Füzuli: sosial-iqtisadi uğurlar artdıqca

rifah yüksəlir, həyat gözəlləşir

 

Cəbhə bölgəsinin Arazqırağı rayonu olan Füzuliyə budəfəki səfərimiz yayın ən isti günlərinə təsadüf etsə də, hər yerdə ahəngdar fəaliyyətin, qızğın işin, xoş əhvalın şahidi olduq. Kölgəliklərdə belə nəfəs dərmək çətin olsa da, adamlar əkin- biçinin üstündə, tikinti meydançalarında adi qaydada çalışırdılar.

 

Yol boyu ayaq saxlayıb söhbət etdiyimiz sakinlər bildirirdilər ki, ilin ruzisinin taleyi məhz göydən od töküldüyü bu isti günlərdə həll olunur. Bir balaca arxayınçılığa yol verilməsi indiyədək çəkilən zəhməti puç edər. Bir də, düşmən bu yerlərdə hər şeyi yandırıb məhv etdiyindən hələ çox işlər görülməli, yıxılanlar dikəldilməlidir. Köçkünlük dövründə başları çox müsibətlər çəkdiyindən indi öz ev- eşiklərində istidə çalışmağın özü də elə istirahət kimi bir şeydir.

Bu niyyət və amalla qışın soyuğunda, yayın qızmarında dəmir kimi bərkimiş bu qeyrətli, hünərli insanlar ötən illərdə olduğu kimi, bu ilciddi uğurlar yolundadırlar. Budəfəki səfərimiz həm də rayonda bu ilin 6 ayının sosial- iqtisadi göstəricilərinə yekun vurulduğu günlərə təsadüf etdiyindən hazırlayacağımız yazının mövzusu, təbii olaraq, bu yönə səmtləndi.

Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyevlə görüşümüzdə də rayon rəhbəri, əsasən, ilin əvvəlindən əldə edilmiş nailiyyətlər, hazırda aparılan işlərdən söz açdı:

— Əvvəlcə, ilin birinci yarısının sosial- iqtisadi inkişafını əks etdirən makroiqtisadi göstəricilər barədə məlumat vermək istəyirəm. Bu dövrdə rayonda ümumi məhsul buraxılışının həcmi 62 milyon 257,3 min manat təşkil etmişdir ki, bu, əvvəlki ilin analoji dövrü ilə müqayisədə 6,1 faiz çoxdur. Bunun 5 milyon 185,8 min manatı sənaye müəssisələrinin, 31 milyon 152,1 min manatı isə kənd təsərrüfatının payına düşür. Ötən müddətdə rayonda 6 milyon 22,1 min manatlıq tikinti-quraşdırma işləri aparılmış, 592,2 min manatlıq nəqliyyat, 189,8 min manatlıq informasiya- rabitə, 19 milyon 125,3 min manatlıq ticarət xidməti göstərilmişdir.  Göründüyü kimi, ümumi məhsul buraxılışının əsasını sənaye, kənd təsərrüfatı istehsalı və investisiyalar təşkil edir.

İndi rayon üzrə orta aylıq əmək haqqı 290,1 manatdır. Bu, keçən ilin eyni dövrü ilə müqayisədə 16,2 faiz çoxdur. Məşğul adamların sayı 66857 nəfərə  çatmışdır ki, bu da böyük bir hissəsi hələ də məcburi köçkün həyatı yaşayan ümumi əhalinin 54,7 faizini təşkil edir. Biz nail olduğumuz bu inkişaf tempini ilin sonuna kimi davam etdirmək əzmi ilə çalışırıq.

Bildiyiniz kimi, ölkəmizdə regionların sosial iqtisadi inkişafına dair üçüncü ümumrespublika proqramı həyata keçirilir. Prezident  İlham Əliyevin rəhbərliyi ilə hazırlanıb gerçəkləşdirilən bu mühüm dövlət sənədinə uyğun olaraq, bir il yarımdır ki, Füzuli rayonunda da bir sıra tədbirlər uğurla həyata keçirilir.

Həmin proqramında bizim rayonda cins heyvandarlıq, üzümçülük, tərəvəzçilik, meyvəçilik, toxumçuluq, tingçilik sahələrinin inkişafı, iri taxılçılıq təsərrüfatlarının yaradılması, kənd təsərrüfatı istehsalının inkişafına xidmət edən infrastrukturun maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı konkret tədbirlər yer almışdır. Ciddi işlər sırasında  yaşayış məntəqələrində modul tipli sutəmizləyici qurğuların quraşdırılması, kəndarası yolların tikintisinin, yenidən qurulmasının davam etdirilməsi, elektrik enerjisi, istilik,  qaz təchizatının, rabitə və informasiya xidmətlərinin yaxşılaşdırılması kimi məsələlər də nəzərdə tutulmuşdur.

Bunlardan əlavə, proqramda  torpaqların su təminatının yaxşılaşdırılması üçün meliorasiya-irriqasiya işlərinin həyata keçirilməsi, 20 artezian quyusunun qazılması, Horadiz şəhərinin müfəssəl planının hazırlanması, geniş abadlıq-quruculuq işlərinin aparılması üzrə müddəalar da var. Növbəti beşillik müddətdə rayonda  səhiyyə və  təhsil müəssisələrinin, mədəniyyət və idman-sağlamlıq obyektlərinin əsaslı təmiri,  tikintisi sahəsində işlərin davam etdirilməsi də dövlət sənədində əksini tapmışdır. Ötən ilyarımda Füzuli rayonu üzrə icrası nəzərdə tutulan bu önəmli tədbirlərin yerinə yetirilməsinə ilə bağlı əsaslı işlərə başlanmış və quruculuq tədbirləri uğurla davam etdirilir.

Başçı söhbətin davamında qeyd etdi ki, aqrar rayon olan Füzulidə taxılçılığın, heyvandarlığın, tərəvəzçiliyin inkişaf etdirilməsi üstün istiqamət kimi qəbul edilmişdir. Son illər rayonda strateji məhsul olan taxılçılığın intensiv inkişafına xüsusi diqqət yetirilir. Artıq beşinci ildir ki, Füzuli taxıl istehsalına görə respublikanın 100 min tonçu rayonları sırasındadır,  Biz bu nəticəni  son hədd hesab etmirik və taxılçılığın daha da inkişafı ilə bağlı yeni əsaslar yaradırıq.

Builki rəqəmlər bu istiqamətdə görülən işlərin təsirli olduğunu göstərir: 32,8 min hektardan 111,2 min tondan çox taxıl əldə edilmişdir. Hər hektarın məhsuldarlığı 34 sentnerə yaxın olmuşdur. Buğda istehsalında isə hektardan 36 sentner məhsul götürülmüşdür. Dövlət başçısı İlham Əliyevin taxılçılığın inkişafına dair göstərişindən sonra rayonda yaradılmış toxumluq təsərrüfatından 60 sentnerə yaxın taxıl götürülmüşdür.

Alı Alıyev rayonun 6 aylıq sosial- iqtisadi inkişafı barədə hesabatın diqqətçəkən fakt və rəqəmlərini şərh edəndən, qarşıda duran hədəfləri açıqlayandan sonra son vaxtlar rayonda görülmüş işlərlə yerindəcə, ətraflı tanış olmağımıza da şərait yaratdı. RİH-in məsul işçilərinin bələdçiliyi ilə ayrı-ayrı sahələrdə baş verən yeniliklərdən, dövlət proqramının həyata keçirilməsi gedişindən xəbər tutmaq üçün idarə və müəssisələrdə olduq, kollektivlərlə görüşdük.

Öyrəndik ki, rayonda heyvandarlığın inkişaf etdirilməsi, bu sahədə yüksək  məhsul istehsalı diqqət mərkəzindədir. Hazırda rayonda 33 min baş qaramal, 129 min baş qoyun-quzu, 463 min baş ev quşları var. İlin əvvəlindən 1016 ton ət, 10364 ton süd, 4180 milyon ədəd yumurta, 149 ton yun istehsal edilmişdir. Bunlar əvvəlki illə müqayisədə xeyli çoxdur. Əhalinin heyvandarlıq məhsullarına tələbatı yerli istehsal hesabına ödənilir, üstəlik, respublika bazarına da xeyli təzə ərzaq çıxarılır.

Rayonda sahibkarlığın inkişafına da ciddi fikir verilir. Son 4 ildə adamlarına yaradılmış əlverişli şərait nəticəsində Əhmədbəyli kəndi ərazisində 5 min ton kənd təsərrüfatı məhsulları saxlayan soyuducu anbar kompleksi, ildə 2,5— 3 min ton quş əti istehsal edən “Qarabağ-Broyler” MMC fəaliyyətə başlamış, uğurla fəaliyyət göstərir.

Heyvandarlığın aparıcı sahə olduğunu nəzərə alaraq və ölkə başçısının tapşırıqlarına uyğun olaraq adamlarının rayonun Haramı adlanan hissəsində yaratdıqları 5000 baş ətlik və südlük istiqamətində heyvandarlıq kompleksisutkada 10 ton süd qəbul edəcək zavodun tikintisi başa çatmaq üzrədir. Üçüncü Zobucuq qəsəbəsində gündə 40 ton çörək-un məmulatı istehsal edən zavodun istifadəyə verilməsinə də az qalır.

Dövlət Proqramına uyğun olaraq, rayonun içməli və suvarma suyuna ehtiyac olan yaşayış məntəqələrində 20 artezian quyusu qazılması planlaşdırıldığı halda, indiyədək 22 quyu istifadəyə verilmişdir. Suvarma və becərmə işlərinin düzgün təşkili bu mövsümdə daha çox kartof, bostan-tərəvəz, çuğundur, üzüms. məhsul əldə etməyə təminat yaradır. Bütün səylər ona yönəldilib ki, kənd təsərrüfatı istehsalına xidmət göstərən bütün sahələrdə aqrar sektorun inkişafına, məhsul bolluğu yaradılmasına təsir göstərən amillərdən səmərəli istifadə edilsin, iqtisadiyyatın əsas sahələrinin sabit artımına nail olunsun.  Xidmət təşkilatlarının fəaliyyəti isə cəbhə bölgəsində əhalinin zəruri tələbatının yüksək səviyyədə ödənilməsinə yönəldilib.

Prezident İlham Əliyevin tapşırıqlarına və dövlət proqramına uyğun olaraq, artıq rayona təbii qaz çəkilişi başa çatmaq üzrədir. İndiyədək 33 yaşayış məntəqəsində əhali təbii qazdan istifadə edir. Qazlaşmayan 4-5 nömrəli Qayıdış qəsəbələrində tamamlama işləri həyata keçirilir, Araz Zərgar və Araz Dilağarda kəndlərində sayğaclaşma işləri davam etdirilir. Oktyabr ayınadək rayonun 39 yaşayış məntəqəsinin hamısında əhali təbii qazdan istifadə edəcək.

Ölkə başçısının sərəncamına uyğun olaraq, hazırda Qayıdış qəsəbələrini birləşdirən 23 kilometrlik yolun yenidən qurulması sürətlə davam etdirilir.

Dövlət Proqramına uyğun olaraq, rayonun bütün yaşayış məntəqələrində ən müasir tələblərə cavab verən tədris müəssisələri tikilərək şagirdlərin istifadəsinə verilmişdir. Heydər Əliyev Fondunun dəstəyi ilə Horadiz şəhərində 100 yerlik, Bala Bəhmənli kəndində 60 yerlik uşaq bağçaları, Böyük Bəhmənli kənd xəstəxanası üçün 15 çarpayılıq yardımçı bina tikilmişdir. Mədəniyyət müəssisələrinin bərpası və yenilərinin tikintisi ilə bağlı işlər davam etdirilir. Qəzalı vəziyyətdə olan ictimai binalarda təmir işlərinə, yol kənarlarında, yataqlarda məskunlaşmış 400 ailə üçün yeni qəsəbə salınmasına yaxın günlərdə başlanacaq.

Rayonda tikinti-quruculuq sahəsində son vaxtlar görülmüş işlərin siyahısı xeyli uzundur. Təkcə Horadiz şəhərində aparılmış abadlıq-quruculuq tədbirləri rayonda qısa müddətdə nə qədər böyük işlər görüldüyünü təsdiqləyir. Nəticədə, bu yeni şəhər xeyli böyümüş, gözəlləşmişdir. Horadizdə işğal dövrü yandırılmış 227, Alıxanlı kəndində 50 ev yenidən tikilmişdir.  Dövlət başçısı İlham Əliyevin Füzuliyə son səfəri zamanı isə Horadiz şəhərində Bayraq Meydanı, Milli Qəhrəmanlar Parkı, 31 Mart soyqırım qurbanlarının xatirəsinə abidə, Şəhidlərin Xatirə Kompleksi, Tarix-Diyarşünaslıq Muzeyi, boulinq zalı, rayon icra hakimiyyətinin inzibati binası təntənəli surətdə istifadəyə verilmişdir.

Əvvəllər yaşayış məntəqələrinin elektrik enerjisi ilə təminatında mövcud olmuş ciddi nöqsan və problemlərlər aradan qaldırılır. Həyata keçirilmiş tədbirlər nəticəsində bu mühüm sahədə əsaslı işlər görülmüşdür. Son 6 ayda Zobucuq Qayıdış qəsəbələrinin hər birində 2, Fin şəhəriciyində 1, Araz Dilağarda, Əhmədbəyli, Babı və Kərimbəyli kəndlərinin hər birində 2, Əhmədalılar kəndində 1 transformator təmir edilmişdir. Rayon icra hakimiyyətində yaradılmış komissiya, icra nümayəndələri, bələdiyyələr elektrik enerjisi ilə təchizatın yüksək səviyyəyə qaldırılması üçün ardıcıl işlər görürlər.

İçməli su təchizatının yaxşılaşdırılması istiqamətində də son vaxtlar əsaslı işlər görülmüşdür. İlin əvvəlindən Horadiz şəhərində, Birinci Mahmudlu, Bala Bəhmənli, Alıxanlı, Kürdmahmudlu, Şükürbəyli kəndlərində, Qayıdış və Zobucuq qəsəbələrində sıradan çıxmış xətlər, elektrik mühərrikləri təmir edilmiş, su verilişindəki nöqsanlar aradan  qaldırılmışdır.

Təhsil, mədəniyyət və səhiyyə sahələrinin işinin təkmilləşdirilməsi ilə bağlı dövlət proqramında nəzərdə tutulan tədbirlər də uğurla davam etdirilir. Ərazidəki 46 ümumtəhsil müəssisəsinin hamısı, tibb müəssisələrinin əksəriyyəti yenidən tikilmiş və ya əsaslı bərpa olunmuş binalarda yerləşir. Dövlət Dram Teatrının fəaliyyətini yaxşılaşdırmaq üçün kollektivə ayrıca bina verilmişdir.

Rayon icra hakimiyyəti yaşayış məntəqələrində təmizlik, ətraf mühitin çirklənməsi məsələləri ilə bağlı müşavirələr keçirmiş, ekoloji təmizlik məsələsi müzakirə olunmuşdur. Rayon ərazisində “hər adama bir qızılgül əkək” təşəbbüsü ilə 120 min gül kolu, 20 mindən artıq müxtəlif bəzək ağacı əkilmişdir.

Füzuli Rayon İcra Hakimiyyəti bir qayda olaraq şəhid ailələrinə, Qarabağ əlillərinə, ərazidə fəaliyyət göstərən hərbi hissələrin əsgər və zabitlərinə qayğı və diqqətlə yanaşır, onlara imkan daxilində köməklik göstərir. Rayonun 50 min nəfərə yaxın əhalisi respublikanın 50 şəhər və rayonunda məskunlaşmışdır. Rayon icra hakimiyyəti əhalinin daha çox məskunlaşdığı, xüsusilə Bakı, Sumqayıt şəhərlərində, Sabirabad, Saatlı, İmişli və Beyləqan rayonlarında xidmət təşkilatlarının, hüquq-mühafizə orqanlarının rəhbərləri, ərazi icra nümayəndələri ilə birlikdə görüşlər keçirir, söhbətlər aparır, vətəndaşları narahat edən məsələləri yerindəcə həll etməyə çalışır.

Vətəndaşların yemək pulları, pensiya və müavinətləri bankomatlar vasitəsi ilə sahiblərinə çatdırılır. Hazırda rayonun 8 yaşayış məntəqəsində bankomat fəaliyyət göstərir. Digər kəndlərdə belə bankomatlar quraşdırılacaq.

Rayonda olarkən bir daha yəqin etdik ki, bütün diqqət və səylər rayon iqtisadiyyatını inkişaf etdirmək və ümumi qazancı artırmaqla, dövlətin həyata keçirdiyi çoxşaxəli tədbirlərdən faydalanmaqla əhalinin həyat şəraitini ardıcıl surətdə yaxşılaşdırmağa yönəldilib. Görüb-öyrəndiklərimiz isə belə bir qənaət yaratdı ki, son illərdə rayonda bu yöndə ciddi irəliləyişə nail olunmuşdur.

 

Ziyəddin SULTANOV

 

Xalq qəzeti.- 2015.- 31 iyul.- S.6.