Xocalı soyqırımı –

bəşər tarixində görünməmiş qəddarlıq

 

Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır.  Bu soyqırımı eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir.

 

Heydər ƏLİYEV

Ümummilli lider

 

XX əsrdə ermənilər tərəfindən Azərbaycan xalqına qarşı dəfələrlə təcavüz edilib, soyqırımı törədilib. Onlardan ən dəhşətlisi Xocalı faciəsidir. İyirmi üç il bundan əvvəl,1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycanın gözəl diyarı olan Xocalı sakinlərinə qarşı Ermənistan silahlı qüvvələri keçmiş sovet ordusunun 366-cı alayının bilavasitə iştirakı ilə dəhşətli soyqırımı törətmişlər. Misli görünməmiş  vəhşiliklə həyata keçirilən bu soyqırımı XX əsrin ən dəhşətli faciələrindən biridir.

 

1992-ci il  fevralın 26-da Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində  soyqırımı aktı həyata keçirdilər. Ermənistan hərbi birləşmələrinin şəhərə hücumu zamanı burada 3 minə yaxın insan qalmışdı. Çünki mühasirədə qaldığı dörd aydan artıq müddətdə əhalinin xeyli hissəsi şəhərdən çıxmağa məcbur olmuşdu. Şəhəri mərdliklə qoruyan, əllərindəki yüngül silahlarla döyüşən xocalılar təpədən–dırnağadək  silahlanmış orduya qarşı uzun müddət tab gətirə bilmədi.Şəhəri yalnız atıcı silahları olan yerli özünümüdafiə dəstələri qoruyurdular. Əlbəttə, onlar ən müasir hərbi texnika ilə təchiz edilmiş, əvvəlcədən xüsusi hazırlıq keçmiş silahlı birləşmələrə müqavimət göstərməyə qadir deyildilər.

Yaşayış evləri dağıdılaraq yandırıldı, şəhəri tərk etmək məcburiyyətində qalan, Qarqar çayı boyunca Ağdam şəhərinə üz tutan dinc əhalini Naxçıvanik kəndi yaxınlığında erməni silahlıları qarşıladı: uşaqlar, qadınlar, qocalar, əlillər çalın-çarpaz atəşə məruz qalaraq xüsusi amansızlıqla qətlə yetirildilər. Soyqırımı törədən vəhşi cəlladlar Xocalı sakinlərini misli görünməmiş qəddarlıqla öldürmüş, diri-diri yandırmış, başlarının dərisini soymuş, gözlərini çıxarmışlar.

Xocalı şəhərində torədilmiş qırğın zamanı 613 nəfər qəddarlıqla qətlə yetirilmişdir. Onların 83-ü uşaq,106-sı qadın, 70-i qoca idi. Şəhərdə 8 ailə tamamilə məhv edılıb, 25 uşaq hər iki valideynini,130 uşaq ısə valideynlərindən birini itirib. Dəhşətli faciə zamanı 487 nəfər yaralanmış,1275 nəfər girov götürülmüş, 150 nəfər itkin düşmüşdür. Onların çoxunun aqibəti indiyədək məlum deyil.

Xocalı soyqırımının epizodları insanı dəhşətə gətirir. Xocalı sakini Əntiqə xanım erməni hərbçilərinin tələb etdiyibu yerlər böyük Ermənistanın bir hissəsidir” sözlərini dilinə gətirmədiyinə görə ermənilər tərəfindən diri-diri yandırıldı. Digər Xocalı sakini Səriyyə Talıbova danışırdı ki, “4 mesxeti türkünün və 3 azərbaycanlının erməninin qəbri üzərində başlarını kəsdilər. Sonra daha iki azərbaycanlının gözlərini çıxartdılar”.

Ermənilər sağ qalmış azərbaycanlı əsirlər üzərində tamamilə təhqiredici hərəkətlər həyata keçirmişdilər. Onların başlarının dərisini soymuş, bədənlərinin digər orqanlarını kəsmiş, uşaqların gözlərini çıxarmış, hamilə qadınların qarınlarını yarmışdılar. Hücum zamanı Xocalıda istifadəsi qadağan olunmuş 5,45 kalibrli güllələrdən kimyəvi silahlardan istifadə edilmişdir. Bütün bunlar Ermənistanın Cenevrə Konvensiyasının protokollarını pozaraq, müharibə qaydalarına zidd olaraq dinc sakinlərə qarşı həyata keçirilən soyqırımı olduğunu təsdiqləyir. Dünyada qəbul olunmuş beynəlxalq konvensiyalar, ümumbəşəri qanunlar Xocalı faciəsi kimi soyqırımlarını pisləyir, yolverilməz olduğunu bildirirlər. Azərbaycan xalqı 1948-ci il 9 dekabr “Soyqırımı cinayətinin xəbərdarlıq edilməsi və cəzalandırılması” Konvensiyasını rəhbər tutaraq, Ermənistan Respublikasına qarşı BMT-nin Beynəlxalq Məhkəməsində iddia qaldırmaq üçün bütün hüquqi əsaslara malikdir. Dünya bilməlidir ki bu cinayət təkcə Azərbaycan xalqına qarşı deyil, həm də bütün sivil dünyaya, bəşəriyyətə qarşı yönəlmişdir.

Əslində, ermənilər Xocalı şəhərinin mühasirəsinə hələ 1991-ci ilin oktyabr ayında başlamışlar. Xankəndi ilə Əskəran ərazisində strateji yer olan Xocalının ələ keçirilməsi ermənilərin  əsas məqsədlərindən biri idi.

Xocalıda baş verənlər soyqırımı aktı olsa da, o zaman Azərbaycanda hakimiyyətdə olanların məsuliyyətsizliyi və səhlənkarlığı üzündən erməni vandalizminin gerçək mahiyyəti barədə dünya ictimaiyyəti yetərincə məlumatlandırılmamışdı. O zaman ölkə rəhbərliyinin bu faciəyə olduqca laqeyd və qətiyyətsiz münasibəti nəticəsində ermənilərin işğalçılıq, etnik təmizləmə, terrorçuluq, habelə Xocalı soyqırımı kimi dəhşətli cinayəti törətməsinə dünya ictimaiyyəti biganə yanaşmış, təcavüzkarın cilovlanması üçün beynəlxalq səviyyədə heç bir tədbir görülməmişdir.

Soyqırımı qurbanlarını daim yad edən, şəhidlərin  xatirəsini əziz tutan ümummilli  lider Heydər Əliyev 1997-ci il fevralın 25-də “Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında” fərman imzaladı. Ulu öndər 26 mart 1998-ci il tarixində"Azərbaycanlıların soyqırımı haqqında" imzaladığı fərmanda bu faciənin siyasi qiyməti verildi.

Azərbaycan höküməti erməni şovinistlərinin azərbaycanlılara qarşı törətdikləri cinayətlər, o cümlədən Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, onun soyqırımı kimi tanınması üçün məqsədyönlü və ardıcıl fəaliyyət göstərir. Xocalı şəhərində törədilmiş vəhşiliyin dünya ictimaiyyətinin diqqətinə çatdırılması üçün hər bir azərbaycanlı da üzərinə düşən vəzifəni layiqincə yerinə yetirməlidir. Xaricdə fəaliyyət göstərən diaspor  təşkilatlarımız da son illər bu istiqamətdə əməli addımlar atırlar. Xocalı həqiqətlərinin dünyaya çatdırılması, beynəlxalq aləmdə yayılması, qətliama obyektiv qiymət verilməsi istiqamətində atılan addımları, ulu öndərin adını daşıyan Heydər Əliyev Fondu uğurla davam etdirir.  Hər faciənin ildonümü ilə bağlı Heydər Əliyev Fondu ayrı-ayrı ölkələrdə geniş miqyasda tədbirlər keçirir, ermənilərin xalqımızın başına gətirdikləri müsibətlər haqqında  məlumatlar yayırlar. Azərbaycan Prezidenti cənab İlham Əliyev torpaqlarımızın erməni işğalından azad olunması, qaçqın və məcburi köçkünlərimizin öz doğma yurdlarına qaytarılması, erməni hərbi birləşmələrinin ərazilərimizdən qeyd-şərtsiz çıxarılması istiqamətində ardıcıl olaraq danışıqlar aparır.

Hər il fevralın 26-da saat 17.00-da Azərbaycan xalqı soyqırımı qurbanlarının xatirəsini yad edir. Doğma yurdlarından didərgin düşmüş və Azərbaycanın 48 rayonuna səpələnmiş Xocalı sakinləri Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli, Ermənistanın Azərbaycana qarşı təcavüzünün dəf edilməsi, ölkənin ərazi bütövlüyünün bərpa edilməsi ümidi ilə yaşayırlar. Onlar dünya xalqlarına, dövlətlərinə, beynəlxalq təşkilatlara haqq-ədaləti və həqiqəti müdafiə etmək, Xocalıda törədilmiş terrorizm, etnik təmizləmə faktlarını pisləmək barədə müraciətlər edirlər.

Xocalı soyqırımının günahkarları, təşkilatçıları və icraçıları layiqli cəzalarına çatmalıdırlar. Cinayət cəzasız qala bilməz. Təəssüf ki, XX əsrdə genosidetnik təmizləmə hadisələri baş vermiş tarixi səhifələr olmuşdur. Xocalı faciəsi onların sırasında ən dəhşətlilərinə aiddir. Hal-hazırda bu hadisələrdə hər hansı şəkildə iştirakı olmuş şəxslər hələlik öz vicdanları qarşısında cavabdehdirlər, ancaq vaxt gələcək, onlar tarixin məhkəməsi qarşısında cavab verməli olacaqlar.

 

Elmira İSMAYILOVA,

Ədliyyə Nazirliyi

Ədliyyə Akademiyasının

baş müəllimi, ədliyyə müşaviri

 

Xalq qəzeti.- 2015.- 24 fevral.- S.5.