Tarixi Oyunlarda
möhtəşəm qələbə
“Avropa
Oyunları əlilliyi olan insanların sosial həyatının
yaxşılaşdırılmasına böyük
təkan verəcək”
I Avropa Oyunlarında Azərbaycan
komandasının misilsiz idman
nailiyyətlərinin əldə edilməsində
paralimpiyaçılarımızın da böyük əməyi oldu.
3 idmançı ilə təmsil olunan komanda
yığmamızın aktivinə 3 medal
yazdırdı. “Bakı–2015” bağlı təəəssüratlarını
bölüşən paralimpiyaçılarımız ilk Avropa Oyunlarının ölkəmizdə
keçirilməsindən qürur
duyduqlarını bildirdilər və qeyd
etdilər ki, komandamızın möhtəşəm
qələbəsində payları olduğu
üçün xoşbəxtdirlər.
Şaiq Həmidov, Milli
Paralimpiya Komitəsinin
vitse-prezidenti:
– Pekin və London olimpiadalarının açılış
və bağlanış
mərasimlərində iştirak
etmişəm. I Avropa Oyunlarının mərasimləri nəinki
onlardan geri qalmadı, hətta müəyyən üstünlükləri
var idi. I Avropa Oyunlarının açılış mərasimi
dünyaya gözəl
bir startın başlanması mesajını
verdi. Belə bir
mərasimi izləyən
atletlər möhtəşəm
bir yarışda iştirak edəcəklərini
anladılar. I Avropa Oyunları ilk idi. Əslində, idmançılar bu Oyunların hansı səviyyədə
olacağını bilmirdilər.
Olimpiya Oyunlarının açılışına
bərabər mərasim
başa çatdıqdan
sonra, doğrudan da, əsl idman
mübarizəsi başlandı.
İki yay paralimpiya, iki dünya oyunlarının iştirakçısı
kimi deyə bilərəm ki, I Avropa Oyunlarının həm yüksək səviyyəsinə, həm
də ədalətliliyinə
görə fərqlənirdi.
Gərgin idman mübarizəsindən qalib
çıxmağa can atan
idmançıların sağlam
rəqabətə kökləndiklərini
də aşkar görmək olurdu. Oyunların keçirildiyi 17 gün ərzində qocaman qitə təmsilciləri arasında çox səmimi münasibət yaranmışdı. Onlar
bir-birləri ilə mübarizə apardıqları
anlarda belə bu hiss onları tərk etmirdi. İdmançılar görüşdə
zədə alan
rəqiblərinin qayğısına
qalırdılar. Belə faktlar
çox oldu. Azərbaycanın təşkil etdiyi
birinci Avropa Oyunları, həm də möhtəşəm
bir dostluq bayramına çevrildi.
Paralimpiyaçılarımız yarışlara ciddi
hazırlaşdıqlarına görə nəticələr
çox yaxşı oldu. Sevinirik ki, belə bir tarixi oyunlarda
möhtəşəm qələbə
qazandıq.
Kamal Məmmədov, Milli
Paralimpiya Komitəsinin
şöbə müdiri:
- Avropa Oyunları
əlilliyi olan insanların sosial həyatının yaxşılaşdırılmasına
böyük bir təkan verəcək. Mən özüm
də əlil arabasından istifadə edirəm və əlilliyi olan insanlara xüsusi qayğının nə qədər vacib olduğunu bilirəm.
Fiziki məhdudiyyətli insanların
idmanla məşğul
olması onların cəmiyyətə inteqrasiya
etməsinə, müxtəlif
psixoloji baryerləri və kompleksləri aşmasına çox kömək edir. I Avropa Oyunlarının
təşkilində belə
insanların nəzərə
alınması, onlar üçün yüksək
şəraitin yaradılması
mühüm əhəmiyyət
daşıyırdı. İdman obyektlərində əlilliyi
olan insanların heç kimin köməyi olmadan sərbəst hərəkət
etmələri, yarışları
rahat izləmələri
üçün yaradılan
şərait yüksək
səviyyədə idi.
Tibb məntəqəsindən, restoran,
kafedən növbəsiz
istifadə etmək üçün hər bir şərait yaradılmışdı. Nəqliyyatın işini də
xüsusi qeyd etmək istəyirəm.
Rahatlığımız üçün avtobuslarda panduslar və digər vasitələrdən istifadə
edirdik. Paralimpiyaçılarımız təkcə paralimpiya
komandamızı yox, əlilliyi olan bütün insanları təmsil edirdilər.
3 idmançımızın
üçünün də
medal qazanması cəmiyyətə
bir mesaj idi. Paralimpiyaçılarımızın da digər idmançılarımız kimi
yüksək nailiyyətlər
əldə etmələri,
ölkəmizdə bu
sahədə görülən
işlərin bariz nəticəsidir. Qeyd edim
ki, idmançılarımızın
çıxışları xüsusilə maraqlı idi. İyunun 26-da olan yarışlara
10 gün qabaq kassalarda artıq bilet tapmaq mümkün
deyildi. Azarkeş dəstəyi fiziki
məhdudiyyətli idmançıların
mübarizə əzmini
daha da artırdı.
Azərbaycan Prezidentinin İlham
Zəkiyevə qızıl
medalı təqdimetmə
mərasimi bütün
Azərbaycan xalqı və eləcə də idmançılar üçün çox təsirli bir məqam idi. Bu an Avropa və
dünya mətbuatı
tərəfindən də
geniş işıqlandırılmışdır.
Dövlət başçımız İlham Zəkiyevin cəsurluq, ləyaqət simvolu olduğunu qeyd etmiş, ona medalın məhz Azərbaycanın Silahlı Qüvvələr
Günündə təqdim
edilməsinin çox
rəmzi və əlamətdar xarakter daşığını bildirmişdir.
Şübhəsiz, bütün bunlardan
sonra cəmiyyət əlilliyi olan insanlara daha çox diqqət yetirəcək.
İlham Zəkiyev, I Avropa
Oyunlarının qalibi:
I Avropa Oyunlarının
Bakıda keçirilməsi
özü bir qələbədir. İki Yay Paralimpiya
Oyunlarında gücümü
sınamışdım. Bu qədər həyəcan
olmamışdı. Doğma divarlar,
azarkeşlər qarşısında
çıxış etmək
böyük məsuliyyət
idi. Məndən qızıl medal gözləyirdilər. Burada reytinqinə
görə Avropanın
ən güclü idmançıları mübarizə
aparırdılar. Rəqiblərimin hamısını tanıyırdım.
Ruhuma belə bir hiss hakim kəsilmişdi
ki, hamıdan güclüyəm. Düşünürdüm
ki, onlar məndən ehtiyat etməlidirlər. Güclü azarkeş
dəstəyi rəqibləri
qorxuya salır, bizə güc verirdi. Yarımfinal döyüşündə qalib gəldikdən sonra mənə zəng gəldi ki, cənab Prezident final görüşlərini
izləyəcək. Bu
mənim gücümü
birə-yüz artırdı.
Finalda uduzmağa haqqım yox idi. Qalib gəlməliydim. Çox şükür
ki, hər şey yaxşı oldu.
I Avropa Oyunlarına həm yüksək səviyyədə ev sahibliyimiz, həm də böyük nailiyyətlərimiz
çox qürurvericidir.
Azərbaycanın Avropa Oyunlarının
Vətəni olması
bizim üçün
böyük fəxrdir.
Necə ki, Olimpiya Oyunları
deyiləndə, öncə
Yunanıstan yada düşür, eləcə
də Avropa Oyunları deyiləndə
Azərbaycan yada düşəcək. Bəzən irad bildirirlər
ki, Oyunların keçirilməsinə çoxlu
vəsait xərclənib.
Bu vəsait Azərbaycan
xalqının gələcəyi
üçün sərf
olunub. Oyunlar üşün inşa
edilən idman arenalarından uşaqlarımız
istifadə edəcəklər.
Yarışlarda 21-i qızıl medal olmaqla əldə edilən 56 medal idmanda kütləviliyin artmasına
yeni təkan verəcək. Valideynlər istəyəcəklər ki,
övladları Rəsul
Çunayev, Elvin Mürsəliyev,
Rəfael Ağayev və digər tanınmış idmançılarımız
kimi olsunlar.
Səbinə Abdullayeva: I Avropa
Oyunlarının gümüş medalçısı:
- İlk Avropa Oyunlarında iştirakımız
böyük məsuliyyət
tələb edirdi. Gümüş medal qazandığım üçün
qürur duyuram. Finalda ukraynalı idmançı
ilə görüşüm
bir qədər çətin oldu. Ona görə yox ki, o daha güclü
idi. Görüşün ilk dəqiqələrində xal hesabı ilə ondan üstün idim. Məşqçilərimizin bizə inamı,
güclü azarkeş
dəstəyi bizə
məğlub olmağa
imkan vermirdi. Təəssüf ki, dizimdən
aldığım ciddi
zədə cənab Prezidentin də izlədiyi final qarşılaşmasını
qalib kimi başa vurmağıma
mane oldu. Bu vaxta qədər, Avropa çempionatlarının
və dünya kubokunun gümüş medallarını qazanmışam.
Amerikada keçirilən dünya çempionatında, eyni zamanda, Rio Olimpiadasına lisenziya əldə etmişəm. Çalışacağam bundan sonra da
uğurla çıxış
edim.
Elxan Rəcəbli, İlham
Zəkiyevin şəxsi
məşqçisi:
- İlham Zəkiyev
atam Əhməd Rəcəblinin yetirməsi
olub. Əhməd müəllim təqaüdə
çıxdığı üçün artıq
4 ildir ki, İlhamın hazırlığı
ilə məşğul
oluram. İlhamla işləmək çox rahatdır. Qüvvətli, çevik və cəsarətli olan bu insan,
həm də güclü
vətənpərvərliyi ilə seçilir. Bir il ərzində Oyunlara hazırlıqla bağlı
fasiləsiz təlim-məşqlər
keçdik. O tükənməz
bir enerji ilə məşqlərini
davam etdirdi. Qarşıya qoyduğumuz məqsədə
çatdıq. Onu qeyd edim ki, İlham
görüşlərinin hamısında
çox yüksək
mübarizə nümayiş
etdirirdi. Yenilməz pəhləvanın
mübarizə dolu qarşılaşmaları azarkeşlər
tərəfindən də
böyük coşqu və sürəkli alqışlarla müşayiət
olundu. Çox təsirli idi.
I Avropa Oyunlarında
fiziki məhdudiyyətli
şəxslərin burada
sərbəst hərəkəti,
yarışları yaxından
izləmələri üçün
yaradılmış şəraiti
xüsusi qeyd etmək istəyirəm.
İlham güləşəndə Heydər
Əliyev arenasında
belə şəxslərin
döyüşləri yaxından
izləmələri üçün
yaradılan şərait
və digər məsələlər xüsusilə
diqqətimi çəkdi. Düşünürəm ki, Oyunlar, həm
də fiziki məhdudiyyətli uşaq
və yeniyetmələr
arasında idmanın kütləviliyinin daha da artmasına səbəb olacaq. Hansı valideyn istəməz ki, əlilliyi olan uşağı idmanla məşğul olub, həm sağlamlığını bərpa
etsin həm də hətta sağlam uşaqların əldə edə bilmədiyi nailiyyətləri
qazansın. Xalqının, millətinin sevimlisinə,
qəhrəmanına çevrilsin.
Zaki Mislimov, I Avropa Oyunlarının bürünc
medalçısı:
- Belə bir mötəbər
Oyunlara Azərbaycanın
ev sahibliyi
biz idmançılarda qürur
hissi yaratdı. Etiraf edim ki, möhtəşəm
açılış mərasimindən
sonra bir qədər də həyəcan artdı.
Belə bir mərasim böyük yarış üçün
uğurlu bir start idi. Biz idmançılar
da bu uğura
töhfələrimizi verməli
idik. Bu Oyunlarda
Azərbaycanı təmsil
etdiyimiz üçün
fəxr edirdik. Sevinirəm ki, bizə bəslənilən
ümidləri doğrultduq.
Bizə dəstək olanlara minnətdarlığımı bildirirəm. Arzu edirəm ki, doğma Vətənimin uğurları daha da bol olsun!
Söhbəti qələmə aldı,
Leyla QURBANOVA
Xalq qəzeti.- 2015.-
4 iyul.- S.4.