Şirvanşahlar sarayı:

dünən, bu gün, sabah

 

(əvvəli qəzetimizin 9 iyul tarixli sayında)

 

XVIII-XIX əsrlərdə Bakı şəhərində olmuş, Şirvanşahlar Sarayını görmüş səyyahlar öz gündəliklərində saray abidələrinin təsvirlərini vermişdilər. Məsələn, S.Qmelin, İ.Berezin, K.Gippius, A.Araratski, E.Kempfer, D.Qrimm və digərlərinin qravüralarında, eləcə də XIX əsrin sonu və XX əsrin əvvəllərində çəkilmiş ilk fotoşəkillərdə sarayın vaxtilə olmuş, lakin bu günümüzə qalmayan abidələri (Key-Qubad məscidi, hamam günbəzi, yuxarı həyəti ayıran kərpiclə hörülmüş tağlı keçids.), ayrı-ayrı memarlıq detalları çox aydın şəkildə öz əksini tapmışdır. Bakı şəhəri və quberniyasının memarı olmuş Karl Gippius 1859-cu ildə Şirvanşahlar Sarayının canişinlik tərəfindən həbsxana kimi istifadə edilməsi məsələsi qaldırılanda sarayın toxunulmazlığını təkidlə müdafiə etmişdi.

Arxiv sənədləri 1879-cu ildən 1917-ci ilədək Qafqaz Hərbi Dairəsi və Bakı Şəhər İdarəsi rəhbərliyi arasında Şirvanşahlar Sarayının tabeçilik və istifadəsi məsələsinin həlli üçün çoxsaylı yazışmalar aparıldığını göstərir. Şirvanşahlar sarayının Hərbi İdarədən alınaraq Bakı Şəhər İdarəsinə verilməsi, bərpa edilərək mühafizəsinin təmin edilməsi haqqında dəfələrlə məsələ qaldırılsa da, müsbət həll edilmirdi. Saray kompleksi 1888-ci il 30 iyun tarixində müəyyən şərtlərlə şəhər idarəsinin tabeliyinə verilir və dərhal  bərpasına başlanılır. Lakin 1891-ci ildə Hərbi Şura Bakının yaralı və xəstələrin evakuasiya ediləcəyi əsas məntəqə olduğunu, Orta Asiya ilə müharibə vəziyyətində Xan sarayına ehtiyac yaranacağı üçün sarayın şəhər idarəsinə verilməsinin qeyri-mümkün olması haqqında  qərar verir.

1910-cu ildə 206-cı Salyan piyada alayının uzun illər ərzində Şirvanşahlar Sarayında yerləşdirilmiş bölmələri yeni əraziyə köçürüldü. Şirvanşahlar Sarayının sahibsizlikdən zibillik altında qalmasına səssiz qala bilməyən vətənpərvər Bakı ziyalıları tarixi abidənin dağıntılardan xilas edilməsi üçün çıxışlar etməyə başladılar. 1913-cü ildə Bakı Şəhər İdarəsinə rəhbərlik etmiş Məhəmməd Cəfər Hacınski, mülki mühəndis Ömərbəy Abuyev, arxeoloq E.A.Paxomov, memar İsmayıl bəy Nəbioğlu və digərləri Şirvanşahlar Sarayının qorunması və bərpasına dair təşəbbüs irəli sürmüşdülər. Nəhayət, 22 dekabr 1917-ci il tarixində Şirvanşahlar Sarayı “Əsari-Ətiqə” Müsəlman Arxeoloji Cəmiyyətinə təhvil verilir. Bu münasibətlə Şirvanşahlar Sarayının həyətində bayram təntənəsi yaşanmış, sarayın abadlaşdırılması üçün çox ümidverici nitqlər də  deyilmişdi. 1918-ci ildə memarlar Zivər bəy Əhmədbəyov və Ömərbəy Abuyev Şirvanşahlar Sarayının bərpa layihəsini hazırlamaq üçün ölçmə və elmi-tədqiqat işləri aparmışdılar. Lakin 1917-20-ci illərin məlum siyasi hadisələri sarayın abadlaşması və bərpası üçün cəmiyyət üzvləri tərəfindən nəzərdə tutulmuş bütün planları alt-üst etdi. Saray baxımsızlıqdan dağıdılırdı. 1918-ci ilin avqust-sentyabr aylarında işğal məqsədilə Bakıya gəlmiş ingilis qoşunları da Şirvanşahlar Sarayından yan keçməmişdilər. Hərbi hospital kimi istifadə edilməsi üçün onlar tərəfindən saray binasına avadanlıqlar da yerləşdirilmişdi. Baş verənlərin şahidlərindən biri olan xalq şairi Əhməd Cavad işğalçı orduya nifrətini şeirlə belə ifadə etmişdi:

Bakıya gəlmisiz salam verməyə,

Ey Xan sarayını tutan ingilis! 

Azərbaycan ziyalıları, o cümlədən memar İsmayıl bəy Nəbioğlu 1920-ci ilin yanvar ayından noyabradək mətbuatda və Universitetdəki çıxışlarında abidələrin acınacaqlı vəziyyəti ilə bağlı həyəcan təbili çalır. Yalnız bundan sonra E.A.Paxomovun simasında “Müsəlman Şərqinin Öyrənilməsi Cəmiyyəti”  Xalq Maarif Komissarlığının himayəsinə keçir. Komissarlıq tərəfindən ayrılmış vəsaitlə Sarayın I mərtəbəsinin bir hissəsi torpaq və tullantıdan təmizlənir, dam örtüyüxarici divarları qismən təmir edilir.

1932-1934, 1944-46, 1937-39 və 1960-cı illərdə qədim abidələrimizin mühafizəsi, eyni zamanda, Şirvanşahlar Sarayının təmir və bərpa işləri ilə əlaqədar saray kompleksinin həyətində arxeoloji qazıntı işləri aparılır. 1936-cı ildən Azərbaycan Dövlət Muzeyinin filialı kimi fəaliyyət göstərən Şirvanşahlar Sarayının 5 zalında ilk olaraq, arxeologiya, etnoqrafiya, tarix və sarayın tarixinə, burada aparılmış təmir-bərpa işlərinə həsr edilmiş sərgilər təşkil edilmişdi. 1937-1939-cu illər ərzində muzeyə 100 000-dən çox tamaşaçı gəlmişdi.

1964-cü il yanvar ayının 3-də Nazirlər Sovetinin 3 saylı sərəncamı ilə “Şirvanşahlar Sarayı Kompleksi” Dövlət Tarix-Memarlıq Qoruq-Muzeyi yaradılır. Yarandığı gündən indiyədək bəşəri əhəmiyyətli bu memarlıq abidəsini 15 milyon nəfərdən çox qonaq ziyarət etmişdir. Muzeyin kollektivi fond saxlanclarındakı 40 minə yaxın qiymətli əşyanı mühafizə edib, 1000 illik tarixi olan Şirvan dövləti şahlarının Bakı iqamətgahını təbliğ etməklə yanaşı, həm də bu sarayın talan edilərək dünyaya səpələnmiş varidatının aşkara çıxarılması sahəsində geniş araşdırma işləri aparmaqdadır. Sovet rejimi dağıldıqdan, Azərbaycan müstəqil dövlət elan edildikdən sonra muzeyin beynəlxalq mədəni əməkdaşlıq əlaqələri daha da genişlənmişdir. Bu illər ərzində İstanbul şəhərinin Topqapı, Əsgəri,  Türkİslam Əsərləri Muzeyləri, Türkiyə Milli Saraylar Birliyi, Rusiya Federasiyası “Ermitajmuzeyi, Radişev adına Saratov Dövlət Bədii Muzeyi, Dərbənd Dövlət Tarixi-Memarlıq Qoruq-Muzeyis. mədəniyyət ocaqları ilə əlaqələr saxlanılmışdır. Şirvanşahların saray kitabxanasına aid olan qiymətli əlyazmalar, hökmdar taxtı, zirehli geyimlər, saraydaxili həyat, saray adamları və s. haqqındakı məlumatlar damla-damla toplanmaqdadır.

Son 22 il ərzində tarixi abidələrimizə, muzeylərə olan dövlət qayğısı xeyli artmışdır. Ümummilli lider Heydər Əliyev və onun layiqli davamçısı, möhtərəm Prezidentimiz İlham Əliyevin Azərbaycan mədəniyyətinin, xalqımızın maddi-mənəvi sərvətinin mühafizəsi məqsədilə muzey işinin yaxşılaşdırılması haqqında imzaladıqları sərəncamlar bu qayğıya əyani sübutdur. Ulu öndər Bakı şəhərinə, onun tarixi özəyi olan qədim İçərişəhərə böyük dəyər verərək deyirdi: “İçərişəhər Azərbaycan xalqının tarixinin, o cümlədən onun milli dövlətçilik tarixinin bir çox açılmamış səhifələri haqqında, zəngin mənəvi və maddi sərvətlər xəzinəsi barədə dəyərli, mötəbər məlumatlar verən və tədqiqinə hələ də ehtiyac duyulan tükənməz mənbədir.”

XX əsrin 90-cı illərində İçərişəhərdə bərpaya daha çox ehtiyacı olan tarixi abidə Şirvanşahlar Sarayının yaşayış binası idi. Binanın taleyi təhlükə qarşısında qalmışdı. Tavanı götürülən, lakin bərpa layihəsi olmadan başlanmış işlər maliyyə çatışmazlığı səbəbindən dayandırılmışdı. Ümummilli liderimiz Heydər Əliyevin 1998-ci ildə Şirvanşahlar Sarayına gəlişindən sonra, bərpa işlərində əsaslı dönüş yaranmışdı. Prezident saray binasında toz içində çalışan fəhlələrin əl işlərinə baxaraq, oyma naxışlar salınmış daşları əlləri ilə sığallayır, heyrət və təəccübünü gizlədə bilmirdi. Dövlət başçısı o zaman  “...bu kompleksi bərpa edib göstərməliyik ki, bizim tariximiz, 500 il bundan əvvəl olan dövlətçiliyimiz, dövlətimiz və bizə qalmış irs budur.” — deyərək, təcili olaraq, maliyyə vəsaitinin ayrılması, lazımi tədbirlərin görülməsi üçün hökumətə göstəriş vermişdi.

İçərişəhər 2000-ci ildə UNESCO-nunDünya Mədəni İrsi” siyahısına daxil edilir. İçərişəhərin özünəməxsus memarlığının qorunub saxlanılması istiqamətində xeyli işlər görülür.  2009-cu il iyunun 19-da təqdimatı keçirilən, Azərbaycanın birinci xanımı, UNESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təşəbbüsü ilə hazırlanmış İçərişəhərin konservasiyası üzrə “Master plan”ı memarlıq qoruğunun tarixində böyük dəyişikliyə səbəb oldu. Plana əsasən, İçərişəhərdəki bütün tarixi əhəmiyyətli tikililər inventarlaşdırılmış, onların ilkin təyinatı üzrə istifadə olunub-olunmadığı müəyyənləşdirilmişdir. Qədim şəhərin abidələri köhnə görkəminə uyğun şəkildə bərpa edilir, böyük abadlaşma işləri aparılır. Turizm infrastrukturu inkişaf edir, gələn qonaqların sayı gündən-günə artır. Bu gün Azərbaycan Respublikası Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin (DTMQİ) müstəqil qurumu kimi fəaliyyət göstərməkdə olanŞirvanşahlar Sarayı” qoruq-muzeyinin yaşayış binası abidəsində ilk dəfə olaraq, müasir dünya standartlarına uyğun ekspozisiya təqdim olunmaqdadır. Bu ekspozisiyanın elmi-konsepsiya layihəsi “İçərişəhər” DTMQİ rəhbərliyinin sifarişi və bilavasitə rəhbərliyi ilə, “Şirvanşahlar Sarayı” qoruq-muzeyinin elmi heyətinin uzun illər apardığı elmi-tədqiqat işlərinin nəticələri əsasında idarənin mütəxəssisləri və Avstriyanın muzeylərin tərtibatı işlərində ixtisaslaşmış, məşhur “Artex 2012-GmbH” şirkəti ilə birgə hazırlanmışdır. Yeni muzey ekspozisiyası konsepsiyasının hazırlanması prosesində abidənin tarixi, memarlıq xüsusiyyətləri, saray həyatı və burada yaşamış hökmdarlar haqqında elmi tədqiqatlar aparılmış, müvafiq məlumatlar toplanaraq sistemləşdirilmişdir. Şirvanşahlar Sarayının yaşayış binasının uzun illər qapıları qapalı qalmış I mərtəbəsində Şirvanşahların dənizdən müdafiə istehkamına — Bayıl qəsrinə aid geniş ekspozisiya təqdim edilir. I və II mərtəbələrin ekspozisiyalarında zəngin muzey eksponatları ilə yanaşı, Azərbaycanda ilk dəfə videoproyeksiya, animasiyalı multimedia, audiovideo təqdimatlardan da geniş istifadə olunmuşdur. Bu gün saray kompleksinə təşrif buyurmuş qonaqlarİpad Mini” bazasında hazırlanmış multimedia bələdçisi vasitəsilə ekspozisiyanın mövzuları ilə bağlı audio yazını sərbəst şəkildə, Azərbaycan, ingilis, rus, alman və fransız dillərində dinləmək, müvafiq fotovideo materiallarla tanış olmaq imkanını qazanmışlar. Şirvanşahlar taxtının ictimaiyyətin müzakirəsinə verilən 3 D həcmli animasiyalı modeli, vaxtilə qızılı işləməli, firuzəyi kaşıları olmuş, lakin XVIII əsrdə top mərmilərilə dağıdılmış günbəzin rəqəmsal proyeksiyası, musiqili saray məclisi təsvir edilmiş animasiyalı miniatür və s. təqdimatlar Şirvanşahların dövründəki saray ab-havasını və interyer elementlərini təsəvvür etməyə imkan yaradır.  

Ümummilli liderimiz Heydər Əliyev  demişdir: “Dağıtmaq asan işdir, amma yaratmaq çox çətindir. Tarix, insanlar isə həmişə quranları, yaradanları qiymətləndirir. Dağıdanlar isə həmişə tarixdən silinmişlər”. Şirvanşahlar dövləti və Şirvanşahlar Sarayı tarixinin  qaranlıq səhifələrinə onu yazanyaradan xalqın milli təfəkkürü, milli-mənəvi dəyərləri, həyat mübarizəsi, taleyi həkk olunmuşdur. Bu qaranlığa işıq salmaq isə tarixçilərin və muzey mütəxəssislərinin vəzifəsidir.

 

Səadət ƏLƏKBƏROVA,

Şirvanşahlar Sarayı Kompleksi

Dövlət Tarix-Memarlıq Qoruq-Muzeyi

elmi-tədqiqatlar və ekspozisiya şöbəsinin müdiri

 

Xalq qəzeti.- 2015.- 12 iyul.- S.6.