Şərəfli ömür
yolu
Mirzəyev
Həsən İbrahim oğlu
(Həsən Mirzə) 1927-ci il noyabr ayının 26-da Qərbi Azərbaycanda,
Dərələyəzin Qovuşuq kəndində
anadan olmuşdur.
1948-ci ildə orta məktəbi, 1950-ci ildə
Naxçıvan Dövlət Müəllimlər İnstitutunu, 1955-ci ildə Azərbaycan
Dövlət Pedaqoji Universitetini,
1977-ci ildə Marksizm-Leninizm Universitetini fərqlənmə diplomları ilə
bitirmiş, 1965-ci ildə namizədlik,
1987-ci ildə doktorluq
dissertasiyasını müdafiə etmişdir.
200-dən çox elmi
əsərin, o cümlədən iyirmi beş kitabın
(10-u monoqrafiyadır), 8 tədris proqramının müəllifidir.
Siyasətlə bağlı xeyli (60-dan
artıq) publisistik məqaləsi
vardır. O, 42 monoqrafiya, dərs
vəsaiti, metodik göstəriş və
tədris proqramının elmi redaktoru, 6 bədii əsərin redaktoru, 9 dərslik və dərs vəsaitinin,
bir sıra əsərlərin rəyçisi,
14 elmlər namizədi və elmlər doktorunun
opponenti olmuş, xeyli elmlər doktoru və
elmlər namizədi yetişdirmişdir.
Onun həyat və
yaradıcılığı ilə bağlı 14 cilddən
ibarət külliyyatı nəşr olunmuşdur.
Yazdığı kitablar haqqında mütəxəssislərin 40-dan artıq müsbət rəyi çap olunmuşdur. Respublikanın 70-dən çox şairi onun şəxsiyyətinə və yaradıcılığına 100-dən artıq şeir və 2 poema həsr etmişdir.
Uzun illər Azərbaycan Dövlət Pedaqoji Universitetində, Azərbaycan Milli EA-nın Dilçilik İnstitutunda, Bakı Dövlət Universitetində dilçilik üzrə ixtisaslaşdırılmış müdafiə şurasının üzvü olmuşdur. Ömrünün 45 ilini ali məktəb auditoriyalarında mühazirə oxuyan Həsən müəllim 55 ildən artıq əmək fəaliyyəti dövründə bir çox vəzifələrdə çalışmışdır. O, bir çox qurultay və konfranslara nümayəndə seçilmiş, simpozium və konfransların iştirakçısı olmuşdur.
Respublika ali məktəb əlaçısı, Əmək veteranı, YAP Siyasi Şurasının, Yazıçılar və Jurnalistlər birliklərinin üzvü olmuşdur. “91-lər”in ağsaqqallarından biri, “Şöhrət” ordenli Həsən Mirzəyev xeyli müddət Respublika Ağsaqqallar Şurasının sədr müavini kimi fəaliyyət göstərmişdir. 1959-cu ildə kənd sovetinə, 1990-cı ildə Bakı Şəhər Sovetinə, 1995-ci ildə birinci çağırış 2000-ci ildə ikinci çağırış, Azərbaycan Respublikası Milli Məclisinə deputat seçilmiş, parlamentdə təhsil, etika və toponimika komissiyalarının üzvü olmuşdur. O, ikinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk sessiyasının (Milli Məclisin sədri seçilən iclasın) sədri olmuşdur. Təcrübəli siyasətçi, nüfuzlu ictimai və dövlət xadimi olan Həsən Mirzəyev 1998-ci ildə Məşhəd, 2000-ci ildə Həcc ziyarətində olmuşdur.
Həsən Mirzəyev türkologiya sahəsində feil mövzusunun görkəmli tədqiqatçısı olmuşdur. O, feil bəhsini işləməklə türkologiya sahəsində mübahisəli olan bir sıra məsələlərə aydınlıq gətirmişdir. Feilin əlamətdar cəhətlərini, nitq hissələri arasında yerini, feildə təsirlilik-təsirsizlik kateqoriyasını, təsirli-təsirsiz feillərin leksik-semantik, morfoloji-sintaktik, frazeoloji, üslubi, fonetik xüsusiyyətlərini, feili sifətlərin feil və sifət ilə müştərək və fərqli cəhətlərini, substantivləşməsini və s. kimi bir sıra məsələləri hərtərəfli şəkildə tədqiq etmişdir. Onun bu tədqiqatı nəinki Azərbaycan dilçiliyində, həm də türkologiyada ən dəyərli mənbələrdən birinə çevrilmişdir.Həsən Mirzəyev feilin tədqiqatçısı kimi məktəb yaratmış dilçidir.
Həsən Mirzəyevin elmi fəaliyyəti dilin müxtəlif sahələri və dilçilik elminin müxtəlif bölmələri ilə bağlıdır. Məsələn, sifət və onun xarakterik xüsusiyyətləri, sifətin lüğəvi məna növləri, sifətin quruluşu, sifətin dərəcələri, Azərbaycan dilində söz yuvaları, Dərələyəzdəki şivə sözləri Həsən Mirzəyevin araşdırmalarında nəinki dilçilərin, hətta geniş elmi ictimaiyyətin diqqətini çəkən mövzular olmuşdur.
Həsən Mirzəyevin yaradıcılığında aşıq poeziyasında onomastik vahidləri tədqiq etmək aparıcı istiqamətlərdən biri olmuşdur. O, aşıq yaradıcılığında şəxs adlarını, yer adlarını, su obyektinin adlarını, tayfa adlarını araşdırmaqla milli-mənəvi dəyərlərimizə alim və vətəndaş sədaqətini nümayiş etdirmişdir. Həsən Mirzəyev aşıq yaradıcılığında işlənmiş onomastik vahidlərə tarixi keçmişimizi mühafizə edən bir mənbə kimi yanaşmışdır. Tədqiqatlarında bir daha sübut etmişdir ki, onomastik vahidlər, xüsusilə etnonimlər xalqın etnik mənşəyi və etnogenez məsələlərində əhəmiyyətli rol oynayır. O, etnonimlərin tarixini araşdırmaqla Azərbaycan xalqının etnik tarixi barədə gərəkli elmi nəticələri ortaya qoya bilmişdir. Onomastika sahəsində apardığı tədqiqatların sanbalını artırmaq üçün saysız-hesabsız mənbələrə müraciət etmişdir. Qədim yazılı abidələrə, tarixi sənədlərə, arxiv materiallarına, xəritələrə, lüğətlərə, ensiklopediyalara, elmi və bədii ədəbiyyatlara, dövri mətbuata, dialekt və şivə materiallarına, şifahi xalq ədəbiyyatı nümunələrinə mənbə, gərəkli qaynaq kimi yanaşmışdır.
Həsən Mirzəyevin “Müasir Azərbaycan dilinin morfologiyasından xüsusi seminar”, “Müasir Azərbaycan dilindən ixtisas kursu”, “Azərbaycan dilindən təcrübi məşğələlər” (həmmüəlliflərlə), “Müasir Azərbaycan dilində təsirli və təsirsiz feillər”, “Azərbaycan dilində sadə feillər”, “Azərbaycan dilində feil”, “Aşıq poeziyasında yaşayan adlarımız və tariximiz”, “Dərələyəz mahalının toponim və şivə sözləri”, “Qərbi Azərbaycanın Dərələyəz mahalı” və s. kitabları filologiya sahəsində hadisədir. “Dərələyəz mahalının toponim və şivə sözləri”, “Qərbi Azərbaycanın Dərələyəz mahalı” kitabları bu vətənpərvər alimin vətəndaşlıq xidmətidir. Bu kitablar və adları yuxarıda qeyd olunan kitablar Azərbaycan xalqına, dilinə, mədəniyyətinə, Azərbaycan dövlətinə və dövlətçiliyinə xidmətdir. Bu xidmət Həsən Mirzəyevin təkcə alimliyindən irəli gəlmir, həm də onun vətənpərvər vətəndaşlığından irəli gəlir. O, vətənpərvər alim kimi ulu öndərə və onun siyasi kursuna ömrünün sonuna qədər sadiq olmuşdur. Bu mənada Həsən Mirzəyev ulu öndərimiz Heydər Əliyevin 18 dekabr 1997-ci il tarixli sərəncamından mənəvi güc alaraq “Qərbi Azərbaycanın Dərələyəz mahalı” kitabını yazmışdır. Sərəncamda göstərilmişdir ki, “Son iki əsrdə Qafqazda azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə və soyqırım siyasəti nəticəsində xalqımız ağır məhrumiyyətlərə, milli faciə və məşəqqətlərə məruz qalmışdır. Mərhələ-mərhələ gerçəkləşdirilən belə qeyri-insani siyasət nəticəsində azərbaycanlılar indi Ermənistan adlandırılan ərazidə min illər boyu yaşadıqları öz doğma tarixi-etnik torpaqlarından didərgin salınaraq kütləvi qətl və qırğınlara məruz qalmış, xalqımıza məxsus minlərlə tarixi-mədəni abidə və yaşayış məskəni dağıdılıb viran edilmişdir”. Məhz sərəncamdakı bu məqamlar Həsən Mirzəyevin tədqiq aparmaq üçün əsas amalına, məqsədinə çevrilmişdir. O, həm alim həm də bir tanınmış ictimai xadim, pedaqoq, Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü kimi fəal iş aparmışdır. Ümummilli liderimiz Heydər Əliyevin şəxsiyyəti və dövlət adamı kimi fəaliyyəti Həsən Mirzəyev üçün hər şey idi. Belə məqamda ədəbiyyat üzrə Nobel mükafatçısı Moris Meterlinkin belə bir fikri yada düşür: “... İnsan hər şey deməkdir!.. Onun əmrinə müntəzir durmaq və bütün istəklərini yerinə yetirmək lazımdır!.. Həqiqət budur... Mən yalnız bunu qəbul edirəm!.. Yaşasın İnsan!.. İnsan naminə yaşamalı və ölməli!.. İnsan səcdəgahdır!..” Bəli, Həsən Mirzəyev üçün ulu öndərimiz Heydər Əliyev böyük İnsan idi. Ona görə də Heydər Əliyevin apardığı siyasət yolunda Həsən Mirzəyev cəfakeşlərdən biri idi.
Həsən Mirzəyev ulu öndərimiz Heydər Əliyevin siyasi kursunu yüksək səviyyədə davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi müasir dünyanın tələblərinə yüksək səviyyədə cavab verən rəhbər kimi dəyərləndirirdi. Bu rəğbətin mərkəzində inam, etibar, sədaqət dayanırdı. Həsən Mirzəyev inamı, sədaqəti, etibarı öz qələmi, ictimai-siyasi fəaliyyəti ilə sübut edirdi. Bu, onun xarakterini, əqidə sahibi olmasını, ağı qaradan seçə bilməsini, haqqı nahaqqa verməməsini sübut edirdi. O, yaxşı bilirdi ki, harada Heydər Əliyev siyasəti varsa harada bu kursu davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev varsa orada haqq və ədalət var, orada Azərbaycan xalqını zəfər gözləyir. Odur ki, Həsən Mirzəyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 30 mart 2004-cü il tarixli sərəncamından ilhamlanaraq, güc və qüvvət alaraq “Qərbi Azərbaycanın Dərələyəz mahalı” kitabınının növbəti cildini yazdı. Xalqımıza qarşı aparılan soyqırımı və təcavüz siyasətinin iki yüz illik tarixini, erməni tarixçilərinin və ideoloqlarının uydurduğu “böyük Ermənistan” ideyasını, ermənilərin mənfur, təhlükəli siyasətini, müxtəlif yollarla tarixi saxtalaşdırmalarını Qərbi Azərbaycanın Dərələyəz mahalı üzrə araşdırdı. Bu, Heydər Əliyevin ruhu qarşısında, İlham Əliyevin fəaliyyəti yolunda müqəddəs bir işə çevrildi.
Həsən Mirzəyev bir deputat kimi fəaliyyət göstərdiyi dövrlərdə də öz çıxışları və ictimai-siyasi fəaliyyəti ilə Azərbaycan dövlətinin keşiyində dayandı. O, ən fəal deputat kimi müzakirə olunan hər bir məsələyə obyektiv və dövlətin marağına, xalqın mənafeyinə uyğun olan mövqeyini bildirdi.
Həsən Mirzəyev Azərbaycan filologiyasının inkişafında, eyni zamanda ictimai-siyasi düşüncənin irəliyə getməsində, vətəndaş cəmiyyətində kimin kim olduğunu ictimaiyyətə tanıtmaqda obyektiv mövqeyi olan bir ictimai xadim idi. Dərin məsuliyyətlə, böyük məhəbbət və sevgiylə dövlətə və onun taleyüklü məsələlərinə bağlı olan Həsən Mirzəyevə olan diqqət, qayğı bir örnək kimi məmnunluq doğurur. Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilməsi, Əməkdar elm xadimi fəxri adına layiq görülməsi, Azərbaycan Respublikasının ali mükafatlarından olan “Şöhrət” ordeni ilə təltif olunması dövlət tərəfindən ona olan qayğı və diqqətin bariz nümunəsidir.
Tanınmış ictimai xadim və pedaqoq, Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Əməkdar elm xadimi, filologiya üzrə elmlər doktoru, professor, sabiq deputat, “Şöhrət” ordenli Həsən İbrahim oğlu Mirzəyevin 2015-ci il fevralın 25-də ömrünün 88-ci ilində vəfat etməsi elmi-pedaqoji və ictimai həyatımız üçün böyük itkidir. Mərhum ikinci Fəxri xiyabanda dəfn olunmuşdur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin, tanınmış ictimai-siyasi xadimlərin imzaladıqları nekroloq bir daha dövlətimizin görkəmli pedaqoq, dilçi alim və xeyirxah insan Həsən Mirzəyevin xidmətinə və xatirəsinə ehtiramın nümunəsidir.
Buludxan XƏLİLOV,
filologiya üzrə elmlər doktoru,
professor
Xalq qəzeti.- 2015.-
28 fevral.- S.6.