Uğurlu xarici siyasət
sayəsində
Azərbaycan beynəlxalq
aləmdə
özünəməxsus
layiqli yer tutur
Dövlət müstəqilliyi
qazandıqdan sonra Azərbaycanın sürətli inkişaf mərhələsinə
qədəm qoyması beynəlxalq ictimaiyyətin diqqət mərkəzindən
düşmür. SSRİ-nin dağılmasından sonra
ictimai-siyasi həyatında mürəkkəb dövr
yaşamış, işğal nəticəsində ərazisinin
20 faizini itirmiş və ciddi xarici təhdidlər
qarşısında qalmış ölkənin qısa
müddətdə mühüm uğurlara nail olması, əlbəttə
ki, böyük maraq doğurmaya bilməz. Bütün bu
uğurlarda ümummilli lider Heydər Əliyevin təməlini
qoyduğu xarici siyasət kursunun mühüm rol oynaması
heç kimə sirr deyil. Məhz milli maraqları əhatə
edən və beynəlxalq qanunlara söykənən xarici
siyasətin yürüdülməsi nəticəsində bu
gün Azərbaycan regional müstəvidə özünəməxsus
yerini tutur, dövlətlərarası münasibətlərə
örnək davranış nümunəsi sərgiləyir.
Azərbaycanın
geosiyasi əhəmiyyəti barədə çox
danışılır, geniş müzakirələr
aparılır. Belə marağın əsasında coğrafi amillərin, zəngin
karbohidrogen ehtiyatlarının və mütərəqqi
ideyaların möhkəmlənməsinə göstərilən
dövlət dəstəyi dayanır. Böyük dövlətlərin
maraqlarının kəsişdiyi bölgədə yerləşməsi
də Azərbaycanı öz müstəqilliyinin qorunub
saxlanmasına və gücləndirilməsinə yönəlmiş
xarici siyasət seçməyə sövq edir. Aydındır
ki, “Odlar yurdu” mürəkkəb regionda yerləşir,
bölgənin strateji əhəmiyyəti də
böyükdür. Belə şəraitdə xarici siyasət
kursunun müəyyənləşdirilməsində milli
maraqların qorunması və regional müstəvidə
aparıcı ölkə statusunun saxlanması böyük əhəmiyyət
kəsb edir. Regiona maraq göstərən ölkələrlə
münasibətlərdə milli mənafelərə zidd
olmayan, bərabərhüquqlu əməkdaşlıq
münasibətlərinin yaradılmasına imkan verən xarici
siyasət istiqamətinin qorunub saxlanılmasının və
inkişaf etdirilməsinin də vacibliyi böyükdür.
Bu
gün bazar iqtisadiyyatı və qanunun aliliyinə əsaslanan
plüralist demokratiyanın inkişafı, ərazi
bütövlüyünün və suverenliyinin bərpası,
dövlət müstəqilliyinə yönəlmiş təhdidlərin
neytrallaşdırılması, qonşu ölkələrlə
qarşılıqlı faydalı əməkdaşlığın
gücləndirilməsi, Qərbin mütərəqqi siyasi və
iqtisadi institutları ilə münasibətlərin
inkişafı və inteqrasiya, regional təhlükəsizliyin
və sabitliyin təmin olunmasına istiqamətlənmiş fəaliyyətin
möhkəmləndirilməsi, strateji mövqedən yararlanmaqla
ölkə iqtisadiyyatının müxtəlif sahələrinin
inkişafına nail olunması kimi məsələlər
xarici siyasətimizin əsas istiqamətlərini təşkil
edir. Bu, bir aksiomadır ki, xarici siyasət daxili siyasətin
davamıdır. Yəni iki siyasətin
qarşılıqlı asılılığı var. Güclü
daxili siyasət olmadan uğurlu xarici siyasətin
yürüdülməsi mümkün deyil və ya çox
çətindir. Bu mənada Azərbaycanın sosial-iqtisadi
inkişafına yönəlmiş güclü daxili siyasətin
yürüdülməsi nəticəsində son onilliklərdə
ölkəmiz iqtisadi sahədə böyük uğurlara nail
olmuşdur. Planlı təsərrüfat sistemindən azad
bazar iqtisadiyyatına keçidin çətin
dövrünü müvəffəqiyyətlə başa vuran
Azərbaycan hökumətinin ölkədə möhkəm əsaslara
dayanan sosial-iqtisadi mühit formalaşdırmağı
bacarması məhz daxili-xarici siyasət asılılığının
uğurlu olması ilə əlaqələndirilməlidir. Hazırda
Azərbaycan bazar iqtisadiyyatı qanunlarının fəaliyyət
göstərdiyi ölkədir və ötən müddət ərzində
həyata keçirilmiş islahatlar nəticəsində
ölkəmiz xarici kapitalın yatırıldığı məmləkətlərdən
birinə çevrilmişdir.
Düzgün xarici siyasət yürüdülməsi nəticəsində regionun aparıcı dövləti statusunu qazanan Azərbaycan Avropa və Asiya qitələri üçün mühüm əhəmiyyət kəsb edən enerji dialoqunun, yeni nəqliyyat dəhlizlərinin yaradılmasına da nail olmuşdur. Bakı-Tbilisi-Ceyhan neft kəmərinin və Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin istismara verilməsi Avropanın enerji təhlükəsizliyini gücləndirməklə yanaşı, Azərbaycan iqtisadiyyatının yaxın tarixində yeni inkişafın əsasını qoymuşdur. Cənubi Qafqaz regionunun böyük dövlətlərin diqqət mərkəzinə düşməsinə şərait yaradan bu iri layihələrin yerinə yetirilməsində önə çıxan ən vacib məqam da Azərbaycan dövlətinin yaxın-uzaq ölkələrlə münasibətlərində yürütdüyü düzgün xarici siyasətdir.
Xarici siyasətimizin uğurlu nəticələrindən birinin də Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin olduğunu qeyd etmək yerinə düşərdi. Dövlətimizin seçdiyi strateji kursa uyğun olaraq meydana çıxan bu layihə haqqında danışıqlara 1993-cü ildə Türkiyə və Gürcüstan arasında nəqliyyat üzrə Qarışıq Komissiyasının Ankara şəhərində keçirilmiş iclasında başlanılmışdı. Sonradan bu layihə üzrə danışıqlar dayansa da, 2002-ci ildə yenidən gündəmə gəlmiş, yalnız Azərbaycanın diplomatik səylərini artırması nəticəsində real cizgilər almışdır. Azərbaycanı strateji müttəfiqi olan Türkiyə ilə birləşdirəcək bu dəmir yolunun reallaşması rəsmi Bakının regional müstəvidə çəkisinin artmasına və Qərb-Şərq nəqliyyat infrastrukturunda yeni dəhlizin açılmasına şərait yaradacaq. Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin Azərbaycanın regiondakı mövqeyini daha da gücləndirəcəyi və onun vacib tranzit ölkə statusunu möhkəmləndirəcəyi şübhə doğurmur.
Enerji və nəqliyyat infrastrukturlarının inkişafında oynadığı mühüm rol, beynəlxalq arenada artan nüfuzu Azərbaycana mötəbər təşkilatlarda da yüksək tribunalar qazanmasına şərait yaratmışdır. Ölkəmizin BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi müstəqillik qazandıqdan sonra xarici siyasətdə qazandığımız mühüm nailiyyətlərdən biridir. Təbii ki, belə bir uğurun əldə olunması, ilk növbədə, Azərbaycan Prezidenti İlham Əliyevin yürütdüyü fəal xarici siyasətin nəticəsidir. Yaxın-uzaq ölkələrlə münasibətlərin dinamik inkişaf etməsi, beynəlxalq təhlükəsizliyin təmin edilməsinə verdiyi töhfə Azərbaycanın BMT kimi təşkilatda mühüm söz sahibi olmasına imkan vermişdi.
2011-ci il oktyabrın 25-də yüksək rəqabətlilik şəraitində keçən səsvermədən sonra Azərbaycanın BMT Təhlükəsizlik Şurasına üzv seçilməsi xarici siyasət kursumuzun uğurla inkişaf etməsini bir daha təsdiqlədi. Səsvermə zamanı 155 ölkənin Azərbaycana dəstək nümayiş etdirməsi isə ölkəmizin beynəlxalq arenada artan nüfuzunun təntənəsi idi. Gənc dövlət üçün belə uğur əldə edilməsi, əlbəttə ki, böyük qələbədir və Azərbaycanın aktivinə yazılan mühüm beynəlxalq hadisə olmuşdu.
Təbii ki, xarici siyasətin uğurla inkişaf etdirilməsində diplomatik nümayəndəliklərin rolu əsasdır. Amma heç də hər ölkə arzuladığı qədər diplomatik nümayəndəliklər təsis edə bilmir. Azərbaycanda isə əldə edilən iqtisadi inkişafın yüksək səviyyəsi rəsmi Bakının xarici təmsilçiliklərinin sayını mütəmadi olaraq artırmağa imkan vermişdir. Dünyanın, demək olar, bütün regionlarında diplomatik təmsilçiliyini təsis etməklə Azərbaycan bu və ya digər mühüm məsələlərin həllində çəkisi olan ölkələrlə münasibətləri inkişaf etdirmək və milli maraqların qorunmasına şərait yaradan əlaqələr qurmaq şansı qazanmışdır. Belə bir təmsilçilik sisteminin yaradılması Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli prosesində də mühüm rol oynayır. Xarici təmsilçiliklərin diaspor təşkilatları ilə qarşılıqlı əməkdaşlığı gücləndirməsi Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması baxımından böyük əhəmiyyət daşıyır.
Azərbaycan transatlantik ölkələrlə səmərəli əməkdaşlıq əlaqələrinin qurulmasına imkan yaradacaq siyasətə üstünlük verir. Ölkəmizin Avropa Şurası Parlament Assambleyasına üzv olması, bu təşkilat daxilində milli maraqların qorunmasına yönəlik fəaliyyət göstərməsi və hətta Ermənistanın işğalçı dövlət kimi tanınmasını təsdiqləyən qətnamənin qəbul edilməsini xarici siyasət kursunun uğurları hesab etmək olar. Ötən illər ərzində Avropa İttifaqı ilə əməkdaşlıq əlaqələrinin iqtisadi, siyasi və sosial sahələrdə də genişləndiyini vurğulamaq yerinə düşərdi. İkitərəfli münasibətlərdə dialoqun inkişafı münasibətlərin keyfiyyətcə yeni səviyyəyə yüksəldilməsinə imkan verir.
Əlbəttə, Azərbaycanın Qərblə münasibətləri təkcə siyasi əlaqələrin gücləndirilməsi məsələlərini əhatə etmir. Hər iki tərəfin münasibətlərində enerji təhlükəsizliyinin təmin edilməsi kimi vacib məsələ də böyük əhəmiyyət kəsb edir. Azərbaycan Prezidenti İlham Əliyevin də dediyi kimi, enerji təhlükəsizliyi bu gün Avropa ilə ölkəmiz arasında aparılan danışıqların əsas mövzusudur: “Azərbaycan öz rolunu oynayır. Azərbaycan tərəfindən irəli sürülmüş layihələr Avropanın enerji xəritəsini dəyişdirir. Avropanın enerji təhlükəsizliyi gələcəkdə, həmçinin, Azərbaycanın hesabına təmin ediləcəkdir”.
Buna görə də, əminliklə demək olar ki, Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin, eləcə də, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin inşası və TANAP qaz kəməri layihəsi Avropa üçün yeni və həyati əhəmiyyətli enerji mənbələrinin əsasını qoymuşdur və Azərbaycanın regionun aparıcı oyunçusu və beynəlxalq arenada əhəmiyyətli aktor olaraq imkanlarını artırmışdır.
Bir sözlə, regionun yeni nəqliyyat infrastrukturunun və enerji təhlükəsizliyinin memarı olan Azərbaycanın çoxspekrtli xarici siyasətində əldə edilmiş nailiyyətlər onun bölgədə və beynəlxalq arenada özünəməxsus yer tutmasına imkan verir. Mövqelərimizin möhkəmlənməsinə şərait yaradan xarici siyasət Azərbaycanın dövlətlərarası münasibətlərdə sabit tərəfdaş kimi qəbul olunmasına gətirib çıxarmışdır. Azərbaycan dövlətinin yürütdüyü müstəqil xarici siyasət bundan sonra da milli maraqlara xidmət edəcək və beynəlxalq əlaqələrin güclənməsinə yönələcək.
Səbuhi
MƏMMƏDOV
Xalq qəzeti.- 2015.- 11
iyul.- S.1.