Dünya şöhrətli alim
Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin
üzvü, akademik, geologiya-mineralogiya elmləri doktoru,
professor Fəxrəddin Əbülfət oğlu Qədirov görkəmli geofizik-alim, gözəl pedaqoq,
elmi təşkilatçı və elmi biliklərin təbliğatçısıdır.
Fəxrəddin Qədirov 1950-ci il iyul ayının 19-da Şəki şəhərində anadan olmuşdur. 1967-ci ildə orta məktəbi gümüş medalla bitirmişdir. Həmin ildə Azərbaycan Dövlət Universitetinin (hazırda Bakı Dövlət Universiteti) fizika fakültəsinə daxil olmuş və 1972-ci ildə təhsilini müvəffəqiyyətlə başa vurmuşdur. 1975-ci ilə qədər göndəriş üzrə fizika müəllimi kimi Dəvəçi (hazırda Şabran) rayonunda çalışmışdır.
Hələ tələbəlik illərində F.Qədirov elmi tədqiqat işinə həvəs göstərmiş, Tələbə Elmi Cəmiyyətinin işində yaxından iştirak etmiş, Bakı, Novosibirsk və Moskva şəhərlərində keçirilən tələbə elmi konfranslarında məruzələrlə cıxış etmişdir. Yer fizikasına olan həvəsi 1975-ci ildə F.Qədirovu AMEA Geologiya İnstitutuna gətirmişdir. 1976-1980-ci illərdə Geologiya İnstitutunun aspiranturasında təhsil almışdır.
Onun 1975-ci ildən sonrakı əmək və elmi fəaliyyəti AMEA Geologiya İnstitutu ilə bağlıdır. F.Qədirov 1981-1986-cı illərdə kiçik elmi işçi, 1986-1988-ci illərdə böyük elmi işçi, 1989-2005-ci illərdə isə “Qravimetriya” laboratoriyasının rəhbəri olmuşdur. Bu illər ərzində F.Qədirov aktual tədqiqatlarla yanaşı, elmi təşkilatçılıq qabiliyyəti ilə də tanınmış və geodinamika və seysmologiya şöbəsinin rəhbəri vəzifəsinə təyin edilmişdir. 2013-cü ildən AMEA Rəyasət Heyətinin üzvü və Yer Elmləri Bölməsinin akademik katibidir. O, AMEA-da ABŞ-ın Massaçusets Texnologiyalar İnstitutu ilə birlikdə fəaliyyət göstərən “Yer qabığının müasir hərəkətləri və geodinamik təhlükələr” adlı beynəlxalq laboratoriyaya rəhbərlik edir.
F.Qədirov 1984-cü ildə geofizika ixtisası üzrə Yerin üst mantiyasının ikitəbəqəli modelində daxili dalğaların yaranması və sərbəst düşmə təcilinin qabarmayan dəyişməsinə təsiri mövzusunda dissertasiya müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi, 2002-ci ildə isə Azərbaycanın dərinlik quruluşunun ədədi qravitasiya modelləri mövzusunda doktorluq dissertasiyası müdafiə edərək, geologiya-mineralogiya elmləri doktoru alimlik dərəcələri almışdır.
Qafqazın müasir geodinamikasının və seysmik aktivliyinin tədqiqi, zəlzələlərin paylanmasının geotektonik aspektlərinin inkişaf etdirilməsi, geoloji proseslərin fiziki mexanizmlərinin öyrənilməsi, qravitasiya sahəsinin məkan və zaman dəyişmələrinin ədədi analizi və Yer qabığı quruluşunun modelləşdirilməsi kimi problemlər onun elmi tədqiqatlarının əsas istiqamətlərini təşkil edir.
İsiedadlı alim 1998 və 2000-ci illərdə ABŞ-ın Massaçusets Texnologiya İnstitutunda elmi ezamiyyətdə olmuş və GPS tədqiqatları üçün sertifikat almışdır. Onun təşəbbüsü ilə 1998-ci ildə Azərbaycan ərazisində ilk dəfə olaraq GPS müşahidə sistemi qurulmuş və GPS texnologiyası əsasında Azərbaycan ərazisinin müasir geodinamikasının tədqiqinin əsası qoyulmuşdur. Qədirovun rəhbərliyi altında Azərbaycanda 10 ildən artıq müddətdə aparılan GPS monitorinqi nəticəsində Yer qabığının üfüqi hərəkətləri öyrənilmiş, zəlzələ təhlükəsini daha dəqiq dəyərləndirmək üçün deformasiya enerjisinin akkumulyasiya qanunauyğunluqları müəyyənləşdirilmiş, Qafqaz blokunun saat əqrəbi əksinə dönməsi və Azərbaycan ərazisinin geodinamik şəraitinə təsiri tədqiq olunmuş, Abşeron yarımadasının cənub hissəsinin şərqə tərəf hərəkət etməsi və intensiv Yer qabığı qısalmalarının sürəti və baş verdiyi ərazilər müəyyən edilmiş və bütün bunların seysmik proseslərdəki rolu aydınlaşdırılmışdır. İlk dəfə olaraq Azərbaycanın neftli-qazlı ərazilərinin çöküntü təbəqələrindəki qravitasiya tarazlığı proseslərini nəzəri olaraq öyrənmiş və burada konveksiya axınının mümkünlüyünü göstərmiş, palçıq vulkanları quruluşunun qravitasiya və aktivləşmə mexanizmi modelini vermişdir. F.Qədirov Qafqaz-Xəzər regionunun litosfer quruluşunun 3D qravitasiya modelini hazırlamış və qırılmaların səth və dərinlik paylanmasını öyrənmişdir. Onun təcrübi və nəzəri tədqiqatları nəticəsində Cənubi Xəzər hövzəsində Moho sərhədi altında sıxlığı böyük olan təbəqənin olduğu müəyyən edilmiş və bu təbəqənin regionun geodinamikasındakı rolu öyrənilmişdir. Azərbaycanın geodinamik poliqonlarında qravitasiya sahəsinin zaman variasiyalarının qanunauyğunluqları müəyyənləşdirilmişdir. Qravitasiya anomaliyaları əsasında strukturların neft və qazlılıq perspektivliyinin ədədi analiz metodu hazırlanmış və Azərbaycanın neftli və qazlı ərazilərinə tətbiq edilmişdir.
F.Qədirov 2007-ci ildə geofizika ixtisası üzrə AMEA-nın müxbir üzvü, 2014-cü ildə isə həqiqi üzvü seçilmişdir.
Akademik F.Qədirov respublikanın beynəlxalq aləmdə tanınmış geofiziklərindəndir. O, ABŞ Mülki Araşdırmalar Mərkəzinin qrant proqramları çərçivəsində iki layihənin rəhbəri və iki layihənin əsas icraçısı olmuşdur. Massaçusets Texnologiya İnstitutu ilə birlikdə aparılan “Aralıq dənizi və Qafqaz regionunun müasir kinematikası və dinamikası” beynəlxalq elmi layihəsində Qafqaz üzrə tədqiqatların koordinatorudur. O, həm də Massaçusets Texnologiya İnstitutu və AMEA Geologiya İnstitutunun ABŞ elm fondunun dəstəyi ilə apardığı “Ərəbistan – Avrasiya kolliziya zonasının dinamikası” mövzusunda elmi işin rəhbərlərindən biridir. 9 beynəlxalq elmi-tədqiqat layihəsinin rəhbəri olmuşdur. Elmi fəaliyyəti dövründə onun 1 monoqrafiyası, 150-dən çox elmi məqaləsi çap olunmuşdur. 5 monoqrafiyanın və Xəzər regionunun qravitasiya xəritəsinin həmmüəllifidir. ABŞ və Avropada keçirilən beynəlxalq elmi konfranslarda dəfələrlə Azərbaycanı müvəffəqiyyətlə təmsil etmişdir.
Akademik F.Qədirov Azərbaycan Milli Elmlər Akademiyasının Türkiyə Cümhuriyyəti Öyrətim Kurulu ilə imzaladığı qarşılıqlı elmi əlaqələr protokolu çərçivəsində 1992-1995-ci illərdə Atatürk Universitetinin Zəlzlələ Araşdırma Mərkəzində, 1996-1998-ci illərdə isə Qara dəniz Texniki Universitetinin geofizika mühəndisliyi bölümündə professor vəzifəsində çalışmışdır. Hazırda pedaqoji fəaliyyətini Bakı Dövlət Universitetinin seysmologiya və Yer təkinin fizikası kafedrasında “Yer fizikası”, “Qravimetrik kəşfiyyat” və “Qravimetrik məlumatların geoloji interpretasiyası” fənlərindən dərs deməklə davam etdirir. BDU-nun seysmologiya və Yer təkinin fizikası kafedrasının Geologiya və Geofizika İnstitutundakı filialına rəhbərlik edir.
F.Qədirovun Azərbaycanda və Türkiyə Cümhuriyyətində yüksək ixtisaslı elmi kadrların hazırlanmasında böyük əməyi vardır. Onun elmi rəhbərliyi ilə Azərbaycanda 12 elmlər namizədi və 2 elmlər doktoru hazırlanmışdır. Tələbələrindən Yer elmləri üzrə fəlsəfə-doktoru Rafiq Səfərov 2014-cü ildə elm sahəsində gənclər üçün Prezident mükafatına layiq görülmüşdür.
F.Qədirov dünyanın bir sıra qabaqcıl mərkəzləri ilə elmi əməkdaşlıq edir. ABŞ-ın Massaçusets Texnologiya İnstitutu, Cənubi Karolina Universiteti, Yuta Universiteti, Almaniyanın Jena Universiteti, Fransanın Mariya Küri Universiteti, Rusiya EA-nın Yer Fizikası İnstitutu və s. bunlara misal ola bilər. O, bir sıra qrant layihələri çərçivəsində dünyanın qabaqcıl elm mərkəzləri ilə əməkdaşlığı sayəsində ən qabaqcıl elmi texnologiyaların respublikada tətbiq edilməsinə nail olmuşdur. F.Qədirovun fundamental və təcrübi tədqiqatlarının nəticələri bir çox beynəlxalq konfranslarda (ABŞ, İtaliya, Almaniya, Fransa və s.) elmi ictimaiyyətə təqdim olunmuş və beynəlxalq jurnallarda çap olunmuşdur. Bu nəticələrin bir çoxu müxtəlif illərdə keçmiş SSRİ və Azərbaycan Elmlər akademiyalarının ən mühüm elmi nəticələri sırasında öz layiqli yerini tutmuşdur.
Akademik F.Qədirov respublikanın elmi-təşkilati həyatında da fəal iştirak edir. O, 2005-ci ildən Azərbaycan Respublikası Prezidenti yaninda Ali Attestasiya Komissiyasının Geologiya İnstitutunda fəaliyyət göstərən D 01.081 saylı dissertasiya şurasının geofizika seminarına rəhbərlik etdir. Hazırda o, AMEA -nın “Xəbərləri” Yer Elmləri Seriyası jurnalın baş redaktorunun müavini, AMEA-nın Xəbərlər məcmuəsinin, “Geologiya İnstitutunun əsərləri” və “Azərbaycanda geofizika yenilikləri” elmi-texniki jurnallarının redaksiya heyətinin və Azərbaycan Milli Geofizika Komitəsi İdarə Heyətinin üzvüdür. O, Azərbaycan Respublikası Ensiklopediyasının Yer elmləri sahəsi üzrə müəlliflərindən biridir. Fəxrəddin müəllim “Nüvə sınaqlarının hərtərəfli qadağan olunmasına nəzarət təşkilatı”nın (CTBTO) Azərbaycan Milli Məlumat Mərkəzinin işinə də rəhbərlik edir.
F.Qədirov bir sıra elmi cəmiyyətlərin, o cümlədən Avropa Geoloq-Alim və Mühəndislər Assosiasiyasının (EAGE), Amerika Geofiziklər İttifaqının (AGU), Amerika Neftçi-Geoloqlar İttifaqının (AAPG) üzvüdür.
Akademik F.Qədirov özünü tamamilə elmə və Yer haqqında biliklərimizin genişlənməsinə həsr etmiş alimlərdəndir. O, istər yüksək professionallığı, istər insani keyfiyyətlərinə görə nəinki Azərbaycanda, eyni zamanda, beynəlxalq elm aləmində də hörmət qazanmışdır.
Görkəmli alim və ziyalı F.Qədirovu 65-illik yubileyi münasibətilə təbrik edir, ona yeni yaradıcılıq nailiyyətləri və cansağlığı arzulayırıq.
İbrahim QULİYEV,
AMEA -nın
vitse-prezidenti, akademik
Xalq qəzeti.- 2015.-
17 iyul.- S.9.