I Avropa Oyunları Azərbaycanın
gücünü
dünyaya bir daha nümayiş etdirdi
Azərbaycan
“Bakı-2015" I Avropa Oyunları
kimi mötəbər idman tədbirini sülh, sabitlik və yüksək bayram
ovqatında keçirməklə malik olduğu iqtisadi, siyasi və mədəni-intellektual
potensialı bir daha bütün dünyaya nümayiş etdirdi.Beynəlxalq ictimaiyyət bir daha Azərbaycanın iqtisadi qüdrətinin, müasir şəhər
infrastrukturunun, turizm
imkanlarının, qlobal tədbirləri
yüksək səviyyədə təşkil etmək əzminin,
ən nəhayət, yüksək tolerantlığının
və qonaqpərvərliyinin əyani şahidi
oldu. Bu qlobal idman tədbiri,
ümumən, müasir Azərbaycanın dünyaya dolğun şəkildə
təqdimatı, qazandığımız uğurların,
habelə üzləşdiyimiz münaqişə ilə
bağlı əsl gerçəkliklərin dünyaya
çatdırılması baxımından unikal
təbliğat platformasına çevrildi.
Xüsusi vurğulamaq lazımdır ki, respublikamızda son illər təşkil olunan beynəlxalq tədbirlər ilk növbədə dünya şöhrətli ictimai-siyasi xadim, ümummilli lider Heydər Əliyevin müdrik və uzaqgörən siyasətinin məntiqi nəticəsi kimi formalaşmış ictimai-siyasi sabitlik və iqtisadi inkişaf amilləri ilə şərtlənir. Azərbaycanın siyasi baxımdan sabit, təhlükəsiz ölkə olmasını, ilbəil artan iqtisadi imkanlarını, demokratikləşmə xəttinə sadiqliyini nəzərə alan müxtəlif beynəlxalq təşkilatlar, habelə ölkələr qlobal tədbirlərin keçiriləcəyi məkanı müəyyənləşdirərkən Bakı şəhərinə xüsusi üstünlük verirlər. İlk Avropa Oyunlarının keçiriləcəyi məkan seçilərkən respublikamızın belə bir mötəbər yarışa ev sahibliyi etmək üçün zəruri siyasi sabitliyə, iqtisadi potensiala, müasir infrastruktura, gözəl təbiətə və turizm imkanlarına malik olması, habelə qlobal beynəlxalq tədbirlərin keçirilməsi sahəsində formalaşmış uğurlu təcrübəsi nəzərə alınmışdır. Bu, həm də Azərbaycanın ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş iqtisadi inkişaf strategiyasının səmərəliliyinin beynəlxalq səviyyədə etirafıdır.
İyunun 12-də Bakıda start götürən ilk Avropa Oyunlarında 50 ölkəni təmsil edən 6 mindən çox idmançı 20 idman növündə medallar uğrunda mübarizə apardı. Heydər Əliyev Fondunun prezidenti, MOK İcraiyyə Komitəsinin üzvü, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın sədrlik etdiyi Təşkilat Komitəsi bu möhtəşəm idman bayramının reallaşdırılması üçün lazımi tədbirləri çox yüksək səviyyədə həyata keçirdi. Qısa bir müddətdə çimərlik voleybolu, su polosu, çimərlik futbolu və 3x3 basketbol yarışlarının keçirilməsi üçün Avropa Oyunları Parkı inşa edildi, Milli Gimnastika Arenası və Su İdman Sarayı tikildi, Heydər Əliyev adına İdman-Konsert Kompleksi əsaslı təmir olundu, stend atıcılığı üzrə idman kompleksi yenidən quruldu, Bakı İdman Sarayı əsaslı təmir edildi, 70 minə yaxın tamaşaçı tutumu olan Olimpiya Stadionu inşa olundu. Bundan əlavə, kamandan oxatma idman növü üzrə yarışların keçirilməsi üçün Tofiq Bəhramov adına Respublika Stadionunda müvəqqəti qurğular yaradıldı, boks, qılıncoynatma, karate, taekvondo, voleybol yarışlarının keçirilməsi üçün Bakı Kristal Zalında müvafiq tədbirlər həyata keçirildi. Kanoe idman yarışlarının keçiriləcəyi Mingəçevirdəki “Kür” Olimpiya Tədris İdman Mərkəzində də lazımi işlər görüldü, velosiped yarışları üçün veloparklar hazırlandı. Xatırladaq ki, bütün bunlar gələcəkdə Azərbaycanın Yay Olimpiya Oyunları kimi möhtəşəm idman bayramını da təşkil etməyə aparan yoldur.
“Bakı-2015” I Avropa Oyunlarının hər günü tarixə qızıl hərflərlə yazıldı. Dünyanın diqqət mərkəzinə çevrilən Azərbaycan Respublikası Avropa Oyunlarına ən yüksək formada ev sahibliyi etməklə bir daha istənilən beynəlxalq idman yarışlarını keçirməyə qadir olduğunu sübut etdi. Azərbaycan həm də adını Avropa Olimpiya hərəkatının tarixinə yazdırmaqla yeni uğura imza atdı. Bu, ölkəmizin, xalqımızın qələbəsi deməkdir. Azərbaycanın birinci xanımı, “Bakı 2015”-in Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva hələ Avropa Oyunlarının açılış mərasimində xüsusi olaraq vurğulamışdı: “Bu möhtəşəm bayram müstəqil Azərbaycanın, hər bir Azərbaycan vətəndaşının qələbəsidir. Müstəqillik illərində əldə etdiyimiz uğurlar və nailiyyətlər nəticəsində bu gün burada, gözəl Bakıda Avropa Olimpiya hərəkatının tarixində yeni səhifə yazılır. Bu səhifəni biz yazırıq, Azərbaycan xalqı yazır”.
Azərbaycanın birinci xanımı, “Bakı-2015" birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva iyunun 29-da Oyunlarda qalib gəlmiş idmançılarımız, onların məşqçiləri, Azərbaycan idman ictimaiyyətinin nümayəndələri və Oyunların təşkilində xidmətləri olan xarici tərəfdaşlarla görüşündə isə demişdir ki, müstəqil Azərbaycanın hər bir qələbəsinin arxasında Prezident İlham Əliyevin əməyi, biliyi, iradəsi durur. Biz bu gün qüdrətli, sabit, öz sözünü deyən və öz maraqlarını qoruyan dövlətin vətəndaşıyıq. Dövlət başçısının və Azərbaycan xalqının birliyi nəticəsində ölkəmiz belə inanılmaz nailiyyətlərə imza atdı. Ən çətin məqamlarda, ən dramatik anlarda ölkə Prezidenti bizə arxa oldu. Onun ölkəmizə, xalqımıza olan inamı heç bir şübhə qoymurdu ki, hər şey əla olacaq və biz yenə də qələbə çalacağıq. Cənab Prezident bir daha bütün dünyaya sübut etdi ki, heç bir qara qüvvə bizi hədəf seçib qorxuda bilməz və ədalət, xoş niyyət, xalqla birlik hər zaman zəfər çalacaq.
Avropa Oyunlarının standartlarını müəyyənləşdirən Azərbaycan dövləti bir daha dünya idman hərəkatının öncüllərindən olduğunu göstərdi. Azərbaycan idmançıları isə yarışlardakı uğurlu çıxışları, parlaq qələbələri ilə öz adlarını bu şanlı tarixə qızıl hərflərlə yazdırdı və missiyalarını uğurla davam etdirərək ümidləri doğrultdular. Qazandıqları hər bir qələbə, əldə etdikləri medallar dünya azərbaycanlılarını qürurlandırdı.
Əvvəllər Yay Olimpiya Oyunlarında, dünya və Avropa çempionatlarında çıxış edən Azərbaycan atletlərini idmanın güləş, boks, cüdo, ağırlıqqaldırma növlərində favoritlərdən hesab edirdilərsə, Avropa Oyunlarının gedişatında bu fikir tamamilə dəyişdi. Çünki Azərbaycan idmançıları taekvondo, bədii, batut və idman gimnastikası, qılıncoynatma yarışları, triatlon, avarçəkmədə də öz uğurlu çıxışları ilə yadda qaldılar. Qazanılan medalların sayı idmançılarımızın “Bakı-2015”in favoritlərindən olduqlarını təsdiqlədi.
İlk dəfə Azərbaycanda reallığa çevrilən bu ilk Avropa Oyunlarında hər keçən gün bir-birindən maraqlı mübarizələrlə yadda qaldı. Azərbaycan idmançıları qazandıqları qızıl medalların sayına görə də ölkəmizin dünyada böyük idman dövlətlərindən biri olduğunu sübut etdilər. Bəli, heç kim Azərbaycan atletlərinin Avropa Oyunlarında bu qədər medal qazanacağını gözləmirdi. Proqnozlara, təxmini hesablamalara görə, idmançılarımızın 20-25 medal qazanacaqları söylənilirdi. Yekunda isə atletlərimiz Azərbaycan idmanı tarixində yeni rekord əldə etdilər: ümumilikdə 56, o cümlədən 21 qızıl medal qazanaraq ölkəmizin adını dünyanın idman tarixinə qızıl hərflərlə yazdılar. Yeri gəlmişkən, ilk Avropa Oyunlarının iştirakçısı olan 50 ölkədən 42-si medal qazandı. Bu, artıq Oyunların uğuru deməkdir.
Şanlı qələbələri ilə xalqımızı sevindirən atletlərimiz tərəfindən Avropa Oyunlarında qazanılan medallar idmançılarımızın gələn il Braziliyada keçiriləcək Yay Olimpiya Oyunlarına daha ciddi hazırlaşmaları üçün əlavə məsuliyyət hissi yaratdı.
Ümumiyyətlə, Avropanın idman tarixində yeni səhifə açan Azərbaycan 17 gün ərzində əsl bayram libasına büründü. İdmançılarımızın şanlı qələbələri bütün Azərbaycan xalqını sevindirirdi.
İlk Avropa Oyunlarının keçirilməsində qarşıya qoyulan məqsədlərdən biri də Azərbaycanın dünyaya tanıdılması idi. Bu, əsasən yayım vasitəsilə aparıldı. Oyunlar 61 kanalla dünyanın 145 ölkəsinə yayımlandı. 824 milyon mənzildə bu oyunlar izlənildi. Açılış mərasimi 120 ölkədə canlı göstərildi.
Azərbaycan idmanının I Avropa Oyunlarında uğuru heç də təsadüfi deyil. Vur-tut 24 ilə yaxındır milli müstəqilliyinə qovuşmuş və bu müddət ərzində bir-birindən ağır sınaqlardan keçmiş, xarici hərbi təcavüzə məruz qalıb ərazisinin 20 faizi işğal olunmuş, 1 milyondan çox vətəndaşı yurd-yuvasından didərgin düşmüş bir ölkənin böyük tarixlə müqayisədə qısa zaman kəsiyində bütün sahələrdə, o cümlədən idmanda əldə etdiyi uğurlar sadəcə olaraq heyrətamizdir.
Azərbaycan idmanının bugünkü səviyyəyə çatmasında milli olimpiya hərəkatı lokomotiv kimi əvəzsiz rol oynamışdır. Məlum olduğu kimi, dövlət müstəqilliyinin bərpasından sonrakı ilk illərində Azərbaycan idmançılarının Olimpiya Oyunlarında iştirakı həm olimpiyaçıların sayı, həm də əldə edilən uğurlar baxımından az qala rəmzi xarakter daşıyırdı. Milli Olimpiya Komitəsinin (MOK) fəaliyyəti isə demək olar ki, nəzərə çarpmırdı. 1997-ci ildə cənab İlham Əliyevin MOK-un prezidenti seçilməsi ilə idmanın inkişafında dönüş mərhələsi başladı. MOK-un yeni rəhbərliyi bütün idman ehtiyatlarını səfərbər edib düzgün istiqamətə yönəltmək, ölkənin idman təşkilatları arasında sıx əməkdaşlıq yaratmaq, vahid proqram əsasında sahənin tərəqqisini təmin etmək üçün işə başladı. İdmanın və bədən tərbiyəsinin inkişafı üçün hüquqi baza yaradıldı, mövcud idman obyektləri bərpa olundu və yeniləri inşa edildi, maddi-texniki baza müasir tələblər səviyyəsinə çatdırıldı.
Nəticə özünü çox gözlətmədi. Görülən işlər milli olimpiya hərəkatının, bütövlükdə ölkə idmanının beynəlxalq aləmdə nüfuz qazanmasına gətirib çıxardı. İdmançılarımızın beynəlxalq turnirlərdə, ilk növbədə Olimpiya Oyunlarında əldə etdiyi uğurlar buna bariz nümunədir. Diqqətəlayiq haldır ki, təmsilçilərimiz hər Olimpiadada ölkə rekordlarını təzələyirlər. Rəqəmlərə nəzər salaq: Azərbaycan ilk dəfə müstəqil dövlət kimi qatıldığı Atlanta Olimpiadasında (1996) 1 medal qazanmışdısa, Sidneydə (2000) 3 medal, Afinada (2004) 5 medal, Pekində (2008) 7 medal, nəhayət, son Yay Olimpiya Oyunlarında - London-2012-də 10 medal əldə etdi. Medal sıralamasında da olimpiyaçılarımız hər dəfə yeni milli rekorda imza atdılar. Olimpiya yığmamız Sidneydə 199 ölkə arasında 34-cü, Afinada 202 ölkə arasında 50-ci, Pekində 205 ölkə arasında 39-cu yeri tutmuşdusa, Londonda 204 ölkə arasında 30-cu yeri tutdu. Eyni zamanda, yığma komandamız hər yeni Olimpiadaya daha çox idmançı ilə qatılır, daha çox idman növündə təmsil olunurdu.
Onu da qeyd etmək lazımdır ki, Prezident İlham Əliyev həmişə Olimpiya Oyunlarında idmançılarımızın yanında olur, onları dəstəkləyirdi. Bu isə olimpiyaçıların mübarizə əzmini daha da artırır, onları yeni-yeni qələbələrə ruhlandırırdı.
Azərbaycanın qatıldığı İslam Həmrəyliyi Oyunlarında - müsəlman dünyasının olimpiadasında göstərdiyi nəticələr də ürəkaçandır. Ölkəmiz ilk dəfə Məkkədə (Səudiyyə Ərəbistanı) keçirilmiş İslam Oyunlarında 15 medal (4 qızıl, 4 gümüş, 7 bürünc) qazanaraq ölkə sıralamasında 8-ci yeri tutdu. II İslam Həmrəyliyi Oyunları Tehranda (İran) keçirilməli idi. Lakin İranla ərəb ölkələri arasında yaranmış mübahisə (təşkilatçı ölkə Oyunlarının loqotipinə “Fars körfəzi” ifadəsini çıxarmışdı, ərəblər isə “Ərəb körfəzi” adında israr edirdilər - red.) ucbatından idman tədbiri əvvəlcə növbəti ilə keçirildi, axırda isə ümumiyyətlə, baş tutmadı və ləğv olundu. III İslam Həmrəyliyi Oyunları isə 2013-cü ildə İndoneziyanın Palembanq şəhərində keçirildi. Oyunlarda iştirak edən Azərbaycan idmançıları onlara bəslənən ümidləri tamamilə doğrultdular. Təmsilçilərimiz 24 medalla (7 qızıl, 8 gümüş, 9 bürünc) iştirakçı ölkələr arasında 7-ci yeri tutdular.
Azərbaycan idmanının zəfər yürüşü yuxarıda qeyd etdiyim kimi, I Avropa Oyunlarında davam etdi. Atletlərimiz qitə və ölkə idmanının tarixinə yeni səhifə yazdılar.
Burada bir məqam da xüsusi vurğulanmalıdır. Belə ki, ilk Avropa Oyunlarının Azərbaycanda keçirilməsi ölkəmizin iqtisadi inkişafına da mühüm təsir göstərdi. Bakı şəhərində nəqliyyat-kommunikasiya sahəsində görülən böyük işlər nəticəsində bu sahədə mükəmməl sistem formalaşdı. Yollar genişləndirildi, yeni körpülər, tunellər və keçidlər inşa edildi. Bunun sayəsində hazırda avtomobillər və insanlar rahat hərəkət edə bilirlər. Şəhərə gələn xarici qonaqlar da Bakının müasir nəqliyyat infrastrukturuna heyran olduqlarını gizlətmirlər.
Fikrimi konkret faktlarla əsaslandırmaq istərdim. Oyunlar ərəfəsində idman obyektlərini əlaqələndirən əsas marşrut kimi müəyyən edilmiş Ziya Bünyadov prospektində yenidənqurma işləri başa çatdırıldı. Həmin prospekt və Bakı Dairəvi-1 yolu İntellektual Nəqliyyat Sisteminə qoşuldu. Milli Gimnastika Arenasının, Bakı Kristal Zalın, Veloparkın, Tofiq Bəhramov adına Respublika Stadionunun, Beynəlxalq Yayım Mərkəzi kimi istifadə olunan “Bakı Ekspo” Mərkəzinin giriş-çıxış yolları hazır vəziyyətə gətirildi.
Məşəl Proqramına müvafiq olaraq Suraxanı rayonunda Səttar Bəhlulzadə və Atamoğlan Rzayev küçələrinin təmiri nəzərdə tutulan vaxtda başa çatdırıldı. Həmçinin Bakı Atıcılıq Mərkəzindən Bakı Dairəvi-1 yoluna birbaşa çıxışı təmin edən 1 kilometrlik yeni yolun və yol üzərində ikicərgəli hərəkət hissəsi olan 445 metr uzunluğunda dayaqlar üzərində körpünün tikintisi uğurla yekunlaşdırıldı. Bakı Olimpiya Stadionunda ictimai nəqliyyat terminalının, Atletlər Kəndinin yaxınlığında avtobus meydançasının, Media Kəndində nəqliyyat terminalının, o cümlədən Avropa Oyunları parkının və digər yarış və mühüm qeyri-yarış obyektlərinin giriş-çıxış yollarında işlər qısa vaxtda tamamlandı. Avropa Oyunlarının açılış və bağlanış tədbirlərinin keçirildiyi Olimpiya Stadionu ərazisində və Böyükşor dairəsində yeni yolun, körpünün, piyada keçidlərinin tikintisi və Heydər Əliyev prospektində təmir işləri yüksək səviyyədə reallaşdırıldı.
Bakı Avropa Oyunları Əməliyyat Komitəsinin tələblərinə müvafiq olaraq 800 avtobus sürücüsü, 1200 taksi və minik avtomobili sürücüsü, depo və dispetçer işləri üçün 315 nəfərlik heyət hazırlanaraq, nəzəri treninqlərə cəlb edildilər. Sürücülər üçün vahid geyim forması hazırlandı. Qonaqlara nəqliyyat xidmətlərinin təşkili məqsədilə 650 ədəd yeni taksi və minik avtomobilləri alındı. Tamaşaçıların və digər müştəri qruplarının daşınması məqsədilə ekspress avtobus marşrutları müəyyən edildi.
I Avropa Oyunları ərəfəsində şəhərə yüksək komfortlu avtobuslar gətirildi. Bununla bərabər, Bakı Metropoliteni də dünya standartlarına cavab verən yeni qatarlar alıb xəttə buraxdı. Təbii ki, bu yeniliklər ilk növbədə yüksək səviyyədə rahatlıq deməkdir. I Avropa Oyunlarının keçirildiyi arenalara gedən azarkeşlər həmin nəqliyyat vasitələrindən razılıqla istifadə etdilər.
Birinci Avropa Oyunları ilə əlaqədar nəqliyyat-yol kompleksi üzrə Tədbirlər Planına əsasən, Biləcəri, Lökbatan, Sumqayıt dəmir yolu vağzallarında sərnişinlər üçün lazımi şərait yaradıldı. Balakən dəmir yolu vağzalının dam örtüyü tam, Gəncə vağzalı isə əsaslı təmir edildi. Digər vağzallarda da yenidənqurma işləri aparıldı.
Bakı və Sumqayıt sərnişin stansiyalarında, eyni zamanda, Gəncə vağzalında səsli məlumatların yayılması üçün müvafiq tədbirlər reallaşdırıldı. Oyunların keçirildiyi müddətdə həmin məlumatların Azərbaycan və ingilis dillərində səsləndirilməsi təmin olundu.
Dəmir yolu nəqliyyatında xidmət səviyyəsinin yüksəldilməsi, sərnişinlərə göstərilən xidmətlərin ən müasir standartlara cavab verməsi üçün bütün istiqamətlərə hərəkət edən sərnişin qatarlarına bilet satışı elektronlaşdırılaraq “onlayn” vasitəsilə təmin edildi. Respublika ərazisində bilet satışı kassalarda tam kompyuterləşdirildi, sərnişinlərin rahat və maneəsiz bilet əldə etmələri üçün bütün lazımi tədbirlər görüldü.
Bakı sərnişin stansiyasının
kassalarında POS-terminal aparatları
da quraşdırıldı. Həmin stansiyada və digər bilet satışı aparan kassalarda respublikadaxili bilet satışının hər
iki istiqamətə (gediş və gəliş), 2 nömrəli
bilet kassasında isə Rusiya və Ukrayna dövlətlərinin ərazisində
hərəkət edən
sərnişin qatarlarına
və geriyə bilet satışının
təşkili təmin
olundu.
Bu gün nüfuzlu
beynəlxalq təşkilatların
nümayəndələri, tanınmış media orqanları
Azərbaycanı dünyada
sülhün və təhlükəsizliyin, sabitliyin
təmin olunmasına böyük töhfələr
verən ölkə kimi qiymətləndirirlər. Nüfuzlu xarici
mətbuat orqanları,
demək olar ki, hər gün
Azərbaycanda Avropa Oyunlarının yüksək
səviyyədə başa
çatmasından bəhs
edən yazılar dərc edir, reportajlar hazırlayırlar.
Məqalələrdə Azərbaycanın iqtisadi inkişafından, insan hüquqları və demokratikləşmə,
milli-etnik, dini tolerantlığın təmini
sahəsində əldə
edilmiş nailiyyətlərdən,
dünya standartlarına
cavab verən nəhəng idman infrastrukturundan, Azərbaycanın
Şərq və Qərb sivilizasiyalarının
daşıyıcısı kimi multikulturalizm məkanına çevrilməsindən
bəhs edilir. Bütün bunlar xarici ölkələrdə
yaşayan azərbaycanlılarda
böyük qürur hissi doğurur.
Uğurlarımız Azərbaycanı idman ölkəsi kimi də dünyaya tanıtmışdır. Avropa Olimpiya Komitəsinin rəhbəri Patrik Hikkinin bununla əlaqədar fikri də maraqlıdır: “Azərbaycan həm beynəlxalq miqyasda, həm də Avropa səviyyəsində Olimpiya hərəkatının inkişafında parlaq məşələ çevrilib və bu nailiyyət, əsasən, Azərbaycan dövlətinin rəhbəri, eyni zamanda, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyevin rəhbərliyinin siyasi və idman sahələrinə sadiqliyi və baxışları, eləcə də idman gücünü haqlı olaraq sosial rifahı və iqtisadi tərəqqinin rəmzi hesab edən xalqınızın səyləri sayəsində mümkün olmuşdur”.
Heç şübhəsiz, bundan sonra Avropada və dünyanın digər ölkələrində keçiriləcək mötəbər yarışların ev sahibləri Azərbaycanın bu sahədəki təcrübəsindən yararlanacaq. Azərbaycan Prezidenti cənab İlham Əliyevin təbirincə desək, idmana olan diqqət və qayğı hər bir ölkənin dövlət siyasəti olmalıdır. Azərbaycanda bu, belədir. Uğurlarımızın təməlində məhz dövlət siyasəti dayanır.
Məhərrəm
MƏMMƏDOV,
fəxri dəmiryolçu,
iqtisadçı-ekspert
Xalq qəzeti.- 2015.- 3
iyul.- S.4.