“Bakı – 2015”-in qalibi
Azərbaycan xalqı oldu
Təbii ki, biz bu Oyunları yüksək
səviyyədə keçirməli idik və keçirdik.
Bu, bir daha ölkəmizin
potensialını, gücünü göstərdi.
Biz bu potensialı əlbəttə
ki, bilirdik. Bu
potensialı, biz yaratmışıq.
Cəmi 24 il ərzində
Azərbaycan elə zirvələrə qalxıb ki,
bəzi ölkələrə bu səviyyəyə qalxmaq
üçün bəlkə yüzilliklər lazımdır.
Bu Oyunlar, sadəcə olaraq, bizə
imkan verdi ki, bu potensialı dünyaya,
Avropaya, eləcə də
öz ictimaiyyətimizə nümayiş etdirək.
Həm insani potensial, həm dövlətimizin
iqtisadi potensialı,
həm cəmiyyətdə hökm sürən xoş əhval-ruhiyyə,
xalqla iqtidar arasındakı birlik,
milli ideyalar ətrafında birləşməyimiz, milli həmrəylik
– məhz
budur bizim uğurlarımızın əsas şərtləri.
İlham
ƏLİYEV
Azərbaycan
Respublikasının Prezidenti
Mən idman leksikasından istifadə
etsəm, deyə bilərəm ki,
bu 17 gün ərzində Azərbaycan xalqı bir komanda
idi və
Siz bu komandanın şərəfli
kapitanı idiniz. Belə olan halda, əlbəttə,
qalib gəlməmək mümkün deyildi. Vətənimizə,
doğma Azərbaycanımıza xidmət etmək
ən böyük şərəfdir və xidmətimizin nəticələrini
görüb yaşamaq ən böyük xoşbəxtlikdir.
Cənab Prezident, biz hər birimiz
ölkəmizin əsgəriyik və
Azərbaycanın gələcəyi
naminə daha da tam gücümüzlə xidmət etməyə
hazırıq.
Mehriban ƏLİYEVA,
I Avropa Oyunları
Təşkilat Komitəsinin sədri
Avropa fərqliliklər və
böyük rəqabət, müxtəliflik, idman və
yarışma qitəsidir.
Lakin burada, Avropa Oyunlarında biz
ümumi inamla,
ümumi bayraq altında toplaşdıq: idman və Olimpiya
ideallarına doğru addımlamaq bizi ayıran yox,
daha çox birləşdirən məkana aparır. Bu inam
ondan ibarətdir ki,
biz – Avropanın 50 ölkəsi hər dörd ildən bir iki
möhtəşəm həftə ərzində birgə ola
bilərik.
Bu, bütün gələcək
Avropa Oyunlarının əsaslanacağı Oyunlar oldu.
Bu cür tədbirin
sarsılmaz və ilhamlandırıcı əsası qoyuldu.
Avropa Olimpiya ailəsinə və
dünyadakı dostlarımıza tam əminliklə deyirəm:
Azərbaycanın gələcəyi
parlaqdır.
Avropa Oyunlarının gələcəyi
parlaqdır. Avropanın
gözəl atletləri üçün gələcək
parlaqdır.
Sağ ol, Bakı! Sağ ol, Azərbaycan!
Patrik
HİKKİ,
Avropa Olimpiya Komitəsinin
prezidenti
Otuz ay cidd-cəhdlə,
böyük məsuliyyətlə
hazırlaşdığımız, iyunun 12-dən 28-dək
isə həyəcanlarını yaşadığımız
birinci Avropa Oyunları müstəqillik
dövrümüzün ən əlamətdar hadisələrindən
biri oldu. Atletlərimizin
qazandığı 21 qızıl, 15 gümüş və 20
bürünc medal idman tariximizə yeni səhifələrin
yazılması demək idi. İdmançılarımızın
ən uğurlu günlərindən biri isə iyunun 26-na –
Silahlı Qüvvələr Gününə təsadüf
etdi. Əlbəttə, Birinci Avropa Oyunlarının
bütün günləri xalqımız,
idmançılarımız və azarkeşlərimiz
üçün uğurlu olsa da, həmin gün keçirilən
yarışlar daha çox sevincli,
məhsuldar və
əhəmiyyətli oldu.
Çünki
iyunun 26-da paralimpiyaçı cüdoçular mübarizəyə
qoşuldular və yarışların favoriti olan İlham Zəkiyev
yenə də xalqımıza qələbə sevinci
yaşadaraq, Azərbaycana daha bir qızıl medal
qazandırdı. Bilavasitə
Silahlı Qüvvələr Günü, ölkəmizin
ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağ
uğrunda müharibədə
gözlərini itirərək əlil olan Qarabağ qazisinin
bütün rəqiblərini üstələyib qızıl
medal qazanmasını Azərbaycan
Respublikasının Prezidenti, Siahlı Qüvvələrin Ali
Baş Komandanı İlham Əliyevin, xanımı,
“Bakı-2015" ilk Avropa Oyunları Təşkilat Komitəsinin
sədri Mehriban Əliyeva və ailə üzvlərinin izləməsi və dövlət
başçımızın mükafatları qalib
idmançılara təqdim edərkən paralimpiyaçı
pəhləvanımızla eyni podiumda dayanaraq məxsusi şəkil
çəkdirməsi dünya mətbuatının nəzərindən
yayınmadı. Bu, bir təsadüf idimi ki, Qarabağ əlili həmin
gün Avropanın birincisi olurdu?
Azərbaycan
rəhbərliyinin birinci Avropa Oyunlarına hazırlıq mərhələsində
öz üzərinə düşən vəzifələri
yüksək səviyyədə yerinə yetirməsi,
Oyunların Təşkilat Komitəsinin həm ölkə
daxilində, həm də beynəlxalq aləmdə bu
mühüm tədbirin əhəmiyyətini göstərən
çoxsaylı təqdimat mərasimləri keçirməsi,
dünyanın Olimpiya hərəkatının bütün
üzvləri üçün qeyri-adi təsir bağışlayan təntənəli
açılış mərasimi, idmançıların və
rəsmi qonaqların ən ali səviyyədə yerləşdirilməsi,
dünya idman tarixində heç zaman qeydə alınmayan
könüllülər ordusunun
mükəmməl fəaliyyəti və bu qəbildən
olan onlarca digər məqamlar “Bakı-2015”ə olan marağı
qat-qat artırmışdır. Rusiya Federasiyası, Türkiyə
Cümhuriyyəti və Portuqaliyanın milli olimpiya komitələrinin
rəsmiləri hələ ilk oyunlar başa
çatmamış Azərbaycan mətbuatının təmsilçiləri
ilə söhbətdə deyiblər ki, biz növbəti Avropa
Oyunlarının öz ölkəmizdə keçirilməsini
böyük səmimiyyətlə arzulayırıq. Britaniya
Milli Olimpiya komitəsi isə üçüncü Avropa Oyunlarının
Mançesterdə keçirilməsi barədə
təkliflə çıxış edib.
Təbii ki, bu məsələni həmin adamlar deyil,
adıçəkilən ölkələrin dövlət rəsmiləri
həll edəcəklər. Fakt isə ondan ibarətdir
ki, ənənəvi idman ölkələri kimi tanınan həmin
dövlətlərin Olimpiya qurumlarına rəhbərlik edənlər
Bakıda şahidi olduqları təntənəni öz
ölkələrində də görmək istəyirlər.
Doğrudur, polşalı məşqçilərdən
biri Bakıda gördükləri yüksək
hazırlığı və xüsusən,
könüllülərin fəaliyyətini başqa heç
bir ölkədə görə bilməyəcəklərini
söyləmişdi. Ancaq əlavə
etmişdi ki, bizim təsəllimiz növbəti oyunların
hamısının məşəlinin məhz Bakıda
yandırılması olacaq. Bir sözlə,
biz Avropa miqyaslı mötəbər tədbirlər silsiləsinin
təməlini qoymaqla yanaşı, həm də Avropa
Oyunlarının standartlarını yaratmış olduq.
Azərbaycan
dövləti gərgin
çalışdı, paytaxtımızda sakinlərimizin,
qonaqlarımızın və bütün Avropanın
yaddaşında uzun illər qalacaq səviyyədə Oyunlar təşkil
edildi. Sevindiricidir ki,
idmançılarımız da dövlətimizin və
xalqımızın adına layiq uğurlara imza atırlar. Fəxr
edirik ki, Azərbaycan idmançıları artıq 21-i qızıl
olmaqla 56 medal qazanıblar. İyirmi dörd ildən bir qədər
az müddətdə müstəqil olan gənc ölkə üçün bu möhtəşəm
idman tədbirinin nə dərəcədə əhəmiyyətli
olduğunu anlamaq çətin deyil.
Mütəxəssislərin dediyi kimi, idman yarışları
sülh, barışıq, dostluq tədbiridir. Bizim
üçün isə bu, avropalılara tariximizi, ənənələrimizi,
ədəbiyyatımızı, musiqimizi nümayiş etdirmək
fürsəti verir. Rəsmilərimiz
bu fikirdədirlər
ki, Oyunlardan sonra Avropadan Azərbaycana daha çox
qonaq və turistlər təşrif buyuracaq və dünya Azərbaycan
haqqında daha dolğun məlumat alacaq.
Əlbəttə, bu gün ilk Avropa Oyunlarının
uğurlarını təkcə biz yada salmırıq. Dünyanın
əksər ölkələrindəki mütərəqqi
düşüncəli insanlar “Bakı-2015”in
uğurlarından danışırlar. Azərbaycanlıların
sülhsevərliyindən, insanpərvərliyindən, qonaqpərvərliyindən
söz açan qəzet, jurnal məqalələri,
radio-televiziya reportajları yüzlərlədir. Fikrimizcə, bunun səbəbi təkcə Avropa
Oyunları deyil. Bu məntiqi dövlət
başçımız İlham Əliyevin fikirləri ilə
tamamlamaq daha yaxşı yerinə düşər:
“Bizim ölkənin qədim ənənələri,
böyük tarixi və tarixi şəxsiyyətləri var.
Lakin müstəqil ölkə kimi, biz yalnız 24 ildir ki,
mövcuduq. 1991-ci ildə biz müstəqilliyimizi
bərpa etdik, lakin ilk müstəqil, demokratik respublika Rusiya
imperiyasının süqutundan sonra 1918-ci ildə
yaradılmışdır. Bu isə
bütün müsəlman dünyasının ilk demokratik
respublikası idi. Azərbaycanda məhz
respublika idarəçilik sisteminin tətbiq olunması o zaman
respublikanı yaradanların seçimi olmuşdur. Dərhal qadınlara səsvermə hüququ
verilmişdir ki, bu, bir çox Avropa ölkələrindən
əvvəl olmuşdur. Müsəlman
dünyasının ilk operası, ilk baleti, ilk teatrı Azərbaycanda
yaradılmışdır və biz bununla fəxr edirik.
Azərbaycan hər zaman dinlərarası birgəyaşayış,
multikulturalizm, etnik və dini müxtəliflik məkanı
olub. Bu, hər zaman özünəməxsusluğumuzun tərkib
hissəsi olub. Müstəqillik illərində
isə dünyanın ehtiyac duyduğu bu müsbət trendlər
daha da güclənmişdir və mən bununla fəxr edirəm".
Daha bir məqamı yada salaq. Adından və məzmunundan
da göründüyü kimi, Bakıda
reallaşdırılan möhtəşəm beynəlxalq tədbir
ancaq Avropa qitəsini əhatə edir. Lakin müxtəlif
yarışların hakimlərinin sırasında
dünyanın hər yerindən olan məşhur hakimlər də
iştirak edirdilər. Onlar isə adi turist və ya sıravi
idmançı deyil, dünya miqyasında tanınmış
nüfuzlu adamlar olduqlarına görə Azərbaycanın həm Avropa miqyasında, həm
də bütün dünyada təbliğində həmin
hakimlərin istənilən sözünün və ya fikrinin kifayət qədər səmərəli
olacaqdır. Yeri gəlmişkən, Bakıda batut idman
növündə yarışan polşalı atletlərdən
birinin havada olarkən müvazinətini itirərək yerə
yıxılması zamanı azərbaycanlı
könüllü Elçin Əlibəylinin çeviklik və
fərasət nümayiş etdirməsi, qonaq idmançını
hansısa xəsarətdən xilas etməsi ilk baxışda
adi bir insanlıq nümunəsi kimi qiymətləndirilirdi.
Ancaq oyunçulara və xüsusən, qeyd olunan məqama daha
yaxın olan hakimin bizim könüllünün mərdlik
keyfiyyətini təqdir etməsindən sonra az
qala dünyanın bütün internet saytları və
televiziyaları həmin anın
videogörüntüsünü yaydılar.
Könüllülərdən
söz düşmüşkən, şəxsən
özümün şahidi olduğum iki məqamı da yada
salmaq istəyirəm. İyunun 20-də axşam Avropa
Oyunları parkının Bakı Su İdmanı Mərkəzində
suyatullanma yarışlarına baxırdıq. Bizim əyləşdiyimiz
yerdən bir az aşağıda əlillər
üçün yer ayrılmış və xüsusi işarələnmişdi.
Üstəlik, həmin yer elə
hazırlanmışdı ki, əlil arabası ilə
birbaşa ora qədər gəlmək mümkün idi. Oyunların başlanmasına bir neçə dəqiqə
qalmış azarkeşlərdən ikisi həmin yerləri
boş görüb orada oturdular. Yanımızdakı gənc
jurnalist həmin oğlanlara etirazını bildirmək
üçün ayağa qalxınca könüllülər səhv
etmiş gəncləri oradan durğuzub oturacaqları yeri göstərdilər
və bu zaman kürəyinə
“Portuqal” yazılmış sarı idman köynəyində
olan on-on iki nəfər əcnəbi bizim könüllülərin
həmin addımını əl çalaraq
alqışladı. Zalın başqa
sektorundakılar bizim tərəfə baxır və
portuqalların nəyi alqışladığını bilmədən
onlara qoşulurdular. Portuqallar isə Azərbaycanda
əlilə göstərilən ehtiramı, hətta, boş
qalmış əlil yerində kiminsə oturmasına icazə
verilməməsini alqışlayırdılar.
İkinci faktla isə iyunun 23-də, “Bakı Kristal
Zalı-3” idman qurğusunda qılıncoynatma
yarışlarına baxandan sonra rastlaşdıq. Gənc bir xanım əlil
arabasında oturmuş qadını stadiondan
çıxarırdı. Mən fikirləşdim
ki, bu qız Kristal Zaldan magistral yola qədər olan uzun yol
boyu arabanı necə sürəcək. Amma
onlar idman obyektinin əsas qapısından çıxan kimi əlillərin
daşınması üçün xüsusi
hazırlanmış elektromobil yanlarında dayandı. Görünür, bu əlil
soydaşımızı yarışa gətirəndə də
həmin nəqliyyat vasitəsindən istifadə ediblər və
indi də zaldan çıxdıqları barədə həmin
xidməti məlumatlandırıblar. Elektromobili
idarə edən 18-20 yaşlı qız (çox arzu edərdim
ki, bizim könüllülər üçün
hazırlanmış xüsusi gözəlliyə malik
uniformadan növbəti Avropa Oyunlarında da istifadə edilsin)
nəqliyyat vasitəsinin sağ böyründəki xüsusi
qapını açdı və “qapı” əlil
arabasının təkərlərinin altına qədər
uzanıb körpü oldu. Arabanı
maşına doğru sürdülər və mən bu
qısa prosesə baxdığım müddətdə 6 - 7 dəfə
fotoaparat şaqqıltısı eşitdim. Əcnəbi
azarkeşlər ( bəlkə də,
jurnalistlər idi) əlil azarkeşin idman sarayına gəlib-getməsi
üçün yaradılmış şəraitin bir
fraqmentini fotolentə çəkirdilər. Həmin an
yadıma ulu öndərin bir deyimi düşdü və
ürəyimdə təkrarladım: ...Fəxr edirəm ki, mən
azərbaycanlıyam.
Bütün bunlar müasir Azərbaycanın və azərbaycanlıların
yaratdığı standartlar idi. Biz onları Azərbaycan
standartları adlandırsaq da, Avropa üçün
formalaşdırmışıq. Həmin həqiqəti
Prezident İlham Əliyev daha əhatəli ifadə edib: “Biz gələcək hədəflərimizi
bilirik, Azərbaycanı dünyanın inkişaf etmiş
ölkəsinə çevirmək istəyirik və Azərbaycan
meyarlarını ən yüksək beynəlxalq meyarlara
çatdırmaq niyyətindəyik. Necə ki,
biz ilk Avropa Oyunlarının standartlarını ən yüksəyə
qaldırmağa çalışmışıq. Səmimi deyə bilərəm ki, bu standartları
Avropa Olimpiya Komitəsi və Təşkilat Komitəsi müəyyən
edib. Bu standartlar aşağı da ola
bilərdi, lakin Avropa Olimpiya Komitəsi və Təşkilat
Komitəsi qərara gəldi ki, elə standartlar tətbiq
olunsun ki, Azərbaycanın dinamikliyini özündə əks
etdirsin”.
Bəli, birinci Avropa Oyunlarının yarışları
keçirilən istənilən zala, stadiona, idman kompleksinə
baş çəkərkən və ya, sadəcə,
paytaxtımızda gəzərkən, ilk növbədə, Azərbaycan
standartları və ölkəmizin dinamikliyi ilə
rastlaşdıq. Bizimlə bərabər,
bütün Avropa təmsilçiləri də həmin
standartları və dinamikliyi alqışladılar,
alqışlayırlar və alqışlayacaqlar.
Bir sözlə, “Bakı-2015” xalqımızın və dövlətimizin qüdrətini bir daha dünya miqyasındakı bütün dostlarımızın və bədxahlarımızın nəzərinə çatdırdı. Həmin məqamı birinci Avropa Oyunlarında qalib gəlmiş idmançılar, onların məşqçiləri, idman ictimaiyyətinin nümayəndələri və xarici tərəfdaşlarla görüşdə nitq söyləyən Azərbaycan Prezidenti İlham Əliyev daha ətraflı və daha qabarıq ifadə etmişdir:
“Bu Oyunlar imkan verdi ki, biz özümüzü göstərək. Bizi istəməyən qüvvələr bəzi hallarda bunu bizə irad tuturdular ki, Azərbaycan Oyunları keçirməklə özünü göstərmək istəyir. Bu, təbiidir. Əlbəttə, hər bir ölkə özünü göstərmək istəyir. İnkişaf etmiş ölkələr, hansılar ki, dəfələrlə bu səviyyəli tədbirləri keçirmişlər. Onlar da özlərini göstərmək istəmişlər. Yəni, burada heç bir qəbahət yoxdur. Bəli, bizim göstərə biləcəyimiz nümunələr həddindən artıq çoxdur. Biz Azərbaycanı dünyaya müasir, dinamik, demokratik, inkişaf edən, öz mədəniyyətinə, tarixinə bağlı olan xalq kimi, dövlət kimi göstərmişik. Bu Oyunlar cəmiyyətdə nadir bir əhval-ruhiyyə yaratdı. Bu, əvvəllər də var idi. Yəni, cəmiyyətimiz milli ideyalar, milli maraqlar uğrunda çox fəal hərəkət edir. Ancaq bu Oyunlar xalqımızı bir daha birləşdirdi. Bir daha bizi qürurlandırdı ki, görün, biz nəyə qadirik”.
İttifaq
MİRZƏBƏYLİ
Xalq qəzeti.- 2015.- 1 iyul.- S.1.