Günün qalstuksuz qəhrəmanı:
Aleksandr İvanov
Aleksandr Alekseyeviç
İvanov unikal taleyi və həyat təcrübəsi olan bir insandır. Ümummilli lider Heydər
Əliyevin şəxsi təhlükəsizlik xidmətinin rəhbəri
olub, indi isə
ölkənin aparıcı informasiya agentliyinin – "İnterfaks-Azərbaycan" agentliyinin baş direktorudur. Aleksandr İvanov öz yubileyi ərəfəsində
AZƏRTAC-ın "Günün qalstuksuz qəhrəmanı"
proqramının qonağı olub. Onun müsahibəsini sizə təqdim edirik.
-Bu
gün "Qalstuksuz qəhrəman"
"İnterfaks-Azərbaycan" informasiya
agentliyinin baş direktoru Aleksandr İvanovdur. Salam.
-Xoş gördük.
-Aleksandr Alekseyeviç yay günləriniz necə keçir? Necə istirahət edirsiniz? Yoxsa Sizə rahatlıq yoxdur...
-Yəqin ki, təkcə mən
deyil, Azərbaycanın bütün
sakinləri hələ də uğurla keçmiş birinci Avropa Oyunlarının təsiri altındadırlar.
Yüksək səviyyədə keçirilən tədbirlərdən
sonra ölkə rəhbərliyinin də,
bizim də gərginliyimiz hələ
keçməyib. Odur ki, adi iş
rejimi bu gün də davam edir.
-Adətən yayı necə keçirirsiniz? Harada dincəlirsiniz? Bəlkə Azərbaycanda
sevdiyiniz mənzərəli
bir guşə var?
-İşimin xüsusiyyətinə
görə əslində
Azərbaycanda olmadığım
yer qalmayıb. Vaxtım olanda
böyük məmnuniyyətlə
Şamaxıya gedirəm,
Qəbələ rayonunda
dincəlirəm. Agentliyimizin
fəaliyyət göstərdiyi
10 il ərzində
Azərbaycanın regionlarında
– Lənkəranda, Naxçıvanda,
Qəbələdə və
Gəncədə nümayəndəliyimiz
açılıb. Bu regionlarda da tez-tez oluram.
-Hansı yay Sizin
üçün ən
maraqlı və yaddaqalan olub?
-Yəqin ki, yay dedikdə hər bir adam bizim dəniz kimi gözəl bir dənizin sahilində keçirilən ən xoş məqamlar barədə düşünür.
Təbiətin ən ləzzətli nemətləri
olan meyvə-tərəvəzin
yetişdiyi Azərbaycan
rayonlarda dincəlməkdən
gözəl nə ola bilər.
Yay həmişə xoş ovqat yaradır.
-Sizin iş gününüz dəqiqəbədəqiqə
bölünüb. Şəxsən özünüzə vaxt ayıra bilirsinizmi?
-Asudə vaxtımı idmana həsr etməyə və fiziki formanı qoruyub saxlamağa çalışıram. Yəni, yaşım
keçsə də üzməyə gedirəm,
qaçıram. İşdə gün ərzində o qədər informasiya olur ki, hətta
televiziyada xəbərlərə
baxmıram. Siz bir həmkar kimi məni başa düşərsiniz. Bununla belə
bütün asudə vaxtımı öz fiziki durumuma sərf edirəm.
-Keçmişiniz və bu gününüz. Keçmişiniz, məlum
olduğu kimi, Heydər Əliyev şəxsiyyəti ilə
sıx bağlıdır.
Ötən illərdən
fərqli olaraq bu gün Sizin üçün
çatışmayan nədir?
-Zənnimcə, Azərbaycanın
hər bir vətəndaşı kimi
şəxsən mənim
üçün də
çatışmayan sevimli
adamın – Heydər Əliyevin həyatda olmamasıdır.
-Heydər Əliyev kimi unikal bir insan
haqqında saatlarla danışmaq olar, onun barəsində çoxlu sayda kitablar, məqalələr,
xatirələr yazılıb.
Lakin Siz onun şəxsi
keyfiyyətlərindən danışa
biləcək azsaylı
şəxslərdən birisiniz.
-Uzun illər onunla ünsiyyətdə olduğum, gecə-gündüz
istər işdə, istər evdə, səfərlərdə, ezamiyyətlərdə
birlikdə olduğumuz
müddətdə mən
onun bir çox insani keyfiyyətlərini götürmüşəm.
Heydər Əliyevin xarakterinin
əsas cəhətləri
öz xalqına, ölkəsinə, Vətəninə
xidmət etməkdir.
Heydər Əliyevdən götürdüyüm
əsas xarakterik cəhətlər düzgünlük
və vicdanlılıqdır.
-Bu keyfiyyətlər
bu gün ölkənin aparıcı
informasiya agentliyinə
rəhbərlik etməkdə
köməyinizə gəlirmi?
-Düşünürəm ki,
gəlir. "İnterfaks-Azərbaycan" agentliyinə
artıq 10 ildir ki, rəhbərlik edirəm. Öz peşəkar kollektivimlə
fəxr edirəm.
Agentliyin
hər bir əməkdaşı öz
işinə böyük
məsuliyyətlə yanaşır.
Kollektivimiz elə adamlardan
ibarətdir ki, onları sıxmaq, yönəltmək lazım
deyil. Ümumiyyətlə, mən "dəyənək
rejiminin" tərəfdarı
deyiləm. Əksinə, hesab edirəm ki, vaxtın əsas hissəsini kollektivlə keçirmək
və elə şərait yaratmaq lazımdır ki, insanlar gərgin işləyərkən də
özlərini evlərindəki
kimi hiss etsinlər.
Zənnimcə, kollektiv belə
rəhbərlik metodundan
razıdır. Üstəlik, mənim kabinetimin qapısı heç vaxt bağlı olmur, adamlar istədikləri vaxt yanıma gələ bilərlər.
-Söhbət əsnasında hiss etdim ki, Siz xaraktercə
mülayim və sakit adamsınız.
-Mən heç vaxt orduda qəbul
olunduğu kimi etmirəm. Orduda komandirlər deyirlər: bacarmırsan - məcbur edərik, istəmirsən
- öyrədərik. Mən həmişə
dolayı yollarla, misallarla, atalar sözləri vasitəsilə
insanın nəyi düz, nəyi əyri etdiyini ona çatdırmağa çalışıram.
-Hansı keyfiyyətləri insanlarda
qəbul edə bilmirsiniz?
- Ləyaqətsizlik, yalan, satqınlıq... Düşünürəm ki, bu, təkcə
mənim üçün
deyil, hər hansı digər insan üçün də ən qorxunc keyfiyyətlərdir.
Qalan şeylərlə barışmaq,
öyrəşmək, bağışlamaq
olar, amma satqınlığı və
yalanı heç vaxt.
-Aleksandr Alekseyeviç, peşəkar
sual. Bu gün
Azərbaycan jurnalistikasında
nə çatışmır?
-Məncə, kütləvi
informasiya vasitələri
işçilərinin öz
peşəkarlığını göstərməsi üçün
bu gün heç bir maneə yoxdur. Yenə də qayıdaq Heydər Əliyevin fəaliyyətinə. O illərdə
kimi ifadə vardı –“xalqın içinə çıxmaq”.
Hər kəs başa düşürdü ki, əgər bu, planlaşdırılmayan səfər,
mağazaya, poliklinikaya
planlaşdırılmadan gəlməkdirsə,
onda bu qədər
kamera haradandır.
Heydər Əliyevin xalqın
içinə çıxması
prosesi tamamilə fərqlənirdi. Həmin vaxt
birinci şəxsin maşınının müşayiət
olunması praktikası
yalnız Azərbaycanda
var idi, arxada isə içərisində KİV nümayəndələri
olan mikroavtobus gəlirdi. Axı, onda prezidenti
və ya birinci katibi müşayiət edən
jurnalistlər dəstəsi
anlayışı yox
idi, bu qədər
sayda kütləvi informasiya vasitəsi də yox idi.
Məsələn, AZƏRTAC-dan, daha doğrusu
o illərdə AzərTA
adlandırılan agentlikdən
olan həmkarlarınız,
Azərbaycan televiziyasının
və “Bakinski raboçi”, “Vışka”,
“Kommunist” qəzetlərinin
nümayəndələri həmişə
müşayiət edən
maşınlardan sonra
gələn bu mikroavtobusda olur və əsas hadisələri işıqlandırırdılar.
-Heydər Əliyevin mühafizəsini təmin
etmək o qədər
də asan missiya deyildi. Sizin yaddaşınızda
çoxlu işgüzar
məqamlar var. Yəqin
ki, məzəli məqamlar da var? Axı, Heydər Əliyev
yumor hissini qiymətləndirirdi. Məsələn, mən onu fotoşəkillərində
yalnız üzündə
olan səmimi təbəssümü ilə
xatırlayıram.
-Siz yaxşı qeyd etdiniz ki,
onu bütün fotoşəkillərində və
hətta bir çox filmlərdə gülərüz görürük.
Mən üzündə təbəssüm
olmadan insanlarla söhbət etməsini, demək olar, heç vaxt görməmişəm. Əlbəttə,
belə ciddi iş əsnasında məzəli əhvalatlar bir o qədər də çox olmayıb. Amma mən bir daha Heydər Əliyevin insani keyfiyyətlərini vurğulamaq
istəyirəm. Hər dəfə
pambıq yığımı
zamanı rayonlara gedəndə Heydər Əliyev regionların sakinləri ilə görüşürdü. Məsələn, belə
görüşlərdən birinə xeyli adam toplaşmışdı.
Adamlar onun suallarına 24, 01, 03 rəqəmləri ilə
cavab verirdilər.
Onun dönüb “İnsanlar bu nə rəqəmlərdir
sadalayırlar?” dediyi indiki kimi yadımdadır.
Ona cavab verdilər ki, xalqın rifahı yüksəlib və artıq “Jiquli”, “Qaz-24” markalı avtomobillər almaq üçün vəsaitləri var. Onda Heydər Əliyev xalqa zarafatla müraciət edərək
dedi: “Bax görürsünüz, necə
yaxşı yaşamağa
başlamısınız, daha
heç nə istəmirsiniz, əksinə
şəxsi nəqliyyat
ala bilməyinizin sevincini
bölüşürsünüz”.
-Sizi dinləyərkən özünüzü
hansı peşədə
gördüyünüzü bilmək maraqlı oldu. Siz uşaqlıqdan jurnalistikaya
gəlmək arzusunda olmuşunuz?
-Uşaqlıqda həmişə
çekist olmağı
arzulamışam. 10 il əvvəl jurnalistikaya keçmək
imkanı yarananda düşündüm: sankı
çox müxtəlif
peşələr, müxtəlif
funksional vəzifələrdir.
Buna baxmayaraq, gücümü sınamaq
qərarına gəldim.
İndi görürəm ki, elə bil alınır.
-Nəhayət, həyatdakı
əsas nailiyyətlərinizi
bizimlə bölüşməyinizi
istərdim?
-Gözəl ailəm, xanımım, uşaqlarım
və nəvələrim,
yəqin ki, mənim əsas nailiyyətimdir. Ailə hər bir insan üçün həyatda ən böyük sərvətdir.
Peşə nailiyyətlərinə gəldikdə isə Heydər Əliyevin üzərimə qoyduğu
vəzifələri yerinə
yetirməyimlə fəxr
edirəm. Uzun illər
ərzində bu böyük insanla işləmək mənim
üçün şərəf
idi.
-Aleksandr Alekseyeviç, bu xoş, ən başlıcası isə
səmimi söhbətə
görə sağ olun.
- Siz sağ olun.
Fürsətdən istifadə edib,
mənə göstərilən
bu səmimi diqqətə görə
AZƏRTAC-ın rəhbərliyinə
və onun kollektivinə təşəkkürümü
bildirmək istəyirəm.
Söhbəti
apardı Kamilla Əliyeva
Xalq qəzeti.- 2015.-
14 iyul.- S.10.