Azərbaycan: sabitlik adası, inkişaf məkanı

Ölkədə aparılan müstəqil dövlət quruculuğu prosesində iqtisadi islahatların və inkişafın

mahiyyət etibarilə yeni bir modeli – Azərbaycan modeli formalaşmışdır

əvvəli ötən sayımızda

Azərbaycan BMT-nin “Bütün əmək miqrantlarının və onların ailə üzvlərinin hüquqlarının qorunması haqqında”, “Əlilliyi olan şəxslərin hüquqlarına dair” konvensiyalarını, Beynəlxalq Əmək Təşkilatının əmək və məşğulluq sahəsində əsas insan hüquqlarını əhatə edən, ümumilikdə, 57 konvensiyasını, “Dəyişdirilmiş Avropa Sosial Xartiyası”nın müəyyən bəndlərini ratifikasiya etmişdir. Digər tərəfdən, “Əlilliyi olan insanların hüquqlarının və cəmiyyətdə tam iştirakının dəstəklənməsi: 2006-2015-ci illər ərzində əlilliyi olan şəxslərin həyat səviyyəsinin yaxşılaşdırılması üzrə Avropa Şurasının Tədbirlər Planı” çərçivəsində həmin təşkilatla da əməkdaşlıq həyata keçirilir.

Bu il əsas məqsədlərdən biri kimi dünya bazarlarında rəqabətə davamlı, ölkənin daxili tələbatında xüsusi əhəmiyyət kəsb edən məhsulların istehsalının genişləndirilməsi üçün maliyyə təminatı yaratmaq, iqtisadiyyata cəlb olunacaq sərmayənin strukturunda daxili resursların payını artırmaq, dövlət sifarişli layihələrin maliyyələşdirilməsinə üstünlük vermək, dövlət büdcəsinin vəsaiti və digər maliyyələşmə mənbələri hesabına turizmin inkişafını stimullaşdırmaq, ekoloji tədbirləri davam etdirmək, alternativ və bərpa olunan enerji mənbələrini yaratmaq prioritetlər sırasındadır.

Birləşmiş Millətlər Təşkilatının dərc etdiyi “Beynəlxalq iqtisadi vəziyyət və perspektivlər, 2015-ci il” (BİVP) adlı məruzədə qarşıdakı iki ildə dünya iqtisadiyyatının inkişaf  sürətindən bəhs edilir. BVİP məruzəsi hər ilin əvvəlində Birləşmiş Millətlər Təşkilatının İqtisadi və Sosial Məsələlər Departamenti, BMT-nin Ticarət və İnkişaf Konfransı (YuNKTAD),  beş regional komissiyası və Ümumdünya Turizm Təşkilatı (YuNKVTO) tərəfindən hazırlanır. Güman edilir ki, dünya iqtisadiyyatında vəziyyət bir qədər yaxşılaşacaq, lakin getdikcə güclənən qeyri-müəyyənliklər və risklər iqtisadi artımı aşağı salacaqdır. ABŞ-da faiz dərəcələrinin qaldırılması ilə bağlı planlar, avro zonasında dayanıqsızlıq, inkişaf etməkdə olan ölkələrdə artım tempinin daha da zəifləməsi və geosiyasi münaqişələr dünya iqtisadiyyatının inkişaf perspektivləri baxımından böyük narahatlıq doğurur.

2014-cü il ərzində dünya iqtisadiyyatının artım sürəti mötədil və qeyri-bərabər olmuşdur. Dünya  maliyyə böhranının fəsadları artım tempinə mənfi təsir göstərməkdə davam etmişdir və bu zaman Ukraynadakı böhran kimi geosiyasi münaqişələr, Ebola epidemiyası kimi yeni problemlər meydana gəlmişdir. İşsizlik göstəriciləri bəzi regionlarda tarixi meyarlar baxımından yüksək  səviyyədə qalmışdır. Qlobal inflyasiya göstəriciləri aşağı səviyyədə olsa da, avro zonasında deflyasiya riski bəzi inkişaf etmiş ölkələrdə yüksək  inflyasiya tempi arasında dəyişmişdir.

Birbaşa xarici investisiya  axınları əvvəlkitək inkişaf etməkdə olan ölkələr üçün daha sabit və mühüm maliyyələşdirmə mənbəyi olaraq qalır. Halbuki portfel investisiyalar axını investorların riskə getməyə hazır olmaq əzminin xeyli dərəcədə dəyişməsindən asılıdır.

Qiymətləndirmələrə görə, ticarətin artımı bir qədər sürətlənəcəkdir: 2015-ci il üçün malların və xidmətlərin idxalının fiziki həcminin 4,7 faiz artacağı proqnozlaşdırılır. 2015-ci ildə inkişaf etmiş ölkələrin əksəriyyətində büdcə-vergi siyasətinin sərtləşdiriləcəyi gözlənilir, hərçənd, çox güman ki, belə sərtləşdirmə ləng xarakter daşıyacaqdır.   Valyuta bazarlarında üstün tendensiya kimi, ABŞ dollarının daha da güclənməsi gözlənilir. Belə ki, vahid Avropa valyutasının ABŞ dollarına nisbətdə məzənnəsi son 11 ildə ən aşağı həddə düşmüşdür. BBC telekanalı xəbər vermişdir ki, yanvarın 23-də səhər saatlarında EBS platformasında keçirilən elektron hərracda 1 avro 1,13145 dollara satılmışdır. Avronun ucuzlaşmasının bu həddi sonuncu dəfə 2003-cü ilin sentyabrında qeydə alınmışdı.

BMT-nin iqtisadi və sosial məsələlər departamentinin şöbə müdiri Pinfan Hun demişdir: “Bəzi iqtisadi göstəricilər müsbətdir və düzgün istiqamətdə dəyişirlər, bu da iqtisadi artım irəliləyişinə tədrici qayıdışın mümkünlüyünə dəlalət edir. Lakin çoxsaylı risklər və qeyri-müəyyənliklər dünya iqtisadiyyatını düzgün yola qaytarmağa və tərəqqiyə nail olmağa yönəldilmiş  səyləri heçə endirə bilər”.

2014-cü ildə ABŞ-da illik artım tempi 2 faizdən yüksək səviyyədə qaldığı halda Avropada, xüsusən avro zonasında iqtisadi vəziyyət ağır olaraq qalmışdır - hazırda avro zonasının bir sıra dövlətləri resessiya həddindədir.   Yaponiyada büdcə stimullaşdırılması və monetar siyasətin zəiflədilməsi ilə bağlı 2013-cü ildə qəbul edilmiş kompleks tədbirlərin doğurduğu iqtisadi dirçəliş 2014-cü ildə heçə enməyə başlamışdır. Gözlənilir ki, 2015-2016-cı illərdə Qərbi Avropada artım tempinin çox cüzi olacağı gözlənilir. Regionun inkişafını avrozonadakı ağır problemlər ləngidəcəkdir – burada ÜDM-in həcmi resessiyanın başlandığı dövrdəki maksimum səviyyəyə hələ çatdırılmamışdır. Yaponiyadakı ehtimal edilən artımın ləngiməsi əsasən istehlak vergisinin yüksəldilməsi üzündən fərdi istehlakın azalması ilə izah olunur.

2014-cü il ərzində inkişaf etmiş və keçid iqtisadiyyatlı ölkələrdə artım tempi arasında fərqlər daha da artmışdır. Belə ki, iqtisadiyyatı formalaşmaqda olan ölkələrdə, xüsusən Latın Amerikasında və Müstəqil Dövlətlər Birliyində (MDB) artımın kəskin şəkildə ləngiməsi baş vermişdir. Əksinə, Çin də daxil olmaqla, Şərqi Asiyada artım templəri cüzi azalmış, Cənubi Asiyada liderə çevrilən Hindistanda isə mötədil artım qeydə alınmışdır. İnkişaf etməkdə olan ölkələrə gəldikdə, Afrikada ümumi artım dinamikası qorunub saxlanacaqdır. Şərqi Asiya əvvəlkitək daha sürətlə inkişaf edən region olaraq qalacaqdır. Güman edildiyinə görə, iqtisadiyyatın artım tempi Cənubi Asiyada tədricən artmağa başlayacaq, Latın Amerikasında və Karib hövzəsində vəziyyət yalnız mötədil şəkildə yaxşılaşacaqdır. MDB ölkələrində artım perspektivləri zəifdir və gözlənildiyinə görə, Rusiya Federasiyasında iqtisadiyyatın artım sürəti təxminən sıfır səviyyəsində olacaqdır.

Yeri gəlmişkən, təzəlikcə Rusiya hökuməti antiböhran planını açıqlamışdır. 2015-2016-cı illər üçün nəzərdə tutulmuş planın məqsədi əlverişsiz xarici iqtisadi-siyasi konyunktura dövründə milli iqtisadiyyatın davamlı inkişafını və sabitliyi təmin etməkdir. Plan dövlət büdcəsinin əksər xərc kateqoriyalarının 10 faiz azaldılmasını nəzərdə tutur. Yeni layihələrin reallaşdırılmasını təxirə salmaq planlaşdırılır. Dövlət hakimiyyəti orqanlarına ayrılmış xərclər azaldılacaqdır. Ümumən, yaxın üç il ərzində büdcə xərclərini minimum 5 faiz azaltmaq planlaşdırılır. Sığorta pensiyaları ötən il qeydə alınmış inflyasiyaya uyğun olaraq indeksləşdiriləcək. Bu məqsədlə dövlət 188 milyard rubl vəsait ayıracaq. Ötən il Rusiyada inflyasiya 11,4 faiz olmuşdur.

Sənəddə, həmçinin, dövlət idarəetmə sisteminin və dövlətin nəzarətində olan iri şirkətlərin işinin köklü şəkildə yaxşılaşdırılması vəzifəsi müəyyənləşdirilmişdir

BMT məruzəsinin müəlliflərinin fikrincə, mümkün risklər və qeyri-müəyyənliklər dünya iqtisadiyyatının inkişafı üçün ciddi maneələr yaradacaqdır. Avrozona iqtisadiyyatının canlanması əvvəlkitək qeyri-sabit xarakter daşıyır. Böhran hissinin dağılmasına baxmayaraq, ciddi risklər qalmaqdadır. Avrozonada real artım templəri elə bir səviyyəyə düşmüşdür ki, istənilən xarici hadisələr resessiyanın bərpasının səbəbi ola bilər.  ABŞ Federal Ehtiyatlar sisteminin pul-kredit siyasətinin nəzərdə tutulan daha da normallaşdırılması müddət və pul-kredit tənzimlənməsinin strategiyasından və maliyyə bazarlarının müvafiq reaksiyasından asılı olaraq, dünya iqtisadiyyatının perspektivləri üçün xeyli risk və qeyri-müəyyənlik doğurur.

BMT məruzəsində qeyd olunur ki, bir sıra inkişaf edən ölkələr və keçid iqtisadiyyatlı dövlətlər dünya maliyyə şəraitinin pisləşməsi, habelə geosiyasi gərginliyin daha da kəskinləşməsi və Ebola epidemiyasının güclənməsi qarşısında zəifdirlər. Formalaşmaqda olan iqtisadiyyata malik bəzi ölkələrdə, məsələn, Braziliya, İndoneziya, Türkiyə və Cənubi Afrikada cari əməliyyat hesabları üzrə əhəmiyyətli dərəcədə defisitin saxlanması və kreditləşmə həcmlərinin yüksək artım tempi ciddi narahatlıq doğurur. Bazar iştirakçılarının “əhval-ruhiyyə”sinin 2013-cü ilin ortalarında və 2014-cü ilin əvvəlində olduğu kimi, qəfildən dəyişməsi xüsusən ödəniş balansında böyük  defisit olan ölkələrdə ağrılı təhsisetmə prosesinin başlanmasına təkan verə bilər. Formalaşmaqda olan iqtisadiyyata malik bəzi ölkələrdə tənəzzül, xüsusən Çində artımın kəskin şəkildə ləngiməsi bütün dünyada iqtisadi vəziyyətə mənfi təsir göstərə bilər.

Daha bir risk amili neftin qiymətlərindəki hədsiz volatillikdir (qiymət dəyişməsini xarakterizə edən statik maliyyə göstəricisi); onun  həm neftin ixracatçısı, həm də idxalatçısı olan ölkələrə xeyli təsiri ola bilər. 

Ukrayna böhranı əvvəlkitək ciddi regional makroiqtisadi fəsadlara malikdir. İraqda, Liviyada və Suriya Ərəb Respublikasında vəziyyət əvvəlkitək regionda iqtisadi tərəqqiyə və insan potensialının inkişafına mənfi təsir göstərir və əsas qeyri-müəyyənlik mənbəyi olaraq qalır.

Məruzədə deyilir ki, riskin dərəcəsini aşağı salmaq və problemləri həll etmək üçün beynəlxalq siyasətin koordinasiyasının gücləndirilməsi çox vacibdir. O cümlədən, bütün dünyada makroiqtisadi siyasəti sabit və balanslaşdırılmış artımın təmin edilməsinə, istehsal məşğulluğunu təmin edən iş yerlərinin açılmasına, uzunmüddətli iqtisadi və maliyyə sabitliyinin qorunub saxlanmasına istiqamətləndirmək lazımdır.

Azərbaycan çox zəngin karbohidrogen ehtiyatlarına malik və dünya bazarlarına neft ixrac edən ölkələrdən biridir. Respublikamız neftin qiymətinin kəskin azalmasının təsirlərini minimuma endirə bilmişdir.  Hələ 5-6 il əvvəl dünya maliyyə böhranının gözlənilən təsirlərini dəf edən Azərbaycan dövləti öz mükəmməl iqtisadi proqramları, iqtisadi modeli ilə dünyada iqtisadi itkilərdən ən az məsrəflə çıxan ölkə olmuşdur. Hökumətin təsirli tədbirləri ölkəmizin dünya maliyyə böhranının meyillərindən kənarda qalmasına səbəb olmuş, ümumiyyətlə isə xarici təsirlərə qarşı güclü immunitetin yaradılması sabit iqtisadi və maliyyə bazarının formalaşmasına imkan vermişdir.

Hazırda da Azərbaycanda iqtisadi artım tempi dünya üzrə göstəricilərdən yüksəkdir. Dünyada bu gün iqtisadi geriləmə baş verir. Avropa ölkələrində artım tempi 0,5-1 faiz təşkil etdiyi halda Azərbaycanda bu rəqəm 2-3 faizdir. Azərbaycanın yüksək iqtisadi göstəricilər əldə etməsində güclü iqtisadi siyasət, makroiqtisadi siyasətin təkmilləşdirilməsi, biznes mühitinin yaxşılaşdırılması üçün aparılan islahatlar mühüm rol oynayır.

Azərbaycan dünyada baş verən iqtisadi böhranlara baxmayaraq, öz uğurlu inkişafını davam etdirir. Dünyada neftin qiymətinin ucuzlaşması Azərbaycanda hiss olunmur. Çünki bizim çox güclü iqtisadi dayaqlarımız və maliyyə potensialımız var. Neftin ucuzlaşması ölkəmizin real büdcə öhdəliklərini yerinə yetirməsinə də mane olmayacaqdır. Digər tərəfdən, Azərbaycanda qeyri-neft sektoru inkişaf edir. Bu sektorun ümumi daxili məhsulda payı hər il artır. Nəticədə Azərbaycanın neftdən asılılığı getdikcə azalır.

Nazirlər Kabinetinin iclasının ən mühüm cəhəti neft gəlirlərinin azalması, dünyada ucuz neft dövründə iqtisadi strategiyanın, taktiki hədəflərin, bütövlükdə isə “ucuz neft dövründə iqtisadi proqram”ın açıqlanması olmuşdur. Bu proqram üç hissədən ibarətdir – ötən dövrdə başlanmış layihələrin davamı, yeni vəziyyətə uyğun düzəlişlər və gözləntilər.  Proqramın konkret detallarına gəldikdə isə onlar aşağıdakılardır: makroiqtisadi sabitliyin qorunmasının zəruriliyi; manatın məzənnəsinin sabit qalmasının təmin edilməsi; qeyri-neft sektorunun inkişafının prioritetliyi; infrastruktur layihələrinin icrası; ərzaq istehsalının gücləndirilməsi; kənd təsərrüfatı sahəsində məhsuldarlığın artırılması; ixrac potensialının artırılması; yeni suvarma sistemlərinin yaradılması və yeni əkin sahələrinin dövriyyəyə buraxılmasının sürətləndirilməsi; güzəştli kreditlər siyasətinin davam etdirilməsi; real sektora investisiya yatırımlarının artmasının zəruriliyi; texnoparklar və aqroparklar vasitəsilə xarici investorların qeyri-neft sektoruna cəlb edilməsi; Azərbaycandakı investisiya mühiti haqqında xarici investorlara daha çox informasiya verilməsinin təmin edilməsi; bankların daha çox real sektora kredit verməsinin təmin olunması;  idxalı əvəzləyən məhsul istehsalının genişləndirilməsi; sosial layihələrin əvvəlki illərdə olduğu kimi davam etdirilməsi; prioritet olmayan, yəni gələn ilə saxlanması mümkün olan layihələrin saxlanması; dövlət investisiyalarının dayanıqlı inkişafa,  strateji istehsal sahələrinə yönəldilməsi; israfçılığın qarşısının alınması; idarəetmə prinsiplərinin təkmilləşdirilməsi.

Bütün bunlar  Azərbaycanın ucuz neft dövrü üçün iqtisadi strategiyasının Prezident İlham Əliyev tərəfindən elan olunmuş əsas prinsipləridir və demək olar ki, həm də ucuz neft dövrü üçün iqtisadi proqramdır. Göründüyü kimi, nə prioritet layihələrin həyata keçirilməsində, nə güzəştli kreditlər siyasətində, nə də sosial layihələrdə təxirə salma yoxdur və əvvəlki illərdə aparılmış siyasət davam etdiriləcəkdir. Dəyişən yalnız ikinci dərəcəli layihələrin təxirə salınmasıdır.

Prezident İlham Əliyev 2015-ci ilin ağır olacağını və müşahidə olunan iqtisadi proseslərin hələ bir müddət də davam edəcəyini söyləmişdir. Ancaq uğurlu məqam odur ki, Azərbaycanda əvvəlki illərdə aparılmış siyasət hamı üçün ağır olan bu ili nəinki ciddi fəsadlar olmadan, hətta inkişaf tempini təmin etməklə yaşamağa imkan verir. Əvvəlki illərdə yaradılmış baza isə yenə bütün dünyada ağır il olmuş 2014-cü ili yaxşı göstəricilərlə başa vurmağa imkan yaratmışdır.

Prezident makroiqtisadi sabitliyin qorunmasını 2015-ci ilin iqtisadi siyasətinin prioriteti elan etmişdir. Bu, makroiqtisadi sabitliyin və onun əsas amili olan milli valyutanın sabitliyinin qorunmasıdır. 2008-2009-cu illərdəki dünya iqtisadi böhranında da Azərbaycan manatın sabitliyini qoruya bilmişdi. İndi də makroiqtisadi sabitliyin baza elementi kimi manatın kursunun sabitliyi əsas hədəf kimi qoyuldu. Prezident manatın güclü valyuta kimi mövqelərini qoruyacağını bəyan etdi: “Bu gün manat dünya miqyasında ən sabit valyutalardan biridir. Hesab edirəm ki, xarici vətəndaşlar və xarici şirkətlər öz vəsaitini manat hesablarında saxlasalar uduzmazlar. Həm pullar yerində qalacaq, eyni zamanda, o pullar onlara əlavə gəlirlər gətirəcəkdir. Çünki indi dünyada bir çox maliyyə institutlarında depozitlərə artıq faiz vermirlər. Sadəcə olaraq, depozitləri bir əmanət kimi saxlayırlar”. Prezidentin bu bəyanatı Azərbaycan iqtisadiyyatı üçün birinci baza əhəmiyyətli müsbət gözləntini təmin edəcəkdir.

Ucuz neft dövrü proqramının ikinci prioriteti kimi, Prezident qeyri-neft sektoruna dəstəyin gücləndirilməsinin vacibliyini qeyd etmişdir. Prezident qeyri-neft sektorunu hərəkətverici amil adlandıraraq bəyan etmişdir ki, qeyri-neft sektorunda prioritetlər məntiqi növbəlilik əsasında dəyişir. Bu nədir? Bu suala indiyə qədər prioritetlərin növbəliliyini müşahidə etməklə cavab tapmaq mümkündür: birinci mərhələdə infrastruktur layihələri yaradılmağa başlandı; ikinci mərhələdə güzəştli kreditlər və dövlət investisiyaları vasitəsilə istehsal sahələri yaradıldı; üçüncü mərhələdə daxili bazarın təminatı əsas hədəf oldu; dördüncü mərhələdə idxalı tam əvəzləyən məhsul istehsalı əsas götürüldü; nəhayət, beşinci mərhələdə artıq ixrac məhsulları istehsalı prioritetə çevrildi; paralel olaraq ərzaq təhlükəsizliyinin təminatından sonra sənayeləşmə əsas prioritetlər sırasına çıxdı.

Prezident qeyri-neft sektorunu bütün iqtisadi siyasətin əsas prioriteti elan etməklə yanaşı, real sektoru qeyri-neft sektorunun əsas prioriteti elan etmişdir. Yəni iqtisadi siyasətdə birinci yer qeyri-neft sektoruna, qeyri-neft sektorunda isə birinci yer real sektora verilir. Dövlət də bu sahəyə dəstək verəcək. Artıq qeyd edildiyi kimi, dövlət bu sahəyə daha çox güzəştli kredit vermək niyyətindədir. Amma Prezident dövlətin bütün real sektora investisiya yatıra bilməyəcəyini və bu sahədə özəl sektorun daha çox iş görə biləcəyini vurğulayaraq , xüsusilə də bankların real sektora daha çox kredit verməsini tövsiyə etmişdir: “2015-ci il dünya üçün asan il olmayacaq. 2015-ci ildə bank resurslarının iqtisadiyyatın real sektoruna yönəldilməsi, əlbəttə ki, bizim üçün prioritet olacaq. Əminəm ki, banklar da bu istiqamətdə öz sözünü bundan sonra da deyəcək”.

Prezidentin məhz qeyri-neft sektorunu və sənayeləşməni prioritet elan etməsi, bu sahəyə dövlətin xüsusi önəm verəcəyi barədə bəyanat verməsi investorlar üçün ikinci müsbət gözləntini təmin edir.

Sahibkarlara güzəştli kreditlərin verilməsi ən mühüm anti-böhran alətlərindəndir. 2008-2009-cu illərdə də Prezident İlham Əliyev bu mexanizmin böhrana qarşı müqavimət göstərilməsində mühüm rol oynadığını, kiçik və orta sahibkarlığın dəstəklənməsi ilə, daha çox iş yeri açılmasında əhəmiyyətli olduğunu vurğulamışdı. 2015-ci ilin ağırlığına, neft gəlirlərinin azalmasına baxmayaraq, bu il də güzəştli kreditlərin verilməsi davam etdiriləcək. Bu da “ucuz neft dövrü iqtisadi strategiyasının mühüm tərkib hissəsidir. Güzəştli kreditlərdə də əsas hədəf real sektordur: ”Bu il də sahibkarlara güzəştli şərtlərlə kreditlərin verilməsi təmin ediləcəkdir. Bu təşəbbüsün çox gözəl nəticələri vardır. Biz bunu əyani şəkildə görürük. Bölgələrdə açılan yeni müəssisələr və iş yerləri bunu göstərir. Eyni zamanda, dövlət tərəfindən sahibkarlara böyük mənəvi dəstək göstərilir. Yerlərdə də bu işlər düzgün təşkil edilməlidir və sahibkarlara bu il o cümlədən öz vəsaitlərindən istifadə etməklə ölkəmizin real sektoruna vəsaiti qoymağı tövsiyə edirəm. Çünki dövlət sahibkarlara uzun illərdir ki, böyük dəstək verir. Güzəştli şərtlərlə verilən bu kreditlərin həcmi yüz milyonlarla ölçülür, bəlkə də milyardı ötüb. Sahibkarlar da həm o imkanlardan istifadə etməlidirlər, eyni zamanda, – artıq uzun illərdir ki, onlar da öz kapitallarını əldə ediblər, – ölkənin inkişafına, real sektorun inkişafına daha da çox sərmayə qoymalıdırlar".

Davosda Dünya İqtisadi Forumu çərçivəsində keçirilən “Regionların transformasiyası: Avrasiya” mövzusunda sessiyada çıxış edərkən Prezident İlham Əliyev  demişdir: “ Neftin qiymətinin aşağı düşməsi iqtisadiyyatımız üçün çağırışdır. Bununla belə, düşünürəm ki, hətta hər hansı mənfi bir hadisə baş verdikdə, biz müsbət məqamları tutmağa çalışmalıyıq. Bu, bizi daha qənaətcil olmağa, xərcləri azaltmağa səfərbər edəcək və neftin aşağı qiymətləri ilə yaşamağı öyrədəcək. Bu, resurslarımız tükənəndə bizim üçün çox faydalı olar”.

***

Müstəqil Azərbaycan qarşısında duran ümummilli məqsədləri dəqiq müəyyən edərək, onların gerçəkləşdirilməsi istiqamətində ardıcıl, sistemli fəaliyyət göstərən ölkə kimi dünyanın yeni iqtisadi fenomeninə çevrilmişdir. Bu gün ölkədə həyata keçirilən siyasətin ən başlıca məqsədi modernləşmə mərhələsini də sürətlə başa vuraraq, Azərbaycanı inkişaf etmiş ölkələr səviyyəsinə yüksəltmək, demokratik idealların cəmiyyətdə tam möhkəmlənməsinə nail olmaq, yeni düşüncəli vətəndaş yetişdirməkdir.

Ölkəmizdə aparılan müstəqil dövlət quruculuğu prosesində iqtisadi islahatların və inkişafın mahiyyət etibarilə yeni bir modeli – Azərbaycan modeli formalaşmışdır. Bu modelin fərqləndirici xüsusiyyətini isə inkişaf  üzrə müəyyən olunmuş istiqamətlərin sahəvi proqramlarla əlaqələndirilməsi, gələcəyə hesablanan və cəsarətli qərarların qəbul olunması, sosial yönümlülüyün gözlənilməsi, milli mentalitetin nəzərə alınması və mütərəqqi dünya təcrübəsinə arxalanması təşkil etmişdir.

Prezident İlham Əliyev regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı ilə bağlı qəbul olunmuş 3-cü Dövlət Proqramının icrasının birinci ilinin yekunlarına həsr olunan konfransdakı çıxışında Azərbaycanın perspektivlərini belə qeyd etmişdir: “Dünyada çağırışların sayının artmasına baxmayaraq, Azərbaycanın inamlı, uğurlu inkişafı davam edəcək. Yaxın Şərqdə siyasi və hərbi böhran yaşanır, Avropada vəziyyət gərginləşir, Ukraynadakı vəziyyət daha da kəskinləşir, neftin qiyməti kəskin şəkildə aşağı düşmüşdür. Yəni  son bir il ərzində bütün bu və digər amillər, əslində, mənfi tərəfə gedən amillərdir. Yəni  mən bu amillərin arasında bir dənə də müsbət amil görmürəm. Amma buna baxmayaraq, Azərbaycan inkişaf edir, insanların rifah halı yaxşılaşır”.

Siyasi sabitliyi təmin edən amillər dövlətimizin beynəlxalq güc mərkəzlərinin təzyiqlərinə layiqli cavab verməsi və beynəlxalq nüfuzunu qorumaqla yanaşı, ölkə daxilində sosial-iqtisadi layihələri inamla həyata keçirməsi, sıravi vətəndaşların güzəranının gündən-günə yaxşılaşması ilə bağlıdır. Əhalinin həyat səviyyəsinin yüksəlməsi, gəlirlərinin artması, bütünlükdə sosial rifahının yüksəlməsi dövlətə sıravi vətəndaşların inamını və bağlılığını artırır, onlar daha böyük nailiyyətlərə imza atmağa zəmin yaradır. Eyni zamanda, müasir dünya düzənində bütün ölkə monolit birlik nümayiş etdirə bilir.

Adıçəkilən konfransda dövlət başçısı bu məsələyə ayrıca toxunmuşdur: “Azərbaycan dünyada sabitlik adasıdır, inkişaf məkanıdır. Çünki Azərbaycanda xalqla iqtidar arasında birlik var, bizim bütün təşəbbüslərimiz xalq tərəfindən dəstəklənir. Bizim atılan bütün addımlarımız Azərbaycanın inkişafına xidmət edir. Ölkəmizdə ictimai, siyasi vəziyyət sabitdir, iqtisadiyyata böyük həcmdə investisiyalar qoyulur və iqtisadiyyatımızın şaxələndirilməsi istiqamətində çox önəmli addımlar atılır. Yəni  bu gün Azərbaycan nəinki regionda, dünya miqyasında seçilən ölkələrdən biridir və dünyada bizə olan maraq artır”.

Ayaz ORUCOV,

Milli Məclisin deputatı,

iqtisad üzrə elmlər doktoru

Xalq qəzeti.- 2015.- 15 fevral.- S.3.