Ulu torpağa
bağlı sənətkar
Yuran uşaqlıq
çağlarından
Naxçıvanın Şahab məhəlləsində
böyüyüb. Hər səhər evlərinin eyvanından baxanda
işıqlı aləmi, Yusif Küseyir
türbəsini,
bağ-bağatlı, gül-çiçəkli həyətləri, qızıl gül ətirli bağçaları, söyüd ağaclarının çətirlədiyi küçədən axıb
keçən su arxını, milli memarlıq üslubunda
tikilmiş binaları görüb.
Məhəllənin digər səmtində isə əzəmətli Mömünə
Xatun məqbərəsini, XII əsrin böyük memarı Əbubəkr Əcəminin
yaratdığı yadigarları—əzəmətli abidələri
görüb.
Səhərlər vüqarlı dağların başı üzərindən
nur saçan, axşamlar zirvəsi qarlı Ağrı
dağının ətəyində qürub
edən Günəşi seyr etdikcə qəlbində
sönməz bir
yurd sevgisi oyanıb. Bu maraqla balaca
Yuran əlinə
qələm alıb onları ağ vərəqlər
üzərinə köçürməyə başlayıb:
Günəşi, dağları, bağçalarında ətir
saçan gülləri, qədim
tikililəri, adamları...
Məktəb illərində çəkmək həvəsi coşduqca Yuranın qeyri-adi istedadı üzə çıxıb. Qəlbində coşqun həvəs, sönməz Vətən, təbiət, torpaq sevgisi ilə rəsmlər çəkib və nəhayət, arzusuna qovuşub. Bakıya gəlib Əzim Əzimzadə adına Rəssamlıq Məktəbinə qəbul olunub, beləcə sənət dünyasına qədəm qoyub.
Bu sənət dünyasının kəşməkəşli yolu ilə irəliləməyə başlayıb.1955-ci ildə Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbini bitirib, orada müəllimlik fəaliyyəti və yaradıcılığı ilə məşğul olub. Sonra Leninqradda (Sankt-Peterburq) İ.Y. Repin adına Rəssamlıq Akademiyasında təhsilini davam etdirib. Akademiyanı bitirdikdən sonra bir neçə il bu şəhərdə ixtisası üzrə işləyib.“Lenfilm” studiyasında, A.S. Puşkin adına Akdemik Dram Teatrında baş rəssamın assistenti olub. Bu qədim mədəniyyət beşiyində özünün ilk rəssamlıq avtobioqrafiyasının səhifələrini yazıb, əsərlərini yaradıb. Bakıda və Sankt- Peterburqda təhsil alması onun rəssam kimi formalaşmasına səbəb olub. Vətən, xalq, doğma yurd sevgisi ilə bir gün Bakıya, oradan da Naxçıvana qayıdıb. Ömrünün axırınadək bu qədim, ulu torpaqda yaşayıb- yaradıb.
Yuran Məmmədov həyatı boyu Naxçıvan torpağının ecazkarlığından ilham alaraq bu gözəl məkanı öz əsərlərində məhəbbətlə təsvir etmişdir. O, tez-tez təbiətin qoynunda olur, əsrarəngiz gözəlliklərdən zövq alıb mənəvi duyğulara qovuşur, geniş vadilərin,əzəmətli monumetlərə bənzəyən dağların, axar-baharlı dərələrin qoynunda, kükrəyib daşan çayların sahilində fırçasını əlinə alıb saatlarla malbertin önündə dayanıb bu mənzərələri kağız, kətan üzərinə köçürürdü. Bir-birindən baxımlı, görümlü, uğurlu tablolarını, natürmortlarını, etüdlərini, mənzərə janrında əsərlərini bu ecazkar aləmin qoynunda yaratmışdı: “Haçadağ”,“Batabat”, “Araz”, “Mömünə-xatun”, “Yusif Küseyir”, “Şahab məhəlləsi”,"Əlixan məhəlləsi", “Naxçıvanda bahar”,"Əlincə qalası" “Vayxır kəndi”, “Arpaçay”, “Ordubadın bağları”, “Şahbuz mənzərələri”, “Bizim ailə”, “Vətən uğrunda...
Naxçıvanda olduğu kimi, Azərbaycanın bir çox yerlərində, Bakıda, habelə Moskvada, Sankt-Peterburqda, Riqada, digər şəhərlərdə onun çoxlu sənət dostları vardı. Yuran dəfələrlə onun qonağı olan sənətkarlarla bu yerləri, dağları, çölləri, gölləri gəzmişdi. Görkəmli fırça ustası,təbiət aşiqi Səttar Bəhlulzadənin məşhur “Naxçıvan dağları”,"Mənim anam" adlı əsərləri bu dağlara Yuran ilə səfəri zamanı yaranmışdı.Səttar deyirdi ki, Yuran bu yerlərin gözəlliklərini dərindən duyur və əks etdirir.Onun təbiət mövzusunda çəkdiyi tablolar ən yaxşı sənət nümunələridir.
Görkəmli rəssam Toğrul Nərimanbəyovu öz ustadı, müəllimi və böyük qardaşı sayan Yuran uzun illər onunla dostluq edirdi. Bakıya gələn kimi ona zəng vurur, görüşür və məsləhətləşirdi. Sənət dostu, özünə ideal hesab etdiyi Toğrulun əsərlərindən mənəvi zövq və ilham alırdı. Onu və digər dostlarını Naxçıvana dəvət edər və bu diyarın görməli yerlərini, gözəlliklərini iftixar hissi ilə onlara göstərib qürur duyardı. Toğrul Nərimanbəyov söyləyirdi ki,Yuranın rənglər dünyası insanı heyrətə gətirir.
SSRİ Rəssamlar İttifaqının üzvü, istedadlı boya ustası Yuran Məmmədov uzun illər Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında çalışaraq tamaşaya qoyulan bir sıra səhnə əsərlərinin quruluşçu rəssamı olmuşdu. Mirzə Cəlilin “Ölülər”, “Dəli yığıncağı”, Cəfər Cabbarlının “Oqtay Eloğlu”, Nəcəf bəy Vəzirovun “Yağışdan çıxdıq, yağmura düşdük”, Şıxəli Qurbanovun “Sənsiz”, Hüseyn Razinin “Günəş”, Həsən Elsevərin “Alınmaz qala”, Əziz Nesinin “Toros canavarı” və digər dünya klassiklərinin dram əsərlərinə bədii tərtibat vermişdi.
Söz vaxtına çəkər, deyirlər. 30 il öncə bir yay günü dünyasını dəyişdi. Hər ilin uyun ayının 18-i Yuran Məmmədovun anım günüdür. 1984-cü ildə həmin gün Riqada dünyasını dəyişmişdi. Yuran Əli oğlu Məmmədov həyatdan vaxtsız getdi, cəmi 50 il yaşadı.1934-cü ilin aprel ayının 15-də bahar fəslində Naxçıvan şəhərində dünyaya gəlmişdi və uzaq Riqa şəhərində qəfil ürək çatışmamazlığından dünyasını dəyişdi. Azərbaycanda və İttifaqda tanınan rəssamın cənazəsi Naxçıvana gətirilərək ata-anasının məzarları yanında torpağa tapşırıldı. Özü aramızdan vaxtsız getsə də onun şirin, duzlu, məzəli söhbətləri, yaratdığı sənət yadigarları, həyata keçirə bilmədiyi arzuları, yarımçıq işləri qaldı.
2004- cü ildə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Rəssamlar İttifaqının təşkilatçılığı ilə Bakıda Vəcihə Səmədova adına sərgi salonunda Yuran Məmmədovun 70 illik yubileyi münasibətilə anım günü və əsərlərinin sərgisi keçirildi. Sənət dostları onun xatirəsini hüznlə yad etdilər, yaradıcılığını yüksək qiymətləndirərək bir-birindən maraqlı əsərlərinə baxıb onun rəssamlıq dünyasına səyahət etdilər.
2005- ci ildə tanınmış Azərbaycan rəssamının Moskvada Dekorativ-Tətbiqi İncəsənət Muzeyində “Narın rəngi”, 2010- cu ildə Krokus-Ekspoda “Üslub və müasirlik”, 2012- ci ildə Mərkəzi Rəssamlar Evində “Tütək səsi”, 2013- cü ildə “Səmanın ənginliyində” adlı sərgiləri təşkil olundu. 2014-cü ilin iyun ayında Yuran Məmmədovun 80 illik yubileyi münasibətilə Moskvada və Bakıda əsərlərinin fərdi sərgiləri açıldı.
Yuranın qızı Günel rəssamdır, Moskvada yaşayır, atasının adını özünə təxəllüs götürüb: Günel Yuran. Onun yaradıcılıq yolunu davam etdirir. Atasını ilk müəllimi adlandıraraq onun yaradıcılıq dəsti-xəttini özünə ideal seçib, bu minval ilə yeni-yeni əsərlərini yaradır. Atası barədə xatirlərində yazır ki, Naxçvanda balaca olanda atamın emalatxanasına getməyi xoşlayırdım. Onun çəkməyinə, işləməsinə tamaşa edərdim. Atam bu vaxtlarda öz söhbətləri ilə məni dünya incəsənəti ilə tanış edər, rəssamların həyat və yaradıcılığı, onun xoşladığı, sevdiyi rəssamlar–Anri Matiss,Van Qoq, Modilyani... və başqaları haqqında danışardı..
Yuran Məmmədovun əsərləri Türkiyə, İran, Macarıstan, Rusiya, Almaniya, Fransanın və digər ölkələrin muzeylərində, R. Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyində, Naxçıvan Dövlət Tarix Muzeyində və şəxsi kolleksiyalarda saxlanılır.
2014-cü ildə Naxçıvan MR yaradılmasnın 90 illiyinə həsr olunmuş sərgidə Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov dedi ki, Azərbaycan incəsənətində realist dəzgah boyakarlığının təşəkkülü, portret və mənzərələrin müstəqil janr kimi formalaşması Bəhruz Kəngərlinin adı ilə bağlıdır. Onun kimi görkəmli sənət xadimləri milli mədəniyyətimizin xəzinəsinə qiymətli töhfələr vermişlər. Azərbaycanda, onun ayrılmaz hissəsi olan Naxçıvanda Bəhruz Kəngərli sənətinin davamçıları, Naxçıvan torpağının yetirdiyi məşhur rəssamlar—İbrahim Səfi, Hüseyn Əliyev, Elmira Şahtaxtinskaya, Əyyub Hüseynov və bu kimi rəssamların sırasında istedadlı boyakarlar Yuran Məmmədov, Mircəlil Seyidov, Məmməd Şirzadov və başqaları layiqli yer tuturlar.
Bu günlərdə yaxınları, doğmaları, övladları, sənət dostları onun anım gününü qeyd etdilər, həmişə olduğu kimi, xatirəsini əziz tutdular.O, qısa ömür yaşasa da, yaratdığı və yadigar qoyub getdiyi əsərləri ilə nəsillərin qəlbində sənətə məhəbbət yaradıb, özünəməxsus bir sənət yolu qoyub gedib.
Afət
SADIQOĞLU
Xalq qəzeti.- 2015.- 28
iyul.- S.6.