Ağdamın ağ günləri uzaqda
deyil
Ağdamın
işğalından 22 il keçir
Məlumat-
sorğu qaynaqlarında göstərilir ki, Ağdam rayonu
inzibati vahid kimi 1930-cu ildə yaradılıb. Sahəsi 1094
kvadratkilometr olan rayonun relyefi əsasən düzənlik, qismən
dağlıqdır. Ağdam rayonu Azərbaycanın qədim,
füsunkar təbiətli torpağı olan Qarabağın mərkəzində Qarabağ dağ silsiləsinin
şimal-şərq ətəklərində, Kür-Araz
ovalığının qərbində yerləşir.
Gözəl
Qarabağın ürəyi sayılan Ağdamın qədim
tarixi abidələri minillik keşməkeşli illərdən
keçərək bu günə qədər gəlib
çatmışdır. “Ağdam” sözü qədim
türk dilində “kiçik qala” deməkdir. Uzaq
keçmişdə bu ərazidə yaşamış
türkdilli qəbilələr özlərini müdafiə
etmək üçün əsasən kiçik qalalar tikirdilər.
Zaman keçdikcə bu adın mənası dəyişib.
XVIII əsrin birinci yarısında Qarabağ
xanlığının əsasını qoyan Pənahəli
xan bu şəhərdə özü üçün ağ
daşdan imarət tikdirib. Həmin tikili uzaqdan diqqəti cəlb
edən bəyaz görkəmi ilə gəlib-gedənlərə
bələdçilik edib. Bu mənada
“ağdam” işıqlı, ağ ev deməkdir.
Orta əsrlərin
saysız- hesabsız müharibə və çəkişmələri
rayon ərazisində insan əli ilə yaradılan hər
şeyi dəfələrlə yer üzündən silsə də,
əhali doğma torpağından didərgin salınsa da, bu yerin insanları ulu yurda
qayıdıb həyat estafetini davam etdirmişlər. Sonuncu dəfə
Nadir şahın qəzəbinə düçar olub İran
səhralarına sürgün edilən əhali “Aləm cənnətə
dönsə, yaddan çıxmaz Qarabağ” harayında
toparlanaraq geri dönmüş, Ağdam ərazisində yeni və
güclü Qarabağ xanlığını
ucaltmışlar.
Rus
işğalından sonra daimi yaşayış yeri olaraq
adı 1828-ci ildə rəsmiləşdirilən Ağdam
Şuşa qəzasının Aran Qarabağda ən
böyük məntəqəsi kimi sürətlə
böyümüşdür. Dağlıq Qarabağda erməni
muxtariyyəti yaradılandan sonra Şuşanın itirilməkdə
olan regional milli- mədəni mərkəz
rolu tədricən Ağdama keçmişdir. Rayonun
işğalından əvvəl burada 54 tibb müəssisəsi,
79 mədəniyyət ocağı fəaliyyət göstərirdi.
Xalqımıza məxsus “Ağ
günə çıxasan”, “günün ağ olsun” kimi
alqışlar Ağdamda həmişə xüsusi ahəng və
iltifatla səslənmişdir. Ərazidəki nənəng
Şahbulaq əhəng daşı yatağından kəsilən
ağappaq mişar daşından salınmış
yaraşıqlı Ağdam şəhəri, abad və böyük kənd- qəsəbələr
əsrlər boyu mövcud olmuş “qara dam”ların yerində yurd sevgili insanların dilində-
ağızında yaşayan “ağ gün” arzularının
timsalı kimi nəhəng bir “ağ dam” mənzərəsi
yaratmışdı. Ötən əsrin bir- birindən
uğurlu gələn quruculuq illəri zəhmətlə
torpağın ülfətindən bolluq yaradan
ağdamlıları bu “ağ dam”larda ağ günlərə
qovuşdurmuşdu.
Sonuncu sovet rəhbər Qorbaçovun bədnam “yenidənqurması” dalğalarında erməni separatçılığı daxili və xarici havadarların fitnəsi ilə baş qaldıranda Ağdamın ağ günlərdən soraq verən ağ görkəmli yaşayış məntəqələrinin də başının üstünü qara buludlar aldı. Qəzəblənib xain və namərd ermənilərin üstünə sel kimi, yel kimi gedən ağdamlıların qarşısı odlu qurşunla kəsiləndən sonra geri dönüb qeyrət silahına sarılan insanlar münaqişə kəskinləşib qanlı toqquşmalara keçənədək yalın əllə özlərini və Dağlıq Qarabağdan qovulan soydaşlarımızı qorudular.
Alovlanmış Qarabağ müharibəsində hamılıqla iştirak edən rayon əhalisi döyüşlərdə ölkə üzrə həlak olanların üçdə biri qədər— 6 min şəhid verdi. 14 ağdamlı Milli Qəhrəman adına layiq görüldü. Lakin ermənilərin arxasında dayanan xarici hərbi- siyasi dairələr və hakimiyyət davasından qaynaqlanan gözəgörünməz xəyanətlər serialı igid oğullarımızın hünərini heçə endirdikcə Ağdam da Şuşa, Laçın, Kəlbəcər kimi uduzduruldu.
Nəhayət, 1993-cü il iyulun 23-də respublikanın ən böyük region şəhərlərindən olan Ağdam və ətraf yaşayış məntəqələri düşmənin əlinə keçdi. Ağ günlərin nəhəng ağ göyərçininə bənzəyən Ağdam kürəyindən vuruldu, ağ sinəsi qana bələndi. Rayon ərazisinin üçdə iki hissəsinin üstünə qara pərdə çəkildi. Qara donlu, qara niyyətli yağı Ağdamın on minlərlə ağ evini yağmaladı, ağ donlu el- obalarımızı oda qalayıb qapqara xarabazara çevirdi...
Ağ günlərinin üstünə qara yağmurlar yağmış ağdamlıların əli həmin günlərdə xalqın tələb və hökmü ilə hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyevin əlinə yetişəndən sonra yeni ağ günlərə dönüşün əsası qoyuldu. Qısa müddətdə rayon ərazisində etibarlı müdafiə səddi yaradıldı. Zəruri kommunikasiyalar bərpa edildi. Ev- eşiyindən perik düşmüş 100 minədək əhali hissə- hissə öz ev- eşiyinə qaytarıldı. Son illərdə Prezident İlham Əliyevin xoş məramı ilə rayon ərazisində müasir qəsəbələr salındı, ağır şəraitdə yaşayan on minlərlə ağdamlı məcburi köçkünün qara günlərinə son qoyuldu. Ağdamın yeni ağ günlərinə işıq salan ümid çırağı yandırıldı.
Dirçəldilən və inkişaf etdirilən təsərrüfatlarda indi əhali özünə lazım olandan da artıq məhsul hasilə gətirir. Cəbhəyanı bölgənin ağ evləri əvvəlkindən də yaraşıqlı və işıqlıdır. Rayonun yeni mərkəzi kimi qurulan, abadlaşdırılan və böyüyən Quzanlı qəsəbəsində yaradılan zəruri xidmətlər və rahatlıqlar adamların ağdamlı günlərinin kədər və həsrətinin üstünə məlhəm qoyur, yeni ağ günlərdən soraq verir. Quzanlı qəsəbəsinin yeni giriş qapısı kimi ötən il rayonun yeni icra hakimiyyəti başçısı Raqub Məmmədovun təşəbbüsü və rəhbərliyi ilə salınmş bir kilometrdən uzun yaraşıqlı xiyabanı ağdamlılar, haqlı olaraq, Ağdama qayıdışın “start meydançası” adlandırırlar.
Burada Ağdamın ağ günlərinin unudulmaz nişanəsi olan, vaxtilə hind- çin üslübunda ucaldılmış məşhur “Çay evi”nin oxşarının yaradılması isə düşmənə ciddi bir mesajdır: “Ağdama gedən yolun start meydançasında ucalan bu arzular- diləklər peyki Ali Baş Komandan İlham Əliyevin hücum düyməsini basması ilə uçub ağdamlıları Ağdama yetirəcək!”
Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədovla rayonun işğalının ildönümü ərəfəsində görüşüb, son vaxtlar hasilə gətirilmiş yeniliklərlə yerindəcə tanış olandan sonra, rayona qayıdışa çağırış tribunası kimi ucalan yeni “Çay evi”nin qarşısına gəldik. Bu yaraşıqlı memarlıq nümunəsi, həqiqətən, ən incə elementlərinə qədər Ağdamda yağının, onlara çox dərslər vermiş ağdamlılardan qisas alırmış kimi, oda qalayıb məhv etdiyi nadir tikilinin eynidir. Ağdamlılar düşmənin sonsuz kin-qəzəblə yox etdiyi “Çay evi”nin oxşarını yaratmaqla ona bir daha çatdırdılar ki, Ağdam 22 il əvvəl olduğu kimi, yenə də olacaq. Yeni “Çay evi” isə bu böyük həqiqətin kiçik, lakin ibrətli bir nişanəsidir.
Başçı bu mətləbləri açıqlayandan sonra ağdamlıların yurda qayıdış missiyasının indiki start vəziyyətinə gətirilməsi yolunda son 22 ildə görülmüş irimiqyaslı işlərin birmənalı olaraq ulu öndər Heydər Əliyevin və onun layiqli davamçısı Prezident İlham Əliyevin adı ilə bağlı olduğunu söylədi. Müsahibimiz bildirdi ki, Ağdama boş əllə qayıtmaq mümkün olmadığından təsərrüfat, quruculuq, xidmət sahələrində nailiyyərlər nəinki ildən- ilə, həftədən- həftəyə, hətta gündən- günə artırılır. Ölkəmiz ötən illərdə düşməni dinc yolla, inkişaf və tərəqqi ilə çox geridə qoymaqla məğlub vəziyyətinə gətirmişdir. Bu yaxınlarda Nazirlər Kabinetinin iclasında möhtərəm Prezidentimiz İlham Əliyevin dediyi kimi, bir düyməni basmağımızla düşmənin daşı- daş üstündə qalmaz.
Rayon rəhbəri ilə görüşümüz həm də bu ilin 6 ayının sosial-iqtisadi uğurlarına yekun vurulduğu vaxta təsadüf etdiyindən çay süfrəsi arxasında davam edən söhbətdə başçının hesabatının diqqətçəkəın məqamlarını dəftərçəmizə qeyd etdik.
Hesabatda göstərilir ki, 2014- 2018-ci illərdə rejionların sosial-iqtisadi inkişafı dövlət proqramında Ağdam rayonu üzrə 14 tədbirin icrası nəzərdə tutulmuşdu. Hazırda 12 tədbir icra olunur. Proqramın icrası olaraq, rayonda ilin 6 ayında 820 yeni iş yeri açılmışdır, bunun 376-sı daimi, 444-ü mövsümüdür.
Rayon üzrə ilin birinci yarısında ümumi məhsul istehsalının həcmi 55,7 milyon manat olmuşdur. 6,4 milyon manatlıq sənaye məhsulu buraxılmışdır. Kənd təsərrüfatı istehsalının həcmi 38,8 milyon manat, ticarət dövriyyəsi 6,2 milyon manat, informasiya və rabitə xidməti 151 min manat olmuşdur. Nəqliyyat və anbar təsərrüfatında 481 min manatlıq xidmət göstərilmişdir.
Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə dövlət proqramının və həmin sənədə əlavələrin icrası ilə əlaqədar Ağdam rayonu üzrə 32 tədbirin icrası nəzərdə tutulmuşdur. Ondan 18 tədbir icra edilmiş, 5 tədbir icra olunur, 9 tədbir isə icrasını gözləyir.
2015-ci ilin birinci yarısında rayonda tikinti, abadlıq, quruculuq sahəsində işlər davam etdirilmişdir. Heydər Əliyev prospektinin Ağcabədi rayonundan giriş hissəsindəki işlər başa çatdırılmış, prospektin hər iki tərəfinə qazon, bəzək ağacları və güllər əkilmiş, suvarma sistemi ilə təmin olunmuşdur.
Quzanlı qəsəbəsində “Çay evi”, Avtovağzal, müasir tipli “Ağdam OİL” yanacaqdoldurma məntəqəsi, mini futbol meydançası, Təzəkənd qəsəbəsində poçt şöbəsi binası, Əfətli kəndində Böyük Vətən müharibəsi iştirakçılarnın və Qarabağ müharibəsi şəhidlərinin xatirə kompleksi istifadəyə verilmişdir. Evoğlu kəndində 100 yerlik uşaq bağçası istifadəyə tam hazırdır. İmamqulubəyli kəndində bulaq kompleksi və istirahət zonası salınır.
Heydər Əliyev Mərkəzinin daha yaraşıqlı və böyük binasının tikintisinə başlanmışdır. Bu müasir memarlıq nümunəsinin ilin sonuna kimi istifadəyə verilməsi nəzərdə tutulmuşdur. Quzanlı qəsəbəsində Kənd Təsərrüfatı İdarəsinin, 360 şagird yerlik məktəbin, mərkəzi aptekin tikintisi, Xındırıstanda musiqi məktəbinin, Çəmənlidə uşaq bağçasının , Üçoğlanda xəstəxananın təmiri davam etdirilir.
Magistiral avtomobil yollarında 273 min manatlıq təmir və saxlama işləri aparılmışdır. Kəndarası və qəsəbədaxili yolların təmiri üçün də bir sıra tədbirlər görülmüş, İmamqulubəyli kəndində 2 kilometr yola asfalt döşənmiş, Quzanlı qəsəbəsində bir küçənin asfaltlaşdırılması başa çatdırılmışdır.
Başçı daha sonra dedi ki, Prezident İlham Əliyevin tapşırığı ilə hər bir rayonda sənaye məhəlləsi yaradılmalıdır. Biz də bu sahədə işi təşkil etmək üçün şirkətlə əlaqə yaratmış, gələcəkdə 300-350 nəfərin işləyəcəyi sənaye məhəlləsinə torpaq sahəsi ayırmışıq. Artıq obyektin layihə-smeta sənədləri hazırlanmış və tikintiyə başlanmışdır.
Yaşıllıqların salınması və onlara xidmət işi daim diqqət mərkəzində saxlanılmış, bu il 50 mindən çox müxtəlif növ ağac əkilmiş və onların suvarılması üçün xəttlər çəkilmişdir. Eyvazlı kəndində yaradılmış şitillik sahəsində işlərin genişləndirilməsi üçün tədbirlər görülür.
Əhalinin problemlərinin həlli, həyat şəraitinin yaxşılaşdırılması, fasiləsiz elektrik enerjisi, təbii qaz və su ilə təminatının ödənilməsi, onlara göstərilən xidmətlərin genişləndirilməsi və keyfiyyətinin yüksəldilməsi üçün 2015-ci ilin birinci yarısında müəyyən tədbirlər hazırlanıb həyata keçirilmişdir.
Rayonda içməli və suvarma suyuna olan tələbatın ödənilməsi üçün bir sıra tədbirlər görülsə də, bu sahədə çatışmazlıqlar həllini gözləyir.
Yaşayış məntəqələrində rabitə xidmətinin genişləndirilməsi, keyfiyyətinin yaxşılaşdırılması üçün Quzanlı, İmamqulubəyli, Birinci Baharlı, Qasımbəyli qəsəbələrində texniki işlər aparılmışdır. Ümumilikdə, 356 nömrəlik telefon və internet xətti çəkilmiş, onlardan 56 felefon və 54 internet istifadəyə verilmişdir. İmamqulubəyli qəsəbəsində quraşdırılmış 128 nömrəlik EATS-in daxili xətt şəbəkəsi istifadəyə verilmişdir. Birinci Baharlı qəsəbəsində 256 nömrəlik EATS-in 128 nömrəlik şəbəkəsində telefon çəkilişi aparılır. Mərkəzdə daxili xətt şəbəkəsinin 100 nömrəlik genişləndirilməsi işi tam başa çatdırılmışdır.
Rayonda sahibkarlığın inkişaf etdirilməsinə xüsusi fikir verilir. 6 ayda 376 nəfər fiziki, 7 nəfər isə hüquqi şəxs qeydiyyatdan keçmişdir. Onlar biznesin xidmət, ticarət və emal sahəsi ilə məşğul olurlar. Rayonda əhalinin maddi rifahını yaxşılaşdırmaq, məhsul bolluğu yaratmaq üçün sahibkarlara əlverişli şərait yaradılmışdır. Məhsul istehsalında özəl sektorun xüsusi çəkisi 84 faiz, dövlət sektorunda isə 16 faiz təşkil edir.
Rayonda kriminogen vəziyyət sabitdir.
Gənclərin həqiqi hərbi xidmətə göndərilməsi 2015-ci ilin birinci yarımilində müvəffəqiyyətlə yerinə yetirilmiş, 322 nəfər gənc hərbi xidmətə göndərilmişdir. 2015-cü ilin birinci yarımilində Silahlı Qüvvələrin Yardım Fonduna 142 min 400 manat vəsait keçirilmişdir.
Bütün sahələrlə yanaşı, aqrar sahənin inkişafı xüsusilə diqqət mərkəzində saxlanılmış, kənd əhalisinə öz pay torpaqlarından səmərəli istifadə etmələri üçün rayonun daxili imkanları hesabına köməklik olunmuş, “Aqroservis” müəssisəsinin vasitəsilə güzəştli qiymətlə gübrələrin alınıb torpaq mülkiyyətçilərinə verilməsi təmin edilmişdir. Torpaq istifadəçilərinə ötən 6 ay ərzində güzəştli qiymətlə 61 ton gübrə satılmışdır.
Rayonun ərazisində 14780 hektar sahədə buğda, 3047 hektar sahədə arpa əkilib aqrotexniki qaydada becərilmişdir. Taxıl biçininin vaxtında və itkisiz başa çatdırılması məqsədilə mövcud texnika, xüsusilə taxılbiçən kombaynlar tam səfərbər olunmuşdur. 17827 hektar taxıl sahəsindən 56183 ton məhsul istehsal edilmiş, məhsuldarlıq 31,5 sentnerə çatdırılmışdır. 2534 hektar tərəvəz sahəsindən 11000 ton məhsul istehsal edilmişdir. 450 hektardan 7560 ton kartof, bağlardan 320 ton meyvə yığılmışdır.
Ötən dövrdə iri mal 1037 baş artraq 39183-ə, qoyunlar 349 baş artaraq 105430-a çatmışdır. Ət istehsalı 46 ton artaraq 1722, süd 196 ton artaraq 13780 ton olmuşdur.
2015-ci ilin 6 ayında rayonun qəsəbə və kəndlərinin sosial-iqtisadi inkişafında, abadlıq-quruculuq işlərində və yerli əhəmiyyətli məsələlərin həlli istiqamətində ayrı-ayrı bələdiyyələr tərəfindən xeyli işlər görülmüşdür. Əhmədağalı, Çəmənli bələdiyyələri qeyri - hökumət təşkilatları ilə apardıqları layihələr əsasında ərazilərində yolların əsaslı şəkildə təmir olunmasına və aztəminatlı ailələrə birdəfəlik maddi yardımın verilməsinə nail olmuşlar. Üçoğlan, Alıbəyli, Təzəkənd, Quzanlı, Xındırıstan, Qaradağlı və Sarıcalı bələdiyyələri yolların təmiri, kəndarası ərazilərin zibilliklərdən təmizlənməsi və qəbiristanlıqların abadlaşdırılması sahəsində müəyyən işlər görmüşdür. “Bir bələdiyyə azı bir layihə” təşəbbüsü çərçivəsində 14 bələdiyyənin hər birində 2015-ci ilin 6 ayında həyata keçirilmiş layihələr müzakirə edilmiş və gələcəkdə nəzərdə tutulmuş məsələlər planlaşdırılmışdır.
Rayonun ərazisində kənd təsərrüfatı sahəsində aparılan işlər təhlil edilmiş, müəyyən olunmuşdur ki, ərazidə kooperasiyaların, iri fermer təsərrüfatlarının torpağın analizi laboratoriyasının, ət kombinatının, quşçuluq fabrikinin, taxıl terminalının, soyuducu anbarın yaradılmasının artıq vaxtı çatmışdır.
Köçkün əhali ölkəmizin 60-dək şəhər və rayonunda müvəqqəti məskunlaşmışdır. Onların 50 min nəfərə qədəri hazırda rayonun yaşayış məntəqələrində məskunlaşmışdır. Rayonun ərazisində tikilmiş 18 köçkün qəsəbəsində 6986 ailə, 28085 nəfər məcburi köçkün yaşayır. Ergi ərazisində hazırda 348 məcburi köçkün ailədə 1352 nəfər var.
Sonda Raqub Məmmədov bildirdi:
– Sosial-iqtisadi inkişaf sahəsində ilin sonuna qədər görüləsi işlərimiz çoxdur. Problemlərin həlli üçün lazımi tədbirlər görməli, tikinti, quruculuq, abadlaşdırma və yaşıllıqlara xidmət sahəsindəki işlərimizi, əhalimizin həyat şəraitinin, məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün işləri davam etdirməliyik.
İlin sonuna kimi Heydər Əliyev Mərkəzinin yeni binasının tikintisini başa çatdırmalı, Heydər Əliyev Parkının yenidən qurulmasına, Ağdam Rayon İcra Hakimiyyətinin və YAP rayon təşkilatının inzibati binalarında yenidənqurma işlərinə başlamalıyıq.
Quzanlı qəsəbəsində 2000 məcburi köçkün ailəsi üçün yeni qəsəbənin salınmasına, 29 min nəfər əhalinin yaşadığı 1 qəsəbəni, 10 kəndi və 3 məcburi köçkün qəsəbəsini birləşdirən 25,3 kilometr uzunluğunda Quzanlı-İmamqulubəyli-Orta Qərvənd-Xındırıstan avtomobil yolunun tikintisinin plana salınmasına nail olmalıyıq.
Ağdamlılar Prezident İlham Əliyevin ətrafında daha sıx birləşərək bundan sonra da rayonumuzun sosial-iqtisadi inkişafı üçün bütün qüvvə və imkanları səfərbər edəcəklər.
Ağdama səfərimizin yekun qənaəti isə bu oldu ki, ağdamlılar 22 il əvvəl itirdikləri ağ günləri hissə- hissə geri qaytarmağa nail olmuşlar. Onlar bununla Ağdamlı günlərin astanasına gəlib çıxmışlar. Ağdamın yeni ağ günləri o qədər də uzaq deyil.
Tahir AYDINOĞLU,
Ziyəddin SULTANOV,
“Xalq qəzeti”
Ağdam— Bakı
Xalq qəzeti.- 2015.- 23 iyul.- S.6.