Qlobal media və tolerantlıq
Dini və milli tolerantlıq hər
bir cəmiyyətin tərəqqi və intibahı
üçün zəruri amildir. Böyük zəka
sahibləri hər zaman fərqli dillər, dinlər və mədəniyyətlərin
daşıyıcılarını bir-birlərinə hörmət
və etimad göstərməyə çağırıblar.
KİV-in dini və milli tolerantlığın təbliğinə
töhfə verməsi vacibdir və bu, onun əsas
funksiyalarından biri olmalıdır.
Dünyanın indiki qarışıq bir dönəmində, qlobal media xalqlar və mədəniyyətlər arasında tolerantlığın gücləndirilməsi kimi zamanın vacib çağırışını qarşılamağa borcludur. Lakin, bir çox hallarda media üzərinə düşən vəzifələrə adekvat yanaşmır və ən pisi isə odur ki, bir çox KİV-lər, həm elektron media və həm də çap mətbuatı hətta dini, milli ayrı-seçkiliyin, nifrət və dözümsüzlüyün güclənməsinə səbəb olurlar.
Fərqli dinlər, fərqli mövqelər...
Dinlər əsrlər boyu insanların düşüncə, davranış, həyat tərzlərinə böyük təsir göstərib. Dinə tapınmaqla insan real və xəyali dünyada arzu və düşüncələri müqabilində həyatın məğzini, mənasını anlamağa, özünü dərk etməyə çalışır. Dinin toplumun milli-mənəvi, əxlaqi dəyərlərində əks olunması, dahi alman filosofu Hegelin vurğuladığı kimi, “mədəniyyətin ruhu”nu təşkil etməsi təbiidir.
Fəqrli dinlərin, eləcə də fərqli mədəniyyətlərin təşəkkül tapması tarixi reallıqdır. Lakin hər hansı bir toplumun məhz mənsub olduğu dilin, dinin yaxud irqin başqa xalqlara nisbətdə daha üstün dəyər olaraq qəbul etməsi və öz iradəsini zorla digərlərinə qəbul etdirməyə çalışması yolverilməzdir. Özlərini hamıdan ali hesab edən faşistlərin bəşəriyyətə gətirdiyi fəlakətləri burada xatırlamaq sadəcə kifayətdir.
XV-XVI əsr Avropasına, həmin dövrün ən qüdrətli dəniz dövləti sayılan İspaniyanın tarixinə nəzər yetirəndə görürük ki, həmin dönəmdə katolik dininin hakimi-mütləq olduğu bu ölkədə başqa dinlərə və təriqətlərə qarşı dözümsüzlük dəhşətli inkvizisiyaya yol açmışdı. Müsəlman, pravoslav, yəhudi olduqları üçün adamları diri-diri tonqallara ataraq yandırırdılar! Acı təəssüf ki, həqiqi İslamla heç bir əlaqəsi olmayan İŞİD yaraqlıları artıq müasir dövrdə bu vəhşəti təkrar edirlər.
Tarixin ən qaranlıq dövrlərində belə ağıllı, müdrik insanlar, xilaskarlar tapılır. Türkiyə sultanı İldırım Bəyazid sırf humanist məqsədlərlə İspaniya kralına məktub yazıb 200 mindən çox yəhudini diri-diri yandırılmaq fəlakətindən xilas etmiş, onların Türkiyəyə gələrək məskunlaşmalarına şərait yaratmışdı. Yəhudi tarixçiləri bəzi jurnalistlərdən fərqli olaraq bunu unutmurlar. Yeri gəlmişkən, Knessetin - İsrail parlamentinin ən mötəbər salonlarından birində yəhudi xalqının ən görkəmli şəxsiyyətləri ilə bərabər İldırım Bəyazidin də portreti asılıb.
Amma Davosdakı məlum “one minute!” və sonrakı məlum hadisələrdən sonra İsrail-Türkiyə münasibətləri xeyli korlanıb. Bu gün yəhudi mətbuatı çox az hallarda türklərin tarixdə yəhudiləri dəfələrlə qətliamlardan xilas etmələri barədə “daşdan keçən faktları” geniş ictimaiyyətə açıqlamağa cəhd edir. Halbuki etməlidir, axı, mətbuat obyektiv və qərəzsiz olmalıdır.
Başqa bir tarixi fakta müraciət edək. Xristofor Kolumb Amerikanı kəşf edəndən bir müddət sonra okeanın o tayına gedən ilk ispaniyalı mühacirlər burada yerli əhalini talan edir, katolik dininə etiqad etmək istəməyənlərə ağır divan tuturdular. Yaxşı ki, XVII əsrin ortalarından başlayaraq Amerikaya mühacirət edən avropalıların yeni nəsilləri yerli hindu tayfalarına, onların adət-ənənələrinə daha mötədil mövqe sərgilədilər.
Maraqlıdır ki, Birləşmiş Ştatların qurucuları – “bani atalar”ın bir çoxu ölkənin siyasi həyatına böyük təsir imkanlarına malik olan qəzet redaktorları və yaxud görkəmli publisistlər olublar. Məhz Tomas Ceferson, Con Adams, Tomas Peyn və başqaları “Yeni qitə”də tolerantlığın həyat tərzinə çevrilməsinin vacibliyini fəal təbliğ edirdilər. Təsadüfi deyil ki, 1791-ci ABŞ Konstitusiyasına “Birinci düzəliş” qəbul edildi və Konqresin sərbəst toplaşmaq hüququ, söz, ifadə, mətbuat, eləcə də vicdan azadlıqlarını məhdudlaşdıran qanunlar qəbul etməsinə qadağa qoyuldu.
KİV niyə
yaxşını qoyub, pisi axtarır...
Din çox həssas mövzudur. Bu mövzuda elə yazmalısan ki, ən azı hər bir toplum üçün doğma və müqəddəs olan dəyərlər aşağılanmasın. Əks halda, bu, insanların heysiyyatına toxuna bilər. Bu, təkcə hüquqi deyil, həm də mənəvi öhdəlikdir. Bu məsələdə media mənsubları öz üzərlərinə düşən məsuliyyəti dərindən dərk etməyə borcludurlar.
Təəssüf ki, “oturuşmuş demokratiya”ya sahib olduqlarını iddia edən ölkələrin mediası belə sırf cinayət hadisələrini işıqlandırarkən orada mütləq dini və milli zəmində “nə isə” axtarıb tapırlar. Çox vaxt mediada konkret bir cinayətkara, və ya cinayətkar qrupa deyil, onların mənsub olduqları dinə (bir qayda olaraq hədəfdə İslam dinidir-M.A.) qarşı əssasız ittihamlar yer alır.
Bu gün dünyanın nüfuzlu mətbu nəşrləri “Nyu York Times”, “The Washinqton Post” (ABŞ), “The İndependent”, “The Guardian”, (Böyük Britaniya), “Mond” (Fransa); “Bild” (Almaniya) və başqaları, “The Associated Press” (ABŞ) “France Presse” (Frans), “Reuters” (Böyük Britaniya) kimi iri informasiya agentlikləri, eləcə də daha böyük auditoriyaya təsir imkanları olan “CNN”, “ABC”, “Fox news” (ABŞ), BBC (Böyük Britaniya), “Euronews” (Avropa İttifaqına məxsusdur, Fransanın Lion şəhərindən yayımlanır-M.A) kimi televiziya kanalları İslamı daha çox mənfi cəhətdən xarakterizə edən fakt və hadisələri yaymağa cəhd edir, beləcə kütləvi oxucu və ya tamaşaçıda şüuraltı bu dinə qarşı mənfi münasibətin formalaşmasına yardım edirlər.
Unudurlar ki, İslam geniş elmi, mənəvi və əxlaqi dəyərlər sistemi olaraq bəşər sivilizasiyası tarixində yeni mütərəqqi eranın başlanğıcını qoyub. VII əsrin əvvəllərində Ərəbistan yarımadasında meydana çıxan İslam dini tezliklə geniş bir ərazidə yayılaraq o dönəmki cəmiyyətlərə yeni dəyərlər, daha ədalətli sosial münasibətlər bəxş etmişdir. Unudurlar ki, məhz orta əsr İslam alimlərinin cəbr, həndəsə, tibb, fəlsəfə və başqa elmlərdə əldə etdikləri böyük kəşf və ixtiralar, suvarma və əkinçilik və sair sahələrdə tətbiq etdikləri mütərəqqi metodlar məhz ərəb mənbələri vasitəsilə bütün Avropaya yayılıb. Sirr deyil ki, hətta qədim Yunan ədəbiyyatı və fəlsəfəsi, antik dövr Roma hüququ da ərəb məxəzləri vasitəsilə Avropa xalqlarına məlum olub. Yalnız bundan sonra orta əsrlər Avropasında intibah erası başlanıb.
İslam dini, bütövlükdə Şərq mədəniyyəti barədə obyektiv və hərtərəfli məlumatların olmaması, son nəticədə Qərb və Şərq sivilizasiyaları arasında inam və etimadın kəskin azalmasına gətirib çıxarır. Fransada nəşr olunan “Şarli Hebdo”satirik jurnalında Məhəmməd (s) Peyğəmbərin karikaturasını çəkənlər, doğrudanmı, söz azadlığına xidmət etmək niyyətində idilər? Niyə onları başa salan tapılmadı ki, “Qurani-Kərim” özündən əvvəlki bütün səmavi dinlərə, o cümlədən xristianlığa, peyğəmbər İsa Məsihə dərin ehtiramla yanaşır. Media niyə yaxşını yox, mənfini arayıb tapır?!
Tolerantlığın
Azərbaycan modeli
Azərbaycan cəmiyyəti dini və milli ayrı-seçkiliyin fövqünda dayanan, başqa dinlərə, fərqli adət-ənənələrə dözümlü olan cəmiyyətdir. Bu amil ölkəmizin davamlı inkişafına töhfə verir, sosial dayanıqlığı gücləndirir. Azərbaycanda bərqərar olan dini və milli tolerantlıq xalqımızın milli sərvətidir. Bu böyük sərvət beş il, on il ərzində hasilə gəlməyib. Burada xalqımızın humanist, bəşəri ruhlu folklorunun da, zəngin ədəbi-bədii, fəlsəfi irsinin də payı var. Bu missiyada dünya ədəbiyyatında ilk dəfə qüdrətli panteist poeziya nümunəsi yaradan dahi Nizami Gəncəvinin, “Əkinçi”si ilə həmvətənlərinin şüurunda maarif toxumları səpən Həsən bəy Zərdabinin, cəhalətə, geriliyə qarşı üsyan edən “Molla Nəsrəddin” jurnalının naşiri Cəlil Məmmədquluzadənin, eləcə də Mirzə Ələkbər Sabir, Üzeyir Hacıbəyli və başqa görkəmli şair, publisist və mütəfəkkirlərin danılmaz rolu olub.
Bəllidir ki, özündə zəngin milli-mənəvi, əxlaqi dəyərləri ehtiva edən azərbaycançılıq ideologiyası da məhz xalqımızın uzun əsrlik maddi və mənəvi sərvəti üzərində intişar edib. Azərbaycan bu gün həqiqətən bütün dünyada dini və milli tolerantlıq nümunəsinə çevrilib. Ulu öndər Heydər Əliyev haqlı olaraq ölkəmizin ərazisində tarix boyu sülh və əmin-amanlıq şəraitində yaşamış bütün xalqların bundan sonra da tam azad, sərbəst fəaliyyətləri üçün lazım olan hər cür şəraitin yaradılmasını vacib sayırdı. Qürurverici haldır ki, ulu öndərin bu müdrik siyasəti ölkə Prezidenti İlham Əliyev tərəfindən yeni tarixi reallıqlar nəzərə alınaraq böyük uğurla davam etdirilir.
Azərbaycanda tolerantlığın, multikulturalizmin bərqərar olunmasında ölkə mətbuatının, bütün vətənpərvər jurnalistlərin də əməyi var. Azərbaycan jurnalistikası Ermənistan mətbuatından fərqli olaraq başqa xalqlara aşağılayıcı, təhqiredici mövqe sərgiləmir. Unutmayaq ki, işğalçı Ermənistanın son onillər ərzində monoetnik dövlətə çevrilməsi üçün eməni mətbuatı az “canfəşanlıq” etməyib. Cəmi 2-3 ay əvvəl Ermənistan dövləti və mediası saxta erməni soyqırımını beynəlxalq ictimaiyyətə “sırımaq üçün” Kim Qardaşyan kimi pornoulduzu az qala media ulduza çevirmişdi.
PS əvəzinə ...
1978-ci ilin oktyabr ayı idi. M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin jurnalistika fakültəsinin dördüncü kursunda təhsil alırdım və bir qrup tələbə yoldaşım ilə bir həftə sonu Ryazan və Suzdal şəhərlərindəki tarixi abidələri ziyarət etməyə getmişdim. O vaxt burada fəaliyyət göstərən kilsələrin birində qədim mozaika nümunələrinə tamaşa etmək üçün binaya daxil olanda, keşişin zahiri görünüşdən İslam dininə mənsub olan bir gəncin kilsəyə daxil olmasından narazı qaldığını hiss etdim. Tələbə yoldaşlarımdan ayrılıb ona yaxınlaşdım, müsəlman olduğumu söylədim, buraya gəlişimin məqsədimi söyləyərək ondan icazə istədim. Sovet dönəmi idi, icazə istəməyə də bilərdim. Lakin hiss etdim ki, keşiş hərəkətimdən razı qalıb. Həvəslə “buyurun, baxın!”, – dedi.
Düşünürəm ki, bütün dinlərə və təriqətlərə hörmətlə yanaşılmalıdır. Yalnız bu halda hazırda çeşidli zorakılıqların baş alıb getdiyi planetimizdə dini və milli münaqişələr azala bilər. Bu sahədə fərqli mövqeləri ortaya qoymağa şərait yaradan dialoqun hər zaman aparılması hər zaman zəruridir. Qlobal medianın isə bu prosesdə neqativ yox, məhz pozitiv rol oynaması olduqca vacibdir!
Məsaim
ABDULLAYEV
Xalq qəzeti.- 2015.- 1 iyul.- S.10.