Mingəçevir: Avropanın
gözəl şəhərlərindən
biri...
Dünya bildi ki, “Kür” Olimpiya Tədris İdman Mərkəzi
Avropada və MDB-də analoqu
olmayan avarçəkmə
bazasıdır
“Bakı -2015” ilk Avropa Oyunları çərçivəsində
Mingəçevirdə keçiriləcək
yarışlara hazırlıq
prosesində, qonaqların qəbul edilməsində, tədbirlərin təşkilində və
ümumiyyətlə, bu beynəlxalq idman tədbirinə aid olan istənilən məqamda şahidi
olduğum anları ”xoş
təsadüf" adlandırmaq
istəyirdim. Ancaq hər addımda
heyranlıqla izlədiyim
görüntülər o qədər
möhtəşəm, yarışlar o qədər
diqqətçəkən, istənilən mingəçevirlinin
bu bayramın yüksək səviyyədə
keçməsinə töhfə vermək istəyi o qədər böyük idi ki,
buna qətiyyən təsadüf demək
olmazdı. Bu bir zərurət
idi.
Beynəlxalq aləmdə mükəmməl siyasi nüfuzu, regionda kəsərli sözü, güclü iqtisadiyyatı və qüdrətli ordusu olan Azərbaycanın özünü dünyaya məhz bu şəkildə təqdim etməsi, həqiqətən, zərurət idi. Dövlətimiz və xalqımız bu zərurəti lazımınca qiymətləndirdi və Azərbaycan reallıqları dünyaya məhz həqiqət kimi təqdim olundu.
Amma deyəsən, burada bir bəxt məsələsi də var. Çünki ölkəmizin paytaxtından sonra Gəncə, Sumqayıt, Naxçıvan kimi böyük şəhərləri olduğu halda, adıçəkilən beynəlxalq tədbirin Bakı ilə yanaşı, Mingəçevirdə də reallaşdırılması Tanrının bizim “nur şəhərinə” və onun sakinlərinə yazdığı bəxtin göstəriciləri idi. Yarışlar bitəndən, bütün dünyanı heyran edən əsrarəngiz bağlanış mərasimindən üç gün sonra uzun illər şəhər gənclər və idman idarəsinə rəhbərlik etmiş, indi icra hakimiyyəti başçısının müavini işləyən Ramiz Əliyevlə Kürün sahilində, bilavasitə yarışları izlədiyimiz yerdə söhbət edirik. Oyunların uğurla başa çatmasından məmnunluqla danışır: “Mingəçevir rəhbərliyinin və şəhər sakinlərinin qitə miqyaslı ən böyük idman yarışlarına hazırlaşdığı günləri heç zaman unutmaq mümkün olmayacaq. Şəhərdə həm sakinlərin, həm də xarici turistlərin istirahəti üçün hər cür şəraiti olan məkanlar yaradılırdı. Nəqliyyat, tibb, rabitə, turizm sahələrində genişmiqyaslı tədbirlər həyata keçirilirdi. Oyunlar ərəfəsində şəhər avtovağzalından istifadə edənlərin sayının artacağı nəzərə alınaraq burada xidmətin səviyyəsi yüksəldilir, yeni avtobus və mikroavtobuslar gətirilirdi. Yarışların keçirildiyi günlərdə Mingəçevirdə marşrut avtobuslarının sürücüləri də yeni geyimdə xidmət göstərirdilər. Şəhər, sözün həqiqi mənasında, təkcə idman yarışlarına deyil, həm də “nur şəhəri”nin dünyaya təqdim edilməsinə hazırlaşırdı. Həmin hazırlıqların mükəmməl nəticəsi isə artıq xalqımızın, dövlətimizin və Mingəçevirin tarixinə uğur dolu sətirlərlə yazılıb”.
Təbii ki, Mingəçevirdə keçiriləcək yarışlara hazırlıq işlərini Gənclər və İdman Nazirliyi və Milli Olimpiya Komitəsi reallaşdırırdı. Ancaq şəhər rəhbərliyinin, müxtəlif strukturların, xüsusən, xidmət sahələrinin bu tədbirə hazırlaşması heç də yarışlara hazırlıqdan az əhəmiyyət kəsb etmirdi. Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının baş həkimi Yusif Quliyevlə də bu barədə danışdıq: “Mingəçevirə 37 ölkənin avarçəkənləri gələcəkdilər. Daha doğrusu, gəldilər, yarışdılar və şəhərimiz haqqında xoş təəssüratlar toplayaraq getdilər. Demək istəyirəm ki, Avropanın o qədər ölkəsindən gələn idmançılar, məşqçilər, federasiya rəsmiləri, hakimlər, həkimlər, idmançıların qohumları, jurnalistlər və turistlər buradan təkcə medallar deyil, həm də xoş xatirələr aparmalı idilər. Ona görə də şəhərin əsas xidmət sahələrindən olan səhiyyə sistemi bu idman bayramına məxsusi şəkildə hazırlaşmalı idi. Biz bunu etdik. Şəhərin səhiyyə sistemi Avropa Oyunlarına tam hazır vəziyyətə gətirildi. Həkimlər oyunlar zamanı növbəli qrafik əsasında işlədilər. Xəstəxananın ilkin tibbi yardım otaqlarına yeni avadanlıq və dərman preparatları gətirildi. Avropa Oyunları zamanı qonaqlara və vətəndaşlara yüksək səviyyədə xidmət göstərmək məqsədilə şəhərdə 220-yə qədər təcili tibbi yardım işçisi gücləndirilmiş iş rejimində çalışdı. Xəstəxanaya əlavə olaraq, “Mercedes” markalı 5 yeni təcili tibbi yardım maşını gətirilmişdi. Həmin avtomobillər yarışlar zamanı qonaqların qaldığı otellərin qarşısında və tədbirlərin keçirildiyi məkanlarda dayanırdı. Yarışlar zamanı təcili tibbi yardım xidmətində işləyəcək həkimlər üçün əvvəlcədən ingilis dili kursları təşkil olunmuşdu”.
Yeri gəlmişkən, şəhərdəki turizm obyektlərinin Avropa Oyunlarına hazırlığı prosesində mən özüm də dəfələrlə iştirak etmişdim. Məsələn, üç hektar ərazisi olan Heydər Əliyev parkında bilavasitə Oyunlar ərəfəsində yenidənqurma işləri görülürdü. İstirahət məkanı italiyalı mühəndis Laura Perettinin layihəsi əsasında müasir dizaynla tamamilə yenidən quruldu. Parkın ərazisindəki müasir tələblərə cavab verməyən tikililər götürülərək onların əvəzində yeniləri inşa edildi. Buradakı Tarix Muzeyinin binası bərpa edildi. İndi binanın giriş hissəsindəki 13 metr hündürlüyündəki sütunlar ona xüsusi görkəm bəxş edir. Həmin sütunlar xarici ölkələrdən gətirilən sarmaşıqlarla əhatə olunub. Bu sarmaşıqlar böyüdükcə parkı başdan-başa çələng formasında əhatə edir.
Şəhər təhsil şöbəsinin müdiri Sahib Məmmədov da Mingəçevirin ilk Avropa Oyunlarına verdiyi töhfələrdən ürək dolusu danışdı: “İlk Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyeva Oyunların açılış mərasimində qeyd etdi ki, bu möhtəşəm bayram müstəqil Azərbaycanın, hər bir Azərbaycan vətəndaşının qələbəsidir. Müstəqillik illərində əldə etdiyimiz uğurlar və nailiyyətlər nəticəsində bu gün burada, gözəl Bakıda Avropa Olimpiya hərəkatının tarixində yeni səhifə yazılır. Bu səhifəni biz yazırıq, Azərbaycan xalqı yazır”. Azərbaycan xalqının yazdığı həmin səhifəyə birinci Avropa Oyunlarının avarçəkmə yarışlarının keçirildiyi Mingəçevir şəhərinin də adı düşdü. Burada 3 gün ərzində, iyunun 14-də, 15-də və 16-da 350 idmançı birincilik uğrunda mübarizə apardı. Azərbaycan avarçəkmə yığmasının üzvü Valentin Demyanenko kişilər arasında kanoe-təkbətək 200 metr yarışında qüvvəsini sınadı və gümüş medala nail oldu. İdmançı bunu özü üçün yaxşı göstərici saymasa da, mənim fikrimcə, gümüş medal o qədər də pis nəticə olmadı".
Xüsusilə qeyd edilməli daha bir məqamı da yada salaq. Təbii ki, Kür sahilində keçirilən möhtəşəm idman bayramı bütün mingəçevirlilərin yaddaşında uzun illər yaşayacaq. Ancaq ilk Avropa Oyunlarının keçirildiyi zaman şəhərə rəhbərlik edən insanlar bu məmnunluqla yanaşı, böyük məsuliyyət hissi də yaşadılar. Həmin hissləri yaşamış şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramovla söhbətimizdə daha maraqlı fikirlər eşitdik:
– Bakıda, təkcə Oyunların açılış və bağlanış mərasimlərində deyil, eləcə də yarışların keçirildiyi bütün ünvanlarda gecələr də gündüz kimi nurlu idi. Biz fəxr edirik ki, həmin nurda, işıqda Mingəçevirin və mingəçevirlilərin də payı vardır. İdmançılarımız Oyunlarda 56 medal qazandılar. Biz fəxr edirik ki, həmin medalların biri Mingəçevirdə qazanılıb. Fəxr etməkdən söz düşmüşkən yada salım ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev birinci Avropa Oyunlarında qalib gəlmiş idmançılar, onların məşqçiləri, idman ictimaiyyətinin nümayəndələri və xarici tərəfdaşlarla görüşdəki nitqində bizim fəxr etməli olduğumuz məqamları xüsusilə vurğuladı: “Azərbaycan bu gün zirvədədir. Azərbaycan bu gün müstəqil, inkişafda olan güclü dövlət kimi uğurla irəli gedir. Bizim siyasi, iqtisadi sahələrdə, diplomatik arenalarda, idman yarışlarında böyük qələbələrimiz var. Biz haqlı olaraq bununla fəxr edirik. Fəxr edirik ki, biz Azərbaycan vətəndaşıyıq”. Ona görə də bir daha deyirəm, Avropa Oyunlarının paytaxt Bakı ilə yanaşı, Mingəçevirdə də keçirilməsi, milyonlarla insanın nur şəhərini tanıması hər birimiz üçün böyük fəxrdir.
Şəhər icra hakimiyyətinin başçısı birinci Avropa Oyunlarının keçirilməsində Bakının üzərinə düşən məsuliyyətin bir hissəsini öz çiyninə götürən Mingəçevirdəki idman qurğuları, daha doğrusu, avarçəkmə oyunlarının bazası haqqında da bir neçə kəlmə deməyi unutmadı. Bildirdi ki, “Azərbaycanda avarçəkmənin tarixi çox da qədim deyil. Bu idman növü ilə ilk dəfə 1959-cu ilin yay aylarında paytaxtdakı ”Neftçi" yaxt-klubunda məşğul olublar. Məhz elə həmin il respublikanın avarçəkənləri SSRİ xalqlarının II spartakiadasında çıxış etmiş və yeni fəaliyyətə başlayan bu idmanın 13 növündən 5-i üzrə 12 idmançı Azərbaycanı təmsil etmişdir.
Sonrakı illər müəyyən tədqiqatlar aparılmış və Kür çayının sahilində yerləşən Mingəçevirdə SSRİ yığmasının təlim-məşq bazası yaradılmışdı. Şəhərin iqlimi burada avarçəkmə idmanının inkişafına zəmin yaradırdı. 1964-cü ildə Mingəçevir şəhərində “Kür” avarçəkmə hazırlığı üzrə Olimpiya Mərkəzinin istifadəyə verilməsi, eyni zamanda, Azərbaycanda bu idman növünün inkişafına böyük təkan verib. Yaşlı adamlar bu bazanın tikintisində xüsusi xidmətləri olan, o vaxtlar Mingəçevir Şəhər İdman Komitəsində işləmiş, mərhum Pərviz Həsənovu yaxşı xatırlayırlar. Məhz onun təşəbbüsü ilə Mingəçevirdə Kür çayı sahilində ümumittifaq əhəmiyyətli idman qurğusu inşa olunub. Sonralar SSRİ-nin avarçəkmə üzrə yığma komandası məhz bu bazada təlim-məşq toplantıları keçirməyə başladı. Nəticədə Avropa, dünya çempionları yetişdi, Yay Olimpiya Oyunlarında SSRİ yığması uğurlu nailiyyətlərə imza atdı. 1970-ci ildən etibarən Ümumittifaq statusu alan “Mingəçevir reqatası”na SSRİ ilə yanaşı, Bolqarıstan, Çexoslovakiya, Kuba avarçəkənləri qatılaraq, özlərini sınadılar.
Ermənistanın ölkəmizə təcavüzü ilə əlaqədar doğma yurd-yuvalarından didərgin düşmüş soydaşlarımızın bir qismi müvəqqəti olaraq bu bazada yerləşdirilmişdi. Ona görə də tədricən avarçəkmə bazası dağılırdı. Prezident İlham Əliyevin həmin ərazidə müasir tələblərə cavab verən yeni bazanın tikilməsi ilə bağlı göstərişinə əsasən, 2006-cı ildən Gənclər və İdman Nazirliyi tərəfindən tikinti işlərinə başlanıldı. Prezident İlham Əliyevin və xanımı Mehriban Əliyevanın iştirakı ilə 2010-cu il oktyabrın 14-də açılan “Kür” Olimpiya Tədris İdman Mərkəzi Avropada, o cümlədən MDB məkanında bənzəri olmayan avarçəkmə bazasına çevrildi.
Bir sözlə, Mingəçevirdə indiyədək bir sıra beynəlxalq və və ölkədaxili yarışlar keçirilib. Birinci Avropa Oyunlarının isə öz çəkisi, öz yeri var. Gərgin gedən mübarizələrdə idmançımız Valentin Demyanenkonun gümüş medal əldə etməsi gələcəkdə daha böyük uğurlar qazanacağımızdan xəbər verir.
Bax belə. Nur sözünün və nurun yaratdığı ifadələrdən biri də aydınlıqdır. Aydınlıq isə babaların dediyinə görə suda olur. Yəni, “Kür” Olimpiya Tədris İdman Mərkəzinin yerləşdiyi Mingəçevirdə. Avropanın əksər ölkələrinin təmsilçiləri həmin nuru da gördülər, “Kür”ü də gördülər, öz ölkələrinə Mingəçevirdən aydınlq da apardılar...
İlqar HƏSƏNOV,
“Xalq
qəzeti”nin
bölgə müxbiri
Xalq qəzeti.- 2015.- 5
iyul.- S.4.