Xətai rayonu: qarşıda duran vəzifələr

daha böyük məsuliyyət tələb edir

 

Bu gün müstəqil Azərbaycan təkcə regionun deyil, həm də dünyanın sabit inkişaf tempinə malik, möhkəm  və qüdrətli dövlətinə çevrilməkdədir. Tarixə qovuşan hər il ölkəmizin həm iqtisadi, həm siyasi, həm də mədəni həyatına öz töhfələrini verməklə onun qüdrətini daha da artırır, xalqımızın sosial rifah halı durmadan yaxşılaşır, ölkənin şəhər və qəsəbələri, kəndləri sürətlə dəyişir, müasirləşir və əsl mənada gözəlləşir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2014-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2015-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında qeyd olunduğu kimi, sürətli inkişaf dövrünü yaşayan, dünya iqtisadi sisteminə fəal inteqrasiya yolu seçən Azərbaycan iqtisadiyyatı tarixə qovuşan 2014-cü ildə də dinamik inkişafını davam etdirmiş və ötən ili yüksək sosial-iqtisadi göstəricilərlə, dayanıqlı inkişafa yönəlmiş mühüm tədbirlərin reallaşdırılması ilə başa vurmuşdur.

2014-cü ildə respublika iqtisadiyyatının sürətlə inkişaf etməsində, istehsal potensialının artmasında, yenidənqurma, abadlıq və tikinti-quruculuq işlərinin geniş vüsət almasında Bakı şəhərinin və onun rayonlarının müstəsna rolu var. Son illərdə paytaxtın aparıcı rayonlarından birinə çevrilmiş Xətai rayonu bu sırada həmişə öndə olmuşdur.

İlin yekunları ilə bağlı Xətai Rayon İcra Hakimiyyətindən əldə etdiyimiz faktlar rayonun iqtisadisosial sahələrində baş vermiş dəyişiklikləri əks etdirən makroiqtisadi göstəricilər məhsul istehsalı və xidmət sahələrinin dinamik inkişafını və onlara mütənasib olaraq sosial məsələlərin uğurla həll edildiyini göstərir.

Belə ki, 2014-cü ilin yekununda rayonda 1 milyard 15 milyon 139,8 min manatlıq sənaye məhsulu istehsal edilmiş və xidmətlər göstərilmişdir. İstehlakçılara göndərilən sənaye məhsulunun həcmi isə sənaye məhsulu istehsalının 100,1 faizini təşkil etmişdir.

İqtisadiyyatın başqa sahələrində olduğu kimi, istehlak bazarında da müsbət nəticələr əldə olunmuş, əvvəlki ilin eyni dövründəkindən 25,3 faiz çox geniş çeşidli istehlak malları satılmış və 1,9 faiz çox pullu xidmətlər göstərilmişdir.

Rayonun tikinti kompleksində iqtisadisosial sahələrin inkişafı üçün bütün mənbələr hesabına 324 mllyon 659,7 min manat məbləğində investisiyadan istifadə olunmuş, 115 milyon 363,6 min manatlıq əsas fondlar istifadəyə verilmiş, tikinti-quraşdırma işlərinin həcmi 45,8 faiz çoxalaraq 222 milyon 843,5 min manat təşkil etmişdir. Podratçı təşkilatların gördükləri işlərin  həcmi isə 4,4 faiz artaraq 1 milyard 302 milyon 575,9 min manata çatmışdır. İl ərzində əhaliyə, müəssisə və təşkilatlara göstərilən rabitə xidməti 2,1 faiz, nəqliyyat xidməti isə 14,6 faiz  artmışdır.

Təbii ki, rayonda sənayenin inkişafı əhalinin sosial vəziyyətinə də öz müsbət təsirini göstərmişdir. İqtisadi strukturların müxtəlif sahələrində muzdla işləyənlərin orta aylıq əmək haqqı 14,5 faiz çoxalaraq 645,1 manata çatmışdır. Sənayedə əmək haqqı 14,5 faiz artaraq 633,2 manat, tikinti kompleksində 36,9 faiz artaraq 825,4 manat, rabitədə 562,5 manat, nəqliyyatda isə 805,4 manat təşkil etmişdir.

Bu gəlirlərin müqabilində əhaliyə göstərilən məişət xidmətinin həcmi 45 milyon 569,8 min manat, iaşə xidmətinin həcmi isə 47 milyon 87 min manat  olmuşdur ki, bu da əvvəlki ilin eyni dövründəkindən müvafiq olaraq 14,5 faiz və 22,1 faiz çoxdur.

Rayonda əmək ehtiyatlarından düzgün və səmərəli istifadə olunması məqsədilə işləməyən əhalinin uçotunun aparılması, keçirilən əmək yarmarkalarının səmərəliliyinin artırılması diqqət mərkəzində olmuşdur. Rayon Məşğulluq Mərkəzinə müraciət etmiş 1138 nəfər vətəndaşın 1085 nəfəri qanunvericiliyə uyğun olaraq axtaran vətəndaş kimi qeydiyyatdan keçmiş, 488 nəfər daimi işlə təmin olunmuş və 191 nəfərə işsizlik statusu verilmişdir.

Aztəminatlı təbəqələrin, əlil və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, pensiyaların, sosial müavinətlərin və ünvanlı sosial yardımların ödənilməsində gecikmə hallarının qarşısının alınması, məcburi dövlət sosial sığorta haqqı üzrə sığorta olunanlar barədə məlumatların emalı üçün tədbirlər görülmüşbu vacib məsələlər diqqətdə saxlanılmışdır. Son bir neçə ildə olduğu kimi 2014-cü ildə də rayon əhalisinin maddi-rifah halının davamlı olaraq yaxşılaşmasına, vətəndaşların sosial müdafiəsinin təşkilinə diqqət artırılmışdır. Ötən il ünvanlı sosial yardımla bağlı 2441 müraciət daxil olmuşdur ki, bu da əvvəlki  ildəkindən 1281 müraciət azdır. Araşdırmaların nəticəsi olaraq 2228 ailəyə bu yardım təyin edilmişbir ailəyə düşən orta aylıq yardımın məbləği əvvəlki illə müqayisədə yüksəlmişdir. Bu da onu göstərir ki, rayonda əhalinin vəziyyətinin  davamlı olaraq yaxşılaşmasına, vətəndaşların etibarlı sosial müdafiəsinin təşkilinə diqqət artırılmışdır.

Ötən il Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsində 36860 nəfər əmək pensiyaçısı qeydiyyatda olmuş, 1079 nəfərə yaşa, 495 nəfərə əlilliyə və 96 nəfərə ailə başçısını itirməyə görə, cəmi 1670  nəfərə əmək pensiyası təyin edilmişdir. Avtomatlaşdırılmış pensiya təyinatına keçidlə bağlı 38 nəfərə avtomatlaşdırılmış məlumatlar əsasında əmək pensiyası təyin olunmuşdur. Bundan əlavə,  “ASAN” xidmətə müraciət edən 423 nəfər şəxsə əmək pensiyası təyin olunmuş və ödənişi təmin edilmişdir.

2014-cü ildə də rayonda aparılan abadlaşma və yenidənqurma işlərinin həcmi artmış, sürətlə tikilən müasir Bakı şəhər layihəsi, Boks Federasiyasının İdman Kompleksinin tikintisi davam etdirilmiş, Fransız məktəbinin inşaası başa çatdırılmış, Bakının əfsanəvi Yeni şəhər bulvar kompleksində işlər sürətləndirilmiş, Nobel prospektində yeraltı keçidin və Xəqani Rüstəmov küçəsinin Babək prospekti ilə birləşdirilməsi məqsədilə yeni yolun tikintisinə başlanmışdır.

Tarixə qovuşan 2014-cü ilin bir tikilisirayon icra hakimiyyətinin inzibati binasıdır. Ən müasir şəkildə yenidən qurulmuşinformasiya texnologiyaları ilə təmin edilmiş bina ötən ilin yayında istifadəyə verilmişdir. Bununla yanaşı, rayon Polis İdarəsinin 35-ci Polis bölməsinin, rayon Mühafizə  İdarəsinin və 3 saylı Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyin yeni inzibati binalarının tikintisi də tamamlanmışdır. Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliklərin və bir seçki dairəsinin  inzibati binalarında son tamamlanma işləri aparılır. Y.Səfərov küçəsindəki park-xiyabanın yenidən qurulması, burada fantanlar və şəlalələr kompleksinin tikintisidavam etdirilmişdir.

Abadlaşdırma layihələri çərçivəsində Neapol dairəsində şəhidlərin abidə kompleksi yenidən qurulmuş, Nobel prospekti, F.Bayramov və A.Cəlilov küçələri boyunca yaşayış binalarının fasadlarının üzlənməsi davam etdirilmiş, binaların işıqlandırılması işləri başa çatdırılmışdır.

Rayon ərazisindəki yaşayış binalarının fasadlarının əsaslı təmiri ilə əlaqədar yeni bir layihənin icrası təmin olunmuşdur. Bu layihənin həyata keçirilməsi nəticəsində Zığ yolu, Qədir Məmmədov və Cavanşir küçələrində 14 binanın fasadı yenidən qurularaq müasirləşdirilir. Ötən il sosial obyektlərin tikintisinə də xüsusi diqqət göstərilmiş, yeni uşaq bağçalarının tikintisinə start verilmişdir.

Xüsusi qeyd etmək istədiyimiz faktlardan biri son bir neçə ildə rayonda ekoloji vəziyyətin yaxşılaşdırılmasının davam etdirilməsi və bu istiqamətdə böyük uğur sayıla biləcək  şəhəri yaşıl libasla daha da gözəlləşdirmək layihəsidir. Bu məsələlərin əhəmiyyəti nəzərə alınaraq rayonda yaşıllıq sahələrinin genişləndirilməsi üçün ayrıca proqram hazırlanaraq həyata keçirilməyə başlanmışdır. Keçən ilin əvvəlindən həyata keçirilməyə başlanan 2-ci və 3-cü yaşıllaşdırma proqramlarına uyğun olaraq Nobel prospekti boyunca yolun hər iki istiqamətində yaşıllaşdırma işləri başa çatdırılmışdır.

Xocalı prospektində də yüksək səviyyədə abadlaşdırma işləri aparılmış, park xiyabanda 100 mindən çox dekorativ gül kolu və həmişəyaşıl ağac əkilmişdir. Bundan əlavə, xaricdən  gətirilmiş 150 mindən çox gül və ağacın bir qismi Heydər Əliyev parkında, Rahib Məmmədov küçəsindəki yeni parkda, Nobel prospekti, Zığ yolu, Yusif Səfərov və Ramiz Quliyev küçələrinə əkilərək bu ərazilərə xüsusi yaraşıq vermişdir.

 Rayonun sosial-iqtisadi həyatında son illər müşahidə olunan sürətli inkişaf  2014-cü ildə də müşahidə olunmuş, “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın icrası uğurla davam etdirilmişdir. Həmin Dövlət Proqramı, eləcə də son illərdə reallaşdırılan digər proqramlar və layihələr respublikamızın bütün regionları kimi, Xətai rayonunun sosial-iqtisadi inkişafını daha da sürətləndirmişdir. Bu dövrdə bir sıra sahələrdə olduğu kimi, təhsil, səhiyyə və mədəniyyət sahələrində də yüksək göstəricilər əldə olunmuşdur. Uğurla həyata keçirilməkdə olan bu proqramlar Bakı şəhərində, o cümlədən rayonda sosial infrastrukturun müasir tələblərə uyğun şəkildə qurulmasında müstəsna əhəmiyyət kəsb edir.

Dövlət Proqramına uyğun olaraq ötən il 194 nömrəli məktəbin yenidən inşası, 48 və 56 saylı orta məktəblərin əsaslı təmiri, 63 nömrəli məktəbin əlavə tədris korpusunun tikintisi, 171 saylı orta məktəbdə yeməkxana və akt zalının, 116 saylı orta məktəbdə isə istilik sisteminin təmiri işləri başa çatdırılaraq istifadəyə verilmişdir. Eyni zamanda, təmir işləri bitmiş 8 uşaq bağçası fəaliyyətə başlamış, 4 uşaq  bağçasında isə təmir işləri davam etdirilir.

“2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nda rayonda 8 məktəbin əsaslı təmiri, üç  məktəbdə əlavə tədris korpusu tikintisi,1 məktəbin cari təmir edilməsi nəzərdə tutulub. Həmçinin 8 məktəbin idman meydançalarının yenidən qurulması, 1 peşə liseyinin, 1 uşaq evinin və 3 uşaq bağçasının əsaslı təmiri, 1 uşaq bağçasının yenidən tikintisi nəzərdə tutulub. Dövlət Proqramında, bir poliklinikanın əsaslı təmiri, Xətai rayon Mərkəzi kitabxana binasının əsaslı təmiri, 25 saylı uşaq musiqi məktəbinin yeni binasının, yeni şahmat məktəbinin tikintisi, bir sıra yaşayış binalarının qarşısında mövcud olan idman meydançalarının əsaslı təmiri məsələləri öz əksini tapmışdır. Hazırda  Dövlət Proqramına uyğun olaraq 1 peşə liseyi, 4 məktəb  əsaslı təmir olunaraq istifadəyə verilmiş, 1 uşaq evində, 1 məktəbdə əsaslı təmir işləri, 2 məktəbin əlavə tədris korpusunun inşası davam etdirilir.

Dövlət Proqramına investisiya proqramları əsasında həmçinin səhiyyə müəssisələri əsaslı qaydada təmir olunurya yenidən tikilir, hər bir səhiyyə müəssisəsi müasir tibbi avadanlıqla təchiz olunur. Bütün bunlar isə, şübhəsiz, əhalinin sağlamlığının qorunmasına Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin verdiyi töhfədir.  Yeri gəlmişkən, rayonun səhiyyə müəssisələrində yaradılan hərtərəfli şərait əhaliyə ən yüksək səviyyədə tibbi xidmət göstərməyə, onların tibbi müayinədən keçməsinə imkan verir. Məlum olduğu kimi, ölkə rəhbərinin tapşırığı ilə ötən ilin fevral - may aylarında  əhalinin tibbi müayinədən keçirilməsi kimi vacib kampaniya təşkil edilmişdi. Rayonun səhiyyə işçiləri tam səfərbər olunmuş,  21135 nəfər ambulator, 726 nəfər stasionar müalicəyə qəbul edilmişdir. Bu ilrayon əhalisinin tibbi müayinədən keçirilməsinə başlanmış və hazırda bu davam etdirilir. Rayonun təhsil müəssisələri əvvəlki illərdə olduğu kimi, keçən iliuğurla başa vurmuş, məzunların 69,21 faizi   ali məktəblərə  qəbul olunmuşdur. Ali məktəblərə qəbul olanların 274 nəfəri 500-650 və 41 nəfər 650-700 bal, 2 məzun isə ən yüksək bal  toplamışdır. 2013-2014-cü tədris ilində 8 məzun məktəbi qızıl medalla bitirmişdir. Onlardan 3 nəfəri Heydər Əliyev liseyinin,  3 nəfəri 287 nömrəli “Zəkalar” liseyinin, 1 nəfər 194 saylı tam orta məktəbin, 1 nəfər isə 245 saylı tam orta məktəbin məzunlarıdır. Prezident İlham Əliyevin 30 sentyabr 2014-cü il tarixli sərəncamı ilə 3 pedaqoq "Əməkdar müəllim", bir nəfər isə “Tərəqqi” medalına  layiq görülmüşdür.  Ölkə başçımızın digər bir sərəncamı ilə ölkə üzrə Prezident  təqaüdünə layiq görülən 102 nəfər  məzundan 15  nəfəri Xətai   rayonunun  məzunlarıdır. Haqqında bəhs etdiyimiz 2014-cü ildə də ictiman-siyasi işin təşkilinə xüsusi diqqət yetirilmiş, dini qurumlar və icmaların fəaliyyəti diqqətdə saxlanılmışdır. Bundan başqa, gənclər siyasəti Azərbaycan Respublikasının dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğundan,  rayon Gənclər və İdman İdarəsi ilə birgə milli-mənəvi və ümumbəşəri dəyərlərin qorunması, gənclərin vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi ilə əlaqədar müəyyən tədbirlər keçirilmişdir. Belə tədbirlərdən biri də cənab Prezidentin tapşırığı ilə “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən tur-aksiyasıdır.İki mərhələdən ibarət olan bu tədbirdə rayonumuzun IX-XI sinif şagirdlərindən ibarət 80 nəfər iştirak edərək respublikamızın qərb bölgəsi ilə tanış olmuşlar. “Gənclər Günü” münasibətilə rayonun fəal gənclərinin nümayəndələri ilə keçirilmiş görüşdə rayonun ictimai-siyasi, təhsil, idman həyatında fəal iştirak etmiş bir qrup gəncə rayon icra hakimiyyəti başçısının fəxri fərmanı və qiymətli hədiyyələri təqdim olunmuşdur.

2014-cü ildə ümummilli lider Heydər Əliyevin və görkəmli oftalmoloq alim, ictimai xadim, akademik Zərifə xanım Əliyevanın anadan olmalarının 91 illik yubileyləri xüsusi plan əsasında qeyd edilmişdir.

Hesabat dövründə kommunal xidmət müəssisələrinin fəaliyyəti də  uğurlu olmuşdur. Rayonun xidmət təsərrüfatının normal fəaliyyəti, mənzil fondunun qorunub saxlanılması, təmizlik işlərinin aparılması, əhalinin elektrik enerjisi, təbii qaz və içməli su ilə təminatı istiqamətində gündəlik işlər aparılmış, enerji daşıyıcılarının dəyərinin ödənilməsində müsbət nəticələr əldə olunmuş, bu sahələrə aid tapşırıqlar vaxtında icra edilmişdir.

Rayonda yaşayış binalarının istiliklə təminatının yaxşılaşdırılması üçün magistral və məhəllədaxili istilik xətlərin, zirzəmilərdə aşağı paylama istilik xətlərinin, istilik məntəqələrində və qazanxanalarda avadanlıqların təmiri başa çatmışdır. Nəticədə  cari istilik mövsümündə mərkəzləşdirilmiş istilik xəttinə qoşulmuş 550 - dən artıq yaşayış binasının istilik alması imkanı reallaşmışdır.

Ötən il rayonda yeni qazsu xətləri çəkilmiş, su təminatının yaxşılaşdırılması ilə əlaqədar 30 binada pilot layihə həyata keçirilmiş, Həzi Aslanov yaşayış sahəsində 110/10 kv-luq yarımstansiyanın və  Nobel prospekti, 61 ünvanında 110/35/10 kv-luq yarımstansiyanın tikintisi  başa çatdırılmış,  192 lift əsaslı təmir olunmuş, 781 lift isə  yenisi ilə əvəz edilmişdir.

Rayonun sanitar təmizliyi də gündəlik fəaliyyətin əsasını təşkil etmişdir. Mərkəzi küçə və prospektlərdə küçə ticarətinin ləğv edilməsi, kənd təsərrüfatı məhsulları satış yarmarkalarının təşkili daim nəzarətdə saxlanılmış, burada sanitar təmizliyə, qiymət intizamına nəzarət gücləndirilmişdir.

Rayonda diqqət mərkəzində olan əsas məsələlərdən birisağlam mühitin yaradılması, vətəndaşların müraciətləri zamanı süründürməçilik və digər xoşagəlməz hallara yol verilməməsi, dövlət qulluqçusunun etik davranış qaydalarına ciddi riayət etməsidir. Vaxtında görülmüş tədbirlər öz səmərəsini vermişrayonda neqativ halların yer almasına imkan verilməmişdir.

Ümumiyyətlə, hesabat dövründə vətəndaşların yazılı və şifahi şəkildə təkliflər vermək, ərizə ilə müraciət etmək hüquqlarının həyata keçirilməsi üçün zəruri şərait yaradılaraq, qanunvericiliklə müəyyənləşdirilmiş  qaydada və müddətlərdə onlara cavab verilməsi təmin olunmuş, mütəmadi qəbullar təşkil edilmiş, səyyar görüş-qəbullara daha çox üstünlük verilmişdir.

Qarşıda Azərbaycanın iqtisadi yüksəlişinə, tərəqqi və rifahına ünvanlanan məsul vəzifələr və böyük işlər durur. Şübhə etmirik ki, Xətai Rayon İcra Hakimiyyətinin kollektivi, idarə və müəssisələr Azərbaycanı yüksək rifah ölkəsinə çevirmək naminə dövlət başçısının qarşıya qoyduğu tapşırıqların, prioritet elan etdiyi vəzifələrin həyata keçirilməsində həmişə olduğu kimi, yenə də ön sıralarda olacaqlar.

 

Haqqında geniş bəhs etdiyimiz bütün bu uğurlar Xətai Rayon İcra Hakimiyyəti başçısı Razim Məmmədovun 2014-cü ilin sosial-iqtisadi inkişafının yekunları    2015-ci ildə qarşıda duran vəzifələrlə bağlı fevralın 27-də keçirilmiş hesabat yığıncağındakı məruzəsində öz geniş əksini tapdı. Hesabat yığıncağında iştirak edən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul əməkdaşı Tağı Tağıyev, Milli Məclisin deputatları Hüseynbala Mirələmov, Səməd Seyidov və başqaları məruzə ətrafında çıxışları zamanı ölkə başçısının strateji xəttinin uğurla davam etdirildiyi Xətai rayonunda görülən işləri təqdir edib, yığıncaqda iştirak edənləri bundan sonra daha böyük səylə işləməyə  çağırdılar. Yığıncaq iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət ünvanlandı.

 

İlqar RÜSTƏMOV

 

Xalq qəzeti.- 2015.- 28 fevral.- S.4.