Jurnalistikamız milli
idealların tərcümanıdır
Azərbaycan milli mətbuatı – 140
İyulun 22-də milli mətbuatımızın
140 yaşı tamam olur. Kifayət qədər
yetkin yaşdır və öz qanı, canı, tükənməz
enerjisi və fədakarlığı ilə milli mətbuatımızın
özülünü qoyan, divarlarını ucaldan böyük simaların ruhu
şaddır - başladıqları və sonrakı nəsillərə
əmanət qoyub getdikləri müqəddəs vəzifənin
indiki daşıyıcıları onların adlarına layiq fəaliyyət
sərgiləməkdədirlər.
Peşəkar milli mətbuatımızın 140 illik
tarixi şanlı mənəviyyat salnaməsidir.
Bu öyünclü milli salnamənin səhifələrinə
tarixi yaddaşın oyadılması və istiqlal
düşüncəsinin formalaşdırılması, dövlətçiliyin
bərpası və kommunist
rejiminin basqısı altında milli varlığın
yaşadılması, dövlət müstəqilliyinə
yenidən qovuşma və dünya birliyində
özünütəsdiq kimi taleyüklü proseslər həkk
olunmuşdur. Bu şərəfli və məsuliyyətli, çətin və
önəmli, ağrılı və sevincli onilliklər Azərbaycanın
say-seçmə yazarlarının, milli düşüncə
və bəşəri əxlaq sahiblərinin adlarını
milli mətbuatımızın silinməz- pozulmaz səhifələrinə
qızıl hərflərlə yazdı. Həsən bəy Zərdabi,
Səid və Cəlal Ünsizadə qardaşları, Məhəmməd
ağa Şahtaxtlı, Cəlil Məmmədquluzadə, Ömər
Faiq Nemanzadə, Əlimərdan bəy Topçubaşov,
Əhməd bəy Ağayev, Əli bəy Hüseynzadə,
Haşım bəy Vəzirov,
Üzeyir bəy və Ceyhun bəy Hacıbəyli
qardaşları, Nəriman Nərimanov və digər qeyrətli
ziyalılarımız cəhalət şəraitində, irtica
dövründə yurdun müstəqilliyinə, xalqın
azadlığına yönəlik millət Sözünün tərcümanları oldular.
Bu işıqlı
ideyalar çar müstəmləkəçiliyi
zamanında da, sovet dövründə də, müstəqillik
illərində də davamlı olaraq gərəkliyini qoruyub
saxladı. Ötən 140 ildə mətbuatımızda
səslənmiş mütərəqqi
çağırışlar söz cəbhəsində milli
mənəviyyatın keşiyində duranların özlərinin
də həyat və yaradıcılığının məhək
daşına çevrildi. Bu həqiqətlər barədə
mətbuat araşdırıcıları kifayət qədər
yazıblar, danışıblar . İllər,
əsrlər keçdikcə milli mətbuatımızın
son əsr yarımda xalqımızın milli haqlarına
çatması yolunda göstərdiyi xidmətlərin və tarixi qazancların qədir-
qiyməti daha çox bilinəcək.
Ümummilli
lider Heydər Əliyevin milli mətbuatımızın
yaranmasının 120 və 125 illik,
Prezident İlham Əliyevin isə 130, 135 və 140 illik
yubileylərinin xalq bayramları kimi qeyd olunması ilə
bağlı sərəncamları və jurnalistlərə təbrikləri
bu gerçəyi dönə- dönə təsdiqləyib.
Müstəqillik illərində Azərbaycan dövləti
kütləvi informasiya vasitələrinin yeni şəraitdə
öz dayaqlarını möhkəmləndirməsi
üçün davamlı, kompleks tədbirlər həyata
keçirib. Qəbul olunan qanun və qərarlar, verilən fərman
və sərəncamlar göstərdi ki, dövlətimiz mətbuatın
daha da inkişafında, ölkənin ictimai-siyasi və mədəni
həyatında mühüm rol oynamasında maraqlıdır.
Jurnalistlərin normal fəaliyyəti, onların
sosial problemlərinin həlli hazırda hakimiyyətin önəm
verdiyi hədəflərdəndir.
Ulu
öndər Heydər Əliyev 1993-cü ildə yenidən
hakimiyyətə qayıtdıqdan sonra demokratik inkişafı,
vətəndaş cəmiyyəti quruculuğunu dövlət
siyasətinin başlıca istiqaməti kimi müəyyənləşdirmiş,
söz və mətbuat azadlığını məhdudlaşdıran
süni maneələri, o sıradan senzuranı aradan
qaldırmış, KİV-in fəaliyyətini tənzimləyən
mükəmməl qanunvericilik bazasının
formalaşdırlması, redaksiyaların maddi-texniki
bazasının gücləndirilməsi istiqamətində
ardıcıl tədbirlər həyata keçirmişdir. Mətbuatımız həmin dövrdən
başlayaraq yeni inkişaf mərhələsinə qədəm
qoymuşdur.
Azərbaycan Prezidenti İlham Əliyev mətbuat sahəsində
ulu öndərin yaratdığı ənənələri
uğurla davam etdirməkdədir. “Azərbaycan Respublikasında
KİV-in inkişafına Dövlət Dəstəyi
Konsepsiyası”na uyğun olaraq, mətbuatın müstəqilliyinin
dəstəklənməsi, redaksiyalara yardım mexanizminin təkmilləşdirilməsi,
müasir texnologiyaların tətbiqi, cəmiyyət və mətbuat
arasında səmərəli əməkdaşlığın
gücləndirilməsi, jurnalistlərin peşəkarlığının
və məsuliyyətinin artırılması, sosial təminatının
yaxşılaşdırılması və əməyinin qiymətləndirilməsi
istiqamətində ardıcıl tədbirlər həyata
keçirilir. Heç bir ölkədə
analoqu olmayan tədbir — jurnalistlərin mənzillə təmin
edilməsi məhz Prezident İlham Əliyevin yaradıcı
insanların, milli dövlətçiliyə xidmətləri
ilə seçilən söz adamlarının əməyinə
verdiyi çox böyük qiymət, dünyanın hər yerində
təqdir olunan nadir qədirbilənlik nümunəsidir.
Mətbuatın
140 illiyi ilə bağlı məlum sərəncamdan sonra Azərbaycan
Prezidentinin İctimai-siyasi məsələlər üzrə
köməkçisi, Prezident Administrasiyası ictimai-siyasi məsələlər
şöbəsinin mudiri Əli Həsənovun KİV rəhbərləri
ilə görüşündə mətbuatımızın
indiki durumu, perspektiv inkişafı ilə bağlı
prioritetlər səsləndirildi. Görüşdə
qeyd olundu ki, bu mühüm dövlət sənədi mətbuatın
inkişafı, jurnalistlərin
yaradıcılığının qiymətləndirilməsi
baxımından olduqca əhəmiyyətli bir mərhələnin
başlanğıcı hesab oluna bilər. Professor Əli Həsənov çıxış və
məqalələrində, jurnalistlərlə
görüşlərində medianın qarşısında
duran çox mühüm vəzifələrə daim konseptual
şəkildə yanaşır, mətbuatla dövlət
arasında əlaqələrin tənzimlənməsi
mexanizminin detallarını hərtərəfli əsaslandırır,
bunun böyük faydalar verəcəyini vurğulayır.
Milli mətbuatımızın yaranmasının 140 illik
yubileyinin ölkəmizdə təntənə ilə
qarşılanması, kütləvi tədbirlərə start
verilməsi, təbii ki, ölkəmizin ictimai-siyasi və mədəni
həyatında mühüm hadisədir. Yubiley ərəfəsində
həmkarlarımız KİV-də əlamətdar hadisə
ilə bağlı öz fikirlərini, mülahizələrini
bölüşür, təəssüratlarını ifadə
edirlər. Bu yazılar, polemik söhbətlər,
sözsüz ki, mətbuatımızın keçdiyi çətin
və şərəfli yola geniş spektrdə işıq
salır, prioritet istiqamətlərin müəyyənləşdirilməsinə
kömək edir. Bu yazıda mən də
bəzi mülahizələrimi həmkarlarımla
bölüşmək istərdim.
Sovetlər
Birliyi dövründə Az.TV və “Kommunist” (indiki “Xalq qəzeti”),
müstəqillik illərində “Azərbaycan” qəzeti
redaksiyasında və Az.TV-də müxtəlif vəzifələrdə
işləmişəm. Hazırda İTV-də
çalışıram. Harada işləmişəmsə,
ilk növbədə, BDU-dakı müəllimlərimin – Nəsir
İmanquliyevin, Şirməmməd Hüseynovun, Nurəddin
Babayevin, Seyfulla Əliyevin, Famil Mehdinin, Tofiq Rüstəmovun,
Nəriman Zeynalovun, Əliş Nəbilinin, Cahangir Məmmədlinin,
Yalçın Əlizadənin, Akif Rüstəmovun, Mahmud
Mahmudovun və digərlərinin öyrətdiklərini və
tövsiyələrini tələbə yoldaşlarım kimi,
mən də yaradıcılığın başlıca
meyarı hesab etmişəm. Bu müəllimlər
bizə yazı hazırlamaq prosesinin bütün mərhələlərini
ardıcıllıqla, səbrlə başa salır, təcrübədə
sınaqdan da keçirirdilər.
Tədris qəzetimiz “Jurnalist” bizi, sözün əsl mənasında,
böyük mətbuata hazırlayırdı.
Faktların öyrənilməsi, hər hansı şəxsin
və ya obyektin fəaliyyəti, insanlarla ünsiyyət, nəyi
isə öyrənmək mədəniyyəti, fakt və rəqəmlərə
münasibət, sözlərin, ifadələrin düzgün
seçilməsi, süjetin qurulması, başlanğıc və
sonluğun necə yazılması kimi peşəkarlıq məsələlərini
müəllimlərimiz bizə o dərəcədə səlis,
anlaşıqlı başa salırdılar ki, bu dərsləri
rahatca öyrənir və yerli-yerində bəhrələnirdik.
Hələ tələbə ikən “Kommunist”, “Azərbaycan gəncləri”,
“Bakı” və “Sovet kəndi” kimi nüfuzlu respublika qəzetlərində
yazılar dərc etdirən gənc jurnalistləri
böyük hörmətlə nişan verir, onlara qibtə ilə
baxırdılar.
O illərdə
kommunist rejiminin xofu altında insanlar danışmağa,
müsahibə verməyə o qədər də həvəsli
deyildilər. Əslində, çoxu heç
bunu bacarmırdı da. Rus dilinin
dominantlığı və əsasən, hazır mətnlərdən
istifadə tendensiyası sərbəst danışmağa mane
olurdu.
Yaxşı yadımdadır, Az.TV-nin “Xəbərlər”
proqramında çalışarkən müxtəlif peşə
sahiblərindən, idarə rəhbərlərindən
müsahibələr almalı olurduq. Bizim üçün
çətin olanı isə bu adamların sərbəst
danışa bilməmələri və ya bundan boyun
qaçırmaları idi. Jurnalistlər məcbur
olurdular ki, hər kəsin işinə, vəzifəsinə
uyğun mətnlər hazırlayıb əzbərlətdirsinlər,
sonra çıxışlarını lentə yazsınlar.
Bəzən hazırlıqsız adamlar bu
çıxışı heç əzbərləyə də
bilmirdilər. İri kağızlarda
böyük hərflərlə mətni yazıb, kameranın
obyektivi ilə yanaşı tuturdular ki, oxusunlar. Belə
hallar qeyri-təbii müsahibələrlə nəticələndiyi
üçün
jurnalistlər danlanırdılar.
Dediyim odur ki, indi müsahibə götürmək xeyli asanlaşıb,
insanlar kifayət qədər məlumatlıdırlar. Adamlar öz
fikirlərini sərbəst ifadə edirlər və jurnalistlərimiz
də müasir texnologiyalara o dərəcədə yiyələniblər
ki, fakt toplamaq, mətn yazmaq, hadisələrin izinə
düşmək baxımından heç bir çətinliklə
üzləşmirlər. Dünyanın o
başından hazırladıqları materialı onlar
anındaca redaksiyaya çatdırırlar.
Ötən əsrin 70—80-ci illərində mətbuatda
çalışanlar, yəqin, yaxşı
xatırlayırlar ki, o vaxt qəzetlərdə bir çox
janrlardan istifadə olunurdu və bu, yazıların tez, rəvan
oxunmasına, oxucular tərəfindən qəbul edilməsinə
rəvac verirdi. Oçerk, felyeton, zarisovka, hesabat,
müsahibə və digər janrlar jurnalistə imkan verirdi ki,
mövzunun mahiyyətini daha geniş açsın,
insanların və ya hansısa kollektivin gördüyü
işləri oxucu kütləsinə daha geniş diapazonda,
maraqlı priyomlarla çatdırsın. Çox
təəssüf ki, indi bu janrlar unudulub. Ola
bilsin ki, müasir yazarlar daha ekspressiv və rahat oxunan məqalələrə
üstünlük verirlər. Lakin
unutmamalıyıq ki, keçmişin də maraq doğuran ənənələrinə
üz tutmaq yalnız fayda verərdi.
Doğrudur, gənc yazarlarımız, adətən,
sensasiyalı xəbərlər yazmağa və yaymağa daha
çox üstünlük verirlər. Lakin onlar hər
an, hər gün rastlaşdıqları sadə insanlardan,
ölkənin sosial həyatında mühüm nailiyyətlər
qazanan vətəndaşlardan, elm xadimlərindən,
yaradıcı ziyalılardan bəhs edən yazıların dərcinə
də diqqət yetirməlidirlər. Azərbaycanda
elə kollektivlər, qurumlar var ki, aylarla, illərlə
onların fəaliyyəti, ölkənin iqtisadi
inkişafına töhfələr verən insanların düşüncə
və niyyətləri mətbuat səhifələrinə
çıxarılmır. Çox təəssüf
ki, şou əhli, teleaparıcılar, bomjlar və qatillər
barədə yazılar indi KİV-də daha çox yer
alır. Unudulur ki, həyatımıza, cəmiyyətimizə
daha geniş miqyasda nəzər salınmalı,
yazıların coğrafiyası, yayılma arealı və
mövzu rəngarəngliyi mətbuatın prioritetlərinə
çevrilməlidir.
Əlbəttə, dediklərim ötən dövrü
idealizə və nostalji hisslərinin ifadəsi kimi başa
düşülməməlidir, çünki bütün sahələrdə
olduğu kimi, jurnalistikamızda da keçmişin uğur gətirən,
xeyir verən dəyərlərindən istifadə son dərəcə
zəruridir və elə inkişaf etmiş Qərb ölkələrində
də bu belədir. Nəinki yazılara, eləcə də
yazarlara həssaslıqla, ehtiram hissi ilə yanaşmaq
müasir jurnalistikanın borcu hesab olunmalıdır.
Yaxşı xatırlayıram, 2002-ci ildə bir qrup
jurnalist ABŞ Dövlət Departamentinin dəvəti ilə
bu ölkədə səfərdə idi. Həmin tərkibdə
mən Az.TV-ni təmsil edirdim. Orada olduğumuz müddətdə
“New York Times”, “Washington post” qəzetləri redaksiyalarında,
eləcə də bir sıra nüfuzlu telekanallarda və xəbər
agentliklərində olduq, həmkarlarımızın iş
üslubu, sosial vəziyyəti ilə maraqlandıq.
Adını çəkdiyim və çəkmədiyim qəzetlərin rəhbərləri
bizə məlumat verdilər ki, hər bir redaksiya öz daxili
maliyyə imkanı hesabına azından beş-on nəfər
qocaman və işsiz jurnalisti hamiliyə götürür və
günün müəyyən saatlarında həmin publisistlər
redaksiyaya gəlirlər. Onlara köməkçi
də ayrılır. Təcrübəli və
yaşlı jurnalistlər həftə ərzində bir-iki
sanballı yazı ilə qəzetdə çıxış
edir və kifayət qədər qonorar alırlar.
Belə bir addım, əslində, humanist mahiyyət
daşıyır. Ömrünü mətbuata həsr edən
yaşlı jurnalist özünə gündəlik məşğuliyyət
tapmaqla yanaşı, dolanışıq xərcini də
çıxarır. Pensiya, üstəgəl
qonorar. Təbii ki, bundan heç kim
qaçmaz və redaksiyanın tələbinə uyğun ləzzətli
bir yazı da qoyar ortaya. Bəlkə, bizim də imkanlı və
nüfuzlu qəzetlərimiz gələcəkdə bu təcrübədən
istifadə edəcək, bilmirəm, hər halda yaxşı
yazan işsiz müəlliflərə tərəf belə
addımın atılması uğurlu nəticələr verərdi.
Jurnalistikamız inkişaf yolundadır. Bunu dövlətimizin
mətbuata qayğısı da sübut edir,
yazarlarımızın fəaliyyəti də. Lakin
müasir jurnalistlərimiz tarixi ənənələrə
söykənərək, xalqın marağını qədərincə
təmin edən,
maraqlı, şoudan, arzuolunmaz sensasiyadan uzaq yazılarla daha
çox fayda verə bilərlər.
Bunun üçün isə təcrübəli
jurnalistlərdən daha çox öyrənmək, mütaliə
etmək, öz üzərlərində çox işləmək
lazım gəlir. Qəzetçilik təcrübəsi zəngin olan,
jurnalistikamızda öz imici ilə seçilən
yazarlarımız heç bir təklif gözləmədən
gənc müxbirlərə, mətbuata yenicə qədəm
qoyanlara hamilik etməli, onlara necə yazmağın, işlədikləri
KİV-in tələblərinə düzgün əməl etməyin
yollarını öyrətməlidirlər.
Hər bir peşədə olduğu kimi, jurnalistikada da
varislik prinsiplərinin qorunub saxlanması çox vacibdir və
həyatda, təcrübədə özünü
doğrultmuş ənənələri yaşatmaq, yeni
müstəvidə inkişaf etdirmək hər bir qələm
sahibinin müqəddəs borcudur. Unudulmamalıdır
ki, jurnalistlər cəmiyyətin ən sağlam qüvvəsi
kimi dövlətimizin qızıl fonduna daxil olan
yaradıcı qrupu təşkil edirlər. Cəmiyyətimiz qələm adamlarının
dediyi, yazdığı hər bir kəlmənin dəqiqliyinə,
dürüstlüyünə və sağlam ruhlu olduğuna
inanır və bu, belə də olmalıdır.
Azərbaycan Mətbuat Şurası
və Azərbaycan Prezidenti yanında KİV-in İnkişafına
Dövlət Dəstəyi Fondu, dövlət siyasətinə
uyğun olaraq, mediada peşəkarlığın yüksəldilməsi,
redaksiyaların problemlərinin həlli, jurnalistlərin sosial
durumunun yaxşılaşdırılması ilə
bağlı əsaslı tədbirlər həyata
keçirirlər. Bu islahatçılıq xətti
KİV- in inkişafına əsaslı təkan vermişdir.
Bu təşkilatlara, eləcə də hər
bir qələm sahibinə, yubiley ilində yeni uğurlar
arzulayırıq. Milli mətbuatımızın
140 illik yubileyinin əsl ümumxalq bayramı kimi qeyd
olunmasına yaratdığı şəraitə görə
Prezident İlham Əliyevə dərin minnətdarlığımızı
bildiririk.
Akif CABBARLI,
“İctimai” Televiziyanın
“Media və zaman” proqramının
redaktoru
Xalq qəzeti.-
2015.- 12 iyul.- S.6.