Azərbaycan tolerantlıq və multikulturalizm
məkanı kimi dünyaya nümunədir
Öz dininə hörmət başqa dinə hörmətdən
başlayır. Multikulturalizm
ayrı-seçkiliyə
yol vermir, əksinə,
bütün xalqları birləşdirir.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Azərbaycanın hazırda tam
şəkildə müstəqil siyasət yeridən nadir ölkələrdən
olması artıq beynəlxalq
ictimaiyyət tərəfindən də öz
təsdiqini tapıb. Ölkəmizdə ictimai-siyasi
sabitliyin tam təmin
olunması və iqtisadi qüdrətimizin
getdikcə artması regional əməkdaşlığı
gündən-günə möhkəmləndirir. Siyasi, iqtisadi və mədəni əlaqələrin uğurla davam etdirilməsi Azərbaycanı artıq çox nüfuzlu beynəlxalq
tədbirlərin keçirildiyi məkana çevirib. Yaxın günlərdə başa çatmış və öz möhtəşəmliyi ilə dünyada böyük əks-səda
doğurmuş birinci Avropa Oyunları
respublikamızın mötəbər tədbirləri
keçirməyə qadir olduğunu
bir daha təsdiqlədi.
Bir neçə aydan sonra Azərbaycan daha bir nüfuzlu tədbirə ev sahibliyi edəcək. Söhbət İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (İSESCO) 12-ci baş konfransının və İcraiyyə Şurasının 35-ci iclasının Bakı şəhərində keçirilməsindən gedir. Bu tədbirin də yüksək səviyyədə təşkil olunması haqqında artıq Prezident İlham Əliyev sərəncam imzalayıb. Sərəncamda qeyd olunur ki, beynəlxalq təşkilatlarla əməkdaşlığın genişləndirilməsi məsələlərinə xüsusi diqqət yetirən Azərbaycan Respublikası İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ISESCO) ilə qarşılıqlı faydalı münasibətlər qurmuşdur. Əlaqələrin daim yüksələn xətt boyunca uğurla inkişaf etdiyi ötən müddət ərzində respublikada İslam ölkələrinin qlobal əhəmiyyətli bir sıra mühüm mədəni forumları keçirilmişdir.
Qeyd edək ki, Azərbaycanın humanitar sahədə keçirdiyi beynəlxalq tədbirlər iştirakçılar tərəfindən yüksək dəyərləndirilir. Respublikamızın gündəlik həyatı sülh, sabitlik və qarşılıqlı anlaşma ilə yaşanan ölkələrdən biri olması belə mötəbər tədbirlərin keçirilməsi üçün böyük zəmin yaradıb. Qərbi Avropada, keçmiş Sovetlər birliyinin iə Yuqoslaviyanın subyektlərində, Yaxın Şərqdə, Çində və digər ölkələrində müşahidə olan millətlərarası və dini münaqişələrin artan gərginliyi fonunda Azərbaycan öz sabitliyini qoruyub saxlayır. Bu gün Azərbaycan tolerantlığı ilə dünyaya nümunədir. Xalqımız İslam dəyərlərinə sədaqətini həmişə nümayiş etdirib. Sovet dövründə də qorxub-çəkinmədən bu dəyərlərin qorunub saxlanılması əsas vəzifələrdən olub. Əsrlər boyu öz milli-mənəvi dəyərlərini qoruyan Azərbaycan xalqı digər xalqların dəyərlərinə də hörmətlə yanaşıb.
Ölkəmizin hər bir vətəndaşı son illər ərzində Azərbaycanda baş verən böyük dəyişikliklərin, irəliləyişlərin şahidi olub. Müstəqillik baxımından Azərbaycanın gənc ölkə olmasına baxmayaraq, biz qısa tarixi müddətdə böyük nailiyyətlər əldə etmişik. Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan islahatlar, müxtəlif sahələri əhatə edən dövlət proqramları və genişmiqyaslı infrastruktur layihələri Azərbaycanı dinamik inkişaf edən güclü və demokratik bir dövlətə çevirmişdir. Xalqımızın rifah halının yüksəldilməsi, sosial tələbatlarının ödənilməsi, elm və mədəniyyətimizin tərəqqisi, vətəndaşlarımızın hüquq və azadlıqlarının davamlı təmin olunması, respublikamızın multikulturalizm mərkəzinə çevrilməsi üçün ölkədə hər sür şərait yaradılmışdır.
Müstəqil Azərbaycanda etnik azlıqların hüquqlarının müdafiəsi ölkənin siyasi sabitliyinin təminatı və xarici siyasətin prioritet vəzifələrindəndir. Çoxmillətli və çoxfunksiyalı respublika olan Azərbaycanın milli siyasəti bütün etnik qruplar, o cümlədən, milli azlıqlar üçün şəraitin təmin edilməsi və yaradılmasıdır. Respublikada multikulturalizm bir kampaniya deyil, artıq Azərbaycan dövlətinin milli-mənəvi, ümumbəşəri , humanist dəyərlərə söykənən davamlı və ardıcıl siyasi kursudur.
Multikulturalizm bir ideya və termin kimi ilk dəfə Qərbdə, Avropada dövriyyəyə çıxarılsa da və son dövrlərdə bu ideyadan geriçəkilmələrə yol verilsə də, Azərbaycan mühitində bu sahə artıq cəmiyyətin əxlaq kateqoriyasına çevrilib. Bu sahədə yarana biləcək problemlərə qarşı qabaqlayıcı tədbirlərin operativ şəkildə həyata keçirilməsi dövlət-din münasibətlərinin yüksələn xətt üzrə inkişafına böyük zəmin yaratmışdır. Dünyanın müxtəlif bölgələrində din və milli zəmində baş verən qarşıdurma və münaqişələr, dini konfessiyaların, təriqətlərin, institutların cəmiyyətin siyasi həyatına, ayrı-ayrı dövlətlərin idarəçilik sisteminə təsir göstərmək cəhdləri bu gün də din-dövlət münasibətlərini gündəmdə saxlayır və ictimai müzakirəsini aktuallaşdırır. Azərbaycanda bu sahədə yalnız inkişafın şahidi oluruq. Bu məsələlərə həsr olunmuş beynəlxalq səviyyəli tədbirlərdə dünyanın müxtəlif ölkələrinin din xadimlərinin təmsil olunması da bu inkişafın təzahürüdür. Bu baxımdan 2014-cü il mart ayının 7-də Bakıda “Dini etiqad azadlığı, missionerlik fəaliyyəti və media” mövzusunda keçirilən konfrans xüsusi əhəmiyyət kəsb edir. Bu nüfuzlu tədbirdə də qeyd olundu ki, müasir dünya ictimaiyyətinin ən mütərəqqi dəyərlərindən biri hesab olunan dini tolerantlıq mühiti Azərbaycan cəmiyyətinin nümunəvi birgəyaşayış normasına çevrilib.
Bu konfransa qədər keçirilən digər tədirlərdə və forumlarda da birmənalı olaraq qeyd edilmişdir ki, artıq dünyada multikulturalizm sahəsində ən optimal model kimi— Azərbaycan nümunəsi öyrənilir. Bura bütün dinlərin, mədəniyyətlərin, fərqli baxışların bir ailə kimi yaşadığı tolerantlıq məkanıdır. Yeri gəlmişkən, 2013-cü ildə 70-dən çox ölkədən 800-ə yaxın rəsmi şəxsin, tanınmış elm, mədəniyyət xadiminin, Nobel mükafatı laureatlarının toplaşdığı III Bakı Beynəlxalq Humanitar Forumunda səsləndirilən bir fikri də xatırlatmaq istərdik. Qeyd olunmuşdur ki, bu sahədə narahatedici bütün məsələlərin müzakirəsi üçün Bakıda mütəmadi olaraq unikal tribuna, platforma imkanı yaradılır. Dünya alimlərinin fikirləri ilə yanaşı, multikulturalizm nümunəsi olan Azərbaycan ziyalılarının mülahizələri də böyük marağa səbəb olmuşdur.Ümumiyyətlə, ölkəmizdə keçirilmiş çoxsaylı beynəlxalq tədbirlərdə dünyada milli və dini tolerantlığın gücləndirilməsi, multikulturalist dəyərlərin təbliği, dini zəmində ekstremizmə və ayrı—seçkiliyə qarşı birgə mübarizə yollarının araşdırılması, fərqli dinlərin və mədəniyyətlərin daşıyıcısı olan insanlar arasında dialoq və qarşılıqlı anlaşmanın bərqərar edilməsi və digər aktual problemlər geniş müzakirə olunmuşdur. Bütün bunların nəticəsi olaraq, Azərbaycan dövləti ölkədəki dini ibadət azadlığından və multikulturalist mühitindən sui-istifadə etməyə cəhd edən müxtəlif təriqətlərin, missioner təşkilatların anti-milli fəaliyyətinə qarşı qəti və barışmaz mövqe nümayiş etdirir.
IV Bakı Beynəlxalq Humanitar Forumunun açılış mərasimindəki nitqində də Prezident İlham Əliyev Azərbaycanda multikulturalizmin inkişafını yüksək qiymətləndirərək demişdir: “Multikulturalizm Azərbaycanda həyat tərzidir. Düzdür, bu termin nisbətən yenidir. Ancaq əsrlər boyu Azərbaycanda multimədəniyyətli cəmiyyətlər mövcud olub. Xalqlar arasındakı dostluq və həmrəylik bunun bariz nümunəsidir”.
Bu gün dünyada çoxmədəniyyətli ölkə imici qazanmış Azərbaycanda müxtəlif xalqlar arasında ənənəvi dostluq və qardaşlıq münasibətlərinin, tolerantlığın hökm sürməsi tarixi nailiyyətimizdir. Bu amil artıq ictimai-siyasi həyatımızın aparıcı normasına çevrilmişdir. Ölkəmizdə yaşayan müxtəlif xalqlara öz milli mənəvi dəyərlərini, dini etiqadını, adət-ənənələrini qoruyub saxlamaq, dil və mədəniyyətini inkişaf etdirmək üçün demokratik şəraitin təmin edilməsi Azərbaycanı dünya ölkələri üçün tolerantlıq örnəyinə çevirib. Qürurverici haldır ki, bir sıra dövlətlər bizim təcrübəmizdən yararlanmağa çalışırlar. Rusiya və Avro-Asiya yəhudi konqresinin vitse-prezidenti, “STMEGİ” Fondunun prezidenti Sergey Zaxaryayevin dedikləri də bunu təsdiqləyir: “Beynəlxalq təşkilatlar müxtəlif hüquqların müdafiəsi sahəsi üzrə normativləri müəyyən edən müxtəlif aktlar, konvensiyalar, hüquqi sənədlər qəbul edir. Ancaq Azərbaycan milli və dini azlıqların müdafiəsi sahəsində artıq öz normativlərini hazırlayıb. Azərbaycanda milli azlıqların hüquqları dövlətin ərazi bütövlüyü, bərabərliyin təmin edilməsi, diskriminasiyaya yol verməmək, dövlətin doğma dil, mədəniyyət və milli ənənələri saxlamaqla ölkə əhalisinin bütün qruplarını dəstəkləmək öhdəlikləri kimi prinsiplərdən çıxış edərək həyata keçirilir. Düşünürəm ki, dünya ölkələri Azərbaycanın mədəniyyətlərarası əlaqələrin inkişafında təcrübəsini öyrənməlıdir.”
Ölkəmizin multikulturalizm mərkəzinə çevrilməsində Heydər Əliyev Fondunun yorulmaz fəaliyyəti xüsusi qeyd olunmalıdır. Fond hər bir layihəsi ilə müxtəlif xalqlar arasında humanizm, həmrəylik və dözümlülük kimi bəşəri dəyərlərin bərqərar olmasına öz töhfəsini verməyə çalışır. Uğurla həyata keçirilən “Tolerantlığın ünvanı — Azərbaycan” layihəsi çərçivəsində ölkədəki məscidlərdə, kilsələrdə, sinaqoqlarda təmir-bərpa işləri aparılır. Bakıda yəhudi uşaqları üçün təhsil kompleksinin istifadəyə verilməsi, Fransa regionlarında kilsələrin, müqəddəs Roma katakombalarının bərpasında iştirakımız, Həştərxanda Müqəddəs Knyaz Vladimirə abidənin ucaldılması da məhz ayrı-ayrı xalqların və konfessiyaların qarşılıqlı hörmət və dostluq münasibətlərinin genişləndirilməsinə xidmət edir.
Bu il iyulun 11-də Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadənin müqəddəs Ramazan ayı münasibətilə öz iqamətgahında açdıgı iftar məclisində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev demişdir: “Dövlət, eyni zamanda, Azərbaycanda dinlərarası münasibətlərin tənzimlənməsində də öz rolunu oynayır. Azərbaycanda keçirilən çoxsaylı beynəlxalq forumlar, konfranslar, dinlərarası dialoqla, multikulturalizmlə, humanitar məsələlərlə bağlı forumlar, əlbəttə ki, ölkəmizi dünyaya nümunəvi ölkə kimi təqdim edir, eyni zamanda, Azərbaycanda dinlərarası münasibətlərin gələcəkdə də sağlam şəkildə inkişaf etməsinə şərait yaradır. Azərbaycanda İslam dini ilə bağlı çoxsaylı tədbirlər keçirilir. Bu tədbirlərdə həm bizim qonşu dövlətlərdən nümayəndələr iştirak edir, eyni zamanda, uzaq ölkələrdən qonaqlar gəlir. Yəni, budur bugünkü Azərbaycanın reallıqları. Dövlət bu istiqamətdə öz səylərini göstərir və göstərəcək”.
Dinlərarası
münasibətlərdə böhran
yaşandığını diqqətə çatdıran
ölkə Prezidenti islamafobiya,
ksenofobiya və antisemitizm meyillərinin gücləndiyini də diqqətə
çatdırmış və multikulturalizm dəyərləri
haqqında hətta yüksək vəzifə sahibləri tərəfindən
çox təhlükəli ifadələr səsləndiyini
bildirmişdir. Azərbaycan Prezidenti “Multikulturalizm iflasa uğrayıb, multikulturalizm
işləmir və onun gələcəyi
yoxdur”, kimi fikirlər
səsləndirənlərə cavab olaraq, Azərbaycandan nümunə
götürməyi tövsiyə etmişdir:
“Gəlsinlər, Azərbaycana baxsınlar. Azərbaycanda multikulturalizm yaşayır, möhkəmlənir.
Heydər Məscidinin açılışında mən, şeyx həzrətləri, Aleksandr
ata, Milix Yevdayev çıxış etmişik.
Budur, bizim
reallıqlarımız. Bu, bizim üçün adi qaydadır. Ancaq, eyni zamanda, bizim
xristian, yəhudi
qardaşlarımızın orada
çıxışı bir mesaj, siqnal idi,
həm Azərbaycan cəmiyyətinə, həm bölgəyə,
həm də dünyaya. Bax, belə olmalıdır. Budur normal həyat
tərzi, budur normal siyasət”.
Əliqismət
BƏDƏLOV
Xalq qəzeti.- 2015.- 28
iyul.- S.4.