Əsrin gözəli
Leyla Bədirbəyli – 95
XX əsr Azərbaycanda aktyorluq sənətinin intibah
dövrü kimi yaddaşlarda qaldı. Milli teatr sənətimizin inkişafı aktyorluq məktəbinin
formalaşmasına da güclü
təsir göstərdi. Bu gün
həmin sənəti yaradan və yaşadan insanları hörmət və məhəbbətlə
yad edirik.
Hüseyn Ərəblinski, Abbas Mirzə Şərifzadə, Əhməd Ağdamski, Ələsgər Ələkbərov, Sidqi Ruhulla, Hökumə Qurbanova, Ağasadıq Gəraybəyli, Məmmədrza Şeyxzamanov və onlarla başqaları təkcə teatrımızın deyil, kino sənətimizin də inkişafında mühüm xidmətlər göstərmişlər. XX əsrin 30-cu illərindən sənətə gəlmiş və ömrünün 60 ildən çoxunu teatr və kinomuzun tərəqqisinə həsr etmiş Leyla Bədirbəylinin də sənət salnaməmizdə öz yeri, öz mövqeyi var.
Leyla xanım sənətə elə bir vaxtda gəlmişdi ki, o illərdə qadınların bu sənətə yiyələnməsi o qədər də rəğbətlə qarşılanmırdı. Amma, sənətə vurğunluğu onu bu yoldan ayrılmağa qoymadı. Bu çətin və şərəfli yolda böyük sənətin zirvələrinə ucala bildi. Yüksək istedadı, gözəl görkəmi, özgələşmək bacarığı ona həqiqətən böyük uğurlar qazandırmışdı.
Leyla xanım haqqında çox yazılıb, filmlər çəkilib, televiziya verilişləri hazırlanıb. Amma bu günlər, onun 95 illik yubileyinin keçirildiyi bir vaxtda istərdik ki, biz də onu yad edək, sənəti, şəxsiyyəti haqqında söhbət açaq. Onsuz da bu böyük sənətkar haqqında nə qədər yazılsa da, deyiləsi, xatırlanası anlar çoxdur. Mən bir yazıdan oxuduğum bu sətirləri oxuculara xatırlatmaq istərdim: “Onun yaşadığı dönəmdə Azərbaycanda gözəllik yarışları keçirilmirdi. Amma şəhərin sayılan gözəlləri, şübhəsiz ki, var idi. Birisinin nə qədər gözəl olduğunu sübut etmək üçün, onu Leyla xanımla tutuşdururdular. “O filankəsdən də gözəldir” deyirdilər. Demək, aktrisa yaşadığı zamanda gözəlliyin etalonuna -məhək daşına çevrilmişdi. Lap amerikalıların Merilin Monrosu kimi" Doğrudan da, Leyla xanım gözəl qadın idi, elə sənəti də özünə yaraşırdı: gözəl, göyçək.
Bir az da onun bioqrafiyası haqqında. İçərişəhərdə anadan olmuşdu. Özünün yazdığına görə, ziyalı ailədə. Atası Ağalar bəy Bədirbəyov Şəmkir bəylərinin nəslindən idi. Ağalar bəy gimnaziyadan sonra yüksək hərbi məktəb də bitirmişdi. Anası Bikə xanım xan qızı idi. Sovetlərin gəlişindən sonra ailə yeni həyat tərzinə də öyrəşir. Leyla xanım kitabında atasının sonrakı taleyindən heç nə yazmasa da, anasının dövrün fəal qadınları ilə ünsiyyətdə olduğunu, Əli Bayramov adına qadınlar klubuna gedib-gəldiyini, Ayna Sultanova, Ceyran Bayramova, Hökümə Sultanova ilə birgə çalışdığını yazır.
Leyla xanım lap balacalıqdan rəqs etməyə başlayır. 13 yaşında Filarmoniyanın mahnı və rəqs ansamblının üzvü olur. O, burada sonralar “həyatımın günəşi” adlandıracağı bir ustadla tanış olur – Üzeyir Hacıbəyli ilə. Mahnı və rəqs ansamblı Üzeyir bəyin təşəbbüsü ilə yaradılmışdı. Və Leyla bu ansamblla 1938-ci ildə Moskvada keçirilən Azərbaycan incəsənəti ongünlüyündə də iştirak edib. O vaxt Stalin Azərbaycan nümayəndə heyətini qəbul etmişdi. Üzeyir bəy, Bülbül, Şövkət Məmmədova Stalinin yanında əyləşibmişlər.
Leyla “Bəri bax” mahnısı əsasında qurulan rəqsi oynayıb. Stalin rəqsi yəqin ki, bəyənib.Mahnıdan və rəqsdən təsirlənən Stalin Bakıda gizli fəaliyyətdə olduğu illərdə inqilabçı dostları ilə bu mahnını parol kimi oxuduqlarını xatırladıb.
1945-cü ildə “Arşın mal alan” filmi çəkilməyə başlayan zaman Gülçöhrə rolunu ifa etmək istəyən 100-dən artıq namizəd var idi. Onların hər biri sınaq çəkilişlərində olmuşdu, ancaq Leyla Bədirbəyli heç bir sınaq çəkilişlərində iştirak etməyib. O, Üzeyir bəyin dəvəti və təşəbbüsü ilə filmə çəkilib. Filmin çəkilişləri yay aylarında Şüvəlanda gedirdi.
İlk günlər sınaq zamanı rol alınmırmış. Bunu görən Üzeyir bəy Leylanı yanına çağırıb deyir: “Qızım, mən səni bu filmə çəkə bilməyəcəm. Çünki bu rol səndə alınmır”. Leyla qayıdır evə. Gecə nə düşünürsə, səhər yenidən gəlir Üzeyir bəydən onun roluna sonuncu dəfə baxmağı xahiş edir. Bu dəfə Gülçöhrə obrazı uğurlu alındı. Üzeyir bəy isə “Mən belə dedim ki, gedib öz üzərində çalışasan”- deyir. Beləcə, Leyla Bədirbəyli dünya ekranlarına çıxan “Arşın mal alan” filminə çəkilir.
1942-ci ildə “Səbuhi” filmində Tubu xanımın roluna çəkildikdən sonra elə həmin ildən görkəmli rejissor Adil İsgəndərovun dəvəti ilə Milli Dram Teatrına aktrisa kimi işə qəbul edilib. Teatrın tamaşalarında əsas rolların ifaçısına çevrilən aktrisa Sabit Rəhmanın “Aydınlıq” (Şükufə), “Əliqulu evlənir” (Qumral), “Yalan” (Şəlalə), Mirzə İbrahimovun “Yaxşı adam” (Zəhra), “Kəndçı qızı” (Göyərçin), İslam Səfərlinin “Göz həkimi” (Nərminə), “Yadigar” (Dilarə), İmran Qasımov və Həsən Seyidbəylinin “Uzaq sahillərdə” (Anjelika), Şıxəli Qurbanovun “Əcəb işə düşdük” (Əntiqə), Mehdi Hüseynin “Alov” (Rəfiqə), Bəxtiyar Vahabzadənin “İkinci səs” (Həyat) pyeslərinin tamaşalarında iştirak edib. Aktrisa Cəfər Cabbarlının, Səməd Vurğunun dramlarında, Mirzə Fətəli Axundzadənin əsərlərində baş rolları ifa edib. Eyni zamanda, Şekspirin əsərlərində Oliviyanı (“On ikinci gecə”), Dezdemonanı (“Otello”), Perditanı (“Qış nağılı”), Bernard Şounun qəhrəmanlarından Cuditi (“Şeytanın şagirdi”), Lev Tolstoyun surətlərindən Lizanı (“Canlı meyit”) yaradıb.
Uzun müddət “Azərbaycanfilm” kinostudiyasında calışan aktrisa “Dəli Kür”də Zərnigar, “Fətəli xan”da Tuti Bikə", “Görüş”də Bilqeyis, “Kişi sözü”ündə Xavər, “Dərviş Parisi partladır”da Şərəbanu və digər rolları ilə tarixə düşüb.
Leyla xanım 1946-cı ildə “Arşın mal alan” filmindəki Gülçöhrə roluna görə Stalin (sonralar Dövlət mükafatı adlandırıldı) mükafatı, 1972-ci ildə isə “Mahnı dağlarda qaldı” tamaşasında oynadığı Fəxrəndə xanım obrazına görə Azərbaycan Respublikasının Dövlət mükafatı ilə təltif olunub.
Allah ona hər şeyi nəsib etmişdi. Gözəllik, ailə səadəti, sənət uğuru. Onun xoşbəxt ailə həyatı var idi. Onu sevən və sevilən həyat yoldaşı, 2 övladı və nəvələri. O, dünyada ən gözəl hiss olan analıq hissini yaşamışdı. Ürəyində heç bir arzusu qalmamışdı. Qadınlar arasında birinci “İstiqlal” ordenini Leyla Bədirbəyli, ikincisini isə Əminə Dilbazi alıb. Lakin hər şey öz axarı ilə davam etdiyi zaman ailədə faciə baş verir. 1995-ci ildə həyat yoldaşı Kamil xarici ölkədə yol qəzasına düşdü. Yağışlı havada maşın sürüşür, çevrilir və... Ərini ürəkdən sevən həyat yoldaşı üçün bu itkiyə dözmək çox çətin olur. Ancaq bu, bəs etmirmiş kimi, dərd üzərinə daha bir dərd gəlir... Heç bir il keçməmiş buna bənzər daha bir faciə baş verir. Leyla Bədirbəylinin böyük qızı Lalə xanımı Kukla Teatrının qabağında maşın vurdu. Övlad itkisi də ananın ürəyinə dağ çəkdi. İki böyük itki Leyla xanımın ömrünü şam kimi əritməyə başladı. Həyatdan küsdü. Ər, övlad itkisindən sonra özünə qapandı. 3-4 il, ümumiyyətlə, evdən çölə çıxmadı.
1999-cu il noyabrın 23-də hamının gözəlliyinə heyran olduğu qadın, böyük sənətkar Leyla Bədirbəyli gözlərini əbədi olaraq yumdu. Azərbaycan Respublikasının xalq artisti, SSRİ və Azərbaycan SSR Dövlət mükafatları laureatı Leyla xanımın yaradıcılığı isə ölməzdir, əbədidir.
M. MÜKƏRRƏMOĞLU
Xalq qəzeti.- 2015.- 25
fevral.- S.12.