İsmayıllı: Deyiləsi çox söz var...
...
Sanki birinci Avropa Oyunlarının
açılışı Bakıda deyil,
İsmayıllıda olacaqdı. Hamı bu
açılışa hazırlaşırdı. Azərbaycanın
gücünü, qüdrətini
özündə əks etdirən, xalqımızın tədbirə
hazırlaşmaq, qonaqları qarşılamaq və idman
meydançalarında uğur qazanmaq ənənələrinin təqdimatı kimi ortaya qoyulmuş
ilk Avropa Oyunlarının açılış mərasimi
rayon icra hakimiyyətinin
başçısı Mirdaməd Sadıqovun təklifi ilə
Uşaq-əyləncə parkında birgə izlənilməliydi. Düzü mənə
elə gəlirdi ki, bu
qəbildən olan ilk
beynəlxaq tədbirə ev sahibliyi etdiyimizə görə hamı bu möhtəşəm tədbirə bilavasitə
öz evində baxacaqdı. Gizlətmirəm,
hələ parka gələndə də məhz
bu fikirdə idim. Sən demə, səhv
edirəmmiş. Ağzınadək
dolmuş yay
kinoteatrı və bütövlükdə, park nəhəng insan
dəryasını xatırladırdı. Camaat
möhtəşəm tədbirin canlı yayımını
evdə deyil, rayon rəhbərliyi
ilə birlikdə izləməyi üstün
tutmuşdu.
... Açılışa qədər böyük konsert oldu, İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin tələbələri yerli camaat üçün o qədər də ənənəvi olmayan flaş-mob nümayiş etdirdilər. Onlarca gənc eyni rəqsi sinxron şəkildə ifa etdi. Birinci Avropa Oyunlarında iştirak edən yerli idmançılar Günel Həsənli və Fəridə Qurbanovanın idman fəaliyyətlərinə həsr olunmuş videoroliklər nümayiş etdirildi. Aparıcı onların nailiyyətlərini iştirakçılara çatdıranda mən Mirdaməd müəllimin üzünə baxdım. Sanki öz övladlarının uğurlarına sevinirdi. Rayon Gənclər və idman idarəsinin könüllüləri Avropa Oyunlarının simvollarını əks etdirən köynəklər və papaqlar geyinərək tədbirin idarə olunmasında iştirak edirdilər.
... Canlı yayım başa çatana qədər bir nəfər də olsun, parkı tərk edən olmadı – desəm, inanın. Sanki hamı özünü Bakıdakı Olimpiya stadionunda hiss edirdi. Hamı bu möhtəşəm tədbirin fəal iştirakçısına çevrilmişdi. Onlar sadəcə, Azərbaycanın uğurları ilə fəxr edirdilər. Tədbir başa çatandan sonra (Daha doğrusu, tədbir yox, televiziyaların Bakıdan verdiyi canlı yayımı nəzərdə tuturam. Çünki parkdakı tədbir gecədən xeyli keçənədək davam etmişdi) Mirdaməd müəllim xalqımıza və dövlətimizə böyük üz ağlığı gətirən bu Oyunlar haqqında belə dedi: “İsmayıllılar fəxr edirlər, qürur duyurlar ki, Avropa Oyunlarına hazırlıq və onun açılışı ilə dünyada bir daha özünü təsdiq edən insanlar Azərbaycan vətəndaşlarıdır. Cənab Prezident İlham Əliyevin çox böyük müvəffəqiyyətlə idarə etdiyi respublikada yaşamaq, Avropanın və dünyanın idman tarixində ilk hadisə olan Avropa Oyunlarının keçirildiyi günlərin şahidi olmaq böyük xoşbəxtlikdir. Mən isə öz növbəmdə həm də ona görə xoşbəxtəm ki, həmyerlilərim, İsmayıllı camaatı dövlətin bütün uğurlarını bilavasitə öz uğurları kimi qəbul edərək istənilən ictimai işə öz töhfələrini vermək istəyir. Şahidi olduğunuz bu dörd-beş saatlıq tədbir də bir daha sübut etdi ki, onlar dövlətin istənilən addımını yüksək səviyyədə dəstəkləyirlər.”
Tədbirdən sonra rayon icra hakimiyyətinin başçısı ilə xeyli söhbət etdik. Onun rayona rəhbərlik etdiyi ilk gündən bəri qazanılan uğurların canlı şahidlərindən olduğuma görə bəzi məqamları yada salmaq istədim. Ancaq mən nədən danışsam da, o, söhbəti dünənlə deyil, sabahla bağlayırdı: — “İndi hədəfimiz rayon mərkəzindəki küçələrin abadlaşdırılması və yeniləşdirilməsidir, – dedi. – Şəhərimizin ərazisində böyüklü-kiçikli 89 küçə var. Bi yaxınlara qədər həmin küçələrin hamısında abadlaşdırmaya və yeni asfalt örtüyü çəkilməsinə ehtiyac var idi. 2013-2014-cü illərdə artıq 36 küçədə müasir üslubda abadlaşdırma işləri aparmışdıq. Bu il üçün müəyyən etdiyimiz prioritetlərdən biri də küçələrin abadlaşdırılması və yollara yeni asfalt örtüyün çəkilməsidir. Bu vəzifəni hansı səviyyədə reallaşdırdığımızı özünüz görüb qiymətləndirsəniz, daha doğru nəticə əldə etmiş olarsınız.”
Özümüz gördük və qiymətləndirdik. Məlum oldu ki, İsmayıllıda abadlaşdırıılmış və yeniləşdirilməkdə olan küçələr barədə söz açarkən bir məqamı xüsusilə vurğulamaq zərurəti var. Belə ki, rayon icra hakimiyyətinin rəhbərliyi ayrılmış vəsaiti hansı istiqamətə yönəltməyin vacibliyini müəyyən etmək üçün, ilkin layihələri öncə ictimaiyyət nümayəndələrinin, ağsaqqal və ağbirçəklərdən ibarət ictimai nəzarət qrupunun müzakirəsinə verir, optimal, daha səmərəli təklifləri nəzərə alır, sonra isə onların icrasına başlanılır. Küçələrin abadlaşdırılması məsələsi də məhz həmin proseslərdən keçmiş layihədir. Öyrəndik ki, bu ilin əvvəlindən bəri şəhərin Ziya Bünyadov, İsrayıl Həsənov, Aydın Səlimzadə, Əliağa Vahid, Rəşid Mahmudov, Seyid Əzim Şirvani, Məhsəti Gəncəvi, Koroğlu küçələrinə 29 min 500 kvadratmetr asfalt döşənib, səkilər, suötürücü kanallar hazırlanıb, zəruri ünvanlarda işıqlandırma sistemləri qurulub.
Əlbəttə, bunlar adi şəhər infrastrukturu nümunəsidir və yeniləşdirilməsi də zamanın tələbidir. Mənim üçün isə maraqlı olan məqam kəndlərdə də bu infrastrukturun yaradılması idi. Məsələn, Talıstan və Hacıhətəmli kəndlərində də kəndarası yolların abadlaşdırılmasının və asfaltlaşdırılmasının şahidi olduq. Hacıhətəmli kəndindəki tam orta məktəbə gedən yol isə tam şəkildə abadlaşıb və yenilənib. İlin ilk altı ayında ümumilikdə 31 min kvadratmetr asfalt işi görülüb. Təbii ki. magistral yollarda görülən işlər buraya daxil deyil. Yeri gəlmişkən, rayon mərkəzindəki küçələrin asfaltlaşdırılmasının və abadlaşdırılmasının əvvəlki illərdəki analoji təmirlərdən əsaslı surətdə fərqi var. Belə ki. tamamilə müasirləşdirilən küçə və yollar dairəvi sxemlər üzrə tamamlanaraq şəhərin əsas prospekt və küçələrini birləşdirir. Çünki hər bir layihə bilavasitə şəhərin baş planına uyğunlaşdırılır və məhəllələrin müfəssəl planlaşdırılması əsasında aparılır.
Rayonda olarkən öyrəndik ki, bu günlərdə ictimaiyyətin böyük razılığı ilə qarşılanan layihələrdən növbətisi də elə abadlıq prosesi ilə bağlıdır. Belə ki, yerli camaatın “Bazar” kimi tanıdığı “Şahdağ” kiçik müəssisəsinin qarşısındakı17 sot ərazidə “Saat meydanı - Sənətkarlar bazarı” tikiləcək. Meydanın mərkəzində şəhərin hər yerindən görünən saat qülləsi quraşdırılacaq, ərazidəki bütün obyektlər yenilənəcək, xalq sənətkarlarının əl işlərinin satışı bilavasitə burada mərkəzləşəcək. Eyni zamanda, abadlıq işlərinin davam etdirildiyi Heydər Əliyev prospektinin bazara yaxın hissəsində müxtəlif ölçü-biçili, primitiv şəraiti olan kommersiya və xidmət obyektləri şəhərin baş planına əsasən daha abad yerə köçürülür.
Mirdaməd müəllim dedi ki, bu prosesdə heç kəsin mülkiyyət hüququna toxunulmayacaq. Əksinə, obyektlərin yeni dizayn və müasir memarlıq üslubunda tikilməsi həmin mülkiyyət sahiblərini daha da məmnun edəcək. Bir sözlə, İsmayıllıda 2013-cü ildən başlanan tikinti, quruculuq, abadlıq işləri öz uğurlu nəticələrini ortaya qoyur və bu prosesin tempi yüksələn xəttlə davam etdirilir.
Ancaq İsmayıllının bugünkü həqiqətləri tikinti, quruculuq, abadlıq işləri ilə qurtarmır. Həm ulu öndər Heydər Əliyevin, həm də Prezident İlham Əliyevin ordu quruculuğundan sonra ən mühüm ikinci sahə adlandırdığı təhsil sektoru da bu rayonda daim diqqət mərkəzindədir. İlk dəfə deyildi ki, Mirdaməd Sadıqovun təhsil sektorundakı vəziyyəti Rayon İcra hakimiyyəti başçısı yanında şuranın iclasına çıxardığını görürdük. Özü də bu iclas geniş müşavirə formasında keçirilirdi. Şura iclasında rayonun ümumtəhsil məktəblərində 2015-2016-cı dərs ilinə hazırlığın vəziyyəti, və qarşıda duran vəzifələr müzakirə olunurdu. Tədbirdə RİH başçısı Mirdaməd Sadıqov, Təhsil Nazirliyinin əməkdaşı Aydın Əhmədov, şuranın üzvləri, ümumtəhsil məktəblərinin direktorları, uşaq bağçalarının müdirləri, məktəblərlə qarşılıqlı əlaqədə işləyən idarə - müəssisə rəhbərləri, bələdiyyə sədrləri və inzibati ərazi dairəsi üzrə nümayəndələr iştirak edirdilər. Yəni adi, gündəlik tədbirlərdən biri idi. Ancaq rayon rəhbəri ümumtəhsil məktəblərində 2015-2016-cı dərs ilinə hazırlığın vəziyyəti, qarşıda duran vəzifələr, nöqsanlar – bəli, bəli, nöqsanlar və görüləcək tədbirlər haqqında elə çıxış etdi ki, sanki fövqəladə bir tədbir keçirilirdi. Belə tədbirlərdən çox danışmaq olar. Hamısı bir-birindən maraqlı, bir-birindən rəngarəng. Bir sözlə, İsmayıllı haqqında, yazılası çox şey, deyiləsi çox söz var.
Başçı qeyd etdi ki, ümumtəhsil, məktəbəqədər və məktəbdənkənar təhsil müəssisələrinin fəaliyyətində əsaslı dönüş yaratmaq üçün obyektiv təhlillər əsasında pedaqoji kadrların hazırlığını və məktəb direktorlarının, bağça müdirlərinin keyfiyyət tərkibini yaxşılaşdırmaq, kadr islahatları aparmaq, bacarıqlı gənc mütəxəssisləri irəli çəkmək lazımdır.
Jurnalistlər rayon rəhbərinin çıxışından iki məqamı daha maraqla qarşıladılar: Obyektiv təhlillər aparılması və gənc mütəxəssislərin irəli çəkilməsi. Bu iki məqamı, bir də yuxarıda qeyd etdiyimiz “el sənətkarları hazırladıqları sənət nümunələrini yolda-rizdə, küncdə-bucaqda satmasınlar deyə, “Sənətkarlar bazarı” yaradılır” - ifadəsini Mirdaməd müəllimin insan hüquqlarının qorunmasına verdiyi qiymət kimi dəyərləndirənlər tamamilə haqlı idilər.
İyulun əvvəlində — Milli Mətbuatın 140 illiyi ərəfəsində İsmayıllıdakı Heydər Əliyev Mərkəzində Zərdabi Mətbuat Mərkəzi İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən “Milli Qəhrəmanlarımızın təbliği” adlı “dəyirmi masa” da, bu ayın əvvəlində iştirakçısı olduğumuz “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin “İnsan alveri ilə mübarizədə potensialın artırılması” mövzulu tədbir də, ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş rayon futbol turniri də bugünkü İsmayıllı həqiqətlərindən idi. Ancaq Basqalda keçirilən bir tədbir də var idi ki, o barədə mütləq ayrıca bir yazı qələmə almaq fikrimiz var. O vaxta qədər isə qeyd edək ki, bu qəsəbəyə təbii qaz verilməsi münasibətilə keçirilən mərasimdə də rayon icra hakimiyyətinin başçısı iştirak edirdi. Tədbirdə qeyd edildi ki, 750 abonenti olan Basqal qəsəbəsinə təbii qazın verilməsi üçün birpilləli sistem əsasında ümumi uzunluğu 2 min 930 metr olan polietilen və 32 min 286 metr metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 750 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb. Mərasimdə eşitdiyimiz bütün fikirlərdə rayonda davam edən sosial-iqtisadi inkişafdan razılıq ifadə olunurdu. O inkişafdan ki, hər səhifəsində bütün ismayıllıların əzmi, iradəsi və ən başlıcası, imzası vardır.
İmza dedim, yadıma bir məqam düşdü və Mətbuat Günü ərəfəsi olduğuna görə qeyd etməyi vacib saydım. Bir dəfə “İsmayıllı xəbərləri” qəzetinin redaktoru Şahməmməd Soltanovla söhbətimizdə onun və ümumilikdə bölgələrimizdə çalışan həmkarlarımızın fəaliyyətini qiymətləndirmək məqsədilə demişdim ki, bu gün rayonlarımızda qazanılan hərtərəfli uğurlarda sizin də xidmətiniz az deyil və ən başlıcası, həmin nailiyyətlərdə imzanız var. Həmsöhbətim borclu qalmamışdı: “ Mən və və digər rayon qəzetlərinin rəhbərləri konkret olaraq bir rayonun tərəqqisində iştirak ediriksə, siz bölgə müxbirlərinin imzası bir neçə rayonun inkişafı ilə bağlı yazıların altında görünür”.
Həmin ifadəni eşidəndə fəxr eləmişdim. Doğrudan da, bu gün bu böyük işlərdən yazmaq, rayonların tərəqqisini təbliğ etmək, uğurlarını işıqlandırmaq özü bir xoşbəxtlikdir. Başqalarını bilmirəm. Şəxsən mən Zaqataladan, Balakəndən, İsmayıllıdan, o biri rayonlardan yazanda da məhz Şahməmməd müəllimin dediyi kimi düşünmüşəm.
İlqar HƏSƏNOV
Xalq qəzeti.- 2015.- 16 iyul.- S.7.