Bütün bunlar onun haqqındadır...
Dostum və həmkarım
Aleksandr İvanovun yubileyinə
...Tutqun noyabr
günü... Hava soyuqdur... Həyat yoldaşımla
Zuğulbadakı hökumət bağında skamyada oturub isti
gödəkcəmizə sığınmışıq. Bu
vaxt qarşımızda “Jeep” dayanır. Qapı
açılır, yüngül çimərlik paltarında,
ayağında şapşap dostumuz və bağ qonşumuz
Saşa İvanov maşından düşür.
Kəskin Abşeron soyuğunda belə yüngül paltarda onu görərkən canımızdan bir az da üşütmə keçir.
– Dənizdən gəlirəm, yaxşıca üzdüm,–
deyə Aleksandr bizim baxışlarımızdan oxuduğu sualımıza cavab verir.
— Soyuq deyildi? — deyə nəzakət xətrinə ritorik sual verirəm.
— Bir az.
Amma əla idi.
Saşa bizimlə bir-iki kəlmə kəsib öz
qapısına tərəf gedir. Biz onun
dözümlülüyünə qibtə edərək, daha
doğrusu, “cəsurların dəliliyinə” məftun olaraq
arxasınca baxırıq.
Saşanı yaxşı tanıyırıq, o, sədaqətli
insan, sağlam həyat tərəfdarıdır. Nə
içir, nə çəkir, qışda da, yayda da
açıq su hövzələrində üzür. Ona görə də, bu ilin 12 iyulunda tamam olacaq 65
yaşına baxmayaraq, canı buz baltası kimidir.
Saşanı
hansısa ailə tədbirində dostların arasında
müşahidə etmək maraqlıdır: Dostlarının əksəriyyəti
azərbaycanlılardır - araq, çaxır, yaxud başqa
spirtli içkilərdən vururlar. Milliyyətcə
rus olan Aleksandr İvanov isə məclisdə spirtli içkiyə
əl də uzatmır.
Əslində, Saşanın nəyi rusdu?! Bir neçə il əvvəl mən onun haqqında məqalə
yazdım, adını da qoydum: “Rus azərbaycanlısı
Saşa İvanov”. Və bu, ədalətli idi.
Çünki, hər etnik azərbaycanlı Vətənini
Aleksandr Alekseyeviç İvanov kimi sədaqətlə, fədakarcasına
sevmir.
Saşa köklü bakılıdır, necə deyərlər,
üç arxadönəni burada doğulub. Özünü
heç vaxt Azərbaycansız təsəvvür etməyib.
1982-ci ildə isə xidməti işi ilə
bağlı bir müddət respublikadan uzaq düşüb.
Hədsiz sevgi bəslədiyi və həyatının
böyük bir hissəsini onunla keçirdiyi insanın
arxasınca Vətəndən getməli olub.
Aleksandr 1970-ci ilin əvvəlindən Azərbaycan KP
MK-nin birinci katibi Heydər Əliyevin mühafizə xidmətində
işləmişdir. 1982-ci ildə isə Siyasi Büronun
üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci
müavininin mühafizə xidmətinin rəhbəri vəzifəsinə
yüksəlmişdir. Heydər Əliyeviçlə
“Kreml beşilliyi”ni addımlayıb
keçmiş, onu ölkədə və xaricdə ən
çətin, ən ekstremal səfərlərdə
müşayiət etmiş, bu fövqəladə insanın
yanında çox şey
görüb-götürmüşdür. Qismətinə bu
böyük şəxsiyyətin özünü və ailəsini
yaxından tanımaq düşdüyünə görə
taleyinə hədsiz minnətdardır. Bunu
özü üçün böyük şərəf bilir.
Ulu öndər Heydər Əliyevlə işlədiyi
illər haqqında Aleksandr İvanovun mənimlə səxavətlə
bölüşdüyü xatirələri altıcildlik “Heydər
Əliyev. Şəxsiyyət və zaman” roman- tədqiqatımın
bəzəyi olmuşdur. Saşa və həyat
yoldaşı ilə mən ilk dəfə kitab
üçün material toplayarkən Moskvada tanış
olmuşam. O gündən münasibətlərimiz, xüsusən
Saşa, daimi yaşayış üçün Bakıya
köçmək qərarına gəldikdən sonra kəsilməmişdir.
Yox,
Moskvada onun üçün hər şey normal idi: rahat mənzili,
təqaüdə çıxdıqdan sonra
açdığı şəxsi mühafizə agentliyi,
çoxlu dostları vardı. Bununla belə,
Moskvada boğulurdu — sözün həqiqi və məcazi mənasında.
Gecələr isə “Xəzərin dalğaları da,
Balaxanı mayı da” lap Yeseninsayağı yuxusuna girirdi. Saşa Bakıya tez-tez gəlir, o dövrdə yenidən
respublikaya başçılıq etməyə
başlamış Heydər Əliyevlə
görüşürdü. Bir gün necə oldusa,
keçmiş “şefi”nə çoxdankı istəyini
açdı — doğma torpaq çəkir, nə etsin...
Prezident təəccüblənmədi, bircə onu dedi ki, hər
şeyi ölçüb-biçmək, yenə mənzil məsələsini
həll etmək, münasib iş tapmaq lazımdır. Boş yerə qayıtmaq və eyni çaya ikinci dəfə
girmək olmaz.
Çıxış yolu qəfildən və
Aleksandrın qətiyyən gözləmədiyi yerdə
tapıldı.
O, özü üçün xidməti bioqrafiyasında yeni səhifə açaraq,
Bakıya tamamilə başqa biçimdə qayıtdı. 2005-ci ildə Azərbaycan Prezidenti İlham
Əliyevin şəxsi təşəbbüsü ilə
Aleksandr Alekseyeviç İvanov “İnterfaks — Azərbaycan”
agentliyinin baş direktoru təyin edildi və büsbütün
jurnalistika dünyasına kökləndi.
Agentlik
2002-ci ildə ümummilli lider Heydər Əliyevin və RF
Prezidenti Vladimir Putinin dəstəyi ilə Rusiyanın
“İnterfaks” beynəlxalq informasiya qrupu və Azərbaycandan
ARDNŞ tərəfindən yaradılmışdı. Heydər Əliyevi bu agentliklə hələ 1991-ci
ildən dostluq münasibətləri bağlayırdı.
O vaxt məhz “İnterfaks” görkəmli siyasətçinin
misli görünməmiş addımını — Sov. İKP sıralarından çıxmasını
bütün dünyaya ilk olaraq çatdırmışdı.
“İnterfaksçılar” isə Heydər
Əliyevlə onun müstəqil Azərbaycana Prezident
seçilməsinədək sıx əməkdaşlıq
qurmuş, Naxçıvanın informasiya blokadasını
yarmağa kömək etmişdilər. Bu əməkdaşlıq
onun prezidentliyi dövründə də uğurla davam
etdirilmişdir. Sonralar bunu
“İnterfaks” agentliyi baş direktorunun birinci müavini
Vyaçeslav Konstantinoviç Terexov belə xatırlayırdı
:
“...Biz
Heydər Əliyevin Naxçıvan parlamentinin sədri
seçilməsi haqqında informasiyanı birinci vermişik və
məncə, parlament sədrinin birbaşa telefon nömrəsi
yalnız bizdə idi. Və deyim ki, bundan istifadə
edirdik. Bu, “birtərəfli hərəkət
küçəsi” deyildi, çünki Heydər Əliyevin ən
vacib bəyanatları və parlamentin qəbul etdiyi sənədlər
bizə dərhal və çox zaman Heydər Əliyevin
özü tərəfindən
çatdırılırdı”.
2007-ci ildə Aleksandr İvanov unikal “Teleqraf mətni ilə
Heydər Əliyev haqqında” kitabını buraxdı. Burada o, 1991-ci
ildən 2003-cü ilə qədər ümummilli liderin həyatı
və yaradıcılığı barədə “İnterfaks”
saytında çıxmış bütün yazıları
toplamışdı. Məlumatlar
sanballı cild təşkil edirdi.
... İlk dövrlər, şübhəsiz, Saşa
üçün çətin idi. Faktiki
olaraq sıfırdan başlamalı — savadlı komanda
yığmalı, maddi-texniki bazanı
yaxşılaşdırmalı, həm Rusiya, həm də Azərbaycanın
informasiya agentlikləri ilə düzgün
qarşılıqlı siyasi münasibətlər qurmalı
idi. Başlıcası isə Azərbaycanın
çeşidli çap və elektron KİV-i arasında
öz yerini tutmalı idi. Və deməliyəm
ki, Aleksandr İvanova bu başlıca məsələni həll
etmək tamamilə müyəssər olmuşdu. Yeri gəlmişkən,
bu il o, daha bir yubileyi — “İnterfaks - Azərbaycan”
İA-ya rəhbərliyinin 10 illiyini qeyd edir.
Bu illər ərzində agentlik respublikanın media
mühitində aparıcı mövqelərdən birini
tutmuş, özünün fəaliyyəti isə nəzərəçarpacaq
dərəcədə güclənmiş və genişlənmişdir. Belə ki,
ölkənin regionlarında agentliyin bölgə nümayəndəlikləri
yaradılmış (Naxçıvan, Gəncə, Lənkəran,
Qəbələ), abunəçilərin sayı dəfələrlə
artmışdır. Son vaxtlar saytlara
gündəlik giriş sayı və bütövlükdə,
oxucu auditoriyası bir neçə dəfə
çoxalmışdır. Agentliyin xəbərlərini
dünyanın 115 ölkəsində oxuyur, həmçinin
ölkə KİV-də tez-tez sitat gətirirlər. Burada Azərbaycanın xaricdə müsbət
imicinin formalaşmasında agentliyin rolu xüsusi qeyd edilməlidir.
Maraqlıdır ki, “İnterfaks”ın bütün
bölgə nümayəndəliklərindən yalnız
“İnterfaks -Azərbaycan” agentliyinə Azərbaycan
haqqında xəbərləri müstəqil dərc etdirmək
(Moskvaya, mərkəzi redaksiyaya göndərmədən)
ixtiyarı verilmişdir ki, bu da respublika haqqında obyektiv
informasiyanın yayılmasına kömək edir. Bundan
başqa, agentlik postsovet məkanında “İnterfaks”ın xəbərlərini
milli dildə (azərbaycanca) dərc etdirmək hüququna
malik olan yeganə struktur bölməsidir. “İnterfaks-Azərbaycan”ın
fəaliyyətinə xüsusi qiymət verilməsinə və
bütövlükdə Azərbaycana xoş münasibətə
o fakt dəlalət edir ki, “İnterfaks” rəhbərliyi erməni
tərəfinin çoxsaylı müraciətlərinə
baxmayaraq, Yerevanda analoji bürosunu açmır. Agentliyin www.interfax.az saytının son illər ərzində
erməni hakerləri tərəfindən dəfələrlə
hücuma məruz qalması faktı da agentliyin xaricdə Azərbaycanın
imici naminə effektiv işindən xəbər verir.
Son illər
ərzində “İnterfaks-Azərbaycan” İA KİV nümayəndələrinin
Azərbaycanın və xarici ölkələrin görkəmli
ictimai-siyasi və
mədəniyyət xadimləri, səfirlər, diaspor
nümayəndələri və s. ilə mütəmadi
görüşləri üçün ənənəvi məkana
çevrilmişdir.
Agentliyin fəaliyyəti ölkənin
ali rəhbərliyi tərəfindən
yüksək qiymətləndirilir. Yeri gəlmişkən,
“İnterfaks - Azərbaycan” İA kollektivi iki dəfə Azərbaycan
Respublikası Prezidenti tərəfindən təbrik edilmək
şərəfinə nail olmuş ölkənin çox az kütləvi informasiya vasitələrindən
biridir (5 illik yubiley və agentliyin fəaliyyətinin 10 illiyi
münasibətilə).
Bundan əlavə, agentlik dəfələrlə
çoxlu tərifnamə, təşəkkürnamə və
həmçinin digər beynəlxalq mükafatların
laureatı olmuşdur.
Bütün bu pozitiv hadisələrdə agentliyin
baş direktoru — Aleksandr Alekseyeviç İvanovun xidməti
çox böyükdür. Çünki, o,
özünü sevdiyi işə sonadək həsr etməyə,
kumiri — böyük Heydər Əliyevin tövsiyə etdiyi
kimi işləməyə öyrəşmişdir. Saşa bu böyük insanın xatirəsinə hədsiz
dərəcədə sadiqdir.
Bu
günlərdə məlum oldu ki, MDB işləri, xaricdə
yaşayan həmvətənlər və beynəlxalq humanitar əməkdaşlığı
(Rossotrudniçestvo) üzrə Federal Agentliyin rəhbəri
L.N.Qlebovanın qərarı ilə “İnterfaks-Azərbaycan”
informasiya agentliyinin baş direktoru Aleksandr İvanov “Dostluq və əməkdaşlığ”a
görə fəxri nişanı ilə
mükafatlandırılmışdır. Ümid
edirəm ki, digər jurnalist mükafatlarının da ardı
gələcək. Saşa onlara, həqiqətən,
layiqdir.
... İndi Aleksandr
Alekseyeviçin həyatında çətin mərhələdir
— əvvəl nəvəsi ağır avtomobil qəzasına
düşüb. Sonra isə onun sevimli həyat
yoldaşı İrinada ağır xəstəlik aşkar
edilib. Aleksandr yaxınlarına görə
dərin həyəcan keçirir, o dərəcədə ki,
ona baxanda adamın ürəyi sızlayır. Biz bacardığımız qədər onu
ovutmağa və ürək-dirək verməyə
çalışırıq. Həyat belədir
və o, çox vaxt bizə o qədər də xoş olmayan
sürprizlər təqdim edir. Buna
baxmayaraq, özündə ən əlverişsiz vəziyyətlərdə
belə mübarizə aparmağa güc tapmalı və həyatına
davam etməlisən. Xüsusən, arxanda
belə böyük kollektiv və çiyinlərində bu
cür məsuliyyət varsa.
Mən öz dostuma və həmkarıma bu qara
zolağı ləyaqətlə adlamağı və bundan dəyanətlə
çıxmağı arzulayıram. Bir də ona və
sevdiyi insanlara cansağlığı diləyirəm.
Xoşbəxtlikdən, belə insanlar onun əhatəsində
az deyil.
Yubileyin
mübarək olsun, həmkar! Hamımız səni çox
sevirik - bizim əziz rus azərbaycanlımız Saşa
İvanov!
Elmira AXUNDOVA,
Azərbaycan Respublikasının
Əməkdar jurnalisti,
Dövlət mükafatı
laureatı
Xalq qəzeti.-
2015.- 11 iyul.- S.7.