Avropa Oyunları, Avropanın oyunları və

Prezident İlham Əliyev qələbə kürsüsündə

                               

Atəşin atəşdən fərqi var. Bayramların, zəfərli günlərin bəzəyi atəşfəşanlıqlar da atəşdir, cəbhələrdə mərmilərin, güllələrin ölüm saçan yağışı da atəşdir. Amma nə qədər fərqli olsalar belə, bu atəşlə o atəş arasında bağlılıqlar da var. 2015-ci ilin qızmar iyun günlərində Bakıda qocaman qitənin tarixində ilk dəfə baş tutan Avropa Oyunlarının açılış günündə də, bağlanış mərasimində də paytaxtın gecəsini gündüz kimi aydınladan, parıltısı dünyanın dörd bucağında bərq vuran atəşfəşanlıqlar gurlayırdı.

 

İyunun 12-si idi. Hələ yarışlar başlanmamışdı, kim hansı medalları qazanacaq, hansı ölkə hansı yeri tutacaq, - kimsənin cavabını bilmədiyi məchulluq idi.

Lakin artıq bir qalib vardı.

Qalib Azərbaycan idi.

Ən azı ona görə ki, “köhnə dünya” deyilən Avropanın bütöv tarixində birinci dəfə gerçəkləşən möhtəşəm hadisəyə Azərbaycan ev sahibliyi edirdi.

Azərbaycan qalib idi, ona görə ki, dəqiqə-dəqiqə irəlilədikcə dünyanın onlarca ölkəsinin canlı yayımda seyr edərək mat və heyran qaldığı bu açılış təntənəsinə yol sadə olmamışdı, rəvan olmamışdı, bu riqqətli GÜNÜN baş tutmaması üçün cidd-cəhdlə mübarizə aparanlar, ölkəmizə qarşı olmazın əngəllər yaradanlar olmuşdu.

Və onlar mərdümazar niyyətlərinə çata bilməmişdilər. Bayram alınmışdı.

Demək, onlar artıq məğlub idilər.

Onlarsa elə qüvvələr idilər ki, çox ölkələri diz çökdürməyə, iradələrinə tabe etməyə, buyurduqlarını danışıqsız yerinə yetirməyə vadar qılmağa qadirdilər.

Lakin bu dəfə sürəkli davam edən məkrləri baş tutmamışdı.

Nüfuzu, ötkəmliyi, oturuşmuşluğu digərlərindən çox ola-ola Avropanın öz Oyunlarını keçirməkdə o biri qitələrdən geriyə düşməsi inanılmaz gəlirdi. Lakin daha bir sürpriz o idi ki, ilk dəfə həyat vəsiqəsi alan Avropa Oyunlarını Azərbaycan keçirirdi.

Axı yaxşı yadımdadır ki, 1990-ların əvvəllərində Azərbaycanın Avropa Şurasına qəbul edilməsi üçün araşdırmalar aparmaqçün Bakıya gələn, dövlət rəhbəri Heydər Əliyevlə görüşən oralı ekspertlər bundan başlamışdılar ki, doğrudanmı Azərbaycan həm də Avropadır?

İndi Azərbaycan düşmüşdü Avropanın qarşısına, qoca qitənin həyatında ilklə nişanlanan hadisəyə ağsaqqallıq edirdi.

Bu sevimli yurdun layiqli vətəndaşı olan, vətənini, millətini, dövlətini sevən hər vicdanlı azərbaycanlı tarixdə qalacaq Oyunların açılış anlarında yalnız sevinmirdi, iftixar duymurdu, həm də hərdən-hərdən boğazını yandıran qəhəri udurdu.

Bizi yenə bilməmişdilər, bizi sındıra bilməmişdilər, bizi büdrədə bilməmişdilər.

O atəşfəşanlıq ilk Avropa Oyunlarına qatılan, 50 ölkəni təmsil edən idmançılar, onların uğur soraqlarını gözləyənlər üçün sadəcə bir yarışmanın başlanmasının bayramı idi.

Amma Azərbaycan üçün o atəşfəşanlıq bundan daha əvvəl müstəqilliyin -sadəcə müstəqil adlanmağın da yox, həm də müstəqil dövlət mənliyi və iradəsinə sahib olmağın yolunda qazanılmış qələbənin atəşfəşanlığı idi.

Yarışlar başlayanadək Azərbaycan artıq ilk böyük zəfərini əldə etmişdi.

Bu açılış mərasimi vardısa, demək, Azərbaycan artıq idman meydanından qat-qat qəliz və idmandakı açıqlıqdan, səmimiyyətdən qat-qat uzaq olan siyasət meydanında son dərəcə vacib qələbəsini qazanmağa müvəffəq olmuşdu.

Dəqiqələr irəliləyirdi, dünya canlı-canlı baxırdı və an-an yeni Azərbaycan möcüzəsinə şahid kəsilirdi.

Buna qədər dünyanın neçə böyük şəhərində neçə iri idman qarşılaşmalarının, çempionatların, olimpiadaların cazibədar açılışmərasimləri olmuşdu.

İllərdir görə-görə gəlirik.

Ən müxtəlif ölkələrdən təşrif gətirənlərin dillərindən eşitmişəm və bu etiraflara sizlər də şahidsiniz - təsdiqləyirlər ki, Azərbaycandakı bu açılış mərasimi kimi füsunkarı, zövqlüsü, şahanəsi olmayıb!

Düşmənlər, bədxahlar öz baxış bucaqlarından Azərbaycanı yarı yolda saxlamaq canfəşanlıqlarında haqlıymışlar.

Axı onlar Azərbaycanı öz çirkin hədəflərində saxladıqlarından hər addımımızı izləyirlər, nələr baş verdiyindən də xəbərdardırlar, nələr olacağını da daim təhlil edirlər.

Onlar sonu irəlicədən sezərək aydın təsəvvür edirdilər ki, hər şey əla olacaq, üstəlik,dünyanın onlarca ölkəsindən Oyunlar dövründə Azərbaycana gələnlər inkişafı görəcək, xalqla ünsiyyətdə olaraq insanların rifah içərisində yaşadığını anlayacaq, bura gəlib görənəcən eşitdikləri, oxuduqları böhtanların, qarayaxmaların, iftiraların əsassızlığını dərk edəcəklər.

Bu bayramın baş tutmasının artıq məğlubiyyətləri olacağını dərk etdiklərindən əleyhdarlarımız qətiyyənistəmirdilər Oyunlar alınsın.

Açılış mərasimi gedirdi, hər kəs nağıl içərisindəymiş kimi məmnunluqla seyr edirdi və görürdü ki, bütün bunlar gözlənildiyindən də füsnkardır.

Hələ medallar qazanılmamışdı, hələ sabahdan etibarən qızışacaq yarışların qaliblər kürsüsünə çıxanlar olmamışdı.

Ancaq bir qüdrətli qalib artıq mərasimin mərkəzində idi.

Bu qalib Prezident İlham Əliyev idi.

Bu təntənə gerçəkləşənədək bizə qarşı hansı həmlələr olmuşdu, hansı təzyiqlər göstərilmişdi, hansı tələlər qurulmuşdu, - bunu çoxları bilir. Lakinhəminidbar maneələrin çoxundan da çoxlarının xəbəri yoxdur.

Onları ayrıntıları ilə bütün hadisələrin ən qaynar burulğanında olan Prezident bilir.

Və cəbhə bölgəsindəki ara-sıra qızışan atışmalardan qətiyyən geridə qalmayan, əksinə, onlardan fərqli olaraq heç arası kəsilməyən həmin çox istiqamətli siyasi atəşlərin qarşısını almaqçün aylar, həftələr idi ki, mərd sinəsini irəli vermişdi.

Bu, müstəqilliyimizin, dövlətçiliyimizin daha bir ağır sınağı idi.

Bu sınaqdan uğurla çıxmaq üçün dərin ağıl, incə siyasətçi fəhmi, mətinlik, mərdlik, yenilməz dövlətçi iradəsi gərək idi.

Bu açılış mərasiminin atəşfəşanlığı baş tutmuşdusa, deməli,o anacan Azərbaycana açılan siyasət atəşlərinin qarşısını qüdrətiylə ala bilmiş Böyük Oğul müzəffər idi!

...Yarışlar başa çatdı.

Qaliblər medallar aldılar, ordenlər aldılar, təşkilat işlərində zəhmətləri olanlar yüksək dövlət təltiflərinə layiq görüldülər.

Ən əsas qalib, yüz cür qara siyasət oyunları ilə müşayiət edilən AvropaOyunlarının bunca mütəşəkkilliyinin başlıca memarı, icraçısı və qoruyucusu isə nə bir medalaldı, nə orden, nə də ayrı hansısa təltif.

Onun medalı, onun ordeni, onun təltifi, əziz vətəndaşım, sənin qürurdan, köksünə sığmayan fərəhdən yaranan qəhərin idi, gözlərinə qonan sevinc yaşları idi!

Bundan ali medal, bundan ali orden, bundan ali təltif ola bilərmi?!

Prezident İlham Əliyevin payına ana südü kimi haqqı olan, bütöv bir ömrü bəzəyə biləcək bu mükafat düşdü!

Halalı olsun!

Dünyaya ağalıq etmək, dövlətləri iradələrinin müti icraçısına çevirmək niyyətində olanlar Avropa İttifaqında, Avropa Parlamentində, Avropa Şurasında, Bundestaqda və neçə bunlara bənzər yerlərdə xosunlaşırdılar, üfunətlərini yayan nəşrlərdəfitnələrini irəlilətmək üçün hazır olan əlaltılarının vasitəsiləəlləşirdilər.

Prezident İlham Əliyev və onun başçılıq etdiyi cavan dövlət bütün həmlələrə dəyanətlə dözdü, eşidilib-eşidilməməsindən asılı olmayaraq,hamının cavabını da verdi.

Hər əməlimizə qara eynəklə nəzər yetirənlərin paxıl nəfəslərini kəsən, bədxahlarımızın səsimizi eşitməzliyə, işimizi görməzliyə vura bilməyəcəkləri ən misilsiz cavab da müvəffəqiyyətlə başlayıb, müvəffəqiyyətlə bitən Oyunlar idi.

Avropa Oyunlarına qarşı Avropanın qurduğu oyunlar iflasa düçar oldu.

Siyasət tümükləri Prezident İlham Əliyevin şax qamətinimüvazinətdən çıxarmaq, onu büdrətmək, sarsıtmaq sevdasına düşdülər.

Uca İlham Əliyev ən mahir siyasət pəhləvanı kimi onların kürəyini yerə vurdu, ruhucılızlar üzərində növbəti zəfərini çaldı və düşmən qüvvələrin məğlubiyyətinin ən bariz sübutu da bu oldu ki, xalqın öz güclü rəhbərinə inamı, ehtiramı dəfə-dəfə artdı, millət öz vüqarlı liderinə, Vətənin alnını açıq, başını dik etmiş Rəhbərinə daha da yaxınlaşdı.

Bədbəxtlər anlamamışdılar ki, öz çəki dərəcələrindən üstün olan rəqiblə savaşa qalxmaqla uğursuzluqlarını öncədən təmin ediblər.

 

*   *   *

Bura Azərbaycandır, bura Odlar Yurdudur.

 

Minillər, yüzillər öncə bu torpağa dünyanın ən uzaq nöqtələrindən aylarla, bəzən illərlə yol qət edərək alova tapınan atəşpərəstlər gəliblər.

Buradan, Baş məbəddən, Atəşgahdan uzaq Hindistana da, Norveçə də, neçə-neçə ağla gələn və gəlməyən məmləkətlərə də od daşıyıblar.

İlk Avropa Oyunlarının məşəli həmin qədim ənənəyə uyğun olaraq hərəkətini Suraxanıdan, alovu minillərdən bəri dilim-dilim alışan Atəşgahdan başladı.

İlk Avropa Oyunlarının ilk məşəlini azərbaycanlı yüksəltdi - Prezident İlham Əliyev.

Prezidentlik yolunu başlayanda millətinə bəyan etmişdi, müqəddəs vəd vermişdi: “Mən hər bir azərbaycanlının Prezidenti olacağam!”

Oldu da!

Sübut arxadakı illər, keçilmiş yol, görülmüş işlərdir.

Və ilk Avropa Oyunlarının məşəlini Azərbaycan odu ilə şölələndirən Prezident İlham Əliyev həmin məşəli xalqına uzatdı.

Məşəl ölkəni bölgə-bölgə, qarış-qarış gəzdi və Azərbaycanı, milləti bir yumruğa çevirən rəmzə döndü.

Prezident İlham Əliyevin ötürdüyü və bütün Azərbaycan rayonlarını dolaşaraq yenidən Bakıya, paytaxta, Prezident İlham Əliyevə qayıdan məşəl onun xalqa atəşin məhəbbətinin cavabı olaraq yenidən geri qayıdan odlu sevgi idi.

Və Prezident İlham Əliyev məşəlin bu dövretməsi ilə dünyaya, bizə qarşı olanlara ibrətli bir xəbəri çatdırmış oldu: Bu odu, Azərbaycan Məşəlini mənim əlimdən almaqda sizlər acizsiniz. Çünki bu Odu, bu Məşəli mən millətimlə birgə daşıyıram!

Gözlərinin işığını bu Vətənin azadlığı uğrunda savaşlarda itirmiş başqa bir İlham, ilk Avropa Oyunlarının qızıl medalçısı İlham Zəkiyev təltifetmə mərasimində Prezident adaşını ona nəsib olmuş qalib kürsüsünə dəvət etdi.

O anda onların ikisi də qalib idi.

Bu, yalnız bir idman zəfəri deyildi.

Bu bir Qarabağ qələbəsi idi.

Və həmin anda güləşçi İlham Zəkiyev onu alqış selinə bürümüş ətrafdakıları görürdü, çünki onlara Prezident adaşının gözləri ilə baxırdı.

Və daha heç bir düşmən, heç bir zaman o nuru onun gözlərindən qeyb edə bilməyəcək!

Açılışından tutmuş bağlanışınadək Avropa Oyunları həm də gizlədilməyəcək bir Gücün nümayişi idi.

Bu, mahiyyəti etibarilə qüdrətli ölkənin ən müasir silah-sursatla təchiz olunmuş güclü ordusunun keçib getdiyi parad kimi idi.

Bütün yaxın və uzaq düşmənlər və bədxahlar görürdü.

Heyrətlənən heyrətlənirdi, qorxan qorxurdu, təşvişə düşən təşvişə düşürdü.

24 il tarix üçün qısa vaxtdır, bir gözqırpımı qədərdir.

Bu qısadan-qısa zaman kəsiyində Azərbaycanın nail olduqları (həm də hansı şəraitdə, hansı maneələri adlaya-adlaya müyəssər olduqları) zəmanəmizin əfsanəsi adlandırıla bilən tərəqqidir.

Bunca mürəkkəb bir geosiyasi məkanda, fövqəldövlətlərin ümdə maraqlarının toqquşduğu ərazidə yerləşmək, öz xəttini yürüdə-yürüdə bir-biri ilə düşmən münasibətdə bulunan neçə dövlətlə eyni dərəcədə yaxın, qarşılıqlı ehtirama və faydalanmaya dayanan münasibətləri qoruyub saxlamaq bacarığı hünərdir.

Dünya gedişatının qlobal şahmat taxtası arxasında, oyun qaydalarının tez-tez pozulması şəraitində cərəyan edən qəliz qarşıdurmada Siyasət Qrossmeysteri Prezident İlham Əliyevin inkişaf və yüksəlişlərimizin bu illərində udduğu partiyaların, istedadlı gedişlərinin təhlilləri müstəqilliyimizin daha da möhkəm və yenilməz olduğu gələcək illərdə də dönə-dönə aparılacaq.

Və gələcək illərdə, həyəcanları, nigaranlıqları toxtamış sabahlarda sakit başla bunları araşdıranda həm də ona heyrətlənəcəyik ki, bu müstəsna qələbələr bir deyil, bir çox rəqiblə üz-üzə dayanarkən, düşünməyə belə yetərincə vaxtın olmadığı, paralel cərəyan edən, şahmatdan qat-qat dolaşıq və bulaşıq siyasət seanslarında əldə edilib.

Prezident İlham Əliyevin bir mühüm qabiliyyəti də onun miqyaslı və gələcəkli düşünməsidir.

İlk Avropa Oyunlarının bir çox zəruri işləri iki il yarıma, fantastik sürət və keyfiyyətdə icra edildi.

Amma yalnız həmin görülmüş işlər Oyunların bunca təsirli, effektli olmasına bəs etməzdi.

Prezident İlham Əliyev, əslində, 15 ildir bu yolla irəliləyirdi.

XXI əsr yenicə başlayırdı və İlham Əliyev Milli Olimpiya Komitəsinin prezidenti kimi idmanın bütün Azərbaycan boyu qalxması üçün tədbirlər tökürdü.

Bir-birinin ardınca Azərbaycan boyu idman kompleksləri inşa edilirdi, idmanın kütləviləşdirilməsi, yaxşı idmançıların yetişdirilməsi üçün təməllər hazırlanırdı.

Uçuq-sökük, kələ-kötür yollar Bakıda və ölkə boyu yenidən, çağdaş tələblərə uyğun səviyyədə salınmağa başlayırdı.

Hava limanından şəhərə doğru gələn yollar boyu yaraşıqsız, yastı-yapalaq binalar bir-bir sökülürdü, yerində göz oxşayan binalar ucalmağa başlayırdı, parklar, bağlar, güllüklər salınırdı.

Şəhərin içərisindəki binaların nimdaşlaşmış görkəmi, əskiləşmiş hüsnü qayğıkeş, nəvazişkar memar əlləriylə sığallanıb göyçəkləşirdi.

Yadınızdadırmı, indi hər axşam ailənizlə, yaxınlarınızla rahat-rahat gəzib dolaşdığınız,dincəldiyiniz, ləzzət aldığınız, gələn qonaqları valeh edən Dənizkənarı Bulvar genişləndirilərkən, bu gün xalqın sevə-sevə üz tutduğu, “Qış bulvarı” dediyi qəşəng məkan yaradılarkən nə qədər badalaqgələnlər vardı?!

Məqsədi quruculuğa qulp qoymaq, əngəl törətmək olan xoşagəlməz söhbətlər Avropada şeytanın iş icraçısına çevrilmiş adıbəlli siyasi təşkilatlardan pırtlayıb çıxırdı.

İndi əzəmət, can rahatlığı, lətiflik, vaxt qənaəti, təhlükəsizlik simvolları kimi qəbul etdiyimiz sıra-sıra körpülər tikilirkən elə siz özünüz toz-torpaqdan, səs-küydən gileyləndiyinizi unutmusunuzmu?

Düşmənsə daha uzağa baxırdı.

Onlar bilirdilər bu işlərin ardında hansı tərəqqilər gülümsəyir.

Ona görə elə həmin vaxtlar nəfsi iti muzdluların, ayağı və əqidəsi sürüşkən cındırların, torlarına saldıqları cırtdan casusların vasitəsilə qara-qışqırıq salırdılar, beynəlxalq təşkilatlarda onların ləçər haraylarını eşitdirirdilər ki, irəliləyişflərimizə pəl vursunlar.

Prezident İlham Əliyevsə beynində qurduğu gözəl gələcəyin həyata köçməsi üçün hüdudsuz səbirlə, təmkinlə, dözümlə çalışırdı, hər gün bir addım irəliləyirdi və bilirdi ki, bu danışanlar, bu dalaşanlar, bu daş atanlar gec-tez susmağa məcbur olacaqlar, onlara vaxt sərf edib əli soyutmaq olmaz.

Amma Prezidenti rahat buraxmayan bir ümdə məsələ də vardı: şəhər, ölkə gözəlləşir, yeniləşir, ikinci nəfəs gəlir ona – bunlar yaxşı! Bəs insanlar?

Camaatımızın sifətində içəridən gələn təbəssümün oynaması, daxildən çöhrəyə axan fərəh olmasa, ətrafdakı gözəlliklərin nə mənası!

Prezident İlham Əliyev Azərbaycanı iqtisadi cəhətdən qüdrətləndirmək, insanların rifahını təmin etmək, işsizliyi, yoxsulluğu aradan götürməkçün etibarlı bünövrələr qururdu.

Avropa Oyunları ərəfəsində də, Oyun günlərində də, Oyunlar bitəndən sonra da bu yarışlarda iştirak etmiş idmançılarla, yarışları izləməyə gəlmiş turistlərlə, bu nəhəng idman tədbirini işıqlandıran əcnəbi kütləvi informasiya vasitələrinin işçiləriylə şəhərimizin küçə və xiyabanlarında rastlaşırdıq.

Onlar təyyarədən enincə Bakı Hava Limanının qonağı mütənasibliyi, əzəməti ilə, “uçan boşqab” kimi diksindirən binasını görmüşdülər.

Şüşə kimi hamar yolla şəhərə doğru irəlilədikcə bir-birindən yaraşıqlı tikililər karvanını, gülüstanları, meşəlikləri seyr etmişdilər.

Gəlib çıxmışdılar bənzəri dünyada az olan “Atletlər kəndi”nə.

Bir qismi yollanmışdı şəhərin müxtəlif guşələrindəki hamısı son illərdə tikilmiş gözəllikdə bir-biri ilə bəhsə girən hotellərə...

Bir qismi isti-isti şəhərdə başmaq seyrinə çıxmışdı, restoranlara baş vurmuşdu, mağazaların qapısını açmışdı.

Gün ötdükcə əksəri insanlarımızla ünsiyyətə girmişdi, adamla məhrəm dost kimi danışa bilən memarlıq incilərimizlə köhnə tanışlar təki təmasda olmuşdu.

Və onlar bu əsnada addımbaşı gözəllik, inkişaf, zövq, sahman, üstünlük müşahidə ediblər.

Buraları öz ölkələri ilə, gəzib-gördükləri ölkələrlə müqayisə ediblər.

Yəqinlik hasil ediblər ki, doğrudan da dünyaya günəş kimi parlayan bir möcüzə ölkədədirlər.

Bəli, ilk Avropa Oyunlarının layiqincə keçirilməsinin ümdə işləri iki il yarıma həyata keçirilib. Lakin Prezident İlham Əliyevin illərdən bəri hər gün gerçəkləşdirdiyi güclü Azərbaycan quruculuğu fəaliyyətləri olmasaydı, ilk Avropa Oyunları və istənilən həmin miqyaslı beynəlxalq tədbirə yaraşan belə mükəmməl kontekst yardılmasaydı, nəticə də bunca parlaq təsir oyatmazdı.

İlk Avropa Oyunları Prezident İlham Əliyevin çoxistiqamətli Azərbaycan quruculuğu çalışmalarının ayrılmaz bir halqası, möhtəşəm bütövün qırılmaz bir parçasıdır.

Azərbaycan ilk Avropa Oyunlarında 21 qızıl medal qazandı, əldə etdiyi təltiflərin ümumi sayına görə 50 ölkə arasında ikinci yerə çıxdı.

Açığı, çoxumuz bunu gözləmirdik.

İdmançılarımızın son illərdə beynəlxalq yarışlarda əldə etdikləri təcrübələri, qalib gəlməyə, bir növ, adətkərdəliklərini düşünərək hər halda qızılımızın da, gümüşümüzün də, bürüncümüzün də mütləq olacağına ümid bəsləyir, inanırdıq.

Di gəl, bu yarışlara dünya idmanında söz sahibi olan Böyük Britaniya, Almaniya, Fransa, İtaliya və digər ölkələr də qatılmışdılar. Güclüdən-güclü rəqiblərin nəfəsini kürəyində hiss etdiyin belə mötəbər yarışlarda Azərbaycan kimi bir ölkənin hətta ilk onluqda yer alması fəxarət sayılardı.

Fəqət İKİNCİ olduq və 21 dəfə Üçrənglimizi bütün bayraqlardan hündürdədalğalandırmaq, ən yüksək pilləyə qalxmaq bizə qismət oldu.

Nədən belə oldu, bu fövqəladə nailiyyətimizin səbəbi nə, sirri nə, sehri nədir?

O gözdənsalma, ləkələmə, şərləmə, maneolma, Oyunların Bakıda baş tutmasına quyu qazmaq səmtində Amerikadan tutmuş Avropanın neçə ölkəsinədək aparılan təxribatlar, pozuculuqlar ki vardı,bunlar barədə insanlarımız, o sıradan idmançılarımız da,bütün təfərrüatları ilə də olmasa, hər halda kifayət qədər xəbər tuturdular.

Bu həmlələr daha çox şaxələnib artdıqca vətəndaşımız duyurdu ki, idman, yarış bəhanədir, hədəf Azərbaycan özü, onun müstəqilliyi, apardığı müstəqil siyasətdir.

Bunu asta-asta böyüklü-kiçikli hamı anlayırdı və təbii ki, hadisələrin axarında olan idmançılarımız daha artıq.

Ona görə rinqə qalxan, döşək üzərinə çıxan, meydana atılan hər azərbaycanlı idmançı yalnız medal uğrunda mübarizə aparmırdı, ilk növbədə müstəqilliyimizi, şərəfimizi, vüqarımızı qorumaq üçün çarpışırdı.

Və bu duyğu onlara əlavə güc verirdi.

Bu bir Vətən “dopinq”i idi.

Elə bir dopinq ki, onu heç vaxt heç yerdə qadağan edə bilməzlər və dünyada indiyəcən mövcud olmuş, bundan sonra yaranacaq heç bir dopinq də o cür qüvvətli təsir göstərmək iqtidarında deyil.

Azərbaycanın sağlam - həm fiziki baxımdan, həm mənəviyyatca - gənc insanları, idmançılarımız içərilərindəki Vətən, dövlət sevgisindən enerji alaraq bir-birinin ardınca medallarını qazanırdılar.

Hər qələbə Amerika Birləşmiş Ştatları Dövlət Departamentinə, orada hegemon xülyalı qafaların hazırladıqları yalanlarla dolu alçaldıcı cızmaqaralara, elə həmin tərəflərdəki kuklaoynadanların, qısqırdıcıların təhriki ilə üstümüzə diş qıcadan Almaniyaya, Avropa Birliyinə, Avropa Parlamentinə və digər bu təhəryüyəni kənar əllərdə olanlara sərt şillə kimi əks-səda verən cavab idi.

Hər şeyi maddiyyatın arşını, para tərəzisi ilə ölçməyə can atanlar tez-tez müzakirələr açırlar ki, Avropa Oyunlarına nə qoyduq, nə götürdük, nə qədər məsrəfimiz oldu, nə qədər gəlirimiz.

Yarışlar bitdi, qonaqlar çıxıb getdi gəldikləri yerlərə və xərclərin əsas hissəsini aparmış idman qurğularının hamısı qaldı Azərbaycanda.

Həmin müasir qurğular hələ neçə illər bu xalqa xidmət edəcək, onlara sərf edilmiş xərcləri illər ötdükcə onqat, yüzqat artığı ilə çıxaracaq və hələ xeyli müddət də başqa beynəlxalq yarışların Azərbaycanda keçirilməsi üçün mötəbər zəmanətə çevriləcək.

Bunların hamısını qoyun bir tərəfə. Açılış mərasimi translyasiya edilirdi və dünyanın onlarla ölkəsi canlı yayımda izləyirdi bütün bu adilikdən uzaq idman bayramını, Bakı möhürlü möcüzə tamaşanı, şoular şousunu.

Eyni anda Avropa və dünyada yüz milyonlarla insan Azərbaycana baxırdı, Bakıya baxırdı, dikələn boyumuzu görürdü, inkişafımızı izləyirdi.

Pula çevirimmi bunu?

Hər ölkənin milyonlarla insanının bunları görüb Azərbaycana heyranlıqla, təəccüblə, rəğbətlə baxmasını azı bir milyarddan götürün, vurun bunu ölkələrin sayına.

Elə açılış mərasiminin cərəyan etdiyi 2-3 saatda gəlirimiz artıq 50 milyard idi, 100 milyard idi, durmadan da artırdı və gün ötdükcə, əks-səda yayıldıqca həndəsi silsilə ilə bir az da artacaq.

Təbliğat, reklam müasir dünyada ən bahalı dəyərlərdir.

50 milyard, 100 milyard, 150 milyard sərf edərək məcbur, ya sövq etmək mümkün olardımı ki, Azərbaycanı 17 gün ərzində 50, 100, 150 ölkədə təbliğ etsinlər, reklamını aparsınlar, haqqında müsbət danışsınlar, şan-şövkətini tərif etsinlər?

Ağlasığmazca mümkünsüz bir xəyal, röya!

Amma ilk Avropa Oyunları bunu elə öz axarı ilə, təbii bir proses kimi gerçəkləşdirə bildi!

İndi özünüz baxın, insafla, ədalətlə vurun sayğaca ki, gəlirimiz çox olub, ya çıxarımız, uduşdayıq, ya əlimiz gətirməyib...

İlk Avropa Oyunlarının Bakıdakı açılış mərasimindən kadrları ard-arda düzərək bütün dünyaya yayan məşhur CNN kanalı bu cahanşümul görüntüləri vəsf etməyə sözün gücsüz olduğunu hiss edərək ən düzgün yolu seçmişdi.

Bu heyrətamiz görüntüləri “Şərhsiz” deyə kirimişcə, heyranlıqla təqdim edirdi.

Daha təəccüblənməyin niyə ayağımızdan çəkməyə cəhd edirlər, niyə əleyhimizə birləşirlər, niyə müxtəlif irinli kampaniyalar təşkil edirlər.

Həzm etmək çətindir!

Hələ bu ilk Avropa Oyunlarından, bu təntənəmizdən sonra hücumlar səngiməyəcək ki, artacaq.

Ona da hazır olaq!

Neyləsin yazıqlar, onları da başa düşmək olar.

Bir özlərinə baxırlar, bir bizə.

Qısa müddətdəki bunca yüksəlişi, bunca tərəqqini qavraya, qısqanclıqsız qəbul edə bilmirlər.

Və həmin ölkələrin sadə vətəndaşlarında da tərəddüdlü suallar doğur, öz dövlətləri barəsində narahat mülahizələr yaranır qəlblərində: niyə balaca Azərbaycan belə parlaq ola bilir, çiçəklənir, ondan neçə dəfə iri, varlı, müstəqillik yaşı dəfə-dəfə çox olan bizlərsə yerimizdə sayırıq? Niyə dövlətimiz, iqtidarımız bizlərdən ötrü Azərbaycanın öz vətəndaşlarına etdiyi qədər canıyananlıq ortaya qoymur?

Beləliklə, Avropanın,Amerikanın Azərbaycana qarşı oynadığı natəmiz oyunların zərəri sonucda onların özlərinə yönəlir və bizdə dünya mətbuatına daha çox, daha ardıcıl, daha sistemlişəkildə çıxaraq mütəmadi olaraq bu təmayülüqabartmalıyıq.

Əleyhimizə olanlara qarşı onların öz cəmiyyətlərinin gözünü daha çox açmalı, şübhələrini daha artıq dərinləşdirməliyik.

O tərəflərdə isə həm iqtisadi, həm mənəvi böhran il-ildən deyil, gün-gündən qatılaşmaqdadır.

Bəlkə də bizim dilimizdən səslənəndə bu deyişlər təəssübkeşlik, heyif çıxmaq kimi də yozula bilər.

Özlərinin ən müqəddəs ataları Roma Papasına ki şəkk gətirməzlər.

Üzücü bir böhranın, gün-gündən daha diblərə rişələr atan iflasın Avropanı, dünyanı, xristian aləmini necə lərzəyə saldığını, nə sayaq daxildən çürütdüyünü 2014-cü ilin noyabrında Avropa Şurasında çıxışı əsnasında Roma Papası Frensis şəxsən bəyan etdi!..

 

 

*   *   *

 

...Təqvim elə gətirdi ki, ilk Avropa Oyunlarının şirin vaxtında Bakıdan ayrılası olduq.

Strasburqda Avropa Şurası Parlament Assambleyasının növbəti qış sessiyası keçirilirdi və bu dəfə gündəlikdə Azərbaycan mövzusu da var idi.

Azərbaycan Avropa Şurasının bir sıra başqa gənc üzvləri kimi, monitorinq altında olan ölkədir və ona görə də vaxtaşırı olaraq xüsusi məruzəçilərin sessiyalarda haqqımızda hesabatlarla çıxış etməsi qanunauyğun haldır.

Lakin “Azərbaycanda demokratik təsisatların fəaliyyəti” ilə əlaqədar məruzənin məhz bu sessiyaya, məhz Avropa Oyunlarının keçirildiyi günlərə təsadüf etməsi artıq başqa qanunauyğunluğa tabe idi.

Bizə qarşı işləyən iblisanəmərkəz və cərəyanlar ilk Avropa Oyunlarının Azərbaycanda keçirilməsinin qarşısını ala bilməyəndə heç olmazsa onun irəliləməsinə mane olmaq, dövlətimizin dünyadakı imicinə yeni çirkablar atmaq, əlavə ləkələr vurmaq üçün bu tribunadan münasib girəvə kimi yararlanmağa cəhd etdilər.

AŞPA-ya hazırda sədrlik edən, ölkəmizə qarşı daim mənfi, qərəzli münasibətilə seçilmiş Ən Brasörün səlahiyyət müddətinin bitməsinə lap az qalır və yanvardan o, daha bu kürsüdə oturmayacaq. Onun Parlament Assambleyasına başçılıq etdiyi dönəmi bizə qarşı kinin və qərəzkar həmlələrin tüğyan etdiyi qara zolaq kimi də səciyyələndirmək olar. Lakin bu xanımın bütün isterik tərpənişlərinə baxmayaraq, biz onun sədr olduğu müddətdə də ölkəmiz üçün çox əhəmiyyətli işlər görməyə müvəffəq olmuşuq. Ötən ilin iyununda Azərbaycan Prezidentinin Assambleyada çıxışı zamanı dövlət başçımıza və ölkəmizə qarşı öz əlaltılarının da fəal iştirakı ilə Ən Brasör xüsusi ssenari qurmuşdu. Lakin cənab İlham Əliyevin yüksək dövlətçi peşəkarlıq və diplomatik məharətlə bütün həmlələri dəf edərək onları tam məğlub duruma gətirməsindən sonra qəzəbləri bir az da artdı.

Gethagetdə son dəfə zəhərini tökmək, əqrəbliyini isbata yetirmək üçün sədrxanım olmazın oyunlardan çıxdı.

Sessiya gedişində bizə qarşı quduz cummaların tərkib hissəsi kimi “Avropa Oyunları insan hüquqları kontekstində” adlı ayrıca dinləmələr də təşkil etmişdilər. Bir ətək xərc çəkərək ora xeyli dil pərgarı bədxahımızı dəvət etmişdilər.

Planlaşdırılan ayrı daha təhlükəli zərbə qarşıdakı parlament seçkilərində Avropa Şurasından Azərbaycana göndəriləcək seçki missiyasına bizə rəzil münasibətilə xüsusən seçilən Andreas Qrossu rəhbər təyin etmək idi. Bu isə o demək idi ki, Azərbaycanda seçkiləri izləmək üçün Avropa Şurasından göndəriləcək tərkibə kimlərin daxil edilməsindən asılı olmayaraq, mənfi yekun rəy irəlicədən təmin edilmiş olacaq.

Həmin rəy 2016-cı ilin yanvar sessiyasında səslənəcək. Ən Brasörün artıq sədr olmayacağı vaxtda. Amma nə dəxli!Tapşırığını alıb ki, son pislik etmək şansındır, fürsəti qaçırma!

Həqiqətləri bilməyə-bilməyə başa çatmış sessiyanın Azərbaycan üçün guya uğursuz olduğunu iddia edənlər qəti şəkildə yanılırlar. Bu, əksinə, ən uğurlu sessiyalarımızdan biri sayılmalı, düşmənlərimizin, istəməyənlərimizin niyyətlərinin puça çıxdığı növbəti qələbə raundu hesab edilməlidir.

Azərbaycanın apardığı məqsədyönlü işin nəticəsi bu oldu ki, Ən Brasör və onabənzərlərin kələyi alınmadı.

Andreas Qross Azərbaycana göndəriləcək Avropa Şurası seçki müşahidəçisi komandasına rəhbər seçilmədi.

Bu, tələ quranları lap hövsələdən çıxardı və bizi daha ağrılı sancmaq üçün digər riyakarlıqları sınaqdan çıxarmağa qurşandılar.

AŞPA-nın yay sessiyasındayadda qalan və bizəəks müəyyən qüvvələrin qərəzkarlığını dəqiq aşkarlayan bir epizodu hər kəsin bilməsini istəyirəm.

Azərbaycan üzrə məruzəni ispaniyalı deputat Pedro Aqramunla polşalı deputat Tadeuş İvinski hazırlamışdılar və mətndə xeyli tənqidi məqamın olmasına rəğmən pozitiv hissələr də az deyildi. Elə ilk bənddəcə Ermənistanın Dağlıq Qarabağı və digər 7 Azərbaycan rayonunu işğal etməsinin əks olunması məruzənin diqqətəlayiq cəhətlərindən idi.

Pedro Aqramunun Azərbaycan üzrə məruzəçi olaraq bu, son işi idi və sessiyada onu başqası ilə əvəz edəcəkdilər. Məruzəçi olduğu dövrdə imkan daxilində ədalətli, qərəzsiz olmağa çalışmış, Azərbaycanın işğala uğraması faktını həmişə hesabatlarında əks etdirməyi vacib bilmiş, məruzəçiliyi dönəmində ölkəmizə dəfələrlə gəlib-getmiş, yaxından tanıdıqca vurulduğu Azərbaycana insani bağlılığının yaranmış olduğunu söyləyən P.Aqramun gözlənilməz və acı bir etiraf da etdi: “O anı səbirsizliklə gözləyirəm ki, Azərbaycan üzrə məruzəçi olmaq müddətim bitsin. Bilmirsiniz mənə qarşı nə qədər təzyiqlər olurdu. Dözülməz təzyiqlər!”

Tarixdir, bilməniz lazımdır!

Dostlarımızı, əleyhdarlarımızı, istəyib-istəməyənlərimizi gərək yaxşı tanıyaq.

Həmin Pedro Aqramun, bu vicdanlı insan axıradək mətanət göstərərək həqiqətin ziddinə getməyib, Azərbaycana qarşı qıraqdan ona pıçıldanan bir çox saxta, qəlp müddəaları yaxına buraxmayıb, deyə, yaza biləcəyi həddə qədərdüzgün olmağa çalışıb.

Nəyin qarşısını almağı bacarmayıbsa, bacarmayıb, amma edə bildiyi yaxşı əməllərə görə, təhriklərə, təzyiqlərə tab gətirərək qərəzkarlığa yuvarlanmadığı üçün onun bizlər tərəfindən həmişə sayğıyla anılmaq haqqı vəfa borcumuzdur!

Pedro Aqramunun əvəzinə elə onun həmvətəni Auqustin Konde Azərbaycan üzrə həmməruzəçi seçildi.

Görək imtahandan o necə çıxacaq, ədalətsiz, haqsız, fitnəkar qüvvələrin həmlələrinə sələfi kimi duruş gətirə biləcəkmi?

Ən Brasör və onun ağuverənlərinin öz aləmlərində guya Azərbaycanı ən ağrılı yerindən, Qarabağ məsələsində vurmaq təşəbbüsləri oldu və əslində, bu, mahiyyətcə onların məğlubiyyətinə çevrildi.

Avropa Şurasında qəbul edilmiş qaydalara müvafiq olaraq məruzədəki ayrı-ayrı sözləri, ifadələri dəyişmək, hansısa cümlələri mətndən çıxarmaq məqsədilə yazılı, ya şifahi düzəlişlər irəli sürmək mümkündür. Belə düzəlişlər əvvəlcə uyğun komitədə, son olaraqsa Assambleyanın plenar iclasında müzakirə edilir, səsə qoyulur.

Dağlıq Qarabağı və digər 7 Azərbaycan rayonunu Ermənistanın işğal etməsi ilə əlaqədar bəndi məruzə mətnindən və qətnamədən çıxarmaq üçün erməni lobbisi ilə Ən Brasör və tərəfdarları əlbir idilər.

Əlbir idilər ona görə yox ki, ermənilərə xüsusi məhəbbətləri var. Onları artıq yaxşı tanıyırlar. Sadəcə, məqsədləri Azərbaycana ziyan yetirmək idi və bu nöqtədə onların ehtirasları ilə erməni marağı üst-üstə düşürdü.

Eyni bəndi mətndən ixtisara salmaq üçün bir-birindən fərqlənməyən 5 düzəliş irəli sürülmüşdü.

Yəni nə təhər olsa, birini hökmən keçirməli!

Əslində isə məzmun etibarilə təxminən bir-birlərini təkrar etdiklərindən onlardan biri rədd edildikdən sonra qalanları da kənara atılmalı idi. Lakin yox, əleyhdarlarımıza yuxarıdan tapşırıq o cür gəlmişdi və işğal maddəsi çıxarılmalı idi. Nəyin bahasına olursa-olsun!

Qırımlarını ki o sayaq görürdüm, hətta 5 düzəlişin 5-i də səsvermədə bizim xeyrimizə həll olunsaydı, əlavə bir, ya bir neçə şifahi düzəliş irəli sürüb səsverməni özləri istəyən məcraya yetirənədək oyunu davam etdirəcəkdilər. Ən bəd ayaqda isə özlərinin yaxşı bacardıqları, lakin başqalarına irad tutduqları üsul da ehtiyatda qalırdı: maşın lazım olan kimi sayacaqdı!

Bir neçə səsvermədə biz üstünlük qazansaq da, axırı ki, maddəni mətndən çıxarmağa nail oldular.

Mən orada zarafatla bir söz dedim ki, bu ona bənzəyir deyəsən,günəş yoxdur və səsverməyə çıxarıb bunu təsdiq edəsən. İnsanlar mat-məəttəl qalaraq söyləyəndə ki, bəs axı odur, günəş göydədir, görünür, özü də bizi yandırır, qayıdacaqlar ki, siz demokrat deyilsiniz, səsvermə yolu ilə məsələni həll etmişik, günəşin göydə olması və sizi yandırması isə başqa məsələdir.

Biz 15 il əvvəl Avropa Şurasına ilk gedişimizdə burada ikili standartlarla qarşılaşacağımıza irəlicədən əmin idik. Amma yavaş-yavaş orada yalnız ikili deyil, üçlü, beşli, onlu standartları, çoxüzlülüyün hər çeşidini gördük.

Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi ilə əlaqədar cümləni qətnamədən çıxarmaqla Avropa Şurasına eybəcər yamaq olan qüvvələr özlərini ifşa etmiş oldular.

Axı elə bu təşkilatın hələ 2005-ci il yanvarın 25-də qəbul etdiyi və bilavasitə münaqişəyə aid 1416 saylı qətnamə var. Həmin qətnaməninsə ilk bəndindəcə ağın üzərində qarayla yazılıb ki, Dağlıq Qarabağda separatçı rejim mövcuddur, Ermənistan Azərbaycan ərazilərini zəbt edib və Ermənistanda tarixən yaşamış azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti aparılıb.

Bu qətnamənin icrasına nəzarət üçün də Avropa Şurası elə həmin il ayrıca bir yardımçı komitə təsis etmişdi.

Yay sessiyası ərəfəsində isə Avropa İnsan Haqları Məhkəməsi Ermənistanın Azərbaycan ərazilərini işğal etməsini təsdiqləyən və bundan irəli gələn fəsadların aradan götürülməsi tələbini qaldıran ayrıca qərar çıxarıb.

Bütün bunlara göz yummaq, zorla ağa qara demək bir yana qalsın, özü Avropa İnsan Haqları Məhkəməsinin qərarlarına məhəl qoymayan bir təşkilat bundan sonra hər hansı üzv ölkəni, o cümlədən Azərbaycanı necə qınaya bilər ki, həmin məhkəmənin hansısa qərarının icrasından boyun qaçırır?

Bəzi şəxslərin həmin qərəzli addıma, belə bir şikəst qətnaməyə görə Avropa Şurasından çıxmalıyıq çağırışları da qəbuledilməzdir.

Avropa Şurası nə Ən Brasördür, nə Andreas Qrossdur, nə ermənidən artıq erməni olan Fransua Roşeblandır, nə də sifətindən də, hərəkətlərindən də, nitqindən də ermənilik damla-damla yağan, Azərbaycana gəlişlərinə yasaq qoyduğumuz fransalı Rene Ruke.

Axı elə bu sessiyada Strasburqda yenə görüşdüyümüz, indi daha ölkəsində də deputat olmayan, Assambleyaya bu dəfə qonaq kimi gəlmiş keçmiş Avropa Şurasının sədri, böyük britaniyalı Terri Devis kimi həmkarlarımız da olub.

O Terri Devis ki, erməni lobbisinin bütün şiddətli həmlələrinə baxmayaraq, Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi haqda son dərəcə doğruçu, obyektiv məruzəni hazırlamışdı, həmin məşhur 1416 saylı qətnaməni sonacan qoruyaraq olduğu kimi qəbuluna nail olmuşdu.

2001-ci il idi. Avropa Şurasında yolumuz təzəcə başlanırdı, hər sessiyada neçə-neçə haqsızlıqla qarşılaşırdıq.

Unudulmaz Heydər Əliyev o vaxt nümayəndə heyətimizlə qapalı, mətbuatın iştirakı olmadan keçən görüşlərindən birində söylədi ki, böyük dövlətlərdən birinin rəhbəri mənə dedi ki, niyə gedib Avropa Şurasına üzv olmusunuz? Orada haqsızlıq, ikili standartlar, subyektivlik baş alıb gedir.

Ulu öndər sanki canıyananlıqla, xeyirxahlıqla verilmiş bu məsləhəti rədd etmişdi: “Bilirəm ki, haqsızlıqlar da olacaq, ədalətsizliklər də, qərəzli tənqidlər də, ikili standartlar da. Amma yaxşı-pis, Avropa Şurası demokratiya məktəbi sayılır, bizimçün sözümüzü deməyə əlverişli məkandır. Yaxşı, biz olmayaq, dalımızca danışsınlar, nə qazanacağıq?! Özümüz orada olanda heç olmazsa cavablarını verərik”.

Avropa Şurası son illərdə böhranlar qoynundadır. Dəfələrlə bu böhrandan qurtulmağın yollarını arayan, islahat təklifləri səslənən müzakirələr keçirilib. Hələ ki, kosmetik dəyişikliklərdən savayı nəticə yoxdur. Çünki getdikcə yara dərinə işləyir. Avropa Şurasının qarayarası isə xarici xüsusi xidmət orqanlarının əlində əsir olan, dəqiqədə bir cildə girən məsləksizlər, muzdlulardır.

Hamı açıq bilir, dəfələrlə də Avropa Şurasının tribunasından elan edilib ki, ATƏT-in İnsan Hüquqları və Demokratik Təsisatlar Ofisi ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin leqal fəaliyyət göstərən qurumudur.

Qıpqırmızı yalanlar, böhtanlar uydurmaqda, bizə və digər sözəbaxmaz dövlətlərə arasıkəsilməz qərəzli hücumlar etməkdə pərgarlaşan bu qurum tam ifşa olunduğu halda da onu yenə demokratiya və haqq meyarı kimi qiymətləndirməyə Avropa Şurası rəhbərliyi səviyyəsində cəhdlər edilirsə, biz ruhdan düşüb geri çəkilməməliyik.

İfşa xəttimizi bir qədər də dərinləşdirməli, genişləndirməliyik.

“Avropa Şurasından gedə bilərik” bəyanatının isə yaşamaq haqqı var.

Qoy bilsinlər ki, hər halda belə mövqe də var.

...Yada salıram yenə müdrik Heydər Əliyevi.

1990-cı illərin ortaları idi. Xarici nümayəndə heyətləri ilə görüşlərdən birində söylədi ki, İslam əsatirində Sirat körpüsü deyilən anlayış var. Bu, Cənnətə aparan qılıncdan iti, tükdən nazik bir körpüdür. O körpü ilə irəliləyərkən azacıq yanlışlığa yol versən, yüngülvari büdrəsən, dərhal cəhənnəmə düşəcəksən.

Və ulu öndər əlavə etdi ki, biz, Azərbaycan indi həmin qılıncdan iti, tükdən nazik körpü ilə irəliləyən kimiyik. Qətiyyən yanlışaddım atmaq haqqımız yoxdur. Bircə səhv addım indiki mərhələdə bizimçün məhvə bərabərdir.

Azərbaycan XXI əsrin çətindən-çətin, qarışıqdan-qarışıq siyasət cəngəlliklərində irəliləyir.

Uçurumları adlayaraq, olmazın maneələri, çəpərləri aşaraq, müqavimətləri qıraraq irəliləyir!

Və Azərbaycan xoşbəxtdir ki, bunca mürəkkəb tarix aşırımlarında onun sükançısı Prezident İlham Əliyev kimi dərin zəkalı, iradəli, qətiyyətli, yenilməz bir şəxsiyyətdir.

Bakıda Avropa Oyunları cərəyan edən çağda, Avropa Strasburqda Azərbaycana qarşı növbəti murdar oyunlarını qurduğu vurhavurda mən AŞPA tribunasından indi orada müvəqqəti olaraq meydan sulayan rəhbərliyin yaxşı bildiyi, ancaq heç vəchlə eşitmək istəmədiyi həqiqətləri ucadan dilə gətirdim. Söylədim ki, Avropa Şurasından bəhs edərkən çox vaxt “ailə” ifadəsini işlədirlər və zənnimcə, bu, çox məntiqlidir. Çünki yarandığı müddətdən bəri üzv ölkələrinin sayı dörd dəfə artan, bu gün qovuşdurduğu 47 dövlətin hər biri tərəfindən hörmətlə qəbul edilən Avropa Şurası həqiqətən 800 milyondan çox insanı əhatə edən nəhəng dünya ailəsi sayıla bilər. Hər sessiya öncəsi dinlədiyimiz inkişaf hesabatlarını da mən lap qədimlərdən nümunəvi Avropa nəsillərinə və familiyalarına xas olmuş -dünənki işlərə yekun vuran, sabahkı işlərə hazırlıq görmək vəzifəsini daşıyan -səmimi ailə söhbətləri kimi qəbul edirəm. “Səmimi” sözünü də təsadüfən işlətmirəm. Çünki bu qəbil fikir mübadilələrinin, ailə dərdləşmələrinin ilkin şərti məhz səmimiyyətdir. Belə müzakirələrdə səmimiyyət yoxsa, demək, bu heç ailə söhbəti deyil və əhəmiyyətli nəticəyə gətirib çıxarmaz. Ailə münasibətlərində səmimiyyətə yağı olan ən başlıca fəsad ailənin bərabərhüquqlu üzvlərinə qeyri-bərabər münasibət bəslənilməsi, fərqli standartlarla yanaşmalardır. Mən burada öz ölkəmə - Azərbaycana münasibətdə bunu hər zaman hiss etmişəm.Bu gün Azərbaycan rövnəqlənən, sürətlə inkişaf edən, öz sözü, öz müstəqil siyasəti olan bir dövlətdir və buna mane olmaq istəyənlər də az deyil. Və maraqlıdır ki, Azərbaycana qarşı iri xarici dövlətlərin bilavasitə və ya da bir sıra beynəlxalq təşkilatlar vasitəsilə apardığı gizli mübarizə çox zaman “insan hüquqları”, “demokratiya” pərdəsi altında həyata keçirilir. Gizlətməyə ehtiyac yoxdur. Azərbaycanı təsir dairəsinə daxil etmək niyyətində olan böyük güclərAzərbaycanda indiki kimi güclü deyil, öz qətiyyəti, dövlətçi iradəsi olmayan, kənardan asanca idarə edilə, yönəldilə bilən bir dövlət başçısı və hakimiyyətin varlığında maraqlıdırlar.Demokratiya, söz azadlığı, insan haqları kimi ciddi dəyərlər, nə acı ki, bu zaman həmin xəbis niyyətləri gerçəkləşdirmək üçünmöhtəkirlik vasitəsinə çevrilir. Xarici qüvvələrin belə addımlarla nəzərəçarpacaq uğur əldə edə bilməməsinin əsas səbəbi də odur ki, Azərbaycan müxalifəti də, geniş kütlələr də bu cəhdlərin səmimiyyətdən uzaqlığını, mahiyyətcə Azərbaycanın milli mənafeyinə zidd olduğunu anlayır. Düzdür, bu gün Azərbaycanda həbsdə “vicdan məhbusu”, “siyasi məhbus” kimi qələmə verilən bir sıra şəxslər var. Onların xeyli hissəsi savadlı, qabiliyyətli, Avropa dillərinə bələd olan insanlardır. Mən qətiyyən istəməzdim ki, onlar məhbus həyatı yaşasınlar. Lakin istintaq materialları onların bir hissəsinin xarici xüsusi xidmət orqanları tərəfindən ələ alındığını, bir qisminin iqtisadi cinayətlər törətdiyini inkaredilməz dəlillərlə sübut edir. Azərbaycana qarşı işləyən iri xarici güclərin son illərdə yürütdüyü siyasətin başlıca elementlərindən biri o qəbildən olan zəif iradəli şəxslərimüxtəlif üsullarla təsir dairəsinə salmasıdır. Çünki casusluğa cəlb edilmiş az-çox tanınmış bir hüquq müdafiəçisinin, bloqqerin, jurnalistin ifşa edilərək həbs olunmasından sonra bu adlarla spekulyasiya və manipulyasiyalar etmək asandır. Onların casusluğa görə yox, guya məhz siyasi baxışlarına görə həbs edildiyini aləmə car çəkməklə Azərbaycana qarşı işləyən məkrli qüvvələr əlavə əks-təbliğat imkanı qazanmış olurlar. Azərbaycanda demokratik təsisatların bugünkü vəziyyəti ilə əlaqədar irəli sürülən bir çox tənqidi fikirlərin arxasında ya bu ümdə həqiqəti bilməmək, ya da bilib dilə gətirməmək dayanır. Azərbaycan demokratiya, hüquqi dövlət quruculuğu yolu ilə inamla irəliləyir və belə süni maneələrlə, demaqogik təzyiqlərlə onu düz yolundan sapdırmaq mümkün deyil. Elə burada, Avropa Şurası məktəbində demokratik dəyərlərə sadiqlik təcrübələri qazanmış Azərbaycanın dövlət başçısı İlham Əliyev də, həmin ideallara sadiq olan bizlər də həmişə ölkəmizə qarşı tətbiq edilən bu qəbil əsassız, qərəzli, saxta siyasət və cəhdləri rədd edəcək, onlara qarşı ardıcıl mübariz olacağıq. Bu model artıq ifşa edilib. Yaradıcı olun, başqa yollar arayın!

 

*   *   *

 

Heç kim çörəyi burnuna yemir.

İsveçrənin Azərbaycandakı səfirliyinin İçərişəhərdəki, öz əməkdaşlarının belə güc-bəla yerləşdiyi xırdaca binasında asi düşmüş, vətəninə dönük çıxmış bir azərbaycanlını 10 ay ərzində bəsləyib saxlaması, onun Azərbaycan dövlətindən oğurladığı yüz minləri ödəməsi, sonra ondan ötrü Azərbaycan dövlətinə minnətçi düşərək ölkə xaricinə çıxarılması boş-boşuna olmur.

Amerika tapşırıb, İsveçrə də yerinə yetirir.

Çünki bu oğlanın qaşları da, gözləri də qaradır!

Hərçənd Azərbaycanda qaraqaş, qaragöz oğlanlar çoxdur.

Amma məhz bu qaraqaşa məxsusi iltifatın göstərilməsi, təbii ki, səbəbsiz deyil. Hansısa başqa qaraqaş, qaragözümüz həmin İsveçrə səfirliyinin qapısını döysə, 10 ay saxlamaq nədir, heç qapını üzünə açmazlar.

Elə yad qapıların üzünə taybatay açılması və o cür nəvaziş üçün gərək xain olasan, gərək Vətənini satasan.

Neyləməli, bu, həyatdır!

Millətin bütün balaları Koroğlu olmur, həmişə sağda-solda, küncdə-bucaqda Keçəl Həmzələr də sülənir, düz Koroğlunu buraxıb əyri Keçəl Həmzəyə dayaq duran düşmənlər də həmişə pusqudadır.

“Azərbaycan bu gün zirvədədir!”

Bunu dünya tarixində ilk dəfə olaraq baş tutan və Azərbaycanın ev sahibliyi ilə əladan-əla səviyyədə keçirilərək gözlənildiyindən də yaxşı tamamlanmış Avropa Oyunlarına sözardı olaraq Prezident İlham Əliyev dilə gətirdi.

Həqiqətdir, zirvədəyik!

Bu həqiqət o qədər əyani, o qədər aydındır ki, onu görməmək mümkün deyil.

Özümüz də görürük, dost da, düşmən də görür.

Prezident İlham Əliyev o sözləri bütün varlığını bürüyən bir məmnunluqla, zəhmətlərinin bəhrəsinə öyünən bir bağban kimi söyləyirdi.

Zirvədəyik, danılmaz gerçəkdir və bu da gün kimi aydın həqiqətdir ki, zirvədə olmağımızın baş memarı da Sizsiniz, cənab Prezident!

Mehriban xanım haqlıdır, kapitanı Siz olan komanda qalib olmağa məhkumdur, zirvələr fəth etməyə borcludur, dünyaya örnək olmağa layiqdir!

Sizin könüldən gələn, işıqla, səmimiyyətlə dolu, qarşıdakına da nur bağışlayan gözəl, sirayətedici gülüşünüz var.

Amma heç vaxt yaddaşlardan silinməyəcək bu Avropa Oyunları günlərində qələbəmizin şərəfinə səslənən himndən hamımızı duyğulandıran kövrəlməniz də əzizdən-əzizdir.

Arzu edirəm ki, uğurlarımızın müşayiətçisi olan işıqlı təbəssümünüz, o mehriban gülüşünüz çöhrənizdən əskik olmasın!

Amma bütün millətimizlə birgə köksə sığmayan bir fərəhdən bir də qəhərlənmənizi, bir də kövrəlmənizi diləyirəm.

Ən yaxın sabahların içində böyük Qarabağ qələbəmizin zəfər himni səslənərkən kövrəlmənizi!

 

Rafael HÜSEYNOV

Milli Məclisin deputatı,

Akademik

 

Xalq qəzeti.- 2015.- 1 iyul.- S.2-3.