Qafar CƏBİYEV: Azərbaycan arxeoloji
araşdırmalar
aparmaq üçün zəngin abidələr
diyarıdır
24 iyul
Ümumdünya Arxeologiya Günüdür
İlk arxeoloqun kim olduğu məlum
deyil, ancaq həmin insanın keçmiş haqqında elmin əsaslarını
qoyduğu şübhəsizdir. Məhz arxeoloq uzaq və
yaxın “dünən”nin izlərinə işıq salır,
onun əməyi sayəsində bu günü və uzaq
keçmişi anlamaq imkanımız yaranır. Bu reallıq da
hər keçən gün özünü daha qabarıq
göstərir. Hər il iyulun 24-də
keçirilən Ümumdünya Arxeoloqlar Günü ərəfəsində
tanınmış arxeoloq, Ağsu arxeoloji
ekspedisiyasının rəhbəri, tarix elmləri doktoru Qafar
Cəbiyevlə görüşdük, qədim və zəngin
tariximizi işıq üzünə çıxarmış
arxeoloji fəaliyyətlər haqqında fikir mübadiləsi
apardıq və bizi maraqlandıran suallara cavab almağa
çalışdıq.
– Qafar müəllim,
demək olarmı ki, son illərdə Azərbaycan arxeologiya
elmi özünün intibah dövrünü yaşayır. Və
əgər belədirsə bu irəliləyişi dövlət
tərəfindən göstərilən qayğı və
diqqətin bəhrəsi kimi qiymətləndirmək
olarmı?
– Azərbaycanda arxeoloji tədqiqatların ötən əsrin 20-ci illərində başlandığı məlumdur. Sonrakı illərdə də aparılan tədqiqatların sistemsiz olduğunu qeyd etmək istəyirəm. Daha dəqiq desək, ölkə ərazisində hansısa maddi-mədəniyyət nümunələri aşkar edilərkən həmin tədqiqat yerinə qısa müddətə mütəxəssislər göndərilirdi. Ona görə də, ötən əsrin 50-ci illərinədək Azərbaycan alimləri ölkə ərazisində əhatəli, geniş və sistemli araşdırmalar aparmamışdılar. Burada ikinci amil həmin dövrdə Azərbaycanda milli kadrların da olmaması idi. O dönəmdə Albaniya tarixinin öyrənilməsi sahəsindəki müəyyən boşluqların olması da məhz bu amil ilə bağlıdır. Ona görə də, ötən əsrin 40-cı illərinədək Moskvada Albaniya tarixi ilə bağlı nəşrlər azərbaycanlı mütəxəssislərin iştirakı olmadan yazılmışdı. Məsələn, həmin dövrdə Moskvada SSRİ tarixinə dair ümummiləşdirici əsərlər yazılanda Albaniya bölməsini işləməyi üzdəniraq qafqazşünas S.Yeremyan da Albaniya tarixini xalis erməni kimi yazmış, faktları çox ciddi şəkildə saxtalaşdırmışdı. Yalnız ötən əsrin 50 -ci illərindən sonra Azərbaycan ərazilərində, ilk növbədə Şamaxı, Gəncə, Qəbələ və Beyləqanda nisbətən əhatəli işlər görülməyə başlanılmışdı. Mingəçevirdə aparılan arxeoloji tədqiqatlar nəticəsində tariximiz üçün çox mühüm əhəmiyyət kəsb edən maddi-mədəniyyət nümunələri aşkar edilmişdi. Həmin materialların bazasında da albanşünaslıq məktəbi formalaşmışdı.
Uzun müddət azərbaycanlı arxeoloqlar əvvəlcə Tarix Muzeyinin nəzdində fəaliyyət göstərən şöbələrdə çalışmışdılar. Sonra Tarix İnstitutunun nəzdində olan bir-iki şöbədə cəmləşmişdilər. Eyni sözlər etnoqraflara da aiddir. Yalnız ümummilli lider Heydər Əliyevin qayğısı nəticəsində Tarix İnstitutunda Arxeologiya və etnoqrafiya bölməsi yaradılmışdı. Mən həmin bölmədə aspirant olmuşam. Orada arxeologiyanın bir çox sahəsinə aid şöbələr fəaliyyət göstərirdi. Sonra həmin baza əsasında Arxeologiya və Etnoqrafiya İnstitutu yaradıldı və indi bu institut AMEA sistemində ən böyük elmi-tədqiqat müəssisələrindən biri hesab olunur. Hazırda həmin institutda çox sayda mütəxəssis çalışır. Daş dövründən tutmuş yeni dövrə aid olan bütün sahələr tədqiq olunur. Hər il 40-a yaxın arxeoloji ekspedisiya fəaliyyət göstərir. Hazirda bir sıra regionlardakı abidələrdə davamlı işlər görülür. Məsələn, uzun illərdir Albaniyanın ilk paytaxtı olan Qəbələ öyrənilir. Bu gün Qəbələdə bir neçə ekspedisiya çalışır. Tədqiqatlarda Cənubi Koreyadan gəlmiş alimlər də iştirak edirlər. Şəmkirdə böyük tədqiqat işləri aparılır. Naxçıvan ərazisində bir neçə ekspedisiya fəaliyyət göstərir. Quba-Xaçmazın antik və orta əsrlər abidələri tədqiq olunur. Tovuz rayonu ərazisində regionun çox mühüm yeni abidələrindən biri Göytəpə arxeoloji kompleksi aşkar edilmişdir. Qeyd etmək vacibdir ki, cənab Prezident İlham Əliyev həmin ərazidə Arxeoloji park yaradılması barədə sərəncam imzalamışdır. Hazırda Bərdə rayonu ərazisində də arxeoloqlarımız çalışırlar. Bir sözlə, bu gün Azərbaycanın bütün ərazilərində tariximiz üçün əhəmiyyət kəsb edən fəal arxeoloji tədqiqatlar aparılır.
Xüsusilə bildirmək istəyirəm ki, Azərbaycan dövlət büdcəsindən hər il arxeoloji tədqiqatlar aparmaq üçün kifayət qədər vəsait ayrılır. Son illər ölkə Prezidenti tərəfindən bir neçə dəfə bu sahəyə əlavə vəsait ayrıldığını da diqqətinizə çatdırmaq istəyirəm. Sözsüz ki, bu vəsaitlərin ayrılması arxeoloji tədiqatların daha geniş miqyasda aparılması prosesinə müsbət təsir göstərir. Bilirsiniz ki, çöldə işləmək üçün fəhlə, texnika, avadanlıq və görülmüş işlərin analizi üçün vəsaitlər tələb olunur. Bu mənada cənab Prezidentin qayğısı və diqqəti arxeoloqların işini çox yüngülləşdirdi. Əvvəllər çox əziyyət çəkirdik. Arxeoloji tədqiqatlar aparmaq üçün zəruri vəsait yox idi. Ancaq indi vəsait problemi yoxdur. Allaha şükür, Azərbaycanda digər sahələrdə müşahidə olunduğu kimi, arxeologiya sahəsində də inkişaf göz qabağındadır. Dövlətin qayğısı o həddə çatmışdır ki, ölkə hüdudlarından kənarda da bu, çox aydın hiss olunur. Məsələn, artıq neçə illərdir amerikalı alimlər, almanlar, fransızlar, yaponlar, gürcülər, rusiyalılar azərbaycanlı mütəxəssislərlə birlikdə arxeoloji tədqiqatlarda iştirak edirlər.
– Bəs əcnəbi
mütəxəssisləri Azərbaycana gəlməyə
hansı amillər vadar edir?
– Burada
bir neçə məqam var. Birincisi, Azərbaycan sabit, rahat ölkədir . Xarici mütəxəssislər
Azərbaycanda maneəsiz işləyəcəklərinə əmindirlər.
İkincisi, Azərbaycan dünyaya açıq
ölkədir. Məsələn,
hansısa başqa ölkəyə getmək istəyən
zaman müxtəlif maneələr olur, həmin alimlərin
ölkə ərazisinə buraxılıb-buraxılmaması ətrafında
götür-qoy edilir. Amma Azərbaycan
dövləti bəşəriyyət üçün
mühüm əhəmiyyət kəsb edən maddi-mədəniyyət
abidələrinin işıq üzünə
çıxarmağa kömək edəcək addımları
həmişə dəstəkləyir və bu mənada əcnəbi
alimlərin ölkə ərazisində tədqiqatlar
aparması üçün hər cür şərait
yaradır. Burada qeyd etmək yerinə
düşərdi ki, Azərbaycana gələn xarici mütəxəssislər
tədqiqat işlərini öz vəsaitləri hesabına
aparırlar. Bu, o demək deyil ki, Azərbaycanda
milli mütəxəssislər yoxdur, yaxud da vəsait
çatışmır. Qətiyyən yox, mütəxəssis
də, vəsait də var. Xarici mütəxəssisləri Azərbaycana
cəlb edən odur ki, dünyanın hansı ölkəsində,
məsələn, Neolit dövrünə aid necə zəngin
abidələr var. Onlar tədqiq etdikləri abidələrin
perspektivliyini öyrənirlər. Xarici alimlər
Azərbaycan tarixini yazmaq üçün gəlmirlər.
Azərbaycana gələn arxeoloqlar
ümumdünya tarixinin ayrı-ayrı dövrlərini yazan
tanınmış mütəxəssislərdir və onlara zəngin
arxeoloji material bazası lazımdır. Azərbaycanın
qədim insan məskəni olduğunu bilən xarici arxeoloqlar
da ölkəmizə təşrif buyururlar.
Azərbaycan neft və qaz ölkəsi kimi
tanınır.
Amma mən bir mütəxəssis kimi əminliklə
deyirəm ki, qarşıdakı dövrdə Azərbaycana
onun qədim tarixi və zəngin mədəni irsi neft və
qazdan daha artıq dividend gətirə bilər. Bilirsiniz, Azərbaycanda tarixin bütün inkişaf
dövrlərinə aid çoxsaylı maddi-mədəniyyət
abidələri mövcuddur. Ölkəmizdə erkən insan məskunlaşmasının
2,5 milyon il tarixi var və bütün dünya bu tarixi qəbul
edir. Özü də 2,5 milyon illik tarixi pillə-pillə
tamamlayan abidələr var. Yəni, Azərbaycan, həqiqətən
də, geniş və əhatəli
arxeoloji araşdırmalar aparmaq üçün zəngin abidələr
diyarıdır. Ona görə də, əcnəbi
mütəxəssislər Azərbaycana gəlib tədqiqatlar
aparmaqda çox maraqlıdırlar.
Bundan başqa, qeyd etmək istərdim ki, Azərbaycan zəngin
tarixi abidələri ilə yanaşı, həm də gözəl
təbiəti ilə seçilir. Bu gün heç kimə
sirr deyil ki, tarixi abidələr hər ölkəyə turist
axınına rəvac verməsi baxımından önəmli
faktorlardan biri sayılır.
İndiyədək aşkar edilmiş maraqlı arxeoloji
abidələri konservasiya edərək ictimaiyyətə təqdim edə
bilsək, ölkəmizə turist axınının daha da
artmasına şərait yaratmış olarıq.
– Bəs özəl təşkilatlar
və fondlar necə, arxeoloji tədqiqalara vəsait
ayrılması məsələsinə maraq göstərirlərmi?
–
Sevindirici haldır ki, son zamanlar dövlət dəstəyi ilə
yanaşı, ayrı-ayrı iş adamları, qeyri-hökumət
təşkilatları da tarixi abidələrə qayğı
göstərirlər. Məsələn, Qəbələdə
aparılan tədqiqatlara SEBA tərəfindən çox
böyük qayğı və diqqət göstərilir.
Burada maraqlı məqam budur ki, işlər təkcə
qazıntı aparılması ilə yekunlaşmır. Aşkar edilən maddi-mədəniyyət nümunələrinin
kataloqu hazırlanır, kitablar nəşr olunur, konfrans,
simpozium, seminar və sərgilər təşkil olunur.
Eyni sözləri,
“Miras” İctimai Birliyi haqqında da demək olar. 2010-cu
ildən başlayaraq il ərzində Ağsuda 15 min kvadratmetr ərazidə tədqiqat
işləri apardıq. Bu, miqyasına görə
indiyədək Azərbaycanda aparılmış ən
böyük arxeoloji tədqiqatdır. Həmin
tədqiqatları ilk mərhələdən “Miras” İctimai
Birliyi maliyyələşdirir. Üç il ərzində həyata keçirilən bu tədqiqat
işlərinə həsr olunmuş üç kitab
hazırladıq. Sərgi və elmi konfranslar
keçirdik. Tədqiqat yerlərinə
infoturlar təşkil etdik. İctimaiyyətin
məlum arxeoloji tədqiqatlardan xəbərdar olması
üçün əlimizdən gələni etməyə
çalışdıq.
Heydər Əliyev Fondunun tarixin mədəni irsə dair
göstərdiyi dəstəyi sadalamaqla qurtarmaz. Təkcə
Qala Etnoqrafik Kompleksinə nəzər yetirən zaman fondun
tarixi irsimizə verdiyi yüksək qiyməti görmək
olar.
– Azərbaycanda arxeologiya sahəsində
milli kadr potensialı hansı səviyyədədir?
– Azərbaycan
həm də tanınmış arxeoloqlar ölkəsidir. Böyük arxeoloqlarımızla fəxr etmişik.
Bilirsiniz, SSRİ vaxtında Azərbaycanda
arxeologiya etnoqrafiya elmləri üzrə müdafiə şurası
yox idi. Məsələn, mən namizədlik
disertasiyamı Kiyev şəhərində müdafiə
etmişəm. Rəhmətlik Məmmədəli
Hüseynov Azıx mağarası ilə bağlı doktorluq
işini, müdafiə etməyə yer tapmırdı. Nəhayət, 1986-cı ildə Kiyevdə müdafiə
etməyə müvəffəq olmuşdu. Amma indi Azərbaycanda
Arxeologiya və Etnoqrafiya İnstitutunun nəzdində
xüsusi ixtisaslaşmış şura var və il ərzində həmin şurada 10-15 nəfər
elmi dərəcə alır. Qeyd etmək istəyirəm
ki, istedadlı gənclərimiz var və milli kadrlar
baxımından problemimizin olmadığını hesab edirəm.
Ancaq bunu da qeyd etmək lazımdır ki,
sanballı alimlər sanki çatışmır. Mənə elə gəlir ki, son vaxtlar elmdə təsadüfi
adamların sayı, əfsuslar olsun ki, artmaqdadır.
– Qərb ölkələrində
arxeoloqlar tədqiqatlar zamanı müasir texnologiyalardan istifadə
edirlər. Bəs azərbaycanlı alimlərin
ixtiyarında hansı texnogiyalar var?
–
Çox yaxşı sualdır. Əvvəla,
elm nə qədər inkişaf etsə də, arxeoloqun ən
çox istifadə etdiyi alət qaşov, daraq, iynə, biz və
beldir. Amma, təbii ki, tədqiqatların
aparılmasında müasir texnologiyalardan istifadə etmək
də artıq həyati zərurətdir və bir çox
inkişaf etmiş ölkələrdə ondan fəal şəkildə
istifadə edirlər. Məsələn,
qazıntı zamanı aşkar edilmiş kömür
parçasının radiokarbon analizini aparmaqla
tapıntının dəqiq yaşını müəyyənləşdirmək
mümkündür. Biz isə son vaxtlaradək
kömürün yaşını məntiqi əsaslarla, təhlillərlə
müəyənləşdirirdik. Bu
baxımdan müasir texnologiyalar alimlərin işini xeyli
yüngülləşdirir. Azərbaycanda
hələ ki radiokarbon analizlər aparılmır. Amma bu istiqamətdə
işlər görülməkdədir. Əlbəttə,
belə laboratoriyanın Azərbaycanda da olması çox
vacibdir.
Bundan başqa, tədqiqatdan öncə ərazinin
öyrənilməsində də müasir texnologiyalardan
istifadə olunur və bu da ilkin təhlilər, analizlər
baxımından çox əhəmiyyətlidir.
– İndiyə qədər
görülmüş işlərin elektron məlumat
bazasının yaradılması istiqamətində işlər
görülürmü?
– Əlbəttə,
həyata keçirilən tədqiqatlar zamanı bütün
proses fiksasiya edilir. Aşkar olunmuş maddi-mədəniyyət
abidələrinin fotosu çəkilir, arxivləşdirilir.
Məsələn, Ağsuda arxeoloji tədqiqatların
yekunları ilə bağlı sərgilər keçirməklə,
ictimaiyyəti məlumatlandırmağa
çalışmışıq. Onu da
qeyd etmək istəyirəm ki, IV Beynəlxalq Avrasiya
Arxeologiyası Konfransı Ağsuda keçirilmişdi.
30 ölkədən gəlmiş mütəxəssislər
konfrans çərçivəsində Ağsu tədqiqatlarının
yekunlarına tamaşa etdilər və fikir mübadiləsi
apardılar. İctimaiyyətin aparılan tədqiqatlarla bağlı ətraflı
məlumat alması üçün zəruri məlumat
bazası formalaşdırmışıq. Bizim
bir neçə saytımız fəaliyyət göstərir.
Bir sözlə, hər bir şəxs rahat şəkildə
həmin saytlardan maraqlandığı məlumatı əldə
edə bilər. Amma hesab edirəm ki, bu
istiqamətdə görüləsi işlər hələ
çoxdur.
Müsahibəni qələmə
aldı:
Səbuhi MƏMMƏDOV
Xalq qəzeti.- 2015.- 24 iyul.- S.7.