Ağsu: İl ildən
uğurlu gəlir
Ağsuda görülən işlər barədə
qəzetimizdə çox
yazmışıq. Buradakı tikinti-quruculuq
işləri, yaradılan səliqə-sahmanla hər bir ağsulu, sözün həqiqi mənasında, fəxr edir. Söz düşəndə
doğulduqları bu yer,
yurd haqqında həvəslə
danışırlar. Haqları da var. Çünki gündən-günə
dəyişən Ağsu haqqında deməyə
söz çoxdur.
2014-cü ildə rayonda görülmüş işlərin yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş yığıncaqda icra hakimiyyətinin başçısı Ənvər Seyidəliyev bu barədə iftixarla söhbət açdı, geniş hesabat verdi. Bildirdi ki, keçən il Ağsu rayonu üçün bütün sahələrdə dinamik inkişafın davam etdirilməsi ilə bağlı uğurlu il kimi yadda qalıb. Son illərdə reallaşan layihələr yeni iş yerlərinin və müəssisələrin yaradılmasına, sosial infrastruktur təminatı həcminin və keyfiyyətinin yüksəlməsinə təkan verib, sahibkarlıq mühitinin daha da yaxşılaşmasında və əhalinin məşğulluq səviyyəsinin yüksəlməsində mühüm rol oynayıb. Həyata keçirilən abadlıq, tikinti-quruculuq işləri sayəsində iqtisadiyyatın ayrı-ayrı sahələrinə qoyulan investisiyanın məbləği 2003-cü illə müqayisədə 131 dəfə artaraq ötən il 36,7 milyon manata çatıb.
2014-cü ildə yeni obyektlərin tikilməsinə və istifadəyə verilməsinə diqqət artırılıb. Təhsil, səhiyyə, mədəni-məişət obyektlərinin inşası, hər il olduğu kimi, nəzarətdə saxlanılıb. Dilman və Muradlı kənd tam orta, Keşdiməz kənd ümumi orta məktəbləri üçün 80 şagird yerlik müasir binalar tikilib istifadəyə verilib. Regional dövlət proqramlarının icra olunduğu müddətdə dövlət vəsaiti hesabına və Heydər Əliyev Fondu tərəfindən şagird yerlərinin ümumi sayı 4324 olan 22 yeni məktəb binası inşa olunub. Kalva kənd sahə xəstəxanası üçün 15 çarpayılıq yeni bina inşa olunub, Azərbaycan Kənd İnvestisiya Layihəsi çərçivəsində Padar kəndində həkim məntəqəsi binası tikilib istifadəyə verilib, Yaponiya hökumətinin qrant yardımı proqramı əsasında Ərəbmehdibəy kəndində həkim məntəqəsi əsaslı təmirdən çıxıb. Dövlət başçısı İlham Əliyevin müvafiq sərəncamları ilə ayrılmış vəsait hesabına rayon Mərkəzi Xəstəxanası üçün 145 çarpayılıq müasir tipli binada ötən il tikinti-quraşdırma işləri davam etdirilib.
Ə.Seyidəliyev yol infrastrukturunun təzələnməsi sahəsində görülən işlərdən də danışdı. Bildirdi ki, 2013-cü ildən inşasına başlanmış Ağsu-Kürdəmir avtomobil yolunun Ağsu rayonu ərazisindəki 18 kilometr hissəsinin əsaslı təmiri başa çatıb. Həmin yolun üzərində 1 yeni körpü tikilib, 2 körpü isə yenidən qurulub. Bakı-Şamaxı-Yevlax magistralının rayon ərazisində - Ağdar çayı üzərindəki körpüdə təmir işləri davam edib.
Ağsu şəhərində ümumi uzunluğu 14,1 kilometr olan avtomobil yoluna 131,6 min kvadratmetr asfalt vurulub, Daşdəmirbəyli və Çaparlı-Cəfərli avtomobil yolunun 6,5 kilometr hissəsində çınqıl döşənməklə cari təmir işləri aparılıb. Şəhərin cənub hissəsindən salınan dairəvi yolun 0,9 kilometri yenidən qurulmaqla 3,4 kilometr hissəsi tikilib istifadəyə verilib.
Ənvər Seyidəliyev daha sonra bildirdi ki, mərkəzi küçələrin yaxınlığında vətəndaşlara məxsus yaşayış evlərinin, yardımçı tikililərin, ticarət, iaşə, məişət və digər xidmət obyektlərinin, ictimai və inzibati binaların dizaynı müasirləşdirilib, həyətyanı sahələrin ətrafına mişar daşından yeni divarlar hörülüb, piyada səkiləri, yaşıllıqlar salınıb. Heydər Əliyev, T.İsmayılov, 20 Yanvar, Tariyel Xasiyev, S.Vurğun, M.Ə.Sabir, Firdövsi və M.Ə.Rəsulzadə küçələrində hasarlar dekorativ üzlük daşları ilə üzlənməklə yenidən qurulur. M.Ə.Rəsulzadə küçəsinin qərb istiqamətində 700 metrlik hissəsi sökülərək yeni layihə əsasında abadlaşdırılıb. Həmin ərazidə küçənin hər iki tərəfində torpaq yamaclar tikilib, yaşıllıqlar salınıb, gül kolları və dekorativ bəzək ağacları əkilib. Küçələrdə 58 ədəd yeni işıqlanma dayaqları quraşdırılıb. Küçələrin genişləndirilməsi məqsədilə bordyurlar sökülərək yenisi ilə əvəz edilib, hər iki tərəfdə səkilərə tamet plitələr döşənib.
Ümumilikdə, rayonda beş min kvadratmetrə yaxın yaşıllıq zolaqları salınıb, 12830 ədəd ağac, 4362 ədəd gül və bəzək kolları əkilib.
İkinci Kənd İnvestisiya Layihəsi çərçivəsində rayon ərazisində 14 layihə icra olunub. 2014-cü ildə 24,1 kilometr çınqıl yol salınıb, 5,1 kilometr uzunluğunda hasar çəkilib, 4,8 kilometr drenaj kanalları və 12,5 kilometr suvarma arxları təmizlənib.
Dövlət Miqrasiya Xidmətinin regional idarəsi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsi üçün yeni inzibati binalar inşa edilib. Rayonda sənaye sahəsinin, xüsusilə də kənd təsərrüfatı məhsullarının emalı sənayesinin maddi-texniki bazası möhkəmləndirilib. 2011-ci il oktyabr ayının 30-da açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirak etdiyi “Az-Granata” MMC-nin şirə və şərab emalı zavodunda ötən il 581 min dekalitr məhsul istehsal edilib ki, bu da əvvəlki ildəkindən 52 min dekalitr çoxdur. Hesabat dövründə məhsul satışının həcmi 3,5 faiz artıb, müəssisədə çalışan işçilərin sayı 416-ya çatıb. Dövlət proqramının uğurla həyata keçirilməsi nəticəsində 2014-cü ildə rayonda 764 yeni iş yeri açılıb.
Sahibkarlıq fəaliyyəti ilə məşğul olanlara dövlət tərəfindən hərtərəfli dəstək verilib. Təkcə 2014-cü ildə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən rayonda 116 sahibkara 6,1 milyon manat məbləğində güzəştli kreditlər verilib. Həyata keçirilən layihələrdən sonra rayonda əlavə olaraq 199 yeni iş yeri yaradılacaq. Xüsusi qeyd olundu ki, 2002-2014-cü illərdə ümumilikdə 528 sahibkar 11 milyon manatlıq güzəştli kredit almışdır. Kənd təsərrüfatı istehsalçılarına dövlət maliyyə yardımı davam etdirilib, yanacaq və motor yağlarına, buğda əkininə və s. görə onlara 2 milyon 302 min manat vəsait ödənilib.
Hesabat məruzəsində son illər rayonda elektrik və qaz təsərrüfatının, əhalinin su təchizatının, yol infrastrukturunun təzələnməsi sahəsində görülən işlərə də yer ayrıldı. Qeyd olundu ki, Ağsu şəhərində və Çiyni kəndində elektrik verilişi xətləri SİP markalı müasir kabellərlə əvəz olunub və “Smart-kart” tipli sayğaclar quraşdırılıb. Yaşayış məntəqələrinin qazlaşdırılması davam etdirilib, 5 kənd yaşayış məntəqəsi qazlaşdırılıb. Bununla da təbii qaz yanacağı ilə təmin olunan kəndlərin sayı 41-ə çatıb. Hazırda 6 kənddə qaz təsərrüfatının istifadəyə verilməsi üçün işlər başa çatmaq üzrədir.
Sonra icra hakimiyyətinin başçısı təhsil, səhiyyə və mədəniyyət sahəsində qazanılan uğurları sadalamaqla yanaşı, nöqsanları da qeyd etdi, həlli vacib problemlərdən danışdı.
Məruzə ətrafında çıxış edən digər natiqlər də bildirdilər ki, keçən ili uğurla yola salan ağsulular 2015-ci ilin ilk günlərindən bütün qüvvələri səfərbərliyə alıblar. İlk nəticələr sevindiricidir. Deməli, il ildən uğurlu gəlir.
Milli Məclisin deputatı Ərəstun Cavadov və Prezident Administrasiyasının məsul işçisi Niyaz Əliyev yığıncaqda çıxış etdilər.
İlqar HƏSƏNOV
Xalq qəzeti.- 2015.- 21
fevral.- S.4.