Növbəti muğam müsabiqəsi, yeni səslər

və milli mədəniyyətimizə ümumxalq ehtiramı

 

Geridə qalan 10 ildə 50 milyonluq Azərbaycan xalqının dərin rəğbətini qazanmış Muğam Televiziya müsabiqəsi  beşinci dəfə milli-mənəvi dəyərlərimizi sevən insanların görüşünə gəldi.

 

Təməli 2005-ci ildə qoyulan və iki ildən bir təşkil olunan bu müsabiqələrdə indiyədək 200-ə yaxın istedadlı gənc iştirak etmiş və münsiflər heyəti ilə yanaşı xalqın da qiymətləndirmələrini almışdır. Bu isə milli musiqi mədəniyyətimizin inkişaf etdirilməsi istiqamətində atılan uğurlu addımlardan biri kimi qəbul edilir. Bu gün adı fəxrlə çəkilən Təyyar Bayramov, Babək Niftəliyev, Abgül Mirzəliyev, İlkin Əhmədov, Güllü Muradova və onlarla digər gənc istedadlarımızın səsinin dünyanın hər yerində eşidilməsinə görə biz bu muğam müsabiqələrinə minnətdar olmalıyıq.

Onu da xüsusi olaraq vurğulamalıyıq ki, hər müsabiqədən sonra gənc xanəndələrlə əməkdaşlıq müqaviləsi imzalayan Azərbaycan Televiziyası onların gələcək inkişafına və yaradıcılıqlarının təbliğinə geniş  şərait yaradır. Bütün bunlar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və ulu öndərimizin adını daşıyan Heydər Əliyev Fondunun, xüsusən, Fondun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın muğam sənətinə verdiyi önəmin və göstərdiyi qayğının bariz nümunəsidir.

Növbəti muğam müsabiqəsini təşkil etmək üçün yeni səs, təzə avaz axtarışında olan münsiflər heyəti  ölkənin müxtəlif bölgələrində olmuş, 500-dən artıq gənc musiqiçinin ifasını dinləmişdir. O qədər gəncdən cəmi 20 nəfəri müsabiqənin final mərhələsində iştirak etmək imkanı qazanmışdır. Bakıdakı Beynəlxalq Muğam Mərkəzində növbəti Muğam Televiziya müsabiqəsinin keçirilməsi üçün spesifik hazırlıq işləri yerinə yetirilmiş, bütün ifaçıların Əməkdar artist Sahib Paşazadənin rəhbərlik etdiyi “Muğam” xalq çalğı alətləri ansamblının müşayiəti ilə davamlı məşqləri təşkil olunmuşdur.

Nəhayət, fevralın 16-da Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Mədəniyyət Fondunun layihəsi əsasında, Heydər Əliyev Fondunun dəstəyi, Azərbaycan Televiziyasının təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin iştirakı ilə keçirilən beşinci muğam televiziya müsabiqəsi başlamışdır.

Gənc istedadlara, hörmətli münsiflər heyətinə və yorulmaz müsabiqə təşkilatçılarına uğurlar arzulayırıq.

 

Rafiq SALMANOV

 

Xalq qəzeti.- 2015.- 22 fevral.- S.7.