I Avropa Oyunlarının iqtisadi
yekunları:
Strateji iqtisadi faydalılıq
Azərbaycan
Avropa Oyunları kimi möhtəşəm bir idman
yarışlarına ev sahibliyi etdi. Cəmi iki
il yarım öncə ölkəmiz bu möhtəşəm
oyunların təşkilinə başlayanda Avropada bəzi dairələr
gənc dövlətin qısa zamanda bu işin öhdəsindən
gələcəyini inanmasalar da, Azərbaycan əksər
ölkələrin edə bilməyəcəyini
reallaşdırdı: qısa zamanda nəinki qədim
qitəni, bütövlükdə bütün dünyanı
heyran edəcək möhtəşəm yarışlar
üçün infrastruktur və real baza
formalaşdırdı.
Cənubi Qafqaz iqtisadiyyatının 75 faizindən çoxuna sahib olan Azərbaycanının Avropada ilk dəfə olaraq bu oyunlara ev sahibliyi etməsi və qitə tarixində yeni mərhələnin əsasını qoyması məhz onun iqtisadi və siyasi gücünün sintezi nəticəsində baş verdi. Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyevin siyasi iradəsi və şəxsi təşəbbüsü ilə reallaşan bu möhtəşəm yarışların kifayət qədər uğurlu təşkil edilməsinin əsas səbəbi məhz hazırlıq və eləcə də yarışların təşkili işinə məhz Heydər Əliyev Fondunun Prezidenti, Azərbaycanın Birinci Xanımı Mehriban xanım Əliyevin rəhbərlik etməsi idi. Azərbaycan Prezidentinin və Onun xanımının idman yarışlarında milli komandamızın yanında olması, onlara dəstək verməsi məhz birinci Avropa Oyunlarında əldə etdiyimiz uğurların təməlini formalaşdırdı. Yarışlardan əvvəl və oyunlar müddətində müxtəlif daxili və xarici qərəzli qara "piar" kampaniyalarının aparılmasına baxmayaraq Azərbaycan xalqınının həmişəki kimi Cənab Prezidentin təşəbbüsünü tamamilə dəstəkləməsi və müdafiə etməsi bu möhtəşəm oyunların uğurunun digər səbəbi idi. Siyasi iradə, mükəmməl təşkilatçılıq, xalqın dəstəyi və təbii ki, güclü iqtisadiyyat məhz bu uğur zəncirinin əsas tərəfləri idi.
Bu yarışların iqtisadi əhəmiyyətini qiymətləndirən zaman təəssüf ki, bəzi hallarda sadəcə xərcləri cari gəlirlər ilə müqayisə edilirdi. I Avropa Oyunları Azərbaycan üçün iqtisadi baxımdan çox rentabelli oldu. Bu oyunların iqtisadi qiymətləndirməsini aparsaq, I Avropa Oyunları Azərbaycan üçün cari və strateji gəlirlər demək idi. Belə möhtəşəm idman yarışlarının iqtisadi əhəmiyyəti heç bir halda oyunların təşkil oldunduğu və artıq geridə qalan müddət ilə məhdudlaşdırılmamalıdır. Bu təşəbbüs iqtisadi-strateji layihədir və ölkə iqtisadiyyatının bu layihədən uzun müddət faydalanmasına imkan verəcək. Bizim apardığımız eknometrik qiymətləndirmə göstərir ki, cari və strateji gəlirlər də nəzərə alınmaqla bu təşəbbüs tamamilə rentabelli bir proqram oldu.
Təbii ki, artıq geridə qalan möhtəşəm idman yarışlarına yalnız geosiyası deyil, eyni zamanda iqtisadi bir təşəbbüs kimi baxılmalıdır. Birinci Avropa Oyunlarının iqtisadi faydalılığını hiss etmək üçün heç də uzun müddət gözləmək lazım gəlmədi. Məhz yarışların keçirildiyi müddətdə kiçik və orta sahibkarlıq daxil olmaqla ölkə iqtisadiyyatının fərqli seqmentləri məhz bu faydalılığı hiss etdilər.
Birinci Avropa Oyunları sahibkarlığın inkişafında yeni mərhələnin əsasını qoydu
Regional və qlobal yarışları təşkil edən zaman hər bir dövlət çalışır ki, daha çox turist cəlb etməklə iqtisadiyyatına sərmayə axınını genişləndirsin. Hər zaman xarici kapitala əlverişli biznes mühiti formalaşdıran ölkəmiz birinci Avropa Oyunları zamanı da öz imkanlarını xaricilərə bir daha tanıtdı. Etiraf etmək lazımdır ki, ölkəmiz müstəqillik tarıxındə heç zaman qısa müddətdə bu qədər çoxlu turist cəlb etməmişdi. Əslində, turizm sektoru Avropa Oyunlarının keçirilməsindən öncə də bu möhtəşəm yarışların təşkilindən ən çox qazanan sahə kimi qiymətləndirilirdı. Turizm üçün sözügedən oyunlarının təşkil edilməsi həm cari, həm də strateji baxımdan əlverilşli oldu. Əvvəlla, İ Avropa Oyunları keçirilən müddətdə xeyli sayda turist ölkəmizə səfər etdi. Turistlərin sayının çox olması məhz qərəzli qara "piar" kampaniyalarına baxmayaraq xaricdə də sözügedən oyunlara marağın yüksək olmasını göstərdi. Beynəlxalq standartlara görə, Azərbaycanda olan hər bir turistin həftəlik orta xərcləməsi 1000 dollardır. Avropa Oyunlarının iki həftə davam etdiyini nəzərə alsaq, bu, o deməkdir ki, oyunlar keçirilən hər bir turist ölkə iqtisadiyyatına 2000 dollardan artıq sərmayə yönəltdi. Bu isə o deməkdir ki, turizm sektoru oyunların keçirilməsindən birbaşa gəlir əldə edə bildi. Gəlirlər təbii ki, heç də turizm şirkətləri, hotellər ilə tamamlamadı, daha geniş miqyası əhatə etdi. Bizim apardığımız monitorinqlər göstərdi ki, ölkəmizə gələn turistlər sadəcə paytaxtda deyil, eyni zamanda bölgələrə də səfər edərək bütövlükdə ölkə iqtisadiyyatına töhfə verdilər. İkincisi, turistlərin Azərbaycanda olmasından xüsusilə də xidmət, nəqliyyat, bank sektoru belə gəlir əldə etmək imkanı qazandı. Ölkəyə gələn turist müxtəlif xidmətlər faydalandı və bu da həmin sahələrə əlavə sərmayəni yönəldilməsi deməkdir. Üçüncüsü, I Avropa Oyunlarını təşkil etməklə ölkəmizi daha yaxından tanıda bildik. Turizm sektorunun spesifik xüsusiyyətlərindən biri ondan ibarətdir ki, ölkəyə gələn hər bir turist digər potensial turistin gəlməsinə əsas yaradır. Bütün bunlar isə ölkəyə turist axınının güclənməsini və turizm sektorunun iqtisadi baxımdan strateji inkişafını stimullaşdıracaq. Turizm sektorunun priortitet olduğunu nəzərə aldıqda sözügedən sahə belə mötəbər yarışların keçirilməsindən ciddi şəkildə taktiki və starteji gəlirlər əldə edə bildi.
Manata tələb
yüksəldi
Təbii ki, möhtəşəm oyunlardan öncə ən çox müzakirə edilən məsələlərdən biri də İ Avropa Oyunlarının ölkəmizdə keçirilməsinin manata olan tələbə necə təsir göstərməsi ilə bağlı idi. Qitədə ilk dəfə təşkil ediləcək bu oyunlar milli valyutaya tələbin artmasına səbəb oldu. Azərbaycana gələn xaricilər özləri ilə xarici valyuta gətirdilər. Ölkəyə gələn turistlərin xarici valyutanı milli valyutaya çevirməsi manata tələbin artmasına və xarici valyuta təklifinin çoxalmasına səbəb oldu. Bu isə Arvopa Oyunlarının ölkəmizdə təşkil edilməsinin maliyyə stabilliyinin möhkəmləndirilməsinə töhfə verməsi kimi qiymətləndirilməlidir. Avropa Oyunları keçirilən müddətdə apardığımız monitorinqlər göstərdi ki, bütün valyutadəyişmə məntəqələrində xarici valyuta bolluğu yaranıb. Bu isə bilavastə möhtəşəm oyunların təşkili nəticəsində ölkəmizə daxil olan valyutanın həcminin artması ilə əlaqədar idi. Ölkəyə gələn turistlər öz vəsaitlərini milli valyutaya çevirdilər və dönərli valyuta bolluğu formalaşdı. Qlobal və regional iqtisadiyyatda baş verənlər fonunda xarici valyuta təklfinin artmasl olduqca vacib idi. Bu, eyni zamanda Mərkəzi Bankı intervensiya xərcinin azaldılması baxımından əhəmiyyətli idi. Nəticədə, dövlət rezervlərinin milli valyutaının stabilliyini qorumaq üçün xərclənməsi səviyyəsi azalır və dövlət ehtiyatlarının artmasına zəmin yaranır.
Kiçik və orta sahibkarlar- əsas
benefisiarlar
Bu möhtəşəm oyunların keçirilməsi
iqtisadi baxımdan təbii ki, udan tərəflərdən biri
də kiçik və orta sahibkarlıq oldu. İ Avropa
Oyunları turistlərin ölkəmizə gəlməsi səbəbindən
müxtəlif xidmətlərə tələb
formalaşdırdı. Ölkəyə gələn
turistlər çox fərqli xidmətlərdən istifadə
etdilər. Aydındır ki, bu xidmətlərin
əksəriyyəti kiçik və orta sahibkarlıq subyektləri
tərəfindən təklif edilir. Çoxlu
sayda turistlərin ölkəmizə gəlməsi kafe və
restoranlar da daxil olmaqla, çox fərqli xidmətlərdən
istifadə edənlərin sayının artmasına səbəb
oldu. Apardığımız monitorinqlər
göstərdi ki, turistlərin oyunlar keçirildiyi müddətdə
həyata keçirəcəyi sərmayənin böyük
qismi məhz kiçik və orta sahibkarların
faydalanmasına yönəldi.
Kiçik və orta sahibkarlar və
fərdi iş adamları arasında apardığımız
sorğular göstərir ki, birinci Avropa Oyunlarının
ölkəmizdə təşkil edilməsi onların gəlirlərinin
artmasına səbəb olub. Xidmətə tələb
artıb və bu da ümumi dövriyyənin yüksəlməsinə
gətirib çıxarıb. Təbii ki,
kiçik və orta sahibkarlığın inkişafı Azərbaycan
üçün əsas prioritet istiqamət olduğu
üçün bu möhtəşəm oyunların təşkilinin
əsas iqtisadi hədəflərindən biri məhz bu sektora
dəstək idi. Suvenir istehsalı və
satışı da daxil olmaqla çox fərqli məhsulların
və xidmətlərin satışını həyata
keçirən fərdi sahibkarlar məhz bu oyunların təşkilindən
gəlir əldə edən iş adamları oldular.
Sadəcə paytaxtda
deyil, eyni zamanda regionlarda yerləşən və fəaliyyət
göstərən kiçi sahibkarlıq subyektləri də
oyunların ölkəmizdə təşkilindən gəlir əldə
edə bildilər. Gələn tursitlərin bir qisminin
regionlara səfər etməsi məhz bu imkanın
reallaşmasına imkan verdi. Praktik olaraq, birinci Arvopa Oyunları kiçik və
orta sahibkarlar üçün həm cari, həm də strateji
faydalılıq demək oldu. Strateji
baxımdan da sahibkarlıq bu oyunların təşkilindən
faydalanmaq imkanı əldə etdi.
Uzun müddətli strateji
faydalılıq
Əslində, İ Avropa Oyunlarının ölkəmizdə
keçirilməsinin iqtisadi əhəmiyyəti də ondan
ibarət idi ki, indi formalaşan infrastruktur sonradan başqa
möhtəşəm idman yarışlarının cüzi xərclə
təşkil edilməsinə və strateji baxımdan Azərbaycanın
ciddi gəlirlər əldə etməsinə imkan yaradacaq. Azərbaycan "Formula
1", İslam Həmrəylik Oyunları, Futbol üzrə
Avropa çempionatının yarımfinal oyunları kimi ciddi
və möhtəşəm yarışları təşkil
edəcək. Bu isə, o deməkdir ki, artıq
inkişaf etmiş infrastruktur bizə imkan verəcək ki, həmin
yarışların təşkilindən faydalana bilək.
Sözügedən yarışların təşkili
ölkəmizə yenidən çoxlu sayda tursitlərin gəlməsi
deməkdir. Deməli, iqtisadiyyatın
müxtəlif sahələri faydalana biləcək. Vətəndaşlarımız bu oyunların təşkilindən
iqtisadi fayda əldə edəcəklər. Bu isə, o deməkdir ki, ölkəmiz İ Avropa
Oyunlarının keçirməklə, əslində strateji
baxımdan Azərbaycana yaxın gələcəkdə ciddi gəlirlər
vəd edən təşəbbüsü
reallaşdırır. Digər tərəfdən,
inkişaf etmiş infrastruktura malik olmaq ölkəmizin rəqabət
qabliyyətini artırır və bu da sərmayə
qoyluşlarının çoxalması baxımdan vacibdir.
Avropa Oyunlarının
ölkəmizdə təşkil edilməsi Azərbaycanın
makro-iqtisadi göstəricilərin və o cümlədən
makro-iqtisadi dayanıqlı stabilliyin qorunmasına birbaşa təsir
oldu. Əvvəlla, sözügedən
oyunların təşkili nəticəsində müxtəlif
makro və mikro göstəricilərin daha da
yaxşılaşması makro-stabillik baxımdan olduqca
vacibdir. Aydındır ki, ölkə
iqtisadiyyatının dayanıqlı inkişafı
üçün müxtəlif sub-sektorların bu təşəbbüslər
vasitəsilə dəstəklənməsi olduqca vacibdir.
Üçüncüsü, mövcud
infrastrukturun inkişafı eyni zamanda xarici sərmayələrin
cəlb edilməsi və investisiya baxımından vacibdir.
Bu möhtəşəm idman
yarışmasının təşkili üçün
ayrılan vəsaitin 78 faizi infrastruktur xərcləridir.
Yəni xərclənən vəsait Bakı və
eləcə də ölkəmizin infrastrkturunun daha da
yaxşılaşdırılmasına xidmət edir. İnfrastruktur isə qalır. Ölkəmiz
bu infrastrukturdan uzun müddət istifadə etmək imkanı
qazanmaqla yanaşı, eyni zamanda xarici sərmayənin ölkəmizə
gəlməsini təşviq edə biləcək. İ Avropa Oyunları aspektindən infrastrukturun daha
genişlənməsi ölkəmizin rəqabıt qabiliyyətini
artırdı. Bu isə ölkəmizin,
xüsusən də qeyri-neft sektoruna daha çox sərmayə
cəlb etməsinə imkan verəcək. Deməli,
İ Avropa Oyunlarının ölkəmizdə təşkil
edilməsi xarici sərmayəni stimullaşdırmaqla
yanaşı, iqtisadiyyatın diversifikasiyasına pozitiv təsir
göstərir. Yarışların
başa çatmasına baxmayaraq, xarici sərmayələr
qeyri-neft sektorunun inkişafını təşviq etməklə
yerli istehsalın genişlənməsinə və ixracın,
həcminin artmasına səbəb olacaq. Avropa
Oyunları Azərbaycanın daha da tanıdılması
mümkün oldu. Bu ölkəyə xarici
investisiyanın cəlb edilməsinə də təsir göstərəcək.
Ölkəmizdə iqtisadiyyatın
diversifikasiyası vacib hədəflərdən biridir. İqtisadiyyatın şaxələnməsi, eyni
zamanda qeyri-neft sektoruna xarici sərmayələrin cəlb edilməsini
nəzərdə tutur. Belə beynəlxalq
yarışlar, ölkəmizin infrastruktrunu, iqtisadi
potensialını tanıtmaq üçün olduqca vacibdir.
Mövcud infrastrukturun yaxşılaşması
Azərbaycanın rəqabət qabiliyyətliliyinin daha da
güclənməsinə və bu aspektdən xarici
investisiyaların cəlbinə şərait yaradacaq. Təbii ki, gəlirlər sadəcə
qısamüddətli dövrü əhatə etmədi,
ölkəmiz yaradılmış infrastrukturdan uzun müddət
mənfəət əldə etmək üçün istifadə
edə biləcək.
Nəzərə alsaq
ki, oyunlar 100-dən artıq xarici kanallar vasitəsilə
yayımlandı, praktiki olaraq bu da həmin oyunların
yayımlanmasından gəlir əldə etməyə şərait
yaratmaqla yanaşı, yeni strateji faydalılığın əsasını
qoydu. Beləliklə, birinci Avropa Oyunlarının
ilk dəfə ölkəmizdə təşkil edilməsi hər
birimiz üçün qürurverici fakt idi. Bu, eyni zamanda,
ölkəmizdə həyata keçirilən uğurlu iqtisadi
siyasət nəticəsində və ölkəmizin artan
iqtisadi gücünün nəticəsində mümkün
oldu. Azərbaycan iqtisadiyyatının inkişaf səviyyəsi
və həyata keçirilən islahatlar ölkəmizin Avropa
tarixindən yeni bir mərhələnin başlanmasına təkan verdi.
Vüqar BAYRAMOV,
iqtisadçı-alim
Xalq qəzeti.- 2015.- 3 iyul.- S.3.