Prezident İlham
ƏLİYEV: Cənub qaz
dəhlizi enerji təhlükəsizliyi
layihəsidir
Son illər dünyanın potensial qaz ixracatçısına çevrilmiş Azərbaycan Respublikası regionun və Avropanın enerji xəritəsini zənginləşdirir, müstəqil iqtisadi siyasət yeridən bir ölkə kimi bir sıra qlobal enerji və nəqliyyat layihələrinin təşəbbüskarı və fəal iştirakçısı rolunda çıxış edir. Artıq özünün zəngin karbohidrogen ehtiyatları hesabına enerji təhlükəsizliyini tam təmin etmiş ölkəmiz uzun illərdir ki, Avropanın da enerji təhlükəsizliyinə mühüm töhfələr verir.
Hazırda beynəlxalq əməkdaşlıq məkanına çevrilmiş Xəzər hövzəsi malik olduğu zəngin karbohidrogen ehtiyatları hesabına bir sıra qlobal enerji layihələrinin reallaşdırıldığı mərkəz kimi də diqqət çəkir. Bu baxımdan fevralın 12-də Bakıda keçirilən Cənub qaz dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin görüşü xüsusi maraq doğurur. Xatırladaq ki, sözügedən tədbir XXI əsrin qaz dəhlizi layihəsinin həyata keçirilməsi ilə bağlı hazırkı vəziyyəti, çağırışları, məsələləri müzakirə etmək və müvafiq həll yollarını işləyib hazırlamaq məqsədilə təşkil olunmuşdu. Eyni zamanda, bu beynəlxalq tədbiri Cənub qaz dəhlizi layihəsinin praktiki olaraq həyata keçirilməsi kimi də dəyərləndirmək olar.
Məlum olduğu kimi, Cənub qaz dəhlizi layihəsinin təməli Azərbaycanın dövlət başçısı İlham Əliyevin Avropa Komissiyasının sədri Jose Manuel Barrozu arasında 2011-ci ilin yanvar ayında Bakıda Cənub qaz dəhlizi haqqında Birgə Bəyannamənin imzalanması ilə qoyulmuşdur. Xatırladaq ki, bu sənəddə Azərbaycan Cənub qaz dəhlizinə əsas töhfə verən və həyata keçirən ölkə kimi göstərilir. Nəhayət, bu sahədə uzun müddət davam edən müzakirələr artıq öz müsbət həllini tapmış, Azərbaycan qazının Avropaya nəqli üçün ən etbarlı marşrut dəqiqləşmişdir. Bu, özündə Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsini, Trans-Anadolu (TANAP) və Trans- Adriatik (TAP) qaz boru kəmərləri layihələrini birləşdirən Cənub qaz dəhlizi marşrutudur. XXI əsrin layihəsi adlandırılan Cənub qaz dəhlizi marşrutunun ilk komponenti isə Trans Anadolu boru kəməridir. Xatırladaq ki, TANAP layihəsi 2011-ci il oktyabr ayının 25-də Türkiyənin İzmir şəhərində “Azərbaycan Respublikasının Hökuməti və Türkiyə Respublikasının Hökuməti arasında təbii qazın Türkiyə Respublikasına satışı və Azərbaycan Respublikasından gələn təbii qazın Türkiyə Respublikasının ərazisi vasitəsilə tranziti haqqında və təbii qazın Türkiyə Respublikasının ərazisindən nəql edilməsi üçün müstəqil boru kəmərinin inşasına dair” saziş imzalanmışdır. 2012-ci il iyun ayının 26-da isə qardaş ölkənin İstanbul şəhərində “Azərbaycan Respublikası hökuməti və Türkiyə Respublikası hökuməti arasında Trans-Anadolu təbii qaz boru kəməri sisteminə dair” sazişə imza atılmışdır. 2012-ci il noyabr ayının 20-də Azərbaycan Respublikası Milli Məclisinin iclasında hər iki saziş müzakirəyə çıxarılaraq təsdiqlənmişdir. Dövlətimizin başçısı İlham Əliyev isə “Azərbaycan və Türkiyə hökumətləri arasında təbii qazın Türkiyəyə satışı və Azərbaycandan gələn təbii qazın Türkiyə ərazisi vasitəsilə tranziti haqqında və təbii qazın Türkiyə ərazisindən nəql edilməsi üçün müstəqil boru kəmərinin inşasına dair” sazişin təsdiq edilməsi haqqında qanunu imzalamışdır. Beləliklə də, yaxın illərdə Azərbaycanı Avropa ölkələrinin qaz bazarları ilə birləşdirəcək Trans Anadolu ixrac boru kəməri ilə bağlı hüquqi baza yaradılması təmin olunmuşdur.
TANAP layihəsi Azərbaycandan başlayan genişlənmiş Cənubi Qafqaz boru kəmərini Avropa Birliyində bir neçə kəmərlə əlaqələndirəcək. Beş il ərzində reallaşması nəzərdə tutulan layihənin dəyəri 7 milyard ABŞ dollarıdır. Dörd mərhələdə həyata keçiriləcək layihənin ilk mərhələsi 2018-ci ildə başa çatacaq. 2020-ci ildə kəmərin buraxılış qabiliyyəti ildə 16 milyard kubmetr, 2023-cü ildə 23 milyard kubmetr, 2026-cı ildə isə 31 milyard kubmetrə çatdırılacaq. İlk dövrdə TANAP kəməri ilə nəql olunacaq 16 milyard kubmetr Azərbaycan qazının 10 milyard kubmetri Avropaya, 6 milyard kubmetri isə Türkiyəyə satılacaq. Avropa üçün nəzərdə tutulan qaz Türkiyə-Bolqarıstan və ya Türkiyə-Yunanıstan sərhədində təhvil veriləcək. TANAP layihəsinin işə düşməsi “Şahdəniz-2” layihəsi üzrə qaz hasilatına başlanması ilə eyni vaxta təsadüf edəcək. Layihənin reallığa çevrilməsi ilə həm də ölkəmizin ixrac imkanları xeyli artacaq. Onu da qeyd edək ki, Azərbaycan və Türkiyənin siyasi iradə nümayiş etdirərək belə bir layihəyə imza atmaları Qərb ölkələrinin diqqətindən kənarda qala bilməzdi. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, məhz TANAP layihəsinin reallaşdırılmasından sonra artıq Cənub qaz dəhlizinin konturları görünməyə başlanmışdır.
Cənub qaz dəhlizinin son ünvanı isə Qərbi Avropadır. Bu layihənin həyata vəsiqə alması heç də təsadüfi deyildi. Avropanın “mavi yanacağa” olan tələbatının artdığı bir şəraitdə Azərbaycanın potensial qaz tədarükçüsü kimi diqqəti getdikcə daha çox cəlb etməsi yeni layihələrə yol açırdı. Eyni zamanda, regionda siyasi sabitlik və əməkdaşlıq meydanına çevrilmiş Azərbaycan Respublikası enerji sahəsində Qərbin fəal əməkdaşlıq edə biləcəyi bir ölkə kimi də yüksək inam və etimad qazanmışdı. Həmin inamın nəticəsi idi ki, Qərb özünün təbii qaza olan tələbatının ödənilməsində əsas tədarükçü kimi məhz Azərbaycanı seçdi. Elə 2013-cü ildə Trans-Adriatik (TAP) boru kəmərinin əsas ixrac marşrutu kimi seçilməsi də məhz bunun nəticəsi idi. Beləliklə də, XXI əsrdə Avropanın enerji xəritəsini zənginləşdirəcək yeni bir qaz dəhlizinin formalaşdırılmasına əsaslı zəmin yarandı. Trans-Adriatik boru kəməri Azərbaycana məxsus “Şahdəniz” qaz-kondensat yatağının işlənməsi üzrə konsorsium tərəfindən Azərbaycan qazının Avropaya nəqli üçün marşrut kimi seçilmişdir. Seçim haqqında qərar konsorsium tərəfindən ötən ilin yayında elan edilmişdir.
TAP layihəsi Xəzər regionundan qazın Yunanıstan, Albaniya və Adriatik dənizi vasitəsilə İtaliyanın cənubuna, oradan isə Qərbi Avropaya nəqlini nəzərdə tutur. İlkin olaraq TAP boru kəmərinin gücü il ərzində 10 milyard kubmetr təşkil edir. Onu il ərzində 20 milyard kubmetrədək artırmaq imkanı mövcuddur. TAP-ın tikintisinin 2015-ci ildə başlanacağı gözlənilir.
Ötən il sentyabrın 20-də isə Bakıda “Əsrin müqaviləsi”nin imzalanmasının 20-ci ildönümünün qeyd olunduğu gündə Azərbaycanın iqtisadi həyatı, eləcə də Avropanın enerji bazarı üçün son dərəcə mühüm bir hadisə baş verdi. Bir sıra Qərb ölkələrinin dövlət və hökumət başçılarının, eləcə də energetika sahəsində məsul şəxslərin iştirakı ilə Cənub qaz dəhlizinin təməlqoyma mərasimi keçirildi. Bununla da, Azərbaycanın təşəbbüsü ilə həyata vəsiqə alan və Qərbin də yaxından dəstəklədiyi daha bir qlobal enerji layihəsinin icrasına başlanıldı.
Göründüyü kimi, bir sıra beynəlxalq tədbirlərin, gərgin danışıqların nəticəsi olan Cənub qaz dəhlizi layihəsi artıq qarşısıalınmaz bir tarixi prosesə çevrilmiş, onun reallaşması üçün, demək olar ki, bütün maneələr aradan qaldırılmışdır. Elə layihənin güclü beynəlxalq dəstək qazanması da dediklərimizi tam sübuta yetirir. Təsadüfi deyil ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda keçirilən Cənub qaz dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin görüşündə iştirakı zamanı bu tarixə nəzər salaraq demişdir: “Azərbaycanın enerji siyasətinin həyata keçirilməsində bu gün haqqında danışdığımız “Cənub” qaz dəhlizi layihəsi burada – Azərbaycanda son 20 il ərzində tərəfdaşlarımızla apardığımız işə əsaslanır. 1996-cı ildə Azərbaycanla bp-nin rəhbərlik etdiyi xarici şirkətlər konsorsiumu arasında “Şahdəniz” yatağına dair saziş imzalandı. “Şahdəniz” qaz yatağı Cənub qaz dəhlizi üçün ən mühüm resurs bazasıdır... 2007-ci ildə Bakı, Tbilisi və Türkiyənin Ərzurum şəhərini birləşdirən Cənubi Qafqaz qaz kəməri çəkildi. Bütün bu mühüm mərhələlər Azərbaycanın enerji siyasətinin həyata keçirilməsində olduqca əhəmiyyətli idi”.
Dövlət başçısının qeyd etdiyi kimi, ötən müddətdə Azərbaycan Gürcüstan və Türkiyədəki tərəfdaşları ilə birgə qarşıda duran bütün məqsədlərə və hədəflərə nail olmuşdur ki, bu da məhsuldar regional əməkdaşlığın gözəl nümunəsi idi. Bir-birini dəstəkləyən və bir-biri ilə əməkdaşlıq edən üç ölkənin çox iddialı məqsədlərə nail olduğunu vurğulayan Prezident İlham Əliyev bunu qarşıda duran vəzifənin yalnız başlanğıcı kimi dəyərləndirmiş və bildirmişdir ki, nəhəng “Şahdəniz” yatağı və Azərbaycanın digər qaz yataqları təbii qazı ölkəmizdən beynəlxalq bazara nəql edəcək Cənub qaz dəhlizinin çəkilməsinin zəruriliyini diktə edirdi.
Yeri gəlmişkən, son zamanlar dünyada və Avropada cərəyan edən bir sıra siyasi proseslər də Azərbaycan qazına marağı getdikcə artırır. Elə bir sıra tanınmış ekspert və politoqlar da bu qənaətdədirlər ki, “Şahdəniz-2", Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsi, eləcə də TANAP və TAP layihələrinin reallaşması nəticəsində Azərbaycan Avropanın enerji təchizatının şaxələndirilməsi sahəsində daha yaxından və fəal iştirak edəcək. Bu isə ölkəmizin etibarlı tərəfdaş kimi əhəmiyyətini bir qədər də artıracaq. Prezident İlham Əliyev bu barədə demişdir: “Enerji resurslarının şaxələndirilməsi hazırda beynəlxalq təşkilatların əsas arenasında müzakirə olunan məsələdir. Azərbaycan şaxələndirmədə öz rolunu oynayır. Şaxələndirmə haqqında danışanda biz yalnız marşrutların deyil, həm də mənbələrin şaxələndirilməsini nəzərdə tuturuq. Marşrutların da şaxələndirilməsi vacibdir, lakin mənbə eyni olanda vəziyyət çox dəyişmir. Mənbələrin şaxələndirilməsi vacibdir. Bu halda, Xəzər dənizində çıxan qaz – Azərbaycan qazı növbəti illər ərzində Avropa istehlakçıları üçün yeganə yeni qaz mənbəyi olacaq”.
Avropa Komissiyasının enerji birliyi üzrə sədr müavini Maroş Şefçoviç Cənub qaz dəhlizi kimi layihənin həyata keçirilməsində, ilk növbədə, bir çox məsələlərin həllnin vacibliyini, onların vaxtında, lazımi qaydada və konstruktiv yanaşma əsasında aradan qaldırılmasının zərurliyini diqqtə çatdıraraq demişdir: “Xəzər qazının Avropaya çatdırılması bizim uzunmüddətli arzumuz idi. Lakin biz bunu hazırda nəinki düşünmürük, görülmüş işlər sayəsində bu layihəyə artıq yaxınıq”. Eyni zamanda, Avropa Komissiyasının nümayəndəsi Cənub qaz dəhlizini Avropa istehlakçılarına yeni təchizat marşrutu ilə yeni qazı nəql edəcək birinci əsas layihə kimi səciyyələndirərək bildirmişdir ki, hazırda Avropa İttifaqı istifadə etdiyi qazın 66 faizini, neftin isə 90 faizini idxal edir. Gələcəkdə isə Avropa İttifaqına idxal olunan qazın həcmi 84 faizə, neftin həcmi isə 94 faizə çatacaqdır. O, neft və qazın əsas hissəsinin Rusiya, Norveç və Əlcəzairdən daxil olduğunu, Ukraynadakı hazırkı böhranın vəziyyəti xeyli mürəkkəbləşdirdiyini diqqtə çatdıraraq bildirmişdir ki, bununla əlaqədar Avropa Birliyi idxal marşrutlarının şaxələndirilməsini əvvəlkindən daha çox genişləndirmək məcburiyyətində qalmışdır. Cənab Şevçoviç ötən həftə Bakıda keçirilən beynəlxalq tədbirdə hazırda reallaşdırılan Cənub qaz dəhlizi layihəsinin uğuruna və tempinə böyük ümidlər bəslədiyini və bu layihə üçün Məşvərət Şurası ideyasını yüksək dəyərləndirmişdir.
Türkiyənin Energetika və Təbii Sərvətlər naziri Taner Yıldız da Cənub qaz dəhlizini Avropa İttifaqı ölkələrinin təbii qazla təminatında ən önəmli layihə kimi dəyərləndirərək demişdir: “Bu layihə Avropa İttifaqına üzv ölkələrin təbii qazla təmin olunması baxımından çox mühüm layihələrdən biridir. “Cənub” qaz dəhlizi layihəsində, xüsusən “Şahdənz-2”də öz payını artıran Türkiyə olaraq bu layihəyə davam edirik”.
Cənub qaz dəhlizinin beynəlxalq dəstək qazanmasının daha bir əyani sübutu dünyanın supergücü sayılan Amerika Birləşmiş Ştatlarının ötən müddətdə layihə ilə bağlı keçirilən bütün tədbirlərdə yaxından iştirak etməsidir. Elə ötən həftə Bakıda keçirilən Cənub qaz dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin görüşündə ABŞ Dövlət Departamentinin enerji ehtiyatları bürosunun xüsusi nümayəndəsi Amos Hoçsteynin də iştirakı bunu bir daha təsdiq edir. Amerikalı diplomat tədbirdəki çıxışı zamanı demişdir: “Enerji təhlükəsizliyi məsələsi təkcə enerji ilə bağlı deyil. Bu, sabitlik deməkdir. Geosiyasi sabitlik bu regionların iqtisadi firavanlığı deməkdir. Cənub dəhlizi bizim üçün, eyni zamanda, fikirləşirəm ki, burada əyləşən hər bir insan üçün Avropa enerji təhlükəsizliyinin təməl daşıdır. Cənub dəhlizi təkcə tranzit ölkələr və son nöqtə olan İtaliya üçün deyil. “Şahdəniz” konsorsiumunun 2-ci və 3-cü fazaları işə düşən zaman bu layihəyə əlavə qaz resursları cəlb oluna və beləliklə, bu layihənin potensialı daha da arta bilər”. Göründüyü kimi, ABŞ regionda Azərbaycanın bilavasitə təşəbbüsü və iştirakı ilə həyata keçirilən enerji layihələrinə xüsusi önəm verir və onların reallaşmasını daim diqqətdə saxlayır.
Məlum olduğu kimi, Cənub dəhlizinin əsas qaz mənbəyi Azərbaycanın “Şahdəniz” yatağıdır. Elə Azərbaycanın Avropaya qaz ixracı da “Şahdəniz” yatağının ikinci mərhələsi işə düşdükdən sonra mümkün olacaq. “Şahdəniz” yatağının ümumi ehtiyatları 1,2 trilyon kubmetr proqnozlaşdırılır. Qeyd etdiyimiz kimi, yatağın işlənməsinin ikinci mərhələsi çərçivəsində ildə 16 milyard kubmetr qaz hasil etmək planlaşdırılır ki, bunun da 6 milyard kubmetri Türkiyəyə, 10 milyard kubmetri isə Avropaya tədarük ediləcək. “Şahdəniz-2” layihəsi Azərbaycan qazını Avropaya və Türkiyəyə çatdıracaq nəhəng bir layihədir. Bu layihə yeni “Cənub” qaz dəhlizi açmaqla Avropa bazarlarına qaz təchizatının və enerji təhlükəsizliyinin artırılmasına mühüm töhfələr verəcək. Belə ki, 25 milyard dollar dəyərində olan bu layihə reallığa çevrildikdən sonra yatağın birinci işlənmə mərhələsi çərçivəsində hasil edilən illik 9 milyard kubmetr qazın həcmi xeyli artaraq 25 milyard kubmetrə çatdırılacaq. Bu isə “Şahdəniz”in hazırda dünyanın ən böyük qaz işlənməsi layihələrindən biri olduğunu sübut edir.
Xatırladaq ki, sahildən təxminən 70 kilometr məsafədə yerləşən “Şahdəniz” yatağının işlənməsinin ikinci mərhələsi layihəsinin planlarına körpü ilə birləşdirilmiş iki yeni hasilat platforması, iki yarımdalma qazma qurğusu vasitəsilə qazılacaq 26 sualtı quyu, suyun 550 metrədək dərinliyində çəkiləcək 500 kilometr uzunluğunda sualtı boru kəmərləri, Cənubi Qafqaz boru kəmərinin ixrac imkanlarının artırılması məqsədilə Azərbaycanda 48 düyməlik yeni boru kəməri, Gürcüstanda isə iki kompressor stansiyası vasitəsilə ildə 16 milyard kubmetr əlavə olunması, həmçinin Səngəçal terminalının genişləndirilməsi daxildir.
Göründüyü kimi, Avropanın enerji xəritəsinin zənginləşdirməsinə mühüm töhfələr verən “Şahdəniz-2”, TANAP və TAP dünyanın ən iri enerji layihələrindəndir. Bu layihələrə 45 milyard dollar məbləğində sərmayə cəlb ediləcək, marşrut boyu yerləşən ölkələrdə 30 mindən çox yeni iş yeri yaradılacaqdır. Bütövlükdə isə “Şahdəniz-2” layihəsi çərçivəsində hasil ediləcək təbii qaz Azərbaycan, Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, Albaniya ərazisindən və Adriatik dənizinin dibindən keçməklə İtaliyaya qədər 3500 kilometrdən artıq uzunan boru kəmərləri vasitəsilə çatdırılacaq.
Yeri gəlmişkən, hasil etdiyi təbii qaz həcmlərini Avropanın getdikcə artmaqda olan enerji tələbatının təminatına yönəldən Azərbaycan bu məqsədlə nəqliyyat marşrutlarının şaxələndirməsini də uğurla həyata keçirir. Bu isə Azərbaycanın regionda və Avropada etibarlı tərəfdaş kimi əhəmiyyətini qat-qat artırır.
Mirbağır
YAQUBZADƏ
Xalq qəzeti.- 2015.- 17
fevral.- S.5.