2014-cü ildə ölkənin sosial-iqtisadi inkişafı
(əvvəli qəzetin 17 fevral
2015-ci il tarixli sayında)
2014-2015-ci tədris ilinin əvvəlinə
şagirdlərinin sayı 52,7 min nəfərdən
artıq olan 89 dövlət liseyi və gimnaziyası fəaliyyət
göstərmişdir.
Dövlət
müəssisələrinin ümumi sayında məcburi
köçkün uşaqlar üçün 612 əyani
ümumi təhsil müəssisəsi fəaliyyət göstərir
və burada 81,3 min nəfər şagird təhsil
alır.
2014-cü
ildə əyani ümumi təhsil müəssisələrini
bitirən 83,9 min nəfər məzundan
83,4 min nəfəri və ya 99,4 faizi tam orta təhsil
haqqında attestat almışdır.
Dövlət
Statistika Komitəsi tərəfindən 2014-cü ilin sentyabr
ayında dövlət əyani ümumi təhsil müəssisələrində
keçirilmiş statistik müayinənin nəticələrinə
görə, məktəblərin 93,1 faizi,
o cümlədən şəhər yerlərində 99,5 faizi,
kənd yerlərində isə 90,9 faizi kompyuterlərlə
təmin olunmuşdur.
Əvvəlki
illə müqayisədə kompyuterlərin sayı 6,4 min ədəd və ya 12,3 faiz artaraq, 58,0 minə
çatmışdır. Hazırda hər 22 şagirdə
orta hesabla bir kompyuter düşür, halbuki 8 il
əvvəl 101 şagirdə bir kompyuter
düşürdü.
Cari tədris
ilinin əvvəlinə 84,8 faiz şəhər, 38,4 faiz kənd
ümümi təhsil müəssisələrinin internetə
çıxışı, 43,9 faiz şəhər, 7 faiz kənd
ümümi təhsil müəssisələrinin isə
elektron poçt ünvanı olmuşdur.
Məktəb
rəhbərlərinin məlumatlarına görə, cari tədris
ilinin əvvəlinə bütün sinif otaqlarında istilik sistemi
mövcuddur və onların 9,6 faizi mərkəzləşdirilmiş
istilik sisteminə, qalanları isə fərdi istilik sisteminə
qoşulmuşdur. Şəhər yerləri üzrə təhsil
müəssisələrinin 78 faizi, kənd yerlərində isə
94,8 faizi fərdi istilik sisteminə malikdir.
Fərdi istilik sisteminə malik təhsil müəssisələrinin
qızdırılması üçün şəhər məktəblərinin
61 faizində qazdan, hər biri üzrə 11,3 faiz olmaqla maye və
bərk yanacaqdan istifadə edilir. Kənd məktəblərinin
53,2 faizi bərk yanacaqdan, 29,6 faizi maye
yanacaqdan və 14,9 faizi isə qazdan istifadə edilməklə
qızdırılır. Eyni zamanda, fərdi istilik sistemi vasitəsilə
qızdırılan təhsil müəssisələrinin 7,6 faizində elektrik
qızdırıcılarından istifadə edilir.
2014-2015-ci tədris ilinin əvvəlinə ölkədə
fəaliyyət göstərən 61 orta ixtisas təhsil müəssisəsində
60478 tələbə təhsil almış, onların
üçdə iki hissəsini qadınlar təşkil
etmişdir.
Azərbaycanda
bakalavr və magistrlərin hazırlanmasını həyata
keçirən 39 dövlət və 14 qeyri-dövlət ali təhsil
müəssisəsində təhsil alanların sayı 158212 nəfər
olmuşdur ki, onların da 48,5 faizini qadınlar təşkil
edir.
2014-cü
ildə ölkənin ali təhsil müəssisələrinə
35,8 min nəfər tələbə qəbul
olunmuş və qəbul geniş profilli ixtisas
siyahısına uyğun olaraq həyata keçirilmişdir.
Boloniya Deklarasiyasının tələblərinə tam cavab
verən bu yeni siyahının təsdiq olunması Azərbaycan
ali təhsil sisteminin Avropa təhsil sisteminə
inteqrasiyası yolunda atılan mühüm addımlardan
biridir.
Bakalavriata
qəbul olunan tələbələrin ümumi sayında
ödənişli əsaslarla təhsilə qəbul
olunanların xüsusi çəkisi 63,8
faiz olmuşdur ki, onların da 80,9 faizi dövlət ali təhsil
müəssisələrinin payına düşür.
Hazırda
dövlət ali təhsil müəssisələrinin əyani
şöbələrində oxuyan tələbələrin 38,4 faizi təqaüd alır. Tələbələrin
aldığı təqaüdün orta məbləği
bakalavr səviyyəsi üzrə 71 manat 50 qəpik,
magistratura səviyyəsi üzrə 77 manat, əlaçılığa
görə müvafiq olaraq 88 manat və 93 manat 50 qəpik
olmuşdur.
Ölkənin
ali təhsil müəssisələrində
Azərbaycan vətəndaşları ilə birgə 58 xarici
ölkənin 4189 nəfər vətəndaşı da təhsil
alır. Əcnəbi tələbələrin sırasında
Türkiyə, İran, Rusiya, Türkmənistan,
Gürcüstan, İraq və Çin Xalq Respublikası vətəndaşları
üstünlük təşkil edirlər.
2014-2015-ci tədris ilinin əvvəlinə
xarici ölkələrdə dövlət xətti ilə təhsil
alan tələbələrin sayı 2911 nəfər təşkil
etmişdir. Xaricdə təhsil alan gənclərin 63,9 faizi Bakı, 36,1 faizi isə Azərbaycanın
müxtəlif regionlarında yerləşən məktəblərin
məzunlarıdır. Tələbələrin əksəriyyəti
Türkiyə, Birləşmiş Krallıq, Almaniya və
Rusiyanın ali təhsil müəssisələrində
təhsil alır.
Ölkədə
elmin inkişafına dövlət tərəfindən
xüsusi diqqət və dəstək göstərilir və
Azərbaycan Respublikasının Prezidenti tərəfindən
“Azərbaycanda 2009-2015-ci illərdə elmin inkişafı
üzrə Milli Strategiya” uğurla həyata keçirilir.
2015-ci ilin əvvəlinə ölkədə müxtəlif
elmi-texniki xidmətləri həyata keçirən 140 elmi təşkilat
və müəssisə fəaliyyət göstərmişdir. Bu elm ocaqlarında elmi tədqiqat
və işləmələrlə 22,4 minə
yaxın mütəxəssis məşğul olur, onların
da 70,6 faizi tədqiqatçılardır. Mütəxəssislərin
hər üç nəfərindən birinin elmlər doktoru və
fəlsəfə doktoru alimlik dərəcəsi vardır.
Bundan əlavə,
elmi-tədqiqat bölmələrində ştatda olmayan və
ali təhsil müəssisələrində
çalışan 10 min nəfər elmi pedaqoji işçi
elmi-tədqiqat bölmələrində tədqiqat və
işləmələri yerinə yetirirlər. Onların
da yarıdan çoxu elmlər doktoru və fəlsəfə
doktoru alimlik dərəcəsinə malikdirlər.
2015-ci ilin əvvəlinə Milli Elmlər
Akademiyasının 49 akademiki və 97 müxbir üzvü
vardır.
Hazırda ölkədə mədəniyyət sahəsinin
inkişafı ilə əlaqədar bir sıra əhəmiyyətli
layihələr həyata keçirilmiş, milli mədəniyyətimizin
dünyada tanıdılması, ölkəmizin dünyanın
mədəniyyət məkanına uğurla inteqrasiya
olunması, milli mədəni irsimizin, dəyər və sərvətlərimizin
qorunub saxlanması, inkişaf etdirilməsi istiqamətində
mühüm nəticələrə nail olunmuşdur.
Dövlət siyasətinin əsas prioritetlərindən
biri də mədəniyyət ocaqlarının maddi-texniki
bazasının möhkəmləndirilməsi, tarixi-mədəni,
ədəbi-bədii və elmi-fəlsəfi irsin qorunub
saxlanmasından ibarətdir.
Bu gün
Azərbaycanda 34 milyon kitabxana fondu olan 3320 kütləvi kitabxana, 2731 klub
müəssisəsi, 228 muzey, 28 peşəkar teatr və 346 mədəniyyət
və istirahət parkı əhaliyə xidmət göstərir.
2014-cü
ildə muzeylərə gələnlərin sayı 2,2 milyon nəfər, teatrlara gələnlərin
sayı 0,7 milyon nəfər olmuşdur. Teatrlarda
repertuar müntəzəm olaraq təzələnir və
tamaşalar azərbaycan dili ilə yanaşı, rus və ləzgi
dillərində də göstərilir.
Hazırda Azərbaycanda dövlət əhəmiyyətli
tarix, mədəniyyət, memarlıq, bədii və etnoqrafiya
qoruqlarının sayı 28-ə çatmışdır.
2014-cü
il Azərbaycan idmanı üçün
uğurlu olmuşdur. Belə ki, müxtəlif beynəlxalq yarışlarda
qazanılmış 805
medalın 275-i qızıl, 255-i gümüş, 275-i isə
bürünc əyarlıdır. Olimpiya idman
növləri üzrə qazanılan medalların
sayı 278-dir.
Azərbaycanda mütəmadi qaydada beynəlxalq
yarışlar, dünya və Avropa çempionatları
keçirilir.
Müstəqillik dövründə ölkənin şəhər
və rayonlarında 39 Olimpiya İdman Kompleksi tikilib istifadəyə
verilmişdir ki, bunlardan biri də 2014-cü ilin payına
düşür. Abşeron, Ağcabədi, Neftçala,
Goranboy, Tərtər, Yevlax rayonlarında, Bakı şəhərinin
Xəzər rayonunda Olimpiya İdman Komplekslərinin,
Yardımlı rayonunda İdman Kompleksinin tikintisi və Lənkəran
rayonunun Olimpiya İdman Kompleksinin yenidən qurulması işləri
davam etdirilir.
İlkin
məlumatlara görə, 2015-ci ilin əvvəlinə ölkədə
idman qurğularının sayı 10,8 minə
çatmışdır və idmanla məşğul
olanların sayı müntəzəm olaraq artmaqdadır. Əhali arasında futbol, voleybol, şahmat,
yüngül atletika, dama, basketbol, sərbəst güləş,
cüdo və stolüstü tennis kimi idman növlərinə
daha çox maraq göstərilir.
2014-cü
il Avropa Oyunlarına hazırlıq
üçün həlledici il olmuşdur. Hazırda
Bakıda 65 minlik tamaşaçı tutumu olan Olimpiya Stadionu,
Böyük Su İdman Növləri Sarayı, Stend
Atıcılığı Mərkəzi tikilir. 2014-cü ildə Milli Gimnastika Arenası istifadəyə
verilmişdir. Eyni zamanda, Əl Oyunları
Sarayında, Heydər Əliyev İdman Mərkəzində əsaslı
təmir işləri aparılır.
Birinci Avropa Oyunlarının Azərbaycanda keçirilməsi
dövlətimiz və xalqımız üçün
böyük uğurdur. 2015-ci ilin iyun ayında Azərbaycanın paytaxtı
Bakı şəhərində keçiriləcək və
bir çox innovativ idman növünü özündə cəmləşdirən
Avropa Oyunlarında 49 ölkədən 20 idman növü
üzrə 6 mindən çox idmançının
yarışacağı gözlənilir.
2015-ci il
yanvar ayının 1-i vəziyyətinə ölkə əhalisinin
sayı 9593,0 min nəfərə
çataraq, keçən ilin əvvəlindən 115,9 min nəfər
və ya 1,2 faiz artmışdır. Əhalinin
sıxlığı bir kvadrat kilometrə 111 nəfər
olmuşdur. Hazırda hər 1000 nəfər
kişiyə 1009 nəfər qadın düşür.
Əhalinin ümumi sayının 53,1
faizini şəhər, 46,9 faizini kənd sakinləri təşkil
edir.
Son illər doğum səviyyəsi yüksək olaraq
qalmaqdadır.
Belə ki, 2014-cü il ərzində ölkədə 170,5 min
körpə doğulmuş və əhalinin hər 1000 nəfərinə
hesabı ilə doğulanların sayı 18,1 təşkil etmişdir.
Doğulan körpələrin 53,6 faizi
oğlan, 46,4 faizi isə qız uşaqlarından ibarət
olmuşdur.
2014-cü
ildə ölkədə 55,6 min ölüm halı qeydə
alınmış və əhalinin hər 1000 nəfərinə
hesabı ilə ölənlərin sayı 5,9 təşkil etmişdir.
Ölkədə
rəsmi orqanlar tərəfindən 84,9 min nikah və 12,1 min
boşanma halları qeydə alınmış və əhalinin
hər 1000 nəfərinə hesabı ilə nikahların
sayı 9,0, boşanmaların sayı isə 1,3 olmuşdur.
Ötən
il Dövlət Miqrasiya Xidmətinin və Daxili İşlər
Nazirliyinin müvafiq qurumları tərəfindən Azərbaycana
daimi yaşamaq üçün 1859 nəfər gələn və
795 nəfər ölkədən gedən qeydə
alınmışdır.
Dövlət Statistika Komitəsi
Xalq qəzeti.-
2015.- 18 fevral.- S.18.