Qocaman teleradiomuz
gəncləşir,
öncüllüyünü
qoruyur
Hər şeyi, doğrudan da, kadrlar həll edir. Bu, bir gerçəklikdir. Bizdə ötən zamanlarda paradoksal sayıla biləcək başqa bir gerçəklik də mövcüd olub. İş bacaran, çalışdığı idarəni, dolayısıyla xalqını yarıtmağa qadir olan kadrları bəzən kölgədə qalıblar.
Buna baxmayaraq, öz işinin mahir ustası olan kadrlar - redaktorlar, rejissorlar, operatorlar, montajçılar boy göstərmiş, məharətlərini sərgiləmişlər. Ədalət üstün gələndə Rauf Kazımovski, Ramiz Həsənoğlu, Tariyel Vəliyev, Mailə Muradxanova, Valid Sənani, Natiq Səfərov, Nazim Yüzbaşov, Mövlud Süleymanlı, Vaqif Əlixanlı, Aybəniz Məmmədəliyeva kimi jurnalist və sənətkarların yaradıcılığı üzə çıxıb. Azərbaycan efir məkanına “Ulduz”, “Səadət”, “Natavan”, “Bulaq”, “Evləri köndələn yar”, “Ordan-burdan”, “Ac həriflər”, “Dan yeri”, “Mövqe”, “Yuva”, “Çərxi-fələk”, “Axşamınız xeyir” kimi uzunömürlü proqramlar və parlaq sənət nümunələri ayaq açıb. Belə uğurlu işlərin sayı beşqat, onqat çox olardı – əgər kadrlara münasibətdə bəzi əngəllər olmasaydı.
Hazırda Teleradio Verilişləri QSC-də yeni dövrə, müstəqilliyimizin tələblərinə uyğun olaraq işə münasibət, işgüzar dəyərlər gözgörəsi dəyişməkdə, gənc, istedadlı kadrlar axtarışı inadla davam etməkdədir. Bu üzdən də verilişlərin istər rejissurasında, istərsə də müəllif mətnlərinin məzmun, üslub tərzində uğurlu yeniliklər çoxalır. Bütün bunlara rəvac verən isə QSC-nin hazırkı rəhbəri Arif Alışanovdur. Uzun illər kollektivin içərisində yetkinləşən, demək olar ki, hamıya yaxşı bələd olan, xeyirxah və işbilən bu adamın bircə istəyi var: teleradionu istedadlı əllərin ixtiyarına buraxmaq.
Bu istəyin işartıları tezliklə özünü göstərməyə başladı. “Xəbərlər” proqramındakı yeniliklər, müasir texnologiya sahəsindəki əsaslı dəyişikliklər, ümumiyyətlə, efir verilişlərinin ritmikasındakı müsbət keyfiyyətlər bizə nikbin olmağa əsas verir. Milli efirimizə xas olan ənənələr unudulmur, teleradio janrlarına hörmətlə yanaşılır. Ucuz şou-biznes başa keçirilmir, bu günümüz üçün vacibdən də vacib olan maarifçilik missiyası sayğı ilə davam etdirilir. Deməli, Teleradio QSC-nin rəhbərliyi rəqabət aparan digər teleradiolardan nə ilə fərqlənəcəyini dəqiq müəyyənləşdirib. Bunun optimal həllini kadr potensialını kəmiyyətcə deyil, keyfiyyətcə möhkəmləndirməkdə görür.
Hələ sədrliyə başladığı ilk günlərdə pensiya yaşı ötmüş işçilərin bir qismini böyük sayğı və təntənə ilə yola salarkən A. Alışanovun söylədikləri hamını duyğulandırmışdı: “Mən hamınızı çox sevirəm, aranızda böyümüşəm. Heç nə əbədi deyil, vaxtı yetişəndə biz də çıxacağıq təqaüdə, amma gərək efirin qocalmasına, səsinin titrəməsinə razı olmayaq. Arxadan gənclik gəlir, onları qapı dalında saxlayıb qocaltmağa ixtiyarımız yoxdur. Bir də biz sizdən həmişəlik ayrılmırıq. Kimin qələmində kəsər, canında təpər, deməyə sözü varsa buyursun, qapımız hər vaxt üzünüzə açıqdır...”
İndi QSC öz tarixinin, bəlkə də, ən məsul, bəhrəli çağlarını yaşayır. Bu tarixi öz tərcümeyi-halına yazmaq isə Arif müəllimin payına düşüb. Təqaüdçülərin yola salınması, kadr dəyişiklikləri, maliyyə problemlərinin həlli, yeni strukturların yaradılması, əməkdaşların iş şəraitini, sosial durumunu kökündən yaxşılaşdırmaq, ən müasir avadanlıqlara, kompüter texnologiyası ilə təchizat, əsaslı təmir-tikinti işləri... və bütün bunlarla yanaşı, efirə yeni dövrün ən keyfiyyətli proqramlarını çıxartmaq... Bütün bunlar onun adı ilə bağlıdır.
Bu yerdə keçmişə bir balaca ekskurs eləməkdən özümü saxlaya bilmirəm. Hələ 1993-cü ildə bir məqalə yazmışdım. “Niyə belə oldu” adlı həmin yazını o dövrün neçə-neçə qəzet redaktoru çap eləməkdən çəkindi. Nəhayət, dostum Xeyrəddin Qoca redaktoru olduğu “Yeni Azərbaycan” qəzetinin 1995-ci il 4 iyul sayında işıq üzünə çıxardı. O yazıdan bir neçə cümləni olduğu kimi təqdim edirəm:
“Hələ neçə illər bundan irəli Dövlət Teleradio Verilişləri Komitəsinin mühasibat şöbəsində xırdaca bir vəzifədə Arif Alışanov adlı bir dostumuz işləyirdi. Bir dəfə ondan soruşdum ki, ay Arif, sən bilən niyə bizim məvacibimiz bu qədər azdır? Moskvada eyni işi görən həmkarlarımız bizdən ikiqat, üçqat artıq zəhmət haqqı aldıqları halda, biz niyə az alırıq, olmaya onların mədəsi bizimkindən gendir? Nə cavab versə yaxşıdır. Qayıtdı ki, heç kəs bizim üstümüzdə dayanıb hökm eləmir ki, maaşı bu qədər yox, bu qədər ver, yaxud mükafatları azalt. Sadəcə, bütün bunları düzüb-qoşmağı bacaran vətəndaş maliyyəçilər lazımdır. Elə eləmək olar ki, bizim işçilər moskvalı həmkarlarından çox məvacib alsınlar. İllər sonra Arif Alışanov irəliləyib maliyyə idarəsinin rəisi vəzifəsini tutanda, doğrudan da, dediklərinə əməl elədi, qısa vaxt ərzində teleradio işçilərinin məvacibini bir neçə qat artırdı, mükafatlandırma sistemində əsaslı dönüş yaratdı.”
İndi həmin Arif Alışanovdur QSC-nin sədri. Uzun illər Teleradio Verilişləri Şirkətinin ağlı-qaralı günlərindən keçə-keçə bu müəsissənin rəhbəri vəzifəsinə qədər yüksəlib. İqtisadiyyatı gözəl bildiyi kimi, ideologiyanın səmtinə-sorağına da yaxşı bələddir. Xalq Təsərrüfatı İnstitutunu bitirib, iqtisad elmləri namizədidir. Həm də ali jurnalist təhsili var. Avroasiya Televiziya Akademiyasının üzvü, Milli Məclisin deputatıdır. Yaxşı başa düşür ki, həyatda görüb-götürdüklərinin, bildiklərinin məntiqi sonucu efirdə səslənən, göstərilən audio-vizual proqramlar, verilişlər olacaq. Bütün bunları həyata keçirmək, Milli Teleradio məkanında tüğyan eləyən rəqabətə duruş gətirmək üçün ən müasir texnologiyaya sahib olmaqla yanaşı, həm də qüdrətli kadr potensialına yiyələnmək gərəkdir.
İndi Teleradio Verilişləri QSC-də durğunluq hökm sürmür. Bir əsrə yaxın həyat təcrübəsi olan bu teleradio məkanı ciddi, əsaslı sıçrayışlar ərəfəsindədir. Bu böyük kollektivin efir məkanında qazandığı təcrübəyə əsaslanaraq öhdəsinə düşən tarixi missiyanı səbrlə, peşəkarcasına həyata keçirməkdədir. Bu üzdən də istər radio efirində, istərsə də televiziya ekranında təqdim edilən cazibəli proqramlar artıq revanş götürüb, evlərə, ocaqlara hörmətli qonaq kimi daha sıx-sıx yol tapmaqdadır.
… Budur, milli televiziyamızın ekranı ağarır və həqiqi mənada televiziya ölçülərinə cavab verə biləcək bir veriliş start götürür. İstedadlı muğam ustası Alim Qasımova həsr olunmuş “Emalatxana” adlı ekran işində xanəndə müxtəlif ladlar üzərində kəsik-kəsik oxusa da, əslində, lentin qəhrəmanı yalnız o deyil, burda əsas fikir muğam haqqında ayrı-ayrı sənət bilicilərinin, rejissor və teatrşünasların bu böyük sənətkar barədə ilk baxışda biri-birilə o qədər də əlaqəsi olmayan düçüncələrinə, şərhlərinə yönəlib. Sonra birdən teatrşünas Aydın Talıbzadə ilə rejissor Vaqif İbrahimoğlunun başladıqları söhbət qırılır... Müəlliflərin də seçdikləri personajların yetirmək istədikləri elə budur - oxunan muğamın sənətkarla birgə tamaşaçını da vəhdəti-vücuda qovuşdura biləcəyinə inandırmaq. Biri-birinə məhrəm, doğma nəfəslərin qovuşuğundan yaranmış bu ekran əsəri QSC-dəki islahatlar çağının böyük uğuru idi və belə görüntülərin daha tez-tez ekrana çıxacağına ümidlərimizi artırırdı. QSC-də uğurlu fəaliyyəti ilə yaddaşlara yeni-yeni proqramlar həkk edən, doğma efirimizi uğurlu verilişləri ilə zənginləşdirən radiomuzun da xidmətləri ürəkaçandır. “Bulaq”, “Əsgər istəyi”, “Sabahınız xeyir”, “Səslər muzeyi”, “Şəbəkə”, “Axşam görüşləri” kimi zaman-zaman ətrafına geniş dinləyici auditoriyası toplamış verilişlərin sırasına bu günlərimizdə “Elçi daşı”, “Vaxtınız varsa”, “Unudulanlar”, “Söz dünyamız”, “İlham çeşməsi”, “Qum saatı”, “Düşüncələr” adlı müəllif proqramları da qoşulub.
Ömrümün 35 ilə yaxın dövrünü həsr etdiyim, yaşı 90-ı haqlamış qocaman radiomuz uzun illər olduğu kimi, yenə hər səhər saat 6-da iş gününü başlayır və... əvvəlki illərdə olduğu kimi, verilişlərini gecə saat 12-də tamamlamır, dinləyicisini bütün gün ərzində - 24 saat biri-birindən maraqlı proqramlar səsləndirməklə bol nemətli süfrəsi başına dəvət edir. Burada biz kimlərlə rastlaşır, görüşür, tanış oluruq? Efirimizi şux səsləri, səviyyəli aparıcılıq məharəti ilə bəzəyən müəlliflər qrupu - Rəfael Hüseynov, Şəfəq Sultan Əlixanlı, Dilşad Tahirqızı, Mahəddin Əsgər, Xalid Rəhimli, Rövşən Ramazanlı, Rübabə Səməndər, Gülbəniz Hüseynova, Sitarə İsmayılqızı kimi müəlliflərin çıxışları, dəvət elədikləri qonaqlarla canlı dialoqları, əlvan musiqi parçaları milli radiomuzu hamıya sevdirir.
Azərbaycan radiosunun aparıcı verilişlərindən sayılan “İrəvan çuxuru”, “El havası”, “Yurd yeri” verilişlərinin aparıcısı gənc qələm sahibi Savalan Talıblıdır. Onun, ilk növbədə, yatımlı səsi, orijinal, ürəkdən tikan çıxaran sualları, məntiq yüklü şərhləri dinləyicini özünə cəlb edə bilir. Bununla da həmin verilişlərin növbəti saylarını səbirsizliklə gözləyirlər. Davamlı olaraq, folklor incilərimizi, sənət adamlarını, girovluqda qalan dərdli yurd yerlərimizi yada salan, işıqlandıran bu verilişlər milli-mədəni irsimizin təbliğ olunması yolunda önəmli rol oyanyır.
Saat 17:05. Radionun veteran proqramlarından birinin - “Əsgər istəyi”nin çağırtısı minlərlə, on minlərlə dinləyicisini qurduğu efir məclisinə dəvət edir. 1991-ci ildən başlayaraq hər bazar günü efirə çıxan bu veriliş həm Vətən sərhədlərini qoruyan əsgər balalarımızın, həm də onların yolunu gözləyən doğmalarının sevimli verilişidir.
Rəhman Quluzadəni verilişin aparıcısı təyin edərkən rəhbərlik həm də onun özünün erməni vandalizminin canlı şahidi olduğunu nəzərə almışdır. Doğrudan da, əslən qarabağlı olan Rəhman bu proqramın hər sayının araya-ərsəyə gəlməsinə bütün varlığı ilə qatıldı, geniş dinləyici auditoriyası qazanması üçün əlindən gələni əsirgəmədi.
Sonra üzümüzü 70 yaşlı televiziyamıza çeviririk. Teatrşünas İlham Rəhimlinin, fəlsəfə doktoru Akif Əlinin, məşhur aparıcı Nərgiz Cəlilovanın, Nəcibə Əlixanovanın peşəkarcasına apardıqları “Sərbəst söhbət”, “Zaman və məkan”, “Sevilənlər”, “Ovqat” müəllif proqramlarından bir an belə gözümüzü ayıra bilmirik. Onların studiyalara dəvət elədikləri məşhur elm, sənət xadimləri ilə baş tutan mükalimələri bizi duyğulandırır, tariximizin, mədəniyyətimizin, ictimai düşüncəmizin bir sıra sosial, siyasi, kulturoloji qatları ilə tanış oluruq.
Az.TV - nin ekranlarından yayımlanan “Bakı- 2015” ilk Avropa Oyunlarının görüntüləri isə bir ayrı aləm idi. Azərbaycan Televiziya və Radio Verilişləri QÇS- nin rəhbərliyi haqlı olaraq Avropa Oyunlarının bir çox yarışlarının şərhçiliyini özünün təcrübəli idman jurnalistlərindən sayılan Əməkdar jurnalist Fikrət Adıgözəlliyə etibar etmişdi. 20 ildən çox aparıcılıq səriştəsi olan Fikrət bu etimadı doğrultmaq üçün indiyəcən topladığı bütün təcrübə və bacarığını, informasiya potensialını səxavətlə ortaya qoydu, tamaşaçılarla bölüşə bildi.
Və bu məqamlarda 59 yaşlı Az TV-miz digər telekanllardan özünün sanbalı, erudisiyası, müdrikliyi ilə gözgörəsi fərqləndi.
Beləcə, efir məkanının müdrük ağsaqqalı – Azərbaycan Teleradio Verilişləri QSC gündən-günə cavanlaşır, öyüdlü-örnəkli söz yiyəsi statusunu mətinliklə qoruyur, liderliyində qalır.
İntiqam MEHDİZADƏ,
yazıçı-jurnalist
Xalq qəzeti.- 2015.- 30
iyul.- S.5.