İsmayıllı: Gəlib görün,
heyran qalın...
Beləliklə, Baba dağı,
Allah bilir, neçə milyonuncu dəfə kiçik
çilləni də başa vurub “boz ay”ı yaşamağa
başlayırdı. Yaxşı ki, əməlli-başlı
qar yağdı, yoxsa qışın ötən illərə
nisbətən yağmursuz keçməsindən “incik qalan” bu
dağlar Novruz çərşənbələrinin
astanasında çox qaş-qabaqlı, rəngi tutqun
görünürdü. Mən
də dağlar yaşında olmasa da, dünyanın hər
üzünü görmüş İsmayıllı Rayon
Veteranlar Şurasının sədri Abduləli Əliyevi eynilə
həmin əhval-ruhiyyədə gördüm: - qaş-qabaqlı.
Dəfələrlə həmsöhbət olmuşuq. Dediklərini
neçə dəfə qələmə almışam. Amma
onu heç zaman nədənsə gileylənən, kimdənsə
umu-küsü eləyən görməmişdim. İndi isə...
sanki ürəyi dolu idi:
–
Oğul, Bakıdakı bəzi dostlarınızın, həmkarlarınızın
başına niyə ağıl qoymursunuz?
Düzü, qəfil sualdan donub
qaldım. Axı ağsaqqal nə demək istəyir, kimi nəzərdə
tutur? Mətləbə özü qayıtdı: “Bəzilərinin
adamların ağa qara deməsinə, şər-böhtan
yazmağına, görəsən, nə ad vermək olar? Vallah onlara yazığım gəlir, yerlərinə
xəcalət çəkirəm. Elə
bilirsən, İsmayıllının bugünkü tərəqqisini
onların özləri görmürlər? Görürlər, lap yaxşı görürlər.
Bilirlər ki, son iki ildə bizim rayon bəlkə
də, əvvəlki 10-15 ildəki qədər inkişaf edib.
Bu boyda həqiqət göz qabağında
ola-ola, ayrı-ayrı qəzetlərdə, saytlarda, daha nə
bilim haralarda yüz cür qarayaxmalar yazırlar. Əgər insanların qınağından
qorxmurlarsa, onda Allahı unutmasınlar. Göz
görə-görə yalan yazmaq birinci növbədə Allah
qarşısında günahdır.”
Ağsaqqalın
dedikləri tamamilə həqiqət olduğuna, üstəlik,
onun haqlı sualına cavab verə bilməyəcəyimə
görə mövzunu dəyişməyə cəhd etdim: –
İlk çərşənbə ərəfəsində
havanın bu qədər kəskin şəkildə dəyişməsi
bağ-bağata ziyan vuracaqmı?
Məqsədimi
dərhal tutdu:
– Yox, oğul, Allaha şükürlər olsun ki, havalar pisləşənə qədər ağaclar oyanmamışdılar. Ona görə heç bir ziyan ola bilməz. Əksinə, xeyir gözləyirik.
Yenə əvvəlki söhbətə qayıtdı:
– Elə bəzi adamlar da hələ oyana bilmirlər. Xalqın mənafeyinin harada, ziyanının hayanda olduğunu kəsdirə bilən adam el üçün çalışanlara badalaq gəlməz. İstəyirsiniz inanın, istəmirsiniz, öz işinizdir. Bizim rayonun indiki rəhbərini buraya göndərdiyinə görə İsmayıllı camaatı dövlət başçısının atasına rəhmət oxuyur. Son iki ildə rayonda görülən işlərdən hamı razıdırsa, bu cızma-qaraçılar haradan peyda olurlar bilmirəm.
Əziz oxucu, öz doğma yurduna canı-qanı ilə bağlı olan 85 yaşlı bir ağsaqqalın harayı idi, bu. Sözün düzü, İsmayıllıya budəfəki səfərim zamanı ilk növbədə rayon rəhbərlərinin deyil, sadə insanların sosial-iqtisadi inkişaf barədə fikirləri ilə tanış olmaq istəyirdim. Çünki əvvəllər bu rayon haqqında dəfələrlə qəzet materialı hazırladığıma görə indi adi bir hesabat xarakterli yazı qələmə almaq fikrindən uzaq idim. İnanırdım ki, sakinlərin və bu gözəl diyarın qonaqlarının bugünki İsmayıllı həqiqətləri barədə deyəcəyi fikirlər həmin yazının əsasını təşkil edə bilər. Belə də oldu. Əvvəlcə rayon rəsmilərindən heç kimlə görüşmədən, heç bir arayış, məlumat almadan şəhərin gündən-günə abadlaşan və müasirləşən küçələrində heç kəsin adını soruşmadan və özümü təqdim etmədən xeyli adamla söhbət etdim. Bu dağlar diyarının sakinləri də, qonaqları da rayondakı tərəqqi ab-havasını sidq-ürəklə alqışladılar.
Biri bildirdi ki, Bakı küçələrində “İsmayıllıda istehsal edilmişdir” yarlıqlı velosipedlərin şütüyəcəyi günə az qalır. Digəri dedi ki, İsmayıllı bu gün Qafqazın ən tolerant yaşayış məntəqələrindən birinə çevrilib. Bir başqası vurğuladı ki, rayonun indiki rəhbəri iqtisad elmləri doktoru, professor olsa da, istənilən kəndə gedəndə sıravi zəhmət adamlarının hamısı onun səmimiyyətinin, sadəliyinin əvəzsizliyindən məmnun qalır. Hətta, danışdılar ki, Mirdaməd müəllimin atası rəhmətlik Mirsadıq ağanın ocağı təkcə Lahıcın deyil, bütün rayonun inanc yerinə çevrilib. Elə bir qonaq olmayıb ki, Lahıca gedib bu nurani insanın süfrəsində əyləşməsin, çörəyini dadmasın. Allah rəhmət eləsin! Ehtiyat etdim ki, indi kimsə mənə sual verə bilər:
– “Məgər İsmayıllının inkişafını özün görmürsənmi ki, bizdən soruşursan?” Haqlı sualdır. Buradakı tərəqqini, hər gün, hər addımda rastlaşdığımız müasirləşməni görürəm. Amma, mənim görməyimlə qələmə alınan yazı bir nəfərin fikirləri olduğuna görə kim tərəfindənsə subyektiv mülahizələr kimi qiymətləndirilə bilər. Sadə sakinlərin dedikləri isə, təbii ki, ən böyük həqiqətdir.
Bir sözlə, sırasında ağsaqqal, həkim, fermer, şagird, mədəniyyət işçisi... olan çoxsaylı həmsöhbətlərimin əksəriyyəti bu rayonun son iki ildəki inkişafı barədə elə fikirlər səsləndirdilər ki, mən onların əksəriyyətini birinci dəfə eşidirdim. Amma, bildiyim fakltlar da az deyildi. Məsələn, həmsöhbətlərimdən biri danışdı ki, ötən il sentyabrın 22-də Prezident İlham Əliyevin İsmayıllıya etdiyi tarixi səfəri sakinlərin hamısının yaddaşında unudulmaz hadisə olaraq qalıb. Prezident rayondakı tikinti-quruculuq və inkişafıla bağlı görülən işlərlə yaxından tanış olub, neçə-neçə obyektin açılışında iştirak edib. Dövlət başçısı İsmayıllını inkişaf etdirmək, insanların həyatına zənginlik gətirmək, onların məşğulluğunu artırmaq, tikinti-abadlıq və quruculuq işlərini əsaslı şəkildə davam etdirmək barədə rayon rəhbərlərinə dəyərli tövsiyə və tapşırıqlar verib. Hamını sevindirən məsələ o olub ki, dövlət başçısı rayonun inkişafından razı qaldığını deyib.
Sakinlərdən eşitdiyim fikirləri rayon icra hakimiyyətində danışanda yazını zənginləşdirə biləcək daha maraqlı məqamlar barədə də eşitdim. Dedilər ki, “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda rayon üzrə 15 bölmədən ibarət 19 bənd nəzərdə tutulub. İlk gündən başlayaraq həmin tədbirlərin icrası istiqamətində ardıcıl tədbirlər görülür.
İsmayıllıda tikinti-quruculuq işlərinin həcmi ilbəil genişləndirilir. 2014-cü ildə yaşayış evləri, inzibati binalar, yollar tikilib və ya əsaslı təmir olunub. Şəhər ərazisində elektrik xətləri yeniləşdirilib, yeraltı qaz xətləri üzə çıxarılıb, yerüstü rabitə kabelləri yeraltı kabellərlə əvəz olunub. Küçələrin səki daşları dəyişdirilib, səkilərə yeni üzlük daşlar döşənib...
Hələ bu, harasıdır? Sayım, siz də bilin. Rayon mərkəzindəki Heydər Əliyev adına Mədəniyyət Sarayı, Mərkəzi Xəstəxana yenidən qurulub, Yeni Azərbaycan Partiyası üçün inzibati bina, 140 yerlik uşaq bağçası, uşaq əyləncə və istirahət parkı istifadəyə verilib. Həmin obyektlərin açılışında Prezident İlham Əliyev şəxsən iştirak edib. İsmayıllı bələdiyyəsinin, rayon təhsil şöbəsinin binası əsaslı təmir olunub. Nizami Gəncəvi küçəsində beşmərtəbəli yaşayış binalarının tikintisi davam etdirilib. Mirzə Fətəli Axundov küçəsində iki 9 mərtəbəli iki yaşayış binasının tikintisinə başlanılıb. Heydər Əliyev prospektində, M.F.Axundov küçəsində əsaslı yenidənqurma işləri görülüb, şəhərin görkəminə xələl gətirən yaşayış evlərinin və ictimai obyektlərin dam örtüyü dəyişdirilib və fasadı müasir memarlıq üslubunda təmir olunub. Nizami küçəsində “Soyqırımı abidəsi” qoyulub, abidənin ətrafı abadlaşdırılıb. Heydər Əliyev adına parkda “Yaşıl teatr” üçün səhnə tikilib. Şəhərin S.Ə.Şirvani və Məhsəti küçələrinin arasında park isə bu yaxınlarda qonaqlarını qəbul edəcək.
Bəlkə, bir az da yollardan danışım. Təkcə
son iki ildə rayonun 20 küçəsinə asfalt
döşənib. Baxdıqca ürəyin
açılır. Bundan əlavə, Azərbaycan
Respublikası Prezidenti
İlham Əliyevin sərəncamları
ilə ayrılan 5,4 milyon manat vəsait hesabına ümumi uzunluğu
18 kilometr olan İsmayıllı-Göytəpə-Qalınçaq-Ruşan
avtomobil yolunun tikintisi başa çatdırılıb. Ümumi uzunluğu 19 kilometr olan
İsmayıllı-Lahıc avtomobil yolunda isə tikinti işləri
davam etdirilir. Artıq asfalt vurulması
üçün yol əsası hazır vəziyyətə gətirilib,
16 kilometrlik hissəsi asfaltlaşdırılıb və yolkənarı
arxlar çəkilib. Diyallı kəndinin giriş yolu
da təmir olunub, orada 1,6 kilometr əraziyə asfalt örtük vurulub. Tamam yadımdan çıxmışdı,
Talıstan kəndinin giriş yolunun da təmirinə
başlanılıb.
Həmsöhbətlərimdən
biri demişdi ki, İsmayıllını müasir və abad
bir məkana çevirmək yolları dərindən
düşünülür. Bu barədə icra hakimiyyətində də
eşitdik. Dedilər ki, rayonda İsmayıllı
Humanitar Texnologiyalar Kolleci üçün bütün
infrastruktura malik binanın, Qaraməryəm-İsmayıllı-Şəki
yolunun 2-ci kilometrliyində, Basqal-Sulut avtomobil yolunun 8-ci
kilometrliyində yeni körpülərin, Kürdmaşı,
Talıstan, Təzəkənd, Diyallı, İstisu, Gəraybəyli
kəndlərində kənd həkim məntəqələrinin,
yeni təhsil müəssislərinin, uşaq
bağçalarının
tikilməsi, İsmayıllı şəhərinin
müasir və sivil bir mərkəzə çevrilməsi
üçün əsaslı işlərin görülməsi
planlaşdırılıb.
Aqrar sahədə
sahibkarlığın inkişaf etdirilməsi ilə
bağlı Avropa Birliyinin dəstəyi ilə “Fermerlərin
imkanlarının yerli innovasiyalar vasitəsilə zənginləşdirilməsi”
layihəsi çərçivəsində Topçu, Qurbanəfəndi,
Sumağallı kəndlərində istixanalar yaradılıb,
“Fermer mağazası” tikilib, tərəvəz məhsullarının
istehsalı və satışına başlanılıb. Arıçılıq təsərrüfatlarının
yaradılmasına da meyil güclənib. Belə
ki, bu məqsədlə “Arıçılar Birliyi
yaradılıb. Rayonda 6 minə yaxın
arı ailəsi mövcuddur. Son illər
Bakı şəhərində keçirilən respublika
arıçılıq məhsullarının sərgi-satış
yarmarkasında İsmayıllı
arıçılarının məhsullarına nə qədər
tələbat olduğunu görmək üçün ən
azı həmin sərgiyə baş çəkmək
lazım idi.
Rayon iqtisadiyyatının ən gəlirli sahələrindən
biri, sözsüz ki, üzümçülüklə
bağlıdır. Təkcə ötən il 87 hektar yeni üzüm
bağı salınıb, 2791 ton məhsul
yığılıb. Keçən il
bağlardan 8138 ton meyvə yığılıb ki, bu da əvvəlki
ilə nisbətən 108 ton çoxdur.
Görürsünüzmü,
hansı sahədən danışırıqsa, uğur var.
Mirdaməd müəllimin özü ilə görüşəndə
isə, sözün əsl mənasında, təvazökar
insan olduğuna görə öz söhbətinə
İsmayıllılı gənclərin daha savadlı böyüməsi
üçün atılan addımlardan danışdı.
– Həqiqətən,
sevindiricidir. Bu gün İsmayıllıda təhsil
siyasəti uğurla həyata keçirilir. Rayon üzrə hər 16 şagirdə 1 kompüter
düşür. Oxuyun, siz də sevinin.
Keçən il ümumtəhsil məktəblərinin 276 nəfər məzunu
ali məktəblərə qəbul olunub. Onlardan 51 nəfəri
500-dən, 20 nəfəri isə 600-dən yuxarı bal toplayıb. Son iki ildə rayonun 5 məzunu
Prezident təqaüdünə layiq görülüb.
2013-2014-cü dərs ilində təhsildə
qazandıqları müvəffəqiyyətlərə görə
rayonun 4 nəfər məzunu qızıl medalla təltif
olunub və onlar bu etimadı ali məktəblərə
qəbulda doğruldublar. Bax elə ona görə də
imtahanlarda yüksək bal toplayan məzunların
şərəfinə rayonda bayram tədbiri keçirilib,
600-dən yuxarı bal toplayanlar rayon icra hakimiyyətinin qiymətli
hədiyyələri və fəxri fərmanları ilə
mükafatlandırılıb. Ali məktəblərə
qəbul olan bütün məzunlara hədiyyələr
verilib. Mən şəxsən həmin tədbirin
iştirakçısı olmuşam. Həmin
tədbirə gələn başqa qonaqlar kimi, inanın, səmimi
deyirəm, mənim də gözlərim yaşarıb.
İsmayıllıdan
yazıb, onun turizm imkanlarından söhbət açmamaq ən
azı insafsızlıq olardı. Qonaqlı-qaralı
bu diyarda 22 istirahət mərkəzi fəaliyyət göstərir.
Onlardan 9-u Mədəniyyət və Turizm
Nazirliyinin lisenziyasını alıb. İstirahət
mərkəzlərində 1040-dan çox yataq yeri vardır.
“Şeraton-İsmayıllı” otel kompleksinin
istifadəyə verilməsi, yeni turizm istirahət mərkəzlərinin
tikintisi İsmayıllının Beynəlxalq turizm
marşrutuna daxil edilməsinə imkanlar açır. Sizə nədən danışım?! Rayonda dağ, atçılıq, ekoturizm sahələri
inkişaf etdirilməsi İsmayıllını zəngin
turizm mərkəzi kimi dünyaya tanıdacaqdır.
Mirdaməd Sadıqovla görüşdə isə icra
hakimiyyətinin başçısı 2015-ci ildə
qarşıda duran vəzifələrdən, Azərbaycanın
uğurlu gələcəyi naminə yerinə yetirilməsi
vacib olan çox böyük işlərdən
danışdı. Bildirdi ki, Qubaxəlilli kəndində “Aqroparkın”,
Nikitin adına kollektiv təsərrüfatın bazasında
“Aqrar şəhərciy”in yaradılması,
İsmayıllı şəhərində
çox—funksiyalı fermer evinin təşkili, “Yaşıl
market”in, ət və süd emalı sahələrinin, qarışıq yem və un
istehsalı müəssisəsinin yaradılması nəzərdə
tutulub. Topçu, Təzəkənd, Kürdmaşı,
Qalagah kəndlərində fermer mağazalarının açılması, Talıstan kəndində
tutumu 5 min ton olan üzüm və meyvə saxlama
kamerasının, Tircan kəndində bal məhsullarının
qablaşdırılması
müəssisəsinin, bir çox kəndlərdə
istixana təsərrüfatının, Qubaxəlilli, Kəlbənd,
Keyvəndi kəndlərində iri heyvandarlıq,
Mollaisaqlı, Gəraybəyli, Quşencə, Qalınçaq
kəndlərində
quşçuluq təsərrüfatının
yaradılması nəzərdə tutulub. Velosiped zavodunda
tikinti davam etdiriləcək, Göyçay çayı üzərində su elektrik
stansiyasında bu il inşaat işləri başa
çatdırılacaq. Dövlət Proqramında nəzərdə
tutulan Kürdmaşı-Kəlbənd yolunun tikintisi aparılacaq.
Başçı
görüləcək işlərdən həvəslə
söhbət açırdı. Bu,
doğulub boya-başa çatdığı yurdu ən
müqəddəs yer sayan bir insanın manifesti idi. Bütün bunları sadalayanda kaş siz də mənim
yanımda olaydınız. Görəydiniz ki, adam öz torpağına necə bağlı
olur.
... Biz
universitetdə oxuyanda əziz müəllimlərimiz Nəsir
İmanquliyev, Nurəddin Babayev, Şirməmməd
Hüseynov, Tofiq Rüstəmov, Nəriman Zeynalov, Cahangir Məmmədli
və digər söz-sənət adamlarından necə
yazı yazmağı, öyrənməklə yanaşı,
insanlıq dərsi də almışıq. Onlar
bizə həqiqəti söyləməklə, ədalətli
olmağı bacarmaqla bərabər ağa qara deməyin də
nə qədər rəzil olduğunu öyrədiblər.
Bəs, görəsən, indi hamının
gözü qabağında jurnalistikadan xəbəri olmayanlar
kimdən dərs alıblar? Şəxsən
mən İsmayıllı həqiqətlərinə kölgə
salmaq istəyən “həmkarlarımın” əməllərindən
utanıram. Görəsən, onlar bu yolun
nə qədər səhv olduğunun fərqindədirlərmi? Əgər həmin
reallıqların fərqini görə bilmirlərsə, onda mən bütün həmkarlarımı
İsmayıllıya dəvət edirəm. Gəlib, baxıb,
görün, heyran qalın...
İlqar HƏSƏNOV
Xalq qəzeti.-
2015.- 24 fevral.- S.6.