Tarixilik mövqeyindən
“Professor Timuçin
Əfəndiyev mətbuatda”
Dünya fəlsəfəsində
tarixiliyin nəzəri
təlim kimi ilkin şərhi böyük alman filosofu G.V.Hegelin adı ilə bağlıdır. Tarixilik ədəbi-ictimai hadisələrə düzgün
yanaşma tərzi – nəzəri-metodoloji prinsipdir
və elmdə obyektiv həqiqəti aşkara çıxarmaq məqsədinə xidmət
edir. İstedadla yazılmış hər bir kitabın
elmi dəyəri isə tarixiliyin tələbinə verdiyi cavabın səviyyəsi ilə ölçülür.
Tarixin təcrübəsi - tarixiliyin
anasıdır. Tarixi
təcrübənin sınağından
çıxmayan əsər
xalqın elmi düşüncəsinə, milli-mənəvi
yaddaşa daxil ola bilməz.
Əməkdar elm və incəsənət xadimi, filologiya elmləri doktoru, professor Timuçin Əfəndiyevin
yenicə çapdan çıxmış “İllərin
izi ilə” (Bakı, “Elm” 2015, 732 səh.)
kitabına da alimin məhz tarixilik mövqeyindən yazılan məqalələri
daxil olunmuşdur. Kitab iki
hissədən ibarətdir.
Birinci hissədə
müəllifin dövri
mətbuatda çap olunmuş məqalələri
(s. 14-433), ikinci hissədə
isə professor T.Əfəndiyev
haqqında dövri mətbuatda çap olunmuş məqalələr
(s. 434-666) yer alır. Maraqlıdır ki, kitabın üstündə professor təvazökarlıq
edərək öz adını müəllif
statusunda qeyd etməyi lazım bilməyib “Professor Timuçin
Əfəndiyev mətbuatda”
cümləsi ilə kifayətlənib.
Yeri gəlmişkən, qeyd edim ki, on il
öncə bu sətirlərin müəllifinin
T.Əfəndiyevin tənqidçi
və ədəbiyyatşünas
kimi elmi-nəzəri yaradıcılığına və
pedaqoji-təşkilati fəaliyyətinə
həsr olunmuş “Böyük nəslin davamçısı” (2005) adlı
monoqrafiyası çap
olunub.
“İllərin izi
ilə” adlı
fundamental kitab tərtibçinin
- sənətşünas Xəzər
Zeynalovun əhatəli
və məzmunlu “Ön söz”ü ilə açılır. Kitabda ədəbiyyatşünas
və mədəniyyətşünas
alimin 62 məqaləsi,
onun fəaliyyəti və yaradıcılığı,
ayrı-ayrı əsərləri
haqqında müasirlərinin
47 yazısı toplanıb.
Hər iki yöndə təqdim olunan materiallar bizi illərin izi ilə alimin keçdiyi ömür və tale yoluna aparır. Və qarşımızda 30 ilə
yaxın dövrdə
nüfuzlu bir unuversitetə uğurla rəhbərlik etmiş, onu kiçik bir teatr institutundan
dünyada sayılan çoxprofilli ali məktəbə çevirmiş
rektorun, ötən əsrin 70- ci illərindən bugünədək
Azərbaycan elmi və mədəni-ictimai mühitində özünəməxsus
nüfuz qazanmış
alim-pedoqoqun, ölkədə
mədəniyyət təhsilini
formalaşdırmış bacarıqlı mütəxəssisin
obrazı canlanır. Dövlətimiz əməkdar elm xadimi kimi fəxri
adı ona elə-belə verməyib.
Rektor işlədiyi müddətdə T.Əfəndiyev
həm rəhbərlik
etdiyi ADMİU-nun, həm
də özünün
adını ölkəmizdə
və xaricdə geniş tanıtmağa
nail olmuşdur.
Timuçin Əfəndiyevin bir
tədqiqatçı və
nəzəriyyəçi, ədəbiyyatşünas, mədəniyyətşünas
alim kimi elmi maraq hüquqlarını
təsəvvür etmək
üçün onun kitab və monoqrafiyalarının
adlarını nəzərdən
keçirmək kifayətdir:
“Rus dramaturgiyası və Azərbaycan teatrı” (1979), “XVII əsr
rus teatrı” (1984), “Böyük dramaturq”
(1984), “Hüseyn Cavidin
ideyalar aləmi”
(1985), “Ukrayna və Belorus teatrı” (1986), “Antik ədəbiyyat” (1988),
“Rus teatrı XVII-XVIII
əsrlər xalq teatrı” (1998), “Cəfər
Cabbarlı və romantik dramları” (1999), “Romantik dramaturgiyada tarixilik və bədiilik” (1999), “Azərbaycan
kino tarixi oçerkləri” (2001), “Azərbaycan
dramaturgiyasında metodlar”
(2002), “Azərbaycan mədəniyyəti
və incəsənəti”
(Tehran, 2003), “Azərbaycan tetar
tarixi” (2009), “ Heydər
Əliyev və milli-mənəvi dəyərlərimiz”
(2011), “Mədəniyyətdə tarixilik və müasirlik” (2011), “Mədəniyyət
və incəsənətimizin
məbədgahı” (2013), “Heydər Əliyev: mədəniyyət və
ədəbiyyat” (2015), “Hüseyn
Cavid: ideal həqiqət
axtarışı” (2013).
Beləliklə, müxtəlif dövrlərin
rus teatrı və dramaturgiyası, Hüseyn Cavidin irsi, romantik dramaturgiya və Azərbaycan romantizmi, C.Cabbarlının romantik dramları, tarixilik, müasirlik və əbədilik, dramaturgiyada
metodlar paralelliyi, milli teatr və
kino tariximiz, Heydər Əliyevin mədəniyyət konsepsiyası
və milli-mənəvi
dəyərlər təlimi
kimi konseptual problemlər professor T.Əfəndiyevin
yaradıcılığının çoxcəhətliliyindən xəbər verir. Aşağıdakı bir
neçə nəzəri
problem isə 1973-cü ildə
akademiyanın “Xəbərlər”ində
(¹4) çap olunmuş
“Hüseyn Cavid ədəbi tənqiddə”
adlı ilk elmi məqaləsindən bugünə
qədər alimin diqqət mərkəzində
olub: Hüseyn Cavid və Azərbaycan
romantizmi; romantik dramaturgiyada metodlar; tarix və müasirlik;
Heydər Əliyev və Azərbaycan mədəniyyəti; teatr
tarixi; bədii təhsilə rəhbərlik.
T.Əfəndiyev bu nəzəri problemləri təkcə bir ədəbiyyatşünas
və mədəniyyətşünas
kimi araşdırmayıb,
rektor və pedoqoq kimi təhsil
təcrübəsi ilə
də əlaqələndirib. Ona görə
də onun həm monoqrafiyaları, həm də mətbuatda dərc olunan məqalələri canlılığı, dinamizmi
ilə seçilib, diqqəti cəlb edib. T.Əfəndiyev kitab və məqalələrində irəli
sürdüyü nəzəri-metodoloji
fikirləri tədris prosesinə də tətbiq edib, bu da həmin
ideyaları və tədris -təlim işini aktuallaşdırıb.
T. Əfəndiyev dahi
şəxsiyyət və
dövlət xadimi Heydər Əliyev dövrünün ziyalısı,
onun ideallarına sadiq bacarıqlı kadrlarındandır. “Heydər
Əliyev və milli-mənəvi dəyərlərimiz”
(2011), “Heydər Əliyev:
mədəniyyət və
ədəbiyyat” (2013) kimi
fundamental monoqrafiyalarında və bu mövzuda
yazılmış silsilə
məqalələrində T.Əfəndiyevin
ümummilli liderin ideallarına vətəndaş
və ziyalı kimi sədaqəti aydın və əhatəli əksini tapıb.
“İllərin izi
ilə” multikulturalizm dövrü Azərbaycan gəncliyinin kreativ düşüncəsinə ünvanlanan
dəyərli bir kitabdır. Bu kitabla
qloballaşma dövrünün
Azərbaycan gəncliyi
mədəniyyətlərin inteqrasiyası prosesində
onunla necə rəftar etməyi, bu sahədə milli müəyyənliyi necə qorumağı öyrənmək üçün
dəyərli bir mənbə əldə edir. Bu toplu ömrünün 40 ili mədəniyyət və
incəsənət aləmində
keçən görkəmli
bir ziyalının alim və elm-tədris təşkilatçısının
mənalı hesabatıdır
və onun dəyəri milli mədəniyyət və
incəsənətimizin inkişafına
xidmət etməsindədir.
Mütəfəkkir tənqidçi Yaşar Qarayev deyirdi ki, təbiət Allahın, mədəniyyət
insanın özünə
ucaltdığı abidədir. Ədəbiyyat isə mənəvi əbədiyyətdir. Timuçin
Əfəndiyevin samballı
kitablarından biri də məhz “Heydər Əliyev: mədəniyyət və
əbədiyyət” (2013) adlanır.
O, ədəbiyyat və
mədəniyyətin əbədiliyinə
dərindən inanan bir mötəbər mütəxəssisdir. Bu inamı ona atası - Xalq yazıçısı, qüdrətli
sənətkarımız İlyas
Əfəndiyevin böyük
şəxsiyyəti, möhtəşəm
yaradıcılığı, dönməz ədəbi-tarixi
mövqeyi hələ
uşaqlığından aşılayıb.
İlyas
müəllim oğlu
Timuçin üçün
ailə və həyat universiteti rolu oynayıb. İlyas Əfəndiyevin Azərbaycan xalqının
milli-bədii sərvəti
olan cild-cild əsərlər yazmış
mehriban və qüdrətli əlinin sığalı Azərbaycan
ədəbi-tarixi mühitində
seçilən nüfuz
sahibi olan Xalq yazıçısı,
professor Elçini, professor-rektor Timuçini heç vaxt həqiqət yolundan sapmağa qoymamış, onların şəxsiyyət
kimi yetişməsinə
dayaq olmuşdur.
Filoloji təfəkkür
və mədəniyyət
duyumunun vəhdəti
T.Əfəndiyevin “İllərin
izi ilə” kitabında toplanmış
məqalələri səciyyələndirən
başlıca əlamətdir. Alim Heydər
Əliyevin mədəniyyət
konsepsiyasını əsas
tutaraq Azərbaycan ədəbiyyatı, mədəniyyəti
və dilimizə milli ideologiyamız olan azərbaycançılığın
məxəzləri kimi
yanaşır. “İllərin izi ilə” azərbaycançılıq
işığında, bu
milli məfkurəyə
dayaqlanan tədqiqat metodları ilə yazılmış canlı,
təsiredici kitabdır.
Burada illər talelərdən xəbər verir, ədəbi-mədəni irsin
taleyi üçün
alim və vətəndaş ziyalı
amalını əks etdirir.
“İllərin izi
ilə” kitabının
materialları tarixilik
mövqeyindən yüksək
intellektual üslubda, ədəbiyyat və mədəniyyətimizə məhəbbətlə
yazılıb. Bu cəhəti
professor T.Əfəndiyevin mühiti,
şəxsiyyəti, nəsli,
yaradıcılığı, əsərləri və rektor kimi uzunmüddətli
fəaliyyəti haqqında
kitaba daxil olan 47 səmimi məqalə üzvi tamamlayır. Əslində, iriformatlı “İllərin
izi ilə” kitabının 232 səhifəsini
əhatə edən bu məqalələr alim haqqında müstəqil bir kitabdır. Ölkəmizin
elitar elm və sənət xadimlərinin
bu məqalələrində
ən çox işlənən deyim “Tarixilik və müasirlik”dir. Yenicə yaradılmış Xoreoqrafiya
Akademiyasının rektoru,
professor Timuçin Əfəndiyevin
“İllərin izi ilə” adlı fundamental kitabı tarixilik təfəkkürü ilə
yazılan, tarixiliyi müasirlik müstəvisində
təqdim edən, ədəbiyyatşünaslıq və mədəniyyətşünaslığımızın
prioritetlərini göstərən
dəyərli əsərdir.
Nizaməddin
ŞƏMSİZADƏ,
Dövlət
mükafatı laureatı, professor
Xalq qəzeti.- 2015.- 10
iyul.- S.7.