Biləsuvar: inkişafın geniş üfüqləri
İlləri uğurla başa
vurması ilə öyünə bilən rayonlarımızdan
biri də Biləsuvardır. Bu
baxımdan biləsuvarlıların
həyatında 2014-cü il
xüsusilə yaddaqalan olub. Yekunlara dair hesabat iclasında nailiyyətlərə
nəzər salınıb və qarşıda duran vəzifələr
müəyyənləşdirilib.
Hesabat iştirakçıları əvvəlcə ulu
öndər Heydər
Əliyevin abidəsini ziyarət edərək önünə
gül dəstələri qoydular. Sonra rayonun sosial-iqtisadi, mədəni və aqrar sahədəki inkişafını
əks etdirən sərgiyə baxış keçirildi,
aparılan abadlıq və quruculuq işlərindən bəhs
edən film nümayiş etdirildi.
Yığıncaqda geniş məruzə
ilə çıxış edən icra hakimiyyətinin
başçısı Mahir Quliyev
2014-cü ildə rayonun sosial-iqtisadi inkişafından
danışdı, abadlıq və quruculuq işləri barədə
ətraflı məlumat verdi. O bildirdi ki, Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin
apardığı məqsədyönlü və uğurlu
sosial-iqtisadi siyasətin nəticəsində ölkəmizin
dinamik inkişafı təmin edilmiş, regionlar sürətlə
abadlaşdırılmışdır. Biləsuvarda da tərəqqi
meylləri davam etdirilmişdir.
Belə
ki, ötən il ümumi məhsul
buraxılışının həcmi 198,7 milyon manat olmuşdur. Ümumi
həcmdə kənd təsərrüfatının payı
97,3 milyon manatdır. Ticarətdə
bu rəqəm 51,4 milyon, tikintidə
31,1 milyon, sənayedə 15,8
milyon, nəqliyyatda 2,7 milyon manatdır ki, bu da ötən ilin
müvafiq dövrü ilə müqayisədə
çoxdur. Adambaşına
düşən ümumi məhsul
buraxılışının həcmi 2041 manat, orta aylıq əməkhaqqı
isə 281 manata bərabərdir.
Regional
inkişaf Dövlət Proqramının icrasına uyğun
olaraq ötən il rayonda
tikinti, abadlıq və
quruculuq işləri genişlənmişdir. 640 şagird
yerlik Xırmandalı kənd 2 saylı, 450 şagird yerlik
Aşağı Cürəli kənd, 220 şagird yerlik Amankənd
kənd tam orta məktəbləri üçün yeni binalar
tikilmiş, 1176 şagird yerlik Ağalıkənd kənd tam
orta məktəbinin binası isə əsaslı təmir
olunaraq istifadəyə verilmişdir. Bütün məktəblər
yeni inventar və avadanlıqla təchiz olunmuşdur.
Ümumiyyətlə, son illər rayonda 13 yeni məktəb binası tikilmiş,
6 məktəb yüksək səviyyədə
əsaslı təmir olunmuşdur.
Şəhərdə
iki uşaq bağçasının tikintisi başa
çatdırılmışdır. Heydər Əliyev
küçəsində yol genişləndirilmiş, yolkənarı
hasarlar tikilmiş, kommersiya obyektləri aqlay daşları ilə
üzlənmiş, səkilərə üzlük plitələr
döşənmiş və müasir üslublu
işıqlandırma sistemi
quraşdırılmışdır. Həmin ərazidə
1,2 km uzunluğunda küçədə yeni asfalt-beton
örtük salınmışdır. Şəhərin
içməli su təchizatının yenidən qurulması
başa çatdırılıb, kanalizasiya sisteminin tikintisi
isə davam etdirilir.
Dövlət
Sosial Müdafiə Fondu rayon şöbəsinin inzibati binasının, Səmədabad kəndində
Heydər Əliyev parkının, Kənd Təsərrüfatı
Nazirliyi rayon şöbəsinin inzibati binasının tikintiləri və rayon Mərkəzi
Xəstəxanasının əsaslı təmiri həyata
keçirilir.
Məruzəçi
qeyd etdi ki, Azərbaycan Respublikası Prezidentinin 10 avqust 2013-cü il tarixli sərəncamı ilə 13 min nəfər
əhalinin yaşadığı, 6 yaşayış məntəqəsini
birləşdirən 16 kilometr uzunluğunda Günəşli-Ağayrı-İsmətli-Aranlı-Çinarlı-Əliabad
avtomobil yolunun tikintisi başa
çatdırılmışdır. Azərbaycan
Respublikası Prezidentinin 7 sentyabr 2013-cü il tarixli sərəncamı
ilə 10 min nəfər əhalinin yaşadığı, 3
yaşayış məntəqəsini birləşdirən 6
kilometrlik Əsgərabad-Muğan-Çaylı avtomobil yolunun
torpaq yatağı, yol əsası, süni
suötürücü qurğuların tikintisi sona
yetmişdir, uzunluğu 81 metr,
eni 15metr olan 3 aşırımlı körpünün
tikintisində isə son tamamlama işləri aparılır.
Ələt-Astara magistral avtomobil yolunda təmir işləri
aparılmışdır.
İl
ərzində Sahibkarlığa Kömək Milli Fondu tərəfindən
113 sahibkarlıq subyektinə 1,4 milyon
manatlıq kredit verilmişdir. İl ərzində rayonda
1445 yeni iş yerləri açılmışdır.
Aqrar bölmədə məhsul
istehsalının həcmi artmış, kəndlilərin həyat
səviyyəsi xeyli yaxşılaşmışdır.
Ölkə başçısının aqrar sahənin
inkişafına, ərzaq təhlükəsizliyinin təmin
edilməsinə göstərdiyi ciddi diqqətin nəticəsidir
ki, 2015-ci il respublikamızda ”Kənd təsərrüfatı
ili" elan edilmişdir. Ötən il rayonun əkin sahəsindən 28646 ton buğda,
34966 ton arpa istehsal olunmuşdur. Heyvandarlığın inkişafı sahəsində
də irəliləyişlər
əldə olunmuşdur.
İribuynuzlu mal-qaranın
sayı 40,3 min başa, davarın sayı 138 min başa çatdırılmışdır. Biləsuvar əhalisi özünün
heyvandarlıq məhsullarına
olan tələbatını
tam ödəyir.
“Biləsuvar Rayon Mərkəzi
Xəstəxanasının yenidən qurulması ilə bağlı tədbirlər haqqında” Prezident
sərəncamı ilə
bu səhiyyə ocağında geniş həcmli işlər aparılır. Bundan əlavə, son illərdə
rayonun 6 kəndində
müasir tələblərə
cavab verən yeni tibb müəssisələri
tikilib istifadəyə
verilmişdir.
Ötən il vətəndaş
müraciətlərinə baxılması sahəsində
işin təkmilləşdirilməsi
istiqamətində bir
sıra ardıcıl
tədbirlər həyata keçirilmişdir.
Yerlərdə keçirilən səyyar görüşlərdə
qaldırılan məsələlərin
icrasında operativlik artırılmış, daxil
olan ərizə və şikayətlərin
vaxtında və qanuna müvafiq şəkildə icrası
təmin edilmişdir.
Eyni zamanda inzibati ərazi nümayəndəliklərini əhatə
edən operativ idarəetmə mərkəzləri
vasitəsilə yerlərə
operativ nəzarət gücləndirilmişdir.Görülmüş
işlər nəticəsində ərizə və şikayətlər
azalmışdır.
Mahir Quliyev hesabat məruzəsinin sonunda inamla bildirdi ki, biləsuvarlılar Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrini rəhbər
tutaraq 2015-ci ili də layiqli nəticələrlə başa
vurmaqdan ötrü böyük əzmlə çalışacaqlar.
Məruzə ətrafında müzakirələrdə
təhsli şöbəsinin
müdiri Balaqardaş
Kazımov, suvarma sistemləri idarəsinin rəisi Ədalət Babayev, səhiyyə şöbəsinin müdiri
Şamil Cəfərov,
gənclər və idman idarəsinin rəisi Aqşin Bağırov, Biləsuvar
şəhər icra nümayəndəsi Qabil Xammədov, Aqroservis idarəsinin müdiri İman Mehrəliyev, “Biləsuvar Aqro” MMC-nin nümayəndəsi Vüqar Mirzəyev iştirak etdilər,
2014-cü ildə görülmüş
işlərdən danışdılar,
təklif və rəylərini söylədilər.
Azərbaycan Respublikası Prezidentinin
Administrasiyasının məsul
işçisi Habil Əzənmədov çıxış
edərək respublikamızın
bütün sahələrində
gedən inkişafdan, Biləsuvarın
respublikanın digər
bölgələri kimi
dinamik tərəqqi etməsindən ətraflı
danışdı. “Regionların sosial-iqtisadi inkişafı Dövlət
Proqramı”ndan irəli
gələn vəzifələrin
uğurla həyata keçirilməsi üçün
xüsusi diqqət yetiriləsi məsələləri
önə çəkdi.
Sonda iclas iştirakçıları adından
Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyevə müraciət ünvanlandı.
Əli NƏCƏFXANLI
Xalq qəzeti.- 2015.-
21 fevral.- S.6.