Vətənimdir, vətənimdir, vətənim!..
Böyük söz
ustası, könüllər fatehi Məhəmməd
Füzuli estetik
idealını belə bəyan etmişdi:
Edəməm tərk,
Füzuli, səri- kuyin
yarın,
Vətənimdir,
vətənimdir,
vətənimdir,
vətənim.
O dövrdə 4 rəqəmi Şərq fəlsəfi düşüncəsində bitkinlik, bütövləşmək, tamamlanmaq anlamında işlədilirdi. Elə buna görə də Füzuli könlünü əsir edən gözəlin yaşadığı küçəni Vətənin ən doğma yeri sayır, mənəvi aləmi ilə maddi dünyasının bütövlüyünü burada tapır, bu müqəddəs məkanı bitkinlik yuvası kimi dördəm təkrirlə “Vətən” elan edirdi. Filoloq- tədqiqatçıların açmasına görə, burada birinci vətən ana bətni, ikinci vətən beşik, üçüncü vətən doğulub- yaşadığın torpaq, nəhayət, dördüncü vətən isə axirət ünvanı məzardır.
Füzuli zamanında Vətən anlayışı doğulduğun yerdən başlayıb, dilinin, dininin yayıldığı yerlərədək genişlənib qeyri- müəyyənlik kəsb etsə də, ayrı- ayrı alim və mütəfəkirlər onun çevrəsini konkretləşdirməyə çalışırdılar. Çoxları vətəni doğulub -yaşadığı yer adlandırsa da, Əhməd Zəki kimi fikir adamları bildirirdilər: "Vətən o ölkədir ki, orada bir toplum yaşayır və insan özünün ora bağlılığını hiss edir". Bizim günlərdə bu tərif dəqiqləşdirilərək təxminən belə ifadə olunur: “Vətən və ya “Ana vətən" insanın anadan olduğu, dədə-babaların, qohum-əqrəbalarının yaşadığı, soykökü ilə bağlı olduğu ölkə. Vətənə bağlılıq insanlarda vətənpərvərliklə səciyyələndirilir. Vətən xüsusi sevgi və hörmətə layiq müqəddəs torpaqdır."
Vətən anlayışı siyasi mənada tarixin orta çağlarının sonu ilə yeni tarix arasında aktuallaşdı. Əsrlər boyu insanların hakim imperiyalar tərkibində “ümumi evi” sayılmış Yer kürəsi bu vaxtdan başlayaraq ayrı- ayrı xalqların “öz ortaq evləri ” anlamına gəlməyə başladı. Azərbaycan xalqının da siyasi tarixdə özünün yeni yerini axtarmaq təşəbbüsü bu vaxtdan qaynaqlanır.
Füzulinin timsalında göründüyü, başqa ölkə və dövlətlərdə olduğu kimi, soydaşlarımızın yığcam yaşadığı, siyasi qurumlar yaratdığı Azərbaycanda da babalarımızın özlərinə dar, yaxud geniş anlamda vətən saydıqları məkana, təbii olaraq, şəxsi və toplum baxışları da mövcud olmuşdur. Çağdaş dünyada hər bir millət və dövlət üçün önəmli meyar olan milli kimlik məsələsi və onun daşıyıcısı milli şüur, qoruyucusu milli vicdan anlayışı Azərbaycanda da zaman- zaman, qətrə-qətrə sonrakı nəsillərin ruhuna, varlığına hopmuşdur. Əcdadların yurduna belə bağlılıq, dünəndən gələn bu yaddaş olmasaydı, Qobustan insanlarının daş yuvası, Astiaqların yurdu vətənləşməz – Tomirislərə, Orislərə, Babəklərə, Xətailərə, Nadirlərə, Cavad xanlara doğma ana qucağı sayılmazdı. Elə buna görə də xalqımızın ibtidai təfəkkürü vətən həqiqətini belə ifadə etmişdi:
Gəzməyə
qərib ölkə,
Ölməyə
Vətən yaxşı!
Beləliklə, XIX əsrdə ayrı- ayrı xalqların oturaqlaşdıqları ərazilərdə dil, din, torpaq ümumiliyi əsasında milli dövlətlər formalaşıb rəqabətə girişdiyi dövrdə böyük maarifçi ədib Mirzə Fətəli Axundov gözəllik aşiqi Füzulini Vətəni sevgilisinin ayaqları altında tapdığına görə qınayır, huşyarlığın dilmancı olan söz adamını, ziyalını torpağın üstündə “gülü, bülbülü, məşuqəni” vəsf etməkdən əl çəkib, onun ən qiymətli sərvəti və sahibi olan xalqı sevməyə, soydaşlarının ümumi dərdlərinə çarə bulmağa çağırırdı. Bu prosesi elmi baxımdan sistemləşdirən görkəmli filosof, akademik Ramiz Mehdiyev qədəmi sayalı milli kimlik axtarışının başlanğıcını belə formulə edir: “1828-ci ildən Rusiya imperiyasının tərkib hissəsinə çevrilmiş Şimali Azərbaycanda XIX əsrin ikinci yarısından etibarən dini identiklikdən Azərbaycan milli ideyasının formalaşmasının başlanğıcı olan etnik identikliyə keçid ideyası bu məkanda ideya axtarışlarının mərkəzində dayanırdı. Bu dövrdə ən ümdə məqsəd etnik şüurun dini şüurdan ayrılması ideyası idi. XIX əsrin A.A.Bakıxanov, M.F.Axundzadə, Mirzə Kazım bəy kimi mütəfəkkirləri bu yöndə çalışırdılar”.
Öz ustad və sələflərindən əxz etdiyi bu yeni hikməti çağdaş anlamda “zamanın çağırışı” olaraq qəbul edib, ucadan səsləndirən Mirzə Fətəli formalaşmaqda olan milli idealı bir toxum kimi yeni tipli ziyalı— xalq sevgisini bütün istəklərdən uca tutan Həsən bəy Zərdabiyə ötürdü. Prezident Administrasiyası rəhbərinin sözlərinə görə, bu, milli kimlik axtarışında “ikinci mərhələnin başlanğıcı oldu və 1875-ci ildə Bakıda Həsən bəy Zərdabi tərəfindən Rusiya müsəlmanları arasında Azərbaycan dilində ilk qəzet olan “Əkinçi”nin təsis olunması ilə bağlıdır və XX əsrin başlanğıcına qədər olan dövrü əhatə edir".
Doğrudan da, Həsən bəy hər millətin “öz ümumi evi”ni abad etdiyi, qonşularımızın torpağımızı işğal edib, “bizim əlimizdə olan mülkü- malımıza sahib olduğu, bizi rəncbərə, kirəkeşə çevirdiyi” dövrdə bu həqiqəti anlatmaq üçün “ hər kəsi çağırıram gəlməyir, göstərirəm görməyir, deyirəm eşitməyir” qənaətindən sonra məmləkətə haray salmaq, dil və din qardaşlarını silkələyib- ayıltmaq üçün Mirzə Fətəlinin yetişdirdiyi toxumları ilk milli qəzetimizin səhifələrində səpdi. “Əkinçi”nin cücərtdiyi toxumları “Ziya”- “Ziyayi- Qafqaziyyə”, “Kəşkül”, “Şərqi- Rus” kimi milli, “Kaspi” kimi millətə xidmət edən dövri nəşrlər bəsləyib- böyütdü. Milli kimliyin axtarışında Məhəmməd ağa Şahtaxtlı, nəhayət, ilkin olaraq 1891-ci ildə “Kəşkül”də soydaşlarımızın türk olduğunu, vətənimizin isə Azərbaycan adlandığını bir əcnəbinin dili ilə əsrlər boyu özünü müsəlman hesab edənlərin varislərinə anlatdı.
Milli kimlik axtarışına qoşulmuş ziyalıların XIX əsrin sonlarında formalaşan ikinci nəsli artıq türk mədəniyyətinin ənənələrinə müraciət etməyə başladılar. İkinci dövr maarifçiliyinin görkəmli nümayəndələri Nəcəf bəy Vəzirov, Sultan Məcid Qənizadə, Nəriman Nərimanov, Ömər Faiq Nemanzadə, Cəlil Məmədquluzadə, Üzeyir və Ceyhun Hacıbəyli qardaşları kimi şəxsiyyətlər idilər.
Milli kimlik axtarışı və milli idealın inkişafı gedişində üçüncü mərhələ öz başlanğıcını Rusiyada 1905— 1907-ci illər inqilablarından götürdü və 1918-ci ilin mayında Zaqafqaziya Seyminin süqutu ilə sona çatdı. Bu illərin siyasi hadisələri Azərbaycan xalqının həyatında böyük rol oynadı, onun ictimai-siyasi şüurunun inkişafına əhəmiyyətli təsir göstərdi. Yeni yüzilliyin ilk onilliyində əhəmiyyətli ictimai tərəqqi qeydə alındı, ilk siyasi partiyalar yarandı. Fəal şəkildə xalqın oyanış prosesi, milli özünüdərkin gələcək formalaşması və Avropa sivilizasiyası dəyərlərinə qoşulan “Həyat”, “Tazə həyat”, “İrşad”, “Tərəqqi”, “Həqiqət” kimi qəzetlərin, “Füyuzat”, “Molla Nəsrəddin”, “Dəbistan” kimi jurnalların nəşr olunması, milli ideologiyanın yaranması tərəqqi hərəkatına güclü təkan verərək milli ideal xarakteri aldı.
Milli oyanış davasında bütöv bir ziyalı nəsil yetişdirmiş Həsən bəy Zərdabi, nəhayət, “Həyat” qəzetində milli kimliyin axtarışında müasirliyə qovuşan toplumun iki mühüm elementini açıqladı. Böyük xalq xadimi bildirdi ki, tarixi torpağında dilini və dinini əldən verən tayfa yox olur: “Hər tayfa elm təhsil edən vaxtda gərək öz dilində və məzhəbində tərəqqi eləsin ki, dünyada qala bilsin”. Böyük milli ideoloq kimi meydana atılan Əli bəy Hüseynzadə isə bunun ardınca Zərdabi təyinatını nəzəri cəhətdən belə ifadə etdi: “Türkləşmək, islamlaşmaq, müasirləşmək!”
Bu həm də o dövr idi ki, islah olunmuş, milli kimlik axtarışına səfərbər edilmiş milli poeziyada yeni yön – milli dava cəbhəsi açmış Mirzə Ələkbər Sabir xalqa, vətənə yad olanların da kimliyini öz dili ilə ifadə etdi: “Millət necə tarac olur- olsun nə işim var?” Humanist- romantik şair Abbas Səhhət isə əsrlərin başı üstündən aşaraq şairlər babası Füzulinin klassik yozum verdiyi “Vətən” anlayışına çağdaş və münasibəti bəyan etdi:
Könlümün sevgili məhbubu
mənim,
Vətənimdir,
vətənimdir,
vətənim...
Füzulinin dördəm təkriri üçəmə ensə də, konkret və aydın anlamdadır. Çünki artıq dərk olunur:
Vətən əcdadımızın
mədfənidir,
Vətən övladımızın məskənidir.
Nəhayət, ən vacibi bəyan edilir:
Vətəni sevməyən
insan olmaz,
Olsa da ol şəxsdə vicdan olmaz!
Milli kimlik axtarışının üçüncü mərhələsi 1917- ci ildə Rusiya imperiyasının dağılması ilə başlandı, müstəmləkə xalqların müstəqil dövlət qurması üçün şərait yaratdı, bir il sonra Azərbaycan dövlətçiliyinin bərpası, Şərqdə ilk demokratik quruluşun – Xalq Cümhuriyyətinin yaranması ilə nəticələndi. Azərbaycanda bir əsrdən də az davam edən milli kimlik axtarışi və milli şüurun yetişməsi Əhməd bəy Ağayev, Əli bəy Hüseynzadə, Məmməd Əmin Rəsulzadə, Əlimərdan bəy Topçubaşov və bir çox başqalarının milli ideallar uğrunda mübarizəsi nəticəsində kölə vəziyyətinə düşmüş, milli şüuru geri qalmış xalqımızı oyadıb, formalaşdırıb istiqlala qovuşdurdu. Bu milli ideyanın formalaşmasının dördüncü mərhələsi sayılır.
70 illik sovet epoxasında xalqımızın milli kimliyi ideoloji basqılara, repressiyalara məruz qalsa da, tarixi sınaqlarda möhkəmlənmiş milli özünüqoruma instinkti ilə vətənpərvərlik, yurdsevərlik duyğusu birləşib milli varlığın yaşadılmasını, gücləndirilməsini təmin etdi. Sovet dövrünün son iki onilliyində ümummilli lider missiyası ilə ulu öndər Heydər Əliyev milli şüurun yeni dirçəlişini təmin etdi. O əsl xalq lideri kimi sovet sistemi daxilində hərtərəfli inkişafa təkan verdi, öz vətənini yaxınlaşan dövlət müstəqilliyinə hazırladı.
Akademik Ramiz Mehdiyevin dediyi kimi: “1969-cu ildə Azərbaycan SSR-ə başçılıq etməyə başlamış Heydər Əliyev millətin inkişafı və milli maraqlar problemini həyatının mənası sayan bir dövlət xadiminə çevrildi. Ötən əsrin 70-80-ci illərində yaradılmış güclü iqtisadi baza Azərbaycana aqrar-sənaye respublikası statusuna keçməyə imkan verdi. Əsasən respublikanın idarə edilməsində fəal iştirak etməyə başlayan milli kadrlara diqqət artırılırdı. Perspektivli kadr potensialının formalaşdırılması üzrə tədbirlər görülürdü. Yaradıcı ziyalılara, elmin nümayəndələrinə qayğıkeş münasibət millətin yüksək elmi-texniki və mədəni potensialını əks etdirən təşəbbüslərin ortaya çıxması və həyata keçirilməsinə yardım göstərdi".
1991- ci ildə tarixin verdiyi fürsət və xalqımızın bu imkanı gerçəkləşdirmək bacarığı nəticəsində qazanılmış dövlət suverenliyi naşı siyasət və yeni xarici müdaxilə təhlükəsi səbəbindən itirilməkdə ikən Heydər Əliyev misilsiz bir vətənpərvər, xilaskar bir qəhrəman kimi bu müstəqilliyi qorudu və əbədiləşdirdi. Ulu öndər 10 illik bir dövrdə milli kimliyini dərindən dərk etmiş xalqımızın qüdrətinə arxalanmaqla Azərbaycanı bugünkü yüksəliş və hərtərəfli yeniləşmə yoluna çıxardı.
Artıq 12 ildir ki, ümummilli liderin yaratdığı tarixi əsaslar üzərində onun ən layiqli varisi Prezident İlham Əliyev müstəqil Azərbaycanı tarixən dərk olunmuş milli kimlikdən və vətənpərvərlikdən qaynaqlanan rəşadətin zirvəsinə qaldırıb. Bu zirvədən ulu öndər Heydər Əliyevin peyğəmbərcəsinə dediyi kimi Azərbaycan dünyaya Günəş kimi doğub.
Bugünlərdə Azərbaycanın tarixi inkişafında növbəti zirvə olan ilk Avropa Oyunları yüksəkliyindən milli kimliyimiz və bənzərsiz vətənpərvərliyimiz bütün dünyaya sərgiləndi. Hər birimiz ulu öndərin ucadan səsləndirdiyi “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam” deyiminin məna və mahiyyətini bir daha dərindən anladıq və bu həqiqətdən güc aldıq. Bir daha qururlandıq və dedik: Azərbaycan mənim vətənimdir, vətənimdir, vətənim!
Tahir AYDINOĞLU,
“Xalq
qəzeti”
Məqalə Azərbaycan
Respublikasının Prezidenti yanında
Kütləvi İnformasiya Vasitələrinin
İnkişafına Dövlət Dəstəyi
Fondunun keçirdiyi
müsabiqəyə təqdim olunur.
Xalq qəzeti.- 2015.- 8
iyul.- S.6.