Sənət əsərləri
soyqırımı
həqiqətlərini dünyaya
çatdırır
Xocalı soyqırımı
haqqında həqiqətlərin dünya xalqlarına
çatdırılması, bəşəriyyətə
qarşı ən böyük cinayətlərdən biri olan
bu faciə haqqında beynəlxalq miqyasda dolğun təsəvvürlərin
formalaşdırılmasında milli sənət nümunələrimizin
rolu olduqca böyükdür. Bu dəhşətli faciəyə sənətkarlarımızın həsr
etdikləri kino,
musiqi, teatr və rəsm əsərləri dünyanın böyük şəhərlərində
nümayış etdirir, sərgilər təşkil olunur, kino gecələri keçirilir,
teatr tamaşaları nümayiş
etdirilir.
Bu tədbirlərin təşkilində Heydər Əliyev Fondunun müstəsna xidmətləri vardır. Fondun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə hələ 2008-ci il mayın 8-də elan olunmuş “Qarabağa azadlıq - Xocalıya ədalət!” tədbirlər silsiləsi Xocalı soyqırımı haqqında həqiqətlərin dünyaya çatdırılmasında, bu faciənin Azərbaycan xalqına qarşı soyqırımı aktı kimi beynəlxalq aləmdə tanıdılmasında böyük rol oynamışdır. Xocalı faciəsinin beynəlxalq aləmdə soyqırımı kimi qəbul edilməsi istiqamətində həyata keçirilən “Xocalıya ədalət!” kampaniyası öz bəhrəsini verməkdədir.
Bu il Xocalı soyqırımı ilə bağlı xarici ölkələrdə keçirilən tədbirlərin daha geniş miqyas alacağı nəzərdə tutulmuşdur. Demək olar ki, xaricdəki diaspor təşkilatları, səfirliklərimiz keçirdikləri tədbirlərdə Xocalı faciəsi ilə bağlı sənət əsərlərinə daha çox üstünlük verirlər. Çünki bu əsərlər faciəni bütünlüklə qavramaq imkanı yaradır.
Azərbaycanın Yunanıstandakı səfirliyi Afinanın mərkəzi kinoteatrlarından birində Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş “Xoca” bədii filminin nümayişini təşkil etmişdir. Azərbaycanın Yunanıstandakı səfiri Rəhman Mustafayev filmin nümayişindən əvvəl çıxış edərək bildirmişdir ki, Azərbaycan kinosu Yunanıstana və onun paytaxtı Afinaya ilk dəfə gəlmir. O demişdir: “Biz ötən illərin kinofestivallarında uğurla iştirak etmişik, lakin bu gün qeyri-adi film nümayiş etdiririk.”
* * *
Lüksemburqda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın rəhbərliyi ilə müvəffəqiyyətlə həyata keçirilən “Justice for Khojaly!” (Xocalıya ədalət!) beynəlxalq təbliğat-təşviqat kampaniyası çərçivəsində “Endless Corridor” (“Sonsuz dəhliz”) sənədli filminin nümayişi və “Khojaly Witness of a war crime - Armenia in the Dock” (“Müharibə cinayətinin Xocalı şahidi. Ermənistan müttəhim kürsüsündə”) adlı kitabın təqdimatı keçirilib.
Əvvəlcə Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) Fransadakı nümayəndəliyinin direktoru Mariya-Laetitia Gordin çıxış edib. O, Avropa Azərbaycan Cəmiyyətinin “Xocalıya ədalət!” kampaniyası çərçivəsində bu cür silsilə tədbirləri təşkil etməkdən qürur duyduğunu bildirib. “Xocalıya ədalət!” təbliğat-təşviqat kampaniyasının 2008-ci il mayın 8-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə yaradıldığını xatırladan natiq vurğulayıb ki, məqsəd dünya ictimaiyyətini Xocalı dəhşətləri haqqında məlumatlandırmaqdır.
Film erməni təcavüzünün qorxunc nöqtəsini üzə çıxaran Xocalı qırğınının ağlagəlməz dəhşətlərini əks etdirən sənədli lent yazılarında qurulub. Filmdə litvalı jurnalist Riçard Lapaitis o vaxtdan bəri unuda bilmədiyi hekayəti Dağlıq Qarabağ münaqişəsi və Xocalı faciəsini iyirmi ildən sonra hərbi müxbir kimi nəql edir. R.Lapaitis Xocalı faciəsindən sağ çıxanlarla yenidən görüşür və ermənilərin atəşi altında “Sonsuz dəhliz” də özünə nicat yolu axtararkən yaxınlarını itirənlərin ürək dağlayan hekayətlərini dinləyir.
* * *
Xocalı soyqırımının 23-cü ildönümü ilə əlaqədar Türkiyənin Adana Böyükşəhər Bələdiyyəsinin konsert salonunda Çukorova Dövlət Simfonik orkestrinin müşayiətilə “Türkiyə-Azərbaycan dostluq konserti” adlı simfonik musiqi gecəsi keçirilib. Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumatda deyilir ki, konsertdə Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti, professor Firəngiz Əlizadənin “İntizar” operasından seçmələr, eləcə də bəstəkarın digər əsərlərindən parçalar səsləndirilib.
Tədbirdə Azərbaycan Respublikasının Ankaradakı səfirliyinin, Adana Böyükşəhər Bələdiyyəsinin nümayəndələri, Adana Azərbaycan Kültür və Dayanışma Dərnəyinin sədri Yaqub Bulut, təşkilatın sədr müavini, həmçinin Türkiyə - Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF) sədr müavini, əməkdar incəsənət xadimi Cahangir Novruzov və digər qonaqlar iştirak ediblər.
Konsertdən sonra Yaqub Bulut və Cahangir Novruzov mətbuat nümayəndələri üçün brifinq keçiriblər.
Brifinqdə Xocalı soyqırımı və onun nəticələri barədə iştirakçılara ətraflı məlumat verilib. Bildirilib ki, soyqırımının törədilməsindən 23 il keçməsinə baxmayaraq, dünya ictimaiyyəti, beynəlxalq təşkilatlar hələ də faciəyə laqeyd münasibət göstərərək susurlar.
Təşkilat rəhbərləri soyqırımının ildönümü ilə əlaqədar fevralın 27-də Çukurova Universitetində, Adana Bilim və Texnologiya Universitetində “Həqiqi Xocalı soyqırımı və qondarma erməni soyqırımı” mövzusunda konfransın keçiriləcəyini bildiriblər.
Respublikamızda və onun hüdudlarından kənarda baş tutan rəssamlıq sərgilərində, park və meydanlarda Xocalı faciəsinə həsr olunmuş əsərlərin nümayişi artıq davamlı xarakter almışdır. Bu gün ölkəmizdə və xarici dövlətlərdə bu mövzuda yaradılan sənət əsərlərinin nümayiş etdirilməsinin faciənin yetişməkdə olan nəslin vətənpərvərlik tərbiyəsində önəmli rol oynaması danılmazdır.
* * *
Təsviri sənətimizin bütün sahələrində Xocalı faciəsinə həsr olunmuş yüzlərlə sənət əsərləri yaradılmışdır. Bir çox sənətkarlarımız kimi Xalq rəssamı, heykəltəraş Natiq Əliyevin də Xocalı faciəsinə həsr etdiyi 4 əsəri xarici dövlətlərdə ucaldılmışdır. Hər bir əsər dünya ictimaiyyətinin diqqətini bu qətliama yönəltməkdə əyani vəsait rolu oynayır.
Heykəltəraşın Xocalı qurbanlarının şərəfinə xarici dövlətlərdə ucaltdığı abidələr öz emosionallığı və dinamikliyi ilə seçilir. Mexikoda Xocalı soyqırımı abidəsi, Ankarada və Sarayevoda “Dostluq parkı”nda Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidə, Ankaranın Kızılcahamam rayonunda ucaldılmış Xocalı soyqırımı heykəllərinin müəllifidir.
M. MÜKƏRRƏMOĞLU
Xalq qəzeti.- 2015.- 26
fevral.- S.6.