Xocalı soyqırımının qurbanları

xarici ölkələrdə yad edilmişdir

 

ABŞ

 

İndiana ştatının paytaxtı İndianapolis şəhərində ştatın qanunvericilik orqanı üzvləri və “Azərbaycanın Dostları Assambleyası”nın (AFAZ) birgə təşkilatçılığı ilə Xocalı qətliamının ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbirdə çoxsaylı İndiana Senatı və Nümayəndələr Palatasının üzvləri, onların ofislərinin təmsilçiləri, Azərbaycanın ABŞ-dakı səfirliyinin əməkdaşları, həmçinin Amerikada Azərbaycan icmasının nümayəndələri iştirak etmişdir.

Tədbirdə çıxış edən İndiana qanunverici orqanın nümayəndələri Azərbaycana qarşı hələ də davam edən təcavüzdən, Xocalıda yüzlərlə günahsız insanın misli görünməyən qəddarlıqla qətlə yetirilməsindən danışıblar.

Xocalı soyqırımının tanınması ilə bağlı keçən il İndiana ştatı Senatı tərəfindən qəbul edilmiş qətnamənin əsas müəllifi olan Senat çoxluğunun lideri, respublikaçı senator Brent Hershman danışaraq, Xocalı faciəsini törədənlərin hələ də lazımi cəzasını almadıqlarından təəssüfləndiyini bildirərək deyib: “On illər keçdikdən sonra biz həyatlarını Vətən yolunda qurban vermiş qəhrəmanlarımızın xatirəsini yad etdiyimiz kimi, Xocalı qurbanlarının da xatirəsini yad edirik”.  O, Azərbaycanın terrorçuluğa qarşı mübarizədə ABŞ-ın mühüm müttəfiqi olduğunu vurğuladı.

Nümayəndələr Palatası demokratlarını təmsil edən Kristina Heyl Azərbaycanda olduqda Xocalı faciəsi barədə həqiqətlərlə tanış olduğunubu qətliam barədə faktların onu dəhşətli dərəcədə sarsıtdığını söyləyib.  “Xocalıda həmin fevral gecəsi qətlə yetirilənlər arasında bir çox uşağın olması qəlbimi parçalayır, çünki bu uşaqların gələcəklərinə qəddarcasına son qoyulub”, – deyə natiq bildirib.

İki ölkə arasındakı münasibətləri müsbət xarakterizə edən natiqlər bu kimi tədbirlərin Amerika cəmiyyətinin dost ölkə olan Azərbaycanın çətinlikləri barədə məlumatlandırılmasında vacib rolunu vurğulayıblar. Eyni zamanda, Azərbaycan Respublikası və İndiana ştatı arasında əlaqələrin daha da inkişaf etməsi üçün potensial imkanlar olduğunu bildiriblər.

Tədbirdə iştirak edən Azərbaycan Respublikasının ABŞ-dakı səfirliyinin müşaviri Məmməd Talıbov Xocalının işğalı zamanı Ermənistan silahlı qüvvələri tərəfindən şəhərin yüzlərlə günahsız sakininin qəddarcasına məhv edildiyini, bunun Ermənistan tərəfinin Azərbaycanın işğal olunmuş ərazilərində məqsədyönlü etnik təmizləmə apardığının daha bir sübutu olduğunu söyləyib. Azərbaycanlı diplomat bu tədbirin vacibliyindən danışaraq İndiana ştatının Xocalı soyqırımını rəsmi tanıyan ştatlar sırasında olduğuna görə tədbirə qatılmış İndiana rəsmilərinə təşəkkürünü bildirib. O, Xocalı qətliamının beynəlxalq ictimaiyyət tərəfindən tədricən tanınmasının bu kimi faciələrin gələcəkdə baş verməsinin qarşısını almağa doğru atılan addım kimi qiymətləndirib. O, habelə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn prinsipləri və bu münaqişə ilə bağlı beynəlxalq təşkilatlar çərçivəsində qəbul olunmuş müvafiq sənədlər əsasında həll olunması məqsədilə səylərin artırılmasının vacibliyini vurğulayıb.

Diplomat iki ölkə arasında münasibətlərin strateji xarakter daşıdığını, Azərbaycanın terrorçuluğa qarşı mübarizə, enerji təhlükəsizliyi və digər sahələrdə ABŞ üçün önəmini qeyd edib.

 

Yusif BABANLI,

AzərTAc-ın xüsusi müxbiri

Vaşinqton

 

Çin

 

Azərbaycanın Çindəki səfirliyində Xocalı faciəsinin ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.

Tədbir iştirakçıları əvvəlcə faciəni əks etdirən fotostend, habelə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq təbliğat-təşviqat kampaniyası çərçivəsində çap edilmiş bukletlər, posterlər, plakatlar, habelə Xocalı mövzusunda kitablardan ibarət sərgi ilə tanış olublar.

Bu ölkədə yaşayan soydaşlarımızın və azərbaycanlı tələbələrin, Türkiyənin Pekindəki hərbi attaşe aparatı əməkdaşlarının qatıldıqları tədbirdə Xocalı şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

İyirmi üç il əvvəl Xocalıda erməni millətçilərinin törətdikləri vəhşiliklər haqqında danışan Azərbaycanın Çindəki səfirliyinin müşaviri Mətin Mirzə bildirib ki, Xocalıda baş verənlər təkcə Azərbaycan xalqına qarşı soyqırımı deyil, bəşəriyyət, insanlıq əleyhinə törədilmiş qanlı cinayət idi.  Böyük Ermənistan” dövləti yaratmaq barədə xəstə xülyanın əsiri olan erməni qəsbkarları xalqımıza qarşı törətdikləri bu növbəti kütləvi qırğın 613 nəfərin, o cümlədən 106 qadının, 63 uşağın, 70 qocanın həyatına son qoydu. Soyqırımı zamanı insanlar xüsusi qəddarlıqla öldürülüb, diri-diri yandırılıb, başlarının dərisi soyulub, bədən əzaları və başları kəsilib, gözləri çıxarılıb, hamilə qadınların qarnı süngü ilə deşik-deşik edilib.

Diplomat Xocalı faciəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, onun soyqırımı kimi tanınması üçün məqsədyönlü və ardıcıl fəaliyyət göstərildiyini diqqətə çatdırıb.

Səfirliyin birinci katibi Fariz Məmmədov “Xocalıya ədalət!” kampaniyası çərçivəsində 3 il əvvəl Çin dilində yaradılan internet səhifələrinin fəaliyyəti barədə danışıb. Bildirib ki, Xocalı soyqırımı ilə bağlı ölkəmizdə və xaricdə keçirilən tədbirlər barədə xəbərlər Çin dilinə tərcümə olunaraq sayta yerləşdirilir. Bu istiqamətdə AzərTAc-ın Çin dilindəki xəbərlərindən də geniş istifadə edilir.

Sonda Xocalı hadisələrindən bəhs edən videofilm nümayiş olunub.

 

Şahin CƏFƏROV,

AzərTAc-ın xüsusi müxbiri

Pekin

 

Meksika

 

Meksikanın Anahuac Universitetinin beynəlxalq münasibətlər fakültəsində Xocalı soyqırımının 23-cü ildönümü ilə əlaqədar konfrans keçirilib.

Azərbaycanın Meksikadakı səfirliyindən bildiriblər ki, universitetin professoru Xuan Manuel Ferezin təşkilatçılığı ilə keçirilmiş tədbirdə ali təhsil ocağının müəllim-tələbə heyəti iştirak edib.

Xuan Manuel Ferez Azərbaycanın üzləşdiyi işğalçılıq və etnik təmizləmə siyasətinin tarixi mərhələləri və bu kontekstdə ermənilərin Azərbaycana köçürülməsi tarixi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin təfərrüatları, Xocalı soyqırımı, habelə münaqişəyə dair BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri və ATƏT-in Minsk qrupunun fəaliyyəti barədə məlumat verib.

Azərbaycanın Meksikadakı səfiri İlqar Muxtarov çıxış edərək Ermənistanın işğalçılıq siyasəti və Xocalı soyqırımından bəhs edib.

Tədbirdə Azərbaycanın tarixi ərazisi və sərhədləri, strateji-coğrafi mövqeyi, Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti və dünya demokratiya tarixinə töhfələri, Azərbaycanda sovet hakimiyyəti illəri, xalqımızın öz istiqlaliyyəti uğrunda mübarizəsi, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin Ermənistan tərəfindən işğalı və bu ərazilərdə Azərbaycanın tarixi və mədəni irsinin məhvi, Xocalı soyqırımının təfərrüatları, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə əlaqədar aparılan danışıqlar prosesi mövzularında səfirlik tərəfindən slayd-təqdimat edilib.

Bundan başqa, konfrans iştirakçılarına səfirlik tərəfindən ispan dilində hazırlanmış “Xocalıda soyqırımı” jurnalı paylanıb.

Konfransın yekununda səfir İ. Muxtarov tədbir iştirakçılarının suallarını cavablandırıb. Universitetin kitabxanasına Azərbaycanın tarixi və mədəniyyəti, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə müxtəlif çap materialları hədiyyə edilib.

 

Braziliya

 

Xocalı soyqırımının 23-cü ildönümü ilə əlaqədar Azərbaycanın Braziliyadakı səfirliyi Rio-de-Janeyro Federal Universiteti ilə birgə bu ali təhsil müəssisəsində “Hərbi münaqişələrin həllində qanun aliliyinin və ədalətin rolumövzusunda tədbir keçirib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, tədbirdə Rio-de-Janeyro Federal Universitetinin professor və tələbə heyəti, Rio-de-Janeyro şəhərinin ictimai-siyasi, elmi-akademik dairələrinin və Azərbaycan icmasının nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən Azərbaycanın Braziliyadakı səfiri Elnur Sultanov Xocalı soyqırımı haqqında məlumat verərək, bu cinayətin müəllifləri, onun kvalifikasiyası və ona münasibətdə beynəlxalq hüquqi məsuliyyətin müəyyənləşdirilməsi barədə danışıb. O, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə bir çox ölkələrdə, o cümlədən Braziliyada həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq kampaniyasından bəhs edib.

Rio-de-Janeyro Federal Universitetinin professoru Aleksandr Jebit Xocalı soyqırımı ilə bağlı həqiqətlərin Braziliyada yayılmasında bu tədbirin önəmini vurğulayaraq, erməni təcavüzü nəticəsində Azərbaycanın qarşılaşdığı ağır vəziyyət barədə danışıb.

Sonra səfir E.Sultanov Xocalı faciəsi, Ermənistan-Azərbaycan münaqişəsinin tarixi, mahiyyəti, münaqişənin həlli üzrə danışıqlar prosesi və digər məsələlər barədə sualları cavablandırıb.

Tədbirin sonunda iştirakçılara Xocalı soyqırımı haqqında portuqal dilində materiallar təqdim olunub.

 

AzərTAc

 

Xalq qəzeti.- 2015.- 26 fevral.- S.1.