Azərbaycanda su təchizatı
sahəsində
dövlət
strategiyası uğurla həyata keçirilir
Müsahibimiz “Azərsu”
Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz
Hüseynovdur
- Qorxmaz müəllim, məlum
olduğu kimi əhalinin içməli su təchizatının
yaxşılaşdırılması cənab Prezident İlham
Əliyev tərəfindən prioritet elan olunmuşdur və
son illər bu sahədə böyük işlər
görülmüşdür. 2014-cü ildə
hansı nailiyyətlər əldə olunmuşdur?
- Öncə qeyd etmək istərdim ki, 2014-cü il ölkəmizin dinamik inkişafı və əhalinin sosial rifahının yaxşılaşdırılması baxımından uğurlu illərdən biri kimi tarixə düşmüşdür. Qlobal maliyyə-iqtisadi böhranın təsirlərinə baxmayaraq 2014-cü ildə qarşıya qoyulmuş hədəflərə nail olunmuşdur.
Möhtərəm Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətin bəhrəsi su təsərrüfatı sektorundan da yan keçməmişdir. Təsdiq olunmuş dövlət proqramlarının icrası çərçivəsində istehlakçıların içməli su və kanalizasiya xidmətlərinin yaxşılaşdırılması məsələlərinə xüsusi diqqət yetirilmişdir. 2014-cü ildə yaranmasının 10 illik yubileyini qeyd etmiş “Azərsu” ASC-nin kollektivi ölkə başçısının tapşırıqlarına uyğun olaraq qarşıya qoyulmuş vəzifələri layiqincə yerinə yetirmiş və böyük uğurlara imza atmışdır.
Ötən ilin statistik göstəricilərinə nəzər salanda görülmüş işlərin miqyası və əldə olunan nailiyyətlər barədə real təsəvvür yaranır. Ümumilikdə 2014-cü ildə “Azərsu” ASC tərəfindən mənbələrdən istehlakçılara 285 milyon kubmetr içməli su verilmiş, 184 milyon kubmetr tullantı sularının axıdılması ximətləri göstərilmiş, Cəmiyyətin əsas fəaliyyətindən gəlirləri 150 milyon manata çatmışdır.
İstehlakçıların içməli su və kanalizasiya xidmətlərindən istifadəsini yaxşılaşdırmaq məqsədilə il ərzində 1185 km içməli su, 325 km kanalizasiya xətləri çəkilmiş, 39 ədəd su anbarı tikilmiş, 10 ədəd artezian və subartezian quyuları qazılmış, 142 mini smart olmaqla 146 min sayğac quraşdırılmışdır. Görülmüş tədbirlər nəticəsində 357 min nəfərin içməli su təchizatı yaxşılaşdırılmışdır ki, onların da 259 mini fasiləsiz rejimdə içməli su ilə təmin olunmuşdur. İndiyədək içməli suya tələbatını fərdi qaydada ödəyən 156 min nəfərə ilk dəfə mərkəzləşdirilmiş qaydada içməli su verilmişdir. Bütün bunlar abunəçi sayına da təsir etmiş, il ərzində abunəçilərin sayı 113 min artaraq 1 milyon 322 minə çatmışdır.
- 2014-cü ildə “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın birinci ilində su təsərrüfatı sektorunda mühüm layihələr icra olunmuşdur. Xahiş edirik, regionlarda görülmüş işlər barədə ətraflı məlumat verəsiniz.
- Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü ilin yekunlarına və 2015-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında “İçməli su layihələri bizim üçün hazırda infrastruktur layihələri arasında prioritetdir" deyən cənab Prezident İlham Əliyev dövlət proqramları çərçivəsində Bakı şəhəri və onun qəsəbələrində, eləcə də rayon mərkəzlərində və kəndlərdə layihələrin icrasının davam etdiriləcəyini diqqətə çatdırmışdır.
Abşeron yarımadasını içməli su ilə təmin edən Kür sutəmizləyici qurğularının imkanlarından istifadə etməklə 2014-cü ildə daha bir iri layihənin icrası başa çatdırılmışdır. Qısa müddətdə, yəni 8 ay ərzində Kür sutəmizləyici qurğularından Sabirabad və Saatlı şəhərlərinə 62 km uzunluğunda magistral su kəməri çəkilmişdir. Ötən ilin dekabrında bu mənbədən Sabirabad şəhərinə suyun verilməsi mərasimində cənab Prezident iştirak etmişdir. Yeri gəlmişkən, hazırda Saatlı şəhəri də bu mənbədən su alır. Ümumilikdə magistral kəmər Sabirabad şəhəri və rayonun 28 kəndinin 100 min, Saatlı şəhəri və rayonun 12 kəndinin 47 min, Hacıqabul rayonunun isə 4 kəndinin 10 min sakininin tələbatının ödənilməsinə imkan verəcəkdir.
Gəncə şəhərinin içməli su təchizatının yaxşılaşdırılması məqsədi ilə 24 km uzunluğunda Göygöl-Gəncə magistral su kəmərinin tikintisi başa çatdırılmışdır. Almaniya İnkişaf Bankı ilə birgə maliyyələşdirilən “Açıq Kommunal İnfrastruktur Proqramı II” çərçivəsində inşa edilmiş kəmər Gəncə şəhərinin bir hissəsini içməli su ilə təmin edir. Şəhəri içməli su ilə təmin edəcək Qızılqaya mənbəyində drenaj sistemlərinin və magistral xəttin çəkilişi yekunlaşmış, şəhərə suyun verilməsinə hazırlıq görülür.
Respublikanın cənub bölgəsinin əsas su mənbələrindən sayılan Xanbulançay anbarının sahilində məhsuldarlığı sutkada 30 min kubmetr olan sutəmizləyici qurğunun inşası yekunlaşmışdır. Bu qurğu Lənkəran, Astara şəhərləri ilə yanaşı 39 kəndi keyfiyyətli içməli su ilə təmin edəcəkdir.
Hesabat dövründə Beyləqan, Ucar və Göyçay şəhərlərində su şəbəkəsinin tikinisi başa çatdırılmış, artıq yeni su təchizatı sistemləri ilə bu şəhərlərin sakinlərinın tələbatı ödənilir.
2014-cü ildə İslam İnkişaf Bankı ilə birgə maliyyələşdirilən “Azərbaycanın 6 rayonunda milli su təchizatı və kanalizasiya” layihəsi çərçivəsində Gədəbəy və Astara şəhərlərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasına başlanılmışdır.
Birinci Avropa Oyunlarının hazırlıq planına uyğun olaraq Mingəçevir şəhərində 41 kilometr yeni su xətti, 30 kilometr kanalizasiya xətti, 3 ədəd kanalizasiya nasos stansiyası tikilmiş, şəhərin əsas küçə və prospektlərində tikinti işləri qısa müddətdə yekunlaşmışdır. Kür çayının sol sahilində 13, sağ sahilində 8 nöqtədən axıdılan tullantı sularının qarşısı alınmışdır.
İçməli sudan əziyyət çəkən kəndlərdə də layihələrin icrası diqqətdə saxlanılmışdır. Ötən il düşmən mövqelərindən bir neçə yüz metr məsafədə yerləşən Tovuzun Əlibəyli, Goranboyun Tapqaraqoyunlu kəndlərinin içməli su problemi öz həllini tapmışdır. Eyni zamanda Ağdam, Tərtər, Füzuli, Xocavənd rayonlarının 8 sərhəd yaşayış məntəqəsinə, həmçinin Ağcabədidə Laçın rayonundan olan məcburi köçkünlərin yaşadığı ərazilərə su xətləri çəkilmişdir. Hesabat dövründə kənd və qəsəbələrdə görülmüş işlər nəticəsində 35 min nəfərin su təminatı yaxşılaşmışdır.
- Bakı şəhəri
və Abşeron yarımadasının
içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən
qurulması, əhaliyə göstərilən xidmətlərin
keyfiyyətinin artırılması istiqamətində
hansı tədbirlər həyata keçirilmişdir?
- Məlum olduğu kimi, 2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafı Dövlət Proqramında istehlakçıların içməli su və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılması əsas hədəflərdən biri kimi müəyyənləşdirilmişdir.
Abşeron yarımadası üzrə ən böyük infrastruktur layihələrindən olan Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğusunun tikintisi həlledici mərhələyə qədəm qoymuşdur. Qurğuda ultrasüzgəc binası, binadaxili texnoloji xətlər, subölüşdürücü kamera, xam su anbarı tikilərək istismara tam hazır vəziyyətə gətirilmiş, Ceyranbatan gölündən xam su anbarına suyu ötürəcək sugötürücü qurğunun, tunel qazma üsulu ilə tikilən suqəbuledici boruların, nasos stansiyasının, sərfölçən qurğuların tikintisi həyata keçirilmişdir. Ümumilikdə layihə üzrə işlərin 90 faizi yerinə yetirilmişdir. Qurğuda 4800 ədəd ən son texnologiyaya əsaslanan membran süzgəc quraşdırılacaq ki, onların da ümumi məhsuldarlığı saniyədə 6 kub metr və ya sutkada 520 min kub metr təşkil edəcək. Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici 2015-ci ildə istismara veriləcək qurğu Abşeron yarımadasında yaşayan 1 milyona yaxın inasnın su təminatı yaxşılaşmasına imkan verəcək.
Bu layihənin davamı olaraq Ceyranbatan-Balaxanı-Ramana-Qala-Zirə magistral su kəmərinin 22 km-lik Qala-Zirə hissəsinin tikintisi, Zirə qəsəbəsi yaxınlığında anbar kompleksinin inşası başa çatdırılmışdır.
Ötən il Kürdəxanı qəsəbəsində içməli su şəbəkəsinin inşası yekunlaşmışdır. Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi ilə birgə həyata keçirilən layihə çərçivəsində 20 minədək sakin 24 saat fasiləsiz su ilə təmin olunmuşdur.
Paytaxtda və ətraf ərazilərdə yaranan tullantı sularının optimal idarə edilməsi, Xəzər dənizinə axıdılan məişət təsərrüfat suların qarşısının alınması məqsədilə Xocasən-Binəqədi-Xırdalan, Bayıl-Bibiheybət-Lökbatan, Dərnəgül-Qaraçuxur kanalizasiya tunellərinin tikintisi davam etdirilmişdir. Eyni zamanda Lökbatan çirkab su təmizləyici qurğunun və dənizə çıxış kollektorunun tikintisinə başlanılmışdır.
2015-ci ildə keçiriləcək Birinci Avropa Oyunları ilə əlaqədar Böyükşor gölünün və Olimpiya stadionunun ətrafında, Su idman sarayının yaxınlığında yeni kanalizasiya kollektorları və xətlərin, nasos stansiyalarının köçürülməsi işləri həyata keçirilmişdir. Böyükşor gölünə və Cənub kanalından Şıx burnuna qədər hissədə Bakı buxtasına axıdılan tullantı suların qarşısı tam alınmışdır.
Su sayğaclarının yoxlanması, təmiri və onlara texniki qulluq göstərilməsi məqsədilə Bakı şəhərində yeni laboratoriya yaradılmışdır. Ən müasir avadanlıqlarla təchiz olunmuş laboratoriyada məişətdə və sənayedə istifadə olunan su sayğacları dövlət müqayisəli yoxlamadan keçiriləcək, sayğacların xətaları müəyyən ediləcək, texniki göstəricilərə uyğun təzyiqə davamlılıq yoxlanılacaq və ehtiyac yarandıqda onların təmiri aparılcaqdır.
- 2014-cü ildə
abonentlərə göstərilən müştəri xidmətlərinin
keyfiyyətinin artırılması istiqamətində
aparılan islahatlar haqqında fikirlərinizi
bilmək istərdik.
- 2014-cü il abonentlərə göstərilən müştəri xidmətlərinin keyfiyyətinin artırılması ilə bağlı həyata keçirilmiş tədbirlərlə də yadda qalmışdır. Ötən il qanunverciliyə edilmiş dəyişikliklər, həyata keçirilən pilot layihələr xidmət səviyyəsinin yüksəldilməsinə, şəffaflığın artırılmasına gətirib çıxarmışdır.
“Sudan istifadə”, həmçinin “İstehlakçıların su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşulması üçün texniki şərtlərin verilməsi və qoşulması” qaydalarının təsdiq olunması bu sahədə yarana biləcək mübahisələrin minimuma endirilməsinə imkan verəcək. Bundan başqa Cinayət Məcəlləsi və İnzibati Xətalar Məcəlləsinə edilmiş dəyişikliklərlə su və kanalizasiya xətlərinə özbaşına və qanunsuz qoşulma hallarına qarşı tədbirlər daha da sərtləşdirilmişdir.
2014-cü ildə “Asan xidmət” mərkəzlərində “Azərsu” ASC-nin abunəçilərinə bəzi müştəri xidmətlərinin göstərilməsinə başlanılmışdır. Ötən il Bakı, Sumqayıt və Sabirabad şəhərlərində yerləşən “ASAN xidmət” mərkəzlərinə “Azərsu” ASC-nin xidmətləri ilə bağlı 10 mindən çox müraciət edilmişdir.
Abonent məlumatlarının onlayn qaydada dəyişdirilməsi məqsədi ilə “Elektron hökumət” layihəsi çərçivəsində “Abonent məlumatlarının dəyişdirilməsi” elektron xidməti istifadəyə verilmişdir.
Abonent xidmətləri sahəsində Müştəri informasiya sisteminin tətbiqinə başlanılmış və ilk olaraq Yasamal rayonunda pilot layihə icra edilmişdir. Hazırda bu təcrübədən digər sukanal idarələrində də istifadə olunmasına başlanılmışdır.
- “Azərsu” ASC-nin xarici əlaqələri və beynəlxalq maliyyə qurumları ilə əməkdaşlığı ildən-ilə genişləndirilir, yeni müqavilə və sazişlər imzalanır. 2014-cü ildə hansı qurumlarla müqavilələr bağlanmışdır?
- 2014-cü ildə “Azərsu” ASC su təchizatı və kanalizasiya sistemlərinin dünya standartları səviyyəsində yenidən qurulması, qabaqcıl təcrübələrin öyrənilməsi məqsədilə innovativ texnologiyaların tətbiqinə və beynəlxalq təşkilatlarla əməkdaşlığın genişləndirilməsinə önəm vermişdir.
May ayında Fransa Prezidenti Fransua Ollandın Azərbaycana səfəri çərçivəsində “Azərsu” Açıq Səhmdar Cəmiyyəti ilə “Suez Environnement” şirkəti arasında “Praktiki təlim, nou-hau ötürülməsi və texniki yardıma dair müqavilə” imzalanmışdır. Müqaviləyə əsasən 5 il ərzində 38 peşə və ixtisas üzrə 4500 nəfər kadr hazırlığı prosesinə cəlb olunacaq, 250 peşəkar təlimçi hazırlanacaq. Artıq müqavilədən irəli gələn məsələlərin həlli intensiv şəkildə həyata keçirilir. Bu ildən “Suez Environnement” şirkətinin mütəxəssislərinin iştirakı ilə təlimlərə start verilmişdir. Təlim prosesinin təşkili məqsədilə Hövsan Aerasiya Stansiyasının ərazisində inşa edilən Təlim-Tədris Mərkəzinin tikintisi yekunlaşmaq üzrədir və yaxın aylarda mərkəz istifadəyə veriləcək. Bununla da təlim və tədris prosesləri daha intensiv və mərkəzləşdirilımiş qaydada həyata keçiriləcəkdir.
Ötən il Səudiyyə İnkişaf Fondu ilə “Xırdalan şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması və genişləndirilməsi” layihəsi üzrə Kredit Sazişi, Koreyanın İxrac-İdxal Bankı ilə “Pirşağı Çirkab Su Təmizləyici Qurğusu”nun tikintisinin maliyyələşdirilməsi üzrə razılaşma sazişi imzalanmışdır. Sənədlərə əsasən, Səudiyyə Fondu 35 milyon dollar, Koreya bankı isə 43,5 milyon dollar kredit ayıracaqdır.
Eyni zamanda “Şəhər Su Təchizatı və Kanalizasiya İnvestisiya Proqramı - 3” layihəsinin maliyyələşdirilməsi ilə bağlı Asiya İnkişaf Bankı ilə Layihə Sazişi imzalanmışdır. Saziş Ağcabədi şəhərinidə su və kanalizasiya infrastrukturunun yenidən qurulmasına 122,16 milyon dollar kreditin ayrılmasını nəzərdə tutur.
Aprel ayında Bakıda keçirilmiş ikinci Xəzər Beynəlxalq Su Texnologiyaları Sərgi və konfransı da beynəlxalq əməkdaşlığın genişləndirilməsi, yeni texnologiyaların mənimsənilməsi baxımından əhəmiyyətli olmuşdur. Sərgidə 24 ölkədən 80-dək şirkət xidmət və texnologiyalarını nümayiş etdirmiş, dünyanın nüfuzlu alim və mütəxəssislərinin iştirakı ilə konfrans təşkil olunmuşdur. Bununla yanaşı Səhmdar Cəmiyyət Bakıda keçirilmiş 5-ci “Xəzər: ətraf mühit üçün texnologiyalar”, “Beynəlxalq təhsil və karyera” sərgilərində uğurla təmsil olunmuşdur.
Azərbaycanda su təchizatı sahəsində dövlət strategiyasının həyata keçirilməsinə verdiyi töhfəyə görə Cəmiyyətimiz “Uğur” Milli mükafatına, eyni zamanda su təsərrüfatının inkişafında genişmiqyaslı işlərə görə “Caspian Energy Integration Award - 2014” mükafatına layiq görülmüşdür.
- Bildiyimiz kimi “Azərsu” ASC bir sıra elm və təhsil müəsisələri ilə əməkdaşlıq edir, peşəkar kadrların seçimi və peşəkarlığın yüksəldilməsini daim diqqətdə saxlayır.
- İşçilərin ixtisasının artırılması və peşəkarlıq qabiliyyətinin yüksəldilməsi məqsədilə əvvəlki illərdə başlanmış tədbirlər 2014-cü ildə də davam etdirilmiş, kadr hazırlığı sahəsində böyük bir layihənin- Regional Təlim-İnkişaf Proqramının icrasına start verilmişdir. Proqram çərçivəsində 7 regionda 58 təşkilatın əməkdaşlarına təlimlər keçirilmişdir. Ümumilikdə il ərzində 3800 işçiyə təlim verilmişdir.
Ali təhsil müəssisələri ilə əməkdaşlıq 2014-cü ildə də davam etdirilmişdir. Bakı Dövlət Universiteti ilə “Təhsil, elm və təlim-tədris sahəsində əməkdaşlığa dair” Memorandum imzalanmışdır. Sənəd “Azərsu” ASC-nin müvafiq ixtisaslı mütəxəssislərlə təmin olunması, işçilərin peşəkarlığının artırılması, təhsil, elm, istehsalat sahələrində qarşılıqlı maraq doğuran əməkdaşlığı nəzərdə tutur. Yeri gəlmişkən, hesabat ilində Bakı Dövlət Universitetinin və Azərbaycan Memarlıq və İnşaat Universitetinin 35 tələbəsi “Azərsu” ASC-nin təşkil etdiyi “Yay məktəbi” proqramında iştirak etmişdir.
Qabaqcıl təcrübənin öyrənilməsi, beyəlxalq tədbirlərdə iştirak etmək məqsədi ilə “Azərsu” ASC-nin əməkdaşları Fransa, Əlcəzair, İspaniya, ABŞ, Macarıstan, Cənubi Koreya və digər ölkələrdə səfərlərdə olmuşlar.
- “Azərsu” ASC-nin fəaliyyətində ekoloji
məsələlərin həlli də xüsusi
əhəmiyyət kəsb edir. Səhmdar
Cəmiyyətin ətraf mühitin
yaxşılaşdırılmasına verdiyi
töfhələr nədən ibarətdir?
- Fəaliyyətində ekoloji layihələrin icrasına xüsusi önəm verən Cəmiyyət ətraf mühitin qorunması və ekoloji sabitliyin təmin olunması tədbirlərində fəal iştirak edir.
Mərkəzi Laboratoriyanın beynəlxalq akkreditasiyadan keçirilməsi ötən ilin yaddaqalan hadisələrindən olmuşdur. Latviya Dövlət Akkreditasiya qurumunun əməkdaşları burada aparılan analizlərin beynəlxalq standartlara uyğunluğunu yoxlamış və müsbət rəy vermişlər. Ümumilikdə il ərzində laboratoriyada müxtəlif ünvanlardan götürülmüş 11400 içməli və tullantı su nümunəsi yoxlanılmışdır.
Yasamal rayonu Akim Abbasov küçəsində yerləşən “+82 Qərb” su anbarının ərazisində 6 hektardan artıq sahədə müasir park yaradılmışdır. Qısa müddətdə inşa edilmiş Yasamal parkında yaşıllıq zolaqları, fəvvarələr, seyrəngahlar, uşaq meydançaları və idman qurğuları inşa edilmişdir. Dekabrın 25-də cənab Prezident İlham Əliyev parkın açılışını etmişdir.
Ətraf mühitin qorunması, ekoloji sabitliyin təmin olunması və bu sahədə maarifləndirmə işlərinin aparılması məqsədi ilə Səhmdar Cəmiyyət İDEA İctimai Birliyinin təşəbbüsü ilə keçirilmiş “Ümumrespublika yaşıllaşdırma” marafonunda və "Hər kağızı bir yarpağa dəyişək" adlı aksiyada fəal iştirak etmişdir. Ümumilikdə, hesabat ilində Cəmiyyətə məxsus müəssisə və təşkilatların, anbar və digər qurğuların ərazisində 16 min ağac və kol, 200 min mövsümi gül əkilmiş, 28850 kvadratmetr ərazidə qazon salınmışdır.
Sonda bir məsələni xüsusi vurğulamaq istəyirəm ki, 2014-cü ilin su təsərrüfatı işçiləri üçün ən əlamətdar hadisəsi peşə bayramının təsis edilməsi olmuşdur. Möhtərəm Prezident İlham Əliyevin mayın 14-də imzaladığı Sərəncamla iyun ayının 5-i “Su təsərrüfatı və meliorasiya işçiləri günü” peşə bayramı kimi təsis edilmişdir. Peşə bayramı ərəfəsində dövlət başçısının sərəncamları ilə Səhmdar Cəmiyyətin 3 əməkdaşı “Əməkdar mühəndis” adına layiq görülmüş, 16 nəfəri isə “Tərəqqi” medalı ilə mükafatlandırılmışdır.
Ölkə rəhbərliyinin bu
sahəyə diqqət və qayğısı bizə mənəvi
stimul verir.
Qazanılmış etimadı doğrultmaq
məqsədilə su təsərrüfatı
işçiləri 2015-ci ildə qarşıya qoyulmuş vəzifələri layiqincə
yerinə yetirəcək, ölkəmizin inkişafına öz töhfələrini verəcəklər.
Mirbağır Yaqubzadə
Xalq qəzeti.- 2015.- 20 fevral.- S.4.