Azərbaycan dövləti milli-mənəvi
dəyərlərin
qorunmasını daim
diqqət mərkəzində saxlayır
Bu gün Azərbaycan dünya
miqyasında böyük dəstəyə
və hörmətə malik olan bir ölkədir. Ancaq
möhkəm təməl olmasaydı,
biz bu nailiyyətlərə çata bilməzdik.
Düşünülmüş siyasət,
xalqla iqtidar arasındakı birlik, din-dövlət münasibətlərinin
möhkəm təməl üzərində qurulması bizim
uğurlarımızın əsas şərtidir.
İlham
ƏLİYEV
Azərbaycan
Respublikasının Prezidenti
Türk dünyasının görkəmli
ziyalılarından olan İhsan Doğramacı müsahibələrindən birində
demişdi ki, azərbaycanlılar
türk xalqları arasında öz milli mənliyini, dini mənsubiyyətini,
adət və ənənəsini,
böyüyün və kiçiyin yerini bilib, tarixini və ədəbiyyatını
qoruduğuna görə böyük uğurlara imza ata biliblər.
Bu dəyərlərin qorunması və
yaşadılması Azərbaycanın daha böyük nailiyyətlər
qazanmasını təmin edəcəkdir. Alim onu da əlavə
edirdi ki, azərbaycanlıların öz milli-mənəvi dəyərlərini
qoruyub saxlaması başqalarında məmnunluq, bu insanlara
böyük rəğbət yaradırsa, ölkədəki
digər xalqların və dinlərin təmsilçilərinə
göstərilən ehtiram az qala
heyranlıq dərəcəsindədir.
Ağsaqqal ziyalının həmin qiymətləndirməsindən
milli-mənəvi dəyərlərimizin dövlət səviyyəsində
qorunmasına həsr edilmiş bu yazıda da istifadə etməyimiz
tamamilə yerinə düşür.
Əlbəttə,
bizim qorunmalı və yaşadılmalı çox dəyərlərimiz var.
Onların qorunmasını həm dövlət, həm
Prezident İlham Əliyev, həm Heydər Əliyev Fondu, həm
də müvafiq qurumlar yüksək səviyyədə təmin
edirlər. Ən başlıcası, həmin dəyərlər
xalqın təfəkküründə, milli
yaddaşımızda və qanımızda
yaşadığına görə özünə əbədilik
qazanıb. Ancaq bir mənəvi dəyərimiz
var ki, son illər onun üzərinə çoxsaylı iftira
və böhtanlar atılır, dünyanın ən müxtəlif
guşələrində yaşayan mənfi xislətli
insanların əksəriyyəti onun adından istifadə etməyə
çalışır. Bu, bizim müqəddəs
dinimizdir. Müxtəlif səbəblər üzündən
bu gün dünyanın dörd tərəfinə səpələnmiş
azərbaycanlıların hamısı belə fikirləşir
ki, Prezident İlham Əliyev öz ölkəsində tolerant,
multikultural cəmiyyət formalaşdırmaqla yanaşı,
müqəddəs dəyərlərimizdən olan İslam
dininin terrorçu, separatçı və digər
ünsürlərin əlində vasitəyə çevrilməsinə
qarşı ciddi mübarizə aparır. Biz
dövlət başçımızın Bakıda
keçirilən bir neçə beynəlxalq tədbirin
tribunasından səsləndirdiyi nitq və
çıxışlarında dəfələrlə bunun
şahidi olmuşuq. Prezident Ramazan bayramı ərəfəsində
Qafqaz Müsəlmanları İdarəsinin sədri,
şeyxülislam Allahşükür Paşazadənin öz
iqamətgahında açdığı iftar süfrəsindəki
çıxışında da bu məsələni xüsusilə
qabartmış və konkret fikirlər səsləndirmişdi.
İftar
tədbiri keçirib ölkədəki bütün dini
konfessiyaların rəhbərlərinin bir araya gətirilməsini
yüksək qiymətləndirən dövlət
başçımız bu ənənənin yaranma tarixini də
yada salmağı unutmayıb: “Bu ənənəni ulu öndər
Heydər Əliyev və şeyx həzrətləri
qoymuşlar. Bu ənənə yaşayır və
yaşayacaqdır. Əslində, bu,
din-dövlət münasibətlərinin çox gözəl
təzahürüdür. Azərbaycanda
din-dövlət münasibətləri sağlam təməl
üzərində formalaşıb və inkişaf edir. Bu, hər bir ölkə üçün önəmli
məsələdir. Bizim amalımız
birdir. Bizim amalımız Azərbaycanı
inkişaf etdirmək, Azərbaycan xalqının
maraqlarını müdafiə etmək və Azərbaycanı
daha da güclü dövlətə çevirməkdir. Biz bu məqsədə doğru inamla, uğurla irəliləyirik”.
Ölkəmizdə
dinlərarası münasibətlərin sağlam şəkildə
qurulmasından məmnunluq ifadə edən Prezident deyib:
“Dövlət, eyni zamanda, Azərbaycanda dinlərarası
münasibətlərin tənzimlənməsində də
öz rolunu oynayır. Azərbaycanda keçirilən
çoxsaylı beynəlxalq forumlar, konfranslar, dinlərarası
dialoqla, multikulturalizmlə, humanitar məsələlərlə
bağlı forumlar, əlbəttə ki, ölkəmizi
dünyaya nümunəvi ölkə kimi təqdim edir, eyni
zamanda, Azərbaycanda dinlərarası münasibətlərin
gələcəkdə də sağlam şəkildə
inkişaf etməsinə şərait yaradır. Azərbaycanda İslam dini ilə bağlı
çoxsaylı tədbirlər keçirilir. Bu tədbirlərdə həm bizim qonşu dövlətlərdən
nümayəndələr iştirak edir, eyni zamanda, uzaq ölkələrdən
qonaqlar gəlir. Yəni, budur
bugünkü Azərbaycanın reallıqları. Dövlət bu istiqamətdə öz səylərini
göstərir və göstərəcək”.
Söhbət
konkret olaraq Azərbaycan dövlətinin İslam dininə münasibətinə
gəlincə isə, Prezidentin yada salmaq istədiyi məqamlar
daha çoxdur: “Azərbaycanda bütün tarixi məscidlərimiz
dövlət hesabına əsaslı şəkildə bərpa
edilibdir. Bibiheybət, Təzəpir, Əjdərbəy məscidləri,
743-cü ildə tikilmiş, müsəlman aləmində ən
qədim məscidlərdən biri olan Şamaxı məscidi,
“İmamzadə” Dini Kompleksində indi əsaslı təmir-bərpa
işləri aparılır. Əlbəttə
ki, keçən ilin sonlarında Heydər Məscidinin tikilib
istifadəyə verilməsi tarixi hadisə idi”.
Həm
mömin soydaşlarımız, həm də Azərbaycandakı
tolerantlıq, milli-mənəvi dəyərlərin
qorunması istiqamətində yazı hazırlayan həmkarlarımız
həmin gün dövlət başçımızdan Heydər
Məscidinin tikilmə tarixçəsi barədə də
maraqlı fikirlər eşitdilər: “Bir neçə il bundan
əvvəl mən Məkkə ziyarətində müqəddəs
Kəbənin içində dualar edərək niyyət
etmişdim ki, Azərbaycanda böyük, möhtəşəm
məscid tikiləcək və bu məscidin adı Heydər Məscidi
olacaq. Bu ilin aprel ayında mənə yenidən
Kəbənin içində dualar etmək xoşbəxtliyi nəsib
olub. Şeyx həzrətlərinin dediyi kimi, İki
Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanı
Kralının şəxsi göstərişi ilə müqəddəs
Kəbənin qapıları mənim, şeyx həzrətlərinin,
ailə üzvlərimin üzünə
açılmışdır və yenidən müqəddəs
Kəbənin içində dualar edərək, ürəyimdə
dedim ki, Heydər Məscidi tikildi. Bir müsəlman kimi mənim
üçün bundan böyük xoşbəxtlik ola bilməz. Bu, atamın ruhu
qarşısında mənim borcumdur. Bir müsəlman
kimi mən xoşbəxt adamam ki, buna nail ola
bilmişəm və eyni zamanda, xoşbəxt adamam ki, müqəddəs
Kəbənin içində üç dəfə dualar
etmişəm”.
Ölkəmizdəki
dinlər və millətlər arasındakı münasibətlərdən
məmnunluqla söz açan dövlət
başçımız təəssüflə qeyd edir ki, bu
gün dünyada həmin məsələ öz normal həllini
tapa bilməyib: “ Azərbaycanda hökm
sürən ab-hava, dinlərarası, millətlərarası
münasibətlər, multikulturalizm dəyərləri - bunlar
bizim üçün həyat tərzidir. Ancaq əgər
biz bəzi başqa ölkələrə nəzər yetirsək
görərik ki, bu, heç də hər yerdə belə
deyil. Əksinə, milli, dini zəmində
qarşıdurmalar, müharibələr, toqquşmalar baş
verir, məzhəb zəminində qan tökülür. Bu, dözülməzdir və mən də şeyx həzrətlərinin
sözləri ilə razıyam ki, bugünkü dünyada
proseslər daha çox mənfi istiqamətdə gedir.
Biz bir il bundan əvvəl bu salonda
toplaşmışdıq. Görün, bu bir il ərzində
dünyada nə qədər böyük təhlükələr
yarandı, hansı ki, bir il bundan əvvəl onlar haqqında
heç söhbət aparılmırdı”.
Adıçəkilən istiqamətdə dünya
dövlətlərinin və böyük xalqların birgə
fəaliyyət göstərməsi günün zəruri tələbi
kimi ortaya çıxır. Təəssüflər
olsun ki, bəzi dövlətlər bu istiqamətdə müsbət
fəaliyyət göstərmək əvəzinə,
böhranın dərinləşməsində maraqlı olduqlarını
gizlətmirlər. Ona görə də Azərbaycan
Prezidenti deyir: “Dinlərarası münasibətlərdə
böhran yaşanır. İslamafobiya,
ksenofobiya, antisemitizm meyilləri güclənir. Multikulturalizm dəyərləri haqqında hətta
yüksək vəzifə sahibləri tərəfindən
çox təhlükəli ifadələr səslənir ki,
multikulturalizm iflasa uğrayıb, multikulturalizm işləmir və
onun gələcəyi yoxdur. Gəlsinlər,
Azərbaycana baxsınlar. Azərbaycanda
multikulturalizm yaşayır, möhkəmlənir. Heydər Məscidinin açılışında mən,
şeyx həzrətləri, Aleksandr ata, Milix Yevdayev
çıxış etmişik. Budur, bizim
reallıqlarımız. Bu, bizim
üçün adi qaydadır. Ancaq, eyni
zamanda, bizim xristian, yəhudi qardaşlarımızın orada
çıxışı bir mesaj, siqnal idi, həm Azərbaycan
cəmiyyətinə, həm bölgəyə, həm də
dünyaya. Bax, belə olmalıdır.
Budur normal həyat tərzi, budur normal siyasət”.
Dünyada
gedən mənfi proseslərdən, qeyri-məqbul tendensiyalardan
söz açan Prezident həmin tendensiyaların bizim ölkəyə
yaxın gələ bilməməsi üçün hər
bir insanın üzərinə böyük vəzifələr
düşdüyünü yada salır: “Bir məsələni
də vurğulamaq istəyirəm, milli, dini dəyərlərimiz
bizim üçün hər şeydən üstündür. Biz çalışmalıyıq və
çalışırıq ki, bizim gənclərimiz də
milli ruhda böyüsünlər, tərbiyə alsınlar.
Milli ruhda, eyni zamanda, multikulturalizm ruhunda. Burada heç bir ziddiyyət yoxdur. Hər bir vətənpərvər insan, öz vətənini,
millətini sevən insan böyük hörmətə
layiqdir. Eyni zamanda, başqa dinlərə
hörmət edən, başqa millətdən olan insanlara
hörmətlə yanaşan insan da böyük hörmətə
layiqdir. Ona görə bizim gənclərimiz
bax, bu ruhda tərbiyə olunmalıdır. Biz gənclərimizi kənar təsirlərdən
qorumalıyıq. Kənar təsir cəhdləri
var, biz hamımız bunu yaxşı bilirik. Nə qədər gücüm varsa, mən bu kənar
təsirin qarşısında duracağam və heç kimə
imkan verməyəcəyəm ki, kimsə öz iradəsini Azərbaycana
diktə etsin”.
Bütün
mənfi təzahürlərdən çıxış
yolunun ancaq və ancaq elmdə, təhsildə olduğunu
söyləyən Azərbaycan Prezidenti əmindir ki,
savadlı gəncin beynini kimsə zəhərləyə bilməyəcək:
“Bu gün dünyada terrorizm, ekstremizm, radikalizm meyilləri
baş alıb gedir. Hər yerdə - Yaxın
Şərqdə, Avropanın özündə, müxtəlif
yerlərdə. Bunun təzahürləri fərqli ola bilər. Ancaq mahiyyət
etibarilə bu, necə deyərlər, bir anlayışdır.
Buna qarşı ən gözəl
sığorta, ən gözəl sədd təhsildir. Bilikli, savadlı insan çox nadir hallarda yolunu aza
bilər. Savadsız insanların beynini zəhərləmək
asandır. Ona görə bizim gənclər
savadlı, biliklidirlər. Biz bunu təqdirlə
qeyd edirik və bizim siyasətimiz bundan sonra bu istiqamətdə
davam etdiriləcək. Burada həm dövlət
qurumları, həm dini qurumlar yenə də bir yerdə
olmalıdır. Azərbaycanda həm ali,
həm orta məktəblərdə, eyni zamanda, dini təhsil
yüksək səviyyədə olmalıdır. Azərbaycan dövləti bu istiqamətdə
bütün lazımi tədbirləri görür və
görəcəkdir”.
Göründüyü
kimi, Prezident İlham Əliyev Azərbaycan dövlətini təkcə
seperatçılardan, işğalçılardan, müxtəlif
beynəlxalq təşkilatlardakı bədxahlarımızdan
qorumağa çalışmır, o, həm də ölkədəki
mənəvi ab-havanın qorunması üçün əlindən
gələni edir və həqiqi ziyalıları bu istiqamətdə səfərbər
olmağa çağırır. Dövlət
başçımız əmindir ki, ölkəmizdə
formalaşdırılmış sağlam mənəvi ab-hava dövlətimizin
gündən-günə qüdrətlənməsini,
insanlarımızın sosial-rifah halının
yaxşılaşdırılmasını və cəmiyyətimizin
daha da demokratikləşdirilməsini təmin edəcəkdir.
Bütün bunlar isə ulu öndər Heydər Əliyevin
arzularının sırasında idi.
İttifaq
MİRZƏBƏYLİ
Xalq qəzeti.- 2015.- 30 iyul.- S.3.