Xocalı – xalqımızın qan
yaddaşı
Xocalı soyqırımı XX əsrdə insanlığa qarşı törədilmiş ən dəhşətli cinayətlərdən biridir. Erməni silahlı dəstələrinin Xocalıya hücumunu şəhərin mühüm strateji əhəmiyyət kəsb edən coğrafi mövqeyi şərtləndirirdi. 7 min nəfər əhalisi olan Xocalı Xankəndidən 10 kilometr cənub-şərqdə, Qarabağ dağ silsiləsində və Ağdam-Şuşa, Əskəran -Xankəndi yollarının üstündə yerləşir. Xocalı əhalinin tarixən məskunlaşdığı yerdir və qədim tarixi abidələr indiyə qədər qalmaqdadır.
Xocalının yaxınlığında bizim e.ə. XIV-VII əsrlərə aid edilən Xocalı-Gədəbəy mədəniyyətinin abidələri yerləşir. Burada son bürünc və ilkin dəmir dövrlərinə aid edilən dəfn abidələri - daş qutular, kurqanlar və nekropollar tapılmışdır. Həmçinin burada memarlıq abidələri - dairəvi qəbir (1356-1357-ci illər) və mavzoley (XIV əsr) vardır. Arxeoloji qazıntılar zamanı müxtəlif növ daş, bürünc, sümük bəzək əşyaları, gildən ev əşyaları və s. tapılmışdır. Tapılmış muncuq dənələrindən birində Assuriya şahı Adadnerarinin (bizim e.ə. 807-788-ci illər) adı yazılmışdır. Əhali əsasən üzümçülük, heyvandarlıq, arıçılıq və əkinçiliklə məşğul olmuşdur. Şəhərdə toxuculuq fabriki, 2 orta məktəb və 2 natamam orta məktəb var idi. Son illərdə baş vermiş hadisələrlə əlaqədar olaraq Fərqanədən (Özbəkistan) qaçqın düşmüş 54 axıska türkü ailəsi, həmçinin Ermənistandan və Xankəndidən qovulmuş azərbaycanlıların bəziləri şəhərdə məskunlaşmışdılar. Sonralar erməni tərəfi etiraf etmişdir ki, erməni silahlı dəstələrinin ilk əsas vəzifəsi Xocalı platsdarmının məhv edilməsi, bu məntəqədən keçən Əskəran-Xankəndi yolunun boşaldılması, azərbaycanlıların nəzarətində olan hava limanının ələ keçirilməsi idi.Qarabağdakı yeganə aeroport da Xocalıda idi.
Əsir şəhər
Xocalı 1991-ci ilin oktyabrından blokadada idi.Oktyabrın 30-dan etibarən şəhərə gedən bütün avtomobil yolları bağlanmış, yeganə nəqliyyat vasitəsi vertolyot qalmışdı.
Xocalıya
sonuncu vertolyot 1992-ci il yanvarın 28-də endi. Şuşa səmasında
mülki vertolyotun vurulması və 40 nəfər azərbaycanlının
həlak olmasından sonra şəhərlə hava əlaqəsi
də kəsildi. Yanvarın 2-dən şəhərə
elektrik enerjisi də verilmirdi. Xocalılar ancaq öz qəhrəmanlıqları
və şəhər müdafiəçilərinin cəsurluğu
sayəsində yaşayır və müdafiə olunurdular.
Şəhərin müdafiəsi əsasən avtomat və ov
tüfəngləri ilə silahlanmış yerli
özünümüdafiə dəstəsi və yerli milis
qüvvələrindən təşkil olunmuşdu.
Fevralın
ikinci yarısından başlayaraq Xocalı erməni
silahlı dəstələrinin mühasirəsinə
alınmışdı və hər gün toplardan,
ağır texnikadan atəşlərə, erməni dəstələrinin
həmlələrinə məruz qalırdı.
“Xocalı
platsdarmının məhv edilməsi” sözlərinə diqqət
yetirin. İndi söylənilən bu ifadə ermənilər
tərəfindən törədilmiş qanlı
qırğının, kütləvi surətdə
uşaqların, qadınların, qocaların məhv edilməsinin
səbəbini aydın göstərir.
Faciənin xronikası
Fevralın
ikinci yarısından başlayaraq Xocalı erməni
silahlı dəstələrinin mühasirəsinə
alınmışdı və hər gün toplardan,
ağır texnikadan atəşlərə, həmlələrə
məruz qalırdı. Xocalıya hücuma hazırlıq
fevralın 25-də axşam 366-cı keçmiş sovet
alayının hərbi texnikasının döyüş
mövqelərinə çıxması ilə
başlanılmışdı. Şəhərə hücum
tanklardan, toplardan, xüsusən
“Alazan” tipli zenit toplarından 2 saatlıq atəşdən
sonra başlandı. Xocalıya üç istiqamətdən
hücum aparıldığından əhali Əskəran
istiqamətində qaçmağa məcbur olmuşdu. Tezliklə
aydın olmuşdur ki, bu, məkrli hiylə imiş.
Naxçıvanik kəndi yaxınlığında əhalinin
qarşısı erməni silahlı dəstələri tərəfindən
kəsilmiş və onlar gülləborana tutulmuşlar.
Qarlı aşırımlarda və meşələrdə zəifləmiş,
taqətdən düşmüş insanların çox hissəsi
məhz Naxçıvanik yaxınlığında xüsusi qəddarlıqla
məhv edilmişdir.
Bu hadisələr
regiona İran İslam Respublikasının Xarici İşlər
naziri Əli Əkbər Vilayətinin vasitəçilik
missiyası ilə səfəri günlərinə təsadüf
etmişdir. O, fevralın 25-də Azərbaycanın hakimiyyət
rəhbərləri ilə görüşmüş və
fevralın 27-də Qarabağa, sonra isə Ermənistana səfər
planlaşdırırdı. Bununla əlaqədar olaraq tərəflərin
razılığı ilə fevralın 27-dən martın 1-dək
üçgünlük atəşkəs elan edilmişdi. Ermənilər
ona məhəl qoymadılar və vədlərinə xilaf
çıxdılar.
Oxşar
vəziyyət fevralın 12-də Avropada Təhlükəsizlik
və Əməkdaşlıq Şurası nümayəndə
heyətinin vəziyyətlə tanışlıq və
münaqişənin tənzimlənməsi məsələlərinin
təhlili məqsədilə Qarabağa gəldiyi zaman da
baş vermişdi. Onlar sonra Yerevana və Bakıya səfər
etməli idilər. Məhz fevralın 12-də erməni
silahlı dəstələri tərəfindən
Şuşanın Malıbəyli və Quşçular kəndləri
qarət edilmiş və yandırılmış, təkcə
Malıbəylidə 50 nəfər
öldürülmüş, yaralanmış və əsir
götürülmüşdür. Həmin günlərdə
Azərbaycan qüvvələri Xocalı sakinlərinin köməyinə
çata bilmədi, hətta meyitlərin götürülməsi
belə mümkün olmadı. Bu zaman isə ermənilər
vertolyotlarla, ağ geyimli xüsusi qruplarla meşələrdə
gizlənmiş insanların axtarışını aparır,
aşkar edilənləri əsir götürür,
öldürür və işgəncələrə məruz
qoyurdular.
Fevralın
28-də tərkibində yerli jurnalistlər də olan qrup 2
vertolyotla azərbaycanlıların həlak olduqları yerə
çata bildilər. Gördükləri mənzərə
hamını dəhşətə gətirdi: ətraf cəsədlərlə
dolu idi. İkinci vertolyotun havadan mühafizəsinə
baxmayaraq, ermənilərin güclü atəşi altında
ancaq 4 meyiti götürmək mümkün oldu.
Martın
1-də yerli və xarici jurnalistlərin iştirakı ilə
hadisə yerində daha da dəhşətli vəziyyət
müşahidə olunmuşdur. Meyitlərin skalplarının
götürülməsi, qulaqlarının və digər
orqanlarının kəsilməsi, gözlərinin
çıxardılması, ətrafların kəsilməsi,
çoxsaylı bıçaq və güllə yaraları,
ağır texnika ilə əzilmələr, yandırılma
halları aşkar edilmişdir.
1992-ci il
fevralın 25-dən 26-na keçən gecə erməni
silahlı dəstələri SSRİ dövründə Xankəndi
şəhərində yerləşdirilmiş 366-cı
motoatıcı alayının zirehli texnikasının və hərbi
heyətinin köməkliyi ilə Xocalı şəhərini
zəbt etdilər. Hücumdan əvvəl,
fevralın 25-də axşamdan şəhər toplardan və
ağır zirehli texnikadan şiddətli atəşə
tutulmağa başlamışdır. Nəticədə şəhərdə
yanğınlar baş vermiş və fevralın 26-da səhər
saat 5 radələrində şəhər tam alova
bürünmüşdür. Belə bir vəziyyətdə,
erməni əhatəsində olan şəhərdə
qalmış təqribən 2500 nəfər əhali
yaxınlıqdakı azərbaycanlılar məskunlaşmış
Ağdam rayonunun mərkəzinə çatmaq ümidi ilə
şəhəri tərk etməyə məcbur
olmuşdur. Ancaq bu niyyət
baş tutmadı. Şəhəri yerlə yeksan etmiş erməni
silahlı dəstələri və motoatıcı alayın hərbçiləri
dinc əhaliyə divan tutdular. Bu qırğının nəticəsində
613 nəfər həlak olmuşdur, onlardan 63 nəfəri
uşaqlar; 106 nəfəri qadınlar; 70 nəfəri qocalar
idi. Səkkiz ailə tamamilə məhv edilmiş, 25 uşaq hər
iki valideynini, 130 uşaq isə valideynlərindən birini
itirmişdir. Həmin gecə 487 nəfər yaralanmışdır,
onlardan 76 nəfəri uşaqlar idi. 1275 nəfər əsir
götürülmüşdür. 150 nəfər itkin
düşmüşdür. Dövlətin və əhalinin əmlakına
həmin tarixinin məzənnəsi ilə 5 milyard rubl dəyərində
ziyan vurulmuşdur. Bu rəqəmlər Ermənistan SSR-nin dəstəyi
və SSRİ rəhbərliyinin səhlənkarlığı
ilə 1988-ci ildə başlanmış və Azərbaycan
SSR-nin tərkib hissəsi olan Dağlıq Qarabağ Muxtar
Vilayətinin Ermənistana birləşdirilməsi
iddiasının gerçəkləşdirilməsi əsasında
yaranmış Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsinin dəhşətlərindən
xəbər verir.
Xarici mətbuat Xocalı qətliamı
barədə
“Krual’Eveneman” jurnalı (Paris), 1992-ci
il, fevral: “Ermənilər Xocalıya hücum etmişlər.
Bütün dünya eybəcər hala salınmış
meyitlərin şahidi oldu. Azərbaycanlılar minlərlə
ölənlər barədə xəbər verirlər”.
“Sandi Tayms” qəzeti (London), 1 mart
1992-ci il: “Erməni əsgərləri minlərlə ailəni
məhv etmişlər”.
“Faynenşl Tayms” qəzeti (London), 9
mart 1992-ci il: “Ermənilər Ağdama tərəf gedən dəstəni
güllələmişlər. Azərbaycanlılar 1200-ə qədər
cəsəd saymışlar. Livanlı kinooperator təsdiq
etmişdir ki, onun ölkəsinin varlı daşnak icması
Qarabağa silah və adam göndərir”.
“Tayms” qəzeti (London), 4 mart 1992-ci
il: “Meyitlərin çoxu eybəcər hala
salınmışdır, körpə qızın ancaq
başı qalmışdır”.
“İzvestiya” qəzeti (Moskva), 4 mart
1992-ci il: “Videokamera qulaqları kəsilmiş uşaqları
göstərdi. Bir qadının sifətinin yarısı kəsilmişdi.
Kişilərin skalpları götürülmüşdü”.
“Faynenşl Tayms” qəzeti (London), 14
mart 1992-ci il: “General Polyakov bildirmişdir ki, 366-cı
alayın 103 nəfər erməni hərbçisi
Dağlıq Qarabağda qalmışdır”.
“Le Mond” qəzeti (Paris), 14 mart 1992-ci
il: “Ağdamda olan xarici jurnalistlər Xocalıda
öldürülmüş qadın və uşaqlar
arasında skalpları götürülmüş,
dırnaqları çıxardılmış 3 nəfəri
görmüşlər. Bu, azərbaycanlıların təbliğatı
deyil, reallıqdır”.
“İzvestiya” qəzeti (Moskva), 13 mart
1992-ci il: Mayor Leonid Kravets: “Mən şəxsən təpədə
yüzə yaxın meyit gördüm. Bir oğlanın
başı yox idi. Hər tərəfdə xüsusi qəddarlıqla
öldürülmüş qadın, uşaq, qocalar
görünürdü”.
“Valeraktuel” jurnalı (Paris), 14 mart
1992-ci il: “Bu ”muxtar regionda" erməni silahlı dəstələri
Yaxın Şərqdən çıxmışlarla birlikdə
müasir texnikaya, o cümlədən vertolyotlara malikdirlər.
ASALA-nın Suriya və Livanda hərbi düşərgələri
və silah anbarları vardır. Ermənilər yüzdən
artıq müsəlman kəndində qırğınlar
törədərək Qarabağdakı azərbaycanlıları
məhv etmişlər.
İngiltərənin “Fant mennyus”
teleşirkətinin jurnalisti R.Patrik
(hadisə yerində olmuşdur): “Xocalıdakı vəhşiliklərə
dünya ictimaiyyətinin gözündə heç nə ilə
haqq qazandırmaq olmaz”.
Xocalı
soyqırımında 366-cı alayın rolunu xüsusi qeyd etmək
lazımdır.
Erməni
silahlı dəstələri və 366-cı motoatıcı
alayın Azərbaycanın yaşayış məntəqələrinin
atəşə tutulmasında iştirak etmiş üzvləri
Xocalı şəhərində törədilmiş vandalizmin
əsas iştirakçılarıdır. Bu alay Şuşa və
Xocalının, Azərbaycanın kəndlərinin atəşə
tutulmasında dəfələrlə iştirak etmişdir.
Alaydan qaçmış hərbiçilərin ifadələri
bu faktları sübut edir və hərbi hissənin şəxsi
heyətinin mənəvi durumu və münasibətləri
haqqında təsəvvür yaradır. Hadisədən dərhal
sonra 366-cı alayın təcili surətdə Xankəndidən
çıxarılması da iz itirmək məqsədi
güdür. Hərbi hissənin
komanda heyətinin mənəviyyatsızlığı o həddə
çatmışdır ki, guya əhalinin müqaviməti ilə
rastlaşdıqlarına görə alayın sərbəst
çıxarılmasını təmin edə bilmədilər.
Bu məqsədlə Gəncədə yerləşən
desant diviziyasının qüvvələri cəlb edilməli
oldu. Ancaq bu qüvvələr gələnədək
alayın 103 nəfəri – əsasən ermənilərdən
ibarət olan və qırğında iştirak edən hərbçilər,
guya əmrə tabe olmaqdan boyun qaçıraraq Qarabağda
qaldılar. Alayın komandanlığının cinayət
sövdələşməsi və alayın
çıxarılmasına məsul olan digər şəxslərin
məsuliyyətsizliyi nəticəsində hərbi
texnikanın bir hissəsi, o cümlədən zirehli texnika ermənilərə
təhvil verildi. Beləliklə, gələcəkdə Azərbaycana
qarşı cinayətlərin törədilməsi,
separatçılıq hərəkətlərinin davam etdirilməsinə
rəvac verildi. Bunun özü də Xocalı
soyqırımında birbaşa iştirakın
sübutudur! Xocalı
soyqırımında iştirak etmiş ermənilərin və
onların köməkçilərinin hərəkətləri
insan haqlarının kobud pozulması, beynəlxalq hüquqi
aktlara – Cenevrə Konvensiyasına, Ümumdünya İnsan
Haqları Bəyannaməsinə, Vətəndaş və
siyasi hüquqlar barədə Beynəlxaq Sazişə,
Fövqəladə vəziyyətlərdə və hərbi
münaqişələr zamanı qadınların və
uşaqların müdafiəsi barədə Bəyannaməyə
məhəl qoyulmamasıdır.
Xocalı
qaçqınlarının söylədiklərinə görə,
şəhərə hücumda 366-cı alayının hərbiçiləri
iştirak edirdi, hətta onlardan bəziləri şəhərə
də girmişdilər.
Hücumun
gedişatı – Xocalı fevralın 25-də saat 23-dən
toplardan atəşə tutulmağa başlanmışdır.
İlk növbədə yaşayış massivində yerləşən
kazarma və müdafiə nöqtələri
dağıdılmışdı. Piyada hissələr şəhərə
fevralın 26-da saat 1-4 arası girmişdir. Sonuncu müdafiə
nöqtəsi saat 7-də məhv edilmişdir. Şəhərin
gülləbaranı nəticəsində dinc əhalinin
külli miqdarda əmlakı
dağıdılmışdır.
Erməni tələsi
Ağdam
və Bakıda “Memorial” Hüquq-Müdafiə Mərkəzinin
müşahidəçiləri Xocalıya hücum zamanı
şəhəri tərk etmiş 60 nəfəri sorğu-sual
etmişlər. Soruşulanlardan ancaq biri söyləmişdir
ki, dəhliz barədə məlumatı olmuşdur. Həmin dəhlizlə
qaçan əhali Azərbaycanın Ağdam rayonuna qovuşan
ərazisində gülləyə tutulmuş və nəticədə
çoxlu sayda insan həlak olmuşdur.
Şəhərdən
qaçan sakinlər hətta zəruri əşyalarını
belə götürə bilməmişdilər. Erməni
silahlı qüvvələrinin Xocalıdan
çıxardıqları sakinlər də əmlaklarından
heç nəyi götürməmişdilər. Memorialın
müşahidəçiləri şəhərdə
azğın, heç nə ilə qarşısı
alınmayan soyğunçuluğun şahidi olmuşlar. Şəhərdə
qalan əmlak Stepanakert və yaxınlıqdakı
yaşayış məntəqələrinin əhalisi tərəfindən
talan olunurdu. Çox evlərin darvazalarında onların yeni
sahiblərinin adları yazılmışdır.
“Memorial”
Hüquq-Müdafiə Mərkəzi təsdiq edir ki,
Xocalıya hücum zamanı erməni silahlı dəstələrinin
dinc əhaliyə qarşı hərəkətləri Cenevrə
Konvensiyasına, həmçinin Ümumdünya İnsan
Haqları Bəyannaməsinin (BMT-nin Baş Assambleyası
10.12.1948-ci ildə qəbul etmişdir) aşağıdakı
maddələrinə kobud qaydada ziddir:
Maddə
2. Hər bir şəxs dilindən, dinindən, milliyyətindən
və digər səbəbdən, fərq qoyulmadan bu Bəyannamədə
təsbit olunmuş bütün hüquq və azadlıqlara
malik olmalıdır.
Maddə
3. Hər kəsin yaşamaq, azadlıq və şəxsi
toxunulmazlıq hüququ vardır.
Maddə
5. İnsan ləyaqətini alçaldan, insaniyyətlikdən
kənar və qəddar hərəkətlər
qadağandır.
Maddə
9. Özbaşına həbslər, saxlanılmalar və ya
qovulmalar qadağandır.
Maddə
17. Hər bir insanın əmlaka malik olma hüququ vardır və
insanın əmlakdan özbaşına məhrum edilməsi
qadağandır.
Şahidlərin ifadələri
Qaradağlı sakini İlqar
Əliyevin açıqlaması:
– Ermənilər
Qaradağlını tutandan sonra əsir və girov
götürdükləri kənd sakinlərindən 33 nəfərini
öldürdülər. Sonra öldürdükləri
qadın və uşaqların cəsədlərini kənd
yaxınlığındakı Bəylik bağı adlanan yerdə
“silos” quyusuna töküb, üzərini torpaqladılar... Onlar
kənd sakinlərini güllələyir, hələ ölməmiş
adamları isə quyuya doldururdular...
Mənimlə
birlikdə yüzdən artıq Qaradağlı sakini girov
götürülmüşdü. Yolda dəhşətli
işgəncələrlə qarşılaşdıq. Ermənilər
iki kənd sakininin başını toxmaqla yararaq, onları əzabla
öldürdülər. Bizi əvvəlcə Lingin kəndinə
gətirdilər. Orada üç nəfəri, Malıbəylidə
isə 12 nəfəri güllələdilər. Malıbəylidə
hamını maşınlardan töküb, piyada Xankəndinə
qədər apardılar. Yol boyu ermənilərin təhqirləri
ilə qarşılaşırdıq... Xankəndidə yerləşən
həbsxanada 8 Qaradağlı sakini acından öldü.
Ermənilər
fevralın 26-da Xocalını işğal edəndə Xankəndidə
həbsxanada idim. Həmin gün yüzdən artıq
adamı bu həbsxanaya gətirdilər. Sonra bildim ki, onlar
Xocalı sakinləridir və bu şəhər də
işğal olunub. Səhəri gün gözümün
qabağında 60-a yaxın Xocalı sakininin başını
kəsdilər. Onların arasında uşaq və qadınlar
da var idi".
Qaradağlı sakini Oruc Əliyev:
– Məni fevralın 17-də əsir götürdülər. Yolda qohumlarımın yarısını öldürdülər. Xankəndidəki həbsxanada isə dişlərimi zorla çəkdilər. Əsirlikdə olduğumuz müddətdə hər gün ermənilər tərəfindən döyülür və işgəncəyə məruz qalırdıq...
Martın 17-də Allahverdi Bağırovun köməyi ilə dəyişdirildim. Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələri həmin günə qədər bir dəfə də olsun xəstəxanaya gəlmədilər...
Ermənilər sağlam azərbaycanlı əsir və girovların daxili orqanlarını satırdılar. Bunu əvvəlcədən tanıdığım ermənilər də mənə demişdilər.
(ardı var)
Murtəza
HƏSƏNOV,
Azərbaycan Respublikasının
Prezidenti yanında Dövlət İdarəçilik
Akademiyasının baş müəllimi,
siyasi elmlər üzrə fəlsəfə doktoru
Xalq qəzeti.- 2015.- 25 fevral.- S.9.