Aktyor taleyinin
unudulmaz cizgiləri
İlk dəfə bu
böyük
sənətkarı “O
olmasın, bu olsun”
filmində Qoçu
Əsgər rolunda görmüşdüm. Bu, çox qəribə bir
obrazdır. Bilmirəm,
Möhsün Sənani Bakı qoçularını görmüşdü,
ya yox, amma onun filmdəki qəhrəmanı belə təəssürat
yaradır ki,
aktyor bu
qoçuları
yaxşı tanıyırmış və ona görə də obraz çox
canlı və təbii
alınmışdı. Əslində, onun bütün
rolları insanda
pozitiv
hisslər doğurur.
Çünki Möhsün
Sənani nikbin
insan idi və bu xarakteri
rollarına da sirayət etmişdi. Tamaşaçı onun rollarına baxanda istər-istəməz yüngülləşirdi, yumşaq komizmi yaratdığı rolların təsir
gücünü artırır, tamaşaçıya qəribə bir
yüngüllük gətirirdi. Bu,
teatrda da, kinoda da belə idi.
Möhsün Sənani (Cəfərov) çox şərəfli bir həyat yolu keçmişdir. O, 1900-cü ildə Tiflisin Şeytanbazar məhəlləsində, ruhani ailəsində anadan olmuşdur. O, dövr Tiflisin mədəni mühiti yüzlərlə azərbaycanlı kimi, onun da taleyində əhəmiyyətli rol oynamışdır. Ata-anasını kiçik yaşlarında itirmiş balaca Möhsün nənəsinin himayəsində böyümüşdü. Nənəsi onu mədrəsəyə qoyub, gələcəkdə atası kimi mərsiyəxan eləmək istəyirdi. Lakin Möhsün nə mədrəsəni oxuyub başa çatdıra bilir, nə də ki, nənəsinin arzusunu yerinə yetirir. Nənəsi vəfat edəndən sonra xalası, Xalq artisti Əli Qurbanovun anası molla Zinyət onu öz himayəsinə götürür. Uşaqlığı çətinliklər içərisində keçsə də, bütün bu ağrılara dözür. Həyat isə davam edirdi.
Uşaqlıq yaşlarından onda səhnəyə, teatra böyük həvəs baş qaldırmışdı. Yerli teatrların və Tiflisə qastrola gələn artistlərin tamaşalarına böyük həvəslə baxırdı. Möhsün həm teatr aktyorlarının oyununa, həm də meydanlarda oxuyan dərvişlərin səsinə fikir verir və onları təqlid edirdi. Bu minvalla özünün oxumaq qabiliyyətini inkişaf etdirirdi. 1911-ci ildə Möhsün birinci dəfə geniş izdiham qarşısına çıxır. Böyük həyəcan keçirsə də, çıxışı dinləyicilərə, tamaşaçılara dərin təsir bağışlayır. Möhsün 1912-ci ildə kiçik həvəskarlar dərnəyinə qoşulur və bu dərnəklərdə özünü birpərdəli povestlərdə sınamağa başlayır. Beləliklə, Mirzəxan Quliyev və Möhsünə tamaşa edən Mirzəli Abbasov, Mustafa Mərdanov, İbrahim İsfahanlı kimi Tiflis aktyorları onun istedadına umid edirlər. Bu ümid Möhsünün səhnəyə olan eşqini daha da artırır. Amma onun sənətinə paxıllıq edən və həvəsini söndurmək istəyənlər də vardı. Bunlar əsasən atası Molla Sadığın dostları idi. Bununla belə, Möhsünü sevənlər də çox idi.
Dövrünün ziyalı və tanınmış adamları Tiflisdə yaradılmış teatr dərnək və cəmiyyətlərinə yardım olaraq tez-tez müşavirələr keçirərdilər. Belə müşavirələr, adətən, Mustafa Mərdanovun atası Hacı Həşim Mərdanovun bəzzaz dükanında olurdu.
Gürcüstanın mütərəqqi fikirli xadimləri və maarifpərvər azərbaycanlı ziyalılar bu teatra və aktyorlara bina xərclərini ödəmək və tamaşaları təşkil etmək işində səmərəli yardım göstərirdilər. Nəriman Nərimanov, Əli Tağızadə, Əşrəf Yüzbaşiyev, Həsənbəy Zərdabi, Üzeyir bəy Hacıbəyov, Səməd və Mustafa Mərdanov qardaşları teatr sənətinin tərəfdarları və təbliğatçıları olmuşlar.
1915 -ci ildə Möhsün Sənani, Mirzəli Abbasov, Mirseyfəddin Kirmanşahlı, Mirzəxan Quliyev, Mustafa Mərdanov və başqaları Tiflis truppasına cəlb edilirlər. Həmin ildə Hüseyn Ərəblinskinin iştirakı ilə hazırlanmış “Kaveyi-Ahəngər” tamaşasında Möhsünə dəmirçi Kavənin oğlunun rolunu tapşırırlar. O, bu rolu çox böyük ustalıqla ifa edir. Vəziyyətinin ağırlığına, maddi ehtiyac içərisində yaşamasına baxmayaraq bütün peşələrdən əl çəkir, ancaq aktyorluqla məşğul olur. Bu dövrdə Tiflis teatr truppasında çox məşhur sənətkarlar fəaliyyət göstərirdi. Bunlardan Mirzəli Abbasov, Mirzəxan Quliyev, Əşrəf Yüzbaşıyev, Mirseyfəddin Kirmanşahlı, İbrahim İsfahanlı, Tərlan xanım, Əli Əskərov, Həsən Səbri, Paşa Mahmudov, Kaftaradze, Panfiliya Tanailidi, Əli Qurbanovu və başqalarını göstərmək olar. Möhsün Sənani onların arasında ən gənc aktyor idi.
Buna baxmayaraq, tezliklə ona Heydər bəy (“Hacı Qara”), Süleyman bəy, Vəli (“Arşın mal alan”), hambal (“O olmasın, bu olsun”), Rzaqulu (“Nadir şah”), Kasio (“Otello”) kimi məsul rollar tapşırılmışdır. Həmin rollar M.Sənaninin aktyorluğunda bir sıçrayış yaradır, ona həqiqi aktyor şöhrəti qazandırır. M.Sənani 1915-ci ildən 1920-ci ilə kimi Tiflis teatr truppasında çalışır, 1921-ci ildən isə Bakının teatr səhnələrində parlamağa başlayır. “Hamlet”də Laert, “Otello”da Kasio, “Şeyx Sənan”da Serqo, “Uzaq sahillərdə”də Mixaylo, “Xoşbəxtlər”də Sadiq, “Göz həkimi”ndə Həsənağa onun teatr yaradıcılığında əhəmiyyətli yer tutur. O, nəinki teatrda, eləcə də kino sənətində də çox yaddaqalan, təkrarolunmaz rollar ifa etmişdir. 30-a yaxın filmdə yaratdığı müxtəlif xarakterli rollar ona əsl mənada şöhrət qazandırmışdır. Bunlardan “Bismillah”, “Səbuhi”, “O olmasın, bu olsun”, “Sehrli
xalat”, “Arşın mal alan”, “Koroğlu”, “Qara daşlar” və s. filmləri qeyd etmək kifayətdir. Onun rollarındakı lirik motivlər tamaşaçıda yaxşı əhval yaradır, bu aktyorun rollarını izləməyə sövq edirdi.
O, sanki sənət üçün doğulmuşdu. Bütün mənalı ömrünü də sənətə həsr etdi. 50 il ərzində bir gün də olsun səhnədən ayrılmadı. Onun haqqında neçə-neçə kitab və məqalə yazılmışdır. Yaradıcılığı yüksək qiymətləndirilmiş, Qırmızı Əmək Bayrağı, “Xalqlar dostluğu”, “Şərəf nişanı” ordenləri ilə təltif olunmuş, 1943-cü ildə Əməkdar artist, 1949-cu ildə isə Xalq artisti fəxri adlarına layiq görülmüşdür.
Möhsün Sənani 1981-ci il fevral ayının 11-də dünyasını dəyişmiş və II Fəxri xiyabanda dəfn olunmuşdur.
M.
MÜKƏRRƏMOĞLU
Xalq qəzeti.- 2015.- 26
iyul.- S.8.