Zərdab: uğur estafeti davam edir

 

Regional inkişafa dair üçüncü dövlət proqramının start götürdüyü 2014-cü il ökəmizdə olduğu kimi, Zərdab rayonunda da yeni nailiyyətlərlə yaddaqalan olmuşdur. Heydər Əliyev Mərkəzində keçirilən illik hesabat konfransında məruzə ilə çıxış edən Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayev son 1 ildə sosial-iqtisadi sahədə qazanılmış uğurlar və qarşıda duran vəzifələrdən geniş söhbət açdı. Məruzə və çıxışlarda səslənən başlıca məqamları oxucularımıza təqdim edirik.

 

Başçı bildirdi ki, rayonda hesabat ilində xeyli görülmüş, tikinti, quruculuq, abadlıq işləri genişləndirilmiş, istehsal sahələrində artım əldə edilmiş, həyatın bütün sahələrində ciddi irəliləyişə nail olunmuşdur. Regionların sosial-iqtisadi inkişafı dövlət proqramının icrası ilə əlaqədar həyata keçirilən tədbirlər iqtisadiyyatın əsas göstəricisi olan rayon büdcəsinin də əhəmiyyətli dərəcədə artmasına zəmin yaratmışdır. İl ərzində rayonun gəlirləri 15 milyon 5 min manata qarşı 15 milyon 48 min manatya 100,3 faiz icra edilmişdir.

Aqrar sahənin inkişafına diqqət daha da artırılmış, əkin dövriyyəsinə daxil edilmiş torpaqların sahəsi 35851 hektara çatdırılmışdır.  2014-cü ilin məhsulu üçün 18031 hektar sahədə taxıl əkilmiş, 49732 ton məhsul istehsal olunmuşdur. Hər hektardan məhsuldarlıq 27,6 sentner, ümumi məhsul istehsalı əvvəlki ilə nisbətən 2635 ton artıq olmuşdur.

Suvarma Sistemləri İdarəsinin 68 ədəd nasos stansiyasının 165 aqreqatı vasitəsilə 38950 hektar sahəyə su verilmişdir. Kənd təsərrüfatı məhsulları istehsalçılarına istifadə etdikləri yanacaqmotor yağlarına görə 1 milyon 544 min manat subsidiya ödənilmişdir. Rayonda iri malın sayı ötən ilə nisbətən 188 baş artaraq 54236-ə, qoyun-keçilər 1461 baş artaraq 112584-ə çatmışdır.

Ötən il rayonda sahibkarlığın inkişafına dövlət dəstəyinin daha da gücləndirilməsi məqsədilə bir neçə mühüm tədbir keçirilmişdir. 305 daimi yeni yerləri açılmışdır. Ünvanlı dövlət sosial yardımı üçün 600 ailə müraciət etmiş, onlardan 566  ailənin  2552  üzvünə 76,3 min manat dövlət yardımı verilmişdir.

2014-cü ildə rayonda poçt və rabitə xidmətlərinin yaxşılaşdırılması istiqamətində də müəyyən işlər görülmüşdür. Qovşaq üzrə tarif gəliri proqnozuna 101,1 faiz əməl edilmiş,  əhaliyə göstərilən internet xidmətinin genişləndirilməsi istiqamətində tədbirlər həyata keçirilmişdir. Zərdab Poçt  filialı illik tarif gəliri proqnozuna 177 faiz əməl etmişdir.

Məruzəçi qeyd etdi ki, hər il olduğu kimi, 2014-cü ildə də rayonda tikinti-quruculuq işləri nəzarətdə saxlanılmış və bu sahədə xeyli görülmüşdür. Milli Təhlükəsizlik Nazirliyinin Zərdab rayon şöbəsi üçün inzibati binanın tikintisi artıq başa çatmış, Vergilər Nazirliyinin Vergi Ödəyicilərinə Regional Xidmət Mərkəzinin tikintisində son tamamlama işləri aparılır. Kənd Təsərrüfatı Nazirliyinin rayonda yaradılacaq idarəsi üçün inzibati binanın tikintisi sürətlə davam etdirilir.

Ümumilikdə, şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəlik abadlıq işlərinə 380,3 min, şəhərdaxili yolların tikintisinə 863,3 min manat vəsait xərclənmişdir. Şəhər əhalisinin içməli su təminatının yaxşılaşdırılması istiqamətində müəyyən işlər görülmüş, müxtəlif diametrli borularla 68145 metr şəhərdaxili su xətti çəkilmişdir.

Sosial sahədə görülmüş işlərdən bəhs edən məruzəçi dedi ki, əhali və digər istehlakçıların elektrik enerjisi, təbii qaz və içməli su ilə təchizatında ötən il xeyli irəliləyişə nail olunmuşdur. Dövlət proqramına uyğun olaraq, il ərzində rayonun 8 yaşayış məntəqəsində, o cümlədən Gəlmə, Salahlı, İsaqbağı, Böyük Dəkkə, Xanməmmədli, Hüseynxanlı, Yarməmmədbağı, Lələağacı kəndlərində qazlaşma işləri başa çatdırılmış və vətəndaşların istifadəsinə verilmişdir. Hazırda rayonun Pərvanlı, Gödəkqobu, Məmmədqasımlı, Qoruqbağı, Əlibəyli və Allahqulubağı kəndlərində qazlaşma işləri davam etdirilir.

2014-2015-ci tədris ilində rayonda 43 ümumtəhsil məktəbi, o cümlədən 28 tam, 9 ümumi orta, 6 ibtidai, 5 məktəbdənkənar təhsil müəssisəsi  fəaliyyət göstərmişdir. 43 ümumtəhsil məktəbində 6825 nəfər şagird təhsilə cəlb olunmuşdur. 5 məktəbdənkənar müəssisələrdə 69 qrupda 919 nəfər şagirdə xüsusi istedad və bacarıqlarını inkişaf etdirmək üçün lazımi şərait yaradılmışdır. Rayonun ümumtəhsil məktəblərində hazırda 972 nəfər pedaqoji işçi çalışır ki, onlardan 648 nəfəri ali təhsillidir. Ötən il 132 məzun ali məktəblərə qəbul olmuşdur. 4 nəfər 600-dən çox bal toplamışdır.

Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, ötən ilin   fevral-may aylarında Zərdabda da əhalinin ümumi profilaktik tibbi müayinəsi aparılmışdır. 42 yaşayış məntəqəsi üzrə 49612 nəfər müayinədən keçmiş, 5181 nəfər ambulator, 236 nəfər stasionar müalicəyə cəlb edilmiş, 253 nəfər Bakı şəhərinə, ixtisaslaşmış klinikalara müalicəyə göndərilmişdir. Ötən il uşaqların icbari dispanserizasiyasına başlanılmış və bu tədbir cari ilin sonunadək başa çatdırılacaqdır.

Konfransda bildirildi ki, vətəndaşların qəbulu, onların müraciətlərinə baxılması və kargüzarlığın təşkili işi daim Rayon İcra Hakimiyyətinin diqqət mərkəzində saxlanılmışdır. Rayonun idarə və təşkilatlarında, inzibati ərazi dairələri üzrə nümayəndəliklərdə vətəndaşların qəbulu, onların müraciətlərinə baxılması və sənədlərlə işin vəziyyəti araşdırılmış və nəticəsi RİH Başçısı yanında Şuranın yığıncaqlarında geniş müzakirə olunmuşdur. Rayon İcra Hakimiyyəti başçısı  528 vətəndaşı qəbul etmiş, 39 yaşayış məntəqəsində 41 səyyar qəbul keçirmiş, bu görüşlərdə 213 təklif irəli sürülmüşdür.

Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Ruslan Nemətov, RİH başçısının müavini, Yeni Azərbaycan Partiyası rayon təşkilatının sədri Pərvin Mahmudova, Gödəkqobu inzibati ərazi dairəsi üzrə nümayəndə Müzəffər İxtiyarov, Zərdab şəhər 1 saylı məktəb-liseyin biologiya müəllimi Zümrüd Əliyeva, Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktoru Canpolad Vəliyev  və digərləri çıxış etdilər, təmsil etdikləri qurum və kollektivlərin uğurlarından, həllini gözləyən cari məsələlərdən söz açdılar.

Konfransda rayonun 2015-ci il üçün sosial-iqtisadi inkişafına dair kompleks tədbirlər planı təsdiq olundu.

2014-cü ildə əmək fəaliyyətində fərqlənən bir qrup qabaqcıla Zərdab Rayon İcra Hakimiyyətinin fəxri fərmanları təqdim olundu.

Milli Məclisin üzvü Jalə Əliyeva və Prezident Administrasiyasının məsul işçisi Pənah Cahangirov konfransda çıxış etdilər, ölkəmizin və rayonun qarşısında duran hədəfləri vurğuladılar, zərdablılara cari ildə daha böyük uğurlar arzuladılar.

Sonda Prezident İlham Əliyevə müraciət qəbul edildi.

 

Ziyəddin SULTANOV

 

Xalq qəzeti.- 2015.- 21 fevral.- S.6.