Tərtər: uğurlu
addımlar, dinamik inkişaf
daha böyük hədəflərdən
xəbər verir
Son aylarda rayonda iqtisadi, sosial və mədəni sahələrdə əldə
edilmiş yüksək nəticələr
bunu bir daha təsdiq edir
Tərtərin dağətəyi münbit
torpaqları ağır yükünü
mənzil başında çatdırmış insanlar kimi, sanki, dincini alır, növbəti səfərə
hazırlaşanlar sayağı güc-
qüvvət toplayır. Ötən ilin bol məhsulunu yığıb-
yığışdırandan sonra təknələrində
bol çörəyi, evlərində
od-ocağı, xərcəməyə halal
qazancları olan tərtərlilərin isə
bu soyuq qış
günlərində qayğıları bir
az da
artmışdır.
Qışın zəruri çətinliklərini il boyu apardıqları hazırlıqla yerindəcə dəf edən bu dizibərk, biləyimöhkəm, qəlbiişıqlı adamlar bugünlərdə bir daha ötən ilin haqq- hesabını aparır, cari ilin məqsəd və vəzifələrini nəzərdən keçirirlər. Tərtərə növbəti səfərimiz məhz belə bir məsul vaxta-ötən ilin uğurlarının yekunlaşdırıldığı, bundan sonrakı vəzifələrinin dəqiqləşdirildiyi günlərə təsadüf etdi. İdarə və müəssisələrdən tutmuş rayon icra hakimiyyətinə qədər hər yerdə fakt və rəqəmlər bir daha dəqiqləşdirilir, müəyyən məsələlərə ayrıca diqqət yetirilirdi. Hazırlayacağımız icmal-yazı üçün lazımi materialları toplayandan sonra Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovla görüşüb-söhbət etdik.
Rayon rəhbəri ötən ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr barədə həvəslə söz açdı:
– Artıq tarixə çevrilmiş 2014-cü il Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə olduğu kimi, rayonumuzda da bütün sahələrdə dinamik inkişaf təmin olunmuş, yüksək nailiyyətlər qazanılmışdır. 2014-2018-ci illərdə ölkənin sosial-iqtisadi inkişafı dövlət proqramında rayon üçün nəzərdə tutulmuş tədbirlərin il boyu ardıcıl icrası nəticəsində sosial infrastrukturun təzələnməsi, əhalinin həyat şəraitinin yaxşılaşdırılması, istehsalın artırılması, abadlıq- quruculuq işlərinin genişləndirilməsi sahəsində növbəti irəliləyiş əldə olunmuş, rayonun siması nəzərəçarpacaq dərəcədə dəyişmişdir.
Rayonda ümumi məhsul buraxılışının illik həcmi 108 milyon manat olmuş, 2013-cü ilə nisbətən 0,7 faiz artmışdır. ÜDM-nin 87,9 faizi qeyri-dövlət sektorunda istehsal edilmişdir. Bunun 6,3 milyon manatlığını sənaye, 44,2 milyon manatlığını kənd təsərrüfatı, 12,2 milyon manatlığını tikinti-quraşdırma işləri, 39,03 milyon manatlığını ticarət, 5,5 milyon manatlığını nəqliyyat, 0,5 milyon manatlığını rabitə xidmətləri təşkil etmişdir. Orta aylıq əmək haqqı 7,2 faiz artaraq 230,4 manat təşkil etmişdir. Pərakəndə ticarət dövriyyəsi və əhaliyə göstərilmiş pullu xidmətlərin həcmi 143,5 milyon manat olmuşdur ki, bu da ötən ilə nisbətən 4,9 faiz çoxdur.
Görülən məqsədyönlü işlər nəticəsində 2014-cü ildə rayonda 1235 yeni iş yeri açılmışdır ki, bunun da 457-si daimidir. 1222 aztəminatlı ailənin 5561 nəfər ailə üzvünə ünvanlı sosial yardım verilmişdir. Hər bir ailəyə orta hesabla 150 manat, hər bir ailə üzvünə 33 manat vəsait düşmüşdür. 212 nəfər öz peşə və ixtisaslarına uyğun daimi işlə təmin edilmişdir.
2014-cü ildə rayonda 391 hüquqi, 3253 fiziki şəxs ticarət, iaşə və digər xidmət sahələrində sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün qeydiyyatdan keçmişdir. Onlardan 213 hüquqi, 1553 fiziki şəxs hazırda fəaliyyət göstərir. Sahibkarlara Kömək Milli Fondu 39 sahibkara 670 min manat güzəştli kredit vermişdir. Bu kreditlər hesabına 60-dan çox yeni iş yeri yaranmışdır.
Aqrar sahənin yüksəlişinə son illərdə göstərilən xüsusi dövlət qayğısına ayrıca toxunan həmsöhbətim bildirdi ki, il ərzində 7862 aqrar istehsalçıya yanacaq və motor yağlarına görə 959 min 92 manat, buğda əkininə görə isə 1650 istehsalçıya 215 min 384 manat yardım verilmişdir. Güzəştli qaydada “Aqrolizinq” yolu ilə mülkiyyətçilərə 967 min manatlıq azot gübrəsi satılmışdır. Bu dövlət dəstəyi nəticəsində rayonda 44,2 milyon manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunmuşdur. Ümumiyyətlə, ötən il 26,4 min hektar sahədə əkin aparılmışdı.
Onun 11,1 min hektarında taxıl, 905 hektarında pambıq, 555 hektarında şəkər çuğunduru, 910 hektarında dən üçün günəbaxan, 548 hektarında kartof, 965 hektarında tərəvəz, 10,8 min hektarında yem bitkiləri yetişdirilmişdi. Taxıl sahələrindən 37,7 min ton məhsul toplanmışdır.
Son 1 ildə iri malın sayı 450 baş artaraq 26,2 min, davarın sayı isə 1697 baş artaraq 71,9 min olmuşdur. 2013-cü ilə nisbətən 65,1 ton ət, 336,1 ton süd, 110 min ədəd yumurta çox istehsal edilmişdir. Bakı şəhərinin yarmarkalarına fermerlər və sahibkarlar 416 ton meyvə, 15.6 ton mal əti və digər kənd təsərrüfatı məhsulları göndərmişlər.
Əkin sahələrinin suvarılması və məhsuldarlığın yüksəldilməsi məqsədilə bütün zəruri işlər həyata keçirilmişdir. Susuzluqdan əziyyət çəkən kəndlərdə 32 subartezian quyusu qazılmış və 8 quyu təmir-bərpa olunaraq işə salınmışdır. Sel sularından mühafizə məqsədi ilə 293,2 min manatlıq və qrunt sularının səviyyəsinin aşağı salınması üçün 683,9 min manatlıq işlər görülmüşdür. Tərtər çayının sağ sahilində 120 metr beton müdafiə divarı tikilmişdir
Öyrəndik ki, 2014-cü ildə bütün maliyyə mənbələri hesabına rayonda əsas kapitala yönəldilmiş investisiyaların həcmi 12,9 milyon manat olmuşdur ki, bunun 12,2 milyon manatı tikinti-quruculuq işlərinə sərf edilmişdir.
Rayonda Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 54 mənzilli yaşayış binasının, Qaz İstismarı Sahəsinin və YAP rayon təşkilatının binalarının tikintisi başa çatmışdır. Olimpiya İdman Kompleksinin, Tərtər şəhərində 100 yerlik körpələr evi- uşaq bağçasının tikintisi davam etdirilir.
Yol tikintisi və təmiri də son illərdə xeyli sürətlənmişdir. Respublika Prezidentinin sərəncamı ilə başlanan, 5 min nəfər əhalinin yaşadığı 5 yaşayış məntəqəsini əhatə edən 13 kilometrlik Cəmilli-Dəmirçilər kəndarası avtomobil yolunda əsaslı təmir işləri başa çatdırılmışdır. 4 yaşayış məntəqəsini birləşdirən 7 kilometrlik Qapanlı-Seysulan yolunda qurğuların tikintisi, torpaq yatağının, asfalt beton örtüyünün alt qatının çəkilməsi davam etdirilir. Hacallı-Qapanlı yolunda 2 kilometr və İsmayılbəyli-Evoğlu yolunda 5 kilometr yolda çınqıl örtüklə təmir işləri yerinə yetirilmişdir. Qaradağlı-Bayandurlu- Kəbirli-Xoruzlu, Sarov- Borsunlu, Qaynaq-Qapanlı-Qazyan, Səhləbad-Əskipara, Azad Qaraqoyunlu-Qapanlı- İlxıçılar-Köçərli kəndarası yollarında isə cari təmir işləri aparılmışdır.
Aparılan hərtərəfli quruculuq- abadlıq işləri nəticəsində rayonun yaşayış məntəqələrinin siması son vaxtlar tamamilə dəyişmiş, əhalinin rahatlığı üçün çeşidli tədbirlər həyata keçirilmişdir. Tərtər şəhərində ötən il 6 kilometr yola asfalt örtüyü salınmış, mərkəzi meydan yenidən qurulmuş, 8,2 min kvadratmetr sahə tamet daşı ilə üzlənmişdir. 500 metr kanalizasiya çəkilmiş, 3 kilometr su xəti yenilənmişdir. Heydər Əliyev meydanında və ulu öndərin adını daşıyan parkda müasir işıqlandırma sistemi və əyləncə mərkəzi yaradılmış, karusel quraşdırılmışdır.
Heydər Əliyev prospektində Rayon İcra Hakimiyyətinin yerləşdiyi və digər 4 iri binanın damı müasir üslubda yenidən qurulmuş, əsaslı təmir işləri aparılmışdır. Prospektdə Şahmat məktəbinin tikintisinə, üçmərtəbəli inzibati binanın əsaslı təmir işlərinə başlanılmışdır V. Hüseynov küçəsində beşmərtəbəli 36 mənzilli, Nizami küçəsində 4 ikimərtəbəli 16 mənzilli yaşayış evinin və şəhər 6 saylı tam orta məktəbin də damı əsaslı təmir olunaraq, mansart üslubunda qurulmuşdur.
Şəhərin Nizami, V. Hüseynov, Ə. Paşayev və E.Səfərov küçələrində qanunsuz və pərakəndə tikililər sökülərək, nümunəvi məhəllələr yaradılmışdır. Burada mini futbol meydançası inşa edilmiş və idman qurğuları quraşdırılmışdır. Ərazidə sakinlərin istirahəti üçün park yaradılmış, səkilər və meydançalar salınmışdır. M.Hüseynzadə, M.Əsədov, R.Mürsəlov, F.Qulami, T.İsmayılov küçələrində və təmas xəttinə ən yaxın məsafədə yerləşən Qapanlı, Qazyan, Hüseynli, Dəmirçilər, Borsunlu kəndlərində gecə işıqlanması quraşdırılmışdır.
Seysulan arxının 350 metrlik hissəsi beton kanala alınmış və ətrafında səliqə-sahman işləri görülmüşdür. M. Əsədov küçəsində 1600, M. Hüseynzadə küçəsində 450, T. Ismayılov küçəsində isə 950 metr istinad divarları aqlay və digər bəzək daşları ilə üzlənmişdir. İl boyu yaşıllaşdırma işləri də diqqət mərkəzində saxlanılmış, 38500 müxtəlif növ ağac və 7000 ədəd gül kolları əkilmişdir.
Rayonda olarkən öyrəndik ki, Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi rayonda 2 milyon 792 min 477 kvadratmetr ərazini təhlükəli silah qalıqlarından təmizləmiş, 11 mina və partlamamış hərbi sürsat aşkar edilərək zərərsizləşdirilmişdir.
Əhalinin rahatlığını təmin etmək və istehsalat sahələrinin dayanıqlı fəaliyətinə şərait yaratmaq üçün xidmət sahələrinin işi gündəlik nəzarətdədir. Elektrik enerjisi ilə fasiləsiz təminatı həyata keçirmək üçün şəbəkənin 5 yarımstansiyasında yağ açarları və 10 MVA transformator yenisi ilə əvəz olunmuşdur. 101 transformator cari təmir edilmiş, 800 ədəd sayğac quraşdırılmış, hava xətlərində 412 ədəd əyri dayaq düzəldilmiş, 124 ədəd dayaq yenisi ilə əvəz olunmuşdur.
Rayonda təbii qaz təminatının yaxşılaşdırılmasına yönəldilmiş tədbirlər də davam etdirilmişdir. İsmayılbəyli kəndində qazlaşdırma işləri başa çatmaq üzrədir. Tərtər şəhərinin N. Nərimanov küçəsində korroziyaya uğramış yeraltı qaz xətti ləğv olunaraq yerüstü keçidlə əvəz olunmuş, yeni kəmərlər çəkilmişdir. Güləbatlı və Buruc kəndlərində qaz kəməri texniki qaydalara uyğun olmadığına görə sökülərək yenidən çəkilmişdir. İndiyədək rayon əhalisinin 33,5 faizi qazla təmin edilmişdir. Dövlət proqramına uyğun olaraq, digər kəndlərin qazlaşdırılması da davam etdirilir. İstilik- qazanxana sistemlərində təmir-bərpa işləri aparılmış, texniki problemlər həll edilmişdir.
Təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi və iş şəraitinin yaxşılaşdırılması məqsədi ilə 420 şagird yerlik Qazyan, 150 şagird yerlik Borsunlu kənd tam orta məktəbləri əsaslı təmir olunmuşdur. Rəcəbli kənd ümumi orta məktəbi üçün 150 şagird yerlik yeni məktəb binası tikilib istifadəyə verilmiş, müasir inventar və avadanlıqlarla təchiz olunmuşdur. 5 məktəbdə cari təmir işləri, Hüseynli və şəhər 6 saylı tam orta məktəblərdə isə əsaslı təmir işləri aparılmışdır. Keçən dərs ilində məzunlardan 356 nəfəri müxtəlif ali məktəblərə sənəd vermiş, onlardan 162 nəfəri tələbə olmuş, 6 nəfər 600-dən, 16 nəfər 500-dən çox bal toplamışdır.
Əhalinin sağlamlığının qorunması istiqamətində bir sıra tədbirlər həyata keçirilmişdir. 4 xəstəxana, 14 həkim və 22 tibb məntəqəsi əhaliyə səhiyyə xidməti göstərmişdir. Mərkəzi rayon xəstəxanasına 261 min 895 manatlıq dərman preparatları və sarğı materialları alınaraq, xəstələrin müalicəsinə sərf olunmuşdur. Güzəştli imtiyazlarla tibbi xidmət almaq hüququna malik olan şəkərli diabet xəstələri 197400 manat, psixi xəstələr 30 000 manat dəyərində psixatrop dərman preparatları ilə təmin olunmuşlar. Dövr ərzində 310 nəfər xəstə hərtərəfli müayinə və müalicə məqsədi ilə respublikanın ayrı-ayrı klinik xəstəxanalarına göndərilmişdir.
Mədəniyyət və Turizm Şöbəsi əhaliyə göstərilən mədəni-maarif xidmətinin səviyyəsinin yüksəldilməsi məqsədilə bir sıra tədbirlər görmüşdür. Əlamətdar və tarixi günlərə, görkəmli elm, mədəniyyət xadimlərinin yubileylərinə həsr olunmuş ədəbi-bədii gecələr, sərgilər, kitab müzakirələri və digər tədbirlər keçirilmişdir. “Tərtər” xalq kollektivi və Uşaq musiqi məktəbinin “Tər çiçəklər” ansamblı bayramlarda, eləcə də hərbi hissələrdə, çağırışçıların ordu sıralarına yolasalma mərasimlərində konsert proqramları ilə çıxış etmişlər. 1036 müxtəlif mövzulu mədəni-kütləvi tədbirlərdə 24 min nəfərdən çox tamaşaçı və dinləyici iştirak etmişdir. Kitabxanaların ümumi kitab fondu 184 min nüsxəyə, oxucuların sayı 24300 nəfərə çatdırılmışdır.
Ötən il AMEA Folklor İnstitutu, “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi, Beynəlxalq Avrasiya Mətbuat Fondu Tərtər Rayon İcra Hakimiyyəti ilə birlikdə “Ümumtürk konteksində Qarabağ xalq oyunları və meydan tamaşaları” mövzusunda beynəlxalq elmi konfrans keçirmişdir. Gənclər və İdman İdarəsinin keçirdiyi 100-dək tədbirdə 9962 nəfər yeniyetmə və gənc iştirak etmişdir.
Tərtər Rayon İcra Hakimiyyətində 2014-cü ildə vətəndaşların qəbulu, onların ərizə, şikayət və müraciətlərinə baxılması ilə də maraqlandıq. Bildirildi ki, günün bu həssas məsələsinə rayonda xüsusi diqqət yetirilir. Vətəndaşların qaldırdıqları məsələlərin vaxtında və obyektiv həlli istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Keçən il 42 yaşayış məntəqəsi və məhəllədə icra hakimiyyəti başçısının səyyar qəbul-görüşləri keçirilmiş, bu görüşlərdə 8400 vətəndaş iştirak etmiş, 472 nəfər müraciətlə çıxış etmişdir. Rayon icra hakimiyyəti başçısı aparatında 2212 nəfər, o cümlədən rayon icra hakimiyyəti başçısı tərəfindən 1412 nəfər qəbul edilmişdir. Rayon icra hakimiyyəti başçısı yanında fəaliyyət göstərən Şuranın 24 iclası keçirilmiş 48 məsələ müzakirə olunmuşdur.
Qarşıda duran məsələlərlə bağlı götürdüyümüz qeydlər, əsasən, aşağıdakı məsələləri əhatə edir:
– Əhalinin içməli su ilə təminatı; Tərtər şəhərinin və ona yaxın Səhləbad kəndinin kanalizasiya sisteminin yenidən qurulması; ayrı-ayrı kəndarası yolların asfaltlanması; digər məntəqələrin də təbii qazla təmin olunması; yaz əkin və səpin işlərinin yüksək aqrotexniki qaydalarla həyata keçirilməsi; mal-qaranın cins tərkibinin yaxşılaşdırılması və s.
Azad Qaraqoyunlu, Zolgəran, Bayandurlu və Xoruzlu kəndlərində yeni məktəb binalarının tikilməsi və ya əsaslı təmir olunması, mədəni-maarif binalarının əsaslı təmiri, tarix-diyarşünaslıq muzeyinin, elektron kitabxanın, şahmat və musiqi məktəbinin, yaşayış məntəqələrində olan körpələr evi-uşaq bağçaları üçün yeni binaların tikilməsi və əsaslı təmir edilməsi, rayonda müvəqqəti məcburi köçkünlər üçün yeni yaşayış binalarının tikilməsi kimi məsələlər də cari ildə həllini gözləyir.
Bütün bunlar tərtərlilərin qarşısında duran ən mühüm vəzifələrdir. İnanırıq ki, ötən il olduğu kimi, bu il də rayonda müəyyən olunmuş sosial- iqtisadi hədəflər uğurla fəth ounacaq, regional inkişaf proqramının müddəaları ardıcıl yerinə yetiriləcək.
Ziyəddin
SULTANOV
Xalq qəzeti.- 2015.- 19 fevral.- S.6.