Zaqatalada hər
səhərin öz rəngi
var...
Həmişə belə olur. Zaqatala
barədə nə isə yazmaq istəyəndə mütləq digər rayonlardan olan
çoxsaylı dostlarımdan xahiş edirəm ki, heç biri məndən inciməsin.
Çünki bura mənim üçün daha əziz, daha
doğma və görmək üçün
darıxdığım bir yerdir. Balakəndən, Qəbələdən,
İsmayıllıdan olan dostlarım inciməsə də,
doğulub boya-başa çatdığım Gəncədən
umu-küsülü sədalar eşidirəm. Amma neyləyəsən,
fakt faktlığında qalır. Bu diyarın tarixi, təbiəti,
mədəniyyəti, insanları və bir də mətbəxi
haqqında nə yazsaq, neçə dəfə yazsaq, yenə
də azdır. Amma, onu da deyim ki, uzun müddət idi ki, bu əsrarəngiz
diyar barədə heç nə yazmırdım. Bu sətirlərin
qələmə alınmasının “əsas səbəbkarı” isə Dədə Qorqud oldu...
Bu günlərdə Zaqatala əhalisinin və rayonun qonaqlarının sevimli istirahət yeri olan Dədə Qorqud meydanında uzun illərdən bəri dostluq etdiyim rayon icra hakimiyyəti başçısının müavini Tofiq Əhmədovla görüşəndə söhbət “Kitabi-Dədə Qorqud”un alman dilində ilk tərcüməsi və nəşrinin 200 illiyinin qeyd edilməsi haqqında “Azərbaycan Respublikası Prezidentinin 20 fevral 2015-ci il tarixli sərəncamının icrası ilə bağlı Zaqatala şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilən “Kitabi-Dədə Qorqud"un Zaqatala bölgəsində izləri" mövzusunda “dəyirmi masa”dan düşdü. Xeyli söhbət etdik və dostum sonda mənim Zaqatalaya olan xüsusi rəğbət və sevgimi özündə əks etdirən bir məqamı yada saldı:" İndiki kimi yadımdadır, —dedi, - Təxminən beş il qabaq, may ayında “Xalq qəzeti”ndə “Dağlar süfrə açır... qonaqdan ötrü” adlı bir yazı vermişdin. Zaqatalanı o qədər gözəl vəsf eləmişdin ki... Bax, səndən elə yazılar gözləyirik. Niyə yazmırsan? Orada bir bənd şeir də vermişdin:
Dağlar süfrə
açır, bahar gələndən,
Yaxınlı,
uzaqlı qonaqdan ötrü.
Yay boyu süfrəyə
gələn nemətin
Damaqda dadı var, budaqda ətri.
Gözəl idi, çox gözəl. Haqqında
söz açılan rayon Zaqataladırsa, və qələmi ələ
götürən sənsənsə yazı elə
olmalıdır. Təəssüf ki, son
zamanlar yazılarını görmürük. Bu gün Zaqatalada böyük işlər
görülür, rayon yenidən tikilir, gözəl obyektlər
istifadəyə verilir.
Düz sözə nə deyəsən? Tofiq Əhmədovun
haqlı iradlarına susmaqla cavab verməkdən başqa
çarəm qalmadı. Yenə qələmi
götürmüşəm. — bu
dağlar və elə dağlar qədər də ulu olan
insanlar barədə yenə də yazmaq istəyirəm. Amma
bilmirəm dostumun ürəyinə beş
il əvvəlki yazı kimi təsir edə biləcəkmi?
... Tez-tez
gördüyüm, hələ dördüncü sinifdə
oxuyanda Zaqatala haqqında mənə şeirlər söyləyən,
bir vaxtlar nənəsinin - Zaqatala təhsilinin
inkişafında əvəzsiz xidmətləri olmuş Ulduz
müəllimənin əlindən tutub məktəbə gedən
Füzuli Rzayev artıq on birinci sinifə keçib. Maşallah, böyük oğlan olub. Bir ildən sonra müstəqil həyata qədəm
qoyacaq. Bir zamanlar öz doğma rayonu
haqqında uşaq təfəkkürü ilə şeir yazan
və oxuyan Füzuli indi Azərbaycana şan-şöhrət
gətirən yaşıdlarının uğurları ilə
fəxr edir. Bizi isə əmin etməyə
çalışır ki, Zaqatalaya üzağlığı,
başucalığı gətirmək üçün
çox işlər görülüb və görülməkdədir:
Sevinclə danışır; - Güləşçi Rəsul
Cunayevin birinci Avropa Oyunlarında qazandığı qələbə
öncə onun doğulub böyüdüyü Balakən
rayonuna, sonra Şəki-Zaqatala bölgəsinə,
bütövlükdə isə Azərbaycana şöhrət
gətirdi.
-Biz onunla fəxr etdik. Ancaq hamı idmançı, güləşçi
ola bilməz. Hərənin
tutduğu bir yol var və o yolun dəyəri qazanılan
nailiyyətlərlə ölçülür. Əminəm
ki, valdeynlərimin
və müəllimlərimin verdiyi təlim-tərbiyə nəticəsində
həm Zaqatalaya, həm də Azərbaycana layiqli övlad ola
biləcəyəm. Mən Zaqatalanı valideynlərimi
sevdiyim qədər sevirəm. İnanıram ki, Rəsulun
idmanda qazandığı uğurları mən başqa bir sahədə
əldə edəcək və insanların “Füzuli Rzayev zaqatalalıdır”-
ifadəsini işlətməsinə nail olacağam. Bu elə nənəmin də arzusudur. Biz həmin
günə mükəmməl bir komanda kimi
hazırlaşırıq: valdeynlərim, müəllimlərim,
doğmalarım və mən."
Maraqlıdır,
rayon icra hakimiyyətinin başçısı Mübariz
Əhmədzadə ilə söhbətimizdə də “birgə fəaliyyət
göstərən komanda ” ifadəsi gündəmə gəldi.
Mübariz müəllim təkcə bir kollektivdə, bir kənddə
və ya bir rayonda deyil, bütövlükdə ölkədə
vahid komanda şəklində göstərilən fəaliyyətin
möhtəşəm uğurlarla nəticələndiyini
söylədi və konkret misal çəkdi:
—
Bakıda keçirilən birinci Avropa Oyunlarında qalib gəlmiş
idmançılar, onların məşqçiləri, idman
ictimaiyyətinin nümayəndələri və xarici tərəfdaşlarımızla
keçirilən görüşdə çıxış
edən ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri,
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva dövlət
başçımıza müraciətlə dedi: -"Mən
idman leksikasından istifadə etsəm, deyə bilərəm
ki, bu 17 gün ərzində Azərbaycan xalqı bir komanda idi
və Siz bu komandanın şərəfli kapitanı idiniz. Belə olan halda, əlbəttə, qalib gəlməmək
mümkün deyildi. Vətənimizə,
doğma Azərbaycanımıza xidmət etmək ən
böyük şərəfdir və xidmətimizin nəticələrini
görüb yaşamaq ən böyük xoşbəxtlikdir.
Cənab Prezident, biz hər birimiz ölkəmizin əsgəriyik
və Azərbaycanın gələcəyi naminə daha da tam
gücümüzlə xidmət etməyə
hazırıq".
Mübariz
müəllim vahid komanda şəklində fəaliyyət
göstərilməsinə bizim milli düşüncə tərzimizdə
verilən qiymətdən, onun səmərəsindən konkret
faktlarla danışdı və nəhayət, bu prinsipin Zaqataladakı
uğurlarının üzərinə gəldi: “Cənab Prezidentin regionların
sosial-iqtisadi inkişafına verdiyi önəm bizim gündəlik
fəaliyyətimizin əsasını təşkil edir. — Bu
gün Zaqatalada həyata keçirilən tədbirlərdə,
qazanılan nailiyyətlərdə rayonun birinci şəxsindən
tutmuş ən sadə bir kənd sakininə qədər
hamının payının olması da elə dövlət
başçımızın iş prinsiplərinə əməl
etməyimizin nəticəsidir. Əhali tərəfindən irəli
sürülən elə bir təklif və ya təşəbbüs
ola bilməz ki, diqqətdən kənarda
qalsın. İstənilən məsələ dərhal
gündəliyə gətirilir və öz həllini
tapır”.
Sonra
Mübariz müəllim öz söhbətini konkret faktlar əsasında
davam etdirdi və bildirdi ki, Zaqatalanın yaşayış məntəqələrinin
qazlaşdırılması istiqamətində çox
böyük işlər görülüb. Höytala,
Paşan, Maqov, Vöhtala və Yolayrıc kəndlərinin
qazlaşdırılması işləri başa
çatdırılıb, bu yaşayış yerlərinə
təbii qazın verilməsinə başlanılıb.
Yeri gəlmişkən,
qeyd edim ki, keçən ayın ortalarında bu münasibətlə
keçirilən mərasimdə biz - mətbuat təmsilçiləri də iştirak edirdik. Elə
buradaca rayon əhalisinin “mavi yanacaq”la təminatının
yaxşılaşdırılması istiqamətində
görülən işlərdən bəhs edilərkən
bildirildi ki, 1184 abonenti olan bu kəndlərin
qazlaşdırılması üçün birpilləli
sistem əsasında ümumi uzunluğu 61 min 755 metr olan
müxtəlif diametrli metal borularla daşıyıcı və
məhəllədaxili qaz xətləri çəkilib,
bütün mənzillərə sayğac və fərdi tənzimləyicilər
quraşdırılıb.
Xatırladım ki, hazırda Zaqatala rayonunda bu
kəndlər də daxil olmaqla, 16 min 600 abonent təbii qazdan
istifadə edir. Regionların 2014-2018-ci illərdə
sosial-iqtisadi inkişafına dair Dövlət Proqramına
uyğun olaraq, mərhələli şəkildə rayonun digər
yaşayış məntəqələrinin də
qazlaşdırılması istiqamətində tədbirlər
davam etdirilir. Hazırda Car, Yengiyan və Aşağı
Çardaxlar kəndləri istiqamətində qaz xətlərinin
çəkilişi aparılır. Bir sözlə,
sakinlərin sosial-rifahı daim diqqət mərkəzindədir.
Ötən ay Zaqatalada iştirakçısı
olduğumuz başqa bir tədbir də elə əhaliyə
göstərilən xidmətlərin daha da
yaxşılaşdırılması və müasirləşdirilməsi
istiqamətində idi. Belə ki, Milli Qurtuluş Günü — iyunun 15-də rayonda yeni
avtovağzal kompleksi istifadəyə verilirdi. Müasir
memarlıq üslubunda inşa edilən yeni avtovağzalın
ümumi ərazisi bir hektara yaxındır. Tikintisinə 2013-cü ildə başlanan
avtovağzal kompleksinin əsas binasında sərnişinlərə
beynəlxalq standartlara uyğun xidmət göstərilməsi
üçün hər cür şərait yaradılıb.
Binada müasir havalandırma sistemi
quraşdırılıb. Yüz nəfərlik
geniş gözləmə salonunda sərnişinlərin
istirahəti üçün lazımi şərait
yaradılıb, rahat oturacaqlar qoyulub.
Avtovağzal kompleksində avtomobillər
üçün texniki müayinə, avtoyuma və digər
yardımçı binalar da fəaliyyət göstərəcək. Kompleksin ərazisində
geniş abadlıq işləri aparılıb,
yaşıllıq zolaqları salınıb. Avtovağzal kompleksinin açılış mərasimində
rayon icra hakimiyyətinin başçısı Mübariz
Əhmədzadə çıxış edərək sakinləri
əlamətdar bayram - Milli Qurtuluş Günü münasibətilə
təbrik etdi, onlara xoş arzularını
çatdırdı. Mübariz müəllim vurğuladı ki,
obyektin açılışı çox əlamətdar bir
vaxta - birinci Avropa Oyunlarının keçirildiyi dövrə
təsadüf edir. Yadımdadır, həmin
gün yarışlarda Azərbaycan
idmançılarının 13 medalla birinci pillədə qərar
tutması zaqatalalılar tərəfindən də
böyük sevinclə qarşılandı. Rayon rəhbəri qeyd etdi ki. zaqatalalılar idmançılarımızın
uğuruna ürəkdən sevinir və onlara gələcək
yarışlarda da parlaq qələbələr arzulayırlar.
Mən bir məsələni də yada salmaq istəyirəm. Təkcə ölkəmizdə
yaşayan soydaşlarımız deyil, bütün
dünyadakı 50 milyondan artıq azərbaycanlılar və
xalqımızın, dövlətimizin sayı yüz
milyonlarla hesablanan dostları iyunun 12-də birinci Avropa
Oyunlarının təntənəli açılış mərasimini
səbirsizliklə gözlədiyi saatlarda Zaqatalada
yaşayış məntəqələrinin içməli su
təchizatının yaxşılaşdırılması
istiqamətində həyata keçirilən tədbirlər
çərçivəsində rayonun Aşağı Tala kəndinin
Hacıbulaq ərazisində yeni qazılmış artezian
quyusu sakinlərin istifadəsinə verilirdi. Görəsən
bu təsadüf idi, yoxsa zaqatalalılar birinci Avropa
Oyunlarına aydınlıq arzulamaq məqsədilə yeni su mənbəyini
məhz həmin gün istifadəyə verirdilər? Bəlkə
Avropa Oyunları kimi möhtəşəm tədbiri bir kəndə
su verilməsi ilə əlaqələndirməyimi qəbul etmədiyindəndir,
ya nədənsə,
bu sualıma Mübariz müəllim də konkret
cavab vermək istəmədi. Amma bilirdi ki, əhalinin
su ilə təminatı üçün çox işlər
görülüb. Meliorasiya və Su Təsərrüfatı
Açıq Səhmdar Cəmiyyəti tərəfindən təkcə
keçən il 17 artezian qazılıb. Qarşıda bununla əlaqədar xeyli layihələrimiz
var.
Yazdıqca ardı gəlir, maraqlı məqamlar davam
edir. Çünki Zaqatalada həyata keçirilən elə
bir tədbir yoxdur ki, onun haqqında ayrılıqda söz
açmağa ehtiyac hiss olunmasın. Məsələn, rayonun ən iri yaşayış məntəqələrindən
olan Əliabad qəsəbəsindəki XVII əsrə aid məsciddə bərpa işlərinə
başlanılması ilə bağlı təşkil edilən
tədbirdə rayon rəhbərliyinin,
Bakı Beynəlxalq Multikultiralizm Mərkəzinin, Azərbaycan
Respublikasının Prezidenti yanında Bilik Fondunun əməkdaşlarının,
qəsəbə sakinləri və dini icma üzvlərinin
iştirak etməsi bu mərasimin möhtəşəmliyindən
xəbər verir.
Azərbaycan
Respublikasının millətlərarası, multikulturalizm və
dini məsələlər üzrə Dövlət
müşaviri Kamal Abdullayev tədbirdə bildirib;
“Respublikamızda yaşayan xalqların sahib olduğu etnik-dini
dəyərlərin qorunması dövlət siyasətinin əsas
istiqamətlərindən biridir. Ötən il Əliabad qəsəbəsində
keçirilən görüşdə qəsəbə sakinləri
2012-ci ilin mayında bölgədə baş vermiş zəlzələ
zamanı zərər görmüş məscid
binasının bərpası ilə bağlı quruma
müraciət ediblər. Sakinlərin müraciətləri
nəzərə alınıb və artıq xeyriyyəçi
qurumların sponsorluğu, eləcə də dövlətin dəstəyi
ilə Əliabad məscidinin bərpası layihəsi üzrə
işlərə başlanılıb.
Orada
eşitmişdim ki, məscidin bərpası üçün
müxtəlif mənbələrdən göndərilən vəsaitlərdən
əlavə şəxsən Zaqatala Rayon İcra Hakimiyyətinin
başçısı Mübariz Əhmədzadə tərəfindən
də müəyyən məbləğdə vəsait
ayrılıb. Xatırladaq ki, məscidin bərpası
Mədəniyyət və Turizm Nazirliyinin layihəsi əsasında
həyata keçiriləcək. Bərpa
işləri zamanı XVII əsrə aid olan bu tarixi abidə
öz görkəmini tamamilə qoruyub saxlayacaq.
Beləcə, bu yazı üçün lazım olan faktları, məqamları dəftərçəmdə qeyd etdim və gecəni cənnətmisal Zaqatalada qalıb səhər tezdən Bakıya yola düşmək istəyəndə sanki təbiəti başqa rəngdə gördüm. Elə bil üfüq daha işıqlı, yollar daha aydın, dağlar daha əzəmətli idi.Sanki bu yerləri birinci dəfə görürdüm və bu qeyri-adiliyi yol yoldaşıma izah etməyə çalışanda qəribə cavab eşitdim: — “Zaqatalada hər səhərin öz rəngi, gözəlliyi var. Sadəcə bunu görmək və qiymətləndirməyi bacarmaq lazımdır.”
Həmin anda mənim çaşmağım o rəngləri görməyim idi. Bəs görəsən bu sətirlər həmin rənglərin qiymətləndirilməsi ola bildimi? Kaş ki...
İlqar
HƏSƏNOV
Xalq qəzeti.- 2015.- 4 iyul.- S.7.