Azərbaycan: sabitlik
adası, inkişaf məkanı
Ölkədə aparılan müstəqil
dövlət quruculuğu
prosesində
iqtisadi islahatların və inkişafın
mahiyyət
etibarilə yeni bir modeli
— Azərbaycan
modeli formalaşmışdır
Son dövrlər dünya iqtisadiyyatında arzuolunmaz proseslər baş verir: bunun səbəbləri müxtəlifdir və təkcə iqtisadi amillərlə izah oluna bilməz. Bu, bir reallıq və dünyanı təhdid edən ciddi təhlükədir. Müasir qloballaşma dövründə böhranın domino effekti ilə hamıya təsir edə biləcəyi ehtimalı heç də az deyil. Ona görə də böhran yaxalamamış profilaktik, preventiv tədbirlər görülməlidir.
Azərbaycan iqtisadi
sahədə keçid dövrünü başa
çatdıraraq, yeni inkişaf mərhələsinə qədəm
qoymuşdur. Respublikamız bu prosesdə hansısa dövlətin
təcrübəsini heç də olduğu kimi tətbiq etməmiş,
milli xüsusiyyətləri, siyasi və iqtisadi özəllikləri,
sosial-demoqrafik amilləri nəzərə almışdır.
Ölkəmizin davamlı inkişafı və tərəqqisi
yolunda əldə olunan nailiyyətlər xalqın və
dövlətin təminatlı gələcəyinə
etibarlı zəmin yaratmışdır. Bu il yanvarın 22-də
Davosda Dünya İqtisadi Forumu çərçivəsində
keçirilən “Regionların transformasiyası: Avrasiya”
mövzusunda sessiyadakı çıxışında Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev demişdir: “Transformasiyadan danışarkən,
hansı ki, Azərbaycan bu barədə çox narahatdır,
bir az keçmişə, 1991-ci ilə — müstəqilliyimizin
ilk illərinə qayıtmalıyıq. Biz o zaman müstəqil
dövlət qurmaq öhdəliyi
götürmüşdük. Eyni zamanda, bazar iqtisadiyyatı
prinsipləri əsasında modern iqtisadiyyat qurmalı idik. Transformasiya
bizim üçün siyasi sistemin transformasiyası idi,
çünki müstəqillikdən əvvəl bizdə belə
bir imkan yox idi. Həmçinin, planlı iqtisadiyyatdan bazar
iqtisadiyyatına keçid olmalı idi. Mən belə hesab
edirəm ki, 23 illik müstəqillik dövrü açıq
qapı siyasətini yürüdən, sərmayələri cəlb
edən və bugünkü əsas
çağırışları aradan qaldıran ölkənin
əldə etdiyi nailiyyətləri baxımından çox
maraqlı dövr hesab edilə bilər”.
Uğurla həyata
keçirilən dövlət siyasətinin nəticəsi
olaraq, Azərbaycan qısa zaman ərzində demokratik və bəşəri
dəyərlərin bərqərar olduğu məkana, beynəlxalq
birliyin layiqli üzvünə, davamlı inkişaf edən,
dayanıqlı iqtisadiyyata malik ölkəyə çevrilib.
Ulu öndər Heydər Əliyevin əsasını
qoyduğu bu siyasətin Prezident İlham Əliyev tərəfindən
böyük əzm və məharətlə davam etdirilməsi
ölkəmizdə bir neçə onilliyə bərabər
yüksəlişi təmin etmişdir.
Azərbaycanın
bugünkü müasir, modern və demokratik yüksəlişinin
əsasları vaxtilə xalqımızın ümummilli lideri
Heydər Əliyev tərəfindən böyük uzaqgörənliklə
müəyyən edilmiş, konturları
cızılmışdır. Ulu öndərin əsasını
qoyduğu bu siyasətin layiqincə reallaşması, Prezident
İlham Əliyevin əzmkarlığı, qətiyyəti,
xarizması, yüksək siyasi və liderlik kefiyyətləri
ilə həyata vəsiqə alması, ölkəmizdə
qlobal siyasi və iqtisadi çağırışlara
düzgün adekvat münasibətin ortaya qoyulması dünya
nizamında yeni Azərbaycanı reallığa
çevirmişdir. Regionda və dünyada baş verən
hadisələri düzgün qiymətləndirən, geosiyasi
dəyişikliklərin gedişini xalqın maraqları
çərçivəsinə yönəldən, bu məqsədlə
praqmatik, rasional qərarlar qəbul etməyi bacaran, proseslərin
inkişaf axarını qabaqlayan Prezident İlham Əliyev
ölkəmizin dinamik inkişafına nail olmaqla yanaşı,
dünya birliyində mövqelərini də xeyli dərəcədə
gücləndirməyə nail olmuşdur. Bunun nəticəsidir
ki, indi beynəlxalq birlik Azərbaycanın çox
mühüm və ciddi regional gücə çevrildiyini həm
dərk, həm də etiraf edir. Yerləşdiyi bölgənin
lideri olan Azərbaycanın iradəsindən kənar Cənubi
Qafqaz regionunda hansısa transmilli layihənin reallaşmasından
söhbət belə gedə bilməz. Məhz Azərbaycanın
təşəbbüsü, iştirakı və söz
sahibliyi ilə həyata keçirilən layihələr
bölgənin iqtisadi mənzərəsində son illərdə
çox mühüm dəyişikliklərə, yüksəlişə
yol açmışdır.
Arxada qoyduğumuz
2014-cü ilin hər bir sahə üzrə yekunları da Azərbaycanın
möhtəşəm uğurlarından, o cümlədən
sosial-iqtisadi nailiyyətlərini davam etdirməsindən,
dünyada artan nüfuzundan, regional iqtisadi məsələlərin
həllində əvəzolunmaz iştirakından xəbər
verir. Bu dövrün də ən səciyyəvi cəhətlərindən
biri müxtəlif sahələrin inkişafı
üçün konkret hədəf və məqsədlərin,
onlara nail olunma yollarının dəqiq müəyyən edilməsi
olmuşdur. Xüsusən, ötən ilin iqtisadi yekunları
Azərbaycanın getdikcə daha qüdrətli bir ölkəyə
çevrildiyini göstərir. Bunu şərtləndirən əsas
amil ölkə iqtisadiyyatında artımın
olmasıdır. Elə bu məqam da Azərbaycanda iqtisadi
inkişafın hər hansı bir sahə üzrə deyil,
kompleks xarakter daşıdığını yenidən bariz
şəkildə təsdiq edir. Ən mühüm cəhət
isə ondan ibarətdir ki, ötən ilin yekunları ölkə
rəhbərliyinin qeyri-neft sektorunun inkişafı sahəsində
həyata keçirdiyi siyasətin özünü tam
doğrultduğunu konkret faktlar əsasında meydana
çıxarır. Çünki hesabat dövrü ərzində
qeyri-neft sahəsinin inkişaf səviyyəsi əhəmiyyətli
dərəcədə yenə yüksəlmişdir.
Bütün bunlar Azərbaycanın seçdiyi inkişaf
yolunun tam düzgün olduğunu, zamanın tələblərinə
cavab verdiyini, ölkənin qazandığı uğurların
miqyasının daha da genişlənməsinə xidmət
etdiyini, iqtisadi islahatların düzgün
aparıldığını göstərir. Bütün bu məsələlər
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi
ilə Nazirlər Kabinetinin 2014-cü ilin sosial-iqtisadi
inkişafının yekunlarına və qarşıda duran vəzifələrə
həsr olunan iclasında ətraflı müzakirə
edilmişdir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi,
qarşıya qoyulan bütün vəzifələr uğurla
icra edilmişdir: “Keçən ilin əvvəlində
qarşımıza qoyduğumuz bütün vəzifələr
uğurla icra edilmişdir. 2014-cü il də ölkəmiz
üçün uğurlu il kimi tarixdə qalacaqdır.
Düz bir il bundan əvvəl biz keçən ildə
görüləcək işlərlə bağlı geniş
fikir mübadiləsi aparmışdıq, qarşıya
mühüm vəzifələr qoyulmuşdu və il ərzində
çox gərgin iş aparılmışdır. Keçən
il dünyada və bölgədə müxtəlif proseslər
gedirdi. Gərginlik, demək olar ki, böyük dərəcədə
artmışdır. Ancaq Azərbaycan öz sürətli
inkişaf tempini saxlaya bilmişdir. Ölkəmizin təhlükəsizliyi
təmin edilmişdir, iqtisadi və sosial proqramlar icra
olunmuşdur. Azərbaycan xalqı 2014-cü ildə də təhlükəsizlik
şəraitində yaşamışdır”.
Hələ 2008-ci ildən
başlanan beynəlxalq maliyyə-iqtisadi böhranı nəticəsində
bəzi ölkələrdə minlərlə insan iş yerini
itirməli oldu, bəzi ölkələrdə makroiqtisadi
göstəricilər sürətlə aşağı
düşdü, bəzi dövlətlər isə
özünün valyuta ehtiyatları ilə vidalaşmalı
oldu. Böhran Azərbaycana da təsirsiz ötüşmədi.
Lakin səmərəli antiböhran tədbirlərinin nəticəsində
onun mənfi təsirlərini minimuma endirmək mümkün
oldu. Prezident İlham Əliyevin tapşırığı və
göstərişləri ilə həyata keçirilmiş
qabaqlayıcı tədbirlər və əvvəlki illərdə
yaradılmış möhkəm maliyyə-iqtisadi potensial nəticəsində
ölkəmizdə böhranın mənfi təsirləri dərindən
hiss olunmadı və Azərbaycan qlobal böhrandan minimum itki
ilə çıxdı. Beləliklə, dünyanın ən
inkişaf etmiş ölkələri ciddi iqtisadi
sarsıntılara məruz qaldıqları halda, Azərbaycanda
sosial-iqtisadi inkişafın davamlılığı təmin
edildi, onun mənfi xarici təsirlərə müqavimət
qabiliyyəti sınaqdan uğurla çıxdı. Ən əsası
isə odur ki, aparıcı ölkələr 2008-ci ildən bəri
böhranla üzləşdikləri problemlərini həll
etdiyi bir vaxtda, Azərbaycan hər il dayanıqlı
inkişafa yönəlmiş strateji vəzifələri tam
olaraq həyata keçirir və bunun nəticəsi olaraq,
makroiqtisadi dayanıqlıq göstəricilərinə görə
dünyada öncül yerlərdə qərarlaşmışdır.
2014-cü ildə
bütün dünyada iqtisadi proseslərin dəyişkən
qlobal konyunktur şəraitində davam edəcəyi gözlənilirdi.
Düzdür, ötən il qlobal miqyasda dünya
iqtisadiyyatında artım baş vermiş, lakin bu, müxtəlif
regionlar üzrə qeyri-bərabər getmişdir. Bəzi
ölkələrdə, xüsusilə avrozonada borc probleminin hələ
də qalması, makroiqtisadi siyasətin
stimullaşdırıcı imkanlarının tükənməsi
iqtisadi artımı məhdudlaşdırmışdır.
İnkişaf etməkdə olan ölkələrdə də
iqtisadi artım perspektivləri zəifləmişdir.
Yaranmış yeni meyilləri nəzərə alaraq, Beynəlxalq
Valyuta Fondu da bəzi ölkələr üzrə iqtisadi
artım proqnozlarını aşağı
salmışdır.
Bəli, ötən
il dünyada müxtəlif proseslər getmişdir. Təbii
ki, bunlardan biri də illər öncə dünyada baş
qaldıran iqtisadi və maliyyə böhranı hələ
tam səngiməmiş xam neftin qiymətinin aşağı
düşməsinin yaratdığı beynəlxalq gərginlikdir.
Son aylarda dünyada neftin qiymətində baş verən dəyişikliklər
bəzi ölkələrdə yeni iqtisadi böhranın
baş qaldırmasına, maliyyə
çatışmazlığına, milli valyutanın dəyərdən
düşməsinə, qiymətlərin artımına səbəb
olmuşdur. Təbii ki, bu kimi iqtisadi sarsıntılar
qonşuluğumuzda olan bir sıra ölkələrdə
yaşansa da, Azərbaycan bu risklərdən uzaqdır.
Vaxtında qabaqlayıcı tədbirlərin görülməsi,
düzgün iqtisadi siyasətin yeridilməsi Azərbaycanın
iqtisadi böhrandan uğurla çıxmasını şərtləndirən
əsas səbəblərdir. Ötən illərdə Azərbaycanda
iqtisadi inkişafın kifayət qədər maliyyələşdirilməsi,
neft gəlirlərini başlıca sosial-iqtisadi problemlərin
həllinə yönəltməklə yanaşı, ölkənin
çox yüksək yığım səviyyəsi,
yaradılan strateji valyuta ehtiyatları neftin qiymətindəki
dəyişikliklərdən asılı olmayaraq inkişaf
tempini saxlamağa imkan vermişdir. Nazirlər Kabinetinin
iclasında bu məsələyə toxunan Prezident İlham
Əliyev demişdir: “Dünyada neftin qiyməti kəskin şəkildə
— 2 dəfədən çox aşağı
düşmüşdür. Əlbəttə ki, bu, bizim gəlirlərimizə
mənfi təsir edəcək. Ancaq buna baxmayaraq,
iqtisadiyyatımızın şaxələndirilməsi istiqamətində
görülən və bundan sonra görüləcək
işlər, institusional islahatlar və daha da səmərəli
idarəetmə üsullarının tətbiq edilməsi nəticəsində
əminəm ki, Azərbaycan bu vəziyyətdən də
şərəflə çıxacaq, manatın məzənnəsi
sabit olaraq qalacaq, iqtisadi inkişaf təmin ediləcəkdir”.
Konkret
araşdırmalar göstərir ki, Azərbaycan dövləti
dünya bazarında neftin qiymətinin aşağı
düşməsi ilə bağlı yaranacaq itkilərini
örtmək üçün kifayət qədər valyuta
ehtiyatlarına və inkişaf imkanlarına malikdir. Ən əsası
isə odur ki, neftin qiymətinin aşağı düşməsi
ilə əlaqədar dövlətin həyata keçirdiyi
qabaqlayıcı tədbirlər Azərbaycanda öz bəhrəsini
verir. Belə ki, beynəlxalq gərginlik fonunda Azərbaycanda
inflyasiyanın səviyyəsinin 1,4 faiz təşkil etməsi,
manatın məzənnəsinin sabit qalması insanların
rifah halının yaxşılaşmasına xidmət
göstərir, alıcılıq qabiliyyəti artır.
Məlum olduğu
kimi, ötən il bir sıra ölkələrdə müəyyən
xarici və daxili amillərin təsiri altında milli
valyutaların böhranı baş vermişdir. Nəticədə
bir sıra milli valyutalar məcburi olaraq ciddi devalvasiyaya
uğramışdır. Rus rublu 80 faiz, qazax təngəsi 19
faiz, türkmən manatı 22 faiz, Belarus rublu 17 faiz, Ukrayna qrivnası
90 faiz, türk lirəsi 8 faiz ucuzlaşmışdır. Təbii
ki, milli valyutanın məzənnəsinin sabitliyi hər bir
ölkədə makroiqtisadi və maliyyə sabitliyinin,
xüsusilə də sosial sabitliyin vacib amilidir. Sabit məzənnə
əhalinin gəlirlərinin, yığımlarının dəyərdən
düşməsinin qarşısını alır, korporativ və
maliyyə sektorunda sabitliyin təmin olunmasının çox
mühüm amilidir. Bu mənada, 2014-cü ildə qonşu
ölkələrdə gedən mürəkkəb proseslərlə
bağlı yaranmış psixoloji təzyiqlərə
baxmayaraq, vaxtında görülmüş tədbirlər nəticəsində
manatın məzənnəsinin sabit saxlanılması ölkəmizdə
aparılan uğurlu iqtisadi siyasətin göstəricisidir.
Statistik məlumatlara
görə, 2014-cü il üzrə dövlət büdcəsinin
mədaxili 18400,5 milyon manat, xərcləri 18699,3 milyon manat
olmuşdur. Başqa sözlə, dövlət büdcəsinin
mədaxili 18384 milyon manat proqnoza qarşı 18400,5 milyon manat
və ya 0,1 faiz çox olmuşdur. Vergilər Nazirliyi tərəfindən
dövlət büdcəsinə 7113,6 milyon manat vəsaitin
daxil olması təmin edilib ki, bu da ötən illə
müqayisədə 449,6 milyon manat və yaxud 6,7 faiz
çoxdur. Həmin vəsaitin 60,5 faizi və yaxud 4306,6 milyon
manatı qeyri-neft sektorundan daxilolmaların payına
düşür ki, bu da 2013-cü ilə nisbətən 539,7
milyon manat və yaxud 14,3 faiz çoxdur.
2014-cü ildə
dövlət büdcəsinin xərcləri 93,2 faiz və
yaxud 18699,3 milyon manat icra edilmişdir. Dövlət büdcəsi
xərclərinin 24 faizi və yaxud 4485,8 milyon manatı sosial təyinatlı
tədbirlərin maliyyələşdirilməsinə yönəldilmişdir
ki, bu da 2013-cü illə müqayisədə 403,9 milyon manat və
yaxud 9,9 faiz çoxdur.
Funksional təsnifata
uyğun olaraq, 2014-cü ildə 2013-cü illə müqayisədə
sosial müdafiə və sosial təminat xərclərinə
12,6 faiz (220,8 milyon manat), iqtisadi fəaliyyətlə
bağlı xərclərə 10,9 faiz (30,1 milyon manat), təhsil
xərclərinə 8,2 faiz (117,6 milyon manat), səhiyyə xərclərinə
7,5 faiz (46,4 milyon manat), mədəniyyət, incəsənət,
informasiya, bədən tərbiyəsi və digər
kateqoriyalara aid edilməyən sahədə fəaliyyət xərclərinə
6,9 faiz (19,1 milyon manat), məhkəmə hakimiyyəti,
hüquq-mühafizə və prokurorluq orqanlarının
saxlanılması xərclərinə 5,2 faiz (54,3 milyon manat),
mənzil və kommunal təsərrüfatı xərclərinə
4,7 faiz (18,8 milyon manat), kənd təsərrüfatı,
meşə təsərrüfatı,
balıqçılıq, ovçuluq və ətraf
mühitin mühafizəsi xərclərinə 3,5 faiz (17 milyon
manat), müdafiə xərclərinə 2,1 faiz (31,1 milyon
manat) çox vəsait yönəldilmişdir.
Ötən il dövlət
büdcəsindən dövlət əsaslı vəsait
qoyuluşu xərclərinə 6259 milyon manat vəsait yönəldilmiş, bu xərclərin dövlət
büdcəsi xərclərinin tərkibində xüsusi
çəkisi 33,5 faiz olmuşdur.
2014-cü ilin
sosial-iqtisadi yekunlarına dair
Dövlət Statistika Komitəsinin açıqladığı
hesabatda bildirilir ki, iqtisadi və sosial tərəqqinin əsas
keyfiyyət göstəricisi olan ümumi daxili məhsul
istehsalı 2014-cü il ərzində ötən illə
müqayisədə 2,8 faiz artaraq, 59 milyard manata
çatmışdır. Əlavə dəyərin 41,5 faizi sənaye
sahələrində, 12,5 faizi tikinti kompleksində, 5,3 faizi kənd
təsərrüfatında, 4,5 faizi nəqliyyatda, 9,9 faizi ticarət
və pullu ticarət sahələrində, 1,8 faizi rabitədə,
17 faizi digər sahələrdə istehsal olunmuşdur. Bu
dövr əhalinin hər nəfərinə düşən
ÜDM-in həcmi 6264,1 manat (7985,9 ABŞ dolları)
olmuşdur. ÜDM-də qeyri-neft sektorunun artım səviyyəsi
isə 7 faiz təşkil etmişdir.
Keçən il Azərbaycanda
31,9 milyard manatlıq sənaye məhsulu istehsal olunmuşdur.
Bu məhsulun 69,6 faizi mədənçıxarma, 24 faizi emal,
5,7 faizi elektrik enerjisi, qaz və buxar istehsalı,
bölüşdürülməsi və təchizatı, 0,7
faizi su təchizatı, tullantıların təmizlənməsi
və emalı bölmələrinin payına
düşür. Ötən il sənayenin neft sektorunda məhsul
istehsalı 2,4 faiz azalsa da, qeyri-neft sektorunda 6,9 faiz artım
qeydə alınmışdır. Yeri gəlmişkən qeyd
edək ki, hesabat dövründə ölkə üzrə
41,9 milyon ton xam neft, 18,7 milyard kubmetr əmtəəlik qaz hasil
olunmuşdur.
Emal bölməsinə
gəldikdə isə
vurğulamaq lazımdır ki, burada əksər sahələr
üzrə artım müşahidə edilmişdir. Məsələn,
il ərzində qida məhsulları istehsalı 1,4, içki
istehsalı 8,1, geyim istehsalı 59,9, toxuculuq sənayesi məhsulları
istehsalı 1,9, kimya sənayesi məhsulları istehsalı 32,
tikinti materialları istehsalı 22,2, hazır metal məmulatları
istehsalı 6,2, metallurgiya sənayesi məhsulları
istehsalı 11, elektrik avadanlıqları istehsalı 12,1,
avtomobil və qoşqu istehsalı 58,2, zərgərlik, musiqi,
idman və tibb avadanlıqları istehsalı 80,9 faiz
artmışdır. Dövlət Statistika Komitəsinin hesabatında o da bildirilir ki,
2014-cü ildə ölkənin elektrik stansiyalarında
2013-cü ildəkindən 6,3 faiz çox — 21,9 milyard
kilovatsaat elektrik enerjisi istehsal olunmuşdur.
2014-cü ildə
iqtisadi və sosial sahələrin inkişafı
üçün bütün maliyyə mənbələrindən
əsas kapitala 17,6 milyard manat vəsait yönəldilmiş,
13,3 milyard manatlıq tikinti-quraşdırma işləri
görülmüşdür. 2013-cü illə müqayisədə
tikinti-quraşdırma işlərinin aparılmasına sərf
edilmiş vəsait 11,8 faiz artmışdır. Bu dövr məhsul
istehsalı obyektlərinin inşasına investisiyanın 63,9
faizi yönəldilmişdir. Onu da qeyd edək ki, əsas
kapitala yönəldilən vəsaitin 72,3 faizini daxili
investisiyalar təşkil etmişdir və onların
hesabına il ərzində ölkənin bütün
regionlarında çoxsaylı mühüm obyektlər istifadəyə
verilmişdir. Bu sırada ümumi sahəsi 1978,3 min kvadratmetr
olan yaşayış evləri, 29230 şagirdlik ümumtəhsil
məktəbləri, növbədə 251 nəfərin qəbulu
üçün nəzərdə tutulmuş
ambulator-poliklinika müəssisəsi, 280
çarpayılıq xəstəxana, 1332 yerlik məktəbəqədər
təhsil müəssisəsi, 294 yerlik klub, Bakı şəhərində
“Norm” sement zavodu, Dövlət Sərhəd Xidmətinin Sahil
Mühafizəsinin yeni gəmi inşası zavodu, Milli
Konservatoriyanın yeni inzibati kompleksi, Yeni Bakı Beynəlxalq
Dəniz Ticarət Limanı Kompleksinin birinci mərhələsi
çərçivəsində bərə terminalı, Azərbaycan
Milli Elmlər Akademiyası Mərkəzi Kitabxanasının və
“Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin yeni
binaları, Respublika İdman, Tibb, Diaqnostika və Reabilitasiya
İnstitutunun binası, Suraxanı Günəş Elektrik
Stansiyası, Sağlamlıq Mərkəzi, Milli Gimnastika
Kompleksi, müxtəlif səviyyəli yol qovşaqları,
Naxçıvan MR-də “Arpaçay-2” Su-Elektrik Stansiyası,
su anbarı və sutəmizləyici qurğular kompleksi, Gənclər
Mərkəzi, Sumqayıt şəhərində Azərbaycan
kağız və karton istehsalı kombinatı, yağ fabriki,
mis emalı zavodu, Gəncədə metaltökmə və
fasiləsiz yayma zavodu, təzyiqlə emal və boyama zavodu,
Şirvan şəhərində Kür çayı üzərində
körpü, Ağdaş rayonunda yem və meyvə emalı
zavodları, “Ağdaş” elektrik yarımstansiyası, Beyləqanda
şahmat məktəbi və şəhər stadionu,
Füzuli rayonunda tikiş fabriki, Göygöl rayonunda Olimpiya
İdman Kompleksi və Gənclər Mərkəzi, Qəbələdə
“Tufan” dağ-xizək yay-qış kompleksinin birinci mərhələsi,
“Qafqaz Yengicə Termal Hotel və SPA” hotel-kompleksi,
Şamaxıda “Şamaxı Palace Platinum By Rixos” hoteli, Şəmkirdə
çörək zavodu, Şəmkirçay üzərində
su anbarı, SES...kimi obyektləri misal gətirmək olar.
Bu qədər obyektin
istifadəyə verilməsi, sözsüz ki, həm də əhalinin
yeni iş yerləri ilə təmin edilməsi deməkdir. Yeni
iş yerləri isə əhalinin qazanc mənbəyidir.
Söz düşmüşkən qeyd edək ki, ötən
il 2013-cü illə müqayisədə əhalinin gəlirləri
4,8 faiz artaraq 39,4 milyard manata, orta hesabla onun hər nəfərinə
düşən məbləği 3,5 faiz çoxalaraq 4180,5
manata çatmışdır. Son məlumata görə, sənayedə
orta aylıq əməkhaqqı 709,5, tikinti kompleksində
626,7, nəqliyyatda 538, informasiya və rabitə sahəsində
733,5 manatdır.
2014-cü ildə
ölkə üzrə 501 kilometr avtomobil yolu yenidən
qurulmuş və əsaslı təmir olunmuşdur. Bunun 242
kilometri respublika əhəmiyyətli, 259 kilometri isə yerli əhəmiyyətli
yollardır.
Regionlarda, ümumilikdə
452,5 kilometr avtomobil yolları əsaslı təmir
olunmuşdur. Avtomobil yolları üzərində 32
körpü, 1 piyada keçidi tikilmiş, 3 körpü isə
təmir edilmişdir. Ötən il Gəndob-Rusiya
Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun
tikintisi, Qəbələ-Ağdaş, Kürdəmir-İmişli,
Bəhramtəpə-Biləsuvar avtomobil yollarının əsaslı
bərpa işləri, həmçinin Cəlilabad-Yardımlı,
İsmayıllı-Lahıc, Qusar-Ənik-Ləzə, Xocasən-Lökbatan,
Şəki-Qax və digər yerli əhəmiyyətli
avtomobil yollarında yenidənqurma və əsaslı təmir
işləri də aparılmışdır.
Beynəlxalq kreditlər
hesabına Yenikənd-Salyan, Salyan-Şorsulu avtomobil
yollarının və Kür çayı üzərində
körpü keçidinin tikintisi, Muğanlı-Yevlax avtomobil
yolunun yenidən qurulması, Hacıqabul-Kürdəmir,
Kürdəmir-Yevlax, Yevlax-Gəncə və
Bakı-Şamaxı avtomobil yollarının 4 zolağa
genişləndirilməsi işləri davam etdirilmişdir.
Bakı şəhərində
55 kilometr yol inşa olunmuş və yenidən qurulmuşdur.
Heydər Əliyev prospektində “Şəfa” stadionunun
qarşısında yol qovşağında, “Koroğlu”
qovşağı ilə keçmiş “Qələbə dairəsi”ni
birbaşa birləşdirən, uzunluğu 9 kilometr olan Ziya
Bünyadov prospektində 5 yol qovşağı da daxil olmaqla
tikinti, yenidənqurma və əsaslı təmir işləri
başa çatdırılaraq istismara verilmişdir. Eyni
zamanda, uzunluğu 22 kilometr olan Qala-Pirallahı avtomobil yolunun
15 kilometrlik hissəsində tikinti işləri
tamamlanmışdır.
Bilgəh-Pirşağı-Novxanı-Sumqayıt
yeni avtomobil yolunun tikintisi, Heydər Əliyev prospektində isə
3 piyada keçidinin inşası davam etdirilmişdir. Heydər
Əliyev və Ziya Bünyadov prospektlərinə paralel Həsən
Əliyev küçəsinin sonundan Olimpiya stadionuna qədər
yeni avtomobil yolunda tikinti işləri
aparılmışdır.
Ümumilikdə, ötən il respublikanın nəqliyyat-yol
kompleksinə yönəldilmiş investisiyaların həcmi
2,1 milyard manat təşkil etmişdir.
“Azərbaycan
Respublikası regionlarının 2014-2018-ci illərdə
sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın
icrasının birinci ilinin yekunlarına həsr olunan konfrans
bütün regionların davamlı inkişaf etdiyini və
qarşıya qoyulan vəzifələrin uğurla gerçəkləşdiyini
sübuta yetirmişdir. İnfrastrukturun yeniləşdirilməsi
insanların firavan və rahat yaşayışı,
sahibkarlığın dinamik inkişafı məsələləri
ilə yanaşı, bu gün həm də ölkənin milli
təhlükəsizliyi ilə bağlı məsələdir.
Həyata keçirilən şaxələndirmə tədbirləri,
sahibkarlığın inkişafı, investisiya mühitinin
daha da yaxşılaşdırılması nəticəsində
qeyri-neft sektorunun dinamik inkişafı davam etmişdir. İl ərzində
regionlarda 155 məktəb, 30 səhiyyə, 11 gənclər və
idman, 43 mədəniyyət müəssisələri və
digər sosial obyektlər tikilmiş və ya əsaslı təmir
olunmuşdur. Məcburi köçkünlər
üçün 7 yeni yaşayış kompleksi istifadəyə
verilmiş, 4450 ailənin və ya 22 min məcburi
köçkünün mənzil şəraiti
yaxşılaşdırılmış, əlil və şəhid
ailələri üçün 5 yaşayış binası tikilmişdir.
Bazar iqtisadiyyatı
prinsipləri bir sıra liberal xüsusiyyətləri ilə
yanaşı, əhalinin sosial müdafiəsi institutunun
yaradılması kimi sosial yönümlü tədbirləri də
özündə ehtiva edir. Bu mənada, bazar iqtisadiyyatı və
əhalinin sosial müdafiəsi bir-biri ilə üzvi şəkildə
bağlıdır. Sosial müdafiə sistemi, ilk növbədə,
hər bir insanın konstitusion hüquqlarının müdafiəsini
nəzərdə tutur. Onun vasitəsilə həm də əhalinin
əmlak sahəsində mövcud olan bərabərsizliyinin
müəyyən dərəcədə aradan
qaldırılmasını, vətəndaşların
bütün təbəqələri üçün eyni
başlanğıc şərtlərini təmin edən sosial ədalət
prinsipləri reallaşır. Üçüncü dövlət
proqramının qəbul edilməsindən ötən bir ildə
görülən müsbət işlər bölgələrin
davamlı inkişafı, sosial infrastrukturun yenidən
qurulması, milli iqtisadiyyatın neft amilindən
asılılığının qeyri-neft sektorunun tərəqqisi
hesabına aradan qaldırılması üçün kompleks
tədbirlər müəyyənləşdirməklə
yanaşı, iş adamlarının fəaliyyətinə də
yaxşı imkanlar açmışdır. Sahibkarlığa
Kömək Milli Fondunun xətti ilə 5560 sahibkara 50 faizi
qaytarılmış vəsait hesabına olmaqla, 295 milyon manat
güzəştli kredit verilmiş və 12500-dən çox
yeni iş yerinin açılması imkanı
yaradılmışdır. 78 faizi regionlara yönəldilmiş
bu güzəştli kreditlər hesabına 2014-cü ildə
39 iri istehsal, emal və infrastruktur müəssisəsi istifadəyə
verilmişdir. Bu il isə daha
81 müəssisənin
istifadəyə veriləcəyi gözlənilir.
Ayaz ORUCOV,
Milli Məclisin deputatı,
iqtisad üzrə elmlər doktoru
(ardı var)
Xalq qəzeti.- 2015.- 13 fevral.- S.3.