Azərbaycanda geosiyasət
elminin
əsasını qoyan fundamental tədqiqat
Qloballaşan dünyanın tərkib
hissəsi olan, həm də onun nüfuzlu aktorlarının kəsişən
və toqquşan maraqlarının ünvanlandığı
coğrafiyada yerləşən Azərbaycan Respublikasında
müasir dovrümüzün mürəkkəb geosiyasi və
geoiqtisadi proseslərindən baş çıxarmaq, milli,
regional və beynəlxalq səviyyələrdə strateji hədəfləri
müəyyən etmək, ölkənin milli təhlükəsizliyini
daxili və xarici təhdidlərdən qorumaq və dinamik
inkişaf strategiyasını həyata keçirmək
üçün kreativ ideyaların hasil olunduğu dərin
elmi-analitik tədqiqatların aparılması informasiya əsri
olan XXI yüzilliyin tələbinə çevrilmişdir.
Bu
reallıqlar kontekstində 2014-cü ilin iyul ayının sonu,
avqust ayının əvvəlində Ermənistan-Azərbaycan
dövlət sərhədində və qoşunların təmas
xəttində müşahidə olunan gərginlik cəlb
olunduğumuz münaqişənin real vəziyyəti və həlli
perspektivləri ilə bağlı dərin elmi-analitik təhlillərin
aparılmasını, bu prosesdə geosiyasi və geoiqtisadi vəziyyətin,
beynəlxalq konyukturanın və dünyada güc
balansının köklü olaraq nəzərə
alınmasını, atılması mümkün olan diplomatik
və hərbi-siyasi addımların risk və
faydalılıq əmsalının dəqiq hesablanmasını,
xüsusilə informasiya təhlükəsizliyi sahəsində
mövcud durumun əlahiddə olaraq qiymətləndirilməsini
zəruri etmişdir.
Bu, bir həqiqətdir
ki, müasir münaqişə və müharibələrdə
ilkin zəfər meydanı kimi “hərbi cəbhə” deyil,
“informasiya cəbhəsi” çıxış edir. İkincidə
qalib gələn, elə birincidə də “zəfər
çələngi”nı boynuna taxır. Bu, artıq müasir dünyamızın təkzibedilməz
aksiomuna çevrilmişdir. Bu baxımdan Almaniya politoloji
fikrinin daşıyıcılarının
aşağıdakı mühakiməsi kifayət qədər
məntiqli və ibrətamizdir: “Vacib informasiyaya malik olmaq
hakimiyyətə malik olmaq deməkdir. Vacib
informasiyanı qeyri-vacib informasiyadan ayırmağı bacarmaq
ikiqat hakimiyyətə malik olmaq deməkdir. Vacib informasiyanı yaymaq və ya yaymamaq qabiliyyəti
isə üçqat hakimiyyətə malik olmaq deməkdir.”
Deməli, istənilən situasiyanın,
xüsusilə də hərbi münaqişə vəziyyətinin
qalibi statusuna yüksəlmək üçün informasiya məkanında
son dərəcə tədbirli, çevik, ağıllı, məsuliiyyətli
və peşəkar olmaq lazımdır. Bu
reallığa məhəl qoymayan tərəfin üzləşdiyi
situasiyanın məğlubu statusuna enişi qaçılmaz
olur. Bu məsələlər Prezident İlham
Əliyevin təsdiqlədiyi “Azərbaycan 2020: gələcəyə
baxış” İnkişaf Konsepsiyasınından irəli gələn
vəzifələr kontekstində xüsusi aktuallıq və əhəmiyyət
kəsb edir.
Sadalanan həqiqətlər
kontekstində Azərbaycan Respublikası Prezidentinin
ictimai-siyasi məsələlər üzrə köməkçisi,
görkəmli dövlət xadimi, tarix elmləri doktoru,
professor Əli Həsənovun dərin zəka, iti fəhm,
analitik və innovativ düşüncə tərzi və
sistemli analiz qabiliyyətinin məhsulu olan “Azərbaycanın
geosiyasəti” adlı fundamental tədqiqat əsəri tarixi
keçmişi nəzərə almaqla müasir beynəlxalq
koordinatlar sistemində baş verən mürəkkəb
geosiyasi proseslərin məntiq və dialektikasını
anlamaq, bu prosesdə ayrı-ayrı beynəlxalq aktorların
davranış tərzini izləmək böyük əhəmiyyət
kəsb edir. Müəllif bu dəyərli tədqiqatında Xəzər-Qara
dəniz hövzəsi, Mərkəzi Asiya və Cənubi
Qafqaz regionuna potensial və real təsir imkanlarını qiymətləndirmək,
bu regionda transmilli enerji və nəqliyyat-kommunikasiya sisteminin
formalaşması siyasətinin forma və məzmun
xarakteristikasını dəyərləndirmək, Azərbaycanın
xarici aləmlə geosiyasi, geoiqtisadi və hərbi-təhlükəsizlik
sahəsində münasibətlərini şərtləndirən
amilləri üzə çıxarmaq, Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsini Cənubi
Qafqazın əsas təhlükəsizlik problemi kimi əsaslandırmaq
və onun həlli yollarını təhlil etməklə
dövlətimizin informasiya təhlükəsizliyinin təminatına
mühüm töhfə verir və müasir elmimizdə
“geosiyasət” adlanan yeni bir istiqamətin möhkəm
bünövrəsini qoyur.
Əsərin
“Azərbaycanın geosiyasi inkişaf tarixi və
xarakteristikası, müasir milli inkişaf siyasətinin əsasları”
adlanan I bölməsində 3 fəsil, 11 yarımfəsil
çərçivəsində müvafiq olaraq Azərbaycanın
geosiyasi inkişaf tarixi, müasir inkişaf siyasəti, onun
xarakteristikası, əsas vəzifələri və tələbləri,
habelə ölkəmizin müasir geosiyasi statusu ilə
bağlı məsələlər elmi araşdırmalar
predmetinə çevrilmişdir.
Əsərdə ilk olaraq Azərbaycanın qədim
zamanlardan Birinci Dünya müharibəsinə qədərki
geosiyasi vəziyyəti konkret faktlar və arqumentlər əsasında
elmi təhlillər süzgəcindən keçirilmişdir. Burada ilk
növbədə Azərbaycan ərazisində Manna, Atropatena və
Albaniya dövlətlərinin qədim dövrün geosiyasi
reallıqları çərçivəsində müəyyən
tarixi zamanlarda həm güclü subyektlərə, həm də
xarici aləmin təzyiq obyektlərinə çevrilməsi və
onun nəticələri ilə bağlı elmi mülahizələr
əks olunmuşdur. Daha dəqiq desək, eramızdan əvvəl
Azərbaycanın uzun tarixi dövrdə Midiya, Əhəmənilər
və Sasani imperiyaları tərkibində qalması, VII əsrdən
Ərəb xilafəti altına düşməsi, sonrakı
tarixi mərhələlərdə, daha doğrusu, IX-XI əsrlərdə
isə bu arealda feodal Sacilər, Salarilər, Rəvvadilər,
Şirvanşahlar və Şəddadilər dövlətləri
yaranması və onarın geosiyasi davranış xüsusiyyətləri
ilə bağlı məsələlərə
toxunulmuşdur. Bu dövrün təhlilini aparan müəllifin
aşağıdakı elmi nəticələri kifayət qədər
əsaslandırılmış, dolğun və ibrətamizdir:
– Azərbaycan
uzun müdət ərzində yadelli
işğalçıların hökmranlığı
altında yaşamağa məcbur edilsə də, xalq öz
milli inkişafını heç zaman
dayandırmamışdır. Xalq öz maddi-mənəvi
dəyərlərini, dilini, milli varlığını qoruyub
saxlamış və inkişaf etdirmişdir.
— Elə
bu inkişafın nəticəsində Azərbaycanda Avropadan
daha əvvəl-XV əsrin sonlarından etibarən yerli Səfəvilərin
mərkəzləşmiş milli dövlət hərəkatı
başlanmışdır.
— Mərkəzləşmiş
milli dövlət hərəkatının meydana gəlməsi
üçün zəruri əlverişli zəmin əvvəlki
dövrlərdə-Atabəylər dövləti (XII-XIII əsrlər),
Qaraqoyunlu, Ağqoyunlu dövlətləri (XV əsr),
Şirvanşahlar dövləti (XV-XVI əsrlər) və s.
zamanlarda yaşanan siyasi proseslərin nəticəsi kimi meydana
gəlmişdir.
– Səfəvilər
dövləti özünün bütün parametrləri
(vahid ərazi, kompakt yaşayan əhali (xalq), əhalinin
de-fakto idarə olunması, başqa dövlətlər tərəfindən
tanınma və s.) ilə mərkəzləşmiş milli
dövlət olmuş və Vestfal prosesinin prinsiplərinə
cavab vermişdir.
Məlum olduğu kimi, I Şah İsmayılın
dövründə (1501-1524-cü illər) Səfəvilər
dövləti bütün tarixi Azərbaycan torpaqlarını
vahid mərkəz ətrafında birləşdirməyə
nail olmuş, habelə vaxtilə müxtəlif imperiyalar tərəfindən
zəbt olunmuş digər əraziləri geri qaytarmaq
uğrunda qanlı müharibələr aparmışdır. Bu kontekstdə
müəllif haqlı olaraq qeyd edir ki, Avropa ölkələri
və Rusiya tərəfindən qızışdırılan
osmanlı-səfəvi müharibələri hər iki
dövləti, xüsusən Səfəviləri tədricən
zəiflətmişdir. Əsərdə
göstərilir ki, 1590-cı ildə İstanbulda
imzalanmış Səfəvi-Osmanlı sülh sazişinə
görə, Azərbaycan torpaqları iki hissəyə
bölünmüşdür. Azərbaycanın
Şirvan, Qarabağ, Təbriz, Sərab, Marağa və ondan qərbdə
yerləşən bütün əraziləri Osmanlı
dövlətinə keçmiş, Xalxal, Ərdəbil,
Qaradağ, Talış, Zəncan və Sultaniyə
torpaqları Səfəvilərdə qalmışdır. Sonrakı tarixi dövrlərdə də sərhəd
dəyişikliyinin yaratdığı gərginlik Səfəvi-Osmanlı
qarşıdurmasının səngiməsinə imkan verməmiş
və əslində, bu iki imperiya arasında müharibə vəziyyəti
XVII əsrin birinci yarısınadək davam etmişdir.
1612-ci il Sərab və 1639-cu il Qəsri-Şirin
sülhünün şərtlərinə görə, bu iki
imperiya arasında müvəqqəti etimad mühiti yaransa da,
o, XVIII əsrin əvvəllərində yenidən
pozulmuşdur.
Əsərdə
həmin dövrün geosiyasi reallıqları, xüsusilə
də 1700-1721-ci illərdə Skandinaviya ölkələri ilə
Şimal müharibəsindən qalib çıxan Rusiyanın
Xəzərsahili ərazilərə iddiaları və onun
Osmanlı dövlətinin regional maraqları ilə həm
toqquşması, həm də kəsişməsi, habelə bu
reallıqlar fonunda Səfəvi dövlətinin daha da zəifləməsi
gerçəkliyi kifayət qədər dərin və ətraflı
tədqiq olunmuşdur.
Burada müəllif xüsusi olaraq diqqəti Azərbaycan
dövlətçiliyi tarixində mühüm iz
buraxmış 1724-cü ildə Osmanlı və Rusiya
arasında imzalanmış İstanbul və 1735-ci ildə Səfəvilər
dövləti ilə Rusiya arsında bağlanmış Gəncə
müqavilələrinə cəlb edir. Birinci
müqaviləyə görə, Türkiyə Səfəvi
şahlarının “Rusiyaya güzəşt etdiyi Xəzərsahili”
Şimali Azərbaycan torpaqlarının yeni statusunu təsdiq
etdi. Bunun əvəzində isə Rusiya Şirvan istisna
olmaqla, Səfəvilərə məxsus digər Qərbi Azərbaycan
ərazilərinin və Cənubi Qafqazın bir hissəsinin
(Azərbaycanlılar yaşayan Borçalı və digər
vilayətlərin, Batumun, Krımın və s. Osmanlı
dövləti tərəfindən tutulmasına etiraz etməyəcəyinə
təminat verdi.
Uzağa
gedən geosiyasi nəticələrə səbəb olacaq həmin
hadisələrin dərin analizini aparan müəllif
aşağıdakı qənaətini belə ifadə
edir:"Rusiya və Osmanlı dövlətləri bir qisim Azərbaycan
ərazilərini öz aralarında bölüşmək barədə
razılığa gəldilər ki, bu da, bir tərəfdən,
Azərbaycanın siyasi coğrafiyasında və geosiyasi xəritəsində
yeni dəyişiklik əmələ gətirdi, digər tərəfdənsə,
bölgədə tamamilə yeni geosiyasi vəziyət
yaratdı". Əsərdə həmin vəziyyətin məzmununu
müəllif “Bakı” və “Azərbaycan” ifadələrini
öz istilası altında olan Şimali Azərbaycan
torpaqlarına aid edərək bu torpaqlara rus əyaləti kimi
baxmağa başladılar” cümləsi ilə lakonik şəkildə
ifadə edə bilmişdir.
Hadisələrin sonrakı gedişi göstərdi ki,
strateji əhəmiyyətli tarixi Azərbaycan torpaqları
uğrunda regional güclər olan Rusiya, Türkiyə və
İranın mübarizəsi XIX əsrin birinci və ikinci
onilliyində yeni və həlledici mərhələyə
daxil olmuşdur. Rusiya-İran, Rusiya-Türkiyə və
Türkiyə-İran arasında aparılan qanlı müharibələr
nəticəsində Qafqazda, o cümlədən Azərbaycanda
büsbütün yeni geosiyasi şərait
formalaşmışdır. Əsərdə bu
dövrün geosiyasi mənzərəsini təsvir və təhlil
edən professor Əli Həsənov 1804-1813-cü və
1826-1828-ci illərdəki Rusiya-İran, 1806-1812-ci və
1828-1829-cu illərdəki Rusiya-Türkiyə müharibələri
nəticəsində Səfəvi imperiyasının bir yerə
topladığı Azərbaycan ərazilərinin 3 yerə
bölüşdürüldüyünü, lakin bu reallıq
fonunda da belə, Azərbaycanın uzun tarixi dövr ərzində
böyük dövlətlərin arasında maraqların
toqquşduğu əsas geosiyasi məkan olaraq
qaldığını və geosiyasi ədəbiyyatda
“Şimali Azərbaycan”, “Cənubi Azərbaycan”, “Qərbi Azərbaycan”
və s. ifadələrin yarandığını xüsusi
olaraq vurğulayır.
Yuxarıda
qeyd edilən dərin geosiyasi proseslərə qiymət verən
Əli Həsənov mövcud reallıqlar fonunda Azərbaycanın
Cənub, Şimal və Qərb qonşularının
inkişaf istiqamətləri və onun səviyyəsi, habelə
azərbaycanlıların milli kimliyinin formalaşması
gerçəkliyi ilə bağlı olduqca maraqlı və
diqqətçəkən mülahizələr irəli
sürmüşdür. Müəllif yazır: “Avropa dövlətlərindən
mədəni inkişafına görə geri qalsa da, o
dövrdə Rusiya imperiyası İrandan və Osmanlıdan
daha sürətlə inkişaf edirdi. Odur ki,
onun tərkibinə keçən Şimali Azərbaycan və
Qərbi Azərbaycanın bir hissəsi rus dili və mədəniyyəti
vasitəsilə yavaş-yavaş özünün məxsusi təhsilini,
elm və mədəniyyətini inkişaf etdirməyə
başladı. Düzdür, çarizm bu
“maarifçilik siyasəti”ni öz müstəmləkəçilik
fəaliyyəti ilə çətinləşdirərək,
nə qədər azərbaycanlılar arasında
ruslaşdırma siyasətini həyata keçirsə də,
tam fərqli etnik və dini mənsubiyyətə malik azərbaycanlıları
imperiya içərisində assimilyasiya etdirə bilmədi...
Cənubi Azərbaycanı öz tərkibində saxlayan
İranda və Qərbi Azərbaycanın bir hissəsini
özünə birləşdirən Osmanlıda isə Azərbaycan
xalqının milli inkişafı ayrıca bir xətt üzrə
davam etdirilmədi. İranda bu proses şiə məzhəbli ümumislam,
Osmanlı ərazisində dil birliyinə söykənən
ümumtürk çərçivəsinə salınaraq
dayandırıldı. Bu ölkələrin
heç birində azərbaycanlılar üçün məxsusi
milli tədris müəssisələri, mətbuat, dini ibadət
və mədəniyyət ocaqları yaradılmadı, əksinə,
onlara qarşı güclü assimilyasiya siyasəti həyata
keçirilməyə başlandı”.
Əsərdə çarizmin yuxarıda qeyd edilən
müsbət cəhətləri ilə yanaşı, azərbaycanlılar
üçün yaratdığı ciddi siyasi problemlərlə
də bağlı analizlər aparılmışdır. Müəllif haqlı olaraq
qeyd edir ki, işğal etdiyi əraziləri imperiya ilə daha
sıx bağlamaq üçün Cənubi Qafqazın “daha
etibarlı ünsürləri” ilə Azərbaycanın
demoqrafik vəziyyətini dəyişməyə
başladı. Regiona ruslar, almanlar, polyaklar,
xüsusən, ermənilər köçürülməyə
başlandı. Bu məsələyə
toxunan müəllif qeyd edir ki, ermənilərin Azərbaycan
torpaqlarında yerləşdirilməsi regiona özü ilə
bərabər çoxlu, o cümlədən gələcəkdə
baş verə biləcək geosiyasi dəyişikliklərə
zəmin yaradan problemlər də gətirdi.
Yuxarıda
haqqında bəhs olunan konkret tədqiqat predmeti ilə
bağlı araşdırmalarının yekunu olaraq müəllifin
gəldiyi nəticə böyük siyasi çəkiyə,
aktuallığa malikdir və olduqca ibrətamizdir:
“İşğalçı müharibələr nəticəsində
həyata keçirilən bölüşdürülmə və
ermənilərin yerləşdirilməsi XIX əsrdə Azərbaycanın
geosiyasi vəziyyətində baş verən ən ciddi mənfi
dəyişiklik olub, bütün Azərbaycan xalqının
taleyinə və gələcək dövlətinin ərazi
quruluşuna təsir edən amil oldu. Çarizmin
regionda həyata keçirdiyi “parçala və hökm
sür” siyasəti sonralar bütün Cənubi Qafqaz regionunda
qan və müharibələr ilə müşayiət olunan əsaslı
geosiyasi dəyişikliklər üçün şərait
yaratdı”.
Bu, bir həqiqətdir
ki, I Dünya müharibəsinin başlanması ilə Qara və
Xəzər dənizləri, Cənubi Qafqaz və Anadolu
torpaqları uğrunda mübarizənin yeni mərhələsi
başlanmış oldu. Əli müəllim
haqlı olaraq qeyd edir ki, Türkiyə istisna olmaqla, I Dünya
müharibəsində iştirak edən tərəfləri, əlbəttə,
yerli azərbaycanlıların taleyi deyil, daha çox Bakı
və onun nefti maraqlandırırdı. Odur
ki, indiyədək Yaxın və Orta Şərqdə — Mosul
nefti uğrunda müharibədə iştirak edən tərəflər
arasında geostrateji döyüşlərə 1918-ci ilin
ortalarından etibarən zəngin neft yataqları olan Bakı
və Cənubi Qafqazın digər müvafiq əraziləri
(məsələn, Bakı-Batum dəmir yolunun keçdiyi
rayonlar və s.) uğrunda amansız döyüşlər əlavə
edildi. Müəllif bu döyüşləri
şərtləndirən amillərə diqqəti cəlb edərək
qeyd edir ki, bunlar ilk növbədə Bakının geosiyasi
mövqeyi ilə bağlı idi. Başqa
sözlə, Bakıya sahib olan ölkə Xəzər üzərində
nəzarəti əldə edirdi. İkincisi,
Xəzər üzərində nəzarəti həyata
keçirən ölkə isə həm Cənubi Qafqaz, Orta
Asiya, həm də Türküstana gedən yollara
açılmış olurdu. Bir sözlə,
bütün bu amillərin məcmusu müharibənin
gedişində Cənubi Qafqazda yeni geosiyasi vəziyyətin
yaranmasına gətirib çıxardı.
Tədqiqat işində həmin tarixi şəraitdə
Cənubi Qafqazda geosiyasi vəziyyəti müəyyən edən
əsas dövlətlərə toxunan müəllif, ilk
növbədə, Osmanlı, Almaniya, Avstriya-Macarıstan və
düşdüyü ağır vəziyyətdə çarəsiz
qalaraq qeyd edilən dövlətlərlə
könülsüz razılaşan bolşevik Rusiyasına diqqəti
cəlb edir.
Bu reallıqlar fonunda Cənubi Qafqaz dövlətlərinin
demokratik federativ respublikada birləşmək siyasəti onu
regionda formalaşmış olduqca mürəkkəb proseslərin
qalibi statusuna yüksəldə bilmədi. Cənubi
Qafqaz anarxiya, xaos və millətlərarası
qarşıdurma məngənəsində
sıxılırdı. Bu vəziyyətdə
Transqafqaz seyminin buraxılması və regionda yeni müstəqil
dövlətlərin yaranması tarixi zərurətə
çevrilmişdi. Əli müəllim bu
tarixi zərurətin mahiyyət və məzmununu, onun
reallaşdırılması müxanizmlərini fundamental əsərində
olduqca dolgun şəkildə ifadə edə bilmişdir.
Burada ilk növbədə, yuxarıda qeyd olunan
məlum siyasi proseslərin məntiqi nəticəsi olaraq Azərbaycanın
müstəqilliyinin elan edilməsi və onun Cənubi
Qafqazın geosiyasi vəziyyətinə təsiri ilə
bağlı məsələlər elmi təhlillər
müstəvisinə çıxarılmışdır.
Apardığı dərin analitik təhlillərə istinad
edərək müəllif bu dövrün unikal dövlətçilik
tariximiz ilə bağlı bir sıra mühüm elmi və
siyasi nəticələrini irəli sürmüşdür:
– Azərbaycanın
şimalı XIX əsrdə Rusiya tərəfindən
xanlıqlar formasında işğal edilmişdirsə, azərbaycanlılar
isə şirvanlı, gəncəli, bakılı, lənkəranlı,
naxçıvanlı və başqa adlar altında bu ölkəyə
birləşdirilmişdirsə, 1918-ci ildə Azərbaycan
vahid bir dövlət, azərbaycanlılar isə vahid bir xalq
kimi imperiyanın tərkibindən ayrıldı.
– Azərbaycan
xalqının uzun illər pozulmuş vahid dövlətçilik
ənənələrinin bərpa edilməsi ilə Cənubi
Qafqazda yeni geosiyasi vəziyyət formalaşdı.
– Azərbaycan
təkcə Qafqaza deyil, bütün Yaxın və Orta Şərq
regionuna təsir edən ciddi bir faktora çevrildi.
– Azərbaycan Cümhuriyyəti bütün müsəlman
xalqlarına müstəmləkə zülmündən azad
olmanın, müstəqil dövlət yaranmasının
nümunəsini göstərdi.
– Müstəqil
dövlətin yaradılması üçün əlverişlı
beynəlxalq şərait mövcud idi. Osmanlı
imperatorluğunun yardımları dövlətin
yaradılması üçün mühüm xarici faktor
rolunu oynadı.
– Nəhayət,
müstəqil dövlətin yaradılması obyektiv tarixi
proseslərin və Azərbaycan xalqının uzun illər
boyu apardığı istiqlal mübarizəsinin konkret nəticəsi
idi.
Kitabda hörmətli Əli müəllim Ararat
respublikalarından bəhs edərkən haqlı olaraq qeyd edir
ki, Cənubi Qafqazda heç zaman Ermənistan adlı
inzibati-siyasi vahid olmamışdır. Müəllif fikrini
davam etdirərək xüsusi vurğulayır ki, Ermənistan
adlı dövlət ilk dəfə olaraq məhz qədim
İrəvan şəhəri mərkəz seçilməklə
Azərbaycan torpaqlarında
yaradılmışdır.Yaradılarkən Ermənistan ərazisi
təxminən 9 min kvadratmetr elan edilmişdi. Yeni yaradılmış dövlətin hətta
paytaxtı yox idi. Ermənilər bu zaman
İrəvana iddia etmirdilər. Onlar
dövlət yaratmaq üçün indiki Türkiyənin bəzi
vilayətlərini və paytaxt olaraq Gümrünü istəyirdilər.
Həmin torpaqlar və Gümrü o zaman
türk ordusunun nəzarəti altında idi. Əsərdə Azərbaycan Milli
Şurasının paytaxt olaraq İrəvanı Ermənistana
güzəşt etməsinin səbəblərinə də
aydınlıq gətirilmişdir. Müəllifin bu məsələ
ilə bağlı kifayət qədər əsaslandırılmış
arqumentləri belədir:
–
Birincisi, Milli Şura İrəvanı Ermənistana verməklə
erməni və Azərbaycan xalqları arasında milli
sülhün yaranacağına, ermənilərin ondan sonra guya
ərazi iddiaları irəli sürməyəcəyinə
ümid edirdi.
– İkincisi, ermənilər artıq İrəvanı
işğal etmişdilər və onun azad edilməsi qanlı
müharibə vasitəsilə mümkün idi.
–
Üçüncüsü, bu məsələdə xarici
amilin də rolu danılmaz idi. Türklər də həmin vaxtda
bütün dünyada antitürk fəaliyyət sərgiləyən
və Anadolunun bir çox strateji məntəqələrini tələb
edən erməniləri sakitləşdirmək, bu ərazilərdə
sabitlik yaradılmasını təmin etmək, müttəfiqlərin
ermənilərlə bağlı ərazi və digər təzminat
tələblərini önləmək məqsədilə Azərbaycan
hökumətinə İrəvanı ermənilərə
güzəştə getməyi tövsiyə edirdilər.
Heç şübhəsiz, Türkiyə bu
addımın atılmasının vacibliyini Azərbaycanın
müstəqilliyinin qorunub saxlanılmasına ciddi təhlükələrin
olması ilə əsaslandırdı.
Əsərdə Azərbaycan Xalq Cümhuriyyətinin
yaranmasına dünyanın böyük dövlətlərinin
birmənalı olmayan münasibəti ilə bağlı məsələlər
də xüsusi tədqiqat predmeti olaraq
araşdırılmış, bu məsələdə hər
bir dövlətin tutduğu mövqeyi şərtləndirən
amillər, bu prosesdə səbəb-nəticə əlaqəsi
kifayət qədər dolğun və əsaslandırılmış
təqdim olunmuşdur. Məsələn, əsərdə qeyd
olunur ki, bolşevik Rusiyası sona qədər Azərbaycanın
müstəqilliyini tanımadı. Bolşevik
hökuməti Bakı neftinin digər bir ölkənin əlinə
keçməsinə imkan vermək istəmirdi. Məlum reallıqlar fonunda Osmanlı
imperatorluğunun mövqeləri regionda möhkəmlənirdi.
Osmanlı regionda çoxluq təşkil edən
türk-müsəlman əhaliyə arxalanırdı. Almaniya regionda müəyyən rol oynamaq istəyirdi.
Onun siyasətində arxalandığı
qüvvə çarizm tərəfindən müxtəlif
dövrlərdə bu yerlərə yerləşdirilən
alman koloniyaları və gürcülər idi. Almaniyanın Azərbaycanda neft və digər təbii
sərvətlərə yiyələnmək maraqları da var
idi. Müəllifin elmi qənaətinə
görə, Antanta ölkələri regionun nə
Osmanlının təsiri altına düşməsini, nə
də Sovet Rusiyasının nəzarətində
qalmasını istəyirdilər. İngilislər
Bakı neftinə sahib olmağa, Xəzər üzərində
nəzarəti ələ keçirməyə və Orta
Asiyaya gedən yollara yiyələnməyə, Şimali
Qafqazda gedən antisovet hərəkatını gücləndirməklə
Rusiyada devrilmiş rejimi bərpa etməyə
çalışırdılar.
Əsərdə
regionda formalaşmış belə olduqca mürəkkəb
geosiyasi amillər və proseslər kontekstində Azərbaycan
Xalq Cümhuriyyətinin geosiyasi fəaliyyəti, habelə
xarici dövlətlərin Cənubi Qafqaz siyasətinin forma-məzmun
xüsusiyyətləri, xarakteri və
reallaşdırılması mexanizmləri
araşdırılmış, böyük elmi və siyasi əhəmiyyəti
olan elmi qənaətlər və nəticələr irəli
sürülmüşdür. Azərbaycan Xalq
Cümhuriyyətin beynəlxalq legitimlik əldə etmək
istiqamətində atdığı israrlı və məqsədyönlü
addımlar, bu istiqamətdə ayrı-ayrı böyük
dövlətlərin kəsişən və toqquşan mənafeləri,
xüsusən bolşevik Rusiyasının hər vəchlə
zəngin Bakı neftinə sahib olmaq niyyəti və bu məqsədlə
Azərbaycana qarşı ardıcıl təzyiqlər
göstərməsi nəticəsində formalaşmış
olduqca mürəkkəb geosiyasi vəziyyətlə
bağlı məsələlər dürüst və obyektiv
təhlillər predmetinə çevrilmişdir. Əsərdə
Sovet Rusiyasının işğal siyasətinin nəticəsi
olaraq Azərbaycanın dövlət müstəqilliyinə
son qoyulması prosesinin geosiyasi nəticələrinin şərhini
verən professor Əli Həsənov qeyd edir ki, bu, həm də
Azərbaycan və Cənubi Qafqazın yeni geostrateji vəziyyətinin
başlanğıcı idi. Artıq Rusiya və
İran arasında bufer dövləti rolunu oynayan müstəqil
Azərbaycan dövləti mövcud deyildi və həmin
ölkələrlə sərhədlərə Rusiya bilavasitə
nəzarət etmək imkanı qazandı. Fikrini davam
etdirərək, müəllif haqlı olaraq qeyd edir ki,
artıq İran və Türkiyə zəif və kiçik
Azərbaycan, Gürcüstan və Ermənistan ilə deyil,
agır vəziyyətdə olmasına baxmayaraq, güclənməkdə
olan Rusiya ilə qonşuya çevrildilər.Türkiyə bu
reallıqlar fonunda Rusiyanın timsalında özünə
müttəfiq tapdı. Digər tərəfdən də elə
həmin Antantanın və Rusiyanın dəstəyi ilə
Türkiyə ərazisində dövlət yaratmaq istəyən
“erməni məsələsi”ni həll
etdi. Bu isə təkcə Cənubi Qafqazda deyil, o cümlədən
Yaxın və Orta Şərqdə, müsəlman
dünyasında yeni geosiyasi vəziyyətin yaranmasına ciddi
təsir edən faktorlardan biri oldu.
Məlum olduğu kimi, sonrakı 70 illik tarixi dövrdə
Azərbaycan Xalq Cümhuriyyətinin yerində yaradılmış
Azərbaycan SSR Sovet İttifaqının tərkibində
mövcud oldu.
Bu dövrə qiymət verən müəllif
çox düzgün olaraq vurğulayır ki, Azərbaycan
SSRİ-nin tərkibində olsa da, müstəqilliyini yenidən
bərpa etmək üçün tarixi məqamı gözlədi
və 1991-ci ildə Sovet İttifaqının
dağılması ilə həmin şans yaranmış oldu.
Bunun nəticəsində dünyada
yaranmış yeni geosiyasi şərait Azərbaycanın
dövlət müstəqilliyinin bərpa edilməsini gündəmə
gətirdi və xalqımız bu imkandan istifadə etdi. Müstəqil Azərbaycan Respublikası
özünü Xalq Cümhuriyyətinin varisi elan etdi.
Əsərin
“Azərbaycan Respublikasının müasir milli inkişaf siyasəti:
xarakteristikası, əsas vəzifələri və tələbləri”
başlıqlı II fəslində və “Azərbaycan
Respublikasının müasir geosiyasi inkişaf xüsusiyyətləri:
geosiyasi statusu, vəzifələri və perspektivləri”
adlanan III fəslində müvafiq olaraq ölkəmizin milli
inkişaf siyasətinin formalaşması, əsas mərhələləri,
xarakterik xüsusiyyətləri, əsas prinsipləri, vəzifələri,
tələbləri, habelə müasir geosiyasi fəaliyyət
kodeksi və XXI əsrdə Azərbaycanın
qarşısında duran əsas geosiyasi vəzifələr və
perspektivlərlə bağlı elmi-nəzəri məsələlər
tədqiq olunmuşdur.
Əsərdə müəllif ilk növbədə,
geosiyasət elmində ən mühüm kateqoriyalardan biri olan
Milli İnkişaf Strategiyasını mahiyyətini
açır.
O, qeyd edir ki, hər bir dövlətin daxili və xarici vəziyyətini,
milli maraq dairələrini və onların təminatını,
beynəlxalq aləm və region ölkələri ilə
münasibətlərinin taktikasını, vəzifələrini,
yollarını, vasitələrini və ehtiyatlarını,
onu əhatə edən geosiyasi subyektlərin hərəkətlərini
və buna müvafiq olaraq geosiyasi davranışını
müəyyən edən məhz Milli İnkişaf
Strategiyasıdır. Bu baxımdan Azərbaycan
da istisna təşkil etmir. Bu məntiqdən
çıxış edərək Əli müəllim
dünya təcrübəsinin və Azərbaycanın dövlətçilik
tarixinin öyrənilməsi əsasında gəldiyi elmi qənaətini
ümumiləşdirərək qeyd edir ki, müstəqilliyə
qovuşmaq, milli dövlət yaratmaq və onu yaşatmaq
üçün 3 əsas şərtin olması vacibdir:
1)
Müstəqillik üçün mövcud daxili və xarici
şəraitin yetişməsi;
2) müstəqillik qazanmaq, onu qorumaq və
yaşatmaq üçün xalqın milli iradəsinin ortaya
qoyulması və vahid milli məqsəd ətrafında birləşməsi;
3) həmin dövr üçün millətin
vahid milli ideyasının və iradəsinin
daşıyıcısı rolunu oynayan, insanları səfərbər
edərək öz arxasınca aparmaq gücünə və
qabiliyyətinə malik, cəmiyyətin əksər təbəqələrinin
qəbul etdiyi milli liderin olması.
Əsərdə hər üç şərt daxilində
Azərbaycanın müstəqillik əldə etnəsi və
onu qoruyub saxlaması üçün unikal şəraitin
yarandığı gerçəkliyi təkzibedilməz faktlar
və arqumentlərlə əsaslandırılmışdır. Xüsusilə
bu məsələdə şəxsiyyət-lider fenomeninin rolu
müstəsna əhəmiyyətə malikdir. Bu, bir həqiqətdir ki, tarix şəxsiyyətləri
yetişdirir. Bu, aksiomdur. İsbata ehtiyacı olmayan digər həqiqət isə
ondan ibarətdir ki, şəxsiyyətlər də öz
növbəsində tarix yaradır. Burada
qarşılıqlı asılılıq mövcudur. Bu asılılığın unikallığı
ondadır ki, tarix özünün mürəkkəb
çağlarını yaşayarkən daha səxavətli
olur. Dühalar doğulur. Onlar da tarixə borclu qalmırlar. Missiyaları xilaskarlıq olur. Tarixin,
dövlətin və millətin xilaskarı misiyası. Həmin missiyanı müasir Azərbaycan dövlətçiliyi
tarixində ümummilli lider Heydər Əliyev yerinə
yetirmişdir. Dahi lider ilk növbədə,
Azərbaycanın itirilmiş dövlətçiliyini bərpa
etdi, ölkəni permanent xaos vəziyyətindən
çıxardı, vətəndaş müharibəsinin
qarşısını aldı, ölkədə milli
barışığa nail oldu, bütün sahələrdə
dinamik inkişaf tendensiyalarının əsasını qoydu.
Azərbaycanda siyasi sabitlik və inkişaf
dövrü başlandı.
Bu baxımdan müasir Azərbaycan dövlətçiliyinin
banisi Heydər Əliyevin millət və dövlət
qarşısındakı müstəsna xidmətləri ilə
bağlı müəllifin tədqiqatları xüsusi maraq
doğurur. Professor Əli Həsənovun ümummilli lider Heydər
Əliyevin idarəçilik məktəbinin ən
istedadlı yetirmələrindən biri olması və bu
gün də ulu öndərin banisi olduğu müstəqil Azərbaycanın
dövlət quruculuğu prosesində fəal iştirak etməsi
zəmanəmizin dühasının atdığı strateji
addımların forma və məzmun mündəricəsini tam
dolğunluğu ilə ifadə etməsinə imkan
vermişdir. Müəllif haqlı olaraq
göstərir ki, Heydər Əliyevin Azərbaycanın gələcək
müstəqil milli inkişafı ilə bağlı siyasi
dünyagörüşü və konseptual yanaşması ilk
dəfə hələ SSRİ dağılmamışdan qabaq
– 1991-ci ilin əvəllərində Azərbaycan parlamentinin
tribunasından səsləndirdiyi fikirlərində öz əksini
tapmışdır. Fikirlərini davam etdirən Əli
müəllim qeyd edir ki, Heydər Əliyevin müstəqil Azərbaycan
dövlətinin milli inkişafı ilə bağlı praktiki
addımları da SSRİ-nin dağılmasından bir qədər
əvvəl, 1991-ci ilin sentyabr ayında Naxçıvan MR Ali
Məclisinin sədri seçilməsi ilə
başlanmış və 1993-cü ildən Azərbaycan
Respublikasının Prezidenti kimi davam etdirilmişdir. Bu siyasətin təməlində dayanan platforma ulu
öndərin banisi olduğu bütöv bir xalqın – ölkəmizdə
və bütün dünyada yaşayan azərbaycanlıların,
Azərbaycanla bağlılığı olan
soydaşlarımızın və həmvətənlərimizin
birləşdirici ideologiyası olan müasir azərbaycançılıqdır.
Əgər Heydər Əliyevə qədər
bu ideya əsasən etnolinqvistlik, etnoqrafik, ədəbi, mədəni-estetik,
fəlsəfi və mənəvi dəyər kimi mövcud
idisə, onun dövründə ciddi sosial-siyasi məzmun kəsb
edərək ümumi və birləşdirici ideyalar sisteminə
– dövlət quruculuğunun ayrılmaz tərkib hissəsinə
çevrildi.
(ardı var)
Elman NƏSİROV,
Azərbaycan Respublikasının
Prezidenti yanında
Dövlət İdarəçilik
Akademiyasının
Siyasi Araşdırmalar İnstitutunun
direktoru,
Yeni Azərbaycan Partiyasının
Beynəlxalq Əlaqələr
Komissiyasının katibi,
siyasi elmlər doktoru, professor
Xalq qəzeti.-
2015.- 24 iyul.- S.4.