Qloballaşma və müasir
dünyanın dil mənzərəsi
Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyevin 9 aprel 2013-cü il tarixli
sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan
dilinin qloballaşma şəraitində zamanın tələblərinə
uyğun istifadəsinə və ölkədə
dilçiliyin inkişafına dair” Dövlət Proqramı
çağdaş dövrdə ana dilimizin dövlət dili
statusunun, işləkliyinin və ədəbi
normalarının qorunması sahəsində çox
mühüm əhəmiyyətə malikdir.
Sənəddə vurğulandığı kimi, “Azərbaycan dilinin milli dövlətçiliyin başlıca rəmzlərindən olaraq istifadəsi və əsaslı tədqiqi, ölkədə dilçilik elmi sahəsində vəziyyətin yaxşılaşdırılması üçün əlverişli zəmin yaradılmışdır. Eyni zamanda, elm və texnikanın sürətlə inkişaf etdiyi hazırkı qloballaşma dövrü Azərbaycan dilinin zənginləşməsi və tədqiqi imkanlarının genişləndirilməsi istiqamətində aparılan işlərin yeni səviyyəyə yüksəldilməsini tələb edir.”
Təbii ki, Dövlət Proqramının qarşıya qoyduğu bu vəzifələrin yerinə yetirilməsi üçün müasir dünyada gedən dil proseslərini bilmək və nəzərə almaq zəruridir. Bu gün dünyanın dil mənzərəsi nə qədər rəngarəng və zəngin olsa da, qloballaşma prosesi bu mənzərəyə də çox ciddi təsir göstərir. BMT üzvü olan 200-dən artıq dövlətin ərazilərində 2001-ci ildə qeydə alınmış 6417 dildən hər il bir çoxu ölüb aradan çıxır.
2008-ci ildə Alman Dili Cəmiyyəti (ADC)
“Almanlar öz dilləri və xarici dillər haqqında nə
düşünürlər?” mövzusunda sorğu
keçirib. Söhbət Avropa İttifaqında işlənən
dillərdən gedir. Sorğunun nəticələri çox
maraqlıdır. Sorğuda iştirak edənlərin 13 faizi
Avropada vahid dil olmasına səs verib, onlardan 11 faizi ingilis, 2
faizi isə alman dilini seçib. Rəyi soruşulanların 9
faizi seçim edə bilməyib. Deməli, sorğuda
iştirak edənlərin 78 faizi Avropada milli dillərin
saxlanılmasına səs verib. Onların çoxu Avropada vahid dilin —
ingilis dilinin xeyrinə səs vermişdir. Bu meyil
günü-gündən güclənməkdədir.
Sorğunu keçirən ADC həyəcan təbili
çalır ki, alman dili bu gün Avropada
sıxışdırılaraq bir dialektə çevrilir, ya
da ölüb getmək təhlükəsi ilə üz-üzədir.
Qeyd etmək yerinə düşər ki, dillərin gələcəyi
ilə bağlı dəqiq öncəgörmə vermək o
qədər də asan deyil. Xeyli müddətdir ki, dünyada təkdilliliyə
meyil güclənməkdədir. Bu gün Azərbaycan
dili ilə bağlı belə bir sorğu keçirmək
maraqlı olardı. Təbii ki, müstəqillik
əldə etdikdən sonra dilimizin mövqeyi daha da möhkəmlənmişdir.
İndi radio dalğalarında, televiziya
kanallarında, beynəlxalq tədbirlərdə dilimiz daha
möhtəşəm səslənir və daha geniş
auditoriyanı əhatə edir. Ancaq bununla
belə, paytaxtımızda tez-tez başqa dillərin işləndiyinin
də şahidi oluruq. Mətbuatın
verdiyi xəbərə görə, bu yaxınlarda ölkəmizə
yenicə təyin olunmuş ABŞ səfiri etimadnaməsini təqdim
edəndə azərbaycanca danışıb. Bu, dilimizin nüfuzunun durmadan artmasına dəlalət
edir. Ancaq müvafiq sorğuların nəticələrini və kitab çapının
miqdarını göstərən konkret rəqəmlər
olmadığı üçün dilimizin işlənməsi
və gələcəyi ilə bağlı sualları
cavablandırmaq çətindir. Bu gün media nümunələrinin,
nəşriyyatların sayına diqqət yetirəndə və
dünyada bizim
dildə danışan əhalinin ümumi
sayını nəzərə alanda, Azərbaycan dilinin dünya miqyasında təxminən
20-22-ci yerləri bölüşdürməsi bizi sevindirməyə
bilməz.
İndi dünyada vahid dilə qarşı çıxan
ölkələrdə çoxlu tədbirlər
görülür, simpozium və konfranslar keçirilir,
qalaq-qalaq tezislər və məruzələr çap olunur,
hamı bir ağızdan milli dillərin qorunmasından
danışır. Bu kontekstdə konservativ və liberal
mövqelər toqquşur, ingilis dilinin milli dilləri
sıxışdırmasından qorunmaq üçün tədbirlər
planı hazırlanır. Ancaq bütün
bunların fonunda ingilis dilinin bir addım da geri çəkilmək
niyyəti müşahidə olunmur. Yuxarıda göstərdiyimiz
kimi, Almaniyada
təkdillilik “xoşbəxtliyinə”
inananlar isə hələlik cəmi 13 faiz təşkil
edir. Başqa ölkələrdə vəziyyətin
necə olmasını araşdıran sorğular
aparılmadığından ümumi nəticə
çıxarmaq çətindir. Digər
tərəfdən, təkdillilik ölkənin, xalqın
vüqarına, insanların heysiyyətinə toxunur.
XIX əsrdən müşahidə olunmağa başlayan
ilk qloballaşma elementləri (dəmir yolunda, poçtda, gəmiçilikdə,
təqvimdə və s.) həm də millətçiliyin
güclənməsinə yol açdı. Millətlərin
bir kökdən törəməsi doktrinası hakim nəzəriyyəyə
çevrilsə də, bu yöndə inteqrasiyanın
reallaşması dil müxtəlifliyi ucbatından uğur
qazana bilmədi. Dünya nəinki vahid
oldu, əksinə, özünəvurğunların əlində
daha da parçalandı. Latın və fransız dillərinə söykənən
humanizm və kosmopolitizmlə səciyyələnən
maarifçiliyin yerinə hər xalqın özünəməxsusluq
ideyası ilə milli birliyə çağıran romantika gəldi. Bu da hər xalqın
dilinin çiçəklənməsi üçün
geniş yollar açırdı. Kim
xalqın dilinin böyüklüyünə qarşı
çıxış edirdisə, o həmin xalqın qəzəbinə
düçar olurdu. “Dili məhv olan xalq məhvə
doğru gedir” şüarı o vaxt çoxlarının əqlinə hakim kəsilmişdi.
Təbii ki, milli ünsiyyət vasitəsi
olmayan yerdə ölkə müstəqil ola
bilməz. Ancaq müasir dövrdə bu prinsip
universal vasitə kimi işləyə bilmir. Öz soykökündən ayrı
düşmüş milyonlarla insan var. Dünyada yalnız ana
dilindən istifadə edən milli dövlət tapmaq çətindir.
Azərbaycanda bu gün ən azı 10-15 dildə
danışılır, Almaniyada bu göstərici 100-ə bərabərdir.
Deyəsən, bu gün ata yurdu, ana dili
anlayışları köhnəlib, çoxdillilik normaya
çevrilib. Bu gün Qərbdə milli
eynilikdən daha çox Avropa eyniliyindən danışmaq
düzgün olardı. Avropa Birliyinin bir və ya ikidillilik şəraitinə
(ingilis və fransız dilləri) nə vaxta qədər
dözə biləcəyini söyləmək çətindir.
Almaniya alman dilində danışan 100 milyonluq əhalinin
hüququnu qorumağa çalışır. Almanlar tez-tez
müxtəlif yollarla AŞPA-da məsələ
qaldırmağa cəhd edirlər ki, alman dili bu qurumda işlək
dil kimi qəbul olunsun. 23 fevral 2013-cü ildə “Avropa:
etimadı yeniləməli” adlı
çıxışında AFR prezidenti Y.Qauk Avropada dil siyasətinə
də toxunaraq demişdir: “Düzdür, gənc nəsil onsuz
da ingilis dili ilə təmas şəraitində
böyüyür. Amma mən
düşünürəm ki, dildə inteqrasiyanı hadisələrin
gedişinin ixtiyarına buraxa bilmərik. Çoxdillilik
Avropada yalnız elita üçün yox, daha çox əhali
qrupları, daha çox insanlar, nəhayət hamı
üçün olmalıdır. Mən inanıram ki,
Avropada bu proseslərin hər ikisi yanaşı gedə bilər:
vətəndə və poeziyada ana dili, praktik həyatda və
beynəlxalq münasibətlərdə bütün yaşlar
üçün praktik ingilis dili.” Prezidentin bu
çıxışı çox ciddi mübahisələrə
səbəb oldu, çünki Avropada dil siyasəti
düzgün aparılmır, ingilis və fransız dilləri
dominantlıq təşkil edir ki, bu da almanları razı sala
bilməz. İngilis alimi D.Kristal
“İngilis dili qlobal dil kimi” əsərində yazır ki,
dünyanın 70-dən çox ölkəsində ingilis dili
rəsmi dil statusu daşıyır. Həmin
müəllifə görə, dünya əhalisinin 2 milyarddan
çoxu ingilis dilindən
ünsiyyət vasitəsi kimi istifadə edir. Onlardan 1,4 milyardı bu dildən birinci dil kimi, 735
milyona qədəri isə, ikinci dil kimi istifadə edir. İngilis dilindən xarici dil kimi istifadə edənləri
də buraya əlavə etsək, görərik ki, dünya əhalisinin
təxminən yarısı ingilis dilində danışa
bilir.
Biz 2007-ci ildə çap etdirdiyimiz “Dil” kitabında
planetimizin dil mənzərəsini açıb göstərməyə
cəhd etmişik. UNESCO-nun “Dünya dilləri təhlükədə”
atlasında təxminən 2500 dildən bəhs olunur. Yuxarıda verdiyimiz rəqəmlə bu rəqəm
arasında fərq bəzən bu və ya digər dilin
müstəqil, yaxud hansısa dilin dialekti sayılması ilə
izah oluna bilər. Hindistanda 1971-ci il məlumatına
görə, 1652 dil qeydə alınmışdısa, 20 il
sonra bu göstərici 418 dil oldu. Burada
adlandırma da mühüm rol oynayır. 6000-dən
artıq dilin bu gün 4000 adı var. Avropada ingilis, fransız,
ispan, alman və s. dillər çoxmilyonlu xalqların dilləridir.
Ancaq dünyada əksər dillərdə minlərlə
insan danışır. Dünyada yalnız
300 dili milyonluq dil adlandıra bilərik. Papua
Nigeriyasında 1996-cı ildə 4 milyon əhali 3 rəsmi dildən
istifadə edirdi (ingilis, Tok Pisin və Motu). Ancaq bu
ölkədə ümumilikdə 826 kiçik və xırda
dil var. Onlardan bəzisində 900-1000, 800-900, hətta bəzən
elə dillərə təsadüf olunur ki,10 və bir qədər
də az adam danışır. Alman alimi H.Haarman
5 belə dil adı çəkir. Dillərdən
9-u ölüb getmiş dildir. Dillər qəbiristanlığı
adlandırılan Avstraliyada 10 və daha az
adamın danışdığı 105 dil qeydə
alınıb. 32 dildə isə bircə nəfər
danışan qalıb. H. Haarmana görə, XXI əsrdə
dillərin 40 faizi öləcək. Qalan dillər
arasında hərəsində bir və ya 10 nəfərin
danışdığı dillər olacaq ki, bu dillərdə
insanlar yalnız öz nənə-babaları ilə ünsiyyətə
girə biləcəklər. Bəzi dillər, məsələn,
sanskrit və həbəş dilləri
yalnız filmlərdə qalmışdır.
İmperiyaların çökməsi də
dünyanın dil mənzərəsinə və dövlətlərin
dil siyasətinə güclü təsir göstərir. Keçmiş Sovetlər
Birliyində 1971-ci ildə ölkə əhalisinin 42
faizi, 61,2 milyon əhali rus dilini
özünün ikinci ana dili hesab edirdi. Hətta rus dilinin
birinci rəsmi dil olduğu Kazaxstan kimi ölkələrdə
də indi vəziyyət tamam dəyişmişdir.
Qloballaşma vahid dillilik üçün mühüm
amildir. Bu
proses ingilis dilini dünya dili statusuna
qaldırmışdır. Ancaq qloballaşma əks-təsir
də göstərir. Xırda xalqlar heysiyyət
məsələsini ortalığa ataraq milli özəlliyini əsaslandırmağa
çalışır, dili milli kimliyin simvolu kimi dəyərləndirirlər.
Bu, hətta yeni dillərin meydana
çıxmasına səbəb olur. Yuqoslaviya
dağılanda mahiyyətcə eyni dildə danışan,
lakin uzun müddət müvafiq olaraq kiril və latın əlifbasında
yazmış serblər və xorvatlar tam ayrılaraq iki dil əmələ
gətirdilər. XIX əsrdə olduğu kimi,
indi də ana vətənlə ana dili vəhdətdə
götürülür. Elə həmin Yuqoslaviya ərazisində
olan Kosovoda serb dili dominant idi. Hazırda isə alban dili müstəqilliyin rəmzinə
çevrilmişdir. Bəzi hallarda dil
siyasi alət kimi xalqları əzmək, tabe etmək
funksiyası daşıyır. Məsələn,
keçmiş Sovetlər Birliyində rəsmi ideologiya rus
dilini belə bir vasitəyə çevirmişdi. Bəzi hallarda isə, dil təzyiq vasitəsi olmadan
bu işi yerinə yetirir. Avstraliyada
aborigenlərin dilləri məktəbdə tədris olunur.
Finlandiyanın Laplandiya bölgəsində 2400
adamın danışdığı dil universitetdə öyrənilir.
İsveçrədə latın mənşəli
retoroman dili 1938-ci ildən ölkənin 4-cü rəsmi dili
kimi tanınıb. Ancaq bu dillərin geniş
perspektivə malik olduğunu düşünmək sadəlövhlük
olardı.
Qeyd edək ki, dil müxtəlifliyi hələ uzun
müddət planetimizin canlı mənzərəsini
nümayiş etdirəcək. Ancaq o da düzdür
ki, hazırda dünya əhalisi
təkdilliliyə doğru irəliləyir. Digər
tərəfdən, dil milli kimliyin, milli mədəniyyətin təcəssümü kimi
sosial davranışı və yaradıcılığı
idarə edir. 2012-ci ildə Bakıda
keçirilmiş “Avroviziya” mahnı yarışmasında hər
iki meyil aydın nəzərə çarpırdı. Birinci yeri ingiliscə oxuyan İsveç nümayəndəsi
tutdu. İkinci yeri isə Rusiyanın Udmurtiya Muxtar
Respublikasnın Buranov rayonundan olan nənələr qrupu
qazandı. Onlar unudulmaqda olan udmurt dilində
oxuduqları mahnı ilə tamaşaçıların qəlbini
fəth etməklə yanaşı, həm də öz ana dillərini
yaxşıca reklam elədilər. Yarışmanı
televiziya kanalları vasitəsilə qitənin on miyonlarla
tamaşaçısı izləyirdi. Nəticədə
birinci meqameyil – təkdillilik üstünlük qazandı.
Ancaq, eyni zamanda, ikinci meqameyil də öz sözünü dedi,
yəni milli dildə səslənən mahnı ikinci yerə çıxdə.
Deməli, unikal, ekzotik dillərlə
(məsələn, balkanlarda 143 dil qeydə alınıb ki,
onların çoxunun adını bilmirik) vahid dil mövqeyi
qazanan qlobal ingilis dili arasındakı dilemmanı həll etmək
o qədər də asan deyildir. Avropada
böyük dillərin əksəriyyəti XIX əsrdə
geniş tədqiq olunaraq genetik cəhətdən onların
qohumluğu müəyyən edildi və bu dillər ümumi
şəkildə hind-Avropa dilləri adlandırılmağa
başladı (almanlar, adətən, bu dilləri hind-german dilləri
adlandırırlar). Dilçilik elminin qənaətinə
görə, bu dillərin daşıyıcıları tarixən
Dəclə və Fərat çayları arasından
çıxmaqla Şimala – Avropaya və Cənuba – Hindistana
yayılmışlar. Müasir dövrdə Avropa
dilçiliyi əvvəllər olduğu kimi, sözləri
semantik və formal cəhətdən müqayisə edərək
(məsələn, almanca “drei”, ingiliscə “three”, fransızca
“trois”, rusca “tri” və s.) etimoloji axtarışlarla məşğul
olmur, indi dilçiliyi dillərin mənşəyindən daha
çox onların qarşılıqlı təsiri və gələcək
perspektivi maraqlandırır və
Avropada “avroş” adlandırılan ümumi dilin gələcəyi
ilə bağlı proqnozlar verilir. Ancaq bununla yanaşı, bu
gün Avropanın istənilən ölkəsində, o
cümlədən Almaniyada geniş miqrasiya dalğası
dil müxtəlifliyini qaçılmaz edir.
Azərbaycanda
miqrasiya dalğası böyük olmasa da, ölkəmizdə
real çoxdilliliyin
şahidiyik. Bir tərəfdən
etnik qrupların dilləri (lahıc, tat, ləzgi, rutul, avar,
talış və s.), digər tərəfdən, müstəqillik
nəticəsində ölkəmizin dünya xalqları və
mədəniyyətləri ilə mədəni, siyasi, ticari,
iqtisadi və s. sahələrdə
intensiv əlaqələr
yaratması multikulturalizmin və çoxdilliliyin
genişlənməsinə gətirib çıxardı. Bizim
ölkədə miqrantların sayı ilə bağlı dəqiq
statistik məlumatımız yoxdur. Ancaq alman hökumətinin 2011-ci ilin sonlarında verdiyi rəsmi
statistikaya görə, orada 15,3 milyon miqrant
olub. Onların 6,7 milyonu alman vətəndaşlığı
olmayan əcnəbilərdir ki, öz dillərini yaşatmaqla
bərabər, alman dilini öyrənir və bu dildə
danışırlar. Təxminən 2,5-3
milyon türk, azərbaycanlı və digər türkdillilər
və qafqazlılar Almaniyada
yaşayıb fəaliyyət göstərirlər.
Keçmiş Yuqoslaviyadan gələnlər də öz dillərini
(xorvat, serb, alban və s.) qoruyub
saxlamağa çalışırlar. Mərakeşlilər,
tunislilər, berberlər və s. ərəb dilində
danışır. Bolqarlar, çexlər,
ruslar, slovaklar, ukraynalılar, beloruslar slavyan mədəniyyətinin
daşıyıcılarıdır. Buraya Şimali
Avropadan (estonlar, finlər, litovlar, latışlar,
norveçlilər), Yaxın Şərqdən (livanlı,
misirli, iraqlı, iordaniyalı, fələstinli ərəbləri,
farsları, əfqanları, pakistanlıları, çinliləri,
vyetnamlıları, yaponları, koreyalıları, filippinliləri,
tailandlıları, israilliləri, kanadalıları,
norveçliləri, isveçrəliləri,
amerikalıları və s. də əlavə etsək, burada
dil mənzərəsinin rəngarəngliyinin nə qədər
böyük olduğunun şahidi olarıq. Son məlumatlara
görə, 140-dan artıq ölkədən insanlar gəlib
AFR-də yaşayırlar. Almaniya
dünyada ən böyük sayda miqrantlar olan ölkədir.
Təbiidir ki, belə bir şəraitdə
çoxdillilik və vahiddillilik problemi cəmiyyəti dərindən
maraqlandırır.
Beləliklə, görürük ki, planetimizin dil mənzərəsi
həddindən artıq rəngarəngdir və bu gün dillərin
qarşılıqlı təsirini öyrənmək
sosiodilçiliyin mühüm vəzifələrindəndir.
Fəxrəddin VEYSƏLLİ,
filologiya üzrə
elmlər doktoru, professor
Xalq qəzeti.-
2015.- 16 iyul.- S.6.