Azərbaycanın Olimpiya hərəkatında

Avropa Oyunları xüsusi yer tutacaq

 

Prezident İlham Əliyevin Milli Olimpiya Komitəsinin rəhbəri seçilməsinin 18-ci ildönümü tamam olur

 

Bu gün Azərbaycanın idman həyatında xüsusi bir gündür. Cənab İlham Əliyevin Milli Olimpiya Komitəsinin prezidenti seçilməsindən 18 il keçir. İkiqat fərəhli haldır ki, cənab Prezidentin ölkə Olimpiya hərəkatına rəhbərliyinin növbəti ili tarixdə ilk dəfə keçirilən və Bakıda ən yüksək səviyyədə təşkil olunan Avropa Oyunlarına təsadüf etmişdir.

 

Cənab İlham Əliyevin MOK-un prezidenti kimi fəaliyyətə başladığı 1997-ci il iyulun 31-dən ötən on səkkiz il ərzində Azərbaycanda Olimpiya hərəkatı və idman sahəsində necə böyük uğurlar əldə olunduğu, respublikamızın dünyanın sayılıb-seçilən idman dövlətlərindən biri kimi böyük şöhrət qazandığı heç kim üçün sirr deyil. Bu müddət ərzində Azərbaycanda idmanın sürətli inkişafı sayəsində dünya və Avropa çempionatlarında, Olimpiya və Paralimpiya Oyunlarında, Ümumdünya universiadalarında, idmanın müxtəlif növləri üzrə “Qran Pri” turnirlərində  və digər mötəbər beynəlxalq yarışlarda qazanılmış çoxsaylı qələbə və medallar dünyanın hər yerində yekdilliklə etiraf olunur və böyük rəğbətlə qarşılanır.

Bu gün Azərbaycanda idmanın inkişafına gündəlik qayğı və diqqət, idmançıların məşq şəraiti, yarışlarda iştirakı, onların müntəzəm təlim-məşq toplanışları və ustalıqlarının böyük qələbələrin tələb etdiyi səviyyəyə çatdırılması dövlətin, şəxsən onun başçısı, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyevin nəzarətindədir. Azərbaycan idmançıları da onlara göstərilən qayğıya beynəlxalq meydanda layiqli qələbələrlə cavab verir, ölkəmizin şərəfini yüksək səviyyədə qoruyur və yarışdan-yarışa nailiyyətlərimizin sayını artırırlar.

Azərbaycanın müasir idman bazalarını, respublikanın əksər bölgələrində gənclərin ixtiyarına verilmiş 40-dan çox Olimpiya İdman Kompleksini, Bakı Olimpiya Stadionunu, Milli Gimnastika Arenasını, Atıcılıq Mərkəzini, Su İdmanı Sarayını, yenidən qurulduqdan sonra daha da müasirləşmiş Heydər Əliyev adına İdman Sarayını, Tofiq Bəhramov adına Stadionu və digər möhtəşəm idman obyektlərini görənlər onların əzəmətinə heyran qaldıqlarını, burada yüksək  səviyyədə təşkil edilən yarışları izləməkdən böyük zövq aldıqlarını gizlətmirlər.

Təbii ki, bu zaman Azərbaycan idmançıları, onların pərəstişkarları, bütün insanlarımız xüsusi bir qürur hissi keçirirlər.  Ölkəmizdə idmanın inkişafı sahəsində həyata keçirilən böyük işlərin və onların nəticələrinin xarici ölkə idmançıları və mütəxəssislər, beynəlxalq federasiyaların rəhbərləri tərəfindən yüksək qiymətləndirildiyini eşitmək, əlbəttə, bizim hamımız üçün çox xoşdur.

Bu baxımdan ötən ay keçirilmiş “Bakı-2015" birinci Avropa Oyunları ən yeni nümunədir və xüsusi qeyd olunmalıdır. Bəri başdan deyək ki, tarixdə ilk belə yarışın təşkili hüququnun Azərbaycan paytaxtına etibar olunması Avropa Olimpiya Komitəsinin (AOK) baş məclisində bu qərara, demək olar, yekdilliklə səs verənlərin ümidlərinin doğrulması ilə yanaşı, həm də Azərbaycanda idmana dövlət qayğısının növbəti təntənəsi idi. İstər Oyunlardan əvvəl, istərsə də yarışların gedişində “Bakı-2015”-in fantastik şəkildə təşkil olunması və öz əzəməti ilə qəlbləri fəth etməsi, Avropanın idman hərəkatı tarixində yeni dövrün başlanğıcı kimi tarixə qızıl hərflərlə yazılması haqqında o qədər yüksək rəy, müsbət fikirlər söylənilib ki, onların hamısını bir yerə toplasaq, ortaya çox sanballı bir kitab çıxarmaq olar.

Azərbaycanın ilk Avropa Oyunlarına yüksək səviyyəli hazırlığında mütəşəkkil surətdə, böyük fəallıq şəraitində həyata keçirilən genişmiqyaslı işlər və bunun da nəticəsində yarışların təşkilinə Rusiya Tennis Federasiyasının prezidenti Şamil Tarpişevin dediyi kimi, bir iradın belə olmaması cənab İlham Əliyevin başçılıq etdiyi dövlətimizin, Milli Olimpiya Komitəsinin, habelə bütün idman təşkilatlarımızın və xalqımızın böyük qələbəsi idi.

Məşhur rusiyalı mütəxəssis bu günlərdə “Vestnik Kavkaza” qəzetinə müsahibəsində Avropa Oyunlarını qiymətləndirərkən belə demişdir: “Əvvəla, Bakı çox gözəl, valehedici şəhərdir. Oyunlarda olanların hamısı bu şəhərdə baş verənlərə heyran qalıb. Oyunların özünə gəldikdə, çox maraqlı yarış idi. Birinci olmaq həmişə mürəkkəb işdir, lakin bu Oyunlara bir irad belə olmadı. Bu isə Oyunların təşkili ilə məşğul olan insanların böyük nailiyyətidir. Könüllülər də çox yaxşı işlədilər. Mən hesab edirəm ki, Soçi Olimpiadası da daxil olmaqla, əvvəlki oyunlarda yaxşı nə olubsa, nəzərə alınmış və birinci Avropa Oyunlarının keçirilməsində istifadə olunmuşdur. Komanda hesabında ikinci yeri tutmuş Azərbaycan komandasının çıxışı fenomenal idi, Oyunlara maraq da yüksək oldu. İndi isə bu yarışları inkişaf etdirmək lazımdır.”

Təcrübəli mütəxəssisin bu fikrinə Avropa Oyunları ilə maraqlanmış, yarışların gedişini izləmiş insanların, eləcə də startların bütün iştirakçılarının şərik çıxdığını desək, yanılmarıq. “Bakı-2015”-in böyük uğurunun bütün Avropada geniş əks-səda doğurması təsadüfi deyil.

Avropa Oyunlarında idmançılarımızın çıxışlarının nəticələri də Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın başçılıq etdiyi Təşkilat Komitəsinin yorulmaz fəaliyyətinə və həyata keçirdiyi fantastik təşkilatçılıq bacarığına, yarışların ən yüksək səviyyədə təşkilinə tam uyğun oldu. Yığma komandamızın 21 qızıl, 15 gümüş və 20 bürünc medalla 50 ölkə arasında yalnız Rusiyadan geri qalaraq ikinci yeri tutması tarixi nailiyyətdir və ölkəmiz bu zəfəri ilə haqlı olaraq fəxr edə bilər.

Bir sıra komandalarımız-güləşçilər, boksçular, taekvondoçular, karateçilər, gimnastlar və bəzi başqa növlərin ayrı-ayrı nümayəndələri onlara göstərilən yüksək etimadı 56 medalla doğrultdular. Bunu yarışların ən yüksək səviyyədə təşkili ilə birlikdə tam qələbə, tarixi zəfər adlandırmaq olar. Qüdrətli Azərbaycan dövləti idmançılarının olimpiyaqabağı ildə Avropa Oyunlarında nümunəvi göstəriciləri və qələbələri növbəti, XXXI Yay Olimpiya Oyunlarına bir il qalmış yaxşı əlamətdir.  “Bakı-2015"-də qazanılmış medallar 371 gündən sonra starta çıxacaq Rio-de-Janeyro Olimpiadası-2016 ərəfəsində gələcəyə ümidimizi daha da artırır.

Azərbaycan idmanı təmsilçilərinin Bakıda Avropa Oyunlarından sonra Cənubi Koreyanın Kvanju şəhərində Ümumdünya Universiadasında da uğurla çıxış edərək, cəmi səkkiz nəfərlə təmsil olunmalarına baxmayaraq, yüngül atletikada iki qızıl və cüdoda bir bürünc  mükafatla yığmamızı 170-ə qədər ölkə arasında çox yüksək 27-ci yerə yüksəltmələri də cənab İlham Əliyevin MOK-a rəhbərliyinin 18-ci ilində yerinə düşmüşdür.

Xatırladaq ki, bütün əvvəlki böyük yarışlarda olduğu kimi, bu dəfə də dövlət başçımız Avropa Oyunları və Universiada qalib və mükafatçılarının qələbələrini lazımınca qiymətləndirmiş, onların hər biri yüksək mükafatlara layiq görülmüşdür. Qaliblərin gərgin zəhməti öz bəhrəsini vermişdir.

Qarşıda Azərbaycan idmanının ən yaxşı nümayəndələrini yeni-yeni startlar gözləyir. Bu yarışlar arasında başlıca yeri isə, şübhəsiz, Rio Olimpiadası-2016-ya lisenziya xarakterli dünya və Avropa çempionatları, Olimpiya təsnifat turnirləri tutur. Artıq start ərəfəsində olan avqustun üçüncü ongünlüyündə Astanada (Qazaxıstan) cüdoçuların, sentyabrda Las-Veqasda (ABŞ) güləş ustalarının, oktyabrda Dohada (Qətər) boksçuların dünya çempionatları planetimizin hər yerində böyük maraqla gözlənilir.

Əgər bu yarışlarda Azərbaycanın şərəfini Olimpiya oyunlarında, dünya və Avropa çempionatlarında artıq öz sözlərini deməyi bacarmış Toğrul Əsgərov, Xetaq Qazyumov, Rövşən Bayramov, Rəsul Çunayev, Mariya Stadnik, Yuliya  Ratkeviç, Teymur Məmmədov, Məhəmmədrəsul Məcidov, Elmar Qasımov, Elxan Məmmədov kimi mahir ustaların qoruyacağını nəzərə alsaq, idman ictimaiyyətimiz həmin çempionatların hər birində XXXI Yay Olimpiya Oyunlarına lisenziyaların sevincini yaşaya bilər.

Artıq yeddi ayını başa vurduğumuz 2015-ci il həm də bu gün Tbilisidə finişə çatmaqda olan Yeniyetmələrin XIII Avropa Olimpiya Festivalı ilə yadda qalacaqdır. Bakıda Avropa Oyunlarında olduğu kimi, Gürcüstan paytaxtında festival da qitəmizin 50 ölkəsinin təmsilçilərini öz bayrağı altına toplamışdır. Bu startlar usta idmançıların yaxın ehtiyat qüvvəsi olan yeniyetmə atletlərin bacarıq və imkanlarına ciddi baxışdır və onların hazırlıq səviyyəsinin yüksəlməsinə, idman istedadlarının aşkara çıxarılmasına xidmət edir.

Azərbaycanın dövlət başçısı, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyevin ölkə Olimpiya hərəkatına müdrik rəhbərliyinin 18-ci ildönümü günündə ölkəmizdə idmanın inkişafına göstərilən daimi qayğı və diqqət, bunun da əsasında Azərbaycanın idman şöhrətinin durmadan artması, xüsusən də xatirələrdə hələ təzə olan “Bakı-2015” birinci Avropa Oyunlarında qazanılmış tarixi nailiyyət barədə çox danışmaq olar. Yalnız bunu bir daha xüsusi vurğulamaqla kifayətlənək ki, Azərbaycan idmanında sürətli inkişaf və zəfər saatları hələ çox davam edəcək, dünya atletlərimizin yeni-yeni qələbələrinin şahidi olacaq.

 

Oqtay BAYRAMOV

 

Xalq qəzeti.- 2015.- 31 iyul.- S.1.