Şirvanşahlar sarayı:

dünən, bu gün, sabah

 

Şirvan ki var, hər cəhətdən ülviyyətin anasıdır,

Onun suyu, səhər yeli dərdlərimin dəvasıdır.

 

Şirvan əhli alicənab yaranmışdır, basdan-başa,

O yer gözəl təbiətli bir lətafət məvasıdır.

 

Dahi Xaqani Şirvaninin yüzillər öncə yazdığı bu misralarda Azərbaycanın  qədim Şirvan diyarının alilik, ucalıq, müqəddəslik mücəssəməsi olduğundan xəbər verilir. Bu ucalığı, bu müqəddəsliyi, bizə qalan mədəni irsi xalqımız bu güngöz bəbəyi kimi qoruyur, öyrənir və təbliğ edir. Ulularımızdan bizə qalan müqəddəs yerlərdən biriŞirvan hökmdarlarının Bakı iqamətgahı—Şirvanşahlar Sarayıdır. Əsrlər boyu sarayımızın “Xəzərin mirvarisi”, “Yatmış qu quşu”, “Daşlar üzərində donub qalmış simfoniya” adlandırılması heç də təsadüfi deyildir.  Yer üzündəki əksər saraylar kimi, bizim saray da şəhərin ən yüksək təpəsi üzərində inşa edilmişdir.  Bu gün saray ansamblının təxminən 1 hektara yaxın, çox az bir sahəsi qalmaqdadır.

Azərbaycanın şimal-şərq hissəsində VI əsrdə yaranmış Şirvanşahlar dövləti Azərbaycanın tarixində çox böyük rol oynamışdır. Şirvan torpağı tarixən zəngin təbiətli ərazidə, əlverişli coğrafi mövqedə yerləşmişdir. Dövlətin ərazisi sonralar baş vermiş siyasi hadisələrlə əlaqədar gah genişlənmiş, gah da kiçilmişdi.

XI əsrdən başlayaraq Şirvanşahların həyatında, siyasi sahədə bir canlanma baş vermiş, XII yüzildə isə dövlət artıq özünün çiçəklənmə dövrünə qədəm qoymuşdu. Şirvanşahlar dövləti bəzi tarixi zamanlarda qonşu dövlətlərdən formal asılı olmasına baxmayaraq, Azərbaycan ərazisində mövcud olmuş ən güclü dövlət qurumuna malik olmuşdu. Bu dövlətin başçılarının ağıllı və düzgün siyasəti, yalnız Şirvanın deyil, bütün Azərbaycanın mədəni, ictimai-iqtisadi, siyasi cəhətdən inkişafında əvəzsiz rol oynamışdır. O dövrün səyyahları, coğrafiyaşünas alimləri Şirvanşahların Dərbənd, Şamaxı, Bakı və Kür qırağındakı  saraylarının, iqamətgahlarının təsvirini verir, onların gözəlliyindən heyranlıqla bəhs edirdilər. Məsələn, Məsud ibn Namdar II Fəribürzün hakimiyyəti dövründə Şirvandan çiçəklənən bir diyar kimi bəhs edirdi. Onun torpaqlarına göylərin belə həsəd apardığını, Şirvanşahonun vəziri Əbül Fərəc Məhəmməd əl Kakuyi tərəfindən o dövrün təhsilli adamlarına göstərilən qayğı və himayəni tərifləyirdi.

Uzaq ÇinHindistandan Avropaya, Rusiyadan ərəb ölkələrinə qədər və əksinə istiqamətlənmiş bütün karvan yolları vaxtilə bu ərazidən keçirmiş. Şirvanın məşhur ipəyi, qiymətli xalçaları, nefti, duzu, zəfəranı və digər sərvətləri daim diqqət mərkəzində olmuş, bərəkətli torpaqları yadellilərin çəkişmələr meydanına çevrilmişdi.

VII  əsrdə bu torpaqlar ərəblər tərəfindən işğal olunmuşdu. Bakı və Xəzəryanı bölgələr 914-cü ildə Şirvanşah Əli ibn Heysəmin, 1030-cu ildə isə Şirvanşah I Mənuçöhrün dövründə rusların, 2 dəfə — 1220/l-ci ildə I Gərşəsbin və 1231/2-ci ildə  III Fəribürzün hakimiyyəti dövründə monqolların hücumlarına məruz qalmışdı. Şirvan XIV əsrdə Teymurilərin, XVI əsrdə Səfəvilərin, daha sonra türklərin əlinə keçir. XVIII əsrin əvvəllərindən başlayaraq isə, əsasən paytaxt Bakı qalası və Şirvanşahlar Sarayı  Xəzər dənizindən yüzlərlə rus hərbi gəmisinin növbəti, dağıdıcı zərbələrinə sinə gərir. Baş vermiş müharibələr zamanı Azərbaycanın Şamaxı, Şabran, Dərbənd, Bakı, Şəki, Naxçıvan və s. kimi qədim mədəniyyət mərkəzləri olan şəhərlərində saraydaxili mədəni həyat zəifləmiş, tənəzzülə uğramışdı. Hər hücumdan, hər işğaldan sonra ilk əvvəl elm - kitab əhli sürgünə göndərilmiş, məşhur sənətkarlar, memarlars. isə möhtəşəm abidələrin tikilməsi üçün başqa şəhərlərə köçürülmüşdü. Bu səbəbdən orta əsrlərdə Şirvanın nəinki memarlıq ənənələri, ədəbiyyatı, incə və nəfis tətbiqi-sənət nümunələri, hətta fəlsəfi-dini fikir mühiti də Osmanlı, Krım, Misir, Hindistan, Məkkə və Mədinəyə qədər güclü şəkildə yayılmışdı.

XV əsrdən etibarən  Şərq müsəlman dövlətləri, xüsusilə Osmanlı sarayları ilə mədəni əlaqələr daha da genişlənməyə başlayır. Osmanlı sarayında humanitar elmlərə— ədəbiyyat, hüquq və fəlsəfəyə üstünlük verildiyindən riyaziyyat, həndəsə, astronomiya, tibb kimi dəqiq və təbiət elmləri sahəsində boşluqlar var idi. Bu səbəbdən qonşu müsəlman ölkələrindən, xüsusilə Azərbaycandan Osmanlıya gedən alimlərə böyük rəğbət göstərilirdi. Müsəlman Şərqinin inkişaf etmiş şəhər mərkəzlərində yaşayıb-yaratmış onlarca şirvanlı alimin adı məlumdur. XIII əsrdə yaşamış, əslən Şamaxıdan olan Şirvan qazisi, fəqih Məcdəddin Şirvani Təbrizə, oğlu Əbül-Məcd Şirvani Anadoluya,  XV əsr mütəfəkkirləri, həkim, şair, ərəb və fars dillərinin bilicisi Məhəmməd ibn Mahmud Şirvani, filosof- həkimlər–Əhməd və oğlu Şükrullah Şirvanilər İstanbula, Burhəddin  İbrahim əş-Şirvani 865-ci (1460) ildə Qahirəyə köçmüşdülər. Daha onlarca alim və mütəfəkkir siyasiya digər səbəblərdən Vətəni tərk etmişdilər. Misal üçün, XV əsrdə Anadoluda riyaziyyat, astronomiya və coğrafyanı tədris edən ən önəmli iki elm adamından biri Fəthullah Şirvani (1486-cı ildə vəfat edib) idi. Şeyx Əkmələddin Əli ŞirvaniŞeyx Cəmaləddin Şirvani Osmanlı şeyxülislamı vəzifəsini icra etmişdilər. Şeyx Məhəmməd Əli əz-Zühri Şirvani Osmanlı padişahı tərəfindən birbaşa Mədinə müftisi təyin olunubmuş. Onun oğlu Şeyx Əli ibn Əli isə Osmanlının ən tanınmış hənəfi fəqihlərindən imiş. Şeyx Cəmaləddin Şirvaniuzun müddət Osmanlı şeyxülislamı vəzifəsini icra etmişdir. Səfəvi Şahzadəsi, Şirvan valisi olmuş Əlxas Mirzə 1547 -ci ildə İstanbula gələndə özü ilə Şirvanlı iki şairi, Əflatunu və eynı zamanda, nişançısı olan Fətullah Arif Çələbini də gətirmişti. Şirvanın elm-kitab əhlinin və ensiklopedik bilikli alimlərinin bu şəkildə köçürülməsi siyasəti nəticəsində xalq böyük ziyana məruz qalır, ədalətsizlik, özbaşınalıq, yoxsulluq, qıtlıq hökm sürürdü. Lakin bunlara  baxmayaraq, zaman keçmiş və dövlət başçılarının düzgün siyasəti nəticəsində dövlət, xalq ayağa qalxa bilmiş, iqtisadiyyat, mədəni həyat və elm daha da inkişaf etmişdi. Tarix boyu başımız üstündən əskik olmayan qara qüvvələr Bakı və Şamaxının, ümumilikdə Azərbaycanın düşünən beyinlərini məhv edə bilməmişlər.

Şirvanşahlar Sarayı Azərbaycanda orta əsr mədəniyyətinin, elminin, sənətinin və bütün mənəvi gözəlliklərin ucalığını özündə ehtiva edən yeganə saray kompleksidir.  Daha kimlərin bu sarayın sinəsinə dağ çəkmiş olduğunu, kimlərin onu qoruduğunu, tarixin bizə qaranlıq qalan səhifələrində nələrin baş verdiyini heç kəs  bilmir.  Qədim tariximizi, ənənələrimizi, mədəniyyətimizi özündə yaşadan Şirvanşahlar Sarayı çox təəssüflər olsun ki, əldən-ələ keçdiyinə, zəngin varidatı talan edilərək, müxtəlif yollarla başqa ölkələrə daşındığına, daşınmaz varidatı isə vəhşicəsinə məhv edildiyinə görə, onun saray nümunələrindən bu günümüzə heç nə qalmamışdır. Lakin salnaməçilərin, səyyahların gündəliklərindən bizə məlum olan faktlar, dünyanın ən məşhur Ermitaj, Luvr, ViktoriyaAlbert, Metropoliten, Topqapı, Vyana, Roma, Berlin, Tehran və Qahirənin və s. muzeylərinin ekspozisiyalarının, fərdi kolleksiyaların bəzəyi olan zəngin əşyalar, əlyazmalar və s. Şirvanşahların Bakı və Şamaxı saraylarının zəngin varidatının qarət və talan edilməsinin həqiqət olduğunu təsdiqləyir. Məsələn, XVI əsr tarixçisi Həsən bəy Rumlu o dövrdə baş vermiş müharibələr zamanı çoxlu qızıl, daş-qaş və qiymətli əşyaların saraydan çıxarılması haqqında məlumat verirdi. Həmçinin 1538-ci ildə, Şirvanşahlar dövlətinin süqutundan sonra Gülüstan qalası və Şirvanşahların ənənəvi xəzinəsinin saxlandığı yer olan Buğurt qalası təslim olmuşdu. XVI əsr salnaməçisi Hürşah BürhanNizamşahlar elçisinin tarixi” əsərində qalada saxlanılan pul və zinət əşyalarının sayı-hesabının olmadığını və bunların müsadirə edilməsi haqqında məlumat vermişdi. XVI əsrin məşhur türk səyyahı Övliya Çələbi də eyni faktı səyahətnaməsində dəfələrlə təsdiqləyirdi.

XVII-XIX əsrlərdə Bakıda olmuş, sarayı öz gözləri ilə görmüş səyyahlar — 1683-cü ildə alman alimi E.Kempfer, 1747-ci ildə ingilis səyyahı Ceyms Kuk, 1842-ci ildə rus alimi İ.Berezin, 1861-ci ildə rəssam Boqolyubov, 1888-ci ildə səyyah K.Skalkovski və digərləri Bakı şəhərində daşdan tikilmiş, günbəzləri olan əzəmətli sarayın olduğunu, sarayın naxışlı divar səthlərinin amansızcasına məhv edildiyini, dağıdıldığını vurğulayırdılar. Hələ XIX əsrin əvvəllərində, Bakı xanlığının rus imperator ordusu tərəfindən işğal edilməsindən sonra sarayın rus hərbi idarəsi tərəfindən səmərəli şəkildə istifadəsi üçün xüsusi layihələr işlənmişdi. 1807-ci ildə Şirvanşahlar Sarayında ilk memarlıq-ölçmə işləri aparılmış, sxem-plan çəkilmişdi. Planda Xan Sarayının Rus Hərbi İntendant İdarəsinə verilməsi üçün yenidən qurulması və dəyişdirilməsi, burada rus imperiyası əsgər alayının, zabitlərin, kilsə xadimlərinin, keşikçilərin yerləşdirilməsi, onlar üçün yataqxana, istirahət, dəftərxana, mətbəx və kilsənin, sursat anbarlarının s. təşkili də nəzərdə tutulmuşdu. Şirvanşahlar Sarayı 1857-ci ildə Rus İmperiyası Hərbi Təsərrüfat İdarəsinin ixtiyarına verildikdən sonra, sarayda yenidənqurma işləri aparılmağa başlanmışdı. Otaqlar arasındakı divarlar ya uçurulmuş, ya da əksinə əlavə arakəsmələr artırılmış, yeni tikililər tikilmiş, tağlı tavan yastı örtüklə  əvəz olunmuş, hətta sarayın əsas girişi ikitəkərli at arabalarının birbaşa saraya daxil olmaları üçün genişləndirilmişdi. Bu yerləri ziyarət etmiş səyyahlar “hərbi idarə tərəfindən şahların möcüzəli memarlığı olan yaşayış yerlərinin əlavə tikililərlə eybəcərləşdirildiyini, tarixi və memarlıq baxımından qiymətli tikililərin məhv edildiyinibunun bəraəti olmayan vandalizm olduğunu” gündəliklərində böyük təəssüflə vurğulayırdılar.

 

(ardı var)

 

Səadət ƏLƏKBƏROVA,

Şirvanşahlar Sarayı Kompleksi

Dövlət Tarix-Memarlıq Qoruq-Muzeyi

elmi-tədqiqatlar və ekspozisiya şöbəsinin müdiri

 

Xalq qəzeti.- 2015.- 9 iyul.- S.6.