Azərbaycan tarixə qızıl
imzasını yazdı
Azərbaycanın
müstəqilliyinin yaşıdıyam! Şəxsiyyət vəsiqəmin
lap yuxarısında böyük hərflərlə
bütün ömrüm boyu qürur duyacağım bir kəlmə
yazılıb: “AZƏRBAYCAN RESPUBLİKASI”. Bunu Tanrının
mənim və yaşıdlarımın, eləcə də
bizdən sonra doğulan həmvətənlərimin taleyinə
yazdığı ən böyük xoşbəxtlik hesab edirəm.
Çünki bizim nəsil MÜSTƏQİL
AZƏRBAYCANın bağrından yetişib! Biz
başımızın üstündə heç bir
imperiyanın ağalığını görməmişik!..
İlk Avropa Oyunlarına möhtəşəm ev sahibliyi ilə də tarixə qızıl imzasını atan Azərbaycan bir daha hər birimizin qürur mənbəyinə çevrildi! 24 ildə qazanılan uğurların davamında daha bir təntənə yaşatdı bizə Odlar yurdu!
“Qoy
çırağımız sönməsin!..”
“...Qoy çaylarımız qurumasın! Qoy ağaclarımız kəsilməsin! Qoy çırağımız sönməsin!..” Ulu öndər Heydər Əliyevin arzusu idi bu. Və söyləndiyi gündən də bir dua kimi asıldı Azərbaycanın başı üstündən! Tanrı eşitdi bu duanı! Çaylarımız daha iti axdı, ağaclarımız bir boy da ucaldı, çırağımız daha gur yandı. Ümummilli lider müdrikcəsinə demişdi: “Azərbaycan dünyaya günəş kimi doğacaq!”
“Tanrı Azərbaycanı
hər zaman qorusun!..”
Və bizim günlərdə “Azərbaycan dünyaya Günəş kimi” doğdu!..Əgər belə olmasaydı, bu gün dünya bu Günəşin ətrafına cəm olmazdı! Cəm olub da bu Günəşin alovundan od almazdı! Bu Günəşin parlaqlığından gözləri qamaşmazdı! Bu Günəşin möhtəşəmliyini etiraf etməzdi!.. Və bütün bunların fonunda ürəkləri titrədən daha bir duanı eşitməzdi: “Tanrı Azərbaycanı hər zaman qorusun!..” I Avropa Oyunlarının açılış mərasimində səslənən, yalnız 68 minlik auditoriyanın deyil, dünyanın eşitdiyi bu dua tək mənim yox, milyonların gözünü yaşartdı, ruhunu silkələdi.
Azərbaycanın birinci xanımının bu alqışı ulu öndərin müqəddəs diləyindən bu yana məmləkətimiz üçün eşitdiyim ən səmimi dua idi - Ana duası kimi... I Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın “Sülhü, dostluğu və həmrəyliyi qeyd etmək üçün Bakıya, Azərbaycana xoş gəlmisiniz!” fikri isə ölkəmizin, xalqımızın xoş məramını, saf niyyətini, əmin- amanlıq istəyini bir daha dünyaya çatdırdı...
120 ölkədə canlı yayımlanan I Avropa Oyunlarının açılış mərasimini mən də öyünclə izlədim. Buna, sadəcə, “izləmək” demək insafsızlıq olardı. Çoxdandır, televiziya qarşısında hansısa proqramı, yaxud canlı yayımı bu cür nəfəs dərmədən, göz qırpmadan, böyük maraq və həyəcanla, sevinclə, qürurla, göz yaşı ilə izlədiyim ağlıma gəlmir. Hətta bütün dünyanı əhatə edən Olimpiya oyunlarının açılış mərasimindən bu qədər zövq almamışdım.
Sonrakı günlər isə artıq qızıllarını saymağa başladın!.. Qızıl qızıl dalınca gəldi - özü də hər mənada!..
“O sərvət
hara, bu sərvət hara?..”
Və 17
günlük möhtəşəm zəfərinlə
neçə müddətdir iş-gücləri Avropa
Oyunlarına xərclənən pulları hesablamaq olan qərəzliləri,
ağzıgöyçəkləri, səni
gözügötürməyənləri susdurdun! Dünyaya
yaşatdığın 17 şərəfli gün tutarlı
cavab oldu onlara! Bəlkə, yenə də susmazdılar, amma həqiqətin
qarşısında lal olmaqdan başqa çarələri
qalmadı! Nə idi həqiqət?
Həqiqət
o idi ki, xərclədiyin qızıllardan qat-qat
artığını qazandın! Qazandığın bu
qızıllar saya-hesaba gəlməz, kitab-dəftərə
sığmaz! I Avropa
Oyunlarında idmançı övladların böyük inam
və mübarizliklə 56 medal qazandı. Bu qələbənin
bəxş etdiyi sevinci hansı pulla əvəz etmək
olar?.. İndi siz deyin: “O sərvət hara, bu sərvət
hara?..”
Bütün
qızılların mübarək, mənim əziz
yaşıdım, mənim qürurum, mənim fəxrim - Azərbaycanım!
Sənin övladın olmaq xoşbəxtlikdir, fəxarətdir!..
“Azərbaycan, sağ ol!..”
Bu da
möhtəşəm son. 17 gün ərzində
dünyanın gündəmindən düşməyən I
Avropa Oyunlarının bağlanış mərasimi - heyrətamiz
sonluq. Yenə də öyünüləsi mənzərə.
Prezident İlham Əliyevin fikri öz təsdiqini tapdı:
“Bu, Avropada və bütün dünyada nadir hadisə olacaq.” Bəli,
illər keçəcək, tarix səhnəsinə səndən
çıxan, Avropa Oyunlarının ilk səhifəsini yazan,
bu oyunlara qızıl “Azərbaycan” möhürünü
vuran “Bakı- 2015" maraqlı məqamları, rəngarəng
görüntüləri, sürprizləri, qələbə və
məğlubiyyətləri ilə unudulmaz olacaq.
I Avropa
Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban
Əliyevanın bağlanış mərasimində dediyi kimi:
“Belə bir idman və dostluq bayramı başa
çatdığı zaman mən ölkəmizdən və
xalqımızdan böyük qürur duyduğumu bəyan edirəm.
Son 17 gün hər zaman xatirimizdə qalacaq. O, nəsillərə
qalacaq, tariximizin yaddaqalan məqamı olacaq. ...Azərbaycan,
sağ ol!..”
“Əsl
qalib siz idiniz”!..
“Qoy
güclü qalib gəlsin!” dedi Prezidentimiz! Güclü sən
oldun, Azərbaycanım! Bu millətlər, xalqlar
yarışından qəhrəman kimi ayrıldın! Bu
yarışda Azərbaycan gücünü- məharətini,
Azərbaycan bayrağını, Azərbaycan himnini... qalib
etdin! Sən bunu bacardın! Bu qələbə Azərbaycan
dövlətinin, Azərbaycan insanının, Azərbaycan
bayrağının, Azərbaycan himninin qələbəsidir!
Bu, xalqla dövlətin birliyinin, həmrəyliyinin qələbəsidir!
I Avropa
Oyunlarında da bu birliyin, bu həmrəyliyin sevincini
yaşadıq! Bu millət, bu xalq bir olanda, həmrəy olanda
necə əzəmətli, necə qüdrətli olur!.. Bu qələbə
müstəqil Azərbaycanın müdrik və qətiyyətli
Prezidentinin qələbəsidir! Sənin hər qələbənin
arxasında Ali Baş Komandanımızın iradəsi
dayanır, Azərbaycanım! 17 günün hər birində
yaşadığımız qürur hissinə, misilsiz sevincə
görə cənab PREZİDENTə borcluyuq!
Dövlət
başçısı ilə yanaşı, bu şərəfli
və çətin işi zərif çiyinlərinə
götürən, I Avropa Oyunlarının Təşkilat Komitəsinin
sədri Mehriban xanım Əliyevaya minnətdarıq! Qısa
vaxtda bu böyük işlərin son dərəcə dəqiqlik
və yüksək zövqlə görülməsində Azərbaycanın
birinci xanımının payının nə qədər
olduğu heç kimə sirr deyil! O, mükəmməl təşkilatçılıq
bacarığını bir daha nümayiş etdirdi! Prezident
İlham
Əliyevin
dediyi kimi: “O, bu oyunların keçirilməsinə çox
böyük töhfə vermişdir, deyə bilərəm ki,
öz canını qoymuşdur bu oyunların bu səviyədə
keçirilməsinə...”
Xalqın
alqışı, xalqın sevgisi Sizə halaldır, cənab
Prezident, əziz Mehriban xanım! Əsl qalib siz idiniz! Bu millətə,
bu xalqa, Azərbaycana ən böyük qələbə
sevincini yaşadan da siz olacaqsınız!.. Azərbaycana, bu
bayrağa, bu millətə, bu xalqa yalnız qələbə
yaraşır! Millətin, xalqın qürur, ləyaqət,
şərəf hissini ifadə edən, onun birliyindən xəbər
verən əzəmətli QƏLƏBƏ...
“Qoy
çırağımız sönməsin!..”
“Qoy
güclü qalib gəlsin!..”
“Tanrı
Azərbaycanı hər zaman qorusun!..”
Bu dualar,
bu alqışlar gücünə güc qatacaq, səni hər
zaman qalib edəcək,
AZƏRBAYCANIM - MƏNİM SEVİMLİ YAŞIDIM!..
Sitarə CABBARLI,
YAP Gənclər
Birliyinin Şura üzvü
Xalq qəzeti.- 2015.- 2 iyul.- S.3.