Azərbaycan I Avropa
Oyunlarına
ev sahibliyi etməklə
dünyaya sülhsevər
ölkə
olduğunu bir daha göstərdi
Respublikamızın sürətli tərəqqisi və davamlı inkişafının təmin olunması istiqamətində Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında son illər ərzində görülmüş genişmiqyaslı işlər və əldə olunmuş böyük nailiyyətlər ölkəmizin sosial-iqtisadi həyatının bütün sahələrini əhatə etmiş, gələcək uğurlarımız üçün möhkəm təməl yaratmışdır.
Dövlət başçımızın diqqət və qayğısı sayəsində hazırda nəqliyyat sektoru da sürətlə inkişaf edir və müasirləşir. Bu sahənin iqtisadi göstəriciləri ildən-ilə yüksəlir, görülən işlərin keyfiyyəti və səmərəliliyi artır, daşımalara olan tələbat tam ödənilir. Bütün sahələrlə yanaşı, ölkəmizin idman sahəsində son illər ərzində dünya miqyasında əldə etdiyi uğurları da xüsusi olaraq vurğulamaq istərdim. Konkret olaraq diqqəti “Bakı-2015" I Avropa Oyunlarına yönəltməyi məqsədəuyğun sayıram. Belə ki, bu il iyun ayının 12-də başlanan I Avropa Oyunları sülh, sabitlik və yüksək bayram ovqatında başa çatdı. Bu möhtəşəm tədbir Azərbaycanın malik olduğu iqtisadi, siyasi və mədəni-intellektual potensialı bir daha bütün dünyaya nümayiş etdirdi. Beynəlxalq ictimaiyyət bir daha ölkəmizin iqtisadi qüdrətinin, müasir şəhər infrastrukturunun, turizm imkanlarının, qlobal tədbirləri yüksək səviyyədə təşkil etmək əzminin, ən nəhayət, yüksək tolerantlığının və qonaqpərvərliyinin əyani şahidi oldu. Bu qlobal idman tədbiri, eyni zamanda, müasir Azərbaycanın dünyaya dolğun şəkildə təqdimatı, qazandığımız uğurların, habelə üzləşdiyimiz münaqişə ilə bağlı əsl gerçəkliklərin dünyaya çatdırılması baxımından da mühüm önəm daşıdı.
Bəli, I Avropa Oyunlarının Bakıda keçirilməsi ölkəmizin böyük nailiyyətidir və bu, dövlətimizin tarixi uğurudur. Əlbəttə, sözügedən tarixi qərarın qəbul edilməsində ölkəmizin beynəlxalq nüfuzu həlledici rol oynamışdır. Başqa sözlə, son illər ərzində Azərbaycan dünya miqyasında özünü dinamik inkişaf edən müasir güclü ölkə kimi təqdim edə bilmişdir. Baxmayaraq ki, Azərbaycan cəmi 24 ildir müstəqil dövlət kimi yaşayır, lakin bu gün Azərbaycan dünya miqyasında çox etibarlı tərəfdaş və dost kimi tanınır. Eyni zamanda, ölkə infrastrukturunun müasirləşməsi və Azərbaycanın mötəbər beynəlxalq tədbirlərin keçirilməsi üzrə mükəmməl təcrübəyə sahib olması da bu tarixi qərarın verilməsinə səbəb oldu. Yəni, ölkəmiz bu tədbirlərdə hər dəfə öz təşkilatçılıq qabiliyyətini göstərməklə bir növ yeni standartlar tətbiq edir. Həmçinin Avropa Oyunları kimi beynəlxalq tədbirin keçirilməsi üçün Azərbaycanın seçilməsi qitə ölkələri içərisində inkişaf və sabitlik göstəricilərinə görə ən əlverişli dövlətlərdən biri olan Azərbaycana qlobal səviyyədə səmimi inamın, etibarın təsdiqi və təntənəsidir. Bu inam və etibarın arxasında isə məhz Azərbaycanın inkişafı, müasir infrastrukturu və təhlükəsiz ölkə olması amili dayanır.
Birinci Avropa Oyunlarının yüksək səviyyədə keçirilməsi böyük təşkilatçılıq işləri tələb edirdi. “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində (QSC) də bu məsələyə mühüm önəm verilir, olimpiadanın iştirakçılarına, şəhərimizin qonaqlarına yüksək səviyyəli nəqliyyat xidmətlərinin göstərilməsi üçün xüsusi diqqət yetirilirdi.
Xatırladım ki,
birinci Avropa
Oyunları ilə bağlı Nəqliyyat Nazirliyi
tərəfindən kompleks tədbirlər proqramı
hazırlanmış və “Azərbaycan Dəmir
Yolları” QSC-də öz fəaliyyətini həmin proqrama uyğunlaşdırmışdı. QSC-nin sədri Cavid Qurbanovun rəhbərliyi ilə qarşıya qoyulan bütün vəzifələr
vaxtında və yüksək səviyyədə icra edildi. Dəmir yolunda sərnişindaşımada keyfiyyət
daha da yüksəldildi. Turistlərin
dəmir yolu biletini asan əldə
etmələri üçün elektron bilet satışı
xidmətləri diqqət mərkəzində
saxlanıldı. Dəmir yolu nəqliyyatında
xidmət səviyyəsinin
yaxşılaşdırılması, sərnişinlərə
göstərilən xidmətlərin ən müasir
standartlara cavab verməsi
üçün bütün
istiqamətlərə hərəkət edən sərnişin
qatarlarına bilet satışı elektronlaşdırılaraq
“onlayn” vasitəsilə təmin edildi. Respublika ərazisində
bilet satışı kassaları tam komputerləşdirildi, sərnişinlərin
rahat və maneəsiz bilet
əldə etmələri üçün
bütün lazımi tədbirlər görüldü. “Qaynar xətt”
şəbəkəsi yaradıldı, elektron
ünvanlar müəyyənləşdirildi.
Eyni zamanda, sərnişin
təsərrüfatına aid bütün məlumatlar saytda
yerləşdirildi. Bundan başqa,
Bakı sərnişin
stansiyasının kassalarında
post terminal aparatları quraşdırıldı. Bakı sərnişin
stansiyasında və digər bilet satışı aparan kassalarda respublika daxili bilet satışının
hər iki istiqamətə (gediş və gəliş), 2 nömrəli bilet kassasında isə Rusiya və Ukrayna dövlətlərinin
ərazisində hərəkət
edən sərnişin
qatarlarına və geriyə bilet satışının təşkili
təmin olundu.
Yuxarıda qeyd edilənlərlə
yanaşı, birinci Avropa Oyunlarının keçirilməsi ilə bağlı nəqliyyat-yol
kompleksi üzrə tədbirlər planına əsasən, Bakı, Sumqayıt, Biləcəri,
Balakən və Lənkəran dəmir yolu vağzallarında da təmir işləri
həyata keçirildi.
Biləcəri, Lökbatan,
Baş Sumqayıt dəmir yolu vağzallarında sərnişinlər
üçün lazımi
şərait yaradıldı.
Balakən dəmir yolu
vağzalının dam örtüyü
tam, Gəncə vağzalı
isə əsaslı təmir edildi.
Yarışlarla bağlı ölkəmizə
çoxsaylı qonaqların
gələcəyi nəzərə
alınaraq dəmir
yolu stansiyalarında məlumatların xarici dillərdə oxunmasını
təmin etmək üçün Bakı və Sumqayıt sərnişin stansiyalarında,
eyni zamanda, Gəncə vağzalında
səsli məlumatların
yayılması üçün
hazırlıq işləri
başa çatdırıldı.
Azərbaycana gələn qonaqların
dəmir yolunun xidmətlərindən də
istifadə edəcəyi,
ölkəmizin səfalı
guşələrinə səfərlər
təşkil olunacağı
nəzərdə tutulduğundan qatarlarda xidmətin daha da yaxşılaşdırılması
üçün bir sıra tədbirlər reallaşdırıldı.
Yarışların keçiriləcəyi
müddətdə əcnəbi
turistlərin qarşılanması,
onların yönləndirilməsi
məqsədi ilə Bakı sərnişin stansiyasında Mədəniyyət
və Turizm Nazirliyinin müvafiq qurumları ilə birlikdə informasiya mərkəziləri yaradıldı
və lazımi avadanlıqlarla təchiz olundu.Eyni zamanda, Bakı sərnişin stansiyasında rəsmi nümayəndələr zalına
ingilis və rus dillərində tərcüməçi işə
götürüldü. Vaqon bələdçiləri
və bilet kassirləri yeni xüsusi geyim formaları ilə təmin olundular.
Bir sözlə, cənab Prezident İlham Əliyevin qarşıya qoyduğu əsas vəzifənin - I Avropa Oyunlarının Yay Olimpiya Oyunları səviyyəsində baş
tutması üçün
hər birimiz vəzifəsindən, sosial
statusundan, milli etnik və dini
mənsubiyyətindən asılı
olmayaraq, əməli fəaliyyətimizlə töhfəmizi
verdik. Sonda isə əldə
edilən uğurlar bütün dünyaya yayıldı. Buna görə
də hər birimiz xalqımıza I Avropa Oyunlarının həyəcanını, sevincini
yaşatdığı üçün
Prezident İlham Əliyevə, Azərbaycanın
birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, I Avropa Oyunlarının Təşkilat Komitəsinin
sədri Mehriban xanım Əliyevaya minnətdarıq.
Xeyrulla HÜMBƏTOV,
Yeni Azərbaycan Partiyasının
“Azərbaycan Dəmir Yolları”
Qapalı Səhmdar Cəmiyyəti üzrə
ilk təşkilatının sədri
Xalq qəzeti.- 2015.-
2 iyul.- S.4.