlərin yaranmasında ancaq irsi faktorlar rol oynayır? Bəs necə olur ki, ailədə bir neçə övlad olmasına baxmayaraq onlardan biri xəstələnir? Bir də, bu bəla növünə görə uşaqlarda da eynilə yaşlılarda olan kimidir, yoxsa uşaq onkologiyası tam fərqlidir?

—Uşaq yaşlarında görünən onkoloji xəstəliklər bütün onkoloji xəstəliklərin 15 faizə qədərini təşkil edir və onların böyük əksəriyyətinin kökündə irsi faktor dayanır. Onkoloji xəstəliklərin də yaranmasında rol oynayan irsi gen mutasiyaları genetikada məşhur qanun olan Mendel qanunu ilə ötürülür. Bu qanuna görə, nəzəri olaraq irsi gen mutasiyası nəslin nümayəndələrinin hər dördündən birinə ötürülə bilər, lakin ailə üzvlərinin sayı çox olmadığına görə ötürülmə ailənin 4 uşağından birinə də ötürülə bilər, ikisinə də ötürülə bilər və ya heç birinə ötürülməz. Bu ana bətnində dölün hansı hüceyrə ilə mayalanmasından asılıdır. Uşaqlarda da, böyüklərdə olduğu kimi, istənilən orqanda bədxassəli şiş inkişaf edə bilər, lakin uşaqlarda eyni üzvün bədxassəli şişi növ baxımından, müalicə üsullarına həssaslıq baxımından böyüklərinkindən fərqlidir.

—Xəstəliyin hansı mərhələsində ağırlaşma, digər orqanlara yayılma müşahidə edilir? Ümumiyyətlə, bu bəla hansı mərhələlərdən keçir? Bunun gizli dövrü məlum deyil, əlamətləri yoxdur. İnsan onu narahat edən bir əlamət olmasa, durduğu yerdə gedib özünü müayinə də etdirmir.

—Bu, ictimaiyyəti çox maraqlandıran və narahat edən məsələdir. Bədxassəli şişlərin inkişafını dörd mərhələyə bölürük. Xəstə müraciət etdikdə, öncə şişin hansı mərhələdə olduğu müəyyənləşdirilir. Mərhələlər dəyişdikcə sağalma faizi azalır. Əgər 1-ci mərhələdə praktik sağalma şansı 90-95 faizdirsə, 2-ci mərhələdə bu, 60-65 faizə bərabər olur. Üçüncü mərhələdə müraciət edənlərin sağalması 30-35 faiz təşkil edirsə, dördüncü mərhələdə heç 5 faiz də olmur. Birinci mərhələdə olan şiş müalicə edilmədikdə şişin növündən asılı olaraq 1-2 aydan sonra ikinci mərhələyə, yenə müalicəsiz qalandan 1-2 ay sonra üçüncü mərhələyə və nəhayət, dördüncü mərhələyə keçir. Biz xəstələrə gec müraciət etmələrinin səbəbini soruşanda, cəmi 4 aydır ki, hiss eləmişəm, deyirlər. İnsanların maariflənməməsinin, onkoloji xəstəliklər haqqında bilgilərinin az olmasıdır ki, onlar bu xəstəliyin 4 ay müddətində artıq hansı mərhələyə keçəcəyini bilmirlər. Bunun da nəticəsində xəstəlik sağala bilən mərhələdən sağala bilməyən mərhələyə keçir. Bir mərhələdən digərinə keçmə sürəti, yəni xəstəliyin inkişafı hüceyrənin bölünmə sürətindən, konkret olaraq şişin hansı hüceyrədən başlanğıc götürməsindən, hansı histoloji variantda olmasından asılıdır. Bu müddət bir ay da ola bilər, iki ay da və s. Daxili orqanların onkoloji xəstəlikləri əlamətlərinə görə müvafiq üzvün adi xəstəliklərindən heç nə ilə fərqlənmir. Məsələn, mədə xorası zamanı da ürək bulanması ola bilir, kəskin qastrit zamanı da, mədə xərçəngi zamanı da, yaxud bronxitin də əsas əlamətilərindən biri öskürəkdir, ağciyər xərçənginin də və s. İnsanlar da məlumatsızlıqdan müayinəyə getmirlər və həkimə gələndə də artıq proses daha irəliləmiş mərhələdə, yaxud da müalicəolunmaz mərhələdə olur. Ona görə insanın yaşı 40-dan, xüsusilə də 50-dən çoxdursa, hər hansı əlamət qısamüddətli deyil, bir neçə gündür davam edirsə, yaxud qısa fasilədən sonra yenə təkrarlanırsa, o zaman məsləhət olar ki, məhz onkoloji xəstəliyin olma ehtimalı nəzərə alınmaqla müayinə olunsun.

—Bədxassəli şişlər ən çox hansı orqandan inkişaf edir və niyə? Biz bu xərçəng əmələ gətirən amillərdən necə uzaq ola bilərik?

— Orqanizmdə dörd toxuma mövcuddur: epitel, birləşdirici, əzələ və sinir toxumaları. Yəni bizim orqanizmimiz bu dörd toxumadan qurulmuşdur. Kütlə baxımından götürülsə, ən azı epitel toxumasıdır. İnsan bədəninin hansı hissəsinin xarici mühitlə kontaktı varsa, o nahiyə epitel toxuması ilə örtülüdür. Dedik ki, onkoloji xəstəliklərin yaranmasının böyük məsuliyyəti xarici mühit faktorlarının üstünə düşür. Bu faktorlar ilk növbədə və daha yüksək intensivlikdə epitel toxuması ilə kontaktda olduğundan bədxassəli şişin 90 faizə qədəri məhz bu toxumadan inkişaf edir. Gün ərzində hamımız konsergenlərlə hava, qida vasitəsilə və s. kontaktda oluruq. Böyük şəhərlərin atmosferində ağciyər xərçənginin yaranmasında başlıca rolu oynayan konsergenin - benzpirenin konsentrasiyası kiçik şəhərlərlə, kənd yerləri ilə müqayisədə dəfələrlə artıqdır. Şəhər atmosferinin tozlarla çirklənməsi bu riski daha da artırır. Siqaret çəkməməklə xəstəliyə yoluxma riskini 50 faizədək azalda bilərik. Yeri gəlmişkən qeyd etmək istəyirəm ki, dünyada ildə 1 milyonadək insan siqaret çəkmənin qurbanı olur və bunun da üçdə-biri onkoloji xəstəliklərin payına düşür. Başqa sözlə, dünyada məhz siqaret çəkmənin səbəb olduğu onkoloji xəstəliklərdən hər il 300-350 min insan dünyasını dəyişir. Siqaret çəkənlə ailə həyatı quran qadınlarda ağciyər xərçənginə tutulma riski digər qadınlara nisbətən 3 dəfə artıqdır. Ümumiyyətlə, siqaret çəkənlərdə isə qeyd edilən risk 40 dəfə çox olur. Siqareti atanlarda isə ağciyər xərçənginə tutulma riski 10-12 il sonra siqaret çəkməyənlərlə bərabər olur.

Qida ilə bağlı deyək ki, kənd təsərrüfatında bitkilərə verilən gübrələrlə, yəni nitratlarla (onun məişət adı selitradır), becərilən tərəvəzlər mədə və qida borusu xərçəngi üçün ciddi risk amilidir. İnsanların mədə turşuluğu normadan aşağı olanlarda mədə xərçəngi daha çox yaranır. İstəsək də, istəməsək də, bu çür gübrələrlə yetişdirilmiş meyvə-tərəvəzləri yeyirik. Belə olan halda çalışmaq lazımdır ki, onun konsergen təsirini azaldaq. Məsələn, kartofu bişirməzdən öncə xırda doğrayıb 20 dəqiqə suda saxlamaq lazımdır ki, nitratlar çıxsın. İnkişaf etmiş ölkələrdə fermerlər əvvəlcədən bilirlər ki, malı satışa çıxarmazdan əvvəl məhsulun yararlılığını təsdiq edən sertifikat almaq üçün mütləq nitratın həddi yoxlanacaq. Odur ki, belə ciddi nəzarət olan ölkələrdə fermerlər nitratı normadan çox istifadə etməkdən qorxurlar. Mədə turşuluğu az olanların kolbasa-sosiskadan uzaq durmaları məsləhət görülür, çünki kolbasa və sosiskanın tərkibinə mütləq nitrit vurulur. Tərəvəzlərdən çox istifadə edənlərdə yoğun bağırsaq xərçənginə dəfələrlə az rast gəlinir. Ümumiyyətlə, gübrəsiz-dərmansız tərəvəz və meyvədən çox istifadə edənlərdə təkcə yoğun bağırsaq xərçəngi deyil, əksər orqanların bədxassəli şişlərinin riski bir neçə dəfə az olur.

Qeyd etməyi borc bildiyim məsələlərdən biri də ondan ibarətdir ki, bizim Azərbaycan əhalisində bədxassəli şişlə xəstələr Avropa ölkələri, Şimali Amerika, Koreya, Yaponiya kimi ölkələrlə müqayisədə daha gec mərhələdə müraciət edirlər. Bunun da əsas səbəbi bizim insanların bu sahədə maariflənməmələridir. Xəstələr bəzən mədə xərçənginə şübhə yaradan şikayətlərlə müraciət edir, xəstəyə endoskopiya məsləhət görürsən, çünki mədə xərçəngini ən dəqiqliklə və erkən dövrdə ancaq endoskopiya tutur, lakin təkid edir ki, endoskop uda bilməyəcək, başqa müayinə məsləhət görülsün. Çox zaman inandırmaq da olmur ki, rentgen xəstəliyin ilkin mərhələsini aşkarlamır, endoskopiya vacibdir.

—Xəstəliyin mərhələsinə görə hansı müalicə üsulu tətbiq edilir?

—Onkoloji xəstəliklərin məhdud saydan ibarət bir qismini çıxmaqla, əksər növünün müalicəsində sağalmanı təmin edə bilən yeganə müalicə üsulu  cərrahiyə əməliyyatıdır. 2-ci və 3-cü mərhələlərdə müraciət edən xəstələrin çoxu şişin başlanğıc götürdüyü orqandan, onun növündən asılı olaraq ya əməliyyatdan əvvəl, ya da əməliyyatdan sonra, şüa, yaxud da kimyəvi dərman terapiyası alır. 20 il əvvəl bu qədər diaqnostik vasitələr yox idi. Xəstə kompüter müayinəsində növbəyə durmaqla həftələrlə vaxt itirirdi. Ona görə də digər müayinələrdən sonra əməliyyata məsləhət görülürdü. Bu da bir sıra hallarda xəstələrin cərrahi əməliyyat üçün düzgün seçilməməsinə gətirib çıxarırdı. Təqdir ediləsi haldır ki, hazırda ölkədə olduqca informativ və çoxsaylı diaqnostik vasitələr, onların peşəkar mütəxəssisləri mövcuddur ki, bu da şişin mərhələsini dəqiq qiymətləndirməyə, müalicə taktikasının daha səmərəli qurulmasına kömək etməyə imkan verir. Təki xəstə vaxtında müraciət etsin.

İnamla deyirəm ki, Azərbaycanda onkologiya çox inkişaf etmişdir. Mən dünyanın bir çox ölkəsində olmuşam. Fəxrlə deyə bilərəm ki, mütəxəssislərimizin gördükləri işləri, peşəkarlığını istənilən ölkənin onkoloqlarına təqdim edə bilərik. Ölkəmizdə maariflənmənin az aparılmasının, yaxud aparılmamasının ağrılı nəticəsidir ki, ya xəstələr vaxtında müraciət etmədiklərinə görə, yaxud da qeyri-mütəxəssislərə müraciət etdiklərinə görə, təəssüflər olsun ki, bir çox hallarda insanlar yaxınlarını itirmək təhlükəsi ilə üz-üzə qalmalı olurlar.

 

Zərifə BƏŞİRQIZI

 

Xalq qəzeti.- 2015.- 12 fevral.- S.5.